Düşüncə Jurnalı

header photo

PAXIL Olmaq Pisdirmi?!!

Paxıllıq  nədir? Paxıllığın səbəbləri, kimlərə  və  niyə  paxıllıq  edirik? Paxıllıq   hissini   necə  aradan  qaldırmaq  mümkündür? Bu məqalədə  suallarınıza   cavab tapacaqsız.

      Paxıllıq  başqa  bir  insanın  hansısa bir üstünlüyünü, uğurlarını  görən  zaman  yaranan  mənfi  hissdir. Bu  hissə  adətən gözəllik, zənginlik, sağlamlıq, hakimiyyət,  istedad, ağıl və s. səbəb olur. Bir çox insanlar  özlərini  ətrafdakıları  ilə  müqayisə edirlər. Müqayisə isə paxıllıq hissini yaradan birinci  səbəbdir. Mükəmməl olmaq mümkün deyil. Birinin ali təhsili var, o birinin şəhərin mərkəzində böyük mənzili. Birinin  gözəl  ailəsi var, o biri nüfuzlu  iş yerində işləyir. Bir sözlə paxıllıq  hissi  insanın ürəyinə daxil olmaq üçün dolayısı yollar seçir.

İnsan paxıl  doğulmur. Paxıllıq insanın qəlbində  uşaq vaxtından kök salır. Məsələn, valideynlər hər zaman öz övladına həmyaşıdlarından kimisə  nümünə gətirir, lakin bunu düzgün  formada etmirlər. Uşağın da  qəlbində sağlam  rəqabət  hissi əvəzinə paxıllıq, əsəbilik  və qəzəb yaranır.

     İnsan  əsasən yaxın ətrafında olan insanlara paxıllıq hissi duyur. Elə deyilmi? Hansısa gözəl aktrisaya və ya aktyora paxıllıq hissi yox həsəd aparırıq. Cəmiyyətdə paxıl insanlara mənfi münasibət göstərirlər. Birimizə sual verilisə: “Sən kimə isə paxıllıq edirsən?” Cavab verəcək: “Yox, sən nə danışırsan, mən heç kimin pisliyini istəmirəm”. Çox nadir hallarda kimsə paxıl olduğunu etiraf edər. Lakin bu hissin obyekti olmaq heç də xoşagələn hal deyil.

      İnsan sözlə bir çox şeyi deməyə bilər, lakin jestlər  bunu bildirir. Paxıllıq  edən  insanın ünsiyyət  zamanı qeyri –verbal hərəkətlərinə diqqət yetirin. Əgər sizi dinlədikcə insan bir qədər qapalı poza alırsa - gözlərini çəkir, əllərini  sinəsinə çarpazlayır, özünü narahat  hiss edirsə, söhbəti davam edib etməməyiniz  haqqında düşünməyə dəyər. Belə ki, o, sizə paxıllıq edir.

Paxıllıq  şəxsiyyətin özünü qiymətləndirməsinə və davranışına  böyük təsir göstərir. Bu hiss özünü  3 səviyyədə göstərir:

1.Şüur səviyyəsində - insan öz vəziyyətinin səviyyəsini  dərk edir, normal qəbul edir və bu ona narahatlıq vermir.

2.Emosional həyəcan səviyyəsində - əsəbilik, qəzəb hissi, utancaqlıq.

3. Real davranış səviyyəsində. Bu səviyyədə artıq paxıllıq hissi  davranışın əsas aparıcı motivi  olur. Bir çox cinayətlərin motivi  paxıllıq hissindən yaranır.

Paxıllığın bir müsbət tərəfi var. Burada sağlam rəqabət müşahidə olunur. Bu zaman insan öz daxilində mübarizə aparır, bu hiss irəli getmək üçün stimul verir, onun xəyali rəqibi ağlında olmur.

Bəs, necə edək ki, bu hiss həyatımıza, davranışımıza mənfi təsir göstərməsin? Paxıllıq edərək, həyatımızdan narazı olaraq biz ilk növbədə öz əhval-ruhiyyəmizi korlayırıq.Nəticədə səhv etməyə başlayırıq və öz həyatımızı daha da ağırlaşdırırıq. Düzdür, ətrafımızda heç vaxt heç kəsə paxıllıq etməyən insan tapmaq mümkün deyil. Bu vəziyyətdən çıxmaq üçün özünüzü başqaları ilə  yox, özünüz  ilə müqayisə  edin, öz yolunuzu seçin. Paxıllıq insanın öz daxili dünyasını yeyir. Bu hissi yaşayan  insanların özünü qiymətləndirməsi aşağı olur və bunun səbəbini özündə deyil, kənarda axtarır. Paxıllıqdan irəli gələn əməllər və fikirlər insanın həyatı boyu etdiyi yaxşılıqları da heçə endirir. Paxıllıq hissindən müdafiə olunmaq üçün insan  özünü  dərk  etməli, həyatını zənginləşdirməli, həyatında baş verən hadisələrin məsuliyyətini  öz üzərinə  götürməlidir.

Aygün  Ağabalayeva

Psixologiya və Konsultasiya Mərkəzinin Psixoloqu

 

 

 

Go Back

Sorğu göndər