Düşüncə Jurnalı

header photo

Azərbaycanda ruhi pozuntuların statistik göstəriciləri ümumdünya statistikasına tam uyğundur

İnsan səhhətinin mühüm tərkib hissəsi onun psixi durumudur. Ruhi sağlamlığın sosial siyasət faktoru kimi əhəmiyyəti dünya psixiatriyasında İkinci Dünya müharibəsində və müharibədən sonrakı dövrdə dərk edilib. Sağlamlığın psixologiyası, sosial və preventiv psixiatriya kimi yeni istiqamətlər inkişaf edib, ruhi pozuntunun qarşısını almağa, erkən üzə çıxarmağa və müalicəsinə  yönələn dövlət və ictimai təşkilatlar yaradılıb.

Lakin profilaktik tədbirlərə baxmayaraq, dünyanın hər yerində ruhi xəstəliyi olan insanların sayının artması nəzərə çarpır. Dünya Səhiyyə Təşkilatının proqnozlarına əsasən 2020-ci ilə psixi pozulmalar əmək qabiliyyətinin itirilməsinə aparan xəstəliklərin ilk beşliyinə daxil olacaq.

AZƏRTAC-ın vətəndaşlara psixoloji yardım göstərmək, ruhi xəstəliklərin profilaktikası və digər suallarını Səhiyyə Nazirliyi yanında Psixi Sağlamlıq Mərkəzinin direktoru, professor Fuad İsmayılov cavablandırıb.

-Bu günlərdə səhiyyə nazirinin qərarı ilə tibbi müəssisələrdə ilk dəfə olaraq klinik psixoloq ştatı yaradılıb. Bu qərar nə ilə bağlıdır?

-Hər şeydən əvvəl son illər Səhiyyə Nazirliyi rəhbərliyinin psixi sağlamlıq sisteminin inkişafı məsələlərinə böyük diqqət yetirdiyini qeyd etmək istəyirəm. Bunu demək kifayətdir ki, 2011-ci ildə Psixi Sağlamlıq Sahəsində Milli Strategiya artıq mövcud xidmətlərin təkmilləşməsi ilə yanaşı, həm də yeni yardım formalarının inkişafına yönəldilib. Belə yardım növlərindən biri psixoloji yardımdır. Səhiyyə sistemində psixoloji yardımı klinik psixoloqlar – psixologiya fakültəsini və klinik psixologiya ixtisası üzrə magistratura proqramını başa vuran mütəxəssislər göstərirlər. Klinik psixoloqun fəaliyyət sahəsinə ruhi sağlamlıqla bağlı tələbat və problemlərin aşkar edilməsi, konsultasiya, böhran hallarında müdaxilə və psixoterapiya daxil olmaqla psixoloji müalicə, ruhi sağlamlıq məsələləri üzrə məlumatlılığın artırılması və ruhi pozuntuların profilaktikası, habelə ekspertizanın bəzi növlərində iştirak etmək daxildir.

Ölkənin tibbi müəssisələrində müalicə alan bir çox pasiyentlər emosional və psixoloji problemlər yaşayırlar. Bu, onların həyat keyfiyyətinə və aparılan müalicəyə mənfi təsir edir. Bundan başqa, psixoloji problemlər təkcə pasiyentlərdə deyil, ailənin xroniki xəstə üzvünə qulluq edilməsi ilə əlaqədar olaraq, onların güclü stress keçirən yaxınlarında da nəzərə çarpa bilər. Odur ki, psixoloq ştatının yaradılması barədə qərar vaxtında verilib və məqsədyönlüdür.

-Ruhi xəstəliklərin yaranmasında hansı faktorlar həlledici rol oynayır? Sosial, yoxsa irsi?

-Bu gün psixiatriyada biopsixososial yanaşma üstünlük təşkil edir. Bu yanaşma ruhi pozulmaların yaranması və inkişafında həm bioloji (genetika, neyronal şəbəkələrinin təşkili, neyrofizioloji xüsusiyyətlər), həm də psixoloji (motivasiya, özünüqiymətləndirmə, tələbatlar) və sosial faktorların (cəmiyyətə uyğunlaşma) iştirakını nəzərdən keçirir. Məsələn, hətta şizofreniya kimi “təmiz” bioloji xəstəlikdə psixoloji faktorlar, o cümlədən şəxsiyyətin özünəməxsusluğu, kommunikativ vərdişlər, koqnitiv bacarıqlar, habelə ailənin dəstəyi, yardımın əlçatan olması və digər sosial faktorlar böyük rol oynayır. Ona görə də müxtəlif pozuntuları olan malik pasiyentlərə göstərilən yardım təkcə bioloji müalicəni – dərmanların qəbulunu deyil, həm də psixososial müdaxiləni nəzərə almalıdır. Yəni ən yaxşı effektə nail olmaq üçün xəstəyə yardım kompleks şəkildə olmalıdır.

