Düşüncə Jurnalı

header photo

“Bu travma zamanla güclənə bilər” – Psixoloq yanğının təsirlərindən danışır

Mayın 19-da Binəqədi rayonunda 16 mərtəbəli yaşayış binasında baş verən yanğın sadəcə binanın sakinlərini deyil, demək olar ki, bütün əhalini təşvişə saldı. Yanğınla bağlı sosial şəbəkələrdə paylaşılan statuslardan bu sarsıntını, təşvişi aydın şəkildə hiss etmək mümkün idi. O binada qohumu, tanışı yaşamayan onlarla adi vətəndaş da hadisə yerinə getdi. Əksər valideynlər istər-istəməz övladlarından dolayı narahat qaldılar.

 

Bu cür dəhşətli hadisə zamanı əhalinin daha çox psixoloji sarsıntı keçirdiyini nəzərə alaraq, Aile.lent.az Konsultasiya və Psixologiya Mərkəzinin rəhbəri, ailə psixoloqu Elnur Rüstəmovun fikirlərini öyrənib.

 

E. Rüstəmov bu hadisənin insanların psixologiyasına çox böyük mənfi təsir göstərdiyini vurğulayıb: “Öncə bu faciədə həyatını dəyişənlərə Allahdan rəhmət, qalanlara səbr diləyirəm. Dünən baş verən yanğın metahəssas insanlara, xüsusən valideynlərə mənfi psixoloji təsir göstərdi. Faciədən sonra onların övladlarına qarşı həssaslığı daha da artmağa başladı. Və bu həssaslıq bir müddət valideynlərdə davam edəcək. Ola bilsin ki, bir qism insanlarda bu həssaslıq xroniki hala çevrilsin. Psixologiyada bu, təşviş-həyəcan pozuntusu adlanır. Tutaq ki, ana uşağına bağlı idisə, bu bağlılıq bir az da artmağa başlayacaq. Və yaxud nənədə nəvəsinə qarşı belə bir hal yarana bilər. Zatən insanlar bu gün çox emosionaldılar. Bu hadisə emosionallığı bir qədər artırdı. Ötən gecə insanların əksəriyyəti narahat oldu. Narahatlıqdan bəzilərinin yuxu sistemi belə pozuldu”.  

 

İnsanlarda yaşana biləcək təşviş-həyəcan pozuntusunun dolayısı ilə itirmə qorxusuna bağlı olduğunu bildirən psixoloq deyir ki, bu kimi narahatlıqlar bir müddət sonra keçib gedir. Onun sözlərinə görə, insanların illər əvvəl baş vermiş bu cür hadisələrdən sonra keçirdikləri psixoloji sarsıntının izləri bəzi insanlarda hələ də qalır: "Məsələn, illər öncə Bakıda baş vermiş zəlzələni götürək. İndinin özündə də elə insanlar var ki, o zəlzələdən sonra qapalı yerdə qala bilmir, müxtəlif fobiyaları yaranıb. Buna tibbdə posttravmatik stress pozuntusu da deyilir. Bunun da müalicəsi var. Həmin insanlar müalicə aldıqdan sonra normal həyatlarını yaşayırlar. Müalicə olunmazsa, psixoloji fəsadlar həmin insanların ətrafdı, eləcə də ailəsi ilə münasibətinə mənfi təsir edə bilər”.

 

Baş verən yanğının daha çox ətrafdakı əhaliyə travma yaşatdığını deyən E. Rüstəmovun fikrincə, bu travma insanlarda hətta zamanla güclənə də bilər: “İnsanlar qaza, işığa daha həssas yanaşacaq, hətta “bizim binamız da yana bilər” qorxusu ilə bir müddət yaşaya bilərlər”.

 

Sosial şəbəkələrdə qabardılan “yanan binanın sakinlərinə tez bir zamanda psixoloji yardım göstərilməlidir” məsələsi ilə bağlı fikir bildirən psixoloq qeyd edib ki, ilkin psixoloji yardım FHN-nin tərkibində psixoloji yardım briqadası və Səhiyyə Nazirliyi tərəfindən göstərilib: "Hazırda daha çox o hadisəni yaşayan, o binanın sakinlərinə həyat tərzi ilə - yerləşdirmə, dəfn mərasiminin keçirilməsi ilə bağlı dəstək olmaq lazımdı. İndiki situasiyada onlara göstərilən psixoloji yardımın çox böyük effekti də olmayacaq. Çünki onlar indi itirdikləri insanların, ev-eşiklərinin hayındadırlar. Bir müddətdən sonra, təqribən 1 həftə, 10 gün sonra həmin insanlara psixoloji yardım göstərilə bilər. Çünki posttravmatik stress ancaq o vaxtdan sonra özünü daha çox büruzə verəcək. Məhz o zaman onların bir qisminə konkret psixoloji dəstəyin göstərilməsi məqsədəuyğun hesab olunur. Psixoloji dəstək sayəsində aldıqları travma neytrallaşdırıla bilər”.

Go Back

Comment