Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "MUASİR AİLE"

Qarayeva Kəmalə - İdeal ailə necə olmalıdır

 Bədii ədəbiyyatın insanın dahiliyi, şərəf və ləyaqəti haqqında yaratdığı ən böyük psixoloji meyar məhəbbətdir. Məhəbbət iki insan arasında baş qaldıran ən ülvi hissdir. İllər boyu məhəbbət bədii ədəbiyyatın başlıca mövzusu olmuşdur.Təsadüfi deyil ki, məhəbbətə dair qoşulan dastanlar hər bir xalqın ədəbiyyatında mühüm yer tutur.

 Məhəbbətlə yaşayan ailələr çoxdur. Ər və ya arvad nəinki ömür boyu bir-birini sevməli, bir-birinə hörmət etməli ,həm də mənəvi dəyərlərə malik olmalıdırlar.Bu məhəbbətdən dünyaya göz açan körpələr bu sevgini duymalı, bu istiliyin altında böyüməlidir.Lakin ailənin inkişafının bütün mərhələlərində məhəbbət hissi onun psixoloji bünövrəsini ,təməlini daimi təşkil etməyə bilər.

 Bu gün bizi əhatə edən mühitdə, cəmiyyətimizdə yetəri qədər ailə-məişət problemləri mövcuddur. Psixoloqların, sosioloqların araşdırdıqları faktlara nəzərə yetirsək ,kifayət qədər düşündürücü , təəssüflə qeyd  edəcəm ki, ürək açmayan hallar daha çoxdur.

 “Müasir Ailə “ modeli necə olmalıdır? Mənə görə ailənin təməli, gələcək taleyi, bu həyatın uğurlu, sevincli olması ərin və arvadın şəxsiyyətindən asılıdır. Hər iki tərəf ailənin bütövlüyünün qorunması, o ailədə böyüyəcək övladların hərtərəfli psixoloji düşüncəyə malik olması üçün çalışmalıdır. Ailə inkişaf etdikcə, ər-arvadın münasibətləri də mürəkkəbləşir. Hər bir münaqişədə, ailə söz-söhbətlərində ər və arvadın xarakter əlamətləri bilavasitə təzahür edir. Xeyirxahlıq, qarşılıqlı hörmət , dözümlülük, güzəştə getmək  və digər amillər iki insanın xoş münasibət saxlmasında, bir-birini düzgün başa düşməsi və anlamasında mühüm rol oynayır.

 Ailə dialektika qanunlarına tabedir. Münaqişəsiz ailə əslində yoxdur. Bunu tam başa düşmək üçün münaqişənin mənəvi məzmununa diqqət yetirilməlidir. Ailə münaqişələri müxtəlif forma və məzmun daşıyır. Bunlar müxtəlif ola bilər:

a) ər-arvadın tələbatlarının təmin olunması əsasında əmələ gələn;

b) hər iki tərəfin tərbiyəsi, xarakteri və mənəvi düşüncəsi ilə bağlı olan;

c) ər və arvadın hüquq və vəzifələri, ailədə əmək bölgüsü, uşaqlara göstərilən mədəni rəftar və qulluqdan yaranan problemlər əsasında yaranan münaqişələr;

“Müasir Ailə” modelinin təməlində bir çox prinsiplər dayanır. Mənə görə bu prinsiplərdən ən önəmlisi ailə mədəniyyətidir. Ailə mədəniyyəti geniş məfhumdur. Hər bir gənc aydın dərk etməlidir ki, ailə mədəniyyəti qarşılıqlı münasibət, bir-birinə hörmət etmək, səmimi münasibət, bir-birinin qayğısına qalmağı bacarmaq, fikir və hissləri bir-biri ilə bölüşmək, bir-birinə sevgisini yetəri qədər verməyi bacarmaq, ağıllı yaşamaq əsasında formalaşır. Buna görə də gənclər gələcək ailələrinin bütövlüyünü saxlamaqla yanaşı, cəmiyyət qarşısında məsuliyyət daşıdıqlarını da dərk etməlidirlər.

