Düşüncə Jurnalı

header photo

Orucun tibbi faydaları

Şübhəsiz, insan orqanizminin ən mühüm tələbatlarından biri də yeməkdir. Lakin nəzərə almaq lazımdır ki, yeməyə çox aludə olmaq nəinki xeyirli, əksinə, çox zərərlidir. Hədislərdə buyurulur ki, normadan çox yemək qəlbi daşlaşdırır, şəhvət hissini gücləndirir və insanı Allaha ibadətdən uzaqlaşdırır. Həzrət Məhəmməd Peyğəmbər (s) buyurmuşdur ki, çox yemək bütün dərdlərin mənbəyi, az yemək isə dərmanların ən əsasıdır. Ona görə dinimiz müsəlmanları az yeməyə, aclıq hiss eləmədən yeməməyə, süfrədən yarıtox halda qalxmağa çağırır.

Bu baxımdan deyə bilərik ki, bəzi xəstəlik və bəlaları məhz oruc vasitəsilə sağaltmaq olar. Ramazan ayı sanki müsəlmanın bir aylıq müalicə kursudur.

Məlumdur ki, insan orqanizmində şəkər, yağ və zülal maddələri ilə təmin edilmək üçün ehtiyat mənbələri mövcuddur. Onların işə düşməsi nəticəsində bədəndəki orqanların yenidənqurma prosesi gedir. Alimlər sübut etmişlər ki, oruc tutmaqla orqanizmdəki həmin ehtiyat qüvvələr işə düşür. İnsanın həzm sistemi dincəlir və özünü yeniləşdirir. İl ərzində fasiləsiz olaraq işləyən, bədəndəki yağları həzm edən ödü hazırlamaqdan tutmuş, bir çox digər funksiyaları yerinə yetirən qaraciyərə kimi orqanlar dincəlir, köhnə maddələri buraxıb lazımi yeni maddələr qəbul edir.

Oruc tutmaq nəticəsində bağırsağın selikli qişasındakı bəzi köhnə hüceyrələr məhv olur, yenilər yaranır. Selikli qişa təzələndiyi üçün həzm prosesi də yaxşılaşır.

Tibb elmləri doktoru, professor Faiq Cəfərov orucun tibbi faydaları haqqında belə deyir: "Oruc qanyaradıcı orqanlara da müsbət təsir edir. Belə ki, bu orqanlar gün ərzində normadan artıq qida qəbul edəndə yüklənir, ona görə də funksiyaları pozulur. Ancaq bədən az qida qəbul edəndə qanyaradıcı orqanlar da öz fəaliyyətini təzələyir. Orucluğun bir ay davam etməsində də qanunauyğunluq var. Rəsmi təbabətdə, xüsusilə, mədə-bağırsaq xəstəliklərində pəhriz 24-28 gün təyin olunur".

Oruc dalaq, ürək, qan-damar sisteminin yeniləşməsinə, ifrazat sisteminə də müsbət təsir göstərir. İfrazatla bağlı əsas orqan olan böyrəklər çox qida qəbul edərkən yüklənir və "yorulur". Oruc tutmaq nəticəsində böyrəklər dincəlir və norma fəaliyyətini bərpa edir. Oruc tutmaq maddələr mübadiləsi zamanı orqanizmdə toplanmış zərərli maddələrin bədəndən asanlıqla çıxmasına şərait yaradır; nəticədə orqanizm tullantılardan və toksik maddələrdən təmizlənir.

Burada qeyd etmək yerinə düşər ki, hətta qeyri-müsəlman tibb alimləri də bu fikri müdafiə etmişlər ki, oruc - ən yaxşı dərmanlardan biridir. Məşhur rus alimi Aleksey Soforin "Müalicənin yeni üsulu - oruc" kitabında yazır: "Orucla müalicə elə ecazkardır ki, onun vasitəsilə praktiki və cərrahi müalicənin proqram və metodları köklü surətdə dəyişiləcəkdir. Çünki oruc tibb elminin qarşısında yeni yollar açır".

Deyilənləri ümumiləşdirərək, Həzrət Məhəmməd Peyğəmbərin (s) bir hədisi ilə oxuculara tövsiyyə edirik: "Oruc tutun ki, sağlam olasınız".


islam.az

Go Back

Sorğu göndər