Düşüncə Jurnalı

header photo

Blog posts : "Müsahibə"

AQŞİN YENİSEY: "Həmişə o hissin dadına baxmaq istəmişəm..." - MÜSAHİBƏ

DÜŞÜNCƏ Psixologiya Jurnalının bu dəfəki qonağı,  Yeni dövr Azərbayca ədəbiyyatının məşhur nümayəndələrindən biri, Azad Yazarlar Ocağının sədri AQŞİN YENİSEYdir. Aqşin bəylə fəlsəfi abu-havada baş tutan söhbətimizi sizlərə təqdim edirik!

- Bildiyiniz kimi biz DÜŞÜNCƏ Psixologiya Jurnalını təmsil edirik. Ümumiyyətlə, psixologiyayla aranız necədir? Heç psixoloq köməyindən yararlanmısınızmı, özünüz və yaxud başqa yaxınlarınız üçün?!

- Psixologiya sahəsi ilə yaxınlığım yalnız bir dəfə universitetdə olub. Bu fəndən beş almışam. Amma ədəbiyyatla az-çox maraqlandığıma görə, demək olar ki, hər gün psixologiyanın izah etmək istədiyi insan xarakterləri ilə, psixoz vəziyyətlərlə üz-üzə gəlirəm. Sözsüz ki, mətnlərdə. Hər gün ədəbiyyat yeni psixi insan tipləri kəşf edir. Amma yazı adamı kimi bu sahə məni cəlb etmir, hətta dünya ədəbiyyatında insan psixikasının ədəbi ustası kimi tanınan Dostoyevskinin primitiv, ictimai-siyasi, dini-mövhumi proseslərin təsiri altında sayıqlayan məşhur obrazları da insan haqqında çürükçülük ovqatı yaradır məndə. Məncə, insan psixikası kosmik dəyişiklərin təsirindən pozulur.

- Kosmik dəyişiklik deyərkən nəyi nəzərdə tutursunuz tam olaraq?

- Məsələn, sabah dünya zamanını bir saniyə irəli çəkəcəklər. Poetik dillə desək, zamanın qocalığını, axsaqlığını süni yolla bərpa edəcəklər. Əslində isə bu orbit xəttinin genişlənməsinə insanın reaksiyasıdır. Dünya günəşdən uzaqlaşır. Bu cür hissolunmaz saniyələr min illər ərzində nəinki canlıların həyatına, psixikasına, emosiyalarına təsir edir, hətta bəzən yeni növlər əmələ gətirir.

Ədəbiyyat bu nəhəng prosesin içində, sadəcə, dəniz fırtınasında atılıb-düşən boş qayıq kimi görünür.

-Sizcə bir şair olaraq siz o qayığı nə dərəcədə yönləndirə bilirsiniz?

-Mən öz gücsüzlüyümü bəri başdan anlayıram. Kitabın insanı dəyişmək qüdrəti yoxdur. Olsaydı, göndərdiyi bizə məlum olan o dörd müqəddəs cild kitabla Tanrı özü nəyəsə nail olardı. Mən tamamilə köməksiz insanın duyğularını, fikirlərini yazıram, əgər yaza bilirəmsə.

-Məncə bu sizdə alınır. Elə söhbət yazdıqlarınızdan düşmüşkən bir şeirinizə istinadən sual verim sizə. Xəbər gəldimi oralarda necə unudulursunuz, necə yaddan çıxırsınız?

-İnsan ölümsüzlüyə, əbədiliyə iddialı bir acgözdür. Ən böyük əxlaqsızlıq budur məncə, əbədilik yanğısı. Dünyanın sifətindəki bütün xora izləri bu hissin yadigarıdır. Məncə, ən universal azadlıq unudulmaq, yaddan çıxmaqdır. Məsələn, ər nədir, unudulmuş sevgili, ata unudulmuş oğul, peoziya unudulmuş tarixdir. Ər ömrü boyu sevgili olmaq istəyəndə zayı çıxır, çünki qadına ərə getdikdən sonra sevgili yox, daha mükəmməl kişi lazımdır. Hətta məişətdə də unudulmağı bacarmaq lazımdır. Unudulmaqda müvəqqətilik yoxdur, biryolluq, birdəfəlik var. Gedib qayıtmamaq var. Unudulmaq çox poetik bir sonluqdur. Mən həmişə o hissin dadına baxmaq istəmişəm. Xatırlanmaq hissi məni eybəcərləşdirir, bəlkə, bu da mənim psixi kompleksimdir. O, şeir də bu kompleksin təsiri ilə yazılmışdı.

-Bu kompleksi özünüz üçün müsbət yoxsa mənfi xüsusiyyət sayırsınız?

-Başqaları bunu məndə, sadəcə, diqqətsizliyimə qazandırdığım bəhanə kimi dəyərləndirir. Demək olar ki, məişət yaddaşım yoxdur. İnsanlar ölür müvəqqəti xatırlanmaqdan, diqqətə gəlməkdən ötrü. Mən öz eqomun acgözlüyünü cızma-qaralarımla təmin edə bilirəm deyə başqaları ilə ünsiyyətə, nəyisə paylaşmağa ehtiyacım olmur. Amma insanlar özlərini başqalarında axtarır.

-Sizin ideal insan obrazınız necədir bəs? Və o idealı başqalarına da məsləhət görərdinizmi? Məsələn öz övladınıza? Ümumiyyətlə istəyərsiniz övladınız şair olsun?

-Məncə, məhz insan ideal olmamalıdır. İdeal insan obrazı mənə çox bezdirici, qeyri-təşəbbüskar, ölçülü-biçili, monoton təbiətli bir varlıq kimi gəlir. İnsanı mənalandıran onun gözlənilməzlikləridir. Hər an gözlənilmədən yenilənə bilən olmasıdır. Bir söz var, deyir böyük başlar ideyalarla, orta ölçülülər hadisələrlə, kiçik başlar insanlarla məşğul olmağı sevir. Mən istəyirəm övladım heç vaxt insanlarla girinc olmasın, ideyalarla, anlayışlarla düşünməyi öyrənsin. Sonra kim olursa olsun.

