“Mərkəzdə bir gün” rublikamızda bugün Psixoloq Elnur Rüstəmovun rəhbərlik etdiyi Psixologiya və Konsultasiya Mərkəzinin qonağı olduq. Etiraf etməliyik ki, Psixologiya və Konsultasiya Mərkəzi bugün əhali tərəfindən ən çox seçilən mərkəzdir. Bu isə təbii ki, Elnur Rüstəmov və onun peşəkar komandasının əməyinin nəticəsidir.
Mərkəzi tanımayanlar üçün qeyd edək ki, mərkəz Cəfər Cababrlı 44 ünvanında, Caspian Plazanın I korpusu, 11-ci mərtəbəsində yerləşir. İçəri girdiyiniz anda «Qeydiyyat» şöbəsində çalışan Vəfa xanımın xoş üzü və səmimi aurası ilə qarşılaşacaqsınız. Vəfa xanım bəzən pasientlərin çoxluğundan hədsiz yorğun düşdüyünü , ancaq bütün bunlara rəğmən işini çox sevdiyini və insanlara kömək etməkdən zövq aldığını vurğuladı.
“Bura hər gün onlarla müxtəlif yaşda, müxtəlif təbəqədən insanlar müraciət edir. Əsas olan hər birinin özünə uyğun dilini tapıb anlaşmaqdır. Çünki insanlar bura yaxınlarının, ailəsinin, övladının və özünün hansısa problemlərdən, narahatlıqlardan qurtulması ümidilə gəlir. Və onlara etdiyin kiçicik bir yardımda və ya sadəcə bir təbəssüm üçün belə etdikdləri xeyir dua və təşəkkür insanın bütün yorğunluğunu çıxarır. Təbii ki, bununla belə çətin pasientlərimiz də olur. Ancaq bu da işimizin bir parçasıdır. Çünki, Biz bir psixoloji mərkəz olaraq daim və birbaşa insanlarla işləyirik!”
Elə biz də Vəfa xanımın pozitiv aurasının müşayətiylə Elnur Rüstəmovun otağına doğru üz tutduq. Səmimi bir salamlaşmadan sonra Elnur müəllimlə mərkəz, onun fəaliyyət istiqamətləri və s. barədə söhbət etdik.
- Bir mərkəz olaraq Psixologiya və Konsultasiya Mərkəzi artıq neçə ildir ki, öz mövcudluğunu davam etdirir?
- Psixologiya və Konsultasiya Mərkəzi artıq 7 ildir ki, fəaliyyət göstərir. O zaman Azərbaycanda fəaliyyət göstərən psixoloji Mərkəz az idi. Psixoloqa müraciət də indiki intensivlikdə deyildi. Psixoloji Mərkəzlər yalnız Bakı şəhərində fəaliyyət göstərirdi. İndi tək Bakı şəhərində 10-dan yuxarı Psixoloji Mərkəz, İnkişaf Mərkəzləri fəaliyyət göstərir. Bu da şübhəsiz ki, bizi sevindirir. Çünki, bugün psixi sağlamlıq fiziki sağlamlıqdan daha öndə gəlir. Hətta bir çox fiziki problemlərin də psixoloji faktorlardan yarandığı faktdır. Ona görə psixoloji iş də qədər sağlam formada qurularsa insanların rifahı, ailə daxili münasibətlər də o qədər sağlam olacaq. Biz də Mərkəz olaraq çalışırıq ki, daha keyfiyyətli xidmət ortaya qoyaq. Daim yenilikləri izləyirik. Metodikaları xaricdən gətiririk, onu bizim cəmiyyətə uyğunlaşdırırıq. Mütəxəssisərimizin Azərbaycanda, eləcədə xaricdə konfrans və seminarlarda iştirakına şərait yaradırıq. Bəzən xaricdən mütəxəssislər dəvət edirik. Bir sözlə dayanmırıq. Insanlarımızın da psixoloqlardan gözləntiləri dəyişib. Şükrlər olsun ki, bugün psixoloqla psixiatrı fərqləndirməkdə çətinlik çəkmirlər. Cəmiyyət psixoloji maariflənir. Dövlət dəstək olur. Bilirsiniz ki, 2012-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Psixi Sağlamlıq sahəsində Milli strategiyanın reallaşdırılması məqsədilə Respublika Psixi Sağlamlıq Mərkəzi yaradılmışdır. Uğurlu layihələr də həyata keçirirlər. Eləcə də ruhi əsəb dispanserində şərait və müalicə prosesi yüksək səviyyədə həyata keçirilir. Bütün bunlar şübhəsiz ki, dövlətin dəstəyi nəticəsində baş verir. Bizim mərkəzimiz tibbi müəssisə deyil, psixoloji mərkəzdir. Ancaq biz yuxarıda problemin dərəcəsindən asılı olaraq yuxarıda qeyd etdiyimiz dövlət müəssisələri ilə yaxından əməkdaşlıq edirik. Eyni zamanda digər psixoloji mərkəzlərlə də əməkdaşlıq edirik. Bu işin keyfiyyəti üçün vacib bir məqamdır. Əməkdaşlıq hər zaman bir işin daha yüksək səviyyədə görülməsinə yönəlmiş addımdır.
