Düşüncə Jurnalı

header photo

RÖVŞƏN HÜMBƏTOV:"Bu peşənin sahibi olduğum üçün, özümü xoşbəxt hiss edirəm.."- MÜSAHİBƏ

"DÜŞÜNCƏ" Psixologiya Jurnalının bu dəfəki,  qonağı daha bir istedadlı, aktiv, ölkəmizi xaricdə layiqincə təmsil edən Azərbaycan Gəncidir! Yaxın günlərdə psixologiya elmi üçün qazandığımız böyük uğurun  (2017-ci ildə Avropa Gənc Psixoloqlarının 31-ci konqresinə ev sahibliyi etmək hüququnu qazanmağımız) əsas səbəbkarlarından biri də bu Gənc idi! Rövşən Hümbətovla çox səmimi və geniş bir söhbətimiz baş tutdu. Hər bir gəncin oxuduqca stimul alacağı müsahibəmizi sizlərə təqdim edirik!

- Biraz özünüz haqqında məlumat verərdiniz zəhmət olmasa.

- 1990 cı il təvəllüdlüyəm, bakalavr təhsilimi (2007 – 2011) ci illərdə Azəbaycan Dövlət Pedaqoji Universitetində bitirib, hərbi xidmətə yollanmışam. 2013 cü ildən Tallinn Universitetində magistr pilləsində təhsilimi davam etdirirəm. Tələbəlik dövründə və ondan sonrakı illərdə bir sıra mərkəz və birliklərdə fəaliyyət göstərib, yerli və beynəlxalq miqyasda bir çox layihə, konfrans və təlimlərin iştirakçısı olmuşam. Aktiv şəkildə psixologiya sahəsində olan fəaliyyətim,  2008 -ci ildən bir neçə tələbə yoldaşımla birlikdə təsis etdiyimiz “Azərbaycan Gənc Psixoloqlar İctimai Birliyi” çərçivəsində olmuşdur. Bundan başqa müxtəlif dövrlərdə Regional Psixologiya Mərkəzi (RPM), “Psixologiya və Konsultasiya Mərkəzi”(PCC) və Psixologiya və Fərdi İnkişaf Mərkəzi”(MS Pro) kimi mərkəzlərdə fəaliyyətim olub.  Hal  - hazırda Avropa Tələbə Psixoloqlar Assosiyasının (EFPSA) Azərbaycan üzrə milli nümayəndəsi və 2017 ci – ildə Azərbaycanda keçirilicək psixologiya konfransının təşkilat komitəsinin birgə rəhbəri kimi fəaliyyətim davam edir.

- Niyə məhz psixologiya sahəsində təhsil almağa qərar verdiniz? Bu təsadüfi bir seçim idimi ya məqsədyönlü atılmış bir addımmı?

- Bildiyiniz kimi 11 -ci sinifi bitirdikdən sonra ixtisas seçimi başlayır və bu dövr hər bir şagird üçün ən önəmli keçid mərhələlərindən biridir. Bu mərhələdə məndə öz seçimimi edərək psixologiyanı prioritet ixtisaslar arasına daxil etdim. İxtisas seçimində psixologiya ilk yeri tutmasa da, ümümilikdə bir neçə universitetdən 3 və ya 4 psixologiya ixtisasını seçərək, bu yolda ilk addımları atmış oldum. Tələbəlik illəri və ondan sonrakı dövr psixologiyanı daha dərindən başa düşərək, sevməyimə yardımcı oldu. Rahatlıqla deyə bilərəm ki, bu peşənin sahibi olduğum üçün, özümü xoşbəxt hiss edirəm.

- Heç kəsə sirr deyil ki, psixologiya istiqamətində tələbələr arasında  hər zaman aparıcı mövqedə siz olmusunuz. Bunu Elnur müəllim də ( Elnur Rüstəmov) söhbət zamanı hər zaman vurğulayıb. Bugün isə sizi daha çox arxa planda görürük. Bu  xarakterlə əlaqədardırmı ya hansısa başqa səbəblər var?