-Son olaraq ruhunuza yaxın saydığınız bir şeirinizi deyə bilərsiniz?

-Məmnuniyyətlə…

Niyə belə tez?

Keçmişin son günüydü,

Bakı küləyi qəzet satırdı heykəllərə göyərçinlər söz və fikir azadlığı idi,

daşa döndərilmiş insanların.

düşünmək ucadan susmaq idi

masada ucsuz-bucaqsız darıxmaq idi

indiki zaman qədim şüşənin dibində ah çəkirdi

qoca şərab alın tərini çoxdan tərgitmişdi

ağ çörək.

boyat sözünə özgə köhnəsi kimi bürünən vicdan

içki düşkünüydü bir şairin

küncündə divarın köksündən kişi səsi gəlirdi;

 bir qəhqəhə hönkürürdü, kefli və xəstə:

 niyə belə tez öldünüz, ümidlərim?

arzularım, niyə belə tez qocaldınız?

söhbət səndən gedirdi

heç kimin olmadığı yerdə.

qol saatlarını kiloyla satırdı qul bazarında çinli Xu

çin dilində bir boşqab yemək qiymətinəydi vaxtın kilosu.

qulların səhəri Çin vaxtıyla açılırdı paytaxtda.

sevgi yaşamaq, ayrılıq yadda saxlamaq üçün idi uzaqdakını.

yəni səni, yəni sənlərin çox olduğu Bakını.

necə ki, orda xalqlar qələbələrini tarixə məğlubiyyətlərini incəsənətə çevirirdi qədim kitablarda.

mədəniyyət ağrının tarixiydi operada.

on yeddinci əsrin ox yaralarıyla dönürdü evə qoca ağrılar.

ulduzlar gözü arxada qalan yalqızların yürüşüydü gecəyarısı.

üzünü silirdi ay buludlara.

nəsə vardı göyərçinlərə aid heykəllərin düşüncələrində.

yoxsa daşlar da yalqızlıqdan ağrımağa başlayır, insana bənzədilincə?

həyatın özü əsl teatr idi yerdə, sadəcə, səhnə mədəniyyəti çatışmırdı.

sonu alqışla bitməliydi hər şeyin;

çünki yalnız insan idi tamaşaçısı Tanrının, tarixin, taleyin...

söhbət səndən gedirdi.

işıqlar yuxu görürdü atasız evlərin qapısı ağzında uşaqlar kağızdan kəsilmiş ürəkləri qucaqlayıb yatırdı.

evdəki kor güzgülərdə palçıqdan yaradılmış bir ümid darıxırdı.

güzgülərdəki əksim də atıb getmişdi məni.

diz çöküb dördkünc dolaba, yanaşı çəkdirdiyimiz şəkillərə baxırdım.

şəkillərdə də yox idin indi sən.

sənin olmadığın hər yerdən mən də yoxa çıxırdım.

əl yelləyərək göylərin hönkürtüsü olan dənizlərə,

yerlərin nəriltisi olan dağlara.

üzünü silirdi ay buludlara.

söhbət səndən gedirdi

– mənim itkilərimin cəmindən.

gözlərin yuxuma girirdi gecələr və üzr istəyirdi:

“bağışla, biz kor idik, görə bilmirdik”.

ayrılıq qaldığın, sevgi getdiyin yerin adıydı indi.

indi mənim də gözlərim buz bağlamışdı.

bədənimin buzlaşma dövrü başlamışdı.

indi köhnə fotolarda özüm kimi unudulmuş insanların dostuydum.

o insanların ki, indi heç özüm də onları xatırlamırdım.

keçmişin son günüydü evimdə,

masamda, taleyimdə hər şeyin artıq çatmışdı axırı.

yatmış saatımı geri çəkirdim səninlə olduğum günlərə doğru.

aldığın çit köynəkdə əlimlə sığal çəkib qırışmış xatirələrini ütüləyirdim,

və mən indi bilirdim;

o vaxt mənim sevgimin köynəyi sənin ürəyinin əyninə dar imiş.

…söhbət səndən gedirdi,

həkimlərin otağında.

-Gözəl şeir idi.

-Çox sağolun.

-Mənim üçün maraqlı həmsöhbət oldunuz. Sağolun. Yeni şeirlər gözləyirik sizdən. İşlərinizdə uğurlar.

-Təşəkkür edirəm. Sizə də uğurlar.

 

Hazırladı:Fuad Əsədov

 

Go Back

QALİB ƏSƏDOV: "İnsan həyatdan çox zərbə aldıqda da bumeranq effekti ilə cəmiyyətə o cür cavab verir."-MÜSAHİBƏ

 

Turan klinikasının həkim-nevropataloqu, psixoterapevt, Avropa nevropataloqlar cəmiyyətinin üzvü Qalib Əsədovla olan müsahibəmizi sizlərə təqdim edirik!

- Cəmiyyətimizdə  aqressiya halları nədən yaranır?

-  Gəlin əvvəlcə müəyyənləşdirək ki, ümumiyyətlə aqressiya nədir? Başqasına qarşı qərəzli münasibət, hiddət, nifrət, müxtəlif neqativ münasibətlər və hislər aqressiv göstəricilərdir. Son zamanlar insanlarda olan aqressiya dərəcəsi son dərəcə artıb. Burda birinci olaraq onu deyim ki, əsas günah məhz uşaqların tərbiyəsində baş vermiş səhvlərdir. İndiki uşaqlar  heç bir əziyyət görmürlər. Ata-anaları onların hər istədiklərini yerinə yetirir. Hətta bu o həddə çatıb ki, uşaq gecə yarısı ayağını yerə döyüb məsələn nəsə istəyirsə valideynləri dərhal gedib onun arzusunu yerinə yetirir. Nəticədə uşaqda belə bir fikir formalaşır ki, problemini həll etmək üçün, istədiyinə nail olmaq üçün qışqırmaq, haray-həşir salmaq lazımdır. Məhz onların ərköyün böyüdülməsi, hər istədiklərinin yerinə yetirilməsi nəticəsində onlar elə formalaşırlar ki, kiçik bir problemi faciə kimi qəbul edirlər. Cəmiyyətə, bu problem yaradan insanlara qarşı hiddət, qəzəb yaranır və arzularına çatmaq üçün bəzən şiddətə əl atırlar.

