Düşüncə Jurnalı

header photo

Adı Qalan Uşaq Düşərgələri

Mütəxəssislər uşağın sosiallaşması, vətəndaş kimi yetişməsi üçün uşaq düşərgələrinin əhəmiyyətinin böyük olduğunu deyirlər

Tədris ili başa çatdıqdan sonra məktəblilərin yay tətili başlayır. Uşaqların yeni dərs ilinə yorğun qədəm qoymaması üçün bu tətilin səmərəli keçirilməsi vacibdir. Yay tətilində dolğun istirahət edən uşaqlar olsa da, təəssüf ki, bunu bütün məktəblilərə aid etmək olmur. Onların çoxu yay tətilini evdə valideynləri ilə birgə keçirir. Buna isə heç də düzgün tətil demək olmaz. Sovetlər vaxtında uşaqlar üçün yay düşərgələri təşkil edilirdi ki, bu da məktəblilərin səmərəli istirahətini təmin edirdi. Həmin düşərgələr bu gün də var. Amma varlığı ilə yoxluğu hiss edilmir...

Uşaqların yay düşərgələri kağızdan silinib

Yay aylarında uşaqların istirahətini təşkil edən barmaqla sayılacaq qədər az sayda düşərgə mövcuddur. Bu isə yetərli deyil. Uşaqların Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov qəzetimizə açıqlamasında bildirdi ki, bütün uşaqlar yay aylarında istirahət etmək hüququna malikdir. Məktəbdən bir neçə ay uzaqlaşan uşaqlar həmin vaxt ərzində istirahət etməli, güc yığmalı, yeni tədris ilinə hazırlaşmalıdırlar: “Təəssüf ki, bu gün həmin istirahət ancaq sosial vəziyyəti yaxşı olan ailələrin uşaqları üçün verilir. Məktəb bağlanandan sonra uşağın evdə oturması, küçədə vaxtını boşuna keçirməsi, kompüterdə oyunlar oynaması istirahət deyil. İstirahət müddətində uşaq harasa getməli, yaşıdları ilə təmasda olmalıdır. Əvvəlki illərin düşərgələri böhrana uğradı. Hazırda cəmi bir neçə düşərgə var ki, onlar da hansısa böyük idarələrdə çalışanların uşaqlarının istirahətini təmin edir. Rusiyada da məktəb düşərgələri geniş yayılıb. Azərbaycanda isə heç kim bununla məşğul olmaq istəmir. Uşaqların yay düşərgələri kağızdan silinib. İki-üç düşərgə ilə demək olmaz ki, bizdə bu var”.

Məktəb düşərgələri daha asan başa gəlir

Y.Bəkirov deyir ki, yüksək səviyyədə nəsə təşkil etməyə ehtiyac yoxdur. Uşaqların istirahətini təmin etmək üçün əldə olanları dəyərləndirmək lazımdır: “Sovet dövründə məktəb düşərgələri də fəaliyyət göstərirdi. Onlar hər bir ailə üçün sərfəli idi. Təəssüflər olsun ki, Təhsil Nazirliyi bu gün uşaqların istirahətini təmin edə bilmir. Azərbaycanın bir çox səfalı bölgələrinin məktəblərində düşərgələr təşkil etmək olar. Minimum imkanlar hesabına müəyyən şərait yaradılsa, bu da yetər. Müəllimlər dərs olmayan vaxtlarda müəyyən müddət məktəblərə gedirlər. Elə etmək olar ki, müəllimlər həmin müddətdə düşərgələrdə uşaqlarla da məşğul olsunlar.

20 minə yaxın uşağın sağlamlaşdırılması və istirahəti...

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov bildirdi ki, AHİK və onun üzv təşkilatları olan sahə həmkarlar ittifaqları hər il olduğu kimi, bu il də yay aylarında uşaqların istirahətinin təşkilinə ciddi önəm verirlər. Ötən ilin yay mövsümündə 20 min nəfərə yaxın uşağın sağlamlaşdırılması və istirahəti təşkil edilib: “Onlardan 2750 nəfəri həmkarlar ittifaqlarının yay sağlamlıq düşərgələrində dincəlib, qalanları isə həmkarlar ittifaqının xətti ilə öz valideynləri ilə birgə respublikanın səfalı guşələrindəki istirahət mərkəzlərində istirahət ediblər. Ailəvi istirahətin təşkili ilə əlaqədar həmin istirahət mərkəzləri ilə müqavilələr bağlanıb və yollayışlar verilib. AHİK-in tabeliyində olan sanatoriya-kurort müəssisələrində də uşaqların sağlamlaşdırılması və istirahəti təmin edilib, bu zaman ilk növbədə uşaqların müalicəyə olan ehtiyacı nəzərə alınıb. İstirahətə göndəriş zamanı aztəminatlı ailələrin, məcburi köçkünlərin, qaçqınların uşaqlarına güzəştlər olunub”.