- Bu gün Psixologiya və Konsultasiya Mərkəzi valideynlərin, gənclərin, ailələrin ən çox etibar etdiyi psixoloji mərkəzdir? Bu etibara necə nail olmusunuz?
- Bu bir reallıqdır ki, Psixologiya və Konsultasiya Mərkəzi insanların güvəndiyi, etibar etdiyi bir müəssisədir. Əsas diqqətimiz də bu güvəni qoruyub saxlamağa yönəlib. Öncələrdə güvən qazanmağa çalışırdıqsa, bu gün onu qorumaq və daha üst səviyyəyə qaldırmaq istiqamətində mücadilə aparırıq. Məsuliyyət böyükdür. Öhdəsindən şükürlər olsun ki, yaxşıda gəlirik. Etibarı necə qazandıq? Özümüz kimi olduq, rol oynamadıq! Mövlanənin gözəl bir sözü var. Deyir, bizi bilən bilir, bilməyən də özü kimi bilir. Mərkəz çalışdırmaq çox çətin bir işdir. İstər Narınc Uşaq Psixologiya Mərkəzi, istərsə də Psixologiya və Konsultasiya Mərkəzi təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, Azərbaycanın aparıcı özəl psixoloji Mərkəzlərdir. 7 illik fəlaiyyətimiz dövründə biz insanların psixoloji maariflənməsi istiqamətində yüzdən yuxarı layihələr həyata keçirmişik. Bu gün fəaliyyət göstərən mərkəzlərin böyük bir qismi indi bizim 7 il bundan əvvəl getdiyimiz yolu gedirlər. Bir çox Mərkəzlərdə bizim mütəxəssislər çalışır. Bu bizim uğurumuzdur. Görülən məqsədyönlü işlərin nəticəsidir.
- Sizin fikrinizcə, bu gün ailə münasibətlərinə mənfi təsir göstərən ən başlıca amillər hansılardır?
- Bilirsiniz ki, ailə psixoloqu olaraq Mərkəzdə həm fərdi seanslar aparır, həm də rəhbərlik edirəm. Iki işi bir arada həyata keçirmək zaman baxımından müəyyən problemlər yaratsa da, işimizi, peşəmizi sevməyimiz motivasiyamızı daha üst səviyyədə saxlamağa kömək edir. Mərkəzdə daha çox ailələrlə çalışıram. Bugün ailə problemləri bilirsiniz ki, çox geniş yayılıb. Ailədaxili konfliktlər, boşanmalar həm bir mütəxəssis, həm də bir vətəndaş olaraq bizi narahat edir. Çünki, tarixən Azərbaycanda ailə bağları möhkəm olub. Ailə bizim üçün müqəddəs olub. Bu gün biz dəyərlərin aşılandığını, ailələrə kənar müdaxilələrin olduğunu görürük. Texnologiyanın inkişafı, bu prosesi sürətləndirdi.
- Bəs ailədə tarazlığı necə qorumaq olar?