İkinci olaraq, məktəblərdə təlim tərbiyə işlərinin düzgün təşkil olunmamasını demək olar. Bildiyimiz kimi bütün məktəblərdə psixoloq var. Bəs  onlar vəzifələrini düzgün yerinə yetirirlərmi? Müxtəlif konfranslar, tədbirlər, tematik işlərin keçirilməsi, çətin tərbiyə olunan uşaqlarla, onların valideynləri ilə fərdi söhbətlər nə dərəcədə aparılır? Keçmişdə pionerlər, komsomol təşkilatları var idi. Uşaqlarla iş aparır, onlar yaxşılıq, dostluq etmək, vətənpər olmaq təbliğ olunurdu. Amma indi məktəblərdə bu iş aparılmır və hər kəs öz eqosuna xidmət edərək sadəcə öz həyatını  yaşayır.

Xüsusən də indi aqressivliyi yayan kütləvi-informasiya vasitələridir. İndiki, gənc nəsildə Rembolar, Rocky Balbolar, Brus lilər, Polad Alemdarlar və Mematilər yetişir  və onların idealları məhz bu personajlardır. Onlar isə problemi, ancaq öldürməklə, döyməklə və müxtəlif aqressiv üsullarla həll edirlər. Buna baxan gənclər də problemlərini məhz bu yolla həll etməyə çalışırlar. Düzdür keçmişdə də döyüş filmləri var idi. Amma orada düşüncə, məntiq, intellect ön planda göstərilirdi. Çox təhlükəli haldır ki, yeniyetmələr özlərini kriminal aləmin avtoritetlərinə bənzədir və bunula da fəxr edirlər.

 Bu gün idmanın döyüş növləri daha çox reklam olunduğu halda elmlə bağlı olan və intellektual verilişlər efirlərdə yox dərəcəsindədir.  Bu gün bizim ölkəmizdə 700 bal yığan və ya Oksford, Kembric, Harvard kimi universitetlərdə təhsil alan tələbələr var.  İdmançılarımızı hamı tanıdığı halda, bu tələbələri, bu savadlı gəncləri heç kimə məlum deyil. Amma mən deyərdim ki, həmin gənclər hansısa olimpiada çempionundan daha üstün və ölkə üçün də daha gərəklidir. Bu intellektlərin lazımi səviyyədə təbliğ olunması uşaqlarda oxumaq həvəsini daha da artırar, savadlı adam isə heç vaxt aqressiv ola bilməz.

Aqressiyanı yaradan səbəblərdən biri də dinin radikal qoludur. Hansı din olmasından asılı olmayaraq radikalizm aqressiya ilə əks qardaşdır.

- Aqressiya ilə əsəbiləşməyin nə fərqi var? 

- Ümumiyyətlə əsəbləşmək hər bir insana xas olan keyfiyyətdir. Sadəcə, müdrik insan əsəblərini cilovlamağı bacarır. Müdrik olmaq üçün də oxumaq lazımdır.  Təhsilin səviyyəsi aşağıdırsa, belə cəmiyyətdə cahil insanların sayı artır. Bu cür insanlar da əsəblərini cilovlaya bilmir,  əsəbləşdikdə  çılğın, emosianal reaksiya verir. Baxın, məsələn toylarda hansısa bir bəhanə ilə, adətən, kim dalaşır? Savadsız, mədəniyyəti, təhsili aşağı olanlar.  Ziyalı isə nəyin bahasına olursa olsun  əsəblərini cilovlaya bilir. Və yaxud da balaca uşaqlar həmişə dalaşırlar. İnsan yaşa dolduqca, kamilləşdikcə daha ağıllı olur. Müdrik insanlar isə problemlərini sakit yolla həll edirlər.

- Deməli cəmiyyətimizdə aqressiya savadsızlıqdan yaranır.

- Bəs insanın öz həyatında olan psixi travmalar və zərbələr onun aqressiv fərd kimi yetişməsində nə dərəcə rol oynayır? Bildiyimiz kimi insan həyatdan çox zərbə aldıqda da bumeranq effekti ilə cəmiyyətə o cür cavab verir.

Məncə psixi travmalar, çətinliklər insanı sadəcə müdrikləşdirir. İnsan həyatda nə qədər çətinlik görsə bir o qədər də müdrikləşir. Aqressiv gənclər adətən tam təmin olmuş ailələrdən çıxır. Uşaq evlərindən çıxan uşaqlar adətən çox sakit olurlar və güzəştə getməyi bacarırlar.

- Amma bir məsələdə var ki, uşağa qarşı həddindən artıq sərt reaksiya verəndə də o aqressiv olur və ona göstərilən münasibəti o da cəmiyyətə qaytarır. Məsələn manyak-qatil Çikatilo. Ali təhsil almasına,müəllim olmasına baxmayaraq aqressiv idi. Çünki uşaqlıqda insanlardan çox sərt münasibət görüb və ümumiyyətlə çox çətin bir uşaqlıq keçirib. Bəs buna nə deyərsiniz?

 - Mən ona sağlam insan kimi baxmıram. O psixi xəstə idi. Bir var hansısa psixi xəstəlik, məsələn, şizofreniya. Bir də var psixi cəhətdən adekvat olan insanlarda baş vermiş davranış pozğunluğu. Manyak və ya digər psixi xəstəliyin təhsilə, savada heç bir aidiyyatı yoxdur. Söhbət cəmiyyətin sağlam hesab etdiyi insanlardan gedir.  

- Aqressiyaya qarşı necə mübarizə aparmaq olar?

İlk növbədə təhsil. İnsanlar maarifləndirilməlidir. Elm insanları təbliğ olunmalıdır. Bizim Azərbaycan televiziyasında bircə dənə də olsun elmi-kütləvi veriliş deyə bilərsinizmi? Ancaq ailə məişət problemləridir efirlərdə. Düzdür bu cür sosial verilişlər də lazımdır, amma elmi də unutmamaq lazımdır.  Gəncləri oxumağa, təhsilə həvəsləndirmək lazımdır. Valideynlər uşaqlara qarşı daha diqqətli davranmalıdırlar. Heç bir halda uşağa nəzarəti itirməməlidirlər.  Qalmaqallar, şou xarakterinə təşkil olunan, insanlarda aqressiv fikirlər aşılayan verililişlərdən imtina olunmalıdır.

