Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Gülər Məmmədova"

KÜSÜB BARIŞMAĞIN ÖZ LƏZZƏTİ VAR

Insanlar həmçinin tək qalmaqdan qorxduqları üçün daim birgə yaşamı üstün tuturlar. Dost olurlar, ailə qururlar ,qohum olurlar, övladları olur, münasibətlər yaradırlar, sevib sevilib ayrılıb, üzülüb, barışıb sevinirlər. Bəs niyə küsürlər insanlar bir-birindən? Küsmək nədir? Niyə bu çətin həyatda elə tək qalmamaqları ilə mübarizə aparmaq üçün sevdiklərini və özlərini üzürlər? Niyə insanlar rahat yaşamını təmin edərək başqalarını olduğu kimi qəbul edib, dəyişdirməyə deyil də öz keyfiyyətləri ilə yaşlanmağa imkan vermirlər? Nə üçün elə hər kəs özünə yaxşı olanı gözləyir, umur və alınmayanda üzülür, sarsılır və küsür. Bu açılı prosesdə əvvəllər çörək kəsdiyi, öpüşüb qucaqlaşdığı, deyib güldüyü sevincini, kədərini bölüşdüyü və s yaxını ilə, əlaqələri kəsir, ondan uzaq gəzir, “görmək belə istəmir”, onu da özünü də üzür, o olan yerdən uzaqlaşır, hətta öz yaxınlarını küsüb incidikləri ilə ünsiyyətinə qısqanır. Küsmək -insanın daxilində yaratdığı obrazlı aləm modelinin çalarları ilə reallıqda yaşananlar arasında ahəngin pozulması özünəhörmətin həddindən çox kənardan gözləntisi və neqativ düçüncələrin yaranması özünəzülm vermək və s deməkdir. Küsməyi tez – tez sevən insanlar, həddindən çox həyati tələbatları olan insanlardır. Onların istək və arzuları və xəyalən qurduqları yaşantıları doğrulmadıqca bu cür xislətli insanlar küsməyi üstün tuturlar. Küsmək prosesinə müxtəlif prizmadan (insan temperamentinin, xislətinin fərqli quruluşundan, cinslərarası münasibətlərdən dünyagörüşünün dar, əsəbi səbirsiz olmasından) yanaşmaq olar. Bəzən bunun kökü uşaqlıqdan qaynaqlanır. Hələ uşaqikən yaxınları onun əleyhinə çıxar və hər yalnış davranışında küskünlük nümayiş etdirilər, inciyirlər. Belə durumlar əhatəsində böyüyüb tərbiyə alan kəslər yaşlandıqca müstəqil düşünməyi üstün tutan, heç kimə ağız açmaq istəməyən, xahişdən uzaq olan, bəzi davranışda qaba reaksiya verən tez-tez küsməyi sevən olurlar. Aşırı halda küsən insanlarda infantilizm (uşağa bənzər) və eqoizm müşahidə olunur. Uşaqlıqdan uzaqlaşa bilməyən bu infantil böyüklər, yaranan problematik situasiyaya göz yaşları ilə cavab verirlər. Bir qisim insanlar da küsərək qarşısındakının üzülməsindən həzz alar, barışmaq üçün nazlanıb “daha dəyərli olmalarını sübut etmək üçün”  bu silahdan da istifadə edərlər.

Bir mahnıda deyildiyi kimi “küsüb barışmağın öz ləzzəti var” Bəli küsüb barışmağın da öz ləzzəti var yalnız onu bacarmaq gərəkdir.Bəzən də çox fərqli olur, görkəmli Nazim Hikmətin küsməklə bağlı fikirləri bu yerde qeyd olunmalıdır. Küsmək nədir bilirsən?

Küsmək nədir bilirsən? Küsmək dürüstlüktür. Uşaqlıqdır və ondan dolayı saftır, Yalansızdır. Küsmək “səni sevirəmdir, Vaz keçə bilməməktir. Məni tanıdır küsmək. “Hirsliyəm amma hələ burdayam”dır, “getmədim”dir, “gedəbilmirəm”dir. Küsmək nazlanmaqdır,  yaxın hiss etməkdir, “mənim üçün dəyərlisən”dir. Küsmək, “Sevdiyini bu cür!”deməkdir, ” anla məni!”deməkdir. Küsmək ümiddir, bəlkələri bitirməkdir, əmin olmaqdır. Küsmək insana xas olan xüsusiyyətdir. Yalnız biz yaşayıb yaratmaq məqsədi ilə insanlarla ünsiyyətimizi sağlam qurmalıyıq. Küsmək və barışmaq nə qədər vacib olursa olsun, yekunda anlaşma və qəbullanma mütləqdir. Bu səbəbdən birgə yaşamı təmin etmək, ömrümüzü kinsiz- küdurətsiz başa vurmaq ücün bu şeirlə yazımı bitirirəm.

BİZ NİYƏ KÜSÜRÜK BİR BİRİMİZDƏN?

Bu koca dünyada sevilmek varkən,

Biz niyə küsürük birbirimizdən?

Canla, canan ilə yaşamak varkən

Biz niyə küsürük bir birimizdən?

Nədən əhdimizə yalan qatırıq,

Bir nəfsə aldanıb canlar satırıq

Peşiman oluruq… sonra yanırıq,

Biz niyə küsürük bir birimizdən?

Torpaqdan gəlmişik, yolçuluq ona,

Adəmdən var olub, gəldik cahana.

Gözümüz önündə qəsd edib cana,

Biz niyə küsürük bir birimizdən.?