- Bütün hallarda problem varsa həll yolu da var. Bugün Azərbaycanda gözəl ailələr mövcuddur. Gözəl nümunələr var. Onların təbliğatını aparmaq lazımdır. Ailədə səmiyyət, güvən vacibdir. Bütün ailələrdə problem olub. Ailə bərabər şəkildə problemi aradan qaldırmaqla möhkəmlənib. Bugün buna çalışmaq lazımdır. Ailə psixologiyası, ailə dəyərləri ilə bağlı geniş maariflənmə işi aparmaq , əsas diqqəti psixi sağlamlığa yönəltmək lazımdır.
Elnur müəllimin sözlərinə görə mərkəzə son zamanlar edilən müraciətlər içərisində müxtəlif səbəblərdən qaynaqlanan və müxtəlif yaş dövrlərində görülən depressiya da xüsusi yer tutur. Bu barədə mərkəzin psixoloqu Aygün Ağabalayeva ilə söhbət apardıq.
- Aygün xanım , Depressiya demək olar ki, bütün insanların həyatlarında heç olmasa bir dəfə də olsa qarşılaşdıqları psixoloji problemlərdəndir. Hazırda insanların depressiyaya düşməsinə ən çox nələr səbəb olur?
- Müasir dövrdə depressiya geniş yayılmış psixoloji pozuntudur.Və bunun yaranma səbəbləri də müxtəlifdir.Depressiya hər yaşda və hər sosial qrup nümayəndələrində müşahidə oluna bilər. Depressiv pozuntuya psixololoji travmalar, məsələn mənfi ailə münasibətləri, boşanmalar, yaxın bir insanın dünyasın dəyişməsi (itirməsi), işindən ayrılması gətirib cıxarır. Bir çox səbəblər qeyd etmək olar: insanın həyatda olan davamlı uğursuzluqları, monoton həyat tərzi, işsizlik, yaxınını itirmə və s.
- Depressiyadan necə qurtulmaq olar?
- Depressiya mütəxəssis tərəfindən müalicə edilməsi vacibdir, çünki ən çox intihar riski məhz bu halda artır. Müalicə olunmayanda aylar, illər boyu davam edə bilər. Depressiya müalicəsində psixoterapiya və dərmandan istifadə olunur. Dərmanlar hər pasient üçün fərdi seçilir və müalicə bir neçə ay davam olunmalıdır. Depressiya gizli gəlir. Adətən ilkin simptom əhval- ruhiyyənin tez-tez səbəbsiz dəyişməsi olur. Əksəriyyət insanlar buna əhəmiyyət vermirlər. Və getdikcə vəziyyət ciddiləşir. Depressiyanin yüngül formasindan insan özüdə qurtula bilər.
Mütəxəssislərlə ümumi söhbət zamanı ortaya çıxdı ki, evdən çölə çıxmaqda çətinlik çəkən, qorxular yaşayan, daim ona və ya yaxınlarına nəsə olacağı qorxusu ilə yaşayan insanlar da sıx-sıx müraciət edənlər sırasında olurlar və uğurlu iş nəticəsində normal həyatlarına qayıdırlar. Mərkəzin Panik Ataklı xəstələrlə daha çox işləyən mütəxəssisi Lalə Əhmədovadan bizə bu barədə daha geniş məlumat verməsini rica etdik.
- Lalə xanım, Panik Atak xəstəliyi bugün insanları evə məhkum edən və ya evdən çox da uzaqlaşmağa qoymayan, ölüm qorxusu ilə yaşadan bir psixoloji xəstəlikdir. Bu xəstəliyin yaranma səbəbləri nələrdir?
- Panik Atak qorxu və narahatçılıq hisslərinin tutma şəklində qəflətən başlayıb 10 dəqiqə ərzində ən pis səviyyəyə çatan psixoloji narahatçılıqdır. Xəstə 10 dəqiqə ərzində öləcəyini infarkt keçirəcəyini düşünür və özünə nəzarəti itirir.
Krizlər adətən insanların çox olduğu yerlərdə qapalı otaqda, liftdə, tıxacda, metroda və s. gəlir. Xəstə atak sonrası çox halsız və ümidsiz olur. Evdən tək çıxmağa qorxur, daim yanında güvənəcəyi bir insanın olmasını istəyir. Panik narahatçılıqda qan təzyiqinin düşməsi və ya qalxması müşahidə edilə bilər.