 İdeal ailə necə olmalıdır? Yəqin ki, müasir dövrdə bu sual çoxumuzu düşündürür. Bir ailənin inkişafı ,təməlli,ideal olması üçün iki insanın bir-birinə yüksək sevgisi, hörməti olmalıdır və xarakterlərinin təzahürləri bir-birini tamamlamalıdır. Hər bir çətin vəziyyətdə əl-ələ verib yenidən ayaqüstə qalxmağı bacarmalıdırlar. Və ən əsas bizim milli ideologiyamıza xas olan bir məqam “ailəyə kənar müdaxilələr olmamalıdır”.Bizim hələ bu səpkidə düşüncəmiz tam inkişaf etməyib. Gənclərin istək və arzuları nəzərə alınmalı, onların tam ailə olaraq formalaşması üçün hər iki tərəfin ailəsi buna səy göstərməlidir. Mən xalq şairi Rəsul Rzadan bir sitat gətirmək istərdim. O, “Poeziya zəhmət və ilhamdır” adlı avtobioqrafik məqaləsində yazır:

“Atam sağ olanda ailəmiz firəvan dolanırdı. Məsələ yalnız maddi cəhətdən təmin olunmaqda deyil. O zaman üçün çox nadir olan cəhət bu idi ki, atamız bizim bədii tərbiyə almağımızın qeydinə qalırdı. Evimizdə çox zaman söhbət ədəbiyyatdan gedirdi. Xüsusilə poeziyadan  anam Məryəmin şairlik təbi var idi. Anamın şerləri qadınları maarifə, mədəniyyətə çağırırdı”. Məncə bu kiçik bir məqalədə hər bir oxucu özü üçün müəyyən bir fikir formalaşdıra bilər. Övladın təbiətində, ürəyində olanlar, qabiliyyəti,mədəniyyəti,həyatı, insanları sevməyi və digər insani keyfiyyətləri aşılamaq, oyatmaq üçün valideyn söhbətləri, müasir ailə disskusiyaları mühüm əhəmiyyət kəsb edir.

 Uşaqlar ata və ana vasitəsilə ətraf mühitdə, cəmiyyətimizdə yaranan hadisələrlə bağlı təsəvvürlərə sahiblənir və bunun əsasında ətrafda olan insanları, özünü qiymətləndirmək meyarlarını mənimsəyirlər. Ailə həyatı şəxsiyyətin inkişafında çox mühüm rol oynayır. Bu cəhət, ilk növbədə, uşağın emosional aləmində əks olunur.

 Ailə, onun reallıqları haqqında nə qədər danışsaq, yazsaq azdır belə. “Müasir  Ailə”də bizim milli psixologiyamız önəm daşıyır. Mən cəmiyyətimizdə hər bir gəncin savadlı, dünyagörüşlü, sevgi dolu ailədə böyüyüb formalaşmasını arzu edirəm. Bütün gənclər atacağı hər bir addımın düşünülmüş olmasına inansınlar.Gələcək qurulan ailələr həqiqətən də, dövlətimizə, cəmiyyətimizə layiqli olsun. Ailə motivləri , ailə dəyərləri, milli adət-ənənələrimiz, keçmişimiz, bu günümüz və sabahımız, cəmiyyətimizdə gənclərə verilən önəm, gənc ailələrə göstərilən psixoloji yardımlar bütün sosial şəbəkələri, televiziya proqramlarının, radio verilişlərinin nəzər nöqtəsində olsun. Bu addımlar sağlam ailənin, gələcək şəxsiyyətin inkişafına, formalaşmasına təkan verir. Sonda fikrimi yekunlaşdıraraq demək istəyirəm:

 “Ailə xoşbəxt olmaq və xoşbəxt uşaqlar tərbiyə etmək üçündür”.

Qarayeva Kəmalə, elmi işçi

Go Back

Cəfərova Təhminə - Evdəki probləmləri dəmir çubuqla deyil,məhəbbətlə yoluna qoymaq lazımdır

Ailə ata-ana və övladların qarşılqlı sevgisi və hörməti əsasında var olan müqəddəs qurumdur.Hər bir ailənin öz qanunları,əxlaqi dəyərləri olur.Ailədə məsuliyyətli və əxlaqlı övladların yetişməsində əxlaqi dəyərlərin düzgün təbliğ olunmasının çox böyük təsiri var.

Müasir toplumlardai namlı uşaq və yeniyetmə tərbiyəsinə nail olunması üçün hansı məsələlərə diqqət etməli..Müasir dövrümüzdə tərbiyə  çox aktual məsələdir.Yaxşı və pis irəliləyişlərin olduğunu görərik.

Ailə əsasən aşağıdakı mərhələlərdən keçir.

1.İlk nigahın bağlanması-ailənin yaranması

2.İlk uşağın dünyaya gəlməsi

3.Axırıncı uşağın dünyaya gəlməsi

4.Boş yuva-uşaqların böyüyüb yeni ailə qurması

5.Ailənin mövcudluğunun sonu-ailə başçılarından birinin vəfatı.