- Hər zaman məsələlərə kompeks və analitik yanaşmanın tərəfdarı olmuşam və yalnız bu cür yanaşma ilə həqiqəti anlaya, hadisələri düzgün analiz edə bilərik. Əgər ortada bir iş, hədəf varsa, burda ön planda, ya arxa planda olmaq vacib deyil. Önəmli olan planın bir parçası olmaq və onun gerçəkləşməsi üçün əlindən gələni etməkdir. Bir çox məsələlərə bu prinsip ilə yanaşmağa çalışıram və şəxsi önə çıxarmaqdansa, ideyanı yaşatmaq daha məqsədəuyğundur deyə düşünürəm. Müasir Azərbaycan toplumu kollektivistik cəmiyyətlər sırasına aid edilir. Bununla yanaşı bir məsələ var ki, biz ictimai və ailə yaşamımızda nə qədər çox kollektivistiksə, idarəetmə, siyasət və başqa bu kimi sahələrdə daha çox individualistik yanaşmaya üstünlük veririk . Bu butün Azərbaycan tarixi boyu özünü müxtəlif formalarda biruzə verib. Hələ qədim zamanlardan müxtəlif tayfalar, hakimlər arasında ittifaq qurulmadığına görə dövlət olaraq nə qədər torpaq itirmiş, zülmlərə məruz qalmışıq. Düşünürəm ki, bu tip individualizm, bu gün də aktualdır və bizim ən əsas problemlərimizdən biri də budur. Sizin dediyiniz ön planda olmaq frazasını biz planın bir hissəsi olmaqla əvəzləyə bilərik, belə olduqda ön, arxa, yan, qıraq əvəzinə hər kəsin bərabər olduğu planın bir parçası olmaq daha məqsədəuyğun olar deyə düşünürəm.

- Məşhur Rövşən, Orxan və Elvir üçlüyü vardı. Bugun Sizin və Orxanın fəaliyyətlərindən müəyyən dərəcədə xəbərdarıq. Bəs Elvir haralardadır,hansı istiqamətdə fəaliyyət göstərir?

- Bizim ilk tanışlığımız 2007 ci ildən universitet hayatının ilk günlərindən başlayıb və bu günə qədər davam edir. Bakalavr təhsilini bitirib, bir müddət işlədikdən sonra, hər birimiz özümüzü peşəkar olaraq daha da inkişaf etdirmək və fərqli yerlərdəki psixoloji və sosial təcrübəni öyrənmək üçün Avropanın fərqli bölgələrinə təhsil almağa yollandıq. Elvir Mərkəzi Avropada olan Korvinus Universitetində, Orxan qərbi Avropada olan Gent Universitetində, mən isə Şimali Avropada olan Tallinn Universitetində təhsil alırıq. Bu il bizim üçün son təhsil ili olduğu üçün artıq yay mövsümünün ortalarından yenidən vətəndə faəliyyətimizə start verəcəyik.  Yəni, qısa müddət sonra üçlüyü yenidən Azərbaycan psixoloji sferasında görəcəksiniz.

- Ölkə olaraq  2017-ci ildə Avropa Gənc Psixoloqlarının 31-ci konqresinə ev sahibliyi etmək haqqını qazandıq. Bu barədə Orxanla da söhbətimiz olmuşdu. Bir də Sizdən eşitmək istərdik Azərbaycan Psixologiya tarixində  bu əhəmiyyətli hadisənin tarixçəsini.