Gülər Məmmədova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

Go Back

Yanımızda yadlaşan insanlar - PSİXOLOJİ YANAŞMA

Statistik araşdırmalar göstərir ki, son illərdə cütlüklər arasında konfiliktlərin, boşanmaların sayı kəskin şəkildə artıb. Bəs bunun səbəbi nədir? Bir-birimizi anlamaqdakı çətinliyimizmi, yoxsa hər gün işlətdiyimiz “hər şey zəmanədəndir” düşüncəsimi? Əvvəllər ailə bağları əasasında çox sağlam dəyərlər yatırdı. Mübahisələr, anlaşılmazlıqlar yaşansa belə çox az qisminin sonu boşanma ilə nəticələnirdi. O dövrdə insanlarmı çox dözümlüydü, yoxsa problemləri, qayğılarımı daha az idi? Hal-hazırda nəinki sevgi münasibətlərində, hətta gündəlik adi insani davranışlarda belə aqressiyanın şahidi oluruq. Metroda, avtobusda, bankda, marketdə növbə gözlədiyimizdə belə insanların üzündəki əsəbi, təlaşı, həyəcanı bir psixoloq kimi görməməyim mümkün deyil. Bu vəziyyətlər məni çox düşündürdü. Mövzuya bir neçə aspekdən yanaşaraq araşdırma apardıqda çox konfiliktlərin səbəbini internetin, sosial şəbəkə istifadəçilərin sayının kəskin artmasında, insanların həddən artıq alüdəçisi olmasında gördüm. Əlbətdəki texnolji inkişafın əleyhinə deyiləm ancaq belə bir deyimdə var ki, internet uzaqdakı insanları yaxınlaşdırdığı kimi yaxındakı insanları uzaqlaşdıra bilir. Bəlkədə hər birimiz belə bir vəziyyətin şahidi olmuşuq. Kafeyə, restorana dostları ilə gələn bir qrup gənclər, habelə cütlüklər bəzən sifarişi belə verməmiş “Wifi kodunu olarmı ?” deyə soruşur. Günlük qayğılardan problemlərdən uzaqlaşaraq əylənmək, xoş saat keçirmək üçün gəldiyimiz kafelərdə belə virtual aləmə səyahət etməyi daha üstün tuturq. Yorğun iş günlərimdən birində nahar üçün getdiyim kafedə şahid olduğum hadisələrdən biri də bir qrup gəncin masa arxasında əyləşərək yalnız telefonlara başlarını qatması idi. Gəncliyin ən gözəl çağlarını bu cür dəyərsizləşdirmələri məni çox məyus edir. Ünsiyyətdən uzaq, sadəcə virtual aləmə bağlılıq insanlarda əsəb, aqressiya yaradan halların bəlkədə başında dayanır. Bu onların ünsiyyət qurmaq bacarıqlarınıda zamanla azaldır. Sanki bir robot kimi çox qısa cavablar verirlər. Yeri gəldikdə bu onların nitqlərində müəyyən qüsurlara da səbəb olur. Sosial şəbəkələr o qədər həyatımıza daxil olub ki, dünyada ən gözəl duyğulardan biri olan sevgi belə virtual aləmdə axtarılır. Təssüflər olsun ki, insanlar sanki bir “əşya” axtarırlarmış kimi sevgini bu cürə ucuzlaşdırırlar. Sonra isə indiki dövrdə sevgimi qalıb deyirlər? Evli cütlüklər söhbət etmək, təmiz havada gəzmək yerinə texnoloji avadanlıqlarla başlarını qatırlar. Və heç özləridə fərqində olmadan getdikcə yadlaşırlar…Artıq bir-birilərini anlamaz, səbr göstərməz həddə çatırlar. Sosial şəbəkə vasitəsilə ailə quranların əksəriyyətinin sonu boşanma ilə nəticələnir. Təbii ki, istisnalar mümkündür. Fəqət bir çox halda insanla canlı ünsiyyətdə olmadan ona virtual bağlanaraq görüşəndə şüuraltı olaraq artıq o insanı real aləmdə də xəyali olaraq beynimizdə canlandırdığımız obraz kimi görüb tanımağa cəhd etmirik. Məhz buna görə də bir çox evliliklərdə bu cümlələrin şahidi oluruq sən çox dəyişmisən əvvəl belə deyildin. Belə hallarla üzləşmək istəmirsinizsə nə qədər ki, gec deyil real həyatın gözəlliklərini duymağa bir insanla canlı ünsiyyətin yerini heç bir texnologiyanın verə bilməyəcəyinə inanın.

Gülər Məmmədova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu, Azərbaycan Dövlət Pedoqoji Universitetinin psixologiya kafedrasının müəlliməsi 

 

Go Back

EY İNSAN ÖZÜNÜN KİÇİK BİR CİSİM OLDUĞUNU SANIRSAN, ƏSLİNDƏ İSƏ... - Psixoloji yanaşma

İnsan mükəmməl bir mexanizmdir. İnsan bədəni, başda beyin olmaqla müntəzəm bir maşın və möcüzəli tərzdə dəyişən orqan, heç bir zaman dincələ bilməz .Çünki yatarkən də nəfəs alırıq, ürəyimiz döyünür, daxili orqanlarımız çalışır, bədən temperaturumuz azalır, qaraciyərimiz 500 müxtəlif vəzifəni yerinə yetirməyə fasiləsiz davam edir. Qanımız böyrəklərdən süzülür, sidik kisəsinə dolur, beynə gedən siqnal bizi səhər oyadır.