Samuel Smaylzın sözuylə desek,yaxşı münasibətlər üzərində qurulmuş ailə-həm gənclər,həm də yaşlı nəsil üçün ən gözəl nemətdir..Bu dünyanın şərindən və səhv yollarından qorunmaq üçün hər bir insanın hələ uşaq yaşlarından etibarlı istehkama ehtiyacı var.Dediyimiz kimi ailənin öz qayda-qanunları olmalıdır və valideynlər bir-birinə münasibətdə övladları üçün canlı nümunə olmalıdır.Bununla onlar övladlarını nece görmək istədiklərini büruzə verməlidirlər.Bu cür tərbiyə almlş uşaqlar öz hərəkətləri üçün cavabdehlik daşımağa hazır olacaqlar,öz xeyirxah nümunələri və məsləhətləri ilə daim başqalarına da ədalətli olmaqda kömək edə biləcəklər.Ailədə mövcud olan ab-hava valideynlərin qarşılıqlı münasibətindən əhəmiyyətli dərəcədə asııldır.Əgər ata ilə ana arasında fikir ayrılığı mövcuddursa,bu ruh uşaqlara da keçir.Evdəki probləmləri dəmir çubuqla deyil,məhəbbətlə yoluna qoymaq lazımdır.Uşaqlar məhəbbət qanunlarına tabe olmağa həmişə hazırdır.Fürsət yaranan kimi, onların işlərini tərifləmək,diqqətimizin onların üstündə olduğunu onlara hiss elətdirmək lazımdır.Bunun sayəsində gələcəyə özunə inamlı gənclər əldə edərik.

Müasir dövrün gətirdiyi problemlər ailəyə də öz təsirini göstərir.Hətta bu problemlər valideynlərin boşanmasına da gətirib çıxardır.İnkişaf etmiş ölkələrdə boşanma saylarının artması müasir ailələrin uğurlu olmadığı görünüşünü yaradır.Dünyanın bir çox yerində ata-analarının ayrılmasından təsirlənən uşaqların sayı günü-gündən artır.Bunun nəticəsində son illərdə ana-uşaq və yaxud ata-uşaq adlı yeni bir ailə tipi meydana çıxır.Bu da yeni probləmlərin meydana çıxmasına  şərait yaradır.Bu probləmlərin aradan qaldırılması üçün ortaya belə bir sual çıxır.Müasir ailə nece olmalıdır və yaxudda başqa sözlə desək ailə necə qorunmalıdır.Bu suala anketlər əsasında keçirilən sorğulardan alınan cavablara nəzər salaq.Kimisi müasir ailə dedikdə 2 uşaqlı,hətə sonlarında filmə,teatra gedən ailəni nəzərdə tutub.Hətta bəzilər müasir ailə dedikdə qızlarını xristianla və yaxud da afrikalı biriylə evlənmək istədiklərində qarşı çıxmayan ailəni nəzərdə tutur.İndi isə biz müasir ailə anlayışına nəzər yetirək.Ailənin funksiyası bir tərəfdən ailə-cəmiyyət,digər tərəfdən ailə-şəxsiyyət qarşılıqlı təsiri sistemini əks etdirir.Cəmiyyətin sosial təsisat kimi ailəyə olan tələbləri təkamül nəticəsində dəyişir və bunun müqabilində onun funksiyaları da fərqlənir.Müasir ailənin yerinə yetirdiyi funksiyalar...

1.Nəsil artırma

2.tərbiyəetmə

3.təsərrüfat-iqtidasi

4.Rekreatik -yəni qarşılıqlı kömək,sağlamlığın qorunması və s.

5.Kommunikativ yəni əlaqə,ünsiyyət

6.Tənzimləyici yəni ailədə ilkin sosial nəzarət

7.Yaşlı nəslə qayğı

Müasir ailənin formalaşması və fəaliyyət göstərməsinə spesifik şərait (yaşayış yeri,sosial sinfi və milli mənsubiyyət,maddi vəziyyət,ailə üzvlərinin təhsil,mədəni səviyyəsi.ailənin mənəvi və iqtisadi əsası) təsir göstərir.Ailələrin qorunması üçün dünyanın bir çox yerlərində həmçinin ölkəmizdə də bir sıra rədbirlər görülür.

