Dəyərli Dostlar!
Çağdaş dövrümüzdə psixologiya elminə maraq hər gün artmaqdadır. Bu bizi ilk növbədə bir vətəndaş kimi sevindirir. Qeyd etmək istərdik ki, tətbiqi psixologiyanın inkişaf dinamikası nəzəri psixologiya ilə düz mütənasibdir və Azərbaycan psixologiya tarixi dərin köklərə malikdir. Heç kimə sirr deyildir ki, bu günün özündə belə elmi psixologiyanın tədqiq etdiyi sahələr içərisində elə bir problem yoxdur ki, şifahi xalq yaradıcılığında ondan bəhs olunmasın, ona münasibət bildirilməsin. Tədqiqatçılar hər zaman bu məsələni diqqətdə saxlayırlar. Digər tərəfdən Azərbaycan psixoloji fikrin yaranması və inkişafına təsir göstərən digər bir istiqamətə yazılı ədəbiyyat, filosof və yazıçıların, şairlərin yaradıcılığıdır. Buraya biz "Kitabi-Dədə Qorqud" dastanını, Nizami, Tusi, Nəimi, Nəsimi, Fizuli, Axundov, S.Ə.Şirvani, Sabir, C.Məmmədquluzadə və digər mütəffəkirlərin yaradıcılığını daxil edə bilərik. Azərbaycan psixoloji fikrinin yaranması, inkişafı və formalaşmasında qeyd etdiyimiz hər iki istiqamət böyük təsir göstərmişdir.
XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan psixologiya tarixi yeni bir mərhələyə qədəm qoydu. Burada akademik istiqamət aparıcı rol oynamağa başladı. Bu gün də psixologiya elminin yeni-yeni sahələri yaranır, inkişaf edir, praktik həyatımıza tətbiq edilir. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan psixologiya elminin geridə böyük bir tarixi, inkişaf yolu var. Onu yaradanlar, onun bir elm kimi təşəkkül tapmasında, tədris edilməsində, cəmiyyətə aşılanmasında əvəzsiz rolu, təkrarsız xidməti olan şəxsiyyətləri var. Onların yaratmış olduqları və bugünkü elmi psixologiyanın əsasını təşkil edən əsərləri var!
Dəyərli Dostlar!
“Düşüncə” Psixologiya Jurnalı olaraq biz yeni bir layihəyə başlamağa qərar verdik; Layihənin adı; “Azərbaycan Psixologiya tarixi; dünən və bugün" adlanır. Layihə çərçivəsində biz gücümüz yetdiyi qədər Azərbaycanda elmi psixologiyanın tarixini, müasir dövrümüzə qədər bu sahədə tədqiqatlar aparmış tanınmış şəxsiyyətlərini araşdıracaq, mövcud ədəbiyyatlardakı , internet portallarındakı materiallara istinad edərək, səlahiyyətli şəxslərin təcrübələrindən faydalanaraq əldə etdiyimiz məlumatları bir araya gətirməyə çalışacağıq! Bu işə marağı olan hər bir kəsi bizə qoşulmağa dəvət edirik!!!
GƏLIN, AZƏRBAYCANDA ELMI PSIXOLOGIYA TARIXINI BIRGƏ VƏRƏQLƏYƏK, MAARIFLƏNƏK VƏ MAARIFLƏNDIRƏK!
Uğurunuz – Uğurumuzdur!
Hörmətlə,
Düşüncə Psixologiya Jurnalı
www. dushunce.az