Bədəndə hər hüceyrə öz işini görür və bir-birinə kömək edir.Qorxu hissinin maddi və fiziki bir əsası olmamasına baxmayaraq, bunu beynimizin dərinliklərində badam böyüklüyündə olan amygdala (badamabənzər cisim) adı verilən qorxu mərkəzimiz həyata keçirir. Qorxu, əsəb, həzz, sevgi, şəfqət, davakarlıq kimi bir çox duyğunun mərkəzi, beynin gicgah payının orta hissəsində yerləşən limbik sistemdir. Bu mərkəzin hər hansı bir şəkildə yaralanma, zəhərlənmə və buna bənzər başqa zədələnmələri nəticəsində insan ölümlə üz-üzə qala bilir. Limbik sistem deyəndə beynin ön orta hissəsində yer tutan bir bölgə nəzərdə tutulur. Bu cür möcüzələrimizi görməzdən gəlib bəzən öz dəyərimizi anlamırıq. Yaradılış möcüzəsi olan insan ona verilən düşünmə qabiliyəti sayəsində kainatda çox üstün yer tutur. Yer kürəsinin ən əziz qonağı hesab edilən insan bütün bu möcüzəli quruluşundan sonra bəzən bəsit şeylərə reaksiya verir. Amma özün haqda ətraflı məlumat alıb da öz daxili aləminin sirli aləm olmasının fərqinə varsan onun, sənin psixologiyanı idarə etməsində nə qədər mühüm rol oynamasını düşünsən həyata baxışın dəyişər. Bəzən naşükürlük edib yaşamını layiqli dəyərləndirməyən bu varlıq heç özü də bilmir nə istəyir bu həyatdan.. O səbəbdən özünü dərk etməli ,ilkindən min bir bilinməyənlə dolu olan mükəmməl bir mexanizm olaraq dünyaya gələn insan həyatda ölümü də göz altına alaraq heç nəyi dərd etməməyi öyrənməlidir. Məhz insan psixologiyasını araşdıran insanlar bu kainatdakı ən əsrarəngiz quruluşları geridə qoyan, sirli quruluşa sahib olan, özünü dərk edərək ondan yardım alan bəşər övladına bu yardımı əsirgəmir. Quruluşa sahib olan insanlıq möcüzələrinin sirrini özündə açır və ona müraciət edən bəşər övladına kömək edir. Əsas məqsəd bizim qəliz quruluşa malik olmamımızı özümüzün dərk etməmiz və bunun da öyrədilməsində psixoloqun çox əziyyətlərə qatlaşmasını vurğulamaqdır. Biz insanlar qəribə möcüzəli varlıqlarıq. Həyatın hər həzzini yaşayıb görüb ani bir anda neqativlə üzləşdikdə hər şeyi unuduruq. Köklənirik yalnız bunu yaradan səbəblərə, əsəbləşirik qıcıqlanırıq. Tez bir zamanda çarəsini tapmağda israrlı olub depresiyaya düşürük. Məsələn: iki insan arasında olan sevgi münasibəti.. qadın və kişi.. qadınların ağlı dərrakəsinə deyil də hislərinə yaxın olduğundan onlar sevgi ayrılığını matəmlə, böyük depresiya ilə qarşılayırlar. Kişilərin isə ağlı hislərinə deyil də dərrakəsinə yaxın olduğundan onlar bu cür halları çox rahat şəkildə atlada bilirlər.

Gender aspektindən yanaşsaq bu mövzu çox mübahisəli və olduqca maraqlı mövzudur. Bircə şeyi unudur insan. Həyatının gözəl anını, sevincini onunla yaşanan heyrətamiz anları. Bəs onlar hara getdi, nə tez unuduldu?!İnsanlar yaşananları tez unudur, yalnız kiçik səhvləri çox tez yadda saxlayıb da bağışlanmaz olurlar. Kolleqam Aygün xanımın məqaləsində qeyd olunmuşdur. İnsan ürəkdən bağışlamağı bacarmalıdır. Hər kəs bu planetin əziz qonağıdır. Növbəti misalım: iki sıravi və ya qohum olan kəslərə nümunədir. Bu insanlar illərlə qohum olur, çörək kəsir sevincin, dərdini bölüşür, rahatlıq tapır, doğmalıq görür , qarşılıqlı anlaşma olur, kiçik-kiçik konfliktlər, amma tez bir zamanda örtülüb basdırılmasını bacarmaq. Bəs nələr olur, bu insanlar niyə hansısa mövzuda anlayış göstərə bilmir. Yaşa dolduqca deyirlər insanlar daha da kamilləşir, müdrikləşir, o dünyanın nə olduğunu düşünür. O zaman niyə insanlar küsür, tez bir zamanda xətt çəkərək həyatından silə bilir, illərlə gülüb sevinib danışdığı bölüşdüyü insanı. Nəyə, kimə guvənir insan. Sonunun ölüm olduğunu düşünərkən nədən bu cür hikkə nümayiş etdirir insan. Əmək itirən insanlar deyirlər: “Həyatınızda kimlərinsə sizə əməyi keçdiyini düşünüb, bunu onun üzünə söyləməyə cürət etdinizmi? Yoxsa qürurunuza sığışdırmadınız? Bu mənim zəhmətimdir, bunu özüm qazandım. Onun heç bir əməyi kecmədi və.s. deyib həyatda qazandıqlarınızı öz uğurunuz saydınız?! Əslində elədir. Sadəcə insan keçmişində kimlərin ona həyatı boyunca əməyi keçdiyini, hər hansı kəlmədən belə stimul alıb həyata davam etdirməsini, daim öz-özünə xatırlayaraq, yalnız çox kicik bir jest fikrən də olsa təşəkkür etməyi bacarmalıdır. Əmək itirmək, dəyər verməmək tez unutmaq, qazandıqları ümumiyyətlə adi bir şey kimi qəbul edib laqeyd yanaşmaq insan inkişafına mənfi təsir göstərir. İnsan doğulduğu andan ölüncəyə qədər kiminsə köməyilə faydalanır. Hər birimiz bu həyatı tərk edəcəyik zamanla. O səbəbdən gəlin, hər birimiz öz unikal dünyamızı qurub yaşayaq.. Biz buna məcburuq.

Gülər Məmmədova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu, Azərbaycan Dövlət Pedoqoji Universitetinin psixologiya kafedrasının müəlliməsi 

pcc.az

Go Back

Təxəyyül Gücü

İnsanın dünyaya yaradıcı münasibəti, özünü aktuallaşdırması məhz onun təxəyyülünün  gücündən asılıdır. Həyatın real elementlərindən, dərin təcrübəsindən bəhrələnən, qavrayış   zamanı yaranıb hafizə vasitəsilə hifz olunan surətlər böyük əhəmiyyət kəsb edir. Gerçəkliyin  inikasından ibarət təxəyyül prosesi yeni koqnitiv imkanlar yaradaraq insan həyatında böyük rol oynayır.

