Düşüncə Jurnalı

header photo

"Narınc" psixologiya qəzetinin bu dəfəki müsahibi Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmova

Bu dəfə suallarımızı Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmovaya ünvanladıq. Psixoloq, eyni zamanda məktəbli anası olaraq, müsahibim yeni tədris ilinin başlanması ilə əlaqədar birinci sinif şagirdlərinin məktəbə adaptasiyası və bu önəmli məsələdə valideynlərin diqqətli olmasını gərəkdirən məqamlardan danışdı.

  • Narınc xanım, öncəliklə sizi çox ürəkdən təbrik edirəm, məktəbli anası oldunuz. O, artıq əvvəlki körpə deyil. Bu bir anaya hansı hissləri yaşadır ?
  • Təbrikiniz üçün təşəkkürlər. Həqiqətən, həmin gün bir başqa sevinc yaşadır insana. İstər sosial şəbəkələrdən, istərsə də zənglər vasitəsilə çoxsaylı təbriklər, xoş diləklər qəbul etdim və gördüm ki, doğurdan da uşağının birinci sinfə getməsinin bir başqa özəlliyi varmış insan üçün. İlk əvvəl insan nə baş verdiyini anlaya bilmir. Sonra isə ətrafdakı hər kəsin bu sevinci səninlə paylaşdığını gördükcə yavaş-yavaş içində olduğun anın dəyərini bilirsən, qəbullanırsan. Hər bir ana-ataya  o gözəl günü və o günün bəxş etdiyi sevinci yaşamağı arzu edirəm. Uşaq böyük bir həyata qədəm qoyur, yavaş-yavaş oyuncaqlarından ayrılır, real həyatla, həyatın gərçəkləri ilə üzləşməyə başlayır. Bu dövrü uşaq üçün dönüş nöqtəsi hesab etmək olar. Artıq uşaq özünəməxsus öhdəliklərə, məsuliyyətlərə sahiblənir.
  • Bir məktəbli anası hansı məsələlərə daha çox önəm verməli, hansı məqamları xüsusilə diqqət mərkəzində saxlamalıdır?
  • Artıq uşağını məktəbə yola salan hər bir valideyn ilk əvvəl öz istək və arzularını deyil, uşağın potensialını, onun marağını və onun üçün faydalı olanı nəzərə almalıdır. Valideyn tərəfindən ilk yalnış o vaxt edilir ki, o, uşağının bütün oyuncaqlarını yığışdırır, atır, kiməsə verir. Uşağa sərt bir şəkildə “- bax, artıq oyuncaqlarla oynamaq söhbəti yoxdur. Artıq çox yatmaq da olmaz, məktəb başlayır, sənin işlərin çox olacaq” deyərək, bu kimi qorxuducu ifadələrdən istifadə edir və məktəbi uşağın gözündə bir məcburiyyət, bir qorxu şəklində əks etdirir. Bütün bunlar isə tamamilə yalnışdır, uşaqda məktəbə qarşı bir inkar hissi oyadır.Ana-ata çalışmalıdır ki, uşaqla öz gözəl məktəb xatirələrini paylaşsın ki, bu səbəbdən də hələ məktəb həyatını dadmamış uşaq artıq məktəblə bağlı gözəl fikirlər formalaşdırsın özündə. Məsələn, mən məktəb qabağı öz oğluma çoxlu  xatirələrimdən danışdım, birinci sinifdə 11-ci siniflərdən aldığım hədiyyədən danışdım- “birinci sinfi qutaranda mənə oyuncaq silah hədiyyə etmişdilər. Mən də çoxlu ağlamışdım ki, mən qızam, niyə mənə oğlan oyuncağı alıblar. Sonra isə bir qız mənə ikinci hədiyyəmi verdi. Bu dəfə gəlincik alınmışdı, gözəl idi uzun saçları varıydı, mən də çox sevinmişdim.” Oğlumla birgə çoxlu güldük. Hətta ilk dərs günü məktəbli formasında çəkdirdiyim şəkilləri göstərdim. Uşaq üçün çox maraqlı olur, valideynlərinin balacalıq şəkillərini görmək. Valideyn məktəb adından uşağı qorxutmaq üçün istifadə etməməli, əsəbləşəndə “səni məktəbə aparacam”, “müəlliminə deyəcəm” kimi cümlələr qurmamalıdır. Çünki bu dönəmdə uşaq müəllimi müqəddəsləşdirir, müəllimin dediyi hər sözü özü üçün qanun hesab edir və ya müəllimləri içərisindən