800 uşaq pulsuz istirahət edə biləcək

N.Ağamirov deyir ki, bu il yay-sağlamlıq düşərgələrində dincələcək uşaqların sayının 2000 nəfər olacağı gözlənilir. Bundan əlavə, sahə həmkarlar ittifaqı təşkilatları tərəfindən də uşaqların yay istirahətlərinin təşkil olunması nəzərdə tutulur: “Yay-sağlamlıq düşərgələrinə yollayışlar ilk növbədə həmin düşərgələrin məxsus olduğu Sahənin müəssisə və təşkilatlarında çalışan işçilərin uşaqlarına veriləcək. Bu il istirahəti təşkil olunması nəzərdə tutulan 2000 nəfər uşaqdan 800 nəfəri yollayışdan tam güzəştlə pulsuz istifadə edəcək. Həmin yollayışlar əsasən aztəminatlı, şəhid, qaçqın, məcburi köçkün və əlil ailələrinin uşaqları üçün nəzərdə tutulur. Qalan 1200 uşaq isə dəyərinin yalnız 15 faizini ödəməklə yollayış əldə edəcək”.

Bir ədəd yollayışın dəyəri 235 manat

N.Ağamirovun sözlərinə görə, bir ədəd yollayışın dəyəri 235 manat olsa da, işçilər öz uşaqları üçün alacaqları yollayışın dəyərinin yalnız 15 faizini, yəni 35 manat ödəyəcəklər: “Uşaq-sağlamlıq düşərgələri mövsüm ərzində bir növbənin müddəti 21 gün olmaqla fəaliyyət göstərəcək. Uşaqların istirahətinin dolğun və səmərəli keçməsi üçün düşərgələrdə lazımi şərait yaradılıb. Düşərgələrdə dincələcək uşaqların yaş həddi 7-14-dür”.

Düşərgə uşağı vətəndaş kimi formalaşdırır

Sosioloq Əhməd Qəşəmoğlu uşaq düşərgələrinin onların istirahəti üçün kifayət qədər yaxşı düşünülmüş mexanizm olduğunu deyir. Burada düşərgələrin necə təşkil edilməsindən də çox şey asılıdır: “Əvvəllər uşaq düşərgələrinə ancaq təbiətin gözəl olduğu məkanlarda deyil, bütün kəndlərdə rast gəlmək olardı. Amma sonradan onu sovet mexanizmi kimi ləğv etdilər. Uşaqlara sovet ideologiyasının təbliğ olunduğu əsas gətirilərək yığışdırıldı. İndi Azərbaycançılıq ideologiyası, dövlətçiliyimiz barədə təbliğat işi qurmaq olar. Burada təbliğat ikinci dərəcəli əhəmiyyətə malikdir. Dərslər olmayan vaxtlarda düşərgələrdə uşaqların vətəndaş kimi formalaşması üçün tədbirlər görülürdü. Bunun üçün yaxşı proqram tutmaq lazımdır. Həmin düşərgələrdə uşaqlarla psixoloqların işləməsinə şərait yaradılmalıdır. Psixoloqlar uşaqların qabiliyyətlərinin üzə çıxmasına yardım etməlidir. Düşərgələr şəxsiyyətin sosiallaşmasına kifayət qədər kömək edən vasitə idi”.

Valideynlərin düşərgələrə inamı azdır

Sosiolq deyir ki, oğlanlarla qızların bir yerdə uşaq düşərgələrində istirahət etməsinə valideynlərin etibarlılıq dərəcəsi də azalıb. Bu da düşərəglərin bu gün aktuallıq qazanmasına mane olan amillərdəndir: “Əvvəllər uşaq düşərgələrinə valideynlər etibar edirdilər deyə, övladlarını oğlanlı-qızlı oraya göndərirdilər. İndi isə cəmiyyətdə gedən proseslər elə şəkildədir ki, bir az mənəvi cəhətdən cəmiyyət sanki bu məsələlərdən uzaqlaşıb. Ona görə düşərgələr elə təşkil edilməlidir ki, valideynlər etibar edib uşaqlarını oraya göndərsinlər. Bu baxımdan işlərin yenidən qurulmasına böyük ehtiyac var. Türkiyə, Rusiyada kimi ölkələrdə bu mexanizmin dəyişik metodlarına rast gəlmişəm”.