İnsanın dünyaya yaradıcı münasibəti təxəyyülünün gücündən asılıdır. Təxəyyülsüz qəlb eynən  teleskopsuz apservatoriyaya bənzəyir. Yaradıcı təxəyyül probleminin aktuallığı məhz son dönəm cəmiyyətdə öz zəngin təxəyyülləri ilə seçilən qadın sənətkarlarının yaratdıqları şedevr əsərləri, dizaynerlərin modern üslublu işləri, kulinariya məkanında bənzərsiz fantaziyaları və daha nələr, sadalamaqla bitməyən möcüzəli qabiliyyətləri son dərəcə maraqlı prosesə çevrilmişdir. Təxəyyül  konsepsiyası insanların fəaliyyətini motivləşdirmək və mövcudluğunu aşkara çıxartmaq üçün vacibdir. Diqqətimi cəlb edən təxəyyül və yaradıcılıq konsepsiyasına görə öz fərziyyəmi irəli sürürəm. Fərdi xüsusiyyətləri ilə seçilən kişi və qadınların gender stereotipləri maraqlı olduğundan onların yaradıcı təxəyyülünü araşdıraraq təxəyyül problemini emosiya və hisslər kontekstində ayırd edən qadınların təxəyyül aləmində möcüzələrinin, öz təsvirlərinə həmişə sərt mübariz ekstrim əlavələr edən kişilərin təxəyyülündən fərqləndirmək istəyirəm. Yaradıcılığın hər bir sahəsinin özünəməxsus təxəyyül konsepsiyası var və hər bir peşə sahibinin aktyorun, yazıçının, rəssamın və digərlərinin təxəyyülünün öz spesifik xüsusiyyətləri var. Araşdıracağım sahə rəssamlıqla bağlıdır. Müstəqil surətdə yaradılan yaradıcı təxəyyül obrazları yaxın dostum  gözəl insan Azərbaycan Respublikası Rəssamlar Ittifaqının üzvü Keşvər Vəli-zadənin həyatında çox maraqlı məqamlardan biridir. “Deyilənlərə görə təxəyyül inkişaf etdirilməzsə, o sizi tərk edə bilər. Yatmış təxəyyülü isə mütləq oyatmaq lazımdır” (K.Vəli-zadə).

Rəfiqənizlə telefonla danışan zaman və ya cox darıxdırıcı iclas zamanı əlinizin altında ağ vərəq və qələm olan zaman yarı şüursuz şəkildə cızma qaralar edirik. “Burda nə var?” deyə buna o qədər də əhəmiyyət vermirik. Əslində hətta çəkdiyimiz cızma qaralara belə bir az kreativ (yaradıcı) yanaşsaq onlardan pozitiv şəkillər yaradarıq. Bu da bizim psixoloji durumumuza müsbət təsir edər.Tamamilə heç rəssamlıqdan xəbəri olmayan insanlar belə cızma qaralarda müxtəlif obrazlar yaratmaq qabiliyyətinə malikdirlər.

Əziz oxucu, özünüzlə baş-başa olan zaman, ağ vərəq və qələmdən istifadə edərək, müxtəlif cızma qaralar edin və onlara bəzi elementləri artıraraq  təxəyülünüzün köməyi ilə yeni obrazlar yaradın. Özünüzün nə qədər yaradıcı olduğunuzun şahidi olacaqsınız və bunu dostların çevrəsində də tətbiq etsəz, yalnız pozitiv anlar yaşayacaqsız. Pozitiv anlar neqativ məqamları, təəssüratları üstələyəcək və Siz qeyri ixtiyarı gülümsəyəcəksiz. Müasir zamanda buna hər birimizin ehtiyacı var.

 

Gülər Məmmədova

Psixologiya və Konsultasiya Mərkəzinin Psixoloqu 

 

 

 

Go Back

KİŞİLƏRİN QADINLARA EV İŞLƏRİNDƏ YARDIMına münasibət

Ailə Qadın və Uşaq problemləri  üzrə  dövlət komitəsinin araşdırmaların da maraqlı faktlar üzə çıxarmışlar.Təhlillər göstərir ki, qadının  ailənin maddi təminatı məsələsində məsuliyyətinin azaldılması ilə ictimai rəy onun üzərinə ev təsərrüfatının aparılması və uşaqlara qayğını əsas məsuliyyət kimi qoyur.

Kişilər qadınlara ev işində yardımcı olmalıdırlarmı?Əlbətdə,ailədə sağlam münasibət, sağlam ünsiyyətin bərqərar olması üçün kişilər bu halda öz yardımlarını əsirgəməməlidirlər.Nəzərə alsaq ki,qadınların ev qayğıları hədsiz dərəcədə çoxdur.(geyimlərə nəzarət,onların vaxtı vaxtında ütülənməsi,otaqların təmizliyi,gün ərzində üç dəfə yemek hazırlanması,qabların yuyulması,evə qəfil gələn qonağı yüksək səviyyədə qulluq və nəvazişi,uşaqların təlim- tərbiyə işləri ilə məşğulu və s.sadalamaqla bitməyən gərgin əmək sərf ediləcək işlər də istisna deyil.Qadınların əziyyəti müəyyən mənada bölünməlidir bu halda ailədə sevgi məhəbbət vüsət alar.Qadınlara ev işlərində kömək  kişilərdə fərdi xarakter daşıyır.Bu konsepsiya çox aktual və qlobal problemlərdən biri sayılır.Onların bir qismi “mətbəx kişi məkanı deyil” deyə tutdurar,bəziləri  ya bir istək nümunəsi kimi ya da özəl durumlarda yardım edər,bəziləri yalnız qadın xəstələndikdə, istiliyi yuxarı həddə qalxarsa o zaman daha empatik davranaraq ev işlərinə kömək edər,digəri ”bunlar mənlik deyil mən kişiyəm” deyə düşünər,bir qismi isə xislətindən doğan nəzakətliliyi sayəsində hər cür ev işlərində qadınına yardımını əsirgəməz.

Yemək bişirmək özü bir qabiliyyətdir.Bəzi kişilər bu işlərin öhdəsindən çox böyük məharətlə gələrək zövq alırlar.Amma qadınların bir qismi  isə kişilərin ev işlərinə müdaxiləsini heç də yaxşı qarşılamırlar,hətta onlarla bu barədə mübahisə edərək “öz işlərinlə məşğul ol” deyə söylənirlər.Bəzən kişilər də ev işlərində qadınlarına yardımlaşma prosesini gizlədirlər bunu bilsələr özlərinə təhqir deyə sanarlar.Yalnız, ailədə anasına ev işlərində köməyini əsirgəməyən atanın göstərdiyi nəvazişin, qayğının şahidi olan oğlan övladı gələcəkdə ailə qurduğu dönəmdə öz həyat yoldaşına da bu cür davranışı tətbiq edər

Ümumən inteqrasiya dövründə yaşayırıq deyə bir çox ailələr artıq mətbəx yeməklərinin hazırlanmasına o qədər də önəm vermirlər.Əksər ailələrdə kişilər qadınlarını mətbəx işlərindən azad edərək, fastfood ,polifabrikatlara, hazır yeməklərə üstünlük verirlər.

