Düşüncə Jurnalı

header photo

"Autizm- yeniyetmə psixologiyası və psixiatriyasında aktual bir problem kimi." - AYGÜN ORUCOVA

     “Dəqiq nə olduğunu başa düşə bilmirəm, amma uşağımda bir qəribəlik var. Əvvəlcə elə bilirdik ki, qulaqları eşitmir, onu çağıranda heç dönüb bizə baxmırdı. Amma həkim qulaqlarında heç bir problem olmadığını söylədi. Kubikləri sürətlə bir – birinin üzərinə qoya bilməsi onun əqli inkişafında ciddi problem olmadığını göstərir.....Amma həmyaşıdları kimi oyuncaqlarla oynamır. Bunun əvəzində saatlarla dayanıb paltaryuyan maşınının barabanının sürətlə fırlanmasını izləyir. Yaxınlarım mənə boş yerə narahat olduğumu deyirlər. Ancaq mən onun anasıyam və bir problemi olduğunu hiss edirəm..... bunun səbəbinin nə

olduğunu bir bilsəydim.....”

     Bunlar uşaqlarını ilk dəfə həkimə aparan əksər anaların söylədikləri sözlərdir. Və bu sözlər çox təəssüf ki, autizmin göstəriciləridir.

     Ümumiyyətlə isə autizm nədir? Autizmin səbəbləri nədir? Autizmin müalicəsi varmı?

     Əvvəlcə onu qeyd edim ki, “autizm” termini “austos” (“özüm”) yunan sözündən törənib. Autizm ilk dəfə Amerika psixiatrı Leo Kenner tərəfindən 1943-cü ildə qeyd edilib. Lakin bu termin ilk dəfə 1911-ci ildə İsveç psixiatrı Bleyler tərəfindən istifadə edilib. 

    Autizm sosial və ünsiyyət qabiliyyətlərinin yaranmasına təsir edən inkişaf problemidir. Bu hal şifahi ünsiyyətin, eləcə də ətrafdakı insanlarla qarşılıqlı əlaqələrin qurulmasına kifayət qədər mane olur. Yəni ətrafdakı insan və əşyalara qarşı maraqsız və gələn qıcıqlara qarşı reaksiyasızdırlar. Normal inkişaf edən uşaqlarda bu dövr bir neçə həftəyədək davam edir və gedərək uşaq xarici dünyaya açılmağa və ətrafı ilə, xüsusi ilə də insanlarla maraqlanmağa və əlaqə qurmağa başlayırlar, lakin autistik uşaqların çoxu normal sayılan və çox qısa sürən bu dövrdən sonra da ətrafa açılmırlar, reaksiyasız qalırlar. (Qarşısına ana gəldiyində kimsə yoxmuş kimi reaksiyasız qalırlar və sanki gülümsəməyi belə əsirgəyirlər.)    

    Autizmin yayılması ilə bağlı statistik rəqəmlər hər 1000 uşaqdan 2-6 nəfərdə autizmin bu və ya digər formasının mövcud olduğunu göstərir.         

    Autizmin geniş anlamda diaqnozla bağlı müxtəlif növləri vardır:

  1. Ret sindromu
  2. Asperger sindromu

     Ret sindromu (R.S): yalnız qızlarda, 1-4 yaş dövründə müşahidə edilən proqressiv çatışmamazlıqdır. Normal inkişaf dövrü, əvvəl əldə edilmiş bacarıqların sonradan itirilməsi, əllərin məqsədyönlü şəkildə istifadəsinin dayandırılması ilə müşahidə edilir.

