Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Aynurə Məmmədova"

Xəyanət və boşanma

30-07-2014

Bu gün əksər gənclərin məcburiyyət olmadan nikah bağlamalarına baxmayaraq, ailə səadətinə nadir hallarda rast gəlinir. Xəyanət və boşanmalar ifrat həddinə çatıb. Bəs bunun real səbəbi nədir? Niyə seçdiyimiz insanla sevinərək ailə qurur və bədbəxt olub boşanırıq?

Facebook virtual münasibətlər

“İndi insanların ünsiyyət üçün əhatə dairəsi genişdir. İnsanlar bir-biri ilə sosial şəbəkələrdə tanış olurlar. Əvvəllər isə belə şeylər yox idi. Hamı internetdə özünü nümunəvi göstərməyə çalışır. Fikir versəniz, istifadəçilərin çoxu öz şəklini qoymur. Hansısa aktrisanın və ya müğənninin şəklini qoyur. Virtual münasibətdə daha üstün görünmək istəyi bu münasibəti maraqlı edir”, - deyə psixoloq Lalə Əhmədova Milli.Az-a bildirdi: “İnkişaf hesab olunsa da, internetin virtual münasibətlərə şərait yaratması boşanma və xəyanətlərin sayının artmasına səsəb oldu”.

Boş-boş xəyal qurmaq

Subay vaxtı görüşə gedəndə oğlan və qız səliqəli olur, bir-biri ilə yaxşı davranırlar. Ailə içərisində isə tamamilə fərqli olurlar. Xanımlar yorğun da olur, makiyajsız da olur. Ailə qurana qədər oğlan və qız bir-birini ancaq “qonaq gedən” vəziyyətində görüblər. Evdəki halında görməyiblər. Çox vaxt da bu, münasibətləri soyudur.

L.Əhmədova qeyd edib ki, ailə qurmamışdan əvvəl insanlar beyinlərində ailə həyatı haqqında müəyyən fikirlər formalaşdırırlar: “Həmin fikirlər qurduğu ailə ilə üst-üstə düşməyəndə problemlər yaranır. Beyində müqayisə başlanır. Çünki ailə qurmamışdan əvvəl beynində xoş şeylər canlandırmışdı, amma onun əvəzinə problemləri gördü”.

Onun fikrincə, ailəni qorumaqda əsas amil keçid dövrünü adlamaqdır: “Ən çətini ailə həyatının ilk illəridir. Yeni ailəyə adaptasiya olmaq, onun qaydalarına uyğunlaşmaq vaxt tələb edir. Bir insanın buna dözümü yoxdursa, heç cür yeni qaydaları qəbul edə bilmirsə, ailəsi dağılır. Onlar yeni ailəyə uyğunlaşmaq əvəzinə daim “Bizim ailədə belə deyildi!”, “Mənim atam belə deyildi” və s. düşünür, özlərinə və ətrafdakılara əzab verirlər”.

Əsas problemlər bundan sonra başlayır

Gənclər öz aralarındakı münasibəti qaydasına qoya bilərlər, amma aralarına kimsə girəndə, yəni ki, qayınana vəziyyət bərbad olur. İndi əksər gənclər ayrı yaşamaq istəyir. Ona görə ki, özlərini müəyyən çətinliklərə hazır hiss etmir.

Psixoloqun dediyinə görə, qayınana gəlini evə gələn əziz qonaq kimi qəbul etməlidir: “Qonaq sizin evə gəldikdə durub hər şeyi özü etməyə başlayırmı? Yox. Siz ona qabların, fincanların yerini göstərir, ona çay içməyi təklif edirsiz. Qayınana gəlinə doğmalığı hiss etdirməlidir. Bunun əksinə olaraq, qabların, stəkanların yerini bilməyən qonaqdan gedib stəkanları gətirməyi tələb edirik. Bu nə qədər məntiqsizdir? Əgər qayınana gəlinə ailənin bir üzvü kimi yanaşsa, ona hər şeyi doğmaya başa saldığı kimi desə, ailədə söz-söhbətlər bitər”.

Qayınana ər və arvad arasındakı münasibətə qarışmamalıdır. Anlamalıdır ki, artıq ailəmin tərkibində kiçik bir ailə var. Qadın harasa gedəndə və ya nəsə etmək istəyəndə yalnız həyat yoldaşından icazə almalıdır. Onun qayınana, qayınata, evdə kim varsa, hamıdan icazə almağa ehtiyacı yoxdur. Onda elə çıxır ki, hələ də bu ailə qəbul olunmayıb.

Fikir versəniz, ailə söz-söhbətləri arasında qayınatanın obrazı kənarda qalır. Çünki qayınata ailəyə gələn qonağı daha yaxşı başa düşür. Onlar birlikdə mətbəxi paylaşmırlar. Bir qadının hakimiyyəti onun mətbəxində olur. Gəlin isə artıq mətbəxə şərik gəlir.

Müsahibim bildirib ki, bəzi ailələrdə mətbəxi qayınana idarə etməyə davam etsə də, bir müddətdən sonra şikayətlənməyə başlayır: “Yaxşı, onda sən gəlinə niyə imkan vermədin ki, heç olmasa yardımçı formasında yanına keçsin”.

““Gəlin evin süpürgəsidir” kimi düşünən ailələr də çoxdur. Hər işi gəlinin üstünə atırlar. Evə əziz qonaqmı gəlir, yoxsa ev yığışdıran? Məlum deyil. Gəlinin tutaq ki, 21 yaşı var. Əlbəttə ki, onun təcrübəsi səninki qədər deyil”, - deyə psixoloq əlavə edib ki, əgər gəlin və qayınana az-az görüşürlərsə, o zaman ailələrdə konfliktlər daha az olur.

Onun sözlərinə görə, ailə qurarkən yaşa da fikir vermək lazımdır. Çox erkən yaşlarda və ya gec qurulan ailələr də tez qırılır. Çox gec olduqda, artıq şəxs hər şeyə görə danışmağa, qıcıqlanmağa başlayır. Özünün müəyyən problemləri yaranır. Orta qızıl həddi tapıb həmin vaxt ailə qurmaq daha önəmlidir.

Sonsuzluq problemi

Bu gün ailələrin əksəriyyəti sonsuzluq probleminə görə dağılır. Psixoloq bildirib ki, sonsuzluqdan əziyyət çəkən bir çox pasientlərimiz xarici ölkələrdə həkimlərə gediblər: “Həkimlərin qoyduğu diaqnoz isə psixoloji problemlər olub. İnsan gərgin və narahat olanda, stress keçirəndə bu, uşaq dünyaya gətriməyə də mane olur”.

Ailənin sonuna çıxan yoxsulluq

Yoxsulluğa görə də boşanan və ya xəyanəti seçənlər var. Bəzi insanlar pulun hesabına müəyyən boşluqları doldurmaq istəyirlər. Pula görə xəyanət edir və ya həyat yoldaşları kasıb olduğu üçün onu atır.

Elə də ailələr var ki, qadın işləyir, kişi isə avaradır. Kişinin ailəyə baxmaq bir borcudur. Kişi isə işləmək istəmir. İnsan işsiz qaldıqda müəyyən pis vərdişləri yaranır. İçki içir, siqaret çəkir, narkotik qəbul etməyə başlayır. Hər qadın bunu qəbul etmir.

İntim münasibətlər

Psixoloji təcrübəsinə istinadən həkim bildirir ki, əksər hallarda intim münasibətlər sıfır vəziyyətindədir, ya tamamilə yoxdur. Ər-arvad ayrı otaqlarda yatırlar: “Biz pasientlərə məsləhət görürük ki, həftədə 3 dəfə münasibətdə olsunlar. Bunu istəyib-istəməməkdən asılı deyil. Bədənin funksiyası bu cürdür. Münasibət olmadıqda bədən əsəbi və gərgin olur. Tərəflər bir-birinin xətrinə dəyir, bir-birində səhv axtarmağa başlayırlar. Əgər ailədə intim münasibətlər normaldırsa, problemlər də azdır”.

Mütəxəssis əlavə edir ki, ailədə sevgidənsə çox, bir-birinə qarşı hörmət önəmlidir. Ər və arvad bir-birini başa düşməli, dost olmalıdırlar.

Xəyanətə gətirib çıxaran amillər var

Kişi qadınla maraqlanmalıdır. Qadın hiss etməlidir ki, onunla maraqlanan, ona qayğı göstərən bir insan var. Bu eynilə qadınlara da aiddir. Qadın da kişi ilə maraqlanmalı, çox istədiyini bildirməli, əzizləməlidir. Kişinin evdə rahatlığı olsa, niyə də xəyanət etsin?

Düzdür, elə adamlar var ki... Onların cinsi tələbatlarını ödəmə şəkli fərqlidir. Bu, tox qarına yemək yeməyə bənzəyir.

Qadınlar onu da nəzərə alsınlar ki, kişilər deyingən, zəhlə tökən qadınlardan qaçırlar.

Milli.Az

Aynurə MƏMMƏDOVA

 

Go Back

Kompüterdə izləri necə silməli?

25-07-2014

İstər kompüterdə, istərsə də internetdə fəaliyyətin gizliliyini saxlamaq çətindir. Kompüter dəfələrlə format olunsa belə, pozulmuş faylı bərpa etmək, internetdə izlənilən saytları və yüklənilən faylların statistiklasını əldə etmək olar. Buna baxmayaraq, proqramçılar bir sıra yollarla kompüter və internetdən izlərin silməyin mümkün olduğunu deyib. 

Proqramçı Fuad Ələkbərovun sözlərinə görə, adi halda kompüterdən pozulan istənilən faylı asanlıqla bərpa etmək olar. Dediyinə görə, əgər kompüterdən o qədər də çox istifadə olunmursa, hətta bir neçə il əvvəl yaradılmış faylları da bərpa etmək mümkündür. Faylların birdəfəlik pozulması ancaq xüsusi proqramlar vasitəsilə həyata keçirilir. Belə proqramlar yalnız faylın silinməsilə kifayətlənmir, faylın üstünə başqa təsadüfi məlumatlar və s. də yazırlar. Bununla da informasiyanın ilkin variantı tamamilə silinir. "Bunu "File Shredder", "Shredder8", "Recuva" və "Auslogics BoostSpeed" kimi proqramlarla icra etmək olar".

Ələkbərov bildirib ki, kompüterdəki bütün informasiyanın bərpası mümkün olmadan pozmaq üçün komüterin format olunması kifayət etmir. Ona görə ki, kompüterdə əvvəl adi yolla fayllar pozulubsa, sonradan formatlanma üsulu ilə birdəfəlik, bərpasız pozulmur. Bunun üçün yenə də xüsusi proqramlardan istifadə olunmalıdır. Disklərdən bütün faylların tamamilə pozulması üçün "HDD Low Level Format" uyğun gəlir. "Auslogics BoostSpeed" proqramı isə sərt diskdə və ya flaşkada bütün boş yeri mövcud digər fayllar zədələnmədən poza bilir".

Onu nəzərə almaq lazımdır ki, dəfələrlə format olunmuş və hətta yanmış disklərdən belə informasiyanı əldə etmək olar. Amma bu cür xüsusi qurğular nadir hallarda olur. Faylların heç bir yolla bərpa olunmaması üçün diskin tamamilə məhv edilməsi lazımdır.

Onun dediyinə görə, kompüter və internet istifadəçilərin əksəriyyəti bu suallarla müraciət edirlər: ""Öz fəaliyyətimiz haqında informasiyanı internetdən və kompüterdən tam silmək olurmu?" Bəli, müəyyən üsullar vasitəsilə, internetdə fəaliyyəti tam silmək olar. İnternetdə rahat fəailiyyət göstərsək də, bu gizli qalmır. Özümüz haqqında internetdə iz buraxırıq. Misal üçün "youhavedownloaded.com" saytı hər hansı bir İP ünvanın yüklədiyi faylların statistikasını toplayır. Bu sayta girərək istənilən şəxs öz İP ünvanının statistikası ilə tanış ola bilər".

Proqramçı qeyd edib ki, əgər "Google Chrome" istifadəçisinizsə, Ctrl+Shift+N düymələrini basaraq gizli pəncərə açmaq olar. Bu pəncərədə baxdığınız saytlar "brauzer"in tarixində görünməyəcək və kompüterdə heç bir izini tapmaq olmayacaq.

İzlədiyiniz saytların gizli qalmasını istəyirsizsə, "tarix" bölümünü açıb oradan saytları seçib poza bilərsiz. Tarix bölməsini tamamilə pozduqda girdiyiniz bütün saytlar barədə informasiya pozulacaq. Eləcə də sizə lazım olan tarix bölməsində hansı növ informasiyaların vaxtaşırı silinməsini də seçmək olar.

"Internet Explorer"i istifadə etdikdə isə "ümumi" bölməsində "jurnal" seçib səhifədən "çıxdıqda tarixi yadda saxlamasın" sətri seçmək lazımdır. Burada seçdiyin informasiyanı pozmaq, parametrlər bölməsini seçməklə isə saytlara baxış bardə olan informasiyanın saxlanılması üsulunu seçə bilərsiz.

Müsahibimiz bildirib ki, şəbəkəyə qoşulan İp ünvanla şəsxin kimliyi və olduğu yer müəyyən olunur. İp ünvandan başqa kompüterin xidməti faylları, misal üçün, "cookoes" vasitəsilə də şəxsi müəyyən etmək olar. "Cookoes" internetdəki iş fəaliyyəti barədə informasiyanı saxlayır. Bir çox saytlarda xüsusi "cookoes"lər quraşdırılıb və bunlar vasitəsilə istifadəçilərin fəallığı müəyyən olunur. Sosial şəbəkələr də daim qeydiyyatdan keçən istifadəçilər barədə informasiya toplayır. Əgər istifadəçi sosial bşəbəkədən çıxamadan internetdə başqa saytlara girirsə bu haqda informasiya sosial şəbəkə tərəfindən toplanr.

Lakin internetdəki məxfiliyi qorumaq üçün xeyli yollar var. Son dövrlər "Mozilla", "Opera", "Google Chrome" istifadəçilərə gizli işləmək üçün xüsusi xidmətlər təklif edir. Bu, "Google Chrome"da "Ctrl+Shift+N", "Internet Explorer"də "Ctrl+Shift+P" düymələrini basmaqla yeni pəncərə açıb gizli işləmək olar. Bu sistem vasitəsilə, internet səhifələr haqqında informasiya yığılmır. Səhifədən çıxdıqdan sonra isə "cookies"dən bütün informasiyalar silinir.

