Düşüncə Jurnalı

header photo

BULİMİYA - Mən kök yox, kiloluyam

Mən kök yox, kiloluyam…

 Simptomları və səbəbləri:

Qidalanma pozuntuları, əsasən ani çəki itkisi və qeyri-kafi qidalanma təhlükəsi olan insanlarda daha çox müşahidə olunur. Qidalanma pozuntusu olan insanların təxminən 5%-i bulimiyadan əziyət çəkir.

Bulimiya nədir?

Bulimiya – insanın nəzarətsiz, böyük miqdarda yemək yeməsi və bu prosesi saxlamaqda çətinlik çəkməsi ilə xarakterizə olunur. Simptomlar adətən erkən yeniyetməlik dövründə müşahidə olunur və əsasən uzun müddətli dietadan sonra başlayır. Yemək prosesi onlarda çox zaman iki saata yaxın bir müddətə davam edir. Bəzi insanlarda isə bu proses qısa fasilələrlə bir neçə gün belə davam edə bilər. Bulimiklər ac olmadığı zaman yeməyə başlayır və proses mədənin tam dolu olmasını hiss edənə qədər davam edir.

Əsas xüsusiyyətləri:

  • Mütəmadi olaraq nəzarətsiz, hədsiz yemə atakları
  • Hədsiz yemə zamanı və ya sonra əhvalın aşağı olması, depressiv vəziyyət
  • Digər qidalanma pozuntusundan fərqli olaraq onlarda yeməkdən sonra qusma, aclıq və ya hədsiz idmanla məşğul olmaq kimi cəhdlər müşahidə olunmur.

Bulimiyadan əziyət çəkən insanlar günahkarlıq, depressiya hissləri ilə mübarizə aparırlar. Bu insanlar kompulsiv qidalanmanın oqanizmə hansı fəsadları olacağı və özünənəzarət defisiti ilə bağlı hədsiz narahatlıq keçirirlər. Onlar bu prosesi dayandırmaq istəsələr də, bacara bilməyəcəklərindən qorxarlar.

Bulimiya ilə bağlı diqqət yetiriləsi məqamlar:

Bu insanlar problemlə bağlı utanc hissi keçirdikləri üçün mütəmadi olaraq yemək prosesini gizlətməyə çalışırlar. Çox zaman onlar bunu gizli, ətrafdakıların diqqətindən yayınaraq etməyə çalışırlar. Bir çox bulimiklər kilolu insanlardır və piylənmədən əziyyət çəkirlər. Lakin az bir qismi normal çəkidə olur.

Bulimiklərdə yaşanan bihevioral (davranış) əlamətləri:

  • Yediyinə nəzarət etmədə və prosesi saxlamada çətinlik
  • Çox miqdarda olan yeməyi sürətli yemə
  • Doysa da yeməyə davam etmə
  • Sonra yemək üçün yemək gizlətmək
  • Başqa insanların yanında normal yemək, lakin tək olduğu təqdirdə hədsiz yemə
  • Gün ərzində planlanmamış yemək saatlarında intensiv şəkildə yemək yemə

Duyğusal əlamətlər:

  • Stress və ya gərginliyin yemək zamanı azalması
  • Yediyi qidanın miqdarı ilə bağlı utanc hissi keçirmək
  • Yemək zamanı avtomatik rejimdəki kimi yemə
  • Doyma aktının olmaması
  • Yeməkdən sonra günahkarlıq və depressiv vəziyyət
  • Çəkisini və qidalanma vərdişini nəzarətdə saxlamada çarəsizlik

Təsirləri:

Bulimiya, fiziki, duyğusal və sosial sahələrdə müxtəlif problemlərin yaranmasına gətirib çıxarır. Bu insanlar digərlərinə nisbətdə daha çox orqanik problemlər, stress, yuxu pozuntuları yaşayır və intihar düşüncələrinə sahibdirlər. Depressiya, təşvişli-nevrotik pozuntu və asılılıq kimi tez-tez rastlanılan əks təsirləri var. Amma əsas simptom çəki artımıdır.

Səbəbləri:

Əsasən bulimiyadan əziyət çəkən insanın geninə, təcrübəsinə və duyğularına diqqət yönəldilir.

Bioloji səbəbləri:

Tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, qidadan asılılıq ilə bağlı gen mutasiyaları olur və aclıq və toxluqla bağlı impulslar hipotalamusa (iştaha nəzarət edən nahiyə) ötürülmür. Son tədqiqatlar isə serotonin miqdarının aşağı olmasının kompulsiv yemədə əsas rol oynadığını göstərir.

Sosial və etno səbəblər:

Arıq olmaqla bağlı sosial təzyiq bulimiklərin utanc hissi keçirmələrinə və beləliklə də duyğusal şəkildə yemələrinə gətirib çıxarır. Bəzi valideynlər rahatlıq, uşaqlarını hansısa davranışdan uzaqlaşdırmaq və ya mükafatlandırmaq üçün yeməkdən istifadə edirlər. Orqanizmi və çəkisi ilə bağlı ağır tənqidə məruz qalan uşaqlar, uşaqlıq dövründə cinsi istismara qalan insanlar kimi müdafiəsizdirlər.