     Asperger sindromu: “Asperger” adı, bu sindromu 1944-cü ildə ilk dəfə təsdiq etmiş avstriyalı trapevt Hans Aspergerin adı ilə bağlıdır. Asperger pozuntusu austistik pozuntunun bir formasıdır. Bu cür uşaqlar  uşaqlıq dövründə sosial və essentrik (qeyri-adi, qeyri-normal) davranışa malik olurlar. Bu zaman iki tərəfli pozuntu – həm sosial münasibətlərdə, həm də qeyri-şifahi ünsiyyətdə çətinliklər əmələ gəlir. İntonasiya anormallığı və təkrarlanan hallara görə onların nitqi qrammatik olaraq qəribədir. Onlar həm müəyyən səsləri çıxartmaqda, həm də hərəkət etməkdə çox ləngdirlər. Onlar məhdud maraq dairəsinə malikdirlər ki, bu da onun yaşına xarakterik olan ümumi maraqlara uyğun deyil. Məsələn: qapının dəstəyi, astronomiya və tarix.

     Autizmin səbəbləri: autizmin yaranmasına məhz nəyin səbəb olduğu konkret olaraq tapılmayıb. Ancaq son dövrlərdəki araşdırmalar göstərir ki, autizm beynin strukturunda və funksiyalarında patoloji səbəblərdən yaranır. Eyni zamanda araşdırmalar göstərir ki, autistik insanlarda beynin müəyyən hissələrində qan dövranı zəifdir və beyin hücəyrələrinin sayı məhduddur. Bu araşdırmalar belə bir fikir yaradır ki,genlərdəki dəyişikliklər autizmin yaranmasına səbəb olur. Ailələrin öyrənilməsi də bu mümkünlüyü dəstəkləyir.

      Hazırda autizmin ensefalit, frafil x sindromu, fenilketonüri və anadangəlmə qızılca infeksiyası kimi bəzi tibbi vəziyyətlərlə birlikdə tez biruzə verilməsi və bu uşaqların təxminən 25%-də epilepsiyanın da olması səbəbi də neyrobioloji sahədə axtarış zəruriliyini də gündəmə gətirmişdir. Digər araşdırmalar isə autizmi məxmərək virusu və ya doğuş zamanı oksigen azlığı ilə əlaqələndirirlər.

     Autizmin xarakteristikası: Autizmin əlamətləri, əsasən, 2 yaşından etibarən özünü göstərməyə başlayır. Nadir hallarda bu əlamətlər daha gec yaşda da başlaya bilər.     

     Ətrafdakı insanların görünüşləri, geyimləri diqqətlərini çəkməz. Pəncərədən izlənildiyində sanki otaqda kimsə yoxmuş kimi davranırlar. İnsanlarla göz-gözə gəlməkdən qaçarlar. Təkliyi sevərlər və tək buraxılmağa reaksiya göstərməzlər. Çox vaxt onlar davamlı (təkrar olunan ) fəaliyyətlə məşğul olurlar. Misal üçün işığı söndürüb-yandırmaq və ya qollarını yellətmək, əllərini yellətmək, əl çalmaq kimi təkrarlı bədən hərəkətləri edirlər.    

    Autistik uşaqların nitq problemləri də olur. Fiziki inkişafı yaşına uyğun olan uşağın danışması yaşıdlarına görə olduqca geridir. Yəni 5 yaşına gəldiklərində ancaq 50%-i tək sözlərlə danışa bilir. Danışmağı da əlaqə qurmaqdan çox ehtiyacların aradan qaldırılması üçün istifadə edirlər. Baxmayaraq ki, danışıq və dil probleminin səbəbi tam məlum deyil, ancaq bir sıra ekspertlər əmindirlər ki, bu çətinliklər doğuşdan əvvəl, doğuş zamanı və ya sonra beyin zədələnməsi nəticəsində yaranır ki, bunun da nəticəsində bu fərdin ətraf aləmlə əlaqədə olmasına mane olur. Çoxlarının problemi isə söz və cümləsinin mənası, intonasiya və ritmlə bağlı olur. Danışa bilənlər çox vaxt heç bir mənası və ya məlumat əhəmiyyəti olmayan sözlər deyirlər. Məsələn: “ Nə isə içmək istəyirsən?” sualına “hə” və ya “yox” demək əvəzinə sualı təkrar edir.