Mobil qurğular üçünsə, gizli iş rejimi ancaq "Google Chrome"un son versiyası ilə təchiz olunan "Android" platformalarda mümkündür.

Qeyd edək ki, "The Guardian" internetdə izləri silməyə dair 10 tövsiyə yayıb: ""Facebook"da gizlilik parametrlərində hər şeyi "özəl"ə çevirmək; "Facebook"da etiketləndiyiniz fotoları bir-bir açıb, "variantlar" bölməsindən etiketləri silmək; "Google Blogger" hesabınızda profili silmək (bununla da bütün bloq yazılarınız və şərhləriniz yox olacaq); "Tumblr" və ya "WordPress" bloqunuz varsa, silmək; axtarış saytlarında dırnaq içərisində ad və soyadı yazmaq; forumlardakı şərhləri silmək; "Google"da "görüntülər" hissəsində adınızı axtarışa vermək; fotolarınızın çıxdığı saytlardan bunları silmələrini istəmək; "Flickr" kimi saytlara göndərdiyiniz fotoları da silmək; adınızı davamlı axtarışa verib, adınızın çıxdığı saytların sahibləriylə əlaqə yaradıb sildirməyə cəhd etmək, "Facebook", "Blogger" və "WordPress"ə göndərdiklərinizin hələ də internet arxivində qalmış ola biləcəyini unutmamaq və "İnternet Archive" saytı məzmun silmə tələblərini bir-bir nəzərdən keçirmək; adınızı internetdən tamamilə silsəniz belə, qərarlı bir araşdırmaçının geridə qalan məlumatlarınızı və dostlarınızın sizdən bəhs etdiyi məlumatları araşdıraraq haqqınızda məlumat ala biləcəyini unutmamaq lazımdır. Sonuncu isə sizi izləyən "Google"ın axtarış saytı əvəzinə siz izləməyənləri yoxlayın".

Ekspress.az
Aynurə MƏMMƏDOVA

 

 

Go Back

Azərbaycanda ilk dəfə sümük iliyinin transplantasiyası həyata keçirilib

21-07-2014

"Azərbaycanın təbabət tarixində ilk dəfə bu ilin mayında Respublika Talassemiya Mərkəzində qohum donorlardan götürülən sümük iliyinin 3 xəstəyə köçürülməsi icra edilib". Bunu Respublika Talassemiya Mərkəzinin direktoru Rauf Rzayev dünən keçirdiyi mətbuat konfransında bildirib. 

Rauf Rzayevin sözlərinə görə, bu əməliyyatlar Azərbaycan həkimləri ilə yanaşı Belarus həkimlərin dəstəyilə həyata keçirilib: "Hal-hazırda hər üç xəstənin vəziyyəti qənaətbəxşdir və evə buraxılmaq ərəfəsindədirlər".

O qeyd edib ki, MDB məkanında sümük iliyinin köçürülməsi yalnız Rusiyada, Ukraynada, Belarusda, digər dünya dövlətləri arasında isə indiki zamanda 16 ölkədə mövcuddur: "Bu növ transplantasiyanı həyata keçirə bilən ölkələrin sayca azlığı sümük iliyinin tranplantasiyasının kifayət qədər mürəkkəb yüksək texnoloji proses olması ilə yanaşı özəl tələblərə cavab verən tibbi avadanlıq təminatının və xüsusi hazırlıq keçmiş tibbi heyətin zərurəti ilə izah olunur. Sevindirici haldır ki, artıq Azərbaycan bu çətin işi aparan ölkələr arasında dayanmaq hüququnu qazanmaqdadır. Böyük minnətdarlıqla qeyd etmək istəyirəm ki, əldə etdiyimiz nəticələrdə Heydər Əliyev Fondunun və Səhiyə Nazirliyinin daimi diqqəti və dəstəyinin mühüm rolu olub".

Mərkəzin direktoru əlavə edib ki, belaruslu həkimlərin bu işdə dəstəyi təsadüfi deyil: "Belarus keçmiş Sovetlər İttifaqı məkanında sümük iliyinin transplantasiyası ilə ən böyük müvəffəqiyyətlər əldə etmiş bir ölkə kimi tanınmışdı. Bunun özünün də məntiqi əsası var. Belə ki, 1986-cı ildə Ukraynada baş verən Çernobıl AES qəzası zamanı daha çox Belarusun ərazisini tutdu. Və Belarusda leykoz baş alıb gedirdi. Bu dövlət dilemma qarşısında dayanmışdı: ya sümük iliyi transplantasiyasını həyata keçirmək, ya da millətin böyük hissəsi dünyasını dəyişə bilərdi. Ona görə də 7 il ərzində Belarus dövləti almanların dəstəyi ilə sümük iliyinin transplantasiya mərkəzini yaratdı. 20 ildən artıqdır ki, bu əməliyyatları müvəffəqiyyətlə aparırlar. Və bu sahədə dünya liderləri sırasında gedir".

Mərkəzin direktoru isə əlavə edib ki, bu müdaxilələrin hamısı pulsuz, dövlət hesabına həyata keçirilir: "Biz bu əməliyyata başlamamışdan əvvəl həkimlərimiz, tibb bacılarımız Türkiyədə, Belarusda sümük iliyi transplantasiya mərkəzində xüsusi təlim keçiblər və bu indi də davam edir. Biz daim öz mütəxəssislərimizə bu işlə məşğul olan müxtəlif ölkələrdə təcrübə ilə bəhrələnmək imkanı yaradırıq".

Sümük iliyinin transplantasiyasının hələ ki, talassemiyalı xəstələr üzərində aparıldığını deyən direktorun sözlərinə görə, əməliyyata ehtiyacı olan kifayət qədər xəstə var: "Ümumilikdə, bu əməliyyatlar müxtəlif onkoloji və qeyri-onkoloji xəstəliklərdə də aparılır. Hələ ki, biz bunu yalnız talassemiyalı xəstələrdə aparmışıq. Gələcəkdə ümid edirik ki, başqa xəstəliklərlə bağlı da mərkəzdə sümük iliyinin transplantasiyası aparılacaq".

Onun dediyinə görə, Talassemiya Mərkəzində bütün müraciətlərin araşdırılması üzrə komissiya yaradılıb və heç bir müraciət cavabsız və araşdırmasız qalmır: "Bütün müraciətləri araşdırırıq. Sümük iliyi tranplantasiyası heç də xəstələrin hamısında mümkün olmur. Müdaxilənin konkret göstəriciləri var. Müəyyən fəsadlaşmış hallarda bu əməliyyatı keçirmək olmaz. Yaradılmış komissiya bütün müraciətləri araşdırır və dolğun cavablandırır".

Mərkəzin direktoru bildirib ki, donor bacı və qardaş olmaya da bilər: "Dünya transplantasiya təcrübəsində Dünya Donor Bankının qeydiyyatında olan donor hüceyrələrindən istifadə olunur. Dünya Donor Bankının qeydiyyat sistemində 25 milyona kimi potensial donor var. Dünya təcrübəsində həmin donorların iliyindən istifadə edilir. Lakin bunun üçün sümük iliyi transplantasiyası ilə məşğul olan dövlətin həmin Dünya Donor Bankının qeydiyyat sisteminə daxil olması vacibdir. Bu da görünür ki, yaxın gələcəyin işidir. Hal-hazırda Azərbaycan Dünya Donor Bankına daxil deyil. Amma dövlət bu işlə məşğul olursa, demək, Dünya Donor Bankına da inteqrasiya var".

Sümük İliyi Transplantasiya şöbəsinin müdiri Nərgiz Əliyevanın sözlərinə görə, 2013-cü ilin noyabrından indiyə kimi mərkəzə sümük iliyinin transplantasiyası ilə bağlı 24 xəstə müraciət edib: "Onların 10 nəfərinin bacı və qardaşı donor kimi uyğun gəlib. Həmin şəxslərin 3 nəfəri artıq bacı və qardaşının donorluğu ilə əməliyyat olunub".

Yaş məhdudiyyətinə gəlincə, N.Əliyeva bildirib ki, mərkəzə 5 16 yaşına qədər uşaqları götürürlər.

N.Əliyevanın bildirdiyinə görə, ölkədə ən azı 100-ə yaxın sümük iliyinin transplantasiyası olmalıdır ki, həmin ölkə Dünya Donor Bankı qeydiyyat sisteminə daxil olsun.

Əməliyyatdan sonra reabilitasiya müddətinə gəlincə, şöbə müdiri bildirib ki, hal-hazırda xəstələrin vəziyyəti stabildir: "60 gün reabilitasiya sürür. Bundan sonra xəstələr 1 il müddətində daim xəstəxanaya gəlib müşahidə olunmalıdır. 2-ci transplantasiyaya ancaq onkoloji xəstələrdə ehtiyac ola bilər" deyən N.Əliyeva əlavə edib ki, qardaş-bacıdan olan transplantasiya uğurlu sayılır.

Sümük İliyi Transplantasiya şöbəsinin həkimi Sahilə Sultanovanın sözlərinə görə, oktyabrın əvvəllərində növbəti əməliyyatın icrası nəzərdə tutulur. O, 4 xəstə üzərində əməliyyat aparılacağını deyib.

Ekspress.az
Aynurə MƏMMƏDOVA

 

Go Back

Anoreksiya qurbanları

16-07-2014

Gün ərzində bizi arıqlamağa çağıran yüzlərlə reklamla rastlaşırıq. Arıqlamağa və pəhrizlərə, artıq çəkidən azad olmaq üçün plastik əməliyyatlara həsr olunan məqalələr, verilişlər də tükənmək bilmir. Bütün bu amillər əsasən də xanımlarda arıqlamaq istəyini yaradır. Bəzən isə bu istək patoloji xarakter də alır.

Artıq çəki xarici görünüşü pozmaqla yanaşı bir sıra xəstəliklərin yaranmasına səbəb olur. Eləcə də artıq çəkidən əziyyət çəkənlər depressiyaya da tez-tez məruz qalır. Piylənmə şəxsi həyatda və işdə də problemlər yaradır. Bunun üçün də insanların artıq çəkidən azad olmaq istəyi təbiidir. Lakin bu istək heç də həmişə yaxşı nəticələnmir və çoxları düzgün saxlanılmayan pəhrizlərin, uğursuz plastik əməliyyatların qurbanına çevrilir.

Arıqlamaq dəbinin dalınca yeniyetmələr daha çox qaçırlar. Buna həm televiziya verilişlərində təbliğ olunan gözləllik etalonları, artıq çəkidən azad olmağa həsr olunan reklamlar, həm də həmyaşıdlarının onları lağa qoyması səbəb olur. Çox vaxt məktəbdə artıq çəkidən əziyyət çəkənlər gülüş hədəfinə çevrilir. Əgər yeniyetmə həqiqətən də piylənmədən əziyyət çəkirsə,bununla mübarizə aparmaq lazımdır. Yaxşı olar ki, bu zaman valideynlər mütəxəssis köməyindənistifadə etsinlər. Çünki bəzi hallarda arıqlamaq istəyi o həddə çatır ki, anoreksiya kimi xəstəliyə də səbəb olur.

Anoreksiya düzgün qidalanmadıqda yaranan psixoloji xəstəlikdir. Bu zaman xəstələrdə patoloji arıqlamaq istəyi müşahidə olunur. Anoreksiya xəstəliyinə tutulan xəstələr piylənmədən çox qorxurlar. Xəstə arıq olduğu halda da yanlış olaraq özünü kök təsəvvür edir. Çəkisi artmadığı halda da ona elə gəlir ki, getdikcə kökəlir. Belə adamlara öz rəsmlərini çəkməyi təklif edəndə kök bir obraz təsvir edirlər. Onlarda kökəlməyə, artıq çəkiyə nifrət hissi müşahidə olunur.

Adətən bu xəstəlikdən əziyyət çəkənlər arıqlamağa çalışırlar. Bunun üçün müxtəlif yollara əl atırlar. Belə xəstələr arasında ən geniş yayılan arıqlamaq üsulu pəhriz saxlamaqdır. Anoreksiyanın qurbanı çox az qida qəbul edərək özünü arıqladır. Çox vaxt belə adamlar az qida qəbul etmək üçün ayaqüstü və tələsik qidalanır. Getdikcə xəstə iştahasını itirir. Üstəlik pəhrizlə yanaşı fiziki məşğələlərlə də həddindən artıq çox məşğul olmağa başlayır. Onlar mədənin yuyulması, qida qəbulundan sonra süni
qusma nəticəsində də özlərini arıqlatmağa müvəffəq olurlar. Ən təhlükəlisi isə həkim göstərişi və nəzarəti olmadan arıqlamaq üçün xüsusi həblərin qəbul edilməsidir. Belə həbləri qəbul etmədən əvvəl mütləq həkimə müraciət etmək lazımdır.

Aynurə MƏMMƏDOVA

 

 

 

Go Back

Kimlər fotoları daha çox paylaşır?

10-07-2014

Həyatı, baş verən hadisələri əlimizlə tutub saxlamaq, vaxt tələsərkən onu dayandırmaq iqtidarında deyilik. Amma foto ilə insan buna nail olur. Fotoda insan ölümsüzləşir, uzaqda olarkən yaxınlaşır, laqeyddirsə, mehriban da görünə bilər.

Öz fotomuza niyə baxırıq?

Psixoloq Zülfiyyə Yaqubovanın Milli.Az-a dediyi sözlərinə görə, real həyatda özümüzü görmürük, şəkildə isə özümüzlə rastlaşırıq: “Güzgüyə baxanda öz əksimizi görürük. Lakin öz surətimizi obyektiv qəbul edə bilmirik. Fotoda isə nöqsan axtarırıq. Şəkildə yaxşı düşmüşüksə, ona tez-tez baxmaq tələbatı yaranır. Biz şəklə özümüzü tanımaq istədiyimiz üçün baxırıq”.

Gözdən uzaq, könüldən iraq...

Bir var ad çəkirik, bir də var ki, görürük. Gözlə beyinə informasiya gedir. Tez-tez gördüyümüz, təmasda olduğumuz insanı özümüzə daha yaxın bilirik.

Şəkli vaxt cırırıq?