- Avropa Tələbə Psixoloqlar Assosiyası (EFPSA) ilə ik tanışlığımız 2009 -cu ildə Türkiyənin Anamur şəhərində keçirilən Avropa psixoloqlarının görüşündə oldu. Bu tədbirdə ilk dəfə namizədliyimizi verərək, Azərbaycanın müşahidəçi ölkə statusunda təşkilata daxil olmasına nail olduq. 2010 -cu ildən isə artıq tam hüquqlu üzv kimi “EFPSA” nın bütün növ tədbir və fəaliyyətlərində tam hüquqlu üzv kimi iştirak etmək hüququ qazanmış olduq. Bu illər ərzində toplamda 30-dan çox gənc psixoloq və məzun EFPSA-nın konfrans, tədbir və yay məktəblərində iştirak edərək müxtəlif dərəcəli təcrübələr qazanmış oldu. Nəhayət, 6 il sonra, yəni 2015-ci ildən  özümüzü belə böyük miqyasda konfrans keçirtməyə kifayət qədər təcrübəli və hazır hiss etdikdən sonra, Çexiyada keçirilən 29-cu konqressdə, ölkə olaraq 2017-ci il konfransına ev sahibliyi etmək üçün namizədliyimizi verdik. Gərgin keçən seçim turunun nəticəsində, mövcud səslərin yarıdan çoxunu alaraq seçimin qalib olduq. Düşünürəm ki, bu miqyasda olan böyük beynəlxalq layihələr, Azərbaycanda psixologiya elminin inkişafına təkan verərək, yeni inkişaf mərhəsinə keçməsinə səbəb olacaqdır.

- Xaricdə təhsil almağa necə qərar verdiniz? Məqsəd nə idi?

- Öyrənmək, təhsil almaq, yeni biliklər qazanmaq həvəsi uşaqlıqdan bəri ən sevdiyim məşğuliyyətlərimdən olub. Bildiyiniz kimi hazırda universitetlərimizdə praktik təhsilin aşağı səviyyədə olması, tələbələrin yüksək səviyyəli mütəxəssis kimi yetişməsinin qarşısında duran ən əsas çətinliklərdən biridir. Praktik təhsilə yiyələnmək və peşəkar psixoloq kimi yetişmək üçün xaricdə təhsil almağın ən düzgün yol olduğuna qərar verib, bu yolda çalışmağa başladım. Sonradan Azərbaycan ziyalılarının vaxtı ilə oxumaq üçün xaricə gedib, geri döndükdən sonra Azərbaycan Xalq Cumhuriyyəti üçün necə böyük və müstəsna işlər gördükləri ilə bağlı real həyat hekayələri ilə tanış olub, xaricdə oxumaq istəyimi qətiləşdirdim.    

- Sizcə uğur qazanmaq üçün nələr lazımdır və Şans deyilən məfhumun bu işdə rolu nə qədərdir?

- Bizim hər bir fikirə, ideyaya, qarşılaşdığımız hər hansı bir hadisəyə verdiyimiz məna, onun bizim üçün nə olduğunu müəyyənləşdirir. Buna görə də hər bir insan ilk növbədə uğurun onun üçün nə demək olduğunu nəzəri və praktik olaraq müəyyən etməlidir. Kimiləri üçün uğur xoşbəxt ailə həyatı, kimisi üçün maddi qazanc, kimisi üçün güc, başqa biri üçün isə tamamilə başqa bir hədəfdir. Məşhur Amerikalı yazar Christopher Morleye görə - həyatda tək bir uğur vardır, oda insanın istədiyi kimi yaşamasıdır -  deyir. Bu sözdən yola çıxaraq deyə bilərəm ki, uğur qazanmaq üçün həyatdan nə istədiyimizi, necə yaşamaq istədiyimizi, uğurun bizim üçün nə anlama gəldiyini dəqiqləşdirməliyik. Həmən bu anlamlar uğura gedən yolda bizim ən əsas yol yoldaşımız olacaqdır.  Məşhur bir psixoloq şans məfhumunu dəyərləndirərkən bu sözlərdən istifadə edir -  Şans hazırlıqlı şəkildə qarşına çıxan fürsətləri dəyərləndirə bilmək qabiliyyətidir. Əgər insan qarşısına məqsəd qoyub, o məqsədə doğru  irəliləyirsə, bu yolda qarşısına çıxan fürsətlərdən necə istifadə edəcəyi, artıq onun şanslımı ya şanssızmı olduğunu müəyyənləşdirir. Qısa şəkildə desək, şans fürsətlərdən doğru şəkildə istifadə edə bilmək bacarığıdır.

