Düşüncə Jurnalı

header photo

Anoreksiya qurbanları

Gün ərzində bizi arıqlamağa çağıran yüzlərlə reklamla rastlaşırıq. Arıqlamağa və pəhrizlərə, artıq çəkidən azad olmaq üçün plastik əməliyyatlara həsr olunan məqalələr, verilişlər də tükənmək bilmir. Bütün bu amillər əsasən də xanımlarda arıqlamaq istəyini yaradır. Bəzən isə bu istək patoloji xarakter də alır.

Artıq çəki xarici görünüşü pozmaqla yanaşı bir sıra xəstəliklərin yaranmasına səbəb olur. Eləcə də artıq çəkidən əziyyət çəkənlər depressiyaya da tez-tez məruz qalır. Piylənmə şəxsi həyatda və işdə də problemlər yaradır. Bunun üçün də insanların artıq çəkidən azad olmaq istəyi təbiidir. Lakin bu istək heç də həmişə yaxşı nəticələnmir və çoxları düzgün saxlanılmayan pəhrizlərin, uğursuz plastik əməliyyatların qurbanına çevrilir.

Arıqlamaq dəbinin dalınca yeniyetmələr daha çox qaçırlar. Buna həm televiziya verilişlərində təbliğ olunan gözləllik etalonları, artıq çəkidən azad olmağa həsr olunan reklamlar, həm də həmyaşıdlarının onları lağa qoyması səbəb olur. Çox vaxt məktəbdə artıq çəkidən əziyyət çəkənlər gülüş hədəfinə çevrilir. Əgər yeniyetmə həqiqətən də piylənmədən əziyyət çəkirsə,bununla mübarizə aparmaq lazımdır. Yaxşı olar ki, bu zaman valideynlər mütəxəssis köməyindənistifadə etsinlər. Çünki bəzi hallarda arıqlamaq istəyi o həddə çatır ki, anoreksiya kimi xəstəliyə də səbəb olur.

Anoreksiya düzgün qidalanmadıqda yaranan psixoloji xəstəlikdir. Bu zaman xəstələrdə patoloji arıqlamaq istəyi müşahidə olunur. Anoreksiya xəstəliyinə tutulan xəstələr piylənmədən çox qorxurlar. Xəstə arıq olduğu halda da yanlış olaraq özünü kök təsəvvür edir. Çəkisi artmadığı halda da ona elə gəlir ki, getdikcə kökəlir. Belə adamlara öz rəsmlərini çəkməyi təklif edəndə kök bir obraz təsvir edirlər. Onlarda kökəlməyə, artıq çəkiyə nifrət hissi müşahidə olunur.

Adətən bu xəstəlikdən əziyyət çəkənlər arıqlamağa çalışırlar. Bunun üçün müxtəlif yollara əl atırlar. Belə xəstələr arasında ən geniş yayılan arıqlamaq üsulu pəhriz saxlamaqdır. Anoreksiyanın qurbanı çox az qida qəbul edərək özünü arıqladır. Çox vaxt belə adamlar az qida qəbul etmək üçün ayaqüstü və tələsik qidalanır. Getdikcə xəstə iştahasını itirir. Üstəlik pəhrizlə yanaşı fiziki məşğələlərlə də həddindən artıq çox məşğul olmağa başlayır. Onlar mədənin yuyulması, qida qəbulundan sonra süni
qusma nəticəsində də özlərini arıqlatmağa müvəffəq olurlar. Ən təhlükəlisi isə həkim göstərişi və nəzarəti olmadan arıqlamaq üçün xüsusi həblərin qəbul edilməsidir. Belə həbləri qəbul etmədən əvvəl mütləq həkimə müraciət etmək lazımdır.

Aynurə MƏMMƏDOVA

 

 

 

Go Back

Şərh yazmaq funksiyası bu məqalə üçün ləğv edildi.