Cırmaq - məhv etmək deməkdir. Psixologiyada da belə bir üsul var: Bir vərəqdə neqativ halları yazır, ya da kiminsə şəklini çəkib sonra cırır və ya yandırırsan. Bununla sən yazılanları və həmin adamı məhv edirsən. Bu üsul neqativdən azad olmağa kömək edir.
Yaqubovanın dediyinə görə, istəmədiyimiz bir insanın fotosuna baxanda neqativ hiss edirik. Onun yaxşı tərəflərini görmürük. Pis tərəflərini görürük. Misal üçün, qadın rəqibinin şəklinə baxanda yalnız mənfi xüsusiyyətlərini göstərəcək: “Əlləri necə də böyükdür”, “Burnu uzundur”, “Gözləri balacadır” və s. Daha çox rəqibinin mənfi cəhətlərini qabardaraq özünü sakitləşdircək ki, “O, mənə güc gələ bilməz!”

“Face”də şəkillərlə daha çox kimlər paylaşır?

“İnstagram” və “Facebook”-da, əsasən, isterik tip insanlar fotolarını paylaşmağı sevir. Onlar göstəriş etmək, daim diqqət mərkəzində olmağı sevirlər. İstəyirlər ki, başqaları onların nə ilə məşğul olduqlarını bilsinlər. Məsələn, hara gedib, hansı hədiyyələri alıb, maşını, evi və s.

Ümumiyyətlə, məmnun olan insanlar da foto paylaşmağı sevir. İsterik tipə həyatından narazı olanlar da aid ola bilər. Onlar foto paylaşmaqla həyatından həzz alırlar. İnsanlardan diqqət və “like” alır. Kimlərin “like” verdiyini, neçə “like” aldığını güdürlər.

Tək isterik tip adamlar deyil, gün ərzində görüşməyənlər, yaxınlarını nadir hallarda görənlər də sosial şəbəkələrdə buluşurlar. Kiməsə mesaj gondərmək - “Bax mən necə yaşayıram” demək istədikləri üçün də foto paylaşanlar olur. Bəzi qızlar isə ailə qura bilmədiyi üçün şəkil paylaşır. Fotonu görüb bəyənənlərin olacağına ümid edir.

Bədbəxt, həyatdan küskün insanlar isə nadir halda foto çəkdirirlər. Elə adamlar da var ki, vaxt itirərək şəkil paylaşmaq istəmirlər.

Heç şəkil paylaşmayanların isə psixoloji problemləri var. Onlar həyata çox neqativ baxır. Kompleksli insanlardır, başqalarının sevincini görəndə bədbinləşirlər.

Hansı fotoları daha çox “like” edirlər?

Səmimi şəkillər daha çox “like” toplayır. Bəzən insan şəkil çəkdirdikdə, səmimi poza ala bilmir. Nəticədə şəklə az, ya da heç “like” vermirlər. “Like”ların azlığı şəxsə qarşı yönələn kütləvi paxıllıq hissindən də xəbər verə bilər.

Ən çox bəyənilən şəkillər uşaq şəkilləri olur. Uşağa baxanda həmişə beş insandan üçü uşağa qucaq açır, uşağı oynadır. İkinci yerdə cütlüklərin fotoları dayanır. Daha sonra isə geyim, maşın, əşya və mənzərə fotoları gəlir.

Fotolardan müsbət enerji

Psixoloqun dediyinə görə, əvvəllər internet olmayanda insanlar şəkil çəkdirməyə xüsusi yanaşırdılar: “Xatirə yazır və xatirə dəftərlərində şəkillərini yapışdırırdılar. Fotoların arxasında “Tələbəlik illərindən xatirə”, “Filankəsə yadigar” kimi sözlər də yazırdılar. O vaxtlar - sosial şəbəkələr inkişaf etməyən dövrdə daha çox fotoları alboma, yerləşmədikdə karobkaya, sellofana yığıb saxlayırdıq. Şəkillərə baxdıqda bizdə nostalji hissləri oyanırdı. İndisə fotoları o qədər çox çəkdiririk ki, bir müddətdən sonra pozuruq. O qədər də dəyər vermirik”.

Psixoloq etiraf edir ki, pasientlər arasında şəkilə baxıb danışan adamlar çox olur. Şəkilə baxanda ayrıldığı insana görə o dərəcədə darıxmır. Öz emosional tələbatını ödəyir. Şəkil insan psixikasına çox müsbət təsir edir. Məsələn, bəzən nənələr nəvəsi uzaqda olanda deyir ki, mən onun şəkli ilə danışıram. O, soyuducuya nəvəsinin şəklini yapışdırır, yemək bişirəndə, yeyəndə şəkilə baxıb deyir: “Nənə sənə qurban”. Bu zaman nənə fotoya baxıb nəvəsini əzizləyir və bundan müsbət enerji alır. O, nəvəsini görə bilmir, amma şəkilə baxaraq ayrılığın acısını azaldır. Eləcə də, sevgilisinin fotosunu yastığının altına qoyan adam onu sanki hiss edir.

Fotolar insana necə kömək edə bilər?

Əgər ailəyə, həqiqətən də, bağlılıq varsa, mütləq mobil telefonun, noutbukun ekranına, ya da stolun üstünə insan öz ailəsinin şəklini qoyur. Şəkilə baxdıqca onda müsbət emosiyalar yaranır. İnsan evlidirsə, stolun üstünə yoldaşının da şəklini qoyursa, deməli, hər şey yaxşıdır. Elə olur ki, yoldaşının şəklini yox, tək uşaqlarının şəklini qoyur. Deməli, aralarında problemlər var.

Facebook-da elə olur ki, evli adamlar yalnız öz şəkillərini qoyurlar. Mentaliteti nəzərə alsaq, adətən 28-30 yaşdan yuxarı olan insanlar yoldaşı ilə olan şəkilləri paylaşmırlar. Amma 25-28 yaşına qədər olanlar buna normal baxırlar. Bu da zamanla baxışların dəyişməsi ilə əlaqədardır.

Milli.Az.

Aynurə Məmmədova 

 

Go Back

Sevdiyin insanı necə geri qaytarmaq olar?

09-07-2014

Qürur adama güc verir, amma hüzur vermir


Onsuz sanki daha yaşamırsan. Ətrafda hər şey dəyişir, tanışların normal həyatlarına davam edirlər. Amma sən onunla ayrılan andan yapışıb qalmısan. Ürəyin ancaq bir şeyi istəyir - onu geri qaytarmaq. Əzizlərin, işin, sevdiyin məşğuliyyətlər, hər nə var idisə, sanki, mənasızlaşır, içində yaranan sonsuz boşluqda batırlar.

Özünü dəyiş, dünya dəyişsin

Psixoloq Ceyran Həsənlinin Milli.Az-a dediyi sözlərə görə, insanlar müxtəlif problemlər üzündən ayrılırlar: “İnsan özündə bəzi problemləri həll etsə, bəzi komplekslərini aşsa, sevdiyi insanı geri qaytara bilər. Ümumiyyətlə, insan özünü dəyişsə, çox şey əldə edə bilər. Özünü dəyiş, dünya dəyişsin. Hər bir insanın səhvi ola bilər. Bu normaldır. Amma səhvlərinizi başa düşməyə çalışın”.

üçün belə oldu?

“Niyə belə oldu?” deyib özünüzü depressiyaya salmayın. Problemin nədən ibarət olduğunu təhlil edin. Depressiyaya düşməkdənsə, “Mən nə edə bilərəm ki, bu vəziyyəti düzəldim” kimi düşünmək sizi ayrılıqdan xilas edə bilər.

Elə də ola bilər ki, problem qarşı tərəfdədir. Əgər o, birləşməyinizi istəyirsə, ona dəyişməyə kömək edin. Amma bəzi insanlar dəyişmək istəmir, qarşı tərəf isə onu olduğu kimi qəbul edə bilmir. Bu cür münasibətlər yenə də gərginəşəcəksə, hər şey daha da pis ol bilər. Bəlkə, heç qismət deyil, unutmalısız.

Əgər, doğrudan da, sevgiyə inanır, onu geri qaytarmaq istəyirsənsə, özündə bəzi şeyləri dəyişə bilərsən. Bu zaman problemin nədən qaynaqlandığını, kimin rolunun nə olduğunu öyrənmək lazımdır. Bir-birinizə düşmən çıxmaqdansa, bir-birinizə kömək edin. Məsələn, qarşı tərəfə deyə bilərsiz ki, “Çalışaq, münasibəti düzəltmək istiqamətində addımlar ataq”.

Deyirlər ki, münasibət pozulanda, hətta konflikt olanda da elə hərəkət etmək lazımdır ki, geriyə dönüş olsun. Psixoloq deyir ki, nə qədər də düşünsən ki, bu “son nöqtədir, ayrılacağam”, yenə də arada pərdəni götürməməlisən. Bu, birinci şərtdir. İkincisi isə yaşadığın xatirələr və hisslərdir. Birgə daha çox xatirələriniz, sizi bağlayan şeylər varsa, ayrılmaq şansı azalır.

Münasibəti qorumaq üçün əsas 3 amil

C.Həsənli bildirib ki, evliliyi qorumaq üçün 3 amil əsasdır: “Dinə bağlılıq, bir-birini təqdir etmək və birgə keyfiyyətli vaxt keçirtmək. Bu üç amil qorunursa, nikah daha möhkəm olur. Cütlüklər arasında bir-birini təqdir etmək, bir-birinin yaxşı cəhətlərini qeyd etmək varsa, bu, tərəflər arasında bağlılıq yaradır. Birgə çox vaxt keçirtmək, xoş anlar yaşamaq hisslərin qorunması üçün vacibdir.

Bəzən elə olur ki, bir-birinə qarşı hissləri olur, evlənirlər. Amma sonra bir-birini o qədər az görməyə başlayırlar ki, arada soyuqluq yaranır. Məsələn, səhər gedib gecə gəlirlər. Belə münasibətlərin qırılması daha asan olar. Baxmayaraq ki, orada hisslər var.

Ümumiyyətlə, münasibətə əmək qoymaq lazımdır. Əmək qoyulubsa, o, insana yadda qalası xatirələr vermisənsə, əlbəttə ki, geri qaytarmaq şansı artır.

Ayrılanda birinci addımı kim atmalıdır?

Bu sual bir çox qadınları düşündürür? Əsasən deyirlər ki, birinci addımı kişilər atmalıdır. Ancaq mütəxəssis bildirir ki, kim müdrikdirsə, birinci addımı o atmalıdır.

İnsan özünü tanıyır, özü ilə barışıb, özünü qiymətləndirməyi bacarır, səhvini başa düşürsə, üzr istəyə bilər. Vacib deyil ki, günahkar şəklində üzr istəsin. Fərqi yoxdur kim barışmaq istəyir. Əgər səhv onda deyilsə, qarşı tərəfdədirsə, yenə də gedib söhbət etmək lazımdır. Hər bir problemi söhbətlə, ünsiyyətlə həll etmək olar.

Barışmağa nə mane olur?

Bəzən elə problem olur ki, insan onun həll olunmayacağını görür. Problem daha da böyüyəcəksə, münasibətin mənası yoxdursa, o, geri dönməyə də bilər. Elə bir hədd var ki, onu keçmək qeyri-mümkündür.

Yersiz qürur da barışmağa mane ola bilər. C.Həsənli deyir ki, qürur adama güc verir, amma hüzur vermir: "Həmin an sən güclü görünə bilərsən, amma hüzurlu olmursan. Lazım olmayanda qürur insana çox mane ola bilər. Xüsusilə də ürəyin istəyir və istəyinə qarşı gedirsənsə, yalnız məntiqinlə qüruruna söykənərək hərəkət edirsənsə, bədbəxt olacaqsan”.

Əgər heç bir barışmaq cəhdlərinə baxmayaraq, barışmırsa, münasibəti davam etməyə dəyməz. Əslində müəyyən yerə qədər addım atmaq olar. Qarşıdakı insan, doğurdan da, istəmirsə, məcbur etmək olmaz.

Elə tip insanlar da var ki, onlara ayrılıq daha rahatdır. Təkliyi xoşlayırlar. Amma uzaqdan-uzağa nə qədər sevmək olar? Bu, bir yerə qədər ola bilər. Belə platonik sevgi daha çox gənclərə xasdır.

Sevgidə tranzakt oyun

Bir də var ki, tez-tez küsüb barışmağı xoşlayırlar. Buna tranzakt oyun da deyirlər. Küsürlər ki, barışanda daha mehriban olsunlar. Bu şüurlu surətdə daha çox qadınlarda olur. Amma belə davranış təhlükəli ola bilər. Kişilər belə şeylərdən tez yorulurlar.

Psixoloq onu da deyib ki, tranzakt oyunu adətən uşaq xarakterli qadınlar oynayırlar. Bunun əvəzinə kişinin diqqətini özünü inkişaf etdirməklə cəlb edə bilərlər. Tranzakt oyun zamanı qadın küsür ki, onu əldə etməyə çalışsınlar, ona can atsınlar, diqqət göstərsinlər.

Milli.az

Aynurə Məmmədova

 

Go Back

Fen-şuya görə evin bəzədilməsi

07-07-2014

Daha varlı və xoşbəxt olmaq üçün fen-şuyun incəliklərinə bələd olmaq yetər. Fen-şuy insanlarla onları əhatə edən əşyaların, təbiətin harmoniyasını, bağlılığını öyrənən qədim çin elmidir.

Fen-şuy artıq 4 min ildən çox mövcud olsa da, təsir gücü sınanıldığı üçün unudulmur. Müxtəlif xalqların nümayəndələri qədim çin elmindən bu gün də geniş yararlanırlar.

Evdə xoş aura yaratmaq

Bəzən elə olur ki, evə bahalı mebel qoyulsa, hər şey səliqəli olsa da, insan sıxılır. O, evdə söz-söhbət, bəd hadisələr də çox olur. Fen-şuy elminə görə, bu, əşyaların, mebellərin düzgün qoyulmaması, müəyyən energetik qapıların bağlı qalması üzündən baş verir.

Dizayner Ayxan Babaşov Milli.Az-a bildirib ki, tərcümədə “su və külək” mənalarını ifadə edən fen-şuy müsbət enerjinin cəzb olunması yollarını öyrənir. İstənilən adam bu üsulları öyrənərək həyatda daha uğurlu ola bilər.