Yaranma səbəblərinə gəldikdə isə stress, qorxu, qəfil itki, qəza bəzi hallarda isə bir müddət hər hansı bir xəstəlikdən əziyyət çəkən ( məs,onkoloji) insanlarda daha çox rast gəlinə bilir.
- Panik Atakın müalicəsi varmı və terapiyası təxmini olaraq neçə seans davam edə bilir?
- Əlbəttə ki, müalicəsi mümkündür. Panik atak və ya həyəcan pozuntusu keçirən insanlarda terapiya 2 mütəxəssis tərəfindən həyata keçirilir. Psixoloq və Psixoterapevt. Həm ataklara psixoloji hazırlıq və şiddətin vurulması, həm də dərmanlar vasitəsilə həyəcanın şiddətini azaltma, təşviş göstəricilərinin salınması.
Terapiya müddəti isə xəstəliyin hansı stadiyasında psixoloqa müraciət olunmasından birbaşa asılıdır. İlkin mərhələlərdə terapiya müddəti daha qısa olduğu halda, əgər artıq xəstəlik xroniki mərhələdədirsə 3 aydan 6 aya qədər uzana bilir.
Mərkəzin psixoterapevti Orxan Fərəcli isə Panik Atak xəstəliyinin klinik tərəflərindən danışdı.
“Panik atakın təxminən 13 əlaməti var. Bu əlamətlərin 4 və ya daha çoxunun olması xəstədə panik atakın olmasına işarə edir.
1 - Ürək döyüntülərinin sayının artması
2 - Tərləmə
3 - Titrəmə
4 - Boğulma
5 - Nəfəsin kəsilməsi
6 - Sinədə ağrı
7 - Ürək bulanması və ya qarında ağrı
8 – Gözlərin qaralması, başın fırlanması,
huşun itməsi
9 - Ətrafı hiss etməmək (sanki hər şeyi
yuxuda görür)
10 - Özünə nəzarəti itirmək
11 - Ölüm qorxusunun yaranması
12 - Bütün duyğuların ölməsi
13 - Eyni zamanda bir neçə hissi
yaşamaq (üşütmə, tərləmə və s.)
Yaranma səbələrinə gəldikdə isə əksər hallarda səbəbsiz olaraq və ya hansısa kiçik bir qorxu hissindən yaranan panik atakın səbəbi kimi beyindəki serotoninin əskikliyi göstərilir. Cəmiyyətdə panik atak narahatlığıyla qarşılaşma faizi 1.5- 3% arasında dəyişir və xəstələrin ¾ -nü qadınlar təşkil edir. Panik atakda qohumluq faktoru olmasa da birinci dərəcəli yaxınlarda bu xəstəliyin müşahidə olunma riski digər şəxslərlə müqayisədə 4-7 qat daha çoxdur.
Dərman terapiyası zamanı ilk seçim preparatı müasir qrup antidepressantlar olmalıdır. Bəzən paralel olaraq yüngül sakitləşdiricilərdən də istifadə etmək olar.
Xəstəliyin əlamətləri azalan kimi dərmanı kəsmək lazım deyil. Özünüzü yaxşı hiss etdiyiniz andan etibarən müalicə 4-6 ay davam etməlidir. Dərman dozasını və növünü mütləq həkim təyin etməlidir.”
Bilməyənlər üçün onu da qeyd edək ki, Psixologiya və Konsultasiya Mərkəzində Psixoloji Chek-up ( Psixoloji diaqnostika) xidməti də mövcuddur. Siz gəlib psixoloji diaqnostikadan keçməklə mövcud olan bütün psixoloji narahatlıqlarınızdan xəbərdar ola və bu istiqamətdə korreksiya işinə start verə bilərsiniz. Eyni zaman da evliliyə hazırlaşan gənclərimiz və yeniyetmələrimiz üçün də xüsusi psixoloji diaqnostika proqramları mövcuddur.
Mərkəzin Psixoloji Chek-up üzrə mütəxəssisi Nərmin Quliyeva bizə bu barədə daha geniş məlumat verdi.
- Nərmin xanım, bizə deyə bilərsinizmi, Psixoloji diaqnostikanın mahiyyəti nədən ibarətdir?