birinə daha çox bağlanır. Təəssüflər olsun ki, bəzən valideynlər bu nüansdan sui-istifadə edirlər.Bu dönəmdə valideynlərdən xüsusi diqqətli davranmağı tələb edən məsələlərdən biri də uşaqların yuxu rejiminə düzgün nəzarətdir. Uşaqların normal yuxu yatmasını təmin etmək lazımdır. Nəzərə alsaq ki, yay boyunca ailələr istirahətdə olurlar, uşaqlar gecələr gec yatır, tətil edir, sonra isə dərhal məktəb həyatına başlayırlar. Məhz bu səbəbdən də uşaqların həmin yuxu rejiminə uyğunlaşması çətin olur. Bunu nəzərə alaraq, mən tətildə belə Məsudun yuxu saatlarına diqqət edirdim ki, məktəb başlayanda “niyə artıq çox yata bilmirəm?” deyib gileylənməsin. Uşağın axşam saat 11-12də yatması birmənalı şəkildə yalnışdır. Gərək uşaq saat 9-da, ən geci saat 10-da yatsın ki, səhər rahatlıqla dura bilsin.
  • Nəzərə alsam ki, suallarımı bu sahə üzrə mütəxəssis, peşəkar birinə ünvanlayıram, o zaman fikirləriniz həqiqətən çox maraqlıdır. Az əvvəl bu məsələyə toxundunuz. Etraflı izah etmənizi istərdim, valideynlər necə etməlidirlər ki, uşaqlar məktəb rejiminə daha rahat adaptasiya olunsunlar?
  • Baxın, burda uşağın yuxu rejimi önə çıxır. Uşağın gecə rahat yuxu yatması önəmlidir. Əks halda valideyn hər səhər böyük bir əziyyətlə qarşılaşacaq. Düzdür, bizim evdə bu hal müşahidə olunmur. Çünki Məsud demək olar ki, bizim zəngli saatımızdır. Hər səhər saat 7-də yuxudan durur. Amma valideynlərə məsləhətim odur ki, səhərlər uşağı yuxudan durquzarkən dayanmadan “dur! dur! dur! “ deməsinlər, uşağı tələsdirib dərhal üstündən yorğanını götürməsinlər, bir sözlə, uşağı oyadarkən aqressiv davranış nümayiş etdirməsinlər. Özünüzü uşağın yerinə qoyun, şirin-şirin yatarkən kimsə sizi əsəbi şəkildə yuxudan oyadır, yuxudan durduqdan sonra etməli olduğunuz bütün işləri gözünüzün qabağına gətirirsiniz. Və belə deyək də, işləri gözünüzdə böyüdürsünüz, bu halda isə yuxudan durmaq daha da çətinləşir. Belə hallarda uşağa biraz vicdan yükləmək lazımdır. Düzgün olar ki, uşağı yuxudan durquzarkən ona 15 dəq. vaxt verilsin. Məsələn, ana deyə bilər ki, “ mən sənin yeməyini hazırlayıram, birazdan sən də yuxudan dur gəl, gözləyirəm səni”. Bəli, bu vəziyyətdə bir çox uşaqda arxayınlıq yarana bilər, onsuz anam bir də gəlib durquzacaq deyib yenidən yata bilər. Amma valideyn səy göstərməlidir ki, uşağı öz öhdəlikləri ilə üzləşdirsin. Məsələn, uşaq yuxudan gec qalxırsa onu məcburən durquzmağa ehtiyac yoxdur. Eger o, dərsə geciksə məktəbdə tənbəh eşidəcək, müəllimi bir daha gecikməməli olduğunu bildirəcək. Yaxşı olar ki, uşaq səhvini anlasın, nə üçün yuxudan vaxtında durmalı olduğunu özü başa düşsün. Valideynin də yardımı ilə o bir daha bu yalnışı etməyəcək. Burda vacib məsələlərdən biri də, uşağın yuxudan xoş əhval-ruhiyyə ilə durmasıdır. Zəngli saat üçün uşağın sevdiyi bir mahnını quraşdırmaq olar. Məsələn, biz telefonda zəngli saatın bildirişinə Məsudun ən sevdiyi, pozitiv enerji aldığı mahnını qurmuşuq.  Və son olaraq, uşağı xoş sözlərlə, öpərək, qucaqlayaraq yuxudan oyatmaq, onunla birgə səhər idmanı etmək lazımdır. Uşağı təlaşlandırmaqdansa vaxtından tez durquzub yemeyini rahat yemesini, dərslərini təkrarlamasını təmin etmək daha düzgündür. Bu isə ilk növbədə uşağın normal gecə yuxusu yatmasından asılıdır.