Ofis işçisi Vəfa Quliyeva fen-şuydan istifadə etdikdən sonra daha çox pul qazanmağa başladığını deyib: “Evdə və ofisdə divara printerdən çap olunmuş pul şəkillərini kəsib yapışdırdım. Bir müddətdən sonra maaşımı qaldırdılar və əlavə iş yeri də tapdım. Fen-şuyun rəmzləri olan tısbağa, qurbağa fiqurlarını da stolun üstünə qoyuram. Bütün bunlar uğur və pul gətirir. Eləcə də, yaxın vaxtlarda inanıram ki, özümə maşın da ala biləcəyəm. Bunun üçün də istədiyim maşın şəklini və öz şəklimi kəsib bir yerdə elə yapışdıracağam ki, guya maşında oturmuşam. Bu şəkli evin ən görünən hissəsinə yapışdıracağam. Bəzilərinə bu gülünc görünə bilər, amma fen-şuy min illərin sınağından keçib. Bizim fikirlərimiz reallaşmaq gücünə malikdir. Fen-şuy isə buna kömək edir”.

Gənc Tural Tağıyev isə fen-şuya inanmadığını bildirib: “Məncə, həyatlarında fen-şuyu tətbiq edənlər təsadüf nəticəsində uğur əldə ediblər. İnana bilmərəm ki, hansısa fiqurlar və ya dizayn insanı və onun həyatını dəyişdirə bilər”.

Dizayner A.Babaşov əlavə edib ki, fen-şuy getdikcə dəb halını alır və qadınlar evini bu üslubda hazırlamağı tələb edirlər: “Fen-şuya görə evin dəhlizi geniş və işıqlı olmalıdır. Dar və uzun dəhliz evdə yaşayanların həyatına sıxıntı gətirir. Əgər dəhliz belədirsə, yan divarlara güzgü əlavə etməklə genişlik təəsüratını yaradın”.
Qonaq otağı evin əsas otağı sayılır. Otaq özü dəyirmi olmalıdır. Əgər otaqda iti künclər varsa, ora yarpaqları oval və yumru şəkildə olan otaq bitkisi qoyun. Bu künclərdən gələn neqativ enerjini yumşaldacaq. Qonaq otağında güzgü, fontan, akvarium, şəlalə tipli aksessuarlar da qoymaq evin aurasına müsbət təsir edir.
Axıb getməyən təmiz su enerji mənbəyidir. Balıqlarla akvariumsa zənginlik və inkişaf rəmzidir. Yaxşı olar ki, akvariumda bir qara və 8 qızıl balıq saxlayasız. Amma akvariumu qapı ağzında yerləşdirməyin, yoxsa pulunuz qapıdan keçib gedər.
Evin əsas otaqlarından biri də mətbəxdir. Mətbəxdə parlaq və pozitiv rənglər üstünlük təşkil etməlidir. Pəncərənin qabağında güllər qoymaq da auranı müsbət tərəfə dəyişəcək. Divarlarda qurudulmuş qırmızı bibər, qarğıdalı, soğan və sarımsaq bağlamaları asmaq da pis enerjini qovacaq. Onlardan mətbəxə yaraşıq gətirən aksessuar kimi də istifadə etmək olar.

Yataq otağında sevgi aurası

Sevginin qorunub saxlanması ailə münasibətlərində əsas rol oynayır. Bu səbəbdən də yataq otağının dizaynında tam harmoniya olmalıdır.

Yataq otağında cütlük özünü rahat və sakit hiss etməlidir. Otaq evin girəcəyində deyil, evin sakit küncündə olmalıdır. Yataq otağındakı rahatlığını başqa otaqlardan və ya küçədən gələn səs, iy pozmamalıdır.

Otağın əsas elementi çarpayıdır. Çarpayını qapı ilə üzbəüz qoymaq olmaz. Çarpayıdan qapını heç görməmək də insanda narahatlıq yaradır. Özündən asılı olmadan insan qapıdan kiminsə girəcəyini düşünür.

Cütlüyün çarpayısı bir dənə olmalıdır. İki çarpayı, döşək və yorğan istifadə etmək yaxşı əlamət deyil. Bu, münasibətləri soyudur.

Enerjinin sərbəst hərəkət etməsi üçün çarpayının altı təmiz olmalı, əşya varsa, götürülməlidir. Çarpayıya dolabların, mebelin küncləri də yönəlməməlidir.

Yataq otağında güzgüləri yerləşdirərkən çox diqqətli olmaq lazımdır. Güzgü mənfi enerjini əks etdirə, hətta artıra da bilər.

Güzgüdə çarpayı görünməməlidir. Güzgü seçərkən tam özünüzün əks olunduğu güzgünü alın. Güzgüdə görünməyən bədənimiz əziyyət çəkir və xəstəliklərə məruz qalır.

Bəzi dəbli güzgülərdə bəzəklərə, naxışlara görə, görüntü deformasiyaya uğrayır. Bu da səhhətimizdə problemlər yaradır.

Yastıqlarsa cütlüklərin münasibətlərindəki istiliyi simvolizə edir. Yastıqlar əlvan rəngdədirsə, ər-arvadı ayrılıqdan qoruyur. Üstündə çiçəklər çəkilibsə, sevənlərə sağlamlıq və xoşbəxtlik gətirir.

Sevgini gücləndirən fen-şuy rəmzləri

Fen-şuya görə qırmızı şamlar, dağ rəsmləri, cütlük şəklində olan quşlar, qırmızı və ya sarı rəngdə olan güldanlar, ay pərisi sevginin rəmzləridir. Bu rəmzləri otağın cənub-qərbində qoymaq lazımdır.

Bir-birini sevən quş fiqurları sevgini daha da gücləndirir. Qu quşları sevgidə sadiqliyi, göyərçinlər isə münasibətlərin yüksək həddə çatmasını göstərir. Bu fiqurlar nikahın daha uğurlu və möhkəm olmasına xidmət edir.

Soyumuş münasibətləri belə çılğınlıq həddinə gətirən pion bitkisi ən güclü rəzmlərdən hesab olunur. Pion gülləri “yan” - kişi enerjisini simvolizə edir. Lakin bu gülləri, hələ ki, uşaqları olmayan cütlüklər istifadə edə bilər. Əks halda pion gülləri xəyanətə işarə edir. Bir yerdə uzun müddət yaşayan cütlüklər orxideya, qızılgüllərin özlərini, ya da rəsmlərini otaqda qoya bilərlər.

Evdə nəyi saxlamaq olmaz

Dizayner bildirib ki, evdə saxladığımız köhnə şap-şaplar mənfi enerjini cəlb edir: “Sınmış, cızılmış qabları dərhal atmaq lazımdır. Qab və fincan ailəni ifadə edir. Əgər sınmış qabı saxlasaz, evdə mübahisələr və konfliktlər baş alacaq”.

Sarmaşan, aşıb-daşan güllər də evə bədlik gətirir. Müsbət enerji gətirmələri üçün sarmaşan yarpaq və budaqlar yumru şəkil almalıdır.

Evdə kürk, dəri saxlamaq isə pulu cəlb edir. Qurudulmuş ot və gül dəstəsi sağlamlıq və rahatlıq gətirir, mənfi enerjini neytrallaşdırır.

Evi bədbəxtlikdən qorumaq üçün heyvan fiqurları qoymaq məsləhətdir.

Evə pulun cəlb olunması

İlk növbədə, evdə pula cavab verən hissəni müəyyənləşdirmək lazımdır. Bir qayda olaraq bu cənub-şərq tərəfdə olur. Həmin yeri tapandan sonra səliqəyə salmaq, lazımsız əşyaları atmaq, pul və pulun rəmzlərini qoymaq sürətlə həmin evə pulu cəlb edəcək.

Fen-şuya görə mirvari üstündə oturan və ağzında dəmir pul saxlayan qurbağa ən güclü rəmzlərdən hesab olunur. Pulu cəlb etmək üçün pul ağacı, tısbağa, çin dəmir pullar, yelkənli gəmi rəmzlərindən istifadə olunur. Bu rəmzləri elə yerə qoyun ki, tez-tez görə biləsiz.

Milli.az
Aynurə Məmmədova

 

Go Back

"Payız uşaqları"nda raxitə tutulma daha çox olur

07-07-2014

Bu xəstəlikdən uşağı qorumağın ən əsası onu düzgün qidalandırmaqdır

Körpələr o qədər zərif olur ki, daim düzgün qulluğa, qayğıya və sevgiyə ehtiyac duyurlar. Hətta hamiləlik zamanı ananın düzgün qidalanmaması, əsəb keçirməsi körpəyə də təsir edir. Uşaq dünyaya gələndən sonra da vaxtaşırı pediatra aparmamaq, təcrübəsizliyə görə düzgün qulluq etməmək raxit xəstəliyinin yaranmasına şərait yaradır.

Qeyd edək ki, vaxtında müalicə olunmayan raxit xəstəliyi olan uşaqlarda onurğa sütununun, döş qəfəsinin, ayaqların deformasiyası, yastıpəncəlik, əzələ və oynaq zəifliyi və digər patoloji hallar müşahidə olunur. Müalicə olunmayan raxit süd və daimi dişlərin zədələnməsinə, məktəb yaşlarında isə yaxınıgörməyə (göz dibi əzələləri zəiflədiyi üçün) də səbəb olur. Qızlarda vaxtında müalicə olunmayan raxit xəstəliyi onlarda çanaq sümüklərinin də deformasıyasına səbəb olur. Gələcəkdə belə qızlar hamiləlik və doğuş zamanı əziyyət çəkirlər. Bundan başqa, raxitli uşaqlar soyuqdəymə, angina, bronxit və digər infeksiyalara daha tez-tez hallarda yoluxurlar.

Pediatr Mahirə Quliyevanın sözlərinə görə, uşaqlarda raxit xəstəliyinin yaranmasına təmiz havada az olmaları, hamiləlik zamanı ananın düzgün qidalanmaması, uşağın az hərəkətdə olması təsir edir: "Raxit xəstəliyi zamanı körpələrdə D vitamini və kalsium çatışmadığına görə sümüklər düzgün formalaşmır. Lakin bu hal müvəqqətidir. Düzgün müalicə və qidalanma nəticəsində bir neçə aydan sonra uşaq sağalır".

M.Quliyeva bildirib ki, payızda dünyaya gələn uşaqlarda raxit xəstəliyinə tutulma riski daha çox olur. Ona görə ki, payızda günəşli günlər azalır. Üzü açıq vəziyyətdə təmiz havada az olmaq, hamiləlik və laktasiya dövründə ananın düzgün qidalanmaması, ana südünün verilməməsi, erkən qarışıq və süni qidalanma, uşağın kip bələndiyi üçün hərəkət edə bilməməsi, mədə-bağırsaq xəstəlikləri, infeksiyalı xəstəliklər, kəskin çəkinin artması (çəki artdıqda bədənin kalsiuma olan tələbatı artır) raxitin yaranmasına səbəb ola bilər. Vaxtından tez doğulan uşalarda da raxit xəstəliyinə tutulma riski yüksəkdir.

Ana bu xsətəliyin əlamətlərini bilsə, uşaqda raxitin olub-olmadığını özü də başa düşə bilər. Həkim deyir ki, körpə yemək yeyərkən başı və alnı tərləyirsə, bu, raxitliyin əlamətidir. Raxit xəstəliyi zamanı uşaqda qəbzlik də yaranır. Bu, uşaqda bağırsaq əzələlərinin tonusunun azalmasına görə baş verir. Uşağın dərisinə əl vuranda bir neçə dəqiqədən sonra keçən qırmızı iz qalır.

Raxit xəstəliyi olan uşaqların ağlağan olduğunu deyən pediatrın sözlərinə görə, belə uşaqlar pis yeyir və pis yatır: "Daim başını o tərəfə-bu tərəfə çevirir. Raxit xəstəliyinin sonrakı mərhələlərində, başının arxası yastılaşır, qarın yekəlir və ayaqlar əyilir".

Raxitin digər əlaməti alnın böyüməsidir. Raxitin ağır formalarında döş qəfəsi də deformasiyaya uğrayaraq qabarır.

Xəstəlik vatında müalicə olunmasa, daxili orqanlarda da mənfiyə doğru dəyişikliklər gedir. Bu, baş verdikdə uşaq tez-tez qaytarır, qarnı ağrıyır, qəbz və ya ishal müşahidə olunur, ciyərin həcmi artır. Raxit zamanı anemiyanın təsirindən dəri də ağarır.

Raxit xəstəliyi körpələrin inkişafını ləngidir. Körpələr çox gec başını saxlaya bilir, sərbəst dayana, gəzə və iməkləyə bilmirlər. Bir yaşından sonra raxit inkişaf etməyə davam edirsə, uşaq ümumiyyətlə, gəzməyə bilər.

Həkimin dediyinə görə, raxit xəstəliyindən uşağı qorumaq üçün ən əsası onu düzgün yedizdirməkdir: "Körpə üçün ana südü əvəzolunmazdır. Bir xörək qaşığı miqdarda belə ana südünün körpəyə xeyri var. Ana südü vitamin, kalsium, xüsusi zülallarla zəngindir. Lakin ana südünün vitaminli olması üçün öz qidalanmasına da fikir verməlidir. Ana hər gün heç olmasa 100 qram kəsmik yeməli, 750 ml süd içməli və süd məhsulları illə qidalanmalıdır. Ehtiyac olduqda vitamin də içməlidir. Amma D vitamini tərkibində olan süni qidalarla qidalalan uşaqlarda da raxit nadir hallarda olur".

Sadalananlarla yanaşı, körpəni raxit xəstəliyindən qorumaq üçün onun sərbəst hərəkət etməsinə şərait yaratmaq lazımdır. Körpə əllərini hərəkətə gətirməli və ayaqları ilə vurmalıdır. Ona masaj da etmək lazımdır. Əgər həkim təyin etsə, D vitamini də içməlidir. Vitamin D digər vitaminlərdən fərqli olaraq orqanizmdə yalnız qida vasitəsilə yaranmır. Dərinin altında gün şüalarının və ya süni ultrabənövşəyi şüalanmanın təsiri altında da yaranır. D vitamini sümüklərin normal formalaşması üçün lazım olan kalsium və fosforun orqanizm tərəfindən sovrulmasına xidmət edir.