- Son olaraq nə deyərdiniz?

Sizə işlərinizdə uğurlar arzulayıram. Çox böyük iş görürsünüz bu cəmiyyəti maarifləndirməklə. Çünki həqiqətəndə həyəcan təbili çalmaq vaxtıdı, hansı ki, bunu hiss eləmisiniz.

 

Hazırladı: Fuad Əsədov

Go Back

Abituriyentlərin “məhşər ayağı”: onlara necə kömək etməli?

Bu gün ölkənin bir sıra rayon və şəhərlərində IX və XI sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilir. Cəmi bir ay sonra isə həmin məzunlar abituriyent kimi qəbul imtahanlarında iştirak edəcəklər.

 

İmtahan – təkcə bilik nümayişi deyil, həm də məzun və abituriyentlər üçün ciddi psixoloji sınaqdı. Buraxılış və qəbul imtahanlarının zaman baxımından eyni aralıqda keçirildiyini nəzərə alsaq, bu üç aylıq periodun məzunların, necə deyərlər, qorxulu yuxusuna çevrildiyini görmək çətin deyil. Elə bu səbəbdən də bəzən bilikləri yerində olan məzun və abituriyentlər də sırf psixoloji səbəblərdən uğursuzluqla üzləşir. Bunun səbəbi stress, aşırı həyəcan və təşvişdir.

 

Psixoloqlar ölkədə buraxılış siniflərinin məzunlarının imtahan həyəcanını iki dəfə yaşamasının psixoloji baxımdan təsiri olduğunu söyləyirlər. Psixoloq Elnur Rüstəmov deyir ki, imtahan məsuliyyət tələb etdiyindən həyəcana səbəb olması da təbiidir: “Şagirdlər biliklərinin yekun qiymətləndirilməsi üçün keçirilən imtahanlarda bəzən bildikləri cavabı belə, səhv yazırlar. Buna səbəb şagirdlərin həyəcanıdır. Yetkinlik yaşında olan uşaqlarda bu həyəcan daha çox olur. Onlarda sualı axıradək oxumadan cavablandırma, diqqətsizlik hallarına rast gəlinir”.

 

Psixoloq deyir ki, imtahan verən şagirdə ailənin psixoloji baxımdan dəstəyi vacibdir. Çalışmaq lazımdır ki, ailə imkan daxilində imtahana hazırlaşan şagirdlə daha çox vaxt keçirsin, mülayim rəftar etsin. Bundan əlavə E. Rüstəmov imtahana hazırlaşan şagirdin mümkün qədər az informasiya qəbul etməsini, sosial şəbəkələrdən isə ümumiyyətlə, istifadə etməməsini tövsiyə edir.

 

Həkimlər də imtahanqabağı şagirdlərin sağlamlıqlarına diqqət yetirməsinin vacib olduğunu söyləyirlər. Terapevt Emin Dadaşzadə deyir ki, iyun ayındakı hava şəraiti imtahan verən şagird və abituriyentlər üçün əlverişsiz, yüksək temperaturlu hava şəraiti hesab olunur. Terapevt imtahan həyəcanı yaşayan şagird və abituriyentlərə yüksək hava şəraitinin təsir edəcəyinin şübhəsiz olduğunu söyləyir. Onun sözlərinə görə, stress içərisində olan şagirdlər bu temperaturda başgicəllənmə, ürəkbulanma, təzyiqin enməsi kimi xəstəliklərlə üzləşə bilərlər: “Havanın isti keçməsi həyəcan keçirən insanlara daha çox təsir göstərir. Belə halda əsasən təzyiqin enməsi müşahidə olunur. Bu hava şəraiti ürəkbulanma, başgicəllənmə, ən pis halda isə huşunu itirmə ilə də nəticələnə bilər. Günvurma da şagirdlərin səhhətinə təsir göstərə bilər”.

 

 

Ona görə də E. Dadaşzadə şagirdlərə həm imtahandan əvvəl, həm də imtahan zamanı mayedən çox istifadə etməyi məsləhət görür. Terapevt deyir ki, temperatur yüksək olduqda insan orqanizmində istilik balansı pozulur. Bu səbəbdən də imtahan həyəcanı yaşayan şagird və abituriyentlərdə sadalanan xəstəliklər baş qaldıra bilər. Terapevt şagirdlərin isti hava şəraitində sağlam və uğurlu imtahan verməsi üçün bir sıra məsləhətlər də verdi: “Belə hava şəraitində imtahana qatılacaq şagirdlərin özlərini gümrah hiss etmələri, imtahan gedişi zamanı səhhətlərində hər hansı problemin yaranmaması üçün mütləq axşam və imtahan günü səhər qidalanmalarına diqqət yetirməlidirlər. Abituriyentlər axşam yatmazdan əvvəl və səhər yüngül qidalar qəbul etməlidirlər. Meyvə yemək və meyvə şirəsi içmək vacibdir. Eyni zamanda çoxlu digər mayelər də qəbul etməlidirlər”.

 

Terapevt şagirdlərin səhər uğurlu imtahan verməsi üçün axşam tez yatmalarının da vacib olduğunu bildirir. Onun sözlərinə görə, imtahan verməyə hazırlaşan şəxs ən azı 10 saat yatmalıdır. Terapevt imtahan həyəcanı yaşayanların axşam televizora az baxmalarını da məsləhət görür. Belə ki, şagirdin beyni informasiya ilə dolu olduğundan, kənar informasiya qəbulu beyni yükləyə bilər.

