Düşüncə Jurnalı

header photo

AQŞİN YENİSEY: "Həmişə o hissin dadına baxmaq istəmişəm..." - MÜSAHİBƏ

DÜŞÜNCƏ Psixologiya Jurnalının bu dəfəki qonağı,  Yeni dövr Azərbayca ədəbiyyatının məşhur nümayəndələrindən biri, Azad Yazarlar Ocağının sədri AQŞİN YENİSEYdir. Aqşin bəylə fəlsəfi abu-havada baş tutan söhbətimizi sizlərə təqdim edirik!

- Bildiyiniz kimi biz DÜŞÜNCƏ Psixologiya Jurnalını təmsil edirik. Ümumiyyətlə, psixologiyayla aranız necədir? Heç psixoloq köməyindən yararlanmısınızmı, özünüz və yaxud başqa yaxınlarınız üçün?!

- Psixologiya sahəsi ilə yaxınlığım yalnız bir dəfə universitetdə olub. Bu fəndən beş almışam. Amma ədəbiyyatla az-çox maraqlandığıma görə, demək olar ki, hər gün psixologiyanın izah etmək istədiyi insan xarakterləri ilə, psixoz vəziyyətlərlə üz-üzə gəlirəm. Sözsüz ki, mətnlərdə. Hər gün ədəbiyyat yeni psixi insan tipləri kəşf edir. Amma yazı adamı kimi bu sahə məni cəlb etmir, hətta dünya ədəbiyyatında insan psixikasının ədəbi ustası kimi tanınan Dostoyevskinin primitiv, ictimai-siyasi, dini-mövhumi proseslərin təsiri altında sayıqlayan məşhur obrazları da insan haqqında çürükçülük ovqatı yaradır məndə. Məncə, insan psixikası kosmik dəyişiklərin təsirindən pozulur.

- Kosmik dəyişiklik deyərkən nəyi nəzərdə tutursunuz tam olaraq?

- Məsələn, sabah dünya zamanını bir saniyə irəli çəkəcəklər. Poetik dillə desək, zamanın qocalığını, axsaqlığını süni yolla bərpa edəcəklər. Əslində isə bu orbit xəttinin genişlənməsinə insanın reaksiyasıdır. Dünya günəşdən uzaqlaşır. Bu cür hissolunmaz saniyələr min illər ərzində nəinki canlıların həyatına, psixikasına, emosiyalarına təsir edir, hətta bəzən yeni növlər əmələ gətirir.

Ədəbiyyat bu nəhəng prosesin içində, sadəcə, dəniz fırtınasında atılıb-düşən boş qayıq kimi görünür.

-Sizcə bir şair olaraq siz o qayığı nə dərəcədə yönləndirə bilirsiniz?

-Mən öz gücsüzlüyümü bəri başdan anlayıram. Kitabın insanı dəyişmək qüdrəti yoxdur. Olsaydı, göndərdiyi bizə məlum olan o dörd müqəddəs cild kitabla Tanrı özü nəyəsə nail olardı. Mən tamamilə köməksiz insanın duyğularını, fikirlərini yazıram, əgər yaza bilirəmsə.

-Məncə bu sizdə alınır. Elə söhbət yazdıqlarınızdan düşmüşkən bir şeirinizə istinadən sual verim sizə. Xəbər gəldimi oralarda necə unudulursunuz, necə yaddan çıxırsınız?

-İnsan ölümsüzlüyə, əbədiliyə iddialı bir acgözdür. Ən böyük əxlaqsızlıq budur məncə, əbədilik yanğısı. Dünyanın sifətindəki bütün xora izləri bu hissin yadigarıdır. Məncə, ən universal azadlıq unudulmaq, yaddan çıxmaqdır. Məsələn, ər nədir, unudulmuş sevgili, ata unudulmuş oğul, peoziya unudulmuş tarixdir. Ər ömrü boyu sevgili olmaq istəyəndə zayı çıxır, çünki qadına ərə getdikdən sonra sevgili yox, daha mükəmməl kişi lazımdır. Hətta məişətdə də unudulmağı bacarmaq lazımdır. Unudulmaqda müvəqqətilik yoxdur, biryolluq, birdəfəlik var. Gedib qayıtmamaq var. Unudulmaq çox poetik bir sonluqdur. Mən həmişə o hissin dadına baxmaq istəmişəm. Xatırlanmaq hissi məni eybəcərləşdirir, bəlkə, bu da mənim psixi kompleksimdir. O, şeir də bu kompleksin təsiri ilə yazılmışdı.

-Bu kompleksi özünüz üçün müsbət yoxsa mənfi xüsusiyyət sayırsınız?

-Başqaları bunu məndə, sadəcə, diqqətsizliyimə qazandırdığım bəhanə kimi dəyərləndirir. Demək olar ki, məişət yaddaşım yoxdur. İnsanlar ölür müvəqqəti xatırlanmaqdan, diqqətə gəlməkdən ötrü. Mən öz eqomun acgözlüyünü cızma-qaralarımla təmin edə bilirəm deyə başqaları ilə ünsiyyətə, nəyisə paylaşmağa ehtiyacım olmur. Amma insanlar özlərini başqalarında axtarır.