  • Düzdür, müasir dövrümüzdə bu halların qarşısı yavaş-yavaş alınmaqdadır. Amma yenə də bəzi uşaqlar məktəbə gedərkən ağlayırlar, dərsə getmək istəmirlər. İlk əvvəl bilmək istərdim, bunun əsas səbəbini nədə görürsünüz? Və necə düşünürsünüz, bu situasiya ilə qarşılaşan valideyn necə davranmalıdır?
  • Ümumiyyətlə bu məsələdə uşağın öncədən bağçaya getməsi mühimdir. Statistik olaraq müşahidə edilmişdir ki, məktəbəqədər yaş dövründə bağçaya getmiş uşaqlarda məktəb qorxusu daha az müşahidə olunur. Evdə qapalı mühitdə böyüyən, əhatə dairəsi, dost çevrəsi geniş olmayan və ya sırf nənə-baba tərbiyəsi altında böyüyən, müəyyən davranış pozuntuları olan uşaqlar isə məktəbə getməkdən qorxurlar, adaptasiya olmaqda çətinlik çəkirlər. Həddindən artıq mükəmməlliyyətçi ailə mühitində böyüyən, aşırı nəzarətçi valideynlər tərəfindən tərbiyələndirilən uşaqlar cəmiyyətdən, ünsiyyətdən qaçırlar, bu səbəbdən də onlar məktəbə getmək istəmirlər. İndi iki halı sizin nəzərinizə çatdıracam, var məktəb fobiyası və bir də var uşaqda kaprizlər şəklində özünü göstərən məktəbə getmək istəksizliyi. Hansı ki, valideynlər bunu fərqləndirməyi bacarmalıdır. Belə deyək, əgər uşaq məktəbə gedərkən ağlayır və 15-20 dəq sonra vəziyyəti qəbullanır, az əvvəl anasının məktəbdə olduğunu belə unudur, hər hansı bir problem yaşamırsa bunu gözümüzdə böyütməyə ehtiyac yoxdur. Bu fobiya deyil, sadəcə uşağın kaprizidir. Həmin anda anasından ayrılmaq istəmir, anasının yanında olmağını istəyir. Amma bu bir fobiyadırsa uşaq sinfə girəndən dərsin sonuna qədər ağlayır, həyəcan səbəbindən qeyri-iradi altını isladır, davranışını itirir, hisslərini idarə edə bilmir. Bu zaman uşağa zülm vermək, hər dəfəsində danlaya-danlaya sinfə salmaq lazım deyil. Yaxud bəzən valideynlər uşaq qorxmasın deyə dərsin sonuna qədər sinifdə oturmaq üçün israrlı davranırlar. Təbii ki, bunlar tamamilə yalnışdır. Valideynin vaxtında məsələylə bağlı tədbir görməsi, psixoloq və ya pedaqoqla birgə işləyib peşəkar davranması daha məqsədəuyğundur. Uşaqda məktəb qorxusunun olmaması üçün o,  fiziki və psixoloji məktəbə hazır olmalı,onun pedaqoji və psixoloji bacarıqları məktəbə uyğun gəlməlidir. Burda bütün cəhətlər nəzərə alınmalıdır. Uşağın yaşı 6-dır, çəkisi normaldır, fiziki gücü var, saymağı bilir, rəqəmləri tanıyır.  Bütün bunlar o demək deyil ki, uşaq məktəbə hazırdır. Ən əsası uşaq psixoloji olaraq özünü məktəbə hazır hiss etməlidir.  Məktəbə qəbul zamanı azmı müşahidə olunur aktiv uşaqların testlərdə aşağı nəticə göstərməsi?. Valideyn öncədən bunu müəyyənləşdirməlidir. Hal-hazırda mərkəzimizdə uşaqlarımıza “Metropalitan” və “OKHT” (məktəb öncəsi hazırlıq testi) testləri tətbiq edilir, hansı ki, valideynlərimiz bundan yararlanırlar. Elə oğluma da məktəbdən əvvəl bu testləri tətbiq etmişdim. Bu zaman uşağın həm pedaqoji bacarıqları yoxlanılır, həm də məktəbə psixloji hazırlığının davamlılığı müəyyənləşdirilir, “uşaq psixoloji cəhətdən bu yükü qaldıra bilərmi?” sualı öz cavabını tapır. Uşaqda oturma vərdişi, müəllimi dinləmə qabiliyyəti, ünsiyyət qurma bacarığı olmalıdır. Bütün bunlar isə onun psxiloji hazırlığından irəli gəlir. Dostları, yaşıdları ilə ünsiyyət qura bilməyən, şiddətə meyilli, özünə qapalı olan uşaq sözsüz dərs prosesində çətinlik çəkəcəkdir.