3-4 yaşdan sonra uşaq düşərgəyə getməlidir

Uşaq psixoloqu Narınc Rüstəmova deyir ki, yay aylarında bütün uşaqların istirahətə ehtiyacı var. 3-4 yaşdan sonra valideynlər uşaqlarını düşərgələrə etibar edə bilərlər: “Əvvəlki illərdə düşərgələr təkcə normal deyil, hansısa xəstəlikdən əziyyət çəkənlər üçün də var idi. Şəkərli diabet, onkoloji və s. xəstəliklərdən əziyyət çəkən və ya çətin tərbiyə olunan uşaqlar uşaqlar üçün ayrıca düşərgələr var idi. Həmin uşaqların cəmiyyətə qaytarılması, sosial adaptasiyanın təmin edilməsinə çalışılırdı. İndi Azərbaycan Diabet Liqası (ADL) diabetli uşaqların hər yay istirahətini təşkil edir. Amma bu istirahət əvvəlki illərdəki qədər intensiv deyil”.

Düşərgə uşağı sosiallaşdırır

Psixoloq deyir ki, düşərgə asudə vaxtın təşkili üçün ən gözəl vasitədir. Uşaq sosiallaşır, ana-atadan ayrı qalaraq qaydalara tabe olmağı öyrənir, şəxsiyyət kimi formalaşır: “Bizim cəmiyyətin ən böyük problemlərindən biri uşaqların ata-anaya çox bağlı olmasıdır. Ailələrdə uşaqların sayı azdır. Buna görə də valideynlərin uşaqların üzərində diqqəti daha da çoxdur. Diqqətini bir uşağa verən valideyn ondan daha çox şeyi tələb etməyə başlayır. Uşağa özü vaxt ayırdığı üçün onu düşərgəyə göndərməyə ehtiyac duymur. Uşaqları özlərindən uzaq tutmurlar ki, başlarına nəsə pis hadisə gələ bilər. Amma əvvəllər artıq uşağın yaşı uyğun gəldikdə rahatlıqla düşərgələrə verirdilər. 3 yaşından sonra uşaq bağçaya getməli, düşərgələrdə olmalıdır. 3 yaşına qədər uşağa dayə qulluq edə bilər. Amma sonra dayə yox, bağça daha yaxşıdır. Əgər uşağın sosial bacarıqları inkişaf etməsə, o, ancaq sözünü evdəkilərə keçirə bilir. Evdən kənarda isə heç bir bacarığa malik olmur. Bu gün valideynlər uşaqlara çox diqqət göstərirlər, normadan artıq himayə edirlər”.

Düşərgəyə tələbat yaradılmır

N.Rüstəmovanın sözlərinə görə, tələbat olmadığı üçün düşərgələrin sayı azalmağa başlayır. O deyir ki, düşərgə mexanizmi ilə bağlı maarifləndirmə işləri aparılmalıdır: “Həmin düşərgələrdə psixoloqlar olmalıdır. Düşərgələrin təşkil edilməsi məsuliyyətli işdir, burada hər bir detal nəzərə alınmalıdır. Uşaqların qidalanmasından tutmuş, əyləncələrinə qədər nəzarətdə olmalıdır. Çünki uşaqlar fərqli ailələrdən gəlir, zövqlər, fikirlər eyni olmur. Eyni zamanda, uşaqların yaş qruplarını da nəzərə almaq lazımdır. Böyük uşaqlarla balacaları eyni qrupa salmaq düzgün deyil. Düşərgə bir ailədir və uşaq orada qaydalara tabe olur, özünə dost tapır, sosiallaşır. Bir sözlə, uşaq bu cür mərhələlərlə cəmiyyətə hazırlanır. Məktəb yaşına qədər bağçaya, bu cür düşərgələrə gedən uşaqların məktəbə uyğunlaşması çətin olmur. Evdə oturan, eqoist böyüyən uşaq cəmiyyətə uyğunlaşa bilmir”.

Uşaq valideyndən ayrı istirahət etməlidir

Psixoloq onu da bildirdi ki, uşaqların istirahəti valideynlərdən ayrı olanda daha yaxşı olur. Bunun üçün isə düşərgələr yaxşı vasitədir: “Uşaq bəzən yaşıdları ilə gəzintiyə getmək istəyəndə anası icazə vermir, deyir özüm aparacam. Valideynlər uşaqların onlarsız da özlərini təlqin etmələrinə imkan yaratmalıdırlar. Valideyn şərait yaratmalıdır ki, uşaq yıxılsın. Çünki o yıxıldıqca öyrənir. Uşaqların valideynindən ayrı istirahət etməsi çox vacibdir. Uşaqları müəyyən qədər sərbəst buraxmaq lazımdır”.

 

Aygün Asimqızı

kaspi.az

Go Back

Sorğu göndər