Müsahibimizin bildirdiyinə görə, raxiti müalicə etmədikdə yalnız ayaqlar deyil, onurğa sütunu da əyilir: "Yastıdabanlıq, bronxit, oynaqlarda boşluq da inkişaf edə bilər. Müalicə olunmayan raxit süd və daimi dişləri də korlayır. Raxitin müalicəsi zamanı uşağa vitamin D, müalicəvi gimnastika, gündüz vaxtı təmiz havada olmaq məsləhət olunur. Kalsiumun daha yaxşı qəbul olunması üçün müxtəlif dərman vasitələri də təyin oluna bilər".

Ekspress.az
Aynurə MƏMMƏDOVA

 

Go Back

Bu sözləri deyin, qadınların ürəyi tez-tez döyünəcək

04-07-2014

 Qadınların üzünü qızardan, nəbzini sürətləndirən və kişiləri sevdirən sözlər:

 Kişilərin bəzi sözlərini eşidəndə qadınların ürəyi daha sürətlə döyünür. Ciddi münasibət və ya ilişki olsa belə, qadınlar xoş sözlər eşitmək istəyirlər.

Qadınların gözəlliyini tərənnüm edəndə, onlarla bağlı nələrisə xatırladanda qadınlar həyəcanlanır.

Qadınların üzünü qızardan, nəbzini sürətləndirən və kişilərə sevdirən sözlər:

 

  1. Sevgilinizə necə gözəl olduğunu deyin. Bunu onun rəfiqələri ilə danışdıqda desəniz, xanım çox sevinəcək. Əgər onun rəğbətini qazanmaq istəyirsizsə, başqalarının yanında onu tərifləyin.
  2. Kişilər sevdiyi qadının nəyi xoşladığını bilir və bu mövzuda onlarla danışırsa, qadın kişinin onunla ciddi maraqlandığını başa düşəcək. Qadınlar onları tanıyan və nə istədiklərini bilən kişiləri bəyənirlər.
  3. Hər qadının ideal kişisi, onun harada alış-veriş etdiyini, istirahət günlərində harada əyələnmək istədiyini bilən və ondan soruşmadan bunlara nəzərən hərəkət edən kişidir.
  4. Qadınlar kişilər onların şəxsi həyatı ilə maraqlandıqda da məmnun qalırlar. Sevgilisinin yaşadığı bir problemlə maraqlanan və üstündən xeyli vaxt keçdikdən sonra da bu haqda maraqlanan kişi qadına xoş təsir bağışlayır. Qadın həm də belə kişinin nə qədər ağıllı olduğunu düşünməyə başlayır.
  5. Qadına ətrafda hər şeyin onu xatırlatdığını deyəndə onun hissləri oyanır. Ona görə ki, qadınlar gündəlik həyatları ilə bağlı qayğılarına baxmayaraq, sevdikləri kişini hər zaman düşünürlər. Eyni şeyi kişidə də gördükdə çox təsirlənirlər.

Redaktor 

Aynurə Məmmədova

 

Go Back

Xoşbəxt insanların etmədiyi 8 şey

26-06-2014

1)Keçmiş. Keçmişi dəyişdirmək mümkün deyil. Səhvlərinizdən nəticə çıxarıb keçmişinizlə yaşamayın.

2)Nəzarət edə bilmədiyiniz şeylər. Bacarıqlı insanlar problemlərdən deyil, onların həlli yollarından danışır. Əgər mövcud vəziyyəti dəyişdirə bilməycəksizsə və hadisələrə nəzarət etmək mümkün deyilsə, öz axarına buraxın.

3) Başqa insanların fikirləri. Başqa insanların fikirlərini dinləmək önəmlidir. Lakin bu o demək deyil ki, siz onların dedikləri ilə oturub durmalısız. Əgər hər zaman başqalarının fikirlərini nəzərə alıb hərəkət etsəz, uduzan siz olacaqsız.

4) Səbirsizlik. Səbirli olmaq sizə düşünülmüş addımlar atmağa kömək edəcək. Hansısa bir problemin, işin dərhal nəticəsini gözləməık sizi stress vəziyytəinə salar. Hər dəyişiklik ani olmur.

5) Şübhə. Bacarıqlı insanlar hər zaman özlərinə inanırlar. 

6) Gərəksiz cavabdehliklər. Bacarıqlı insanlar "yox" deməyi bacaranlardır. Hər zaman hər işdə hər kəsi məmnun etmək mümkün deyil. Sadəcə sizə önəmli olan şeylərə görə məsuliyyət hiss edin, digər şeylərə "yox" deməkdən çəkinməyin. 

7)Ruh düşkünlüyü. Çətin anlar keçib gedir. Bəzi hadisələr sizi stresə sala bilər. Amma buna həyatınızı məhv etməyə imkan verməyin. 

8) Qorxular. Başqaları tərəfindən rədd edilmə qorxusuyla yaşamayın. Riskə meylli olun. Risk etmək həytaın bir parçasıdır. 

Dushunce.az


 

 

 

 

Go Back

Xəstəliklərin əlamətləri alnımızda yazılıb

26-06-2014

Üzün yaşıl rəngə çalması inkişaf etməkdə olan xərçəngdən xəbər verir

İnsanın xarici görünüşünə baxmaqla onun hansı xəstəlikdən əziyyət çəkdiyini bilmək olar. Üz dərisinin rəngi, gözlərin forması, qırışlar, ayaqlardakı damarlar və bədəndə yaranan müxtəlif dəyişikliklər, dırnaqların rəngi belə sağlamlığımızın hansı səviyyədə olduğunu göstərir.

Alimlər bildirirlər ki, xarici görünüşdəki dəyişikliklər üzrə xəstəliklərin əlamələrini oxumaqla bir çox xəstəliklərdən başlanğıc mərhələsində xəbər tutmaq olar. Terapevt Cəmilə Ağayevanın sözlərinə görə, insanlar tez-tez üzə lazımi qulluğun edilməsinə, makiyaj vurulmasına baxmayaraq, təravətini itirdiyini bildirirlər: "Bu əlamətlər xroniki yorğunluq, pis əhval-ruhiyyə və ya xəstəliklə bağlı ola bilər. Nəzərə almaq lazımdır ki, bir çox ciddi daxili xəstəliklər əlamətsiz olur, lakin xarici görünüşdə öz mənfi təsirini göstərir. Əgər üz dərisi çox ağdırsa və yanaqlarda qızartı yoxdursa, üstəlik gicgahda dərinin altında damarlar mavi rəngdə görünürsə, şəxs anemiyadan əziyyət çəkir. Mavi və ya boz rəngə çalan üz ürək-damar xəstəliklərdən xəbər verir. Dərinin sarımtıl rəngi isə ciyərin fəaliyyətindəki problemləri göstərir. Bu tip problemlərə yanaqlarda və burnun yanlarında damar ulduzları da işarə edir".

C.Ağayeva bildirib ki, mum çalarlı, lakin həddindən çox qırmızı yanaqlı dəri şəxsin vərəmdən əziyyət çəkdiyini göstərir: "Ən qorxulusu isə üz dərsinin yaşımtıl rəngə çalmasıdır. Belə ki, yaşıl çalar inkişaf etməkdə olan xərçəngdən xəbər verir. Üzün dərisində bir neçə çaların mövcudluğu isə cinsiyyət sistemi və qalxanvari vəziyə görə hormonal pozğunluğun göstəricisidir".

Həkim qeyd edib ki, insanın hansı xəstəlikdən əziyyət çəkdiyi alnında yazılıb: "Əgər alnın dərisi çox qalındır və üzərində dərin çapıqlar varsa, deməli, böyrəklərdə problem var. Alındakı tor şəkilli qırışlar ciyərin zəif fəaliyyətindən xəbər verir. Əgər alında hissə-hissə tüklər tökülübsə, cinsiyyət vəzilərində problemlər yaşanır. Alında saçların dibində qəhvəyi rəngdə ləkələr yaranıbsa, ciyər üzərinə düşən ağır yüklə bacarmır".

İnsanın boynuna baxmaqla da onun hansı xəstəliyə məruz qaldığını bilmək olar. Boyunda qabarıqlar görünürsə, şəxs endokrinoloqa müraciət etməlidir. Ola bilsin ki, qalxanvari vəzidə problemləri var. Sinədə sızanaqların olması isə bağırsaqda nəyinsə baş verdiyini göstərir. Boyunun qatlarında qəfil ləkələrin yaranması bağırsaqda qurdların olmasından və ya öd kisəsində problemlərdən xəbər verir.

Onun dediyinə görə, dodaqlarda yaranan dəyişikliklər də xəstəliklərin göstəricisidir: "Məsələn, dodaqların uclarında çatların olması orqanizmin zəhərlənməsinə və ya vitamin çatışmazlığına işarə edir. Solğun dodaqların al qırmızı haşiyəyə alınması isə anemiyanın inkişaf etməsindən və daxili iltihab proseslərindən xəbər verir. Dodaqların kənarındakı qatların dərinləşməsi və qızarması isə bağırsaqda seliyin yığılmasını göstərir. Dodaqlar quruyursa, deməli, orqanizm susuzluqdan əziyyət çəkir, həzm sistemində problemlər və A vitaminin çatışmazlığı var. Dodaq və burun arasındakı hissədə mavi çalarda üçbucağın olması ağ ciyər xəstəliklərindən və astmadan xəbər verir".

Göz ətrafında demək olar ki, səhhətimizlə bağlı cüzi problemlər və yorğunluq da əksinin tapır. Şişmiş üst göz qapaqları böyrəklərin hədsiz yüklənməsini və bu yükə tab gətirə bilməməsini göstərir. Gözlərin altının şişməsi isə işlə bağlı yorğunluğa, mədəaltı vəzinin funksiyasının təzyiq altında olmasına işarə edir.

Həmsöhbətimiz əlavə edib ki, gözlərin yaşarması və qızarması allergik reaksiya, qaymorit və ya konyuktivitin əlamətləridir: "Göz ağının sarımtıl olması hepatit və ciyərdəki problemlərdən xəbər verir. Donbalan gözlər isə qalxanvari vəzinin hədsiz fəallığını göstərir. Xüsusilə də, son vaxtlar heç nə etmədən asanlıqla arıqlamısınızsa, gözləriniz isə çox donbalırsa, deməli, sizdə bu problem var".

Bədənin digər hissələrindəki anormallıqlar da orqanizmdəki xəstəliklərdən xəbər verir. Misal üçün, topuqlar iç tərəfdən kənarlardan formasını dəyişibsə, reproduktiv orqanlarda problemlərin olduğunu göstərir. Topuqlar ümumiyyətlə, formasını dəyişibsə, limfalardakı durğunluğa işarədir. Ayaq pəncələri şişibsə, sidik kisəsində dəyişikliklər var. Topuqlarda və dizlərdə şişkinliksə revmatizm artirt xəstəliyindən xəbər verir. Ayaq pəncələrinin hədsiz ağ rəngdə olması isə ateroskleroz xəstəliyinin göstəricisidir".

Müsahibimiz deyir ki, dırnaqların rənginə görə də hansı xəstəlikdən əziyyət çəkdiyimizi bilmək olar: "Dırnaqların göy rəngdə olması ürək çatışmazlığı, çirkli boz rəng anadangəlmə sifilis, sarı rəng hepatit, serroz, ciyər xəstəlikləri, tünd qəhvəyi rəng ağır qızdırma, qırmızı rəng qan xəstəlikləri, aritmiya, açıq çəhrayı anemiya, sarı ləkələr beyində pozğunluqlara, sar- yaşıl rəng orqanizmdə irinli proseslərə işarə edir".

Terapevt əlavə edib ki, daim stress, həyəcan və qayğılarla yaşayanda dəri təravətini itirir, quruyur və solğun olur: "Bu səbəbdən də diqqətli olmaq lazımdır. Belə ki, gənc yaşlarda da həyata düzgün yanaşmadığımız üçün tez yaşlana bilərik".

Ekspress.az
Aynurə MƏMMƏDOVA

 

Go Back

Ağ çörək piylənmə yaradır

25-06-2014

Sağlamlığının və xarici görünüşünün qeydinə qalanlar arasında son illər çörəyi öz qida rasionundan çıxaranlar artır. Bəziləri isə tam buğda çörəyi yeyərək pəhriz saxlayırlar. Bəs əslində hər gün yediyimiz ağ çörək həqiqqətənmi təhlükəlidir? 

Son araşdırmalara görə, ağ çörək çox yeyənlər piylənməyə meyllidirlər. Navarra Universitetinin alimləri 9200-dən çox məzunun qidalanma vərdişlərini və bunun çəkilərinə necə təsir etdiyini müşahidə ediblər. Təcrübə nəticəsində məlum olub ki, ağ çörəklə tam buğda çörəyini yeyənlərdə piylənmə riski yüksək deyil. Lakin yalnız ağ çörək yeməyə alışanlar, gündə iki faldan çox ağ çörək yeyənlər həftə ərzində bir fal və daha az ağ çörək yeyənlərə nisbətən 40 faiz daha çox kilo alır və piylənməyə meylli olurlar. Araşdırmalar zamanı tam buğda çörəyini yeyənlər arasında isə çox kilolu və piylənmədən əziyyət çəkənlər tapılmayıb.

Qeyd edək ki, 5 illik təcrübə zamanı iştirakçıların bir qismi hər gün 120 q ağ çörək, bir qismi isə həftə ərzində 60 q və daha az ağ çörək yeyib. Ekspertlər bildirir ki, ağ çörəyin bir falının çəkisi təxminən 40 q-dır. Bu səbəbdən də gün ərzində cəmi 3 fal ağ çörək piylənməyə səbəb olur.

Dietoloq Fidan Rzayevanın sözlərinə görə, çoxlu ağ çörək yemək bədəndə piy qatları yaradır: "Çörəyin təkibindəki şəkər tozu və duz isə sağlamlığa da mənfi təsir göstərir. Lakin biz hər gün çörək yeməyə öyrəşmişik və onun zərərli olmasını qəbul edə bilmirik".

Rzayeva əlavə edib ki, buğda öz tərkibinə görə təkrarolunmazdır: "Onda demək olar ki, Mendeleyev cədvəlinin bütün elementləri cəmləşib. Buğdada A, E, F və B qrup vitaminləri, çoxlu miqdarda minerallar, mis, yod, natriy, xlor, sink, kobalt və s. var. Lakin bu xeyirli və insan orqanizmi üçün vacib olan maddələr yalnız buğdanın qabığında və rüşeymdə yerləşir. Buğdanın müasir emalı texnikası isə buğdanın məhz bu vitaminli hissəsini tullantı kimi çıxarır. Emaldan sonra yüksək növ buğdada nişasta və kaloriya qalır. Məhz belə undan yumşaq və ağ çörək, bulka və başqa dadlı şirniyyat növləri bişirirlər".