-Ruhi xəstələr olan ailələrdə xəstə uşaqların doğulması ehtimalı varmı?

- Genetik faktorlarla sıx əlaqəli və onunla bağlı olmayan xəstəliklər var. Əgər şizofreniyanı nümunə götürsək, uşaqda bu xəstəliyin yaranma riski valideynin birində bu xəstəlik olduğu halda 15-17 faiz, hər ikisində olduğu halda 45-50 faizədək təşkil edir. Bununla əlaqədar qan qohumluğu olan nikahların yolverilməzliyinə diqqət yetirmək yaxşı olardı. Təəssüf ki, Azərbaycanda qohumlar arasında nikah kifayət qədər geniş yayılıb. Bu, uşaqların təkcə fiziki deyil, həm də ruhi pozulmaları riskini çoxaldır.

-Ruhi xəstəliklərin profilaktikası nə dərəcədə realdır? KİV-lərin neqativ informasiya axınını məhdudlaşdırmaq, həyata müsbət münasibət yaratmaq yolu ilə bu xəstəliklərdən qorunmaq olarmı?

-Ruhi xəstəliklərin profilaktikası fərziyyə deyil, elmi cəhətdən sübut olunmuş faktdır. Ruhi pozuntuların yaranmasının qarşısının alınması üzrə uğurlu strategiyaların çoxsaylı nümunələri var. İlk növbədə psixi sağlamlıq məsələləri üzrə əhalinin məlumatlılığının artırılması, erkən müdaxilə, böhran hallarında yardım, intiharın profilaktikası, alkoqolizm və narkomaniyaya qarşı mübarizə proqramları və bir çox başqalarını qeyd etmək olar. Bu baxımdan ruhi sağlamlığın düzgün işıqlandırılmasında KİV-in böyük rolu var. Bir tərəfdən, bəzi media vasitələri sensasiya axtararaq psixi pozuntuları olan adamları təhlükəli cinayətkar və ya cəmiyyətdən qovulmuş kimi təsvir edirlər. Təbii ki, bu cür münasibət həm xəstələrin, həm də onların yaxınlarının damğalanmasına və diskriminasiyasının güclənməsinə səbəb olur. Profilaktika baxımından KİV-də bu cür işıqlandırmanın ağır nəticələri olur: insanlar yardım barədə müraciət etməkdən imtina edirlər, intiharların sayı artır, ailələr dağılır, insanların həyat keyfiyyəti pisləşir.

Digər tərəfdən, ruhi pozulmanın profilaktikasının və bu hallarda yardım göstərilməsinin KİV-də işıqlandırılması psixi sağlamlığında problemi olan insanlara tolerant münasibət formalaşdırır və sonda cəmiyyətdə ruhi pozulmaların yükünü azaldır.

-Ölkə üzrə ruhi xəstələrin statistik göstəriciləri necədir? Əvvəlki illərlə müqayisədə azalma tendensiyası müşahidə olunurmu?

Ölkəmizdə ruhi pozuntuların yayılması göstəriciləri ümumdünya statistikasına tam uyğundur. Bu göstəriciyə əsasən, planetin hər dörd adamından biri həyatının bu və ya digər dövründə psixi sağlamlıqla bağlı problemlər yaşaya bilər. Bir çox ruhi pozuntu üzrə xəstələnənlərin göstəriciləri son 20 ildə praktiki olaraq dəyişməyib. Lakin yeni müalicə metodlarının tətbiqi, yardım sisteminin təkmilləşməsi ilə hospitalizasiyaların sayı və müalicə müddəti azalıb. Digər pozuntular, məsələn, depressiya, həyəcan pozuntusu, adaptasiyanın pozuntusunda biz artım tendensiyasını müşahidə edirik. Təsadüfi deyil ki, Dünya Bankının məruzəsində depressiyanın 2020-ci ildə iqtisadi itki səviyyəsinə görə cəmi xəstəliklər sırasında birinci yerdə olacağı qeyd edilib.

Deyilənlərin hamısı ruhi sağlamlığın qorunması məsələlərinin aktuallığını təsdiqləyir. Bu aktuallığı biz Səhiyyə Nazirliyinin diqqət mərkəzində olan psixoloqlar ştatının açılmasında görürük.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

http://azertag.az/xeber/Azerbaycanda_ruhi_pozuntularin_statistik_gostericileri_umumdunya_statistikasina_tam_uygundur-902970

Bakı, 17 noyabr, Nərgiz Sadıxlı, AZƏRTAC

 

Go Back



Sorğu göndər