   Valideynlər səbirli olmağı bacarmalıdırlar. Uşağın məktəbə adaptasiyası problemi düzgün davranıldıqda zamanla öz həllini tapır. Uşaqdan ideallıq gözləmək lazım deyil. İlk bir ay hər bir uşaqda məktəbə uyğunlaşma dönəmidir. Bu dönəmi hər bir uşaq fərqli şəkildə başa vurur, hər bir uşaqda fərqli davranışlar özünü göstərir. Məsələn, mənim oğlum artıq bir neçə gündür ki, məktəbə gedir və mən evdə onun davranışlarında gərginlik hiss edirəm, hər bir xırda şeyə tez əsəbləşdiyini görürəm. Təbii haldır. Uşağın mühiti dəyişir, yenicə ayrıldığı bağça yoldaşları üçün darıxır. Məsud bağça yoldaşları ilə bir qrupda deyil deyə demək olar ki, hər gün gileylənir. Amma mən bir ana olaraq öz uşağımın ünsiyyət bacarıqlarına güvənirəm, bu problemi tədricən aradan qaldıracağına inanıram. Həmçinin, özüm də bu işdə ona yardımçı oluram, səhlənkar yanaşmıram. Belə ki, hal-hazırda məşğulam, müsahibə verirəm, oğlum isə aşağı mərtəbədə seansdadır. Çünki onun bu vəziyyətinin kəskin hal almasını istəmirəm. İstəyirəm ki, rahatlaşsın, aqressiyası yavaş-yavaş aradan qalxsın. Hörmətli valideynlər, məktəbə adaptasiya müddətində uşaqlarınızın davranışlarında xoşagəlməz hallar müşahidə edirsinizsə tam zamanında mütəxəssis yardımı alın, məktəb psixoloqu ilə məsləhətləşin. Gözləməyin ki, problem ən pik nöqtəyə gəlib çatsın, uşaq məktəbə getməsin, qussun, həyəcan səbəbindən səhər yeməklərindən imtina etsin, özünü yerə çırpsın, dərsə girməzdən əvvəl qarnı ağrımağa başlasın, sonra psixoloq yanına gətirəsiniz. Hətta gecələr yatmayan uşaqlar da var, hansı ki, səhər açılsa məktəbə gedəcək deyə qorxur. Bu kimi normal olmayan hallarla vaxtında maraqlanmaq, onları vaxtında korreksiya etmək lazımdır ki, böyüyəndə xarakterə çevrilib pataloji hal yaratmasın.

