Düşüncə Jurnalı

header photo

"Axı bu günahsız uşaqların dünyaya gəlməsində səbəbkar elə biz özümüzük. " - PƏRVİN ƏSGƏRLİ

İşə  tələsdiyimdən  cəld və çevik addımlarla yol boyu  addımlayırdım. Bir neçə  metr  aralıda yol keçərkən ucadan qışqıran  10  yaşlı autizmli qızın  atasının  onu  cilovlamaq  istəyinə qarşı gəlməsi  və atanın sankı övladından utanırmış  kimi  kobud şəkildə, itələyib  qüsurlu uşaqlar üçün məktəbin qapısından içəri salma çabasını  gördükdə həm üzüldüm həm də ataya qarşı hiddətli baxışlarımı  ala bilmədim bu səhnədən.  Ayaq saxlayıb müşahidəmi davam etdirdim.  “sənə nə var öz uşağımdır özüm bilərəm”  cavabını eşitməmək üçün ataya yaxınlaşa bilmədim. Həqiqətən  çox təsirləndim. Təkcə  jurnalist kimi  yox, vətəndaş  kimi,  ana kimi, ən əsası  bir  insan  kimi.  

P.S. 

Autizmli  qızın atası görəsən övladının vəziyyətindənmi utanırdı yoxsa  yoldakı insanların qızının səsini eşidib ona baxmasından? Cavabı oxucularımın öhdəsinə buraxıram. 

Bəli düzdür, onlar bizim kimi deyillər, fərqlidirlər.   Baxır amma dərk etmir, eşidir amma bəzən cavab  vermir, nitqləri  rabitəsiz  və qırıq olur, təsəvvür etmə qabiliyyətləri olmur. Hətta bəzən  səbəbsiz  yerə  ağlayır  və qışqırırlar. Bütün bu sadaladıqlarım autizm sindromlu uşaqlara aiddir. İstəməzdim  ki, xəstə sözünü  işlədim.  Bilmirəm nə qədər  alınacaq amma   çalışacam  məqalədə istifadə etməyim.  

Autizm nədir ?

Autizm XXI əsrin ən aktual psixoloji problemidir və  autizm sindromlu uşaqlar dünyada olduğu kimi ölkəmizdə də çoxluq təşkil edir. Çünki autizm erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən ümumi inkişaf problemidir. Autizmin əlamətləri əsasən iki yaşından etibarən özünü  göstərməyə başlayır. Autizm özünə qapanma, real həyatdan uzaqlaşma kimi təzahür edir. Onun əsas simptomlarına sosial münasibətlərdə pozğunluq, nitq və ünsiyyətdə pozğunluq, təxəyyüldə pozğunluq daxildir: Autizmli uşaqlarin xüsusiyyətlərinə gəlincə, onlar başqalarına qarşı maraqsızdır. Onlar göz təmasından qaçırlar. Başqaları ilə ünsiyyət qurmur. İstəklərini başqalarının əllərindən istifadə edərək ifadə edirlər. Digər uşaqlarla oynamırlar. Uzun müddət ərzində eyni mövzu üzərində danışırlar. Səbəbsiz olaraq ağlayırlar, gülürlər və səbəbsiz davranışlar nümayiş etdirirlər. Mənasız sözləri ardıcıl təkrarlayırlar. Belə xəstələrin predmetləri davamlı olaraq çevirməkdən xoşları gəlir. Yaradıcılıq tələb edən oyunları oynaya bilmirlər. Hər şeyin eyni olmasını istəyir, dəyişikliklərə həddindən artıq reaksiya verirlər. Hər hansı bir yenilik onlar üçün qorxulu və qeyri-müəyyən olurlar. Davamlı olaraq eyni oyunları oynayır, əşyalara bağlanırlar. Ağrıya qarşı laqeyddirlər. Səslərə qarşı həddindən artıq həssasdır və ya həddindən artıq laqeydirlər. Tək qalmağı xoşlayırlar. Təmasdan və qucağa alınmaqdan xoşları gəlmir. Ehtiyaclarını ifadə etməkdə çətinlik çəkir, danışmaq əvəzinə hərəkətlərlə ehtiyaclarını ifadə etməyə çalışırlar. Belə xəstə uşaqlarda həddindən artıq hərəkətlilik ya da həddindən artıq hərəkətsizlik müşahidə olunur.

Autizmin səbəbləri

Ümumiyyətlə, əsas səbəbin genetik faktorlar olduğu düşünülür. Ancaq bu sahədə araşdırmalar hələ də davam edir. Beyin quruluşu və funksiyalarını tədqiq edən təcrübələrdə beynin müəyyən hissələrindəki funksiya fərqliliyi olması qeyd edilir. Autizmin  ailənin uşağa yaxşı baxmamasından irəli gəlmə ehtimalı da var.  Autizm təkcə yaxşı baxıb-baxmamaqdan asılı deyil, uşaq bu barədə ağır hallara məruz qalanda autizmə bənzər hallar  ola bilər, bəzən uşaqda özünə  qapanma və  gec danışma halı  olur və ailə də diqqət etmir, bu vəziyyətdə nitq gecikməsi yaşana bilər.  Son illərdə autizm diaqnozlu uşaqların bir qisminin uyğun təlim proqramları ilə tam düzəldiyini və autizmin xüsusiyyətlərininin yox olduğunu görürük. Düzəlməyənlərin isə nitq inkişafı yaxşıdırsa, zəkaları normaldırsa müstəqil-yarı müstəqil həyat yaşayırlar, ancaq nitq inkişafı olmayan, zəka qüsurlu uşaqlar isə, təəssüf ki, böyüklərdən asılı həyatlarını davam edirlər.