 

Terapevt yüksək hava şəraitində şagirdin səhhətində hər hansı problem olarsa, həkim müdaxiləsinə qədər düzgün ilkin tibbi yardımın göstərilməsini də vacib sayır. Əgər  ürəkbulanma, təzyiq enməsi, başgicəllənmə halları baş verərsə, dərhal xəstə kölgəlik, sərin yerə aparılmalı, üzərinə sərin su çilənməli, dəsmalı isladaraq yaş halda ürəyinin üzərinə qoyulmalı və maye verilməlidir: “Huşunu itirmə ilə nəticələndikdə isə xəstəyə naşatır spirti qoxuladaraq həkim müdaxiləsini gözləmək lazımdır. Bu zaman həkim kofein və kordiamin iynələri vuraraq, xəstənin vəziyyətini düzəldə bilər”.

 

lent.az

Go Back

Adı Qalan Uşaq Düşərgələri

Mütəxəssislər uşağın sosiallaşması, vətəndaş kimi yetişməsi üçün uşaq düşərgələrinin əhəmiyyətinin böyük olduğunu deyirlər

Tədris ili başa çatdıqdan sonra məktəblilərin yay tətili başlayır. Uşaqların yeni dərs ilinə yorğun qədəm qoymaması üçün bu tətilin səmərəli keçirilməsi vacibdir. Yay tətilində dolğun istirahət edən uşaqlar olsa da, təəssüf ki, bunu bütün məktəblilərə aid etmək olmur. Onların çoxu yay tətilini evdə valideynləri ilə birgə keçirir. Buna isə heç də düzgün tətil demək olmaz. Sovetlər vaxtında uşaqlar üçün yay düşərgələri təşkil edilirdi ki, bu da məktəblilərin səmərəli istirahətini təmin edirdi. Həmin düşərgələr bu gün də var. Amma varlığı ilə yoxluğu hiss edilmir...

Uşaqların yay düşərgələri kağızdan silinib

Yay aylarında uşaqların istirahətini təşkil edən barmaqla sayılacaq qədər az sayda düşərgə mövcuddur. Bu isə yetərli deyil. Uşaqların Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov qəzetimizə açıqlamasında bildirdi ki, bütün uşaqlar yay aylarında istirahət etmək hüququna malikdir. Məktəbdən bir neçə ay uzaqlaşan uşaqlar həmin vaxt ərzində istirahət etməli, güc yığmalı, yeni tədris ilinə hazırlaşmalıdırlar: “Təəssüf ki, bu gün həmin istirahət ancaq sosial vəziyyəti yaxşı olan ailələrin uşaqları üçün verilir. Məktəb bağlanandan sonra uşağın evdə oturması, küçədə vaxtını boşuna keçirməsi, kompüterdə oyunlar oynaması istirahət deyil. İstirahət müddətində uşaq harasa getməli, yaşıdları ilə təmasda olmalıdır. Əvvəlki illərin düşərgələri böhrana uğradı. Hazırda cəmi bir neçə düşərgə var ki, onlar da hansısa böyük idarələrdə çalışanların uşaqlarının istirahətini təmin edir. Rusiyada da məktəb düşərgələri geniş yayılıb. Azərbaycanda isə heç kim bununla məşğul olmaq istəmir. Uşaqların yay düşərgələri kağızdan silinib. İki-üç düşərgə ilə demək olmaz ki, bizdə bu var”.

Məktəb düşərgələri daha asan başa gəlir

Y.Bəkirov deyir ki, yüksək səviyyədə nəsə təşkil etməyə ehtiyac yoxdur. Uşaqların istirahətini təmin etmək üçün əldə olanları dəyərləndirmək lazımdır: “Sovet dövründə məktəb düşərgələri də fəaliyyət göstərirdi. Onlar hər bir ailə üçün sərfəli idi. Təəssüflər olsun ki, Təhsil Nazirliyi bu gün uşaqların istirahətini təmin edə bilmir. Azərbaycanın bir çox səfalı bölgələrinin məktəblərində düşərgələr təşkil etmək olar. Minimum imkanlar hesabına müəyyən şərait yaradılsa, bu da yetər. Müəllimlər dərs olmayan vaxtlarda müəyyən müddət məktəblərə gedirlər. Elə etmək olar ki, müəllimlər həmin müddətdə düşərgələrdə uşaqlarla da məşğul olsunlar.

20 minə yaxın uşağın sağlamlaşdırılması və istirahəti...

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov bildirdi ki, AHİK və onun üzv təşkilatları olan sahə həmkarlar ittifaqları hər il olduğu kimi, bu il də yay aylarında uşaqların istirahətinin təşkilinə ciddi önəm verirlər. Ötən ilin yay mövsümündə 20 min nəfərə yaxın uşağın sağlamlaşdırılması və istirahəti təşkil edilib: “Onlardan 2750 nəfəri həmkarlar ittifaqlarının yay sağlamlıq düşərgələrində dincəlib, qalanları isə həmkarlar ittifaqının xətti ilə öz valideynləri ilə birgə respublikanın səfalı guşələrindəki istirahət mərkəzlərində istirahət ediblər. Ailəvi istirahətin təşkili ilə əlaqədar həmin istirahət mərkəzləri ilə müqavilələr bağlanıb və yollayışlar verilib. AHİK-in tabeliyində olan sanatoriya-kurort müəssisələrində də uşaqların sağlamlaşdırılması və istirahəti təmin edilib, bu zaman ilk növbədə uşaqların müalicəyə olan ehtiyacı nəzərə alınıb. İstirahətə göndəriş zamanı aztəminatlı ailələrin, məcburi köçkünlərin, qaçqınların uşaqlarına güzəştlər olunub”.

800 uşaq pulsuz istirahət edə biləcək

N.Ağamirov deyir ki, bu il yay-sağlamlıq düşərgələrində dincələcək uşaqların sayının 2000 nəfər olacağı gözlənilir. Bundan əlavə, sahə həmkarlar ittifaqı təşkilatları tərəfindən də uşaqların yay istirahətlərinin təşkil olunması nəzərdə tutulur: “Yay-sağlamlıq düşərgələrinə yollayışlar ilk növbədə həmin düşərgələrin məxsus olduğu Sahənin müəssisə və təşkilatlarında çalışan işçilərin uşaqlarına veriləcək. Bu il istirahəti təşkil olunması nəzərdə tutulan 2000 nəfər uşaqdan 800 nəfəri yollayışdan tam güzəştlə pulsuz istifadə edəcək. Həmin yollayışlar əsasən aztəminatlı, şəhid, qaçqın, məcburi köçkün və əlil ailələrinin uşaqları üçün nəzərdə tutulur. Qalan 1200 uşaq isə dəyərinin yalnız 15 faizini ödəməklə yollayış əldə edəcək”.