- Sentyabrın 15-i – ilk dərs günü. Burda iki fərqli məqam var. Hansı ki, ziddiyyət doğurur. Fikrinizi bilmək istərdim, sizcə həmin günü böyük təntənə ilə qarşılamaq, bütün yaxınlarla birgə məktəbə getmək, müasir dəbə uyğun desək, fotosessiyalar etmək, uşağa çoxlu hədiyyələr almaq düzgündür, yoxsa o günü adi qarşılayıb, uşağın gözündə çox da böyütmədən sadə bir şəkildə qeyd etmək?

- Bəli, maksimum dərəcədə çalışmaq lazımdır ki, məktəb uşağın gözündə çox da böyüdülməsin. Həmin gün uşağa çoxlu sayda hədiyyələr, mükafatlar veridikdə uşaq özü də hiss edir ki, onun həyatında nəsə mühim bir dönəm başlayır. Kaprizli uşaqlar isə bu haldan yararlanmağa çalışırlar, manipulyasiya aparatı kimi istifadə edirlər. Uşaq öz aləmində düşünür ki, anam, atam, nənəm, babam, bibilər, xalalar və s. qohumlar mən məktəbə gedirəm deyə bu qədər çox sevinirlərsə, hədiyyələr alırlarsa demək bu onlar üçün vacib məsələdir, mən ağlasam, məktəbə getmirəm desəm mənim nazımı çəkəcəklər, nə desəm edəcəklər, nə istəsəm alacaqlar. Digər bir halda bu davranış pozuntulu uşaqlarda qorxu yaradır, o fikirləşir ki, doğurdan da nəsə önəmli gündü, mənim üçün çətin günlər başlayır, ona görə də hamısı çalışır ki, indidən məni sevindirsin. Mən demirəm, valideyn həmin gün üçün hazırlıq görməməlidir. Əlbəttə əlamətdar bir gündür. Sadəcə yaxşı olar ki, yavaş-yavaş hazırlıqlar görülsün, sırf həmin gün tortlar, şirniyyatlar bişirilməsin. O ki, qaldı sualınızda fotosessiya məsələsinə toxunmuşdunuz, inanırsınız, Mesudun ilk dərs günündə men fotoqraf çağırmamışdım, çünki bunu gərəkli hesab etmirəm. Bəli, o anı ölümsüzləşdirmək lazımdır.Amma adi günlərdə necə telefonla şəkillər çəkiriksə, həmin gün də telefonla şəkillər çəkdim. Sözüm ondadır ki, o günü qeyd etmək lazımdır, uşaq valideynin onun yanında olduğunu görməlidir, onunla birgə sevincinə sevindiyini duymalıdır. Amma burda böyük bir təntənəyə ehtiyac yoxdur. Ananın, atanın xoşbəxt bir şəkildə uşağın əllərindən tutması, əlindən tutaraq yanında olduqlarını bildirməsi, məktəbə aparması belə həmin günün sevincini paylaşmaqdır, yəqin qəbul edərsiniz ki, bu günümüzdə bunun özü belə bir çox uşaq üçün bayramdır.

- Gəlin, uşaqların iç dünyasından danışaq, onların psixologiyasına istinad edərək, necə düşünürsünüz, birinci sinfə gedən bir məktəblini ən çox narahat edən, yeri gələndə heç kəsə demədən özlüyündə düşündüyü məqam nədir?