- Bugün azərbaycan psixologiya sahəsində istər elmi,istərsə də praktiki cəhətdən hansı çatışmazlıqlar var?

- Azərbaycanda praktik psixologiyanın tarixi çox da qədimlərə söykənmir. Nəzəri sahədə iş görən, kitab yazan psixoloqlar olmuş olsada, həmən nəzəriyyəni praktikaya tətbiqi məhdud olmuşdur. Son dövrlərdə cəmiyyətdə olan stress, depressiya, panik atak, həyacan pozuntusu və.s. bu kimi psixoloji sıxıntıların artması, praktik psixologiyaya olan ehtiyacı üzə çıxartmışdır. Qərb ölkələrində mövcud olan psixoloji vəziyyəti müşahidə etmək və araşdırmaq imkanı tapandan sonra qarşılaşdığım bir fakt mənə inkişaf üçün zəruri olanın nə olduğunu göstərdi. Demək olar ki, bütün qərb ölkələrində hər hansı bir iş görülürsə, onun davamlı olması üçün dırnaqarası məktəb yaradılır, yəni bir ənənə qoyulur və bu ənənə nəsillər boyunca davam edir. Heç kim həmən məktəbə öz varislik hüququ kimi baxmasada, hər kəs ənənənin qorunması, fəaliyyətinin gələcək nəsillərə çatdırılması və daha yaxşı nəticələr göstərməsi üçün çalışır. Bizimdə indiki anda qarşımızda duran ən əsas məsələ praktik və nəzəri psixologiyada ənənə (məktəb) yaratmaq olmalıdır. Əgər bizdə bu sahədə bir fundamental, köklü bir məktəb yarada bilsək, artıq sistem özü öz içində olan çatışmazlıqları, əksiklikləri müəyyən edib, onları aradan qaldıracaqdır. Başqa bir inkişaf yolu isə hər kəsin öz ixtisasının mükəmməl bilicisi olmasından keçir, yəni hər bir psixoloq öz fəaliyyət sahəsində işini ən yüksək səviyyədə, nöqsana yol vermədən qurmalı və daim ən yüksək nəticələrə çatmağa çalışmalıdır. Əgər belə olsa inkişaf qaçınılmaz olacaq. 

- Bəs sizcə psixologiyanın inkişafı üçün gənclərin üzərinə düşən öhdəliklər nələr olmalıdır?

- Gənclər ilk növbədə öz üzərilərində çalışmalı,yaxşı mütəxəssis kimi yetişməyə doğru istiqamətlənməlidirlər.Bu həm maddi vəziyyəti yaxşılaşdırmaq, həm peşəkar olmaq üçün lazım olan əsas şərtdir. Gördükləri işin nə olduğundan asılı olmayaraq o işi ən yüksək səviyyədə görən insanlar öz sahələrinin bilicisi və ən peşəkarı olurlar. Məndə gənclərimizə bunu arzu edirəm.

Məlumdur ki, Azərbaycanda psixologiya hələ yeni-yeni canlanmağa, öz tətbiq sahələrini genişləndirməyə başlayıb. Tələbə olmağa hazırlaşarkən psixologiya istiqamətini seçməyinizə narazılıq edən və ya qınayanlar oldumu?

