Düşüncə Jurnalı

header photo

ELNUR RÜSTƏMOV: “İNTERNETDƏ DOST AXTARANLARIN ÇOXU REAL ÜNSİYYƏTDƏ KOMPLEKSİ OLANLARDIR” - MÜSAHİBƏ

Gün.Az-ın Psixologiya və konsultasiya mərkəzi “PCC” – nin rəhbəri Elnur Rüstəmovla müsahibəsi:

- Müasir dünyada Facebook və Twitter kimi sosial şəbəkələrdə istifadəçi sayının bu qədər çox olması və hər gün artması çox maraqlı bir inkişaf prosesi deyilmi sizcə?

- Ümumiyyətlə, bəşər tarixi artıq özünün yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Biz bunu bütün sahələrdə görə bilərik. Ən qabarıq nəzərə çarpan proses sosial şəbəkələrdə istifadəçi sayının artmasıdır. Fikir verin; sosial şəbəkələrdə istifadəçi sayı nə qədər artırsa real insanlararası ünsiyyət bir o qədər də azalmağa başlayır. Bu isə irəlidə insanlararası münasibətlərdə fəsadlar yaradacaq. İrəlidə düşünürəm dövlət səviyyəsində qabaclayıcı tədbirlərin görülməsi məqsədəuyğun olardı.

Buna təsir edə biləcək ən böyük addım “Psixi sağlamlıq və psixi təhlükəsizlik haqqında qanun”un qəbulu olacaqdır. İnkişaf etmiş dövlətlərdə bu qanundan irəli gələn məsələlər çox geniş formada həyata keçirirlir. ABŞ-da bu istiqamətdə ildə milyardlarla dollar pul ayırılır.

Burada TV məkanından internet istifadəsinə qədər bütün sahələrdə insanların hüquqları qorunması nəzərdə tutulur. Bu gün bizdə ən böyük problemlərdən biri TV və internet istifadəçiləri tərəfindən bunun gözlənilməməsidir.

Tamaşaçılar əvvəlcədən verilişin konkret olaraq hansı yaş qrupuna şamil edildiyini bildirilməlidirlər. Çünki göstərilən bir çox verilişlər konkret olaraq uşaqların psixikasına mənfi təsir göstərir. Bu gün konsultasiya prosesində bununla çox rastlaşırıq.

- Hansı şəxsi keyfiyyətlərə sahib olan insanlar daha çox internetdən dost tapmağa üstünlük verirlər?

- Əsasən real ünsiyyətdə çətinlik çəkən, komplekslər yaşayan insanlar internetdə dostlar axtarmağa çalışırlar. Bu da bəzi ailələrdə uşağın evdə oturması üçün onun saatlarla internetdə vaxt keçirməyinə göz yummasıdır. Bu düzgün yanaşma deyil. Çünki uşaq cəmiyyət modelini realdan virtuala keçirməyə başlayır. Bu da sonda mənfi nəticələrə gətirib çıxarır. Yenə də biz ümumi mənzərə ilə rastlaşırıq. Bu da ondan ibarətdir ki, sərhədlər açıldıqca insanlar üçün ən təhlükəsiz yer ev olur.

Fikir versəniz valideynlər daha çox övladlarını evə çəkməyə çalışırlar. Uşaq evdə olarkən özlərini yaxşı hiss edirlər. Baxça, orta məktəb, ali məktəb, eləcə də uşaqların dincəlmə prosesi və bu kimi proseslərə həssas yanaşırlar. Burada uşaqlara izahat vermək, nəyisə izah etmək daha məqsədəuyğun olardı. İstənilən halda qadağa uşanın təhtəlşüuruna mənfi təsirini göstərir.

- Gerçək həyatda bəlkə 20 nəfər dostu – tanışı olmayan insanların baxırıq ki, Facebook – da 400-500 dostu var. Bir birini heç tanımayan insanlar artıq bu sosial şəbəkələr vasitəsi ilə tanış olur, dostlaşır və bir – birilərinə ən gizli sirrlərini belə danışırlar. Bu niyə baş verir sizcə?

- Yuxarıda qeyd etdiyimiz kimi bu tip insanlar gerçək həyatdakı insanlara ümidsiz yanaşırlar. İnternetdə ünsiyyət isə dolayısı ilə onların idealda qurduqları insanla ünsiyyətidir. İdealdakı insana onlar hər bir sirrlərini etibar edə bildiklərindən bunu virtual aləmə də keçirirlər. Fikir versəniz internetdə danışdıqları insanla real həyatda görüşəndə onlar yenədə özlərinə qapılırlar, internetdə olduğu kimi fikirlərini ifadə edə bilmirlər. Bir az da diqqətli olsaq bu tip insanları biz uzaqdan tanıya bilərik.

- Bu gün ümumilikdə internet həyatımızın artıq bir hissəsinə çevrilib. Internetin həyatımızdakı müsbət və mənfi tərəfləri hansılardır?

- Hər bir proses və hadisə insana həm mənfi, həm də müsbət tərəfdən təsir göstərir. Yəni bıçaq uşaq əlində qorxuludur. Onun funksiyasını bilən insan üçün o qorxulu deyil və ondan təyinatına görə istifadə edər. İnternet də elə. İnsanlar internetdən çox hallarda faydalanırlar. Sadəcə yaxşı olardı ki, internetin faydası haqqında cəmiyyətə mütəmadi məlumatlar verilsin.