 

Cəfərova Təhminə

Go Back

Elşən Şirbağırov- Ölməz qəhrəman

Müasir Ailə nədir?  Deyəndə ilk, növbədə ailədə ana-ata övladının cəmiyyətə necə xeyirli övlad olacağına önəm verir.Belə ailələrin yetişdirdiyi övladlardan biridə Milli Qəhrəmanımız Mübariz İbrahimovdur.Vətən uğrunda ölənlərə öldü deməyin, onlar hər zaman diridilər.Ölümləri ilə ölümsüzlük qazanan igid oğullarımızın timsalında bunun bir daha şahidi olduq. Mübariz İbrahimov kimi. Az yaşadı, ancaq bir dünyaya dəyəcək həyat yolu keçdi. Bir qəhrəmanlıq tarixi yazdı, igidlik məktəbi yaratdı. Hələ orta məktəbdə oxuyarkən qəlbindəki səs,  könlündəki duyğu onu çox uzaqlara soraqladı. Yağı tapdağında qalan yurd yerlərinin təəssübünü çəkməyə səslədi. Səsinə səs verdi qəlbindəkilərin. Seçimini etdi. Hərbi məktəbin tələbəsi olmaq şərəfinə nail oldu. Bu şərəf hələ onu çox uzaqlara aparacaqdı, apardı da… Cəmşid Naxçıvanski adına Hərbi Məktəbi bitirib Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi təyinatlı bölüyündə xidmət etdi və 2007 –ci ildə çavuş rütbəsi ilə xidmətini başa vurdu. Və bununla da onun hərbi həyatının yeni səhifəsi açıldı. 2009-cu ildə gizir rütbəsində hərbi xidmətdə çalışan Mübariz İbrahimov öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmətə getdi. Gedişi ilə ömür səhifəsinə daha bir qəhrəmanlıq hekayəti yazdı. Qaynar və qızğın döyüşlərin ön sıralarına tələsdi, yağıya göz dağı verən döyüş numinələri göstərdi. Odla oynadı, ölümlə baş-başa gəldi. Qorxmadı, qorxmazlıq məktəbinin müdavimi olduğunu cəsarəti ilə sübut etdi. Ölümlə arxa yox, sinə çevirdi. Düşmənin ordusuna tək canıyla 30 dan artıq leş hədiyyə etdi və 2010-cu ilin iyulun 18-də qəhrəmancasına şəhid oldu. Yağılar qorxudan ölüsünə belə yaxın durmaq cəsarəti tapmadılar bir neçə gün. Dirisini deyil, ölüsünü əsir almaqla öyündülər.Hətta yandığlarından cəsədi verməməklə də hədələdilər. 4 ay duruş gətirmək imkanları oldu. Əlləri ilə sərhədə qədər gətirdilər. Vətən onu oğul, xalq onu igid, dövlətimizsə qəhrəman kimi qarşıladı. Ölkəsinin fəxrinə çevrilən Mübariz dövlətinin bayrağına sarılıb müqəddəs məkanda, şəhidlər xiyabanında rahatlandı. Uğrunda vuruşduğu, canından keçdiyi,qəlbi, duyğusu və qanıyla bağlı olduğu vətəninin şəhidləri sırasında uca bir yerə sahibləndi. Könüllərdə taxt qurdu, beyinlərdə heykəl yaratdı. Ölümüylə ölümsüzlük qazanmanın çətin, amma mümkün yolunu göstərdi. Dedi ki, dar gündə, kədərli anda haraya oğulu gedən torpaqlar həmişə yaşar olurlar, ölməzlik qazanırlar. Uyduğutorpağın oğullarına ölümüylə mesaj da verdi. Bayraqları bayraq yapan üstündəki qandı, torpaq əgər uğrunda ölən varsa vətəndir. Vətəni vətən edən, düşmənə qan udduran oğullar olduqca, düşmən həmişə səksəkədə olacaq, yuxusu ərşə çəkiləcək, obalarına huzur gəlməyəcək…Dünyaya anlatdığı məktəb və böyük məqamlar da oldu Mübarizin.İgid qanı ilə suvarılan torpaqların qəhrəman yetirməsi təbii və gözlənəndi. Davamı olacaq. Bu torpaqların hələ çox MÜBARİZLƏRİ var ki, onlar fürsət və imkan   gözləməkdədirlər.    

Yazdığı son mektub:
Atama ve anama məktub ! ! ! ! ! Canım Atam ve Anam  . . . məndən sarı darıxmayın İnşallah cənnətdə görüşəcəyik . Mənim üçün bol-bol dua edin . Vətənin dar günündə ürəyim dözmür .Allah xatirinə bunu eləməliyəm ən azından ürəyim sərinlik tapar. İnşallah şəhid olana kimi bu şərəfsizlərin üstünə gedəcəm Şəhid olsam ağlamayın əksinə sevinin ki , o mərtəbəyə yüksəldim . Allah böyükdür  , VƏTƏN SAĞ OLSUN  !  Haqqınızı halal edin  .  .  .  oğlunuz  İbrahimov  Mübariz

Vətən sağ olsun . . .

Onu unutmayaq.  ALLAH RƏHMƏT ELƏSİN !

