Hesab olunur ki, insanlar informasiyanın 90 faizini gözləri ilə qəbul edirlər. İylə ətrafı tanıma isə daha çox heyvanlara xarakterikdir. Lakin son dövrlərdə aparılan kliniki təcrübələr iylərin həyatımızda mühüm rol oynadığını göstərir.
Psixoloqların fikrincə, iylər insana şüuraltı təsir edir. Əksər hallarda insan iylərin manipulyasiya tələsində olduğunu başa düşmür. Alimlər sübut edib ki, beynə iy barədə siqnallar, ağrı siqnallarından daha tez çatır.
Psixoloq Lalə Əhmədovanın sözlərinə görə, insan genetikasından asılı olaraq iyin yaxşı və ya pis olduğunu müəyyən edir: "İyə qarşı münasibət yaşdan asılı olaraq dəyişir. İyi necə qəbul etməyimiz eyni və ya oxşar iylə rastlaşdıqda baş verənlərlə də sıx bağlıdır. Hansısa bir iyi duyarkən əhvalımız, düşdüyümüz vəziyyət, həmin anların xoşbəxtlik və ya bədbəxtlik, sakitlik və ya qorxu gətirməsi həmin iyin sonralar qəbul olunmasında da rol oynayır. Lakin elə iylər var ki, onlar həmişə insanlar tərəfindən pis qəbul olunur. Bu, həmin iylərin gətirə biləcəkləri təhlükə ilə əlaqədardır. Məsələn, korlanmış tərəvəz və meyvələrin, yeməklərin iyi insana pis təsir edir. Misal üçün, korlanmış yumurtanın iyi çox pis olur. Bu iyi hiss edən kimi onu yemək istəmirik".
Məşhur dizaynerlər restoran, otel, aeroport, ticarət mərkəzlərinin iyini belə fikirləşirlər. Belə ki, iylər insandan asılı olmadan onu nəsə etməyə təhrik edir. İylər insanda müxtəlif emosiyalar yaradır və bunun təsirindən insanın əhvalı, fikirləri dəyişir. İy vasitəsilə insanın psixologiyasına təsir etmək və manipulyasiyaya məruz qoymaq mümkün olur. İyləri öyrənmək və məkanda uyğun ətri yaratmaq sayəsində bir çox sahibkarlar xeyli gəlir əldə edir.
İylər hansısa hərəkətləri etməyə təhrik edir, iş fəaliyyətinə də təsir göstərir. İyləri öyrənən məşhur amerikalı psixiatr A.Xirş iylərin köməyi ilə qan təzyiqini qaldıra və ya aşağı sala, ürək döyüntüsünü çoxalda və ya azalda, ehtiraslandıra və ya sakitləşdirə bilirdi. Psixiatr bəzi ətirlərin depressiyanı aradan götürdüyünü, əhvalı yaxşılaşdırğını da müəyyən etmişdi.
Kliniki təcrübələrə əsasən məlum olub ki, limon, lavanda, çobanyastığı, səndəl ağacının ətri antidepressantlardan daha tez beynin fəallığını aşağı salır. Yasəmən, qızılgül, nanə və qərənfil ətri isə beynin fəaliyyətini qəhvəyə nisbətən daha tez fəallaşdırır. Yapon şirkətləri iylərin bu təsirindən geniş istifadə edirlər. İş vaxtı xüsusi havalandırma sistemləri ilə xüsusi ətirləri otaqlara yayırlar. Bu, iş heyətinin işini 50 faizə qədər artırmağa imkan verir. İşçilərin səhv etmə ehtimalı isə 20 faiz azalır. Yardıcılıq işini isə yapon albalısı çox yaxşı inkişaf etdirir.
L.Əhmədova əlavə edib ki, ərzaq satışı ilə məşğul olan mağazalarda təravətli ətirlər - xiyar, qarpız ətirləri satışa müsbət təsir edir. Geyim mağazalarında isə vanil, lavanda, nanə, reyhan, limon ətirləri satışı artırır. Dəri geyimləri, aksesuarları, ayaqqabıları mağazalarında isə dəri iyi alıcıları cəlb edir. Hətta mağazada mallar dəri əvəz edən materialdan hazırlansa da, alıcılar həmin malları həvəslə alırlar.
Bu gün maşın satışı üçün də xüsusi ətirlər hazırlanıb. Maşın satışı ilə məşğul olanlar adətən bu ətirləri maşınların içinə, ümumilikdə salona vurur. Bu da alıcılarda maşını satanlara qarşı inam hissini yaradır. Ətirlərin sayəsində maşın salonlarında satışı 10-15 faiz yüksəltmək olur.
İşgüzar görüşlər zamanı da ətrilərin xeyri olur. Bununla məşğul olan xüsusi qrup insalar tərəfindən işgüzar danışıqlara müsbət təsir edən ətirlər hazırlanır. Görüşdən əvvəl məkana və ya şəxslərin üzərinə həmin ətirdən hopdurulur. Görüş zamanı tərəflərin gərginliyi, diqqəti azalır. Ətirlər sakitləşidirici təsir edir, narahatlığı aradan götürür. Çox vaxt ətirlərin sayəsində işgüzar danışıqlar uğurla sona yetir. Qızılgül növlərini bir qismi insanı üzüyola edir, armud ətri iştahı yüksəldir, sitrus meyvələrin ətri diqqəti azaldır.
Psixoloq bildirib ki, müxtəlif mədəniyyət nümayəndələrinə iylər fərqli təsir edir. Eyni iy insanlarda müxtəlif assosiasiyalar yarada bilər. Bu da onların həmin iyi duyarkən adətlərinə uyğun fərqli şeylər yaşamasından irəli gəlir.
Onun dediyinə görə, iylər şəxsi münasibətlərə də təsir edir. Müxtəlif əks cinslərin nümayəndələrinin iyləri qarşı tərəfə fərqli təsir edir. Kiminsə iyi bir adama pis, başqasına isə xoş gələ bilər. Bu da əks cinslərin bir-birinə uyğunluğunu göstərir.
Qeyd edək ki, ətirlərin təsiri ilə müalicə növləri, aromaterapiya da geniş tətbiq olunur.
Ekspress.az
Aynurə Məmmədova