Bir ədəd yollayışın dəyəri 235 manat

N.Ağamirovun sözlərinə görə, bir ədəd yollayışın dəyəri 235 manat olsa da, işçilər öz uşaqları üçün alacaqları yollayışın dəyərinin yalnız 15 faizini, yəni 35 manat ödəyəcəklər: “Uşaq-sağlamlıq düşərgələri mövsüm ərzində bir növbənin müddəti 21 gün olmaqla fəaliyyət göstərəcək. Uşaqların istirahətinin dolğun və səmərəli keçməsi üçün düşərgələrdə lazımi şərait yaradılıb. Düşərgələrdə dincələcək uşaqların yaş həddi 7-14-dür”.

Düşərgə uşağı vətəndaş kimi formalaşdırır

Sosioloq Əhməd Qəşəmoğlu uşaq düşərgələrinin onların istirahəti üçün kifayət qədər yaxşı düşünülmüş mexanizm olduğunu deyir. Burada düşərgələrin necə təşkil edilməsindən də çox şey asılıdır: “Əvvəllər uşaq düşərgələrinə ancaq təbiətin gözəl olduğu məkanlarda deyil, bütün kəndlərdə rast gəlmək olardı. Amma sonradan onu sovet mexanizmi kimi ləğv etdilər. Uşaqlara sovet ideologiyasının təbliğ olunduğu əsas gətirilərək yığışdırıldı. İndi Azərbaycançılıq ideologiyası, dövlətçiliyimiz barədə təbliğat işi qurmaq olar. Burada təbliğat ikinci dərəcəli əhəmiyyətə malikdir. Dərslər olmayan vaxtlarda düşərgələrdə uşaqların vətəndaş kimi formalaşması üçün tədbirlər görülürdü. Bunun üçün yaxşı proqram tutmaq lazımdır. Həmin düşərgələrdə uşaqlarla psixoloqların işləməsinə şərait yaradılmalıdır. Psixoloqlar uşaqların qabiliyyətlərinin üzə çıxmasına yardım etməlidir. Düşərgələr şəxsiyyətin sosiallaşmasına kifayət qədər kömək edən vasitə idi”.

Valideynlərin düşərgələrə inamı azdır

Sosiolq deyir ki, oğlanlarla qızların bir yerdə uşaq düşərgələrində istirahət etməsinə valideynlərin etibarlılıq dərəcəsi də azalıb. Bu da düşərəglərin bu gün aktuallıq qazanmasına mane olan amillərdəndir: “Əvvəllər uşaq düşərgələrinə valideynlər etibar edirdilər deyə, övladlarını oğlanlı-qızlı oraya göndərirdilər. İndi isə cəmiyyətdə gedən proseslər elə şəkildədir ki, bir az mənəvi cəhətdən cəmiyyət sanki bu məsələlərdən uzaqlaşıb. Ona görə düşərgələr elə təşkil edilməlidir ki, valideynlər etibar edib uşaqlarını oraya göndərsinlər. Bu baxımdan işlərin yenidən qurulmasına böyük ehtiyac var. Türkiyə, Rusiyada kimi ölkələrdə bu mexanizmin dəyişik metodlarına rast gəlmişəm”.

3-4 yaşdan sonra uşaq düşərgəyə getməlidir

Uşaq psixoloqu Narınc Rüstəmova deyir ki, yay aylarında bütün uşaqların istirahətə ehtiyacı var. 3-4 yaşdan sonra valideynlər uşaqlarını düşərgələrə etibar edə bilərlər: “Əvvəlki illərdə düşərgələr təkcə normal deyil, hansısa xəstəlikdən əziyyət çəkənlər üçün də var idi. Şəkərli diabet, onkoloji və s. xəstəliklərdən əziyyət çəkən və ya çətin tərbiyə olunan uşaqlar uşaqlar üçün ayrıca düşərgələr var idi. Həmin uşaqların cəmiyyətə qaytarılması, sosial adaptasiyanın təmin edilməsinə çalışılırdı. İndi Azərbaycan Diabet Liqası (ADL) diabetli uşaqların hər yay istirahətini təşkil edir. Amma bu istirahət əvvəlki illərdəki qədər intensiv deyil”.

Düşərgə uşağı sosiallaşdırır

Psixoloq deyir ki, düşərgə asudə vaxtın təşkili üçün ən gözəl vasitədir. Uşaq sosiallaşır, ana-atadan ayrı qalaraq qaydalara tabe olmağı öyrənir, şəxsiyyət kimi formalaşır: “Bizim cəmiyyətin ən böyük problemlərindən biri uşaqların ata-anaya çox bağlı olmasıdır. Ailələrdə uşaqların sayı azdır. Buna görə də valideynlərin uşaqların üzərində diqqəti daha da çoxdur. Diqqətini bir uşağa verən valideyn ondan daha çox şeyi tələb etməyə başlayır. Uşağa özü vaxt ayırdığı üçün onu düşərgəyə göndərməyə ehtiyac duymur. Uşaqları özlərindən uzaq tutmurlar ki, başlarına nəsə pis hadisə gələ bilər. Amma əvvəllər artıq uşağın yaşı uyğun gəldikdə rahatlıqla düşərgələrə verirdilər. 3 yaşından sonra uşaq bağçaya getməli, düşərgələrdə olmalıdır. 3 yaşına qədər uşağa dayə qulluq edə bilər. Amma sonra dayə yox, bağça daha yaxşıdır. Əgər uşağın sosial bacarıqları inkişaf etməsə, o, ancaq sözünü evdəkilərə keçirə bilir. Evdən kənarda isə heç bir bacarığa malik olmur. Bu gün valideynlər uşaqlara çox diqqət göstərirlər, normadan artıq himayə edirlər”.