- “Görəsən öhtəsindən gələ biləcəm?”, “hamı dərslərini yaxşı oxuyub çoxlu “5” alarsan deyir, bəs mən bunu bacara biləcəm?”- bu suallara cavab axtarır uşaqlar. Adətən çox böyük həvəslə, gözləntilərlə məktəbə gedən uşaqlar hansısa ümidsizliklə üzləşə bilərlər, bəllidir ki, müasir dərs sistemi, kurikulum proqramı çətin və məsuliyyətlidir. İlk başda bu uşaqların gözünü qorxudur, həyəcan yaradır. Uşaqlar ən çox bunu düşünürlər. İlk günün isə həmişə bir həyəcanı vardır. Bu biz böyüklərə də aiddir. Özümdən misal çəkəcəm, həftənin 2-3 günü efirlərdə oluram. Amma  yay boyu fasilədən sonra ilk efirə çıxanda həmişə bir həyəcan, narahatlıq hiss edirəm. Odur ki, uşaqları da başa düşmək olar. Tədricən məktəbə uyğunlaşdıqdan sonra uşaqlar məktəblə bağlı arzular qurmağa başlayırlar, oxuyub hansı peşə sahibi olacaqlarını fikirləşirlər, çünki hamıdan ən çox bununla bağlı suallar eşidirlər.

-Məlum məsələdir ki, bu gün bir çox uşaqlar vaxtından əvvəl məktəbli olurlar və bu hal geniş vüsət almağa başlayıb. Bununla bağlı fikirləriniz necədir, niyə valideynlər bu işdə bu qədər çox maraqlıdırlar, bunun uşaq üçün müsbət və mənfi tərəfləri nədən ibarətdir?

-Bu əslində bizim etnopsixologiyamızdan qaynaqlanan bir haldır, yəni biz çox şey üçün tələsirik, qabağa düşmək istəyirik. Sırf bu məsələdə deyil, başqa məsələlərdə də buna oxşar davranışlar göstəririk, adicə nitqində qüsuru olan  və yaxud da ailədə rus dilində qətiyyən danışılmayan bir uşağı bu gün valideynlər məcburən rus bölməsində oxudurlar. Eynilə də fiziki və psixi bacarıqları baxımından məktəbə hazır olmayan uşağı 5 yaşından məktəbə qoyurlar.  Tələsirlər, gələcəklə bağlı planlar qururlar, sanki hər şey bizim planımızla olurmuş kimi. Mən uşağın 5 yaşında məktəbə getməsinə pis yanaşmıram, əgər uşaq həqiqətən hazırdırsa niyə də olmasın?. Mənim öz oğlum da 6 yaşının tamamına bir nçə ay qalmış məktəbli oldu. Burda vacib məsələ valideynin düzgün davrana bilməsidir, uşağı qaldıra bilməyəcəyi yüklərlə yükləməməsidir, bacarığına uyğun olmayan bir işə məcburən yönləndirməməsidir. Hansı ki, bu da özlüyündə günümüzün əsas problemlərindəndir, uşaqda təşviş yaradır, yeri gələndə intiharla nəticələnir.

-Aydındır ki, məktəbli anası müəllimlə sıx əlaqədə olmalıdır. Bundan sonra siz də məktəbli anası olaraq valideyn iclaslarına qatılacaqsınız. Oxucularımıza müəllim-valideyn qarşılıqlı münasibətindən və bu münasibətin vacibliyindən danışmanızı istərdim.