                                                        

Elşən Elman oğlu Şirbağırov

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, rejissorluq fakültəsi, televiziya rejissorluğu ixtisasının 3-cü kurs tələbəsi

Go Back

Raminə Baloğlanova - Birgə həyatın ilk ili - təcrübə toplamaq ilidir

Ailə bir ağacdır; müdriklik, vicdanlılıq, əməksevərlik, sədaqətlilik, mərifətli övladlar ağacın budaqları, xoşbəxtlik, səadət, bəxtiyarlıq çiçəkləri, gülərüzlülük,uzunmüddətli olmaq onun barlarıdır.Ailə mayası halalıqla yoğrulmuş, riyadan kənar, kamillik dünyasına aparan yoldur.Cəmiyyət ayrı-ayrı ailələrdən təşkil edilmişdir və ailə quran tərəflərin onu necə saxlamasından asılıdır. Ailə millətin ürəyidir. Ölkənin gələcək rifahı yaxud tənəzzülü yeni nəslin xarakteri və mənəvi siması ilə şərtlənir. Əgər gənclər əxlaq, özünüidarə və təmkinlilik kimi xüsusiyyətlərə uşaq yaşlarından vərdiş edirlərsə, gələcəkdə cəmiyyətə müsbət təsir göstərirlər. Əgər gənclər tərbiyə və intizamdan kənarda qalsalar, onda onlar özbaşına və ədəbsiz böyürəcəklər, nəticədə isə acınacaqlı hal yaranacaq. Bu gün gənclərdə formalaşan vərdiş və prinsiplər gələcək cəmiyyətin xarakterini əks etdirir. Düzgün təşkil olunmamış ailənin təsiri hər tərəfə yayılır və bütünlüklə cəmiyyətə məhvedici yara vurur. O, ailəni, cəmiyyəti və dövləti öz şər selinin qoynuna alaraq məhvə doğru aparır. Ailə Allah qarşısında səmimi olmalıdır. Valideynlər və uşaqlar Onunla əməkdaşlıq etməyi öyrənməlidirlər. Onlar öz vərdişlərini və xasiyyətlərini Allahın planına uyğun şəkildə tərbiyə etməli, insani məhəbbətin təmizliyini və nəcibliyini qoruya bilən yeganə Şəxsə məhəbbətlə qulluq etmək üçün birləşməlidirlər. Birgə həyatın ilk ili - təcrübə toplamaq ilidir, uşaqlar məktəbdə yeni şeylər öyrəndikləri kimi, ərlə arvad da bir-birinin xasiyyətinin müxtəlif tərəflərini öyrənirlər. Qoy sizin ailə həyatınızın bu ilk fəslində elə səhifələr olmasın ki, gələcək xoşbəxtliyinizin üstünə kölgə düşməsin.

Ömürlük bağladığınız ittifaqda həm kişi, həm də qadının meylləri hər ikinizin xoşbəxtliyinə qulluq etməlidir. Hər biriniz qarşı tərəfin xoşbəxtliyi üçün əlindən gələni etməlidir. Bu, Allahın sizinlə bağlı iradəsidir. Lakin bir bədəndə birləşərkən, hər kəs öz fərdiyyətini qoruyub saxlamalıdır. Sizin fərdiyyətiniz Allaha məxsusdur. Yaradılışınızın əsasında duran məqsədi hansı yolla daha yaxşı həyata keçirə biləcəyinizi yalnız Ondan soruşmalısınız. Allah gözəlliyi sevir. O, səmanı və yeri gözəlliklərlə əhatələmişdir və böyük Ata məhəbbətilə Onun yaratdıqlarından aldığımız zövqü izləyir. O istəyir ki, bizim evlərimiz təbiətin gözəllikləri ilə əhatələnsin. Bir çox ailələr ona görə bədbəxt olurlar ki, qadın sadə ailə həyatının adi ev işlərindən ikrahla öz çevirir. İş və qayğılar onun xoşuna gəlmir, sevinc, məmnunluq və maraqla yerinə yetirmək mümkün olan və onun özü üçün də faydalı olan şeylər ağır və darıxdırıcı yük kimi görünür.