Buğdada olan vitamin və minerallardan emaldan sonra yalnız 30 faizi qalır. Bu qalan vitaminlər də iki həftədən sonra gücünü itirir. Bu səbəbdən də yüksək növ undan bişirilən qənnadı məhsullara üstünlük verənlərin qida rasionunda xeyri olmayan nişasta və kalori qalır. Nişasta və kalorilər orqanizmdə əlavə yağların yığımasına gətirib çıxarır.

Dünyada aparılan təcrübələrə əsasən tibb nümayəndələri və dietoloqların çoxu əksər xəstəliklərin yaranmasını və inkişafını məhz yüksək növ buğda unundan hazırlanan qənnadı məhsullarının və ağ çörəklə qidalanma ilə bağlayırlar.

Müsahibimiz əlavə edib ki, daim ağ çörəklə qidalanan insanlarda ürək-damar, mədə-bağırsaq, endokrin və onkoloji xəstəliklərə daha çox rast gəlinir və daha ağır hal alır: "İndi satışda çörəklərin müxtəlif növləri var. Sağlamlığımız üçün xeyirli çörəyi seçə bilərik. Ən əsası çörəyi düzgün seçməyi öyrənmək lazımdır. Çovdar unundan hazırlanan çörəkdə ağ çörəyə nisbətən daha çox vitaminər var. Bu çörəyin istifadəsi sağlamlıq üçün heç bir təhlükə yaratmır. Amma ən xeyirli çörək kəpəkli çörəkdir. Kəpək toksinləri və allergen maddələri udmaq gücünə malikdir, immun sistemini möhkəmləndirir, orqanizmi süllüloza, zülal və vitaminlərlər təmin edir".

Kəpəkli çörəklə qidalanmaya üstünlük verənlər mədə-bağırsaq xəstəliklərdən, artıq çəkidən, daha az əziyyət çəkir. Belə ki, bu növ çörəkdə sadalanan xəstəliklərin profilaktikası üçün lazım olan nikotin turşusu var. Kəpəkdə xeyirli qida lifləri, vitamin və minerallar var. Bu səbəbdən də dietoloqlar tez-tez hipertoniya, şəkər, qəbz və piylənmə xəstəlikləri zamanı müalicəvi pəhrizə əlavə kimi yazırlar. Kəpəkləri sıyıqlara, ətli və balıqlı yeməklərə, şorbalara əlavə edirlər. Kəpəyi qaynadıb içki kimi də içirlər. Bu, çox xeyirli olur. Kəpəyi sadəcə sobada qızardıb üstünə qaynamış su əlavə edib də yemək olar.

İqtisadiyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən verilən məlumata görə, çörək əsasən buğda və çovdar unundan hazırlanır. Əsas xammal kimi un, duz, su, maya, əlavə xammal kimi şəkər, süd, yumurta, yağ, kişmiş, xaş-xaş, müxtəlif ədviyyat və s. götürülür. Çörək-bulka məmulatının çeşidi çoxdur, lakin bunlardan 100-ə qədəri daha çox yayılıb. Ən geniş yayılanları isə 1-ci və 2-ci sort buğda unundan hazırlanan adi çörəklərdir.

Orqanoleptik üsulla çörəyin xarici görünüşü, içliyin vəziyyəti, dadı, iyi, xəstəliyin olmaması, kənar qarışıqlar muəyyən edilir. Xarici görünüşü çörəyin formasına, uzərinin vəziyyətinə, rənginə, qabığında nöqsanların olmamasına görə qiymətləndirilir.

Çörəyin kəsiyində isə qabığının qalınlığı 3-4 mm-dən çox olmamalıdır. Qabığının kirlənməsinə və içlikdən ayrılmasına yol verilmir. İçliyi yaxşı bişmiş, bərabər məsaməli, barmaqla yoxladıqda nəm və ələ yapışan olmamalıdır, yüngül basdıqda elastik olub öz əvvəlki formasını almalıdır.

 Ekspress.az
Aynurə MƏMMƏDOVA

 

Go Back

Ata-anamız məni çox istəyir, yoxsa səni?

20-06-2014

Eyni ailədə, eyni tərbiyəni görmüş uşaqlar bəzən çox fərqli olurlar. Valideynlər bu fərqliliyi heç cür anlaya bilmirlər. Bir uşaq ailənin qüruru, o birisi isə gizlətmək istədikləri doğmaları olur. Bu ona görə baş verir ki, uşağın xarakterinin formalaşmasına tərbiyə ilə yanaşı ailədə onun üçün ayrılan rol da təsir edir. 

Psixoloq Jalə Həmidlinin sözlərinə görə, uşaqlara eyni diqqəti göstərmək, eyni dərəcədə sevgi vermək bəzən mümkün olmur. Belə ki, əgər valideynlər uşaqlarına fərqli yanaşdıqlarını açıq-aydın hiss etdirirlərsə, uşaqlar bunu çox pis keçirir. "Valideynlər bacardıqca uşaqlara eyni yanaşmalı, hansınısa daha çox istəsələr belə, bunu gizlətməlidirlər. Əks halda uşaqlarını psixoloji travmadan qoruya bilməyəcəklər".

Həmidli bildirib ki, ilk uşaq ailədə iki valideyn tərəfindən bütün diqqəti alır. İkinci uşaq dünyaya gələndən sonra isə diqqət həmin uşağa yönəlir. Birinci uşaq artıq böyüklərin tərəfinə keçir. İlk uşaqlar daha tez məsuliyyət hissini duyur, böyükləri təqlid etmək istəyindən əziyyət çəkir, liderliyə, bəzən də mükəmməlçiliyə meyl edirlər. Özündən balaca bacı-qardaşlara qayğı göstərmək uşağın emosional və psixoloji inkişafını da sürətləndirir. Sonrakı uşaqlar ailə tərəfindən daha çox əzizlənir. Onlar rahatlıqla başqalarının qayğısını, köməyini qəbul edir, həyata nikbin baxışları ilə fərqlənirlər. Lakin onlar daim böyük bacı-qardaşlarına qarşı müqavimət göstərməli olurlar. Bu da onların ya üsyankar xarakterli olmasına, ya da güzəştə getməsinə gətirib çıxarır.

Psixoloq qeyd edib ki, ailədə sonbeşik qızdırsa, o, çox mehriban olur. Valideynləri, nənə-babaları tərəfindən daim əzizlənir. Ailə üzvləri sonbeşiklərində öz sevinclərini tapır, gününü onu oynatmaqla keçirirlər. Balaca bacı olmağın üstünlüyü daim diqqət mərkəzində olmaları və çox sevilmələridir. Böyük uşaqlar da onlara qayğı göstərir və kömək edirlər. Belə uşaq maddi cəhətdən də yaxşı təmin edilir. Həm valideynlər, həm də böyük bacı-qardaş ona hər şey almağa hazır olurlar.

Lakin balaca bacı olmağın mənfi tərəfi böyük uşaqların ona qarşı qısqanc münasibəti və ona nəzarətin, təzyiqin çox olmasıdır. Belə uşaqlar böyüdükdə iradəsiz olur, müstəqil və özünə güvənən insan olmurlar.

Böyüdükcə balaca bacı kimdənsə asılı olma kompleksi ilə mübarizə aparmalı olur. Belə uşaqlar çətinliklə məsuliyyətli olmağı, öz tələbatlarını təmin etməyi, müstəqil olmağı, məqsədlərinə çatmağı öyrənirlər. Bəzən onlar özlərini o qədər asılı hiss edirlər ki, bu asılılıqdan qurtulmaq üçün valdideynləri, bacı-qardaşlarından uzaq bir yerə getməli olurlar. Böyük uşaqlara nisbətən sonbeşiklər müstəqil yaşamağı gec öyrənirlər. Onlar müstəqilliyə can atan zaman öz doğmalarından ayrılmağı istədikləri üçün özlərini günahkar hiss edirlər.

Aildə böyük qardaşın olması bacıda oğlanlara qarşı mərhəmət hissini formalaşdırır. Onlar böyüdükcə kişilərə hörmətlə yanaşır, onları daha yaxşı başa düşür, kişinin qayğısına qalmağı, ondan kömək qəbul etməyi daha asan öyrənir. Lakin əgər böyük qardaş bacısına qarşı kobuddursa, balaca bacıda qurban kompleksini inkişaf etdirir. Belə qızlar böyüdükdə iradəsiz, məsuliyyətsiz, passiv-aqressiv qadın olurlar. Belə qadınlar həyat yoldaşları seçərkən özlərindən asılı olmadan qardaşına oxşayan kişini seçirlər. Nəticədə uşaqlıqda almış travmalarla yenidən üzləşirlər. Lakin qadın travmalardan keçə bilsə, qurban rolundan qurtula bilər. Tədricən qadında kişilərə qarşı etibar hissi formalaşacaq və o, özünə daha əmin olacaq.

Müsahibimiz bildirib ki, böyük bacının ailədə rolu böyükdür. Balaca uşaqlar üçün böyük bacı mehriban və onları qoruyan mələkdir. Əvvəlcə böyük bacılara balaca uşaqlara baxmaq xoş gəlir. Onlar valideyn rolunu öz üzərinə götürür, bacı-qardaşları ilə müqayisədə özlərini güclü hiss edirlər. Böyük bacı rolunun üstünlüyü emosional inişaf, balacaların sevgisi və minnətdarlığı, lider olmağın mümkünlüyü, valideynlərin etibarı, daha inkişaf etmiş intellektdir.

Amma bu rolun mənfi tərəfləri də var. Böyükləri təqlid etmək uşaqda mükəmməlçiliyi, nəzarət etmək istəyini formalaşdırır. Belə uşaqlar həm də uşaqlığını yaşamırlar. Onlar vaxtlarının çox hissəsini balaca uşaqlara baxmaqla keçirirlər. Onlar özlərindən asılı olmadan valideyn diqqətini qazanmaq üçün balacalarla rəqabətə də girirlər. Bəzən rəqabət hissi paxıllığa və balaca bacı-qardaşlara qarşı nifrət hissinə keçir.

Psixoloqun dediyinə görə, böyük bacıların hiper himayəsi balacaların sosial mühitə adaptasiya olmasına imkan vermir. Böyük bacılar ailə qurarkən ana rolunu oynamağa başlayırlar. Bu səbəbdən də böyük bacılar ailə həyatı qurandan sonra böyük bacı rolundan çıxıb həyat yoldaşı rolunu oynamalıdırlar.

Balaca qardaşlar isə gələcəkdə böyük bacılarına oxşar - müstəqil və qayğıkeş qadınları həyat yoldaşı kimi seçirlər. Onlara elə gəlir ki, böyük bacıların oxşar həyat yoldaşı onların həyatlarını rahat edəcək. O, özü isə ailə üçün o qədər də zəhmət çəkməyəcək. Lakin çox aqressiv bacısı olan qardaşlar qadınlara qarşı inamını itirirlər. Belə kişilər adətən nikahda həyat yoldaşlarını üstələməyə, mənəvi cəhətdən sıxmağa çalışırlar. Onlar hətta uşaqların diqqətinə görə də həyat yoldaşları ilə mübarizə aparırlar. Qadına nəzarət edir və psixoloji təzyiq göstərir.

 Ekspress.az
Aynurə MƏMMƏDOVA

 

Go Back

Ağarmayın, ay saçlarım, amandı...

18-06-2014

Saçların ağarması yaşlılara xas problem olsa da, gənclər arasında da saçları sürətlə ağaranlar olur. Saçların erkən ağarmasına stress, daim gərgin vəziyyət, genetik faktorlar, xəstəliklər, pəhrizlər və düzgün olmayan həyat tərzi səbəb olur. Mütəxəssislər bildirirlər ki, vaxtında saçların ağarmasına qarşı görülən tədbirlər, bu prosesi yubada bilər. 

Terapevt Cəmilə Mirzəyevanın sözlərinə görə, saç ağarmasını çox vaxt müxtəlif xəstəliklər üzündən saçların rənginin dəyişməsi ilə səhv salırlar: "Hətta düzgün aparılmayan gigiyena prosedurlarına görə də saçlar ağara bilər. Saç vaxtından əvvəl ağarmağa başlayarsa, həkimə müraciət etmək məsləhətdir. Xəstəlik müalicə olunandan sonra saçların ağarması prosesi də dayana bilər".

Mirzəyeva bildirib ki, saçın ağarmasına ən güclü təsir edən amil əsəbdir: "Çox əsəbiləşən insanların saçları da tez ağarır. Çətin həyat, daim stress vəziyyəti, həyəcan, gərginlik yaşlanmanı sürətləndirir. İnsan əsəbləşərkən neyropetidlər artmağa başlayır ki, bu da melaninin azalmasına, nəticədə saçların ağarmasına səbəb olur. Ümumiyyətlə, saçın rəngini saxlayan melanindir. Melanin açıq rəngli saçlarda daha az olur. Ona görə də sarışınların saçı daha tez ağarır".

Saçın tez ağarması genetik faktorlardan da asılıdır. Genetik amillərlə mübarizə aparmaq çox çətindir. Misal üçün, valideynin saçı tez ağarıbsa, övladının da saçı tez ağarmağa başlayacaq.

Pəhriz saxlamaq da saçların korlanmasına və tez ağarmasına gətirib çıxarır. Az yemək yemək, ac qalmaq, hansısa vitaminləri qəbul etməmək saçlara və bütün orqanizmə mənfi təsir göstərir.

Həmsöhbətimizin sözlərinə görə, tez yaşlanma necə həyat tərzi sürməyimizdən də asılıdır. Tək pəhrizlər deyil, düzgün qidalanmamaq da saçların tez ağarmasına səbəb olur. Kalsium, B qrup vitaminlərin yoxluğundan saçlar ağarır. Əgər saçların ağarması vitamin çatışmazlığı üzündən başlayıbsa, saçların əvvəlki rəngini bərpa etmək olar. Bunun üçün düzgün qidalanmaq, kalsium və vitamin preparatları qəbul etmək lazımdır.