-Əlbəttə bu çox önəmlidir, valideyn hər gün müəllimlə əlaqə saxlamalı, hər gün məktəbə gedə bilməsə də telefon vasitəsilə maraqlanmalı, uşağı haqqında, bu gün nələr etdiyi, dərsə necə cavab verdiyi haqqında maraqlanmalı, summativ nəticələrindən xəbərdar olmalıdır. Və bunu bir müddətdən sonra qırmaq yox, davamlı olaraq yerinə yetirmək lazımdır. Adətən, valideynlər ibtidai siniflərdə belə davranırlar, uşaq yuxarı sinfə qalxdıqca bu əlaqəni soyudurlar, lazım hesab etmirlər. Müəllim-valideyn əməkdaşlığı qorunmalıdır və valideyn bu əməkdaşlıqdan istifadə edib uşağı hədələməməli, yaxud müəllimi uşağın gözündə “xəbərçi” kimi canlandırmamalıdır.  Valideyn-müəllim münasibəti hər gün uşağa ötürülməməlidir, bəzən valideyn uşağın xəbəri olmadan maraqlanmalı, lazım gəldikdə uşağı bu haqqda məlumatlandırmalıdır. Valideynin tez-tez müəllim dəyişməsi də yalnış yanaşmadır. Məsələn müəllimdən övladı haqqında şikayət eşidən bəzi valideynlər bununla razılaşmırlar, müəllimi dəyişirlər. Halbuki müəllim-valideyn arasında paylaşım, fikir mübadiləsi olmalıdır. Valideyn müəllimlə yanaşı uşağını da araşdırmağı bacarmalıdır. Mən psixoloqam deyə heç vaxt düşünmürəm ki, mənim uşağım məktəbdə ideal olmalıdır, xeyr, o da insandır və onun da səhvləri ola bilər. Müəlimin onunla bağlı fikir və iradlarını normal qəbul edirəm.

-Valideynin birinci sinfə yola saldığı uşağın qız və ya oğlan olması, cinsi fərqi onun (valideynin) davranışında hansı fərqli məqamları gərəkdirir?

-Əslində cinsi fərqlər o qədər də qabardılmır. Bilirik ki, müasir dövrümüzdə valideynlər istər geyim seçimində, istərsə də rəng seçimində cinsi fərqləri əvvəlki qədər çox önə çəkmirlər. Amma təbii ki, bu məsələdə qız uşaqları dərslərinə qarşı daha məsuliyyətli olurlar. Odur ki, valideynlərin də qız uşaqlarından dərsləri ilə bağlı daha çox gözləntiləri olur. Eyni zamanda qız uşaqlarına daha çox tələblər qoyulur. Bir məsələni də qeyd edim ki, məktəb fobiyası ilə üzləşən uşaqların əksəriyyəti qızlardır. Məktəb kaprizi olan uşaqların əksəriyyəti isə oğlandır. Çünki oğlanlar evdə qızlarla müqayisədə daha çox azad, sərbəst böyüdülür və məktəbə gedib bu krallığı əldən vermək istəmirlər.

-Narınc xanım, istərdim ki, bu məsələdə - uşaqların düzgün məktəb həyatı yaşamasında biraz da atalarımızın rolundan danışasınız.

-Bunu yəqin ki, siz də təsdiqləyərsiniz, hal-hazırki dövrdə atalar tərbiyə sistemindən kənarda qalır. İş saatının çox olması, səhər çıxıb axşam evə qayıtması baxımından analarımızla müqayisədə ataların qayğıkeşliyi ikinci dərəcəli olur, onlar uşağı daha az gördüyündən uşağa da çox ərköyünlük qazandırırlar, uşağın xətrinə dəymək istəmirlər. Buna görə də uşaqla problem yaşadıqda uşağın anaya aqressiyası daha çox olur. Amma nəzərə almalıyıq ki, atalara da tərbiyə işində məsuliyyət yükləmək lazımdır. Burda da analarımızın rolu böyükdür, qadın hər şeyi öz üstünə almamalıdır, atadan bəzi məsələləri tələb etməlidir. Mən çalışıram ki, uşağı hər dəfəsində özüm məktəbə aparmayım, bu məsələdə atanı da ön plana çəkməyə çalışıram. Hər dəfə israrlı şəkildə həyat yoldaşımdan işlərinin nə qədər çox olmasından asılı olmayaraq uşaqlara vaxt ayırmasını istəyirəm, bunu tez-tez onun yadına salıram. Uşağa çox yaxşı təsir edir atalarının onlarla birlikdə kitab oxuması. Ona görə də işdən nə qədər yorğun gəlsələr də çox yaxşı olar ki, atalar da uşaqlara vaxt ayırsın, onlara kitab oxusun. Belə şərait yarandığı halda uşaq atanın yanında kaprizlər etməməyə çalışır. Ata ilə ana uşaq tərbiyəsində oxu eyni nöqtəyə vurmalıdır, sözləri üst-üstə düşməlidir. Bu halda tərbiyə işi uğurlu ola bilər.