- Psixoloji diaqnostika insana məxsus davranış formasının standart və obyektiv ölçüsüdür. Psixoloji test fərdin bacarıqları, qabiliyyətləri, performansları, motivləri, tutumları, müdafiələri və s. haqqında məlumat verəcək sualların verilməsinə mühit və mümkünlük təmin edən sistemli bir yanaşmadır. Psixoloji diaqnostikada standartlaşdırılmış və metodiki testlərdən istifadə olunur ki, bunlar digər sahələrdə istifadə olunan testlərlə ekvivalentdir. Məsələn, qandakı dəmirin miqdarı nümunə alınaraq yoxlanılırsa, psixologiyada insanın şəxsiyyət xüsusiyyətləri müvafiq testlərlə qiymətləndirilir. Başqa sözlə, psixoloji test, əsas olaraq bir davranış qəlibinin obyektiv və standart şəkildə ölçüsüdür. Ənənəvi olaraq psixoloji testlərin funksiyası, fərdlər arasındakı və ya eyni fərdin fərqli vəziyyətlər qarşısındakı reaksiyaları arasında fərqləri ölçür
-Bu proseduru biraz açıqlaya bilərsinizmi?
- Psixoloji diaqnostika müxtəlif istiqamətlər üzrə aparılır və nəticə obyektiv, keçərli və etibarlı olmaq üzrə raport şəklində təqdim olunur. Raportda problemin hansı dərəcədə qiymətləndirildiyi əks olunur. Psixoloji qiymətləndirmə müddətində müraciət edən şəxsin mümkün psixoloji problemləri, şəxsiyyət xüsusiyyətləri, yaşı, cinsiyyəti, təhsili, sosio-ekonomik nizamı, inanc sistemi, proseslə bağlı gözləntiləri də təsir mənbəyidir. Tətbiq olunacaq test əsnasındakı psixoloji vəziyyəti (əhvalı, yorğun olub-olmadığı, zamanının uyğunluğu v.s.) nəticələrə müsbət və ya mənfi olaraq təsir edə bilər.
- Konsultasiya prosesində psixoloji diaqnostikanın rolu?
- Diaqnostikada nəticəsində əldə olunmuş raporta əsasən problemin dərəcəsi müəyyən olunduqdan sonra konsultasiya prosesi bu istiqamətdə davam etdirilir.
Psixoloq Sevda Xəlilovanın sözlərinə görə, psixoloji diaqnostikadan əldə edilmiş məlumatlar xüsusilə yeniyetmələrin konsultasiyası prosesində istiqamətverici bir qüvvəyə malikdir. Mərkəzin yeniyetmələrlə iş üzrə mütəxəssisi psixoloq Sevda Xəlilova eyni zamanda bizə son zamanlar yeniyemtələrlə əlaqədar olan müraciətlər, geniş yayılmış narahatlıqlar barədə danışdı.
- Bilirsiniz ki, yeniyetməlik yaş dövrü insan həyatının ən böhranlı yaş dövrü sayılır. Bu dövrün əsas xüsusiyyəti inkişafın bütün sahələrini əhatə fizioloji və psixoloji dəyişikləridir. Hər bir yeniyetmədə bu dəyişikliklər müxtəlif getdiyi kimi, onlarn psixi inkişafı da eyni səviyyədə getmir. Ola bilir ki, intellekt səviyyəsinə görə yeniyetmə, amma şəxsiyyət xüsusiyyətinə görə isə hələ uşaqdır. Özünü təsdiqləməyə güclü təlabatlar refleksin inkişaf səviyyəsinə uyğun olmur və yeniyetmə öz daxilində, şəxsiyyətində baş verənlər haqqında özünə hesabat verə bilmir. Ənənəvi olaraq yeniyetməlik yaşları onların öz böyüklərindən uzaqlaşması dövrü kimi özünü biruzə verir. Onlar özlərini valideynlərinə qarşı qoyur, öz hüquq və müstəqilliklərini müdafiə edir. Belə olduqda isə valideynlərlə övlad arasnda münasibətlər pozulur.
Son zamanlar isə yeniyetmələrlə əlaqədar olan müraciətlər, abiturientlərin imtahan həyəcanı ilə bağlıdır. Belə ki, imtahanqabağı və ya imtahan zamanı onalarda təşviş-həyəcan pozuntusu baş verir.