- Təhsilimizin ilk illərində hələ psixologiya elmi Azərbaycanda elə də çox bilinmirdi və ixtisasımın nə olduğunu öyrəndikdən sonra insanlar, dəli həkimi olduğumu söyləyirdilər. Amma cəmiyyətdə gedən dəyişikliklər və xarici teleseriallarında təsiri ilə insanların ixtisasa və peşəyə olan münasibəti dəyişməyə başladı. Bu ixtisası seçməyimdə və təhsil müddətində ən böyük dəstəyi ailəmdən gördüm, bunun üçün hər zaman onlara minnətdaram. Bundan başqa bizə Gənc psixoloqlar Birliyi çərçivəsində fəaliyyət göstərərkən tanış olduğumuz praktik psixoloqlar, universitetimizdən bəzi müəllimlər və müxtəlif təşkilatların nümayəndələri bu yolda bizə daima öz dəstəklərini göstərmişlər.  

- Elnur Rüstəmovla ilk tanışlığınızı necə xatırlayırsınız?

- “Azərbaycan Gənc Psixoloqlar Birliyi” adlı qht-ni təsis etdikdən bir müddət sonra təsadüfən Elnur müəllim ilə tanış olduq. Elə ilk görüşümüzdən arada səmimi və gözəl ünsiyyət yarandı. Elnur Rüstəmov uğurlu bir idarəçi və psixoloq kimi hər zaman örnək aldığımız, dəyər verdiyimiz biridir və bu yolda irəliləməyimizdə, nailiyyətlər əldə etməyimizdə bizdən heç bir zaman öz dəstəyini əsirgəməmişdir. Məşhur nobelli Fransız yazar Romain Ronaldın dediyi kimi – Sizi, sizi anlayan, fikirlərinizi başa düşən bir dostunuz yaradır, -  sözü Elnur müəllimlə bizim münasibətimizi ətraflı şəkildə təsvir etmək üçün əla vasitədir. Bizim tanışlığımızda belə oldu,  səmimi şəkildə bir – birimizlə ideyalarımızı, fikirlərimizi bölüşüb, məhsuldar ortaq işlər gördük.  Azərbaycanda psixologiya elminin inkişafı üçün birgə etdiyimiz işlərin uğurlu olduğunu görmək, çox böyük xoşbəxtlikdir.

- Gələcəkdə psixologiyanın hansı sahəsində ixtisaslaşmağı planlayırsınız?

- Özümü daha çox praktik psixoloq kimi, psixoterapiya və təlim sahəsində görürəm. Bununla yanaşı universitetlərdə və ya başqa təhsil qurumlarında yanaşı olaraq pedaqoji fəaliyyətlədə məşğul olmaq istəyi hədəflər arasındadır.

- Ölkəmizə qayıtmağı düşünürsünüzmü?

- Bu sual təhsilin sonuna doğru yaxınlaşdığım üçün ən çox eşitdiyim suallardandır və hər zaman cavabım bəli geri qayıdıram olur.Bəzi dostlar, tanışlar bu cavabdan narazı qalıb, niyə geri dönürsən, şans var ikən qal orda, karyera qur deyirlər. Bu kimi fikirlərə verdiyim cavab daima belə olur ki, qərb ölkələri əsrlər boyunca cəhalətlə, geri qalmışlıqla mücadilə edərək, savaşaraq, bugünkü vəziyyətə gəlib çatıblar. Bizdə hər birimiz fərd olaraq, öz sahəmizdə çalışmalı, öz vətənimiz olan Azərbaycanın mükəmməl duruma gəlməyinə nail olmalıyıq. Qaçmaq asan yoldur, önəmli olan xəyal edərək, çalışaraq çətinliklərin aradan qalxmasına çalışmaqdır.

- Hələlik “Düşüncə” psixologiya jurnalına son sözünüz...

- Bu tip fəaliyyət sahələri Azərbaycanda psixoloji fikrin inkişafında əhəmiyyətli rol oynayır və yuxarıda qeyd etdiyim kimi, psixologiyada bir məktəbin, ənənənin yaranmasına zəmin hazırlayır. Gələcək fəaliyyətinizdə uğurlar!!!

Hazırladı: Fəridə Qasımova

Go Back

Comment