-Narınc xanım, həqiqətən çox maraqlıdır,təbii ki, hər bir anada olduğu kimi sizin də Məsud balacaykən onun məktəbli olması ilə bağlı planlarınız vardı. Hansı ki, özünüzdə bir məktəbli anası obrazı yaratmışdınız.  Bu gün həmin ananı real olaraq yaşada bilirsinizmi ? Narınc Rüstəmovanın iş qadını olması bu məsələyə necə təsir edir?

- Maraqlı sualdır... Sözsüz xəyallarımızda hər şeyi ən yaxşı şəkildə canlandırırıq. Amma yaşayarkən heç də hər şey qüsursuz və xəyalımızda düşündüyümüz kimi olmur. Bəli Məsudun balacalığında həmişə bu günlə bağlı çoxlu xəyallarım vardı. Təbii ki, real həyatda xəyalımdakı ideal ana obrazına tam çata bilmərəm. Düşünürəm ki, əgər çatsaydım hədəflərim qalmazdı, bu halda isə həyatın bir dəyəri olmazdı. Lakin maksimum dərəcədə əlimdən gələni edirəm ki, bir ana olaraq onun təlim-tərbiyəsinə doğru vaxtı doğru şəkildə ayıra bilim. Və şübhəsiz ki, peşə bacarıqlarım bu işdə mənim çox köməyimə çatır. Ən əsas çalışıram ki, övladım öz məsuliyyətlərinin öhdəsindən özü gəlməyə çalışsın. Hər dəfəsində onun dərslərini mənimlə birgə öyrənməsi üçün deyil də, mənə təhvil verməsi üçün şərait yaradıram. İstmirəm ki, həmişə mənə arxayın olsun. Sualınızda düz qeyd etdiniz, iş həyatım az-çox bu məsələyə təsir edir, bəli mən iş qadınıyam, amma bundan daha önəmlisi mən bir anayam. İşlərimin övladlarımın təhsilini, tərbiyəsini geridə qoymasına yol verə bilmərəm.

-Narınc xanım, son olaraq oxucularımıza, yenicə məktəbli olmuş balaca dostlarımıza nələri demək istərdiniz ?

- Valideynlərimizə son olaraq bildirmək istərdim ki, şərait yaradın ki, uşaqlarınızın öz hədəfləri olsun. Onları heç vaxt öz potensiallarından artıq işlərə təhrik etməyin, əgər uşağınız bir səhifə əvəzinə yarım səhifəni öyrənə bilirsə, amma gözünüzün qabağında bunun üçün əziyyət çəkir, çalışırsa onu elə bu zəhmətinə görə  qiymətləndirin. O ki, qaldı balaca dostlarımıza, mən onların hər birinə sağlıqlı yaşam diləyilə yenicə başlayan məktəb həyatında uğurlar arzu edirəm. Hər zaman layiqli qiymətlərini almalarını diləyirəm. Son olaraq, əziz balacalar, harda və hansı yaş dönəmində olmanızdan asılı olmayaraq həyat həmişə üzünüzə gülsün.

  Hörmətli psixoloq Narınc Rüstəmovaya dəyərli fikirlərinə görə ürəkdən təşəkkür edirik.

           Müsahibəni hazırladı : "Narınc" psixologiya qəzetinin redaksiya heyətinin üzvü Abuşova Sevinc.

Go Back

Sorğu göndər