Əlbəttə, ev həyatı həmişə yaxşı olmur. Gün ərzində bir çox şeylər bizim səbrimizi imtahana çəkir və güc tələb edir. Bəzi vəziyyətləri dəyişmək iqtidarında deyilik, lakin insanın şəraitə münasibəti onu xarakterizə edir. öz prinsiplərinin idarə olunmasını və məhvə sürüklənməsini şəraitin ixtiyarına verənlər üzərlərinə düşən vəzifələri unudurlar. Başqalarının səbirsizlik və dözümsüzlük özündən əllərini yana saldıqları çətinliklərə mərdliklə sinə gərərək, işinizi səylə davam etdirməyə çalışırsınızsa, həm iradəniz möhkəmlənir, həm də maneələri dəf etmək təcrübəniz başqalarına da öz sözləriniz və nümunənizlə kömək etməyiniz üçün imkan yaradır.Ailə nədir?Bu sualı insan özünə ailə qurmamışdan qabaq verməlidir.Ailə- bir xoşbəxtlikdir.Ailənin nə olduğunu,məqsədinin,psixologiyasının nə olduğunu çox heyif ki bəşəriyyət unudubİnsanların çox hissəsi heç ailə qurmaq haqqında düşünmür,düşündükləri yalnız karyera ,biznes,hansısa yolla isə iş qurub pul qazanmaqdır.Nəticədə gecikmiş bir ailə qurulur və bu düşüncənin insanları öz ailəsinə də karyerasının bir mərhələsi kimi baxır.İnsanların  digər bir hissəsi isə ailə qurandan bir müddət sonra ayrılır.Səbəbini soruşanda ;”Xasiyyətimiz uyğun gəlmədi,yola gedə bilmədik”bu cür bəhanələr gətirirlər.Yəni bu qədər sadədirmi ailəni dağıtmaq,bu qədər insanlıq adiləşib?Nə ümüdlə,nə istəklə qurulan ailələr bir anda dağılır.Əvvəlcə ailənin kiçik oğlu boşanma qərarı verdi.Səbəb;Qardaşını itirmış həyat yoldaşı anasından ayrılmır,boşanmağa ailəsindən xəbərsiz ərizə verir,bundan hiddətlənən ər,tez bir zamanda ailə qurur,ən çox zərər görən boşanmadan sonra doğulan körpə çəkir.Özünə gələn qadın etdiyi hərəkətdən peşiman olur,artıq gecdir...  

Sonda hamıya ailə qurarkən düzgün seçim etməyi və seçdiyi insanla xoşbəxt ,Allahın buyurduğu şəkildə yaşamağı arzulayıram.

 

Baloğlanova Raminə

Go Back

Muxtarova Gülnarə - Nə qədər deyilsə də, sevgi önəmlidir,amma

Ailə  Azərbaycan cəmiyyətinin ən dəyərli,qiymətli parçasıdır.Əər bu gün desək ki,ailənin qurulmasında yalnız böyüklərin razılığı lazəmdır,əsas budur bu,birtərəfli fikir olardı.Əlbəttə ki,böyüklərin razılığı ilə bərabər tərəflər arasında sevgi münasibətləri,ailənin maddi ehtiyaclarını təmin etmək üçün pul, iş lazımdır. Bütün bunlar birlikdə vəhdət təşkil edir.Nə qədər deyilsə də,sevgi önəmlidir,amma indiki cəmiyyətimizdə ən az sevgi qədər pul da önəmlidir. Əgər ailə maddi cəhətdən təmin olunmursa,bu sevgi vasitəsilə, 1 il və ya 2-3 il qoruna bilər daha sonra müəyyən konfliktlər, anlaşılmazlıqlara səbəb olur və sonda boşanmaya qədər gətirib çıxarır.

Heç bir cəmiyyətdə ideal ailə yoxdur.Bəlkə də kənardan baxdıqda  ideal ailə kimi görünə bilər,amma içərisinə daxil olduqda problemlər görünəcəkdir.Bu təbii haldır,çünki iki insan birlikdə yaşayırsa,burada müəyyən konfliklər yaşanacaqdır.Lakin qarşılıqlı anlaşma,anlama olduqda bu problemləri zamanla aradan qaldırmaq mümkündür.Bu, hər iki tərəfin yəni,həm kişi,həm qadının üzərinə düşən vəzifədir.Bir evdə sürəkli konflikt,mübahisə,fiziki zorakılıq yaşanırsa,əlbəttə ki,bu, ailədə böyüyən uşaqların da gələcəkdə şüurunda bir sıra  izlər qoyacaq, problemər yaradacaqdır.Bununla belə digər psixoloji problemlərin də, uşaqlarda aqressivlik, valideynlərin birinə və ya hər ikisinə  nifrət hissi  yaranacaqdır.

 Bildiyimiz kimi,  Azərbaycan cəmiyyətində ailədə qadının üzərinə daha çox iş düşür. Uşaqların tərbiyəsi, ev işləri, uşaqların digər problemləri ilə maraqlanmaq və s bu zaman müddətində qadınlar özlərinə yetərincə vaxt ayıra bilmir, və sonrada  kişilərdən diqqətsizlik , xəyanət  gördükdə, yenə də səbəb qadınlarda axtarılır.Beləliklə də cəmiyyətdə sıxca işlədilən  ” kişi ilə  qadının hüqüqları bərabərdir” fikri elə fikir olaraq qalır.