Biz istəsək belə, bunu həyatımızdan silə bilmərik. Çıxış yolu bunun insanlara verə biləcəyi yaxşı tərəfləri qabartmaqdır. Burada təhlükəsizlik məsələlərinə diqqət yetirilməsi çox vacibdir. Elə saytlar var ki, orada yaş kateqoriyaları göstərilmir.

Yaş qrupları ilə bağlı forumların təşkili yaxşı olardı. Bir də valideynlər bu işdə maksimum diqqətli olmalıdırlar. İnternetdə uşaq müəyyən zaman kəsiyində olmalıdır. Normadan artıq internetdə çalışmaq yuxarıda qey etdiyimiz kimi sonradan böyük fəsadlara səbəb olur.

- Sizcə niyə insanlar hər anlarını ve gördükləri hər işi twitter ya facebook – da paylaşmaq ehtiyacı hiss edirlər?

- Əslində onlar bununla varlığını sübut edirlər. Səhv etmirəmsə, Vaqif Bayatlının şerində belə bir yer var;

Hamı səni unudanda bu yalançı dünyada,

Ölümlər də gerçək olur.

Heç kim unudulmaq istəmir.

Bir insan üçün bundan böyük faciə ola bilməz. İnsanların həyatlarına aid məsələləri dediyiniz sosial şəbəkələrdə paylaşmaqla çox zaman öz mövcudluqlarını sübut etmiş olurlar.

- İnternet və sosial medianın istifadəsini həyatımızda necə normal hala gətirə bilərik?

- Bunun qarşısın almaq üçün ən mühüm olan insanları maarifləndirməkdir. Bir də cəmiyyətdə sosial institutların rolunu artırmaq lazımdır. Universitetlərdə, orta məktəblər, və s. yerlərdə onların yığışıb, fikirlərini paylaşa biləcəyi mühüt formalaşsa pis olmazdı. Təəssüf ki, bu prosesdə bugün bizdə daha çox internet üzərində baş verir. Bunu edə bilsək, düşünürəm problemi müəyyən dərəcədə həll edə bilərik.

- Məsələ sadəcə sosial şəbəkələrdə yaşanan internet dostluqları deyil. Misal üçün insanlar televiziyada evlilik proqramlarında onlara aid bir sıra məhrəm sirrləri ortaya çıxarır və milyonların gözü qarşısında özlərinə həyat yoldaşı seçirlər. Nə oldu bizim məhrəmiyyət duyğularımıza?

- Burada bir incə məqamı var. Bu da ondan ibarətdir ki, insan görəndə ki, ona qulaq asırlar, onu dinləyirlər, prbleminə yardımçı olmaq istəyirlər, o zaman özündə olan çox şeyləri paylaşmağa çalışır. Gündəlik həyatda da siz buna rast gələ bilərsiniz.

Belə ki, sizə yaxın olan bir insan danışanda ona sadəcə diqqətlə qulaq asın. O zaman onun özü ilə bağlı çox şeyləri söylədiyini görəcəksiniz. Əslində mərhəmiyyət duyğularımız itməyib, sadəcə başqa bir formada təzahür etməyə başlayıb.

Bu gün müqəddəsliyin sərhədləri də daralmağa başlayıb. İnsanları dinamik proseslər, sujet və s. proseslər cəlb edir. Fikir versəniz TV proqramlarındakı qalmaqallar çox zaman verilişi reytinqli edir.

Dinamiklik həyatımızn bütün sferalarına təsir edir. Biz buna baxmağı daha çox sevirik, nəyinki onun uğrunda nəyi isə etməyi. Fikir verin hər gün demək olar bir serial, film çəkilir. Məqsəd də insanların zövqünü formlaşdırmaq, nəticədə bundan milyonlar qazanmaqdır. Biz serialda verilən qəhrəmanların istifadə etdikləri aksesuarları, idarə etdikləri avtomobilləri həyatımıza daxil edirik. Bu psixoloji təsir üsulundan bugün dünyada geniş istifadə edilir və bunun həyatımıza bəzən çox böyük neqativ təsirləri olur.

- Yəni super eqonun funksiyası azalmağa ya da yavaş – yavaş yoxa çıxmağamı başladı artıq?

- Super eqonun funksiyası itməyib, sadəcə yerini artıq bəzi hallarda eqoya verməyə başlayıb. Bunun da kökündə informasiya bolluğudur. Öncələrdə insanlar yasaq bildiyi şeyləri bu gün artıq demək olar ki, hər gün televiziya məkanından izləyirlər. Bu da bəzi proseslərə öz təsirini göstərir. Dəyərlər sistemində adət-ənənəyə yanaşmada biz hiss ediləcək dərəcədə yeni çalarların daxil olduğunu görürük. Atalar və oğullar problemi bu gün heç zaman görmədiyimiz formada cəmiyyətimizdə özünü göstərir. Dəyişiklik çox sürətlə baş verir.

 

Oktay Hacımusalı

Gün.Az

 

http://gun.az/social/5008

 

Go Back

Comment