Autizmin müalicəsi

Mütəxəssislərin fikrinə əsasən  autizmli  uşaqları vaxtında müalicə etdirmək lazımdır. Bu xəstəliyin müayinəsi və müalicəsi ilə həkim psixiatr məşğul olur. Autizmin müalicəsi qismən çətin və uzunmüddətli prosesdir. Uşağın valideynləri ağır və hər zaman müsbət nəticəni verməyən mübarizəyə hazır olmalıdırlar. Əsas müalicə üsulu psixoterapiya və sosial adaptasiyadır.

Aşağıdakı  qaydalara əməl etmək lazımdır?

1. Təcrübəli psixiatrı seçin. Həkimi dəyişməyin, bu yalnız xəstənin vəziyyətinin pisləşməsinə gətirib çıxara bilər

2. Autizmi olan uşağın müalicəsi yalnız həkimin deyil, bu uşağın bütün ailəsinin işidir. Müalicə evdə, çöldə, uşaq bağçasında və s. davam  etməlidir .

3. Autizm sindromlu uşağın müalicəsi daim təkrarlanmaqdan ibarətdir. Hər gün eyni hərəkəti (məsələn, köynəyi düymələmək) təkrar etmək lazımdır. Hətta uşaq hər hansı  vərdişi öyrəndikdə, vaxtaşırı olaraq onu təkrarlamaq lazımdır ki, uşaq bu vərdişləri unuda bilər.

4. Uşağın gününü dəqiqliklə planlaşdırmaq lazımdır. Uşaq hər zaman hər hansı işi və s. bitirdikdən sonra nə ilə məşğul olduğunu (növbəti iş və s.) bilməlidir. Belə dəqiq plan olmadıqda, uşaq  özünü  itirir.

5. Uşağı əhatə edən mühit dəyişilməməlidir. Bütün əşyalar daim eyni yerlərdə qalmalıdır.

6. Uşağın diqqətini cəlb etməyə çalışın. Bunun üçün uşağı bir neçə dəfə çağırın. Səsinizi qaldırmayın. Uşağın adını eyni intonasiya ilə o vaxta kimi təkrarlayın, ki uşaq sizə fikir versin. Uşağı vurmaq və ya zorla sizə fikir verməyə məcbur etmək olmaz.

Hər bir konkret halda müalicənin müddəti və nəticəsi fərqlidir. Müalicə başlayan zamanı dərhal möcüzə gözləmək doğru deyil. Gözləməyin ki, 1 aylıq müalicədən sonra uşağınız tam normal olacaq. Autizmli uşaqların müalicəsi onların ömrünün sonuna kimi fasiləsiz davam edir. Bəzi uşaqlarda müsbət dəyişikliklər 2-3 həftədən sonra müşahidə olunmağa başlayır, 6-8 aydan sonra uşaq artıq kontakta girir, suallara cavab verir. Bəzi hallarda isə  bir neçə illik müalicə heç bir effekt verməyə bilər.

Hal-hazırda müalicəsi əsasən erkən başlanmış təlim-tərbiyə proqramları mövcuddur. Bu proqramlar intensiv olmalı, evdə ailələr də tətbiq etməlidirlər. Həftədə 20-40 saatlıq sosial bacarıqları dəstəkləyən proqramlar daha təsirlidir.

       Məqaləmin  sonunda  tövsiyyə olaraq  bildirmək istərdim ki, autizmlə  mübarizədə ilk olaraq autizm sindromlu uşaqlardan yox elə onların valideynlərindən başlamaq daha məqsədə  uyğun  olardı. Əgər valideyn autizm sindromu və onun müalicəsi haqqında məlumatlı deyilsə aparılan müalicənin  müsbət nəticə vermə ehtimalı yüksək ola bilməz.  Bunun üçün ilk  növbədə  valideyn  psixoloji dəstək almalı və özlərini  hazırlamalıdırlar. Nəzərə alsaq ki, autizmli uşaqlar özlərindən asılı olmayaraq valideynləri və ətrafdakıları gözlənilmədən  xoşagəlməz  situasiyalara sala bilirlər. Valideynlər də qəfildən rastlaşdıqları xoşagəlməz situasiyalardan autizmli uşaqlarla düzgün  davranma qaydalarını peşəkarlardan öyrənməklə çıxa bilərlər. İkinci bir təklifim isə odur ki, ölkəmizdə autizm məktəbi yaradılmasıdır.  Autizm sindromlu uşaqların sayına nəzərə salanda görürük ki, dünya əhalisinin bir faizi  yəni 70 milyon nəfər autizmin qurbanı olub. Respublikamızdakı statistikaya görə, təxminən 4500-ə yaxın uşaq autizm sindromundan əziyyət çəkir.

      Bu sahə ilə bağlı bir sira həll olunmamış məsələlər var. Sistemləşdirilmiş autizm məktəbinin açılması bu problemlərin həllində açar rolunu oynaya bilər. Autizmli uşaqların cəmiyyətə inteqrasiyası məsələsi də  gündəmə gətirilməli və həlli yolları araşdırılmalıdır.     

 P.S: Məqaləmin əvvəlində qeyd etdiyim valideynin timsalında bütün autizmli uşaqların valideynlərini peşəkar mütəxəssislərdən yardım almağa çağırıram. Axı bu günahsız uşaqların dünyaya gəlməsində  səbəbkar elə biz özümüzük. 

 

                                                     Bakı     Dövlət      Universitetinin

Jurnalistika   fakultəsinin  Radio

Televiziya Kafedrasının doktorantı,

Azərbaycan  Dillər  Universitetinin

 “AUL channel” onlayn televiziyasının

Jurnalisti Əsgərli Pərvin Səfa qızı 

Məqaləmin əv

Go Back

Sorğu göndər