Soyuq havada baş örtüklərindən istifadə etməmək də saçların tez ağarmasına gətirib çıxarır. Soyuq havada baş istidə qalmalıdır. Əks halda qan dövranı pozulur və saçlar zəifləyir. Yayda da baş örtükləri mütləqdir. Baş örtüyündən istifadə etmədikdə həm günvurma halları baş verir, həm də saçlar gün şüalarının təsirindən yanaraq zəifləyir. Bunun da təsirindən ağarır.

Spirtli içkilər və qəhvə də saçların ağarmasını sürətləndirir. Müvəqqəti saç ağarmalarına miqren də səbəb olur. Bu səbəbdən də miqreni vaxtından müalicə etmək lazımdır.

Onun dediyinə görə, ümumiyyətlə, keçirdiyimiz xəstəliklər saçın ağarmasına təsir edir: "Bu səbəbdən də saçın ağarmasına təsir edən faktorları tapmaq və onları aradan qaldırmağa çalışmaq lazımdır. Əgər saçlar vaxtından əvvəl ağarıbsa, müalicədən sonra saçlar öz rəngini alacaq. Müalicə müddəti ərzində əgər ağ saçlar azdırsa, saçı rəngləmək məsləhət deyil. Saçı rənglədikdə saç zəifləyir və parlaqlığını itirir. Saça bir qədər kölgə atmaqla ağarmış saçları gizlətmək olar. Ağarmış saçları yerindən qoparmaq isə qətiyyən olmaz. Bunu etdikdə onlar daha da çoxalır. Əvəzində balaca qayçı ilə ağarmış saçları dibindən kəsmək olar. Əgər ağ saçlar çoxdursa və onları gizlətmək olmursa, yeganə çıxış yolu saçı rəngləməkdir. Bunun üçün çalar verən şampun, toniklərdən və ya saç boyasından istifadə etmək olar".

Müsahibimiz bildirib ki, tərkibində zülal çox olan qidalar da saçın rəngini parlaq edir: "Zülal saçın rəngini saxlayan melaninin artmasına kömək edir. Zülal bir sıra heyvan və bitki mənşəli məhsullarda olur. Ət, toyuq, dəniz məhsullarında və süd məhsullarında kifayət qədər zülal var. Saçların ağarmasına qarşı "xoşbəxtlik hormonu" kimi tanınan şokolad da müsbət təsir edir. Şokolad melonini sintezinə müsbət təsir göstərir. Çəki artmasın deyə acı şokolad yeməklə, saçların ağarmasının qarşısını almaq olar. Giləmeyvə də yemək faydalıdır. Giləmeyvə orqanizmin vitamin C ehtiyacını ödəyir, bu vitamin saçların ağarması ilə mübarizədə yaxşı nəticə verir, həm də kollageni artırır. Kollagen dəridə qırışların yaranmasının qarşısın alır və ümumilikdə orqanizmi cavan saxlayır. Saçın ağarmasına qarşı bol çiy tərəvəz və meyvə yemək effektivdir".

Qeyd edək ki, saçların ağarması ilə mübarizə aparmaq üçün xalq təbabətindən də istifadə etmək olar. Misal üçün, hər gün 1-3 xörək qaşığı cəfəri, kərəviz, cır havuc şirəsini qəbul etmək olar. Saçın köklərinə ərik, albalı şirəsi və ya gicitkan dəmləməsi çəkmək də yaxşı effekt verir.

Saç ustası Nurlana Zeynalovanın sözlərinə görə, ağ saçları saç boyası ilə yaxşı gizlətmək olsa da, saça zərəri az olsun deyə bitkilərlə də saçı boyamaq olar: "Məsələn, saçların rəngi açıqdırsa, qızılı rəng almaq üçün çobanyastığı dəmləməsindən istifadə etmək olar. Bunun üçün çobanyastığını qaynatmaq və 30-40 dəqiqə saxlamaq və 5 ml qliserin əlavə etmək lazımdır. Zəif rəng almaq üçün 500 ml suya 100 q, güclü rəng üçün eyni miqdarda suya 150 q çobanyastığı əlavə olunur".

Müalicəvi şampunlar da saçın ağarmasının qarşısını alır. İdmanla məşğul olmaq, düzgün həyat tərzi sürmək daha pozitiv olmaq, yaxşı qidalanmaq yaşlanmanın qarşısını müvəqqəti ala bilər. Lakin ilk ağ saçların 30-35 yaşında yaranması normal haldır və qarşısını almaq olmur.

Ekspress.az
Aynurə MƏMMƏDOVA

 

Go Back

Uşağı əmziyə öyrəşdirmək lazımdırmı?

11-06-2014

Uşağı əmziyə öyrəşdirmək məsələsi valideynləri ən çox narahat edən məsələlərdəndir. Belə ki, bəziləri əmziyin uşaqların dadbilmə, dişinə, damağına və psixi inkişafına mənfi təsir göstərdiyini, bəziləri isə bunun körpələr üçün xeyirli olduğunu söyləyirlər. 

Gənc ana Nailə Feyziyevanın sözlərinə görə, o, uşağa ilk günlərindən əmzik verməyib: "Əmziyin ziyanı barədə eşitdiyim üçün uşağı əmziksiz böyütdüm. Amma uşaq ağlayanda onu sakitləşdirmək çox çətin idi. Əmzik götürən uşaqlar daha tez sakitləşirlər. Əmziyi əmdikcə ağlamağı kəsir və daha tez yuxuya gedirlər. Sonradan başqa təcrübəli anaların məsləhəti ilə uşağı əmziyə öyrəşdirməyə çalışdım. Amma heç nə alınmadı. Əvvəldən əmzik götürmədiyi üçün uşaq heç cürə sonradan da əmziyi istəmirdi. Ağlayanda gec sakitləşir və əsəbi olurdu. Öz təcrübəmdən deyə bilərəm ki, əmziksiz körpəni saxlamaq daha çətindir. Onsuz da uşaq tədricən böyüdükcə əmzik yerinə barmağını əmməyə başlayır".

Pediatr Mahirə Kərimovanın sözlərinə görə, valideynlər uşağa əmziyin verilib-verilməməsi barədə qərarı özləri müstəqil verməlidirlər: "Lakin onu nəzərə almaq lazımdır ki, körpələrdə əmmə refleksi digər reflekslərə nisbətən daha güclüdür. Əgər uşağın bu refləksə olan tələbatı ödənilməyibsə, uşağa ana südü verilməyibsə, süni qida və ya qarışıq qida verilibsə, uşağın rejimlə yeməsin

dən asılı olmayaraq əsəbi olur. Əmmə tələbatı ödənilməyən körpələr daha narahat olur, səbəbsiz yerə çox ağlayırlar. Əmzik əmmək isə uşağı sakitləşdirir. Bu, valideynlərin də işini asanlaşdırır. Uşaq ağlayan kimi əmzik verərək onu dərhal sakitləşdirə bilirlər. Uşaq çətin yuxuya gedirsə, yatmaq istəmirsə, əmzik əmərək yuxuya gedəcək" deyən pediatr bildirir ki, bu baxımdan əmzik götürməyən körpələrin valideynləri daha çox əziyyət çəkirlər. Onun sözlərinə görə, əmziksiz uşaq ac olmasa belə ana südü istəyir və ya barmağını sormağa başlayır.

Həmsöhbətimiz bildirib ki, əmzik alarkən əmziyin keyfiyyətinə və quruluşuna fikir vermək, gegiyena qaydalarına riayət etmək lazımdır. Əmziklər lateks və ya silikondan hazırlanır. Lateksdən hazırlanan əmziklər sarı, silikondan hazırlananlar isə şəffaf rəngdə olur. Silikondan olan əmziklər daha məsləhətlidir. Ona görə ki, lateksdən olan əmziklərə nisbətən silikon əmziklərin iyi və tamı olmur, forması dəyişmir və rahat yuyulurlar.

Əmzik uşağın yaşına uyğun seçilməldir. Əmzik alarkən qablaşdırmanın üstündə yazılan yaş həddinə diqqət vermək lazımdır.

M.Kərimovanın dediyinə görə, əmziyin bahalı olması onun keyfiyyətinə zəmanət vermir: "Həm də uşaqlar hər əmziyi götürə bilmirlər. Yaxşı olar ki, münasib qiymətə bir neçə əmzik alıb uşağa verəsiniz. Körpə öz zövqünə uyğun birini seçəcək".

Quruluşuna gəlincə, əmziyin əsası enli olmalıdır. Lakin çox enli olub uşağın burnunun deşiklərini bağlamamalı, uşağın burnunu narahat etməməlidir. Əmziyin əsasında havanın keçməsi üçün deşik də olmalıdır.

Pediatr məsləhət görür ki, əmzik uşağa ziyan verməsin deyə onu düzgün istifadə etmək lazımdır: "Körpə sakit olsun və sağlam böyüsün deyə əmziyin düzgün istifadə qaydalarına riayət edin. Körpəni əmziyə öyrəşdirməyə laktasiya dövrünün stabilləşməsindən - körpə dünyaya gələndən sonra başlamaq lazımdır. Ona görə ki, körpənin süd və əmzik əmməsi fəqli proseslə baş verir. Əvvəlcə əmziyi əmən körpə, sonradan süd əmməyi istəməyə bilər. İlk günlərdən süni qidalanmaya öyrəşən körpələr də sonradan ana südünü öz əziyyəti ilə əmməkdən imtina edir".

İstənilən əmzik təmiz saxlanılmalıdır. Əmziyə ideal baxım qaydası onu hər səhər 5 dəqiqə steril qabda suda qaynatmaqdır. Vaxt çatışmazlığını nəzərə alaraq, əmziyi qaynamış qaynar su ilə yumaq və ya həmin vaxt ərzində qaynar suda saxlamaq da olar. Əksər analar məhz belə edir. Çünki bu üsul daha rahatdır. Gün ərzində isə əmziyi su ilə bir neçə dəfə yaxalamaq lazımdır.

Əmziyə öyrəşən uşaqlarla bağlı problemdən biri də əmzik olmadan bəzən sakitləşməmələridir. Gəzintiyə çıxarkən əlavə əmzik, butulkada su da götürmək olar. Əmzik təsadüfən yerə düşürsə, uşağa ya ehtiyatda saxladığınız əmziyi, ya da həmin əmziyi yaxalayıb verə bilərsiniz.

Çox vaxt valideynlər əmzik yerə düşməsin deyə əmziyə lent, plasmast zəncir, rezin də bağlayırlar. Lakin bu vasitələr uşağın boynuna dolaşa və onun həyatına təhlükə törədə bilər.

"Valideynlər nəzərə almalıdırlar ki, uşaq əmziyə nə qədər öyrəşsə də, bir əmziyi uzun müddət istifadə etmək olmaz. Əmzikləri hər üç aydan bir dəyişmək lazımdır. Əmziklərin xarici görünüşü, forması pozulmasa da, təzə kimi görünsələr də mütləq dəyişmək lazımdır. Belə ki, daim əmziyi qaynar su ilə yuyanda əmziyin materialı köhnəlir və əmzikdə kiçik yarıqlar yaranır. Yarıqlara isə mikroblar dolur və çətin təmizlənir".

Kərimova məsləhət görür ki, uşaq heç bir əmziyi qəbul etmirsə, onun məcbur etmək olmaz.

 

Ekspress.az

Aynurə Məmmədova

 

Go Back

Ətirlərin həyatımızda rolu

06-06-2014

Hesab olunur ki, insanlar informasiyanın 90 faizini gözləri ilə qəbul edirlər. İylə ətrafı tanıma isə daha çox heyvanlara xarakterikdir. Lakin son dövrlərdə aparılan kliniki təcrübələr iylərin həyatımızda mühüm rol oynadığını göstərir. 

Psixoloqların fikrincə, iylər insana şüuraltı təsir edir. Əksər hallarda insan iylərin manipulyasiya tələsində olduğunu başa düşmür. Alimlər sübut edib ki, beynə iy barədə siqnallar, ağrı siqnallarından daha tez çatır.

Psixoloq Lalə Əhmədovanın sözlərinə görə, insan genetikasından asılı olaraq iyin yaxşı və ya pis olduğunu müəyyən edir: "İyə qarşı münasibət yaşdan asılı olaraq dəyişir. İyi necə qəbul etməyimiz eyni və ya oxşar iylə rastlaşdıqda baş verənlərlə də sıx bağlıdır. Hansısa bir iyi duyarkən əhvalımız, düşdüyümüz vəziyyət, həmin anların xoşbəxtlik və ya bədbəxtlik, sakitlik və ya qorxu gətirməsi həmin iyin sonralar qəbul olunmasında da rol oynayır. Lakin elə iylər var ki, onlar həmişə insanlar tərəfindən pis qəbul olunur. Bu, həmin iylərin gətirə biləcəkləri təhlükə ilə əlaqədardır. Məsələn, korlanmış tərəvəz və meyvələrin, yeməklərin iyi insana pis təsir edir. Misal üçün, korlanmış yumurtanın iyi çox pis olur. Bu iyi hiss edən kimi onu yemək istəmirik".

Məşhur dizaynerlər restoran, otel, aeroport, ticarət mərkəzlərinin iyini belə fikirləşirlər. Belə ki, iylər insandan asılı olmadan onu nəsə etməyə təhrik edir. İylər insanda müxtəlif emosiyalar yaradır və bunun təsirindən insanın əhvalı, fikirləri dəyişir. İy vasitəsilə insanın psixologiyasına təsir etmək və manipulyasiyaya məruz qoymaq mümkün olur. İyləri öyrənmək və məkanda uyğun ətri yaratmaq sayəsində bir çox sahibkarlar xeyli gəlir əldə edir.

İylər hansısa hərəkətləri etməyə təhrik edir, iş fəaliyyətinə də təsir göstərir. İyləri öyrənən məşhur amerikalı psixiatr A.Xirş iylərin köməyi ilə qan təzyiqini qaldıra və ya aşağı sala, ürək döyüntüsünü çoxalda və ya azalda, ehtiraslandıra və ya sakitləşdirə bilirdi. Psixiatr bəzi ətirlərin depressiyanı aradan götürdüyünü, əhvalı yaxşılaşdırğını da müəyyən etmişdi.