Nəhayət  öz düşüncələrimi bu cür qeyd etmək istərdim.Ailədaxili münasibətlərin bərpasında çox mühüm məsələlərdən biri də bu gərgin yaşam tərzimizdə bir-birimizi anlamaq bacarığımızın olmasıdır.Qadın və kişilərin  bir-birlərinə daha empatik davranmaları dövrün ən bariz nümunəsidi.Qadınlar da bəzi incə məqamlarda daha həssas və empatik olmalıdırlar. Əlavə olaraq kişilərə  bir tövsiyə.Gərgin iş rejimində işləyən,evə  yorğun gələn həyat yoldaşı ,ailə başçısı xanımına ev işlərində yardımçı olmazsa bu təqdirdə,ömür yoldaşının hazırladığı təamları  böyük iştahla yeyərək ona gözəl ürəkaçan sözlər deməli, onun zəhmətini bacarığını ən azından dəyərləndirməlidir.Həmçinin həyat dostunun sirdaşının ömür yoldaşının  gün ərzində gördüyü işlərə gərgin əmək sərf etdiyini düşünərək ona qəlbi oxşayan sözlər söyləməyi bacarmalıdır.Bu ki ev işlərində yardımdan  daha asandır,elə deyilmi?!   (psixotest.az)


Gülər Məmmədova 

Psixologiya və Konsultasiya Mərkəzinin Psixoloqu

 

Go Back

Gender psixologiyasında emosional sfera

Müasir psixologiyada  gender aspektindən yanaşaraq  emosiyaları tədqiq etməklə biz həmçinin cəmiyyətdə baş verən insanlararası münaqişələrin ,insidentlərin səbəbini müəyyən qədər araşdırmış olarıq.

         İctimai mühitin təsiri ilə püxtələşən emosiyalar bu gün bir insan tələbatının  ödənilməsində  çox mühüm rol oynayır. Emosiyalar situativ xarakter  daşıyaraq, dinamik fazalı dəyişkən olurlar. Emosiya  ətrafda cərəyan edən hadisələrə özünün rəftar və davranışına ,fikir  və arzusuna bəslədiyi münasibəti ifadə edən  psixi proses kimi kişi qadin cinsi arasında mühüm faktor hesab olunur. Sual formalaşır? Qadınların kişilərdən emosional olduğu doğrudurmu? Empatiya  başqalarının emosional vəziyyətinə həssaslığı nəzərdə tutur. Insan həyacanına və  onun öz xüsusi emosiyasını ifadə etməsinə gəldikdə nə demək olar? Həqiqətən də qadınlar kişilərə nisbətən emosiyalarını ifadə etməyə daha meyillidirlər ?Təəssüf ki, bu sujet az tədqiq edilmişdir, lakin keçirilən cüzi tədqiqatların nəticələri bizə kişi və qadınların eyni bərabər emosionallığa malik olduqlarını, lakin öz emosiyalarını müxtəlif dərəcəli intensivliklə ifadə etdiklərini söyləyir. Bu isə emosional ekspressiyaya aid olan normalardakı fərqlə izah edilir. 

          Ayzenberq və həmmüəllifləri (1989) mimik göstəricilərə və sınaqdan keçirilənlərin haqqında hesabatında qadınların böyük qayğıkeşliyinin xeyrinə danışan kifayət qədər cüzi cinslərarası fərqlər aşkar etmişlər. Bu tədqiqatda edilən ən maraqlı nəticələrdən biri ondan ibarət olmuşdur ki, bu gender fərqləri  yaş artdıqca daha qabarıq müşahidə olunurdu.Məsələn gender fərqləri məktəbəqədər yaş dövründə olan uşaqlarda çox az  aşkar edilir, lakin artıq  ikinci sinifdə onlar daha açıq şəkildə ifadə olunmağa başlayırlar. Müəlliflər, eləcə də qeyd edirlər ki, «maskalanma və neqativ mimik reaksiyaların dəf edilməsi uşaqlıq ərzində nəzərə çarpacaq dərəcədə artır, xüsusi ilə də oğlanlarda». Həm yeniyetmələrin, həm də  şagirdlərin  və böyüklərin  iştirak etdiyi başqa tədqiqatlarda qadınlar kişilərə nisbətən emosional baxımdan daha ekspressivdirlər.Xüsusi ilə də uşaqlığın mühüm dönüş anlarını lokallaşdıran tədqiqatlar, onu söyləyirlər ki, sosiallaşma prosesində biz emosiyaları sosial qəbul edilən üsullarla ifadə etməyi, yaxud dəf etməyi öyrənirik.  Bizim cəmiyyətdə kişi və qadınlar üçün emosional ekspressiyaya aid müxtəlif ümidlər və normalar  mövcuddur. Bu müxtəlif ümidlər bizə bütün həyatımız boyunca ötürülür. Məsələn:  emosional qəddarlıq «əsl kişinin» mühüm təsviri xarakteristikalarından hesab edilir və müəyyən sosial mühitdə bu göstəricidən yayınma onun sahibini «kişi deyil» vəziyyətinə qədər nüfuzdan salır (bizlərdən çoxlarımız «maço» tələbinə cavab verməyən hər-hansı bir kişini  iradəsiz, yaxud «nazlı» adlandırılmasının şahidləri olmuşuq). Bir çox qadınları da  əsl «ledi»-yə əsl  “xanım”-a oxşamaq lazım olduğunu öyrədərək bu cür tərbiyə edilirlər, bu isə bütöv bir sıra çoxlu şərtlərdən başqa şəxsiyyətlərarası qarşılıqlı münasibətləri təhlükə altına qoya biləcək qəzəbi saxlamağı, yaxud ondan yayınmağı nəzərdə tutur

        Ekspressiv hal hesab edilən emosiyalar  sayəsində, səs frekansını şəraitə uyğun dəyişən, əlverişli vəziyyətdə mimiki, pantomimiki  hərəkətlər  edən qadınlar  bir çox gərgin vəziyyətlərdə kişilərdən fərqli olaraq yaranmış situasiyalarda daha həssaslıq nümayiş etdirirlər.

         Tədqiqatlar nəticəsində  müəyyən olur ki, emosionallıqda cinsi fərqlər bütövlükdə uşaqlara nisbətən yeniyetmələr və böyüklərdə özünü daha çox biruzə verir. Onları yaratmaq  üçün zaman tələb olunur.