     Autistik uşaqlar həyat içindəki adi dəyişmələrə qarşı müqavimət göstərirlər. Evin içərisində bir əşyanın yerinin dəyişməsinə icazə verməz, evə alınan yeni bir əşyanı istifadə etmək istəməzlər. Bu etirazı uşaq müxtəlif yollarla bildirir: ağlamaqla, özünü yerə vurmaqla, qışqırmaqla və s.

     Autizmli uşaqların böyük əksəriyyətində müxtəlif səviyyəli əqli çatışmazlıq özünü biruzə versə də, əqli səviyyələri normal olan uşaqlar da vardır. Məsələn: bəziləri musiqi istedadına malikdirlər, digərləri isə yaxşı riyazi hesablamalar apara bilirlər. Təxminən 10%-i hesablama, musiqi bacarığı, uzun məlumatın yadda saxlanması və ya riyaziyyat kimi “intellektual” bacarıqlara malikdirlər.

      Autizmin əlamətləri:

*Sosial ünsiyyətdə çətinlik.

*Nitqdə çətinlik.

*Sözsüz ünsiyyətdə çətinlik.

*Oyun oynamaqda və fikir söyləməkdə çətinlik.

*Dəyişikliklərə qarşı reaksiya göstərməmək.

     Autizmin müalicəsi: Səbəbinin qəti olaraq bilinməməsi müalicə profilaktikasını da təəssüf ki, məhdudlaşdırır. Autizmin tam müalicəsi üçün hal-hazırda hansısa bir üsul və ya dərman mövcud deyil. Autizm zamanı istifadə olunan  dərmanlar simptolmatikdir, əsasən, hiperaktivliyi azaldan, diqqətin artmasına kömək edən  bilavasitə uşaqların təlimlərdən daha çox faydalanmasına xidmət edən köməkçi preparatlardır.

     Bunlarla bərabər bir neçə korreksiya üsulu da var ki, məsələn: holdinq terapiyası, vizualizasiya üsulu “sevgi hədiyyəsi”, qum terapiyası autistik uşaqları olan ailələrə psixoloji kömək forması kimi istifadə olunur.

      Valideynlərə tövsiyə:

     *Autizm haqqında məlumatlanın. Nə qədər çox bilsəniz, özünüzə də, övladlarınıza da bir o qədər çox kömək edə bilərsiniz.

    * Övladınızla qarşılıqlı münasibət yaradarkən və ya ona nəyisə öyrədərkən diqqətli olun, onun göstərəcəyi reaksiya, verəcəyi cavabın böyük ehtimalla müsbət məzmunda olmasına çalışın.

    * Övladınızın xüsusi ehtiyaclarını necə qarşılamaq lazım gəldiyini peşəkarlardan və başqa valideynlərdən öyrənin. Bununla belə yadınızda saxlayın ki, oğlunuz  yaxud qızınız  hər şeydən öncə uşaqdır və həyatı boyu bitib-tükənmək bilməyən müalicələrlə yüklənə bilməz.

   * Övladınıza yardım edə biləcək yardımetmə texnologiyası barədə məlumatlanın.

     Sevgilə, qayğılə, inamla, səbrlə hər şeyi-hər çətin anı və ən çətin , ən qorxunc xəstəliyi belə geridə qoymaq olar, əlbəttə ki, ulu Tanrının köməyilə. Səbr və proqramlı şəkildə aparılan xüsusi təlim-tərbiyə vasitəsilə autizmli uşaqlara gündəlik həyat bacarıqlarını, danışma və ünsiyyət qurma bacarıqlarını aşılamaq mümkündür. Çox az təsadüf olunmasına baxmayaraq, autizmin təsirlərindən xilas olub normal həyata qovuşan autizmli uşaqlar da vardır. Unutmayın ki, Tanrı soyuq qış gecələrindən sonra mütləq bahar təravəti gətirir. Bu həyatın yazılmış qanunlarıdır-Tanrı tərəfindən yazılmış qanunlar.      

 

Orucova Aygün (22 yaş).  

              Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Pedaqogika və psixologiya“ fakültəsinin

IV kurs tələbəsi.     

 

Go Back

Sorğu göndər