- Bəs övladı abiturient olan valideynlər necə davranmalıdırlar?
- Abiturient valideynləri arasında ən çox rast gəlinən hal ictimai qınağa daha çox yer vermələridir. Belə ki, özlərini qohumların, yaxınların yanında təstiq etmək üçün övladlarına təzyiq edərək imtahanda daha yüksək nəticə əldə etməyi tələb edirlər. Başqalarını onlara nümunə göstərərək “O səndən daha məsuliyyətlidir” və ya “ filankəs gör necə yüksək nəticə göstərir” kimi cümlələrlə övladlarına psixoloji travma verirlər. Buda çox hallarda abiturientdə ruh düşkünlüyünə, müqayisə olunduğu insana qarşı aqressiyaya gətirib çıxarır. Hər bir insanın özünəməxsus potensialı var və hər bir valideyndə öz övladının hansı potensiala malik olduğunu bilməli və bunu qəbul etməlidir. Bir mütəxəssis və bir ana olaraq valideynlərə səslənirəm, bir ata –ananın övladına verə biləcəyi ən böyük xəzinə elmlə bərabər həm də özgüvən hissidir. Bunu öz övladınızdan əsirgəməyin!
Jurnalımızın baş redaktoru, psixoloq Vüsalə Ələkbərova ilə cütlüklər arasında böyük problemlərdən sayılan Qısqanclıq haqqında danışdıq.
- Vüsalə xanım, qısqanclıq psixoloji problemdirmi?
- Freydin belə bir fikri var: "Qısqanclıq sevginin gözəlliyini və cazibəsini zəhərləyərək məhv edir." Dekarta görə isə qısqanclıq, sahib olduqlarını qorumaq istəyindən yaranan bir qorxudur. Bütün hallarda qısqanclıq insanların normal yaşamına, uğurlu unsiyyət qurmasına mənfi təsir göstərən və istər özündə, istərsə də qarşı tərəfdə mənfi və rahatsızedici emosiyalar yaradan bir duyğudur. İtimək qorxusu, vaxtı ilə yaşanmış uğursuz münasibət nədənilə yaranmış qorxular, aşırı dərəcədə sahiblənmək duyğusu, özgüvənsizlik duyğusu, natamamlıq kompleksi, həyəcan pozuntusu, fərdin paranoid xarakterə malik olması və s. səbəblərlə ortaya çıxa bilir. Və bunu psixoloji problem hesab edə bilərik!
- Bəs bu duyğudan necə qurtulmaq olar?
- Ilk öncə bu qısqanclığın altında yatan duyğu və düşüncələri tapmalı, tanımalı daha sonra beyində yer etmiş bu mənfi asossasiyaları müsbət asossasiyalar ilə əvəz edilməlidir. Fərdin özgüvəni qalxmalı , qısqanılan şəxs tərəfindən dəyərli olduğunu hiss etməli və qısqanclığı tətikləyən faktorlar nisbətən aradan qaldırılmalıdır. Mütəxəssis yardımı ilə bu duyğuyla daha rahat başa çıxmaq mümkündür.
Bəzən insanlar düşdükləri şəraitdən asılı olaraq özlərini narahat hiss edirlər. Əsasən kütlə qarşısında çxış edərkən, diqqət mərkəzində olarkən müxtəlif komplekslər baş qaldırır və dərhal özlərini itirir, mühitdən uzaqlaşmağa çalışırlar. Psixoloq Validə Abbasova bizə komplekslər, onların yaranma səbəbləri barədə danışdı.
- Ümumən götürəndə komplekslər insanlara həm müsbət ,həm də mənfi təsirlidir. Müxtəlif səbəblərdən yarana bilir. Ancaq daha çox yeniyetməlik və uşaqlıq dövründə yaşanmış travmalar nəticəsində formalaşır. Bəzən ailələr uşaqlara həddindən artıq qayğı, sevgi göstərirlər, daim uşaqlarını digərlərinin yanında tərifləyirlər. Ailədə az qayğı, sevgi görən uşaqların özünəinamı aşağı olur. Bu da gələcəkdə aşağılıq kompleksinə səbəb olur.
- Validə xanım, insanları rahat yaşamağa qoymayan bu komplekslərdən necə qurtulmaq olar?