Kliniki təcrübələrə əsasən məlum olub ki, limon, lavanda, çobanyastığı, səndəl ağacının ətri antidepressantlardan daha tez beynin fəallığını aşağı salır. Yasəmən, qızılgül, nanə və qərənfil ətri isə beynin fəaliyyətini qəhvəyə nisbətən daha tez fəallaşdırır. Yapon şirkətləri iylərin bu təsirindən geniş istifadə edirlər. İş vaxtı xüsusi havalandırma sistemləri ilə xüsusi ətirləri otaqlara yayırlar. Bu, iş heyətinin işini 50 faizə qədər artırmağa imkan verir. İşçilərin səhv etmə ehtimalı isə 20 faiz azalır. Yardıcılıq işini isə yapon albalısı çox yaxşı inkişaf etdirir.

L.Əhmədova əlavə edib ki, ərzaq satışı ilə məşğul olan mağazalarda təravətli ətirlər - xiyar, qarpız ətirləri satışa müsbət təsir edir. Geyim mağazalarında isə vanil, lavanda, nanə, reyhan, limon ətirləri satışı artırır. Dəri geyimləri, aksesuarları, ayaqqabıları mağazalarında isə dəri iyi alıcıları cəlb edir. Hətta mağazada mallar dəri əvəz edən materialdan hazırlansa da, alıcılar həmin malları həvəslə alırlar.

Bu gün maşın satışı üçün də xüsusi ətirlər hazırlanıb. Maşın satışı ilə məşğul olanlar adətən bu ətirləri maşınların içinə, ümumilikdə salona vurur. Bu da alıcılarda maşını satanlara qarşı inam hissini yaradır. Ətirlərin sayəsində maşın salonlarında satışı 10-15 faiz yüksəltmək olur.

İşgüzar görüşlər zamanı da ətrilərin xeyri olur. Bununla məşğul olan xüsusi qrup insalar tərəfindən işgüzar danışıqlara müsbət təsir edən ətirlər hazırlanır. Görüşdən əvvəl məkana və ya şəxslərin üzərinə həmin ətirdən hopdurulur. Görüş zamanı tərəflərin gərginliyi, diqqəti azalır. Ətirlər sakitləşidirici təsir edir, narahatlığı aradan götürür. Çox vaxt ətirlərin sayəsində işgüzar danışıqlar uğurla sona yetir. Qızılgül növlərini bir qismi insanı üzüyola edir, armud ətri iştahı yüksəldir, sitrus meyvələrin ətri diqqəti azaldır.

Psixoloq bildirib ki, müxtəlif mədəniyyət nümayəndələrinə iylər fərqli təsir edir. Eyni iy insanlarda müxtəlif assosiasiyalar yarada bilər. Bu da onların həmin iyi duyarkən adətlərinə uyğun fərqli şeylər yaşamasından irəli gəlir.

Onun dediyinə görə, iylər şəxsi münasibətlərə də təsir edir. Müxtəlif əks cinslərin nümayəndələrinin iyləri qarşı tərəfə fərqli təsir edir. Kiminsə iyi bir adama pis, başqasına isə xoş gələ bilər. Bu da əks cinslərin bir-birinə uyğunluğunu göstərir.

Qeyd edək ki, ətirlərin təsiri ilə müalicə növləri, aromaterapiya da geniş tətbiq olunur.

Ekspress.az

Aynurə Məmmədova

 

Go Back

Dünya Psixoloji Məsləhət və Rəhbərlik konfransı

19-05-2014

Bu yaxınlarda “Ulusal Psikolojik Danışma və Rəhbərlik Konqresi” və “Uluslararası Danışmanlık 
Konfransı” ilə birgə İstanbulda Boğaziçi Universitetində psixologiya ilə bağlı Dünya Psixoloji Məsləhət və Rəhbərlik Konfransı keçirilib. Konfransda 40-dan çox ölkənin məşhur psixoloqları, o cümlədən Psixologiya və Konsultasiya Mərkəzi (PCC) - nin rəhbəri, psixoloq Elnur Rüstəmov da çıxış edib.


- Elnur müəllim, Azərbaycanı təmsil etdiyiniz Türkiyədə keçirilən konfransın məqsədi barədə oxucularımıza məlumat verə bilərsiz?


- Konfransın məqsədi bu gün dünyada psixologiya sahəsində baş verən yeniliklərin işıqlandırılması və psixologiya ilə bağlı araşdırmaların istiqamətinin müəyyənləşdirilməsi, psixoloqların daha çox nəyə diqqət etməsinin vacib olması haqqında müzakirələr idi. Konfransın iştirakçıları psixoloji problemlərin həllinə dair mövzularla da çıxış etdilər. Çıxışlar zamanı psixoloji xidmətin qurulmasından tutmuş, klinik problemli insanlarla işləmək, onları konsultasiyaya cəlb etmək qaydası, insanı tanımağın yolları ilə bağlı maraqlı fikirlər səsləndi. Bütün dünyada, o cümlədən Türkiyədə də geniş yayılan ünsiyyət psixologiyası ilə bağlı müzakirələr aparılıb. Eləcə də uşaq psixologiyası üzrə geniş tədqiqat işləri psixoloqlar tərəfindən diqqətə çatdırıldı.

- İştirakçılar çıxışlarında hansı problemlərə toxunurdular? 


- Çıxışlarda bu gün dünyada baş verən proseslər, psixoloji mövzular əsas yer tuturdu. Zorakılıqla, etno - psixologiya ilə bağlı araşdırmalar da çox 
təsirli idi.


- Konfransda neçə ölkənin təmsilçisi iştirak edib? 


- 40-dan çox ölkənin təmsilçiləri var idi. Əksəriyyət tanınmış psixoloqlar idi. Biz tanınmış psixoloqlarla psixologiya ilə bağlı problemləri müzakirə etdik. Bir neçə psixoloji mərkəzlə və cəmiyyətlərlə əməkdaşlıq müqaviləsi bağladıq. Misal üçün, “Laləgül Psixoloji Reabilitasiya Mərkəzi” və “Uluslararası Danışmanlık Derneği” ilə müqavilə bağladıq. Bu beynəlxalq bir dərnəkdi. Bu da bizə gördüyümüz işləri tanıtmağa imkan verir. Onlarla gələcəkdə konkret işlər görəcəyik. Bu istiqamətdə konfrans çox faydalı oldu.

Onu da qeyd edim ki, konfransdakı müzakirələr nəticəsində Azərbaycanda psixologiya ilə bağlı mühüm işlərin görüldüyünü bir daha anladıq. Bunun sevincini konfransda bir də yaşadıq. Sadəcə bizdə psixologiya sahəsində çatışmayan cəhət eksperimental psixologiyada çətinliyin olmasıdır. Biz düşünürük ki, mərkəz olaraq, bundan sonra  o məqama xüsusi diqqət göstərəcəyik. İnsanlar arasında sorğu keçirəcək, müəyyən psixoloji problemin yaranma səbəblərini araşdıracaq, çıxış yolunu axtaracağıq. Ümumiyyətlə, bu istiqamətdə tədqiqatların aparılması vacibdir. Çox yaxşı olardı ki, psixoloqların potensialları geniş təbəqəyəçatdırılsın. Belə ki, Azərbaycanda kifayət qədər potensialı olan psixoloqlar var. Ölkədə akademik səviyyədə tədqiqatlar aparılır və mütəxəssislərin əsərləri xaricdə çap olunur. Sadəcə bunun piyarı aparılmır. Bu haqda geniş kütlənin məlumatı yoxdur.

- Konfransdakı çıxışınız nə ilə bağlı idi?


- Konfransda çıxış etdiyim mövzu etno - psixologiya ilə bağlı idi. Çıxışımda etnopsixologiyanın konkret fərdlərin psixoloji durumuna təsirinə toxundum. İştirakçılar tərəfindən də bu mövzu maraqla qarşılandı. Ona görə ki, Amerikada da bu problemi ağ dərilərlə, qara dərilər yaşayır. Avropada, Türkiyədə də bu tip problemlər mövcuddur.

Baş redaktorun müavini

Aynurə MƏMMƏDOVA

 

 

 

Go Back

Həyat yoldaşın xəyanət edirsə...

30-04-2014

Şübhələnirsən ki, həyat yoldaşın xəyanət edir? 

Etriraf etmək istəmirsən, amma hiss edirsən ki, artıq münasibətiniz əvvəlki kimi deyil. O, evə gec gəlir, sənə fikir vermir. Yorğun olduğunu bəhanə edərək səninlə vaxt keçirtməkdən qaçır. “İşlərim çoxdur”, “Yorğunam, özümü yaxşı hiss etmirəm”, “Evdə oturanda ürəyim sıxılır”, “İclasda idim”, “Dostlarımla görüşürdüm” deyib səni sakitləşdirir. Bir sözlə hər şeyə vaxt tapır, səndən başqa. 

Sən isə ən çox sevdiyin donu geyinib, xoşladığı yeməkləri bişirib onu gözləyirsən. Sən gözləyirsən, o isə.. 

Əvvəlcədən də ona zəng vurub xəbərdarlıq etmisən ki, tez gəlsin, işdən sonra yubanmasın. O, isə əvvəlcə gələ bilməyəcəyini desə də, sonunda təkidlərinin qarşısında aciz qalıb razılaşır. Amma nə qədər zəng etsən də cavab vermir və ya telefonu söndürülüb. Heç vaxt düşünmürdün ki, bu sənin də başına gələ bilər. Həyatında başqası var. Bunu dərk etməyə başlasan da ürəyin qəbul etmir. Acı həqiqətlə barışa bilmirsən. Hər şeydən küsüb, süfrədə yoldaşının boş qalan qabını itələyib başını onun çiyninə dirəyib sakitləşmək əvəzinə stolun küncünə qoyub ağlayırsan. Düşünürsən ki, “yəni bu münasibətimizin sonudur?”. Buna inana bilmirsən. Mübarizə aparmaq, onun sevgisini, qayğısını, diqqətini qaytarmaq istəsən də heç nə alımır. Sən ağlayırsan, o birisi isə gülür. Buna imkan vermə!

Çıxış yolu yaxındadır

Adətən filmlərdə həyat yoldaşının xəyanətindən xəbər tutub dalaşır, çox vaxt da boşanırlar. Amma sən bunu edə bilməzsən. Ona görə ki, Azərbaycanda ailə müqəddəs sayılır. Və onu dağıdanlar səbəbindən asılı olmadan daim qınanılır. Ailəni qorumaq və münasibətlərinizi davam etdirmək istəyirsənsə sənə qarşı xəyanət etdiyini demə. Ona görə ki, sənin onun xəyanətinə göz yummağın, ayrılmamağın, səni hörmətdən salacaq. Əgər o, əvvəl həyatında başqa bir qadının olduğunu gizlədirdisə, artıq buna ehtiyac olmadığını anlayacaq. Əvvəllər həftədə iki dəfə gec gəlib dostları ilə görüşdüyünü, iclasda olduğunu bəhanə gətirirdisə indi hər gün gec gələcək. Heç bir bəhanə də uyduraraq özünü yormayacaq. Axı, sən hər şeyi bilirsən. Buna baxmayaraq heç nə etmədin. Dalaşdın, qışqırdın, ağladın, bir-neçə gün onunla danışmadın. Sonra isə əvvəlki kimi yaşamaq məcburiyyətində qaldın.

Ona dünyada ən yaxşı həyat yoldaşı olduğunu de

Yaxşı olar ki, bütün gücünü toplayıb susasan. Heç nəyi bilməyən kimi davran. Ona dünyada ən yaxşı həyat yoldaşı olduğunu de. Qoy səni aldatdığı üçün özünü günahkar hiss etsin. 

Ünsiyyət problemi

Çox vaxt qadınlar ailə həyatı qurduqdan sonra məişət problemləri barədə danışır və şikayətlənirlər. Kişilər isə belə söhbətləri dinləməyi xoşlamırlar. Yaxşı olar ki, məişət problemlərinin həllinə bir saat ayırıb qalan vaxtınızı münasibətinizə və sevgi barədə olan söhbətlərə həsr edəsiniz. 

Həyat yoldaşının ailə üzvləri barədə dediyiniz mənfi fikirlər də münasibətlərin soyumasına səbəb ola bilər. Çalışın ki, onun ailə üzvləri ilə yaranan problemləri özünüz həll edib, yalnız ehtiyac yarandıqda həyat yoldaşınızla bölüşəsiz.

Münasibətiniz əvvəlki kimi deyil?

Əksər qadınlar ailə həyatı qurduqdan, uşaqlıqdan bəri arzuladığı arzusuna çatdıqdan sonra arxayınlaşır. Başı ailə qayğılarına, məişət problemlərinə qarışır. Özünə fikir vermir, düşünür ki, həyat yoldaşı onu olduğu kimi sevir. Bəli, həyat yoldaşınız sizi olduğunuz kimi sevir. Ancaq evdə pırtlaşıq saçlarla, yemək iyi hopmuş paltarda, ləkəli xələtdə, hər gün idman üslublu geyimdə sevgilini görmək insana çox pis təsir edir. Ən azından sizi səliqəli və baxımlı görmək həyat yoldaşınızın haqqıdır. Onun üçün tanışlığınızın və ya evliliyinizin ilk illərində olduğu kimi bəzənin. Yorulmağınız və vaxtınızın olmaması sizə bəraət qazandırmır. İstəsəniz bunu edə bilərsiz. Bəzənməyiniz və baxımlı görünməyinizlə yanaşı idmanla məşğul olmaq da həm xarici görünüşünüzə, həm də sağlamlığınıza müsbət təsir göstərəcək.

Xəyalların sahibəsi

O, səninlə vaxt keçirməkdən qaçır? Münasibətiniz həyacanını itirib? Narahat olmayın, evli cütlüklərin əksəriyyəti gec və ya tez bu mərhələni yaşayır. Əsas odur ki, bunu anlayıb dəyişməyə cəhd edəsiz. Ümid edirəm, hər şey alınacaq. Həyat yoldaşınıza darıxdığınızı və birgə harasa getmək istədiyinizi təklif edin. Kinoya, teatra, restorana və ya təbiət qoynunda dincəlməyə gedin. Şənlənib mənfi emossiyalardan uzaq olmağa çalışın. Birgə vaxtlarınızı bayram kimi qeyd edib onun xəyallarının sahibəsinə çevrilin. 

Baş redaktorun müavini Aynurə Məmmədova

 

 

Go Back

18 nəticə göstərilir