Düşərgəyə tələbat yaradılmır

N.Rüstəmovanın sözlərinə görə, tələbat olmadığı üçün düşərgələrin sayı azalmağa başlayır. O deyir ki, düşərgə mexanizmi ilə bağlı maarifləndirmə işləri aparılmalıdır: “Həmin düşərgələrdə psixoloqlar olmalıdır. Düşərgələrin təşkil edilməsi məsuliyyətli işdir, burada hər bir detal nəzərə alınmalıdır. Uşaqların qidalanmasından tutmuş, əyləncələrinə qədər nəzarətdə olmalıdır. Çünki uşaqlar fərqli ailələrdən gəlir, zövqlər, fikirlər eyni olmur. Eyni zamanda, uşaqların yaş qruplarını da nəzərə almaq lazımdır. Böyük uşaqlarla balacaları eyni qrupa salmaq düzgün deyil. Düşərgə bir ailədir və uşaq orada qaydalara tabe olur, özünə dost tapır, sosiallaşır. Bir sözlə, uşaq bu cür mərhələlərlə cəmiyyətə hazırlanır. Məktəb yaşına qədər bağçaya, bu cür düşərgələrə gedən uşaqların məktəbə uyğunlaşması çətin olmur. Evdə oturan, eqoist böyüyən uşaq cəmiyyətə uyğunlaşa bilmir”.

Uşaq valideyndən ayrı istirahət etməlidir

Psixoloq onu da bildirdi ki, uşaqların istirahəti valideynlərdən ayrı olanda daha yaxşı olur. Bunun üçün isə düşərgələr yaxşı vasitədir: “Uşaq bəzən yaşıdları ilə gəzintiyə getmək istəyəndə anası icazə vermir, deyir özüm aparacam. Valideynlər uşaqların onlarsız da özlərini təlqin etmələrinə imkan yaratmalıdırlar. Valideyn şərait yaratmalıdır ki, uşaq yıxılsın. Çünki o yıxıldıqca öyrənir. Uşaqların valideynindən ayrı istirahət etməsi çox vacibdir. Uşaqları müəyyən qədər sərbəst buraxmaq lazımdır”.

 

Aygün Asimqızı

kaspi.az

Go Back

Dəhşət saçan əmrlər: imperativ hallüsinasiya nədir?

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovun Aile.lent.az-a məqaləsini təqdim edirik. Psixoloq bir neçə gün öncə iki körpə balasını boğan, sonra özünü öldürən qadının psixoloji xəstəliyi haqqında yazıb.

“Bakının Sabunçu rayonunda görünməmiş vəhşilik baş verib. İkinci Albalı bağ massivində yaşayan 1988-ci il təvəllüdlü Nəsibə Nəsib qızı Qurbanova evdə tək olarkən iki körpə balasını boğub öldürüb. Qadın daha sonra öz ürəyinə bıçaqla zərbə yetirib…” Bu xəbər sürətlə mediada, sonra bütün ölkədə yayıldı. Ana da yazıq oldu, bala da, hələ həyat yoldaşı, qohum-əqrəba da…

Nə baş verir? Bir ana hansı səbəbdən övladlarının həyatına son qoymalıdı? Xəbərin sonunda Nəsibə Qurbanovanın əsəb xəstəsi olduğu ehtimal edilirdi. Məhz ehtimal… Psixoloji problemə biz çox zaman faciə yaşanmayana qədər ciddi yanaşmırıq. “Keçib gedər” düşüncəsi ilə hərəkət edirik. Nəticədə zaman keçir, problem həll olunmur və belə faciə yaşanır. Yəqin istintaq qrupu faciə ilə bağlı təhqiqat aparır. İşə böyük ehtimalla psixiatrlar da cəlb olunacaq. Çünki xanımın problemi daha çox psixiatrik problemə bənzəyir.

Bu durumdan əziyyət çəkən tək Nəsibə xanım deyil. Gündəlik işimizdə də biz belə halların yüngül forması ilə tanış oluruq. Tutaq ki, xanımlar, yaxud bəylər “mətbəxdə bıçaq görəndə oradan qaçıram. Ümumiyyətlə, bıçaqları gizlədirəm. Qorxuram bıçağı götürüb uşaqlarıma, yaxud yoldaşıma xəsarət yetirərəm”, – kimi şikayətlər edirlər. Qeyd etdiyim sıradan bir misal idi. Uzatmaq da olar. Məsələn, “uşağımla eyvana çıxmıram, qorxuram onu aşağı buraxaram”. Bunları sadalamaqda məqsədimiz ayrıdır – bu problemin adını və onun haqqında bəzi məlumatları sizlərlə paylaşmaq. Psixologiya və psixiatriyada bu narahatlıq imperativ xarakterli hallüsinasiyalar adlanır.

Verbal yalan, təlqin və ya əmr xarakterli hallüsinasiyalar imperativ hallüsinasiya adlanır. Əsasən, təhlükəli, ziyan vermə xüsusiyyətinə malik olan absurd məzmunlu, qarşı tərəfə yönəlmiş narahatlıq kimi xarakterizə edilir. Belə hallarda insan kənar şəxs tərəfindən ona müəyyən əmrlərin verildiyini, başında səslərin eşidildiyini qeyd edir. Məsələn, özünə və ya kiməsə balta, hansısa soyuq alətlə xəsarət yetirmək, heyvan və ya mənzil yandırmaq üçün müəyyən əmrlər aldığını söyləyir.

Belə vəziyyətdə olan insanların bir qismi vəziyyətləri barədə danışarkən qeyd edirlər ki, yaxınlarına hücum etməklə, onlara ziyan vurmaqla bağlı əmrlərdən ciddi şəkildə narahat olur və qorxurlar. Bəzən onlar belə hallarda özləri üzərində nəzarəti itirirlər. Həmçinin, imperativ hallüsinasiya zamanı əmrlər insanın özündən deyil, ikinci şəxs tərəfindən verilir. Əksər hallarda bu tip hallüsinasiyaların dərəcəsi yüksək motivasiyaya malik olur və həmin durumda olan insan ona verilən əmr gücünü heç nə ilə müqayisə edə bilmir. Ona görə də onlar affekt halında prosesə müqavimət göstərmək iqtidarında olmurlar. Çox zaman belə hallarda onlar düşdükləri məkandan uzaqlaşmağa, qaçmağa çalışırlar. Əgər bunu bacarsalar…

Təcrübə göstərir ki, imperativ xarakterli hallüsinasiyalara az-az rast gəlinir. Yəni geniş yayılmayıb. Bəzi hallarda isə səslənən əmrlər dərrakəli və səmərəli olur.

