Düşüncə Jurnalı

header photo

Sevgi münasibətlərində edilən 7 səhv

Ehtiyatlı olun! Sizin qeyri-adi romantik münasibətiniz başlamamış bitə bilər. Necə? Sadəcə mənasız, kiçik səhvlərə görə! Biz bu səhvləri sevgi və qayğıkeşliyin əlaməti kimi dərk edirik. Halbuki, kişilər bundan oddan qorxan kimi qaçırlar.

Səhv 1: Kişilərlə rəqabətə girmək.

İstənilən kişi düşünür ki, ən yaxşı qızla görüşməyə layiqdi. Ən ağıllı, ən gözəl, cavan, evdar, cazibədar… Bu siyahını sonsuza qədər uzatmaq olar. Əslində həqiqət də elə budur. Amma bir şərtlə ki, o xanım öz gözəlliyinə, ağlına, biliyinə görə kişi ilə rəqabətdə olmasın. Qız öz ünvanına tərif gözlədiyi qədər oğlan da bunu gözləyir. Münasibətlərinin ilk günlərində təriflərin bir ünvana getməsi digər tərəfi qane etsə də, zamanla bezdirəcək. Ona görə də, hər görüşdə ancaq öz uğurlarından, ağıllı davranışlarından danışmaq doğru deyil. Düzdür, bunu o, pis niyyətlə etmir, o, öz uğurlarını sevdiyi insanla paylaşmaq istəyir. Amma artıq digər tərəf  bundan xəbərdardır. Və həmin məqamlarda onun öz uğursuz davranışları mövcud ola bilər. Əgər onunla şahmat, domino, bouling və s. oyunlar oynayırsızsa, hər zaman udmağınız doğru deyil. Arada uduzmaq da lazımdır. Sizin özünüzə əminliyiniz kifayətdir. Bunu göstərmək lazım deyil. Sizin üçün nə vacibdir? Oyunda udmaq, yoxsa sevdiyiniz insanı yanında saxlamaq?

Əksinə, siz görüş zamanı onunla necə fəxr etdiyinizi, onun varlığının sizin həyatınızda önəmini və s. göstərməlisiz. Amma ifrata varmamaq şərtilə. Yəni tərifiniz real şərtlərə uyğun gəlməlidir. Sadəcə, bir fikrə əmin olun ki, ailəniz olandan sonra öz bacarıqlarınızı daha rahat şəkildə istifadə edə biləcəksiz.

Səhv 2: Əmin olmaq ki, hər şey əladır.

Ola bilər ki, siz artıq toy haqda, hansı üzüyü almaq haqda, toyu harda keçirəcəyiniz haqda planlar qurursuz. O sizə eşqini etiraf edib və sizdə əminlik hissi yaranıb. Vacibdir ki, bütün bu xəyallarınızı ürəyinizdə yaşayasız, açıq şəkildə qarşı tərəfə deməyəsiniz. Çünki, siz əmin olsanız da ola bilər ki, qarşı tərəf öz hisslərinə əmin deyil və cavabdehlikdən qorxur. Əsasən kişilər hər zaman müstəqilliyə daha meyilli olurlar və kiminsə onların şəxsi ərazisinə daxil olmalarına nifrət edirlər. Ümumiyyətlə, kişilər özləri qərar verməyi xoşlayırlar. Hətta fikir qadın tərəfdən verilsə belə. Əsas da öz ailə və qohum problemlərinizi evlənənə qədər ondan gizlin tutmağa çalışın.

Səhv 3: Onu keçmiş sevgililərinizlə müqayisə etmək.

Kişilər sevmir ki, onları keçmiş sevgili və ya həyat yoldaşlarınızla müqayisə edəsiz. Əsasən ağrıdıcı o olur ki, siz onu əvvəlki sevgilinizdən daha çox səriştəsiz və bacarıqsız hesab edirsiz . Çalışın hətta görüşdüyünüz insanın çatışmayan cəhətlərini bu şəkildə bildirməyəsiz. Çalışın dilinizi dişləyin. Keçmiş keçmişdə qalıb. İndi yanınızda olan vacibdir. Çünki, nəticədə bir gün o sizə deyə bilər ki, yaxşı idisə niyə ayrıldın? Düzdür, siz bu yolla onu özünüzə uyğunlaşdırmağa çalışırsız. Amma anlamalısız ki, o körpə deyil, siz də anası. Zamanla, səbirlə istəyinizə çatma ehtimalı daha çoxdur.