- Hər şeydən öncə özgüvən hissini formalaşdırmaq lazımdır. Çünki komplekslərin yaranmasının kökündə bu və ya digər səbəblərdən yaranmış olan özgüvənsizlik və ya özgüvən hissinin aşağı olmasıdır. Bu yönümlü işlər aparılarsa komplekslərdən rahatlıqla qurtulmaq və rahat yaşama dönmək mümükündür. Bundan başqa pozitiv olmaq, hadisələrə fərqli mövqedən yanaşmaq, arzuları addım – addım həyata keçirmək və s. problemdən qurtulmağa yardımçı ola bilər.
Mərkəzin psixoterapevti Denis Rzayev də cəmiyyətdə yayılmış əsas kliniki problemlərdən bəhs edərək bildirdi ki, “Əhali arasında əsas klinik problemlər nevrotik pozuntulardır – depressiya, obsessiv kompulsiv pozuntular, fobiyalar, panik atak, təşviş pozuntuları, tiklər və s. Onu da qeyd etmək istəyirəm ki, uşaq və yeniyetmə dövrü üçün OKP, tiklər , xanım pasientlər arasında təşviş, həyəcan pozuntuları, obsessiv-kompulsiv pozuntular, postnatal depressiya, fobiyalar daha üstünlük təşkil edir. Xanımlarda eyni zamanda endokrin, ginekoloji pozuntular səbəbilə yaranmış psixi pozuntularda az yer tutmur. Kişi pasientlər arasında isə daha çox stress, fobiya, depressiya, əsəb pozuntularına rast gəlirik.”
Denis doktorun sözünə qüvvət olaraq üz tutduq mərkəzinin qadınlarla iş üzrə psixoloqu Sevinc Əlizadənin yanına.
- Sevinc xanım, qadınlarda rast gəlinən əsas psixoloji problemlər hanslardır?
- Qadınlarda ən sıx rast gəlinən psixoloji problemlər doğum sonrası depressiya (postnatal depressiya) və obsessiv kompulsiv pozuntulardır . Demək olar ki, bu hallar 85% qadınlarda rast gəlinir. Doğumsonrası depressiya doğumundan sonra 4 həftə, bəzi qadınlarda isə 6 həftəyə qədər davam edə bilər. Bu keçici bir dönəmdir. Bu dönəmi rahat bir şəkildə keçirmək üçün qadınlara məsləhətimiz özlərini çox yormasınlar, yuxularına diqqət etsinlər, sağlam qidalansınlar. Özlərini çarəsiz və gücsüz hiss edərlərsə psixoloq dəstəyi alsınlar.
- Bəs , obsessiyaların hansı növü özünü daha çox biruzə verir?
- Ən çox təmizlik obsessiyası geniş yayılmışdır. Buna təmizlik xəstəliyi də deyilir. Belə insanlar hər şeyin çirkli olduğuna inanır və tez tez yuma, silmə, təmizləmə kimi hərəkətləri təkrarlayırlar. Əllərini tez-tez yuyar, evi təmizləyər, evə gələn qonağın ardından istifadə elədiyi hər şeyi təmizləyərlər. Belə insanlar ən çox özlərinə zərər vururlar. Zamanının çoxunu təmizliyə ayırdıqları üçün, zaman itkisi yaşayarlar. Qadınlar övladlarına, həyat yoldaşına və s. yetəri qədər vaxt ayıra bilmədikləri üçün ailədaxili kofliktlərin yaranması qaçınlmaz olur. İstər ailədə, istərsə də sosial çevrəsində münasibətləri pozulur. Obsessiv pozuntunun bir çox səbəbləri var. Ailədən irəli gələn səbəblər ola bilər, eyni zamanda yaxınını itirmə, iflas, boşanma kimi acı hadisələr buna yol aça bilər.
Psixoloq Gülər Məmmədova isə müraciət edən gənc ailələrdə xanımların həm də sıx-sıx Vaginizm deyilən bir xəstəlikdən əziyyət çəkdiyini vurğuladı.
- Gülər xanım, Vaginizm ailələrin ən sıx rastlaşdığı, mənəvi olaraq ən çox əziyyət çəkdiyi bir problem olmaqla yanaşı, onun haqqında danışmağa, ondan qurtulmağa utanırlar? Siz bizə deyin,nədir axı Vaginizm?