Səbəbləri

Məlumdur ki, imperativ hallüsinasiyalar fərqli xəstəlik olaraq təsnif edilmir, əksər hallarda ciddi ruhi xəstəliklər və xüsusən də şizofreniyanın simptomatikasına daxil edilir. Statistikaya əsasən, şizofreniyalı xəstəliklərdə imperativ hallüsinasiyaların yayılma dərəcəsinin orta göstəricisi 53% təşkil edir. 30% xəstədə imperativ hallüsinasiyalar şəxsi tam olaraq özünə tabe etdirir. Hallüsinasiyaların məzmunu təsir dərəcəsindən asılı olaraq dəyişir. Məsələn, əgər pasiyent neqativ xarakterə malik olan mənasız və dağıdıcı əmrlər eşidirsə, bu zaman katatonik sindromla (bir nöqtəyə uzun müddət baxmaq) şəxsiyyətin dezorqanizasiya vəziyyəti müşahidə olunur. Katatonik impulslar görünməz və avtomatik şəkildə baş verə bilər.

Müalicəsi

İstənilən tip hallüsinasiyanın müalicə prosesi ümumi, dəqiq müayinədən, xəstəliyin üzə çıxarılmasından, imperativ hallüsinasiyaların səbəblərinin araşdırılmasından başlanır. Mütəxəssislər terapiya zamanı dərmanla paralel daha çox koqnitiv terapiyadan istifadə edirlər. Psixoloji konsultasiya imperativ hallüsinasiyaların təkrarlanmasının və şiddətinin azalmasına kömək edir.

Özümüzü qoruyaq, bu qədər informasiyadan, başı salamat saxlamaq da bir qəhrəmanlıqdı.   

Hər birinizə psixi sağlamlıq və təhlükəsizlik arzusu ilə…

Elnur Rüstəmov

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq

Go Back

“Kişilər üçün yardım mərkəzi”

Ekspertlər bildirirlər ki, bu, psixoloji səbəblərdən baş verən məişət zorakılıqlarının qarşısının alınmasına musbət təsir gostərəcək

Məişət zəminində baş verən zorakılıqlardan əziyyət cəkən qadınlara yardım ucun muxtəlif işlər gorulub. Məsələn, “Təmiz Dunya” Qadınlara Yardım İctimai Birliyi tərəfindən bu cur zorakılıqlardan əziyyət cəkən qadınlara yardımlar edilir, psixoloji dəstək gostərilir. Bu dəfə isə Birlik kişilərə yardım ucun mərkəz acıb. Məişət zəminində baş verən zorakılığın aradan qaldırılması yonumundə tədbirlərin gucləndirilməsi, ailələrin butovluyu və boşanmaların azaldılması ucun təşkilatın nəzdində “Kişilər ucun yardım mərkəzi” yaradılıb. Mərkəzə ailə başcısı olan kişilər muraciət edə bilər. Muxtəlif səbəblərdən munasibətlərini tənzimləyə bilməyən kişilər mərkəzə muraciət edib pulsuz məsləhət ala bilər. 
Qadınların hansısa mərkəzdən yardım almasının hələ tam formalaşmadığı bir vaxtda kişilərin bu mərkəzlərə muraciət etməsi də muəyyən vaxt apara bilər. Amma sosial şəbəkələrdə belə bir mərkəzin yaradılması xəbəri musbət qarşılanıb. Sosioloq Lalə Mehralı da qəzetimizə acıqlamasında bu addımı musbət qiymətləndirdiyini dedi. Bildirdi ki, məşiət zorakılığı məsələsində təkcə qadınları deyil, kişiləri də duşunmək lazımdır. Bu baxımdan mərkəzin yaradılması vacibdir: “Bizdə belə bir fikir var ki, ailədə doyulən, zorakılığa məruz qalan, huquqları tapdalanan ancaq qadınlardır və onlara yardım etmək lazımdır. Bir dəfə də ozumuzu məcbur edib, kişilərin prizmasından məsələyə baxmırıq. Şərt o deyil ki, kişi fiziki zorakılığa məruz qalsın, doyulsun. Məişət zorakılığı dedikdə təkcə doyulmək nəzərdə tutulmur. Kişi də ailədə psixoloji zorakılığa məruz qala, mənəvi cəhətdən əzilə bilər. Bunların hamısı ailədaxili zorakılıq deməkdir. Qadınların uzləşdikləri problemlər zamanla işıqlandırılır, həlli istiqamətində addımlar atılır. Amma danılmaz fakt odur ki, qadın deyil, kişilərin zorakılığa məruz qaldığı ailələr də var”. 

Sosioloq deyir ki, məişət zorakılığına məruz qalan kişilər coxdur. Coxları bunu etiraf etməkdən utansa da, qadın tərəfindən doyulən kişilər var: “Hətta bəzi qadınlar mubahisə zəminində kişiyə hansısa əşyanı atmaqdan belə cəkinmirlər. Elə bir şərt yoxdur ki, ancaq doyulmə halı zorakılıq hesab olunsun. Hər hansı bir əşya atmaq, alcaldıcı ifadədən də istifadə etmək ailədaxili zorakılıqdır. Bəzi kişilər artıq ətrafda hər kəs bildiyi ucun həyat yoldaşı tərəfindən doyulduyunu də boynuna alır. Ona gorə bu addımı duzgun qiymətləndirmək lazımdır. Problemin həlli ucun kişilərin də psixoloji dəstək almalarına ehtiyac var”. 

L.Mehralı onu da bildirdi ki, psixoloji problemləri olduğu ucun ailədaxili zorakılıqlara səbəb olan kişilər bu mərkəzə muraciət edəcəklər. Problemlərinin həll olunmasını istəyənlərə bu mərkəzlər