          Emosiyaların ifadəsi kimi ağlamanı nəzərdən keçirmək heç də az maraq kəsb etmir. Göz yaşlarına münasibətdə gender fərqləri gender rollarının fərqinə nə dərəcədə əsaslana bilər? Qızlar yeniyetmə sonra isə cavan qız olanda  frustrasiya, ağrı, yaxud  qəzəb vəziyyətində göz yaşlarına asanlıqla meyl edirlər. Artıq yaşad olduqca bu  vəziyyətlərdə çox vaxt  ağlamırlar. Bu cür dəyişiklik haradandır? Onlar  istəyirlər  ki, cəmiyyət onları mötəbər və özünü ələ alan kimi qəbul etsin, əks halda  bililrər  ki, göz yaşları buna mane olardı. Maraqlıdır ki, mötəbərlik və özünü ələ ala bilmə – bunlar kişi rolunun mühüm xüsusiyyətləridir  və qadın kişilərlə işləməyə və yarışmağa başlayanda bu normaları təxirə salmadan mənimsəməyə başlayır.Nəhayət qadınlar emosiyaların bu cür özünü ifadə etmə üsuluna nəzarət etməyi   yaxşı öyrənirlər

          Conson və Şulman (Conson və Şulman 1988 il) aşkar etdilər ki, yaşlı qadınlar kişilərə nisbətən öz ətrafdakılara yönəldilmiş hisslərini daha çox ifadə edirlər (məsələn, başqalarının hisslərinə, onların tələbatlarına və arzularına  marağın göstərilməsi).  Kişilər isə qadınlara nisbətən daha çox eqosentrik hisslər  (misal üçün, tələbatlar, arzular, xüsusi maraqlar) ifadə edirlər. Digər tədqiqatda aydınlaşmışdır ki, kişilərə nisbətən qadınlara qorxu və kədər hissini ifadə etmək daha rahatdır və bununla  belə, insanlar qorxu keçirmək və kədər  his etmək qabiliyyətində  cinslər arasında fərq görmürlər. Eləcə də hesab edilir ki, kişilər qadınlara nisbətən daha çox qəzəb ifadə edir lakin, onu hiss etmirlər, qadınlar isə kişilər kimi eyni səbəbdən və onlar qədər intensiv qəzəblənirlər. Kopper və Epperson (1991) qadınlarda  kişilərə nisbətən qəzəbin güclü dəf edilməsinə təsadüf etməmişlər, ancaq Bemin cins-rol sorğusu üzrə kişi tipinin təsvirinə uyğun olanlar isə qəzəb vəziyyətində olmağa və ətrafdakılara qəzəbi qaytarmağı daha meyilli idilər. Feybs və Martin (1991) qadınlarla müqayisədə kişilərə özünü təcavüzkar aparmaq daha çox xasdır və bu bəzilərini kişilərin daha çox qəzəb ifadə etdiyini düşünməyə vadar edir. Bəzi insanlar emosiyalardan  insanlararası  münasibətləri  tənzim etdirərək istifadə etməyə çalışırlar. Bu sahədə qadınlar və kişilər eyni şəkildə qohumlar qonşular  iş yoldaşları ilə səmərəli dolanmaq çəkişmələrə yol verməmək məqsədi ilə emosiyalarını imkan daxilində  idarə etməyə çalışırlar.Mənfi emosiyalarını cilovlamağa çalışan insan bəzən maskalanlr.Öz məkirli niyyətini gizlədərək emosiyalarını idarə edir. Bu emosiyaların mənfi idarə edilməsidir.

           Bəzən kişilər qadınlarda hökm sürən emosional duruma diqqət edərək,  əks cinsə qarşı daha ehtiraslı olurlar. Bundan duyuq düşən bir qisim  qadınlar bu kimi hallarda operativ tərəpənərək emosional sferalarını tənzimləməyə çalışırlar. Emosiyaların ifadəli hərəkətləri, ekspressiyası hər bir insanın öz  emosiyalarını yaxşı dərk etməsində və ondan düzgün istifadə edib  faydalanmasında üzə çıxır. Son zamanlar alimlər emosional aktivlik prosesinin surətlə inkışafı dövrundə emosiyalar zamanı orqanizmdə baş verən  neyrofizioloji dəyişmələri müəyyənləşdirərək insanı ekstremal vəziyyətdən çıxartmaq və emosiyaları idarə etməyin yollarını axtarıb tapmaqla məşgul olurlar.

         Gender psixologiyası ilə bağlı olan tədqiqatlarda kişi qadın cinsinə mənsub olan insanların şəxsiyyət  keyfiyyətlərinin müqayisəli tədqiqinə  diqqət yönəldilir.Məhz bu səbəbdən  gender aspektində  emosional sferanı təhlil edərək belə nəticə əldə edirik ki, bu səpgidə  mövzuların işlənməsi müasir psixologiya elminə daha zəngin tövhə verə biləcək tədqiqatlarla zənginləşməlidir.(psixotest.az)

 

Gülər Məmmədova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

 

Go Back

Təxəyyülün konseptual modelləri və gender problemi

XXI  əsrdə  şəxsiyyətin  formalaşması dövrü  nəinki  actual  nəzəri  metodo­loji , həm də önəmli praktik  problemdir.Şəxsiyyətin psixososial  sahəsinin inkişafı   çox  mürəkkəb  həm  də  özünəməxsus təzadları  olan bir  prosesdir. Maslounun söz­ləri  ilə  desək  insan  özü  ilə  yaşamaq  istədikdə özünüaktuallaşdırmağa  baş­layır.Yaradıcılıq  meylləri  də  özünüaktuallaşmanın  stixiyasını  təşkil  edir. Bu  sti­xiyada  təxəyyülün  rolu son  dərəcə  önəmlidir. Hisslərin  dalğasında  yaradılan təxəyyül  fenomeni  özünüaktuallaşdıran  hər  bir  şəxsin həyatında çox böyük  dö­nüş yaratmış  və  yaratmaqdadır.

    Müasir  psixologiyada   təxəyyülün  mahiyyətini  araşdırmaq  üçün   böyük elmi nəzəri dəyərə malik  olan  yeni  konseptual modellər əmələ  gəlmişdir. Bu mo­­dellər­də təxəyyülün  psixologiyası   artıq  ənənəvi  ölçülərlə deyil  yeni  köklü   nəzəri  metodoloji   aspektdə  açıqlanır .