Ailədə istər uşaqların tərbiyəsi, istər uşaqlarla bağlı məsələlər ,istər ailədaxili problemlər,  hətta ev işləri belə lazım gələrsə, paylaşılmalıdır.

Çünki ailə birlik, bərabərlik,  ittifaq deməkdir. Bütün işləri qadının üzərinə atıb daha sonra ondan nəsə gözləmək və ya nəsə tələb etmək düzgün deyildir. Ata  və ya ana olmaq yalniz maddiyyatla ölçülmür.Uşaqlar daim diqqət tələb edən varlıqlardır əgər, valideynlər uşaqlarına yetərincə diqqət ayıra bilirlərsə,onların maddi və mənəvi ehtiyaclarını  bacardıqalarə qədər  yerinə  yetirməyə   çalışırlarsa, o zaman belə ailəni müasir ailə modelinə  yaxın bir ailə kimi düşünmək olar.

Qadın və kişi psixologiyasındakı fərqlər çox zaman ailədaxili konfliktlərə səbəb ola bilir.Hətta bəzən bu boşanmaya qədər gətirib çıxarır.Və deyərdim ki, mənim fikrimcə ailəyə ən böyük zərər vuran zərərli vərdiş kimi ,xəyanətdən də öncə yalandır. Deyilən yalanın həcmi önəmli deyil, yəni böyük və ya kiçik olması  əgər bir dəfə işlənirsə, və ya bir neçə dəfə  bu artıq ailədə  tərəflər arasında inamın azalmasına, münasibətlərin pisləşməsinə, mübahisələrin yaranmasına, bu mübahisələrin getdikcə daha da  artmasına gətirib  çıxarır. Bu konfliktlərin yaranmamsı üçün bu kimi vərdişlərdən, ailənin təməlinə zərər vura biləcək hərəkətlərdən uzaq olmaq lazımdır. Bütun problemlər,sirrlər nəticəsi nə olur olsun ailədaxilində paylaşılmalıdır.Belə bir məsəl vardır: Ən böyük biclik düzlükdür. Yalan danışıb ailə bağlarını qırmaq , münasibətləri  korlamaqdansa, qarşı tərəfin  inamını itirməkdənsə  ən böyük bicliyi işlətmək lazımdır.

  Qərbdə ailə dedikdə buraya ata, ana və uşaqlar daxil idi.Şərqdə ailə dedikdə isə buraya  ata-ana və uşaqlardan əlavə  bütün ohumlar , həmin nəsildən olan insanlar daxil olur.Ailə anlayışına daxil olan bu coxluq çox zaman ailədaxili prpblemlərin həll olunmasında da çətinlik yarada bilir. Cəmiyyətimizdəki  boşanmaların  səbəbini araşdırarkən bir çoxlarına kənar təsirləri , istər qadının, istərsə də, kişinin  yaxın ətrafı tərəfindən  olan təsirləri görmək olur. Bu, heç bir halda düzgün deyildir. Əgər ailədə   nəsə bir problem varsa, bunu ilk növbədə  kişi və qadın özləri  həll etməyə çalışmalıdırlar.Əgər gənc aildən  söhbət gedirsə, yenə də problemin həlli yolu ailədə olmalıdır. Kişi və qadın problemin ailədən kənara  çıxmasına şərait yaratmamalıdırlar. Çünki problem yayıldıqda, ailədən kənar şəxslər istər –istəməz  problemin mahiyyətini tam bilmədən  etdikləri  müdaxilələr  ailə üçün  problər yaradır.Problemsiz ailə olmur lakin belə problemlərin daha az yaşanması üçün  ailə qurmağa hazırlaşan gənclər  evlilyə hazır olmalıdırlar. Bu məsuliyyətin öhdəsindən gəlməyi, ailədə böyüklük etməyi, əsasən də oğlanlar bacarmalıdırlar.

Bu gün cəmiyyətimizdə  insanlar  psixologiya, psixoloq  terminlərini daha yeni qavrayarkən, bir çoxlarının  ailə psixoloqu anlayışından , onun işindən heç məlumatları yoxdur. Ailə psixoloqu  problemlərin öhdəsindən gəlməkdə ailələrə kömək etmək üçün  onların birgə güclərini  və sağlam dəyərlərini, sosial inkişaflarını artırmaq məqsədilə fəaliyyət göstərən bir terapevtdir. İnsanlar ailə psixoloquna müraciət edərək ailədaxili problemin həll olunmasında, problemin kökünün tapılmasında, problemə baxış , onun həlli yolları  ailənin və ailə terapevtinin köməyi ilə  həyata keçirilir.Ailə psixoloqu hər iki tərəflə , uşaqlarla da birgə  iş apararaq ,problemin həll olunmasında tövsiyələr verir.Lakin təəssüf ki, bir çox ailələr konfliktər zamanı və ya hansısa problemlər yaşayarkən məlumatsızlıqdan və yaxdu da  ailə psixoloquna müraciət etməkdən çəkinirlər. Bu da konfliktərin artmasına,boşanmaların yaranmasına gətirib çıxarır ki, bundan da ən çox uşaqlar zərər çəkir.

