Düşüncə Jurnalı

header photo

DAHİ ŞİZOFREN RƏSSAM

“Balıqçılar dənizin təhlükəli, fırtınaların qorxunc olduğunu bilirlər. Amma bu təhlükələr onları sahildə qalmağa məcbur edə bilməz.”  Vinsent van Qoq

Dahi rəssam Vinsent van Qoq 1853-cü il 30 martda Hollandiyanın Breda şəhəri yaxınlığındakı Qrut-Zundert kəndində rahib Teodor van Qoqun ailəsində dünyaya gəlib. Həyatının müxtəlif dövrlərində rəsm əsərlərinin satıcısı, müəllim və rahib kimi fəaliyyət göstərsə də onu məşhurluğa aparan məhz rəssamlıq bacarığı olmuşdur. Həyatı boyu müxtəlif şəhərlərdə yaşamış Van Qoq 1880-1881-ci illərdə Brüssel, 1885-1886-cı illərdə Antverpendə ressamlıq akademiyalarında təhsil alır və bu dövrdə baş verənlər onun sonrakı həyatında önəmli rol oynayır. 1888-ci ildə Arla köçən Van Qoq ən məşhur əsərlərini ömrünün son dövrlərində çəkib. 27 yaşına qədər rəsm əsəri çəkməyən və bütün rəssamlıq kariyerası həyatının son 10 ilində olan Van Qoq sağlığında heç bir əsərini sata bilməyib. Bunun əsas səbəbi isə yaşadığı dövrdə heç də məşhur olmayan postimpressionizm janrında rəsm əsərləri çəkməsi olub. Belə ki, qardaşı Teo ilə məktublaşdıqda şəkillərinin satıla bilməməsinin əsas səbəbi kimi əksər insanların bu tərz rəsm əsərlərinə müsbət yanaşmamasını görmək olar. Demək olar ki, bütün məşhur əsərlərini çəkdiyi Arla köçdükdən sonra bir çox rəssamlara birgə çalışmaqla bağlı təklif göndərsə də, sadəcə Pol Qogen bu təkliflə razılaşıb. Birlikdə yaşadıqları müddət ərzində aralarında kifayət qədər gərginlik yaşansa da Qoqun dostuna qarşı böyük məhəbbətlə bağlı olması ilə bağlı şayələr gəzməyə başlamışdı. Belə ki, Qogen heteroseksual olsa da, Qoq biseksual idi. Nəhayət Qogen artan gərginlik nəticəsində ondan ayrılmaq qərarına gəlir, mübahisə daha da qızışır və bu hadisə olan gün Van Qoqun qulağı kəsilir. Bu hadisədən sonra Qoqun qulağının kəsilməsi ilə bağlı müxtəlif versiyalar ortaya çıxdı. Bəzi versiyalara görə Qoq özü qulağını kəsmiş, digərlərinə görə isə bu mübahisə nəticəsində Qogen özünü müdafiə etmək üçün onun qulağını kəsmişdi.

Bu hadisə baş verən gün Qoq kəsilmiş qulağını yaylığa bükərək evlilik təklifi etdiyi və rədd cavabı aldığı Raşel adlı fahişəyə verərək “Bu xəzinəni qoru” deyir. Onun həyatı haqqında araşdırma aparıldığı zaman onun fahişələrə qarşı xüsusi bağlılığının olduğu ortaya çıxır. Belə ki, müxtəlif vaxtlarda bir neçə fahişəyə evlilik təklifi etmiş və onlara köməklik etmişdi. Ümumiyyətlə isə Qoq həyatı boyu səfil həyat tərzi keçirən insanlara köməklik etməyə çalışmış, onların həyatını rəsm əsərlərində dəfələrlə canlandırmışdı. Məhz buna görə də onun əsərlərindəki mənəvi iztirabları görməmək mümkün deyil. Ömrünün son illərində öz istəyi ilə dəfələrlə ruhi dispanserlərdə yatan Van Qoqun xəstəliyi günümüzün psixiyatrları tərəfindən adətən şizofreniya olaraq qiymətləndirilir. 1890-ci il 29 iyulda özünə sui-qəsd edir və ölüm ayağında qardaşı Teoya “səfalət heç vaxt bitməyəcək” deyir. Van Qoq ölümündən bir müddət sonra məşhurlaşmağa başladı. Ən acı həqiqət isə odur ki, bu gün milyonlarla dollara satılan və dünyanın ən bahalı rəsm əsərlərindən hesab olunan əsərlərin müəllifi olsa da, Van Qoq sağlığında səfil həyat tərzi keçirmişdi.

“Rəsmlərimin satılmadığı həqiqətini dəyişdirə bilmərəm. Amma bir gün insanlar rəsmlərimin, üzərində istifadə olunan boyadan daha dəyərli olduğunu anlayacaq…” Vinsent van Qoq

Hazırladı: Murad Xəlilli

fitret.az

Go Back

Sorğu göndər