Psixoloji səbəblər:

Depressiya və qidalanma pozuntusu bir-birilə əlaqəlidir. Bir çox bulimiklər prosesdən əvvəl və sonra depressiv, digər bir qisim isə impulsiv meyillərə nəzarət etmədə, hisslərini ifadə etmədə və ya istiqamətləndirmədə problemlər yaşayırlar. Özgüvənin aşağı olması, tənhalıq və ya bədən dismorfobik pozuntusu (bədən görünüşündən narazı olmaq) bulimiyanın yaranmasına şərait yaradır.

Bulimiyanın təhlükələri:

Ciddi şəkildə çəkidə müəyyən dəyişiklər müşahidə olunduğu üçün fizioloji problemlərin yaranmasına gətirib çıxarır. Çəkinin artması osteoparoz, diabet, hipertoniya, kardiovaskulyar problemlər, öd kisəsi problemləri kimi orqanik narahatlıqların yaranma riskini artırır.

Terapiyası: (hansı yollarla yeməyi dayandıra bilərik?)

Digər asılılıqlardan əziyət çəkənlərin əksinə, qidalanma pozuntusu olan insanlarda yeməkdən uzaqlaşma seçimi yoxdur. Bunun əvəzinə yeməklə bağlı duyğusal ehtiyacları deyil, qidalanma ilə bağlı ehtiyaclara yönəlik sağlam münasibət yaratmaq zəruridir.

Bu istiqamətdə professional yardım almaq əhəmiyyətli rol oynayır. Bulimiyadan əziyət çəkən insanlarda psixoloq, psixiatr, qidalanma üzrə mütəxəssis və lazım gələrsə cərrah paralel şəkildə işləməlidir.

Terapiya zamanı sadəcə simptomatikaya köklənmək lazım deyil. Eyni zamanda duyğusal stimul, stress, narahatlıq, təşviş, qorxu, kədər və digər neqativ duyğular aradan qaldırılmalıdır.

Əgər bulimiya ilə yanaşı obezite (piylənmə) müşahidə olunursa, çəkinin azalması əsas strateji hədəf olaraq müəyyənləşdirilməlidir. Lakin pəhriz saxlamaq problemin daha da irəliləməsinə gətirib çıxara bilər. Buna görə də bu məqam mütəxəssis tərəfindən ciddi nəzarət altında saxlanılmalıdır.

Terapiya əsnasında psixoloq kompulsiv yemə ilə mübarizə aparmağı, sağlam olmayan qida vərdişi ilə sağlam qidalanmanı əvəzləməyi, stressi düzgün idarə etməyi başa salır və bununla bağlı istiqamətlər müəyyənləşdirir.

Koqnitiv-bihevioral terapiya bu prosesdə qeyri-funksional düşüncə və davranış üzərinə fokuslanır. Əsas hədəflərdən biri də duyğuları aradan qaldırmaq üçün pasiyentin necə qidalanmağını fərq etməsidir.

İnterpersonal psixoterapiya, kompulsiv yemə zamanı ortaya çıxan insanlararası ünsiyyət və ümumi problemlər üzərində dayanır. Bu terapiya istiqaməti ünsiyyət bacarıqlarını inkişaf etdirmədə, ailə üzvləri, dostlarla sağlam ünsiyyət yaratmağa kömək edir.

Əgər kimdəsə belə bir hal müşahidə edirsinizsə;

Mütəxəssis yardımı almaq üçün onu dəstəkləyin. Uzun müddət müəyyənləşdirilməyən və ya terapiyaya başlanmayan qidalanma pozuntusunun aradan qaldırılması sonradan bir qədər çətin olur. Buna görə də zamanında o insanı psixoloqa yönləndirməyiniz həmin insan üçün daha faydalı olar.

Mühakimə etmədən dinləyin və onun üçün narahat olduğunuzu hiss etdirin.

Qidalanma pozuntusu olan insanlar zatən özləri və davranışları barədə kifayət qədər neqativ hisslərə sahibdirlər. Məsləhət vermək, ultimatum bildirmək həmin insanda stress vəziyyətini artırır və proses daha da proqressivləşir. Bunun əvəzinə həmin insanın sağlamlığı və xoşbəxtliyinin sizin üçün vacib olduğunu və terapiya müddətində ona dəstək olacağınızı göstərin.

Sağlam qidalanma, idmanla məşğul olma və qidasız stressi idarə etmə ilə həmin insanlara nümunə olun.

 

Hər birinizə psixi sağlamlıq və təhlükəsizlik arzu ilə;

Elnur Rüstəmov -  Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq

Nərmin Quliyeva Xəzər Universitetinin Psixologiya fakültəsinin tələbəsi, psixoloq  

pcc.az

Go Back

Sorğu göndər