 

Muxtarova Gülnarə

Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsinin tələbəsi

İxtisas: Təhsildə sosial-psixoloji xidmət

Go Back

"MÜASİR AİLƏ MODELİ"- gözləntilər və reallıqlar

PSIXOLOGIYA VƏ KONSULTASİYA MƏRKƏZİ, NARINC UŞAQ PSİXOLOGİYA MƏRKƏZİ VƏ "DÜŞÜNCƏ" PSİXOLOGİYA JURNALINDAN DAHA BİR LAYİHƏ!!!!!!

Son zamanlarda ailədaxili konfliktlərin, boşanmaların sayı getdikcə artmaqdadır. Bir vətəndaş kimi bu bizi narahat etməyə bilməz. O səbəbdən Sizlərlə birgə yeni bir layihəyə başlamaq istərdik. 

Sizin fikrinizcə;

- Bugün ailə bağlarının qopmasına səbəb olan başlıca faktorlar hansılardır?

- “MÜASİR AİLƏ” modelinin təməl prinsipləri

- Qadın və kişi psixologiyasındakı hansı fərqlər ailədaxili konfliktlərə gətirib çıxarır?

- Ailədaxili konfliktlərdən qaçınmaq üçün nələr etmək lazımdır?

- İdeal ailə necə olmalıdır?

- Qısqanclığın ailə bütövlüyünə təsiri?

- Ailə quran gənclərin gözləntiləri və qarşılaşdıqları reallıqlar

- Ənənəvi ailə modelinin üstünlükləri və ya çatışmazlıqları?

- Ailəyə kənar amillərin təsiri 

- Ailə bütövlüyünü qorumaq üçün hansı addımları atmaq lazımdır?

- Ailə psixoloqunun “MÜASİR AİLƏ” modelində rolu


Aşağıdakı istiqamətlər üzrə məqalələrinizi dushunce.office@gmail.com e-mail adresinə göndərməklə QEYDİYYATDAN keçə bilərsiniz. 

İŞTİRAKÇILAR ÜÇÜN HEÇ BİR MƏHDUDUİYYƏT YOXDUR! HƏRKƏS BU MÜSABİQƏDƏ İŞTİRAK EDƏ BİLƏR! 

Məqalənin sonunda adınızı, soyadınızı, yaşınızı və sosial statusunuzu ( peşə,ixtisas,şagird,tələbə- universitet,fakultə,ixtisas), yaşınızı və əlaqə nömrənizi də qeyd etməyi unutmayın!

MƏQALƏLƏR PROBLEMİ ÖZÜNDƏ ƏKS ETDİRƏN YAZI,ESSE,ŞER,HEKAYƏ VƏ S .OLA BİLƏR!!!!

Qalibləri Psixologiya və Konsultasiya Mərkəzindən, Narınc Uşaq Psixologiya Mərkəzindən və Düşüncə Psixologiya Jurnalından xüsusi hədiyyələr gözləyir.

- Qalibiyyət diplomu

- Psixologiya və Konsultasiya Mərkəzinin və ya Narınc uşaq Psixologiya Mərkəzinin təşkil etdiyi kurslardan birində ödənişsiz iştirak kuponu

- Ödənişsiz psixoloji chek-up kuponu

- Düşüncə jurnalından xüsusi təltif hədiyyələri


MÜSABİQƏDƏ 2 QALİBİMİZ OLACAQ!!!!

QALİBLƏR HƏM PEŞƏKAR MÜNSİFLƏR HEYYƏTİ TƏRƏFİNDƏN, HƏM DƏ SİZİN TƏRƏFİNİZDƏN ( HƏR BİR MƏQALƏ PAYLAŞILACAQ VƏ HANSI SİZ TƏRƏFDƏN DAHA ÇOX SƏS TOPLAYARSA QALİB OLACAQ) SEÇİLƏCƏK!!!


MƏQALƏ QƏBULU ÜÇÜN SON TARİX: 01.07.2015

E-MAİL: dushunce.office@gmail.com

Go Back

6 nəticə göstərilir