- Vaginizm – bir çox xanımların toy gecəsində təxəyyüllərində yaratmış olduqları qorxu və vahimə səbəbilə cinsi aktdan psixoloji ve fiziki olaraq imtina halıdır. Çox gözəl vurğulayırsınız ki, onun haqqında danışmağa utanırlar. Dəhşətlisi isə bundadır ki, çox zaman hər iki tərəf də səbəbkar olaraq bir-birlərini gördükləri və ya açıb ağartmaqdan utandıqları üçün bu problemlə 1 il, 2 il, hətta 5-6 il yaşayırlar. Vaginizmdən əziyyət çəkən xanımlar təkcə cinsi əlaqə zamanı deyil, hətta adi ginekoloji müayinəyə belə həssas reaksiya göstərirlər.
- Vaginizmin müalicəsi varmı?
- Əgər vaginizm sırf psixoloji səbəblərdən yaranmışsa bunun müalicəsi mümkündür. Hətta deyərdim ki, çox effektiv, çox rahat bir terapiya üsulu ilə bu ağır psixoloji travma yarada biləcək problemdən asan bir şəkildə qurtulmaq olar. Apardığımız terapiyaların sayəsinə neçə-neçə ailələrə sevinc yaşadaraq bu probeblemi birdəfəlik aradan qaldırmışıq.
Son günlərdə fəsil dəyişikliyi ilə əlaqədar olar insanlarda, elə özümüzdə və ətrafımızdakı yaxın insanlarda da ruh düşkünlüyü, halsızlıq, əhvalsızlıq, aqressiya və s. kimi hallar müşahidə edirik. Bu da gündəlik həyatımızda, iş prosesində insanlarla münasibətdə bəzi narahatlıqlara gətirib çıxara bilir. Psixoloq Könül Cəfərova tam da bu mövzuya toxunaraq fikirlərini bizimlə bölüşdü.
- Yaz ayında baş verən mövsüm dəyişikliyi insan orqanizminə təsirsiz ötüşmür. Qışın ağırlığını atmaq və yazın hərəkətliyinə uyğunlaşmaq təbii ki, insan üçün heç də asan olmur. Bununla əlaqədar da bir qədər yorğunluq, süstlük, iştahasızlıq, yaşamdan zövq ala bilməmək, yuxuya hədsiz meyllilik, həyat ritmini itirmək kimi depressiv halar ortaya çıxır.
- Yaz depressiyasından tez qurtulmaq üçün nə tövsiyyə edərdiniz?
- Təbii ki, problem varsa həlli də var. Bunun üçün qışdan yaza keçərkən bol vitamin qəbul etmək- xüsusən B və C vitamini, gün ərzində 2 litrə yaxın su içmək, erkən oyanmaq, əhval-ruhiyyəyə yaxşı təsir edən müsiqilər dinləmək, rahat və sizə xoş təsir edən geyimlərdən istifadə etmək lazımdır. Açıq havada bol -bol gəzin və zövq alacağnız şeylər etməyə çalışın. Beləcə problemin tədricən aradan qalxdığının şahidi olacaqsınız.
Onu da qeyd edək ki, mərkəzdə fərdi psixoloji konsultasiyalar ilə yanaşı, qrup terapiyaları, eləcə də Elnur Rüstəmov və digər mütəxəssislər tərəfindən tədris olunan müxtəlif istiqamətli psixoloji kurslar, seminarlar, treninqlər də keçirilir. Elnur Rüstəmov bu kurslara,treninqlərə həm psixologiya fakultəsi tələbələri, həm psixoloqlar , həm də psixologiya ilə maraqlanan hər kəsin qatıla biləcəyini vurğuladı.
Beləliklə, Psixologiya və Konsultasiya Mərkəzində “Bir Gün”ümüz yavaş-yavaş yekunlaşarkən yolumuzu yenidən Elnur Rüstəmovun yanından saldıq. Gərgin və dinamik iş rejimi arasında bizlərə zaman ayırdığı və rahat şərait yaratdığı üçün Təşəkkürümüzü bildirdik.
Hazırladı: Fəridə Qasımova