Bugünlərdə dünyanı cənginə almış koronavirus təhlükəsi həyatımızın mərkəzində baş rol oynamaqdadır. Ölkəmizdə koronavirusun insanlara nəinki bioloji, fiziololiji bunlardan daha çox psixoloji təsirlərini müşahidə edirik. Xüsusilə sosial şəbəkələrə baxdıqda virus haqqında davamlı olaraq doğru-yalnış hədsiz sayda məlumatlara rast gəlirik. Bu da koronavirusla bağlı panika-narahatlıq-qorxu hissinin daha da artmasına səbəb olur.
Əlbəttə ki, qorxu-narahatlığın müəyyən hədd daxilində olması bizi qoruyur, mövcud təhlükəyə zamanında reaksiya verməyimizi , mübarizə aparmağımızı, qoruyucu tədbirlər almağımızı təmin edir. Amma həddini aşdıqda özümüzü gərgin, çarəsiz, bədbəxt hiss edir, məntiqə sığmayan fikirlərə qapılırıq.
Müşahidə etdikdə görərik ki hazırda insanlarda əsasən iki qism narahatlıq halı mövcuddur.
Birinci halda insanlar bütün günü virusla bağlı xəbərləri izləyirvə buna da anında psixoloji və somatik olaraq reaksiya verir. Aşırı təmizlik, aşırı əl yuma, yaxınlarını itirmə qorxusu, yoluxma qorxusu, hər an sayıqlıq, həyəcan-təşviş vəziyyətində olmaq, yuxu pozuntuları, qidalanma pozuntuları, mövcud somatik xəstəlik və narahatlıqların artması halları baş verir.
Ikinci halda isə insanlar bütün günü evdə oturmaq , hərəkətetmə məhdudiyyəti, gündəlik vərdişlərin pozulması ilə bağlı olaraq əsəb, stress halları yaşayırlar ki, bu da ailədaxilində bir sıra narahatlıqlara gətirib çıxarır. Sanki hər gün evdən çöldə baş verən qaçhaqaç hallarını indi evlərimizin içində yaşayırıq: Uşaqların onlayn dərsləri, işləri onlayn olaraq idarə etmək, nəzarətdə saxlamaq, ev işləri, valideyn məsuliyyətləri. Üstəlik bunu dar bir areal çərçivəsində edirik.
Doğrudur,alışmaq çətindir, alışmaq biraz vaxt aparır. Alışmaq fərdi-psixoloji xüsusiyyətlərdən asılı olaraq bir sıra psixoloji narahatlıqlar gətirir.
Birinci halda koronanın psixoloji hücumundan qorunmaq üçün nə edə bilərik?
- İlkin olaraq təhlükə haqqında güvənli mənbədən düzgün və dolğun məlumat alın!
Nə ilə qarşı qarşıyayıq? Risklər nədir? Necə qoruna bilərik? Bu sualların cavabını tapın. Çünki insanı ən çox qorxudan və stres verən şey bilinməzlik halıdır.
- Qarşınıza çıxan hər xəbərə,videoya, fotoya inanmayın, məntiqinizi həmişə ön planda tutun. Mümkündürsə sosial şəbəkələrdə keçirdiyiniz zamanı məhdudlaşdırın. Bunun əvəzində həmin zamanı özünüzə,ailənizə, yaxınlarınıza sərf edərək keyfiyyətli dəyərləndirin.
- Fiziki təmas qadağan olunsa da yaxınlarınız, qohumlarınız,iş yoldaşlarınız və s. Ilə sosial təması kəsməyin. Görüntülü olaraq danışa, paylaşa, bölüşə bilər, gərginliyinizi azalda bilərsiniz.
- Lazımsız, şişirdilmiş profilaktikanı yığışdırın. Etməniz gərəkən nədirsə öyrənin və onu edin. Məsələn əllərinizi lazım olan şəkildə yalnız ehtiyac duyulan zaman yuyun. Hər dəqiqə əlləri dərisi gedənə qədər kimyəvi maddələrlə sürtüb yumaq sizə bir fayda verməycəkdır. Və bu qəbildən olan digər “ tədbirlər”.
- Gündəlik vərdişləri pozmamağa çalışın. Yemək, yatmaq saatlarına xüsusi fikir verin. Ailə saatlarınız və ya özünüzə ayrıdığınız saatları da düzgün dəyərləndirin.
- Ehtiyac gördüyünüz təqdirdə onlayn psixoloji dəstək almaqdan çəkinməyin. Bu həyatınızı rahatlaşdırmağa kömək edəcəkdir.
- İkinci halda isə etməyimiz lazım olan şey zamanımızı düzgün planlaşdırmaq , mümkün qədər səbrli olmaq və lazımlı məqamlarda güzəştə gedə bilməkdir. Planlaşdırma sizin stresinizi azaldacaqdır. Çünki öncədən hansı saatda nəyi edəcəyinizi bilmək sizi rahataladacaq. Beləliklə doğru planlama ilə evdəki qaçhaqaçda hətta özünüzə belə zaman ayıra bilərsiniz J bu prosesin ailənizlə keçməli olduğunuz müvəqqəti bir çətinlik olduğunu unutmayın. Biri nisbətən zəif düşdüyü anda digəri onun yükünü paylaşmalı, mümkün olduğu qədər pozitif olmalıyıq. Məsələn illərdir etmək istəyib də işlər səbəbindən təxirə saldığınız hər şeyi edə bilərsiniz indi. Məsələ bardağın dolu tərəfini görə bilməkdən keçir. Korona olsun və ya olmasın elə ailə olmaq da bu deyilmi?!
Beləliklə, evdə qalın,sağlam qalın, pozitif qalın!
Fəridə Şərifova
Psixoloq
NPM Yeniyetmə və Yetkinlərlə Psixodiaqnostika Şöbəsinin rəhbəri