-Sizin ideal insan obrazınız necədir bəs? Və o idealı başqalarına da məsləhət görərdinizmi? Məsələn öz övladınıza? Ümumiyyətlə istəyərsiniz övladınız şair olsun?

-Məncə, məhz insan ideal olmamalıdır. İdeal insan obrazı mənə çox bezdirici, qeyri-təşəbbüskar, ölçülü-biçili, monoton təbiətli bir varlıq kimi gəlir. İnsanı mənalandıran onun gözlənilməzlikləridir. Hər an gözlənilmədən yenilənə bilən olmasıdır. Bir söz var, deyir böyük başlar ideyalarla, orta ölçülülər hadisələrlə, kiçik başlar insanlarla məşğul olmağı sevir. Mən istəyirəm övladım heç vaxt insanlarla girinc olmasın, ideyalarla, anlayışlarla düşünməyi öyrənsin. Sonra kim olursa olsun.

-Son olaraq ruhunuza yaxın saydığınız bir şeirinizi deyə bilərsiniz?

-Məmnuniyyətlə…

Niyə belə tez?

Keçmişin son günüydü,

Bakı küləyi qəzet satırdı heykəllərə göyərçinlər söz və fikir azadlığı idi,

daşa döndərilmiş insanların.

düşünmək ucadan susmaq idi

masada ucsuz-bucaqsız darıxmaq idi

indiki zaman qədim şüşənin dibində ah çəkirdi

qoca şərab alın tərini çoxdan tərgitmişdi

ağ çörək.

boyat sözünə özgə köhnəsi kimi bürünən vicdan

içki düşkünüydü bir şairin

küncündə divarın köksündən kişi səsi gəlirdi;

 bir qəhqəhə hönkürürdü, kefli və xəstə:

 niyə belə tez öldünüz, ümidlərim?

arzularım, niyə belə tez qocaldınız?

söhbət səndən gedirdi

heç kimin olmadığı yerdə.

qol saatlarını kiloyla satırdı qul bazarında çinli Xu

çin dilində bir boşqab yemək qiymətinəydi vaxtın kilosu.

qulların səhəri Çin vaxtıyla açılırdı paytaxtda.

sevgi yaşamaq, ayrılıq yadda saxlamaq üçün idi uzaqdakını.

yəni səni, yəni sənlərin çox olduğu Bakını.

necə ki, orda xalqlar qələbələrini tarixə məğlubiyyətlərini incəsənətə çevirirdi qədim kitablarda.

mədəniyyət ağrının tarixiydi operada.

on yeddinci əsrin ox yaralarıyla dönürdü evə qoca ağrılar.

ulduzlar gözü arxada qalan yalqızların yürüşüydü gecəyarısı.

üzünü silirdi ay buludlara.

nəsə vardı göyərçinlərə aid heykəllərin düşüncələrində.

yoxsa daşlar da yalqızlıqdan ağrımağa başlayır, insana bənzədilincə?

həyatın özü əsl teatr idi yerdə, sadəcə, səhnə mədəniyyəti çatışmırdı.

sonu alqışla bitməliydi hər şeyin;

çünki yalnız insan idi tamaşaçısı Tanrının, tarixin, taleyin...

söhbət səndən gedirdi.

işıqlar yuxu görürdü atasız evlərin qapısı ağzında uşaqlar kağızdan kəsilmiş ürəkləri qucaqlayıb yatırdı.

evdəki kor güzgülərdə palçıqdan yaradılmış bir ümid darıxırdı.

güzgülərdəki əksim də atıb getmişdi məni.

diz çöküb dördkünc dolaba, yanaşı çəkdirdiyimiz şəkillərə baxırdım.

şəkillərdə də yox idin indi sən.

sənin olmadığın hər yerdən mən də yoxa çıxırdım.

əl yelləyərək göylərin hönkürtüsü olan dənizlərə,

yerlərin nəriltisi olan dağlara.

üzünü silirdi ay buludlara.

söhbət səndən gedirdi

– mənim itkilərimin cəmindən.

gözlərin yuxuma girirdi gecələr və üzr istəyirdi:

“bağışla, biz kor idik, görə bilmirdik”.

ayrılıq qaldığın, sevgi getdiyin yerin adıydı indi.

indi mənim də gözlərim buz bağlamışdı.

bədənimin buzlaşma dövrü başlamışdı.

indi köhnə fotolarda özüm kimi unudulmuş insanların dostuydum.

o insanların ki, indi heç özüm də onları xatırlamırdım.

keçmişin son günüydü evimdə,

masamda, taleyimdə hər şeyin artıq çatmışdı axırı.

yatmış saatımı geri çəkirdim səninlə olduğum günlərə doğru.

aldığın çit köynəkdə əlimlə sığal çəkib qırışmış xatirələrini ütüləyirdim,

və mən indi bilirdim;

o vaxt mənim sevgimin köynəyi sənin ürəyinin əyninə dar imiş.

…söhbət səndən gedirdi,

həkimlərin otağında.

-Gözəl şeir idi.

-Çox sağolun.

-Mənim üçün maraqlı həmsöhbət oldunuz. Sağolun. Yeni şeirlər gözləyirik sizdən. İşlərinizdə uğurlar.

-Təşəkkür edirəm. Sizə də uğurlar.

 

Hazırladı:Fuad Əsədov

 

Go Back

Sorğu göndər