Səhv 4: Tez-tez ”Sən məni sevirsən?” deyə sual vermək.

Kişilər sevərkən bunu bütün emosional və idraki tərəflərinə əsasən dərk edir və ona görə də sevgini etiraf etmək onlar üçün çox çətindir. Sevdikləri xanım onlar üçün vacib olan parametrlərə görə 100 də 100 olmalıdır. Əsas parametrlər uyğundursa, digər tərəflər onlar üçün vacib deyil. Ona görə də, sevgi etiraflarını onlar bütün iradə və səylərini toplayaraq bir dəfə etiraf edirlər. Bu zaman böyük həyəcan və stress yaşayırlar. Əks tərəfin tez-tez bunu tələb etməsi həyəcan və stressi tez-tez yaşadır. Eyni zamanda kişiləri əsəbləşdirir. Qadınlar isə qulaqları ilə sevdikləri üçün tez-tez kompliment eşitməyə ehtiyac duyurlar. Ona görə də çalışın ki, sevdiyiniz şəxsin sizə olan davranışlarına diqqət yetirib qiymətləndirin. Əsas davranışdı.

Səhv 5: Səhnəyə çıxmaq və nümayişkarlıq.

Kişilərin xoşlamadığı bir xüsusiyyət də qızın rəfiqələrinin nümayiş obyektinə çevrilməsidir. Yəni qız öz nişanlısını rəfiqələrinə göstərərək lovğalıq əks elətdirir. Kişilər bu zaman özlərini muzey eksponatı kimi hiss edirlər. Nəzərə alın ki, kişilər özləri ovçudurlar. Antikvar əşya deyillər. Unutmayın ki, sizin yerinizdə rəfiqələrinizdən biri ola bilər. Yaxşı olar ki, sevgi həyatınız özünüzə aid olsun.

Səhv 6: Nəzarət və komanda vermək hissi.

“Bu gün biz ora gedəcəyik. Sabah isə filan yerə… yoxsa səndən inciyərəm”. Sizə elə gəlir ki, bu sözlərlə onu özünüzə bağlaya, onun həyatının bir hissəsi ola bilərsiz. Amma ola bilər ki, sizin bu davranışınız onu qıcıqlandırsın. Onun da öz şəxsi həyatı və keçirtmək istədiyi arzuları var. Bəzən oğlanın hər davranışına nəzarət etmək, onu hər hərəkətinə görə tənqid etmək “belə yeri”, “o tərəfə baxma”, ”filan saatda, filan yerə gəl”, “maşını belə sür”, “yanıma gələndə belə geyinmə” kimi kəlimələrlə onu əsla yanınızda saxlaya bilməzsiniz.

Səhv 7: Qəsdən gəzinti yolunuzu bahalı dükanlardan salmaq.

Ola bilər ki, siz bir-biriniz üçün yaranmısız. Amma bu münasibətləri pul, ticarət, fayda çərçivəsinə salmısınız. Özünüzə sual verin, nə vaxt ona demisiz ki, “əzizim bax bu köynək sənə çox yaraşır”.

Sonda deyə bilərik ki, yaşadığınız sevgi münasibətləri zamanı öz zəif və güclü tərəflərinizi qəbul edib uyğunlaşmağınız vacibdir. Bir-birinizi məcburən dəyişməyə çalışmayın. Zamanla xasiyyətləriniz uyğunlaşacaq. Səbirsizlik göstərib münasibətlərinizin çatışmayan tərəflərini düzəltməyə çalışmayın.

MƏQALƏDƏN İSTİFADƏ ZAMANI SAYTA İSTİNAD MÜTLƏQDİR!

Go Back

Sorğu göndər