I  konseptual model: Tamın  təxəyyül  möcüzələri.Görkəmli  sənətçilər-şairlər yazı­çılar rəssamlar bəstəkarlar təxəyyülü  ən  önəmli  xüsusiyyətlərindən  biri  sa­yı­lan  tamı   hissədən  əvvəl   görmə  möcüzəsini   kəşf  etmişlər. Ümumiyyətlə  80-ci illərin  axırları  90-cı  ilin  əvvəlləri aparılmış nəzəri  psixoloji  tədqiqatlarda   tamı  hissədən  öncə  görmək   təxəyyülü  ümumi  qanunauyğunluğudur.Tamin  his­sədən əvvəl müəyyənləşdirilməsi təxəyyül  psixologiyasının yaradıcı  aləminin  təməli hesab  olunur .

           Bədii yaradıcılıq və təsviri fəaliyyət sahəsində obrazlar aləminin infrastruk­tu­runun müəyyənləşdirilməsindən başlanan bu yolun instrumental əsası kreativ biliklər, bacarıqlar və vərdişlərlə şərtlənir. Rəssamın hansısa təbiət əsərini çəkməz­dən öncə  mənzərənin obrazını ümumi tamlığı ilə təxəyyülündə yaratması tamı his­sədən öncə görmə qabiliyyətidir.Eləcə də arxitektorun bina tikilişində onun hazır ma­ketinin təsviri ona bu prosesi həyata keçirməkdə böyük stimul və yaradıcı qüvvə verir.Tamı hissədən öncə görmə modelinə gender aspektindən yanaşmaq da müm­kündür.Bu yanaşmada çox maraqlı fərqlilik və müqayisələr tapmaq olar. Məsələn: Kişilər qadına nəzər yetirərkən onu tam bir obraz olaraq təxəyyüllərində kökləyirlər yəni ki, kişi bir qadını gül çələngi kimi görür. O, yalnız bir müddət sonra qadının manera və fizioloji xüsusiyyətlərinə, geyim tərzinə diqqət yetirir. Sanki, bu çələngi təşkil edən gülləri daha sonra görməyə və duymağa başlayır. Kişilərin qadınlara bu münasibəti məhz tamı hissədən öncədən görmə kimi əsaslandırıla bilər. Qadınlarda isə bu məsələ tamamilə fərqli xarakter daşıyır. Belə ki, qadın kişiyə nəzər yetirərkən əsas diqqəti kişilərin fizioloji xüsusiyyətlərinə manera və geyim mədəniyyətinə yönəldir. Ayrı-ayrı hissələrə yetirilən diqqətdən alınmış nəticə isə, qadın təxəyyülündə bir kişi obrazını formalaşdırır. Başqa cür desək,qadın təxəyyülündə kişi obrazının formalaşması hissələrdən tama doğru gedir. Göründüyü kimi tamı hissədən öncə görmə konsepsiyasında kişi və qadın təxəyyülündə gender psixologiyası əsas önəmli yer tutur.Şon Bern genderin  fərqli  xüsusiyyətlərini araşdırarkən insan  haqqında olan məlumatların  təhlili  zamanı   aydın  oldu  ki,insanlar  ünsiyyət  zamanı  rast  gəldiyi  adamın saçının gözünün rəngini  yadda  saxlamır. Onun  necə geyindiyini, adını  unudur. Lakin  onun  qadın  və  ya   kişi  olduğunu  xatırlaya  bilir. Bu  halda gender  sosial təbəqə üçün  bizi  əhatə  edən insanlar  haqqında informasiyaların təhlili  üçün  vacib  amildir .

II konseptual model: təxəyyülün məcaz möcüzələridir. Məcazla insanın dünya ilə özü arasında təsəvvürlərində xüsusi yer tutur. Məcazda bir hadisə haqqında aydın təsəvvür yaratmaq üçün o, başqa oxşar hadisəyə məxsus əlamətlərlə  səciy­yə­lən­dirilir.Təxəyyül sürəti hər hansı bir əlamətin oxşarlığına görə deyil, funksiya­nın bir obyektdən başqasına keçirilməsi yolu ilə yaradılır. Təxəyyülün məcaz mö­cü­zə­lərinin çalarlarına gender psixologiyasında da rast gəlirik.Qadınların gündəlik həyat tərzində ictimai yerlərdə, evdə, ailə qayğısı,məişət işləri əsnasında yaranan məcazları hər zaman öz rəngarəngliyi ilə gözə çarpır. Məsələn: uşağını yatızdıran ananın sirli sehrli əzizləmələrində övladına “Quzum beşikdə mışıl-mışıl yatır”, hə­yat yoldaşına müraciətdə “dağ gövdəli igidim”,”evimin dirəyi”kimi məcazları daim söylənilmişdir kişilərin də qadınına “mənim gülüm”,”mənim günəşim”, ”şirin dil­lim”, ”ahu baxışlım” məcazlarını qeyd etməmək olmur. Ailədə olan münasibətin kö­kündə sevgi, mərhəmət, qayğı, qarşılıqlı hörmət və güzəşt dayanırsa bu ailədə bö­yüyən uşaqların təxəyyülü bu şirin məcazlara köklənərək həyata daha kreativ baxışlarla süstlənir. Bəzən isə bunun əksi olaraq ailədə istifadə olunan “başını yemək”, ”zəhərini tökmək”, ”qəlbi qırmaq” kimi məcazları bu cür mühitdə böyüyən uşaqların təxəyyülündə fərql yanaşmalar olur. Onların həyata baxışı sonraki mərhələrdə öz ailədaxili münasibətlərində özünü göstərir

III konseptual model: təxəyyül anlamı məkanında. Təxəyyülü idrak prosesi ki­mi öyrəniblər.Onu kreativ proses kimi deyil koqnitiv proses kimi təhlil ediblər .

Təxəyyül, fantaziya real gerçəkliyin yeni  gözlənilməz ,adət edilməmiş birləşmə və rabitələrdə  inikasıdır.Həyatdan  götürülmüş keçmiş  təcrübədən əxz  olunmuş say­sız  hesabsız faktların  niyyətli  və  niyyətsiz  təhlilinin  nəticəsi  olan təxəyyül  ya­ra­dıcı  fəaliyyətin  zəruri  elementidir. Bədii yaradıcılıqda  iştirak  edən  təxəyyülə  müvafiq  olaraq, bu  müddəanı K.Paustovskinin  aşağıdakı fikri  ilə aydınlaşdırmaq olar.”Hər  dəqiqə ,təsadüfən ağızdan  çıxan hər  kəlmə,hər  təsadüfi  baxış, hər  də­rin  ya dəyaz  fikir, insan  qəlbində baş  verən ən adi dəyişiklik, eləcə də havada  uçan  adicə  qovuq pərğusu, gecənin  zülmətində  görünən  ulduz  parıltısı kimi par­laq qızıl  tozu  zərrələridir.

          Bu  zərrələri  biz  ədiblər on illər boyunca yığırıq, özümüzdən xəbərsiz  top­la­yırıq,  əridib külçə eləyirik, sonra  da ondan “qızıl  güllərimizi”-povestlərimizi, romanlarımızı, poemalarımızı  yaradırıq” .

          Psixologiya sahəsinin öz məntiqi var. Bu məntiq eksperimental axtarışlarla qaynaqlanır. Bu eksperimentlərdə anlama bacarığı kimi təxəyyülün psixopedaqoji

effektləri açıqlanmalı və ən başlıcası onun psixopedaqoji texnologiyası yaradılma­lıdır.

IV konseptual model: qeyri-müəyyənliyin təxəyyül mənzərəsi yarananda.

          Müasir təsəvvürlərə görə problem situasiyası qeyri-müəyyənliklə səciyyələ­nəndə təxəyyül xüsusiylə aktivləşir: elə ki, problem situasiyasında ilkin məlumat­ları dəqiq təhlil etmək imkanı olmur, problem təxəyyülün qanadlarında həll olun­ma­ğa başlayır. Qeyri-müəyyənliyin təxəyyül mənzərəsinə gender aspektindən də yanaşmaq mümkündür.Qadın və kişilərin psixoloji durumundan asılı olaraq rastlaş­dığı situasiyaya, problematik məsələlərə yanaşmaları müxtəlif olur.Bəzən kişilərdə qeyri-müəyyən vəziyyətdən çıxış yolu dəqiq məntiqə əsaslanmış düşüncələrdən do­ğur. Eyni vəziyyətdə isə qadınlar kişilərə nisbətən yaranmış situasiyaya daha çe- vik reaksiya göstərə bilirlər. Bunun da əsas səbəblərindən biri isə qadına xas olan qayğıkeşlik hissidir. Qeyri-müəyyən vəziyyət yaranarkən qadınların zəngin təxəy­yülü işə düşür. Bu konsepsiya qadınlıq şücaəti, iradəsi, ana qayğısı və nəvazişinin köməyi   ilə öz həqiqi yoluna qoyulur.

V konseptual model: təxəyyülün psixoterapevtik əhəmiyyəti çox böyükdür. Müəy­yən edilmişdir ki, insan fəaliyyət göstərəcəyi stiusiyanı öz təxəyyülündə ay­dın canlandırdıqda işi daha yaxşı icra edir.Yeniyetmə və gənc oğlanlar öz inte­lek­tual səviyyələrini artırmaq arzusu ilə yaşayır. Bu yaşda oğlanların ilk məhəbbətinin şirin xəyalları canlanır.Təxəyyüllərində özlərini müstəqil həyata qədəm qoymuş la­yiqli insan, ailə başcısı, vəzifə sahibi kimi görürlər. Müsbət obrazlar ideal hesab et­dikləri insanların həyat və fəaliyyəti onlara xüsusi örnək olur. Qızlarda bu yaşda xə­yallarında özlərinin kənara xoş təsir bağışlayacaq bir görkəmdə görmək istəyi for­­malaşır. Rəqabət hissi ilə həmyaşıdlarından öndə getmək arzusu onları möcü­zə­li, kreativ obrazlar aləminə atılmağa kömək edir. Bu təxəyyül obrazları onların məq­­sədə doğru irəliləməsinə, sağlam düşüncələrinin inkişafına stimul yaradır.    Təxəyyül insan əməli ilə həmahəngdir. İnsanın yetkin yaşında həyata baxışı daha məntiqli daha səbirli olur. O,təxəyyülündə yaratdıqları xəyallardan uzaq, həyata re­al baxışlarla baxan və onu olduğu kimi görən düşüncələrə sahib olur.Amma bu heç də yetkinlik dövründə fantaziyalar və xəyyallar üzərində qurulmuş düşüncələrin yox olması demək deyil. Sadəcə il  bə il tədricən reallıqlara əsaslanan düşüncələr ar­zu və xəyallara süstlənmiş fikirləri sıxaraq zəiflədir.Yaşlı qadın və kişilərin təxə­yyülü əslində bir səhnəyə bənzəyir. Onlar həyatda oynaya bilmədiyi ancaq oyna­maq istədiyi rolu xoş xəyallara dalanda təxəyyül tamaşasında oynayır. Bu tamaşa­da baş qəhrəman mütləq onlar özləridir.Nə kimdənsə qorxuları var, nə də asılılı­ğı. Həyatda çəkindiyi,qabağından qaçdığı adamın gözünün içinə təxəyyül anında dik baxır.Onu təhqir edir, boğur,öldürür bu yolla ürəyindən tikan çıxarır  sakitləşir.

          Beləliklə də insan təxəyyül oyunu ilə özünün bir qayda olaraq  həmçinin  psi­xi   sağlamlığını qoruyur.  

          Gender psixologiyası ilə bağlı tədqiqatlarda kişi və qadın cinsinə mənsub insanların şəxsiyyət keyfiyyətlərinin müqayisəli tədqiqinə diqqət yönəldilir . Məhz bu səbəbdən təxəyyülün konseptual modellərini gender problemi çevrəsində təhlil edərək belə nəticə əldə edirik ki, bu səpgidə mövzunun işlənməsi müasir psixologiya elmi­nə da­ha zəngin tövhə verə biləcək tədqiqtalarla zənginləşməlidir.(psixotest.az)


Gülər Məmmədova 

Psixologiya və Konsultasiya Mərkəzinin Psixoloqu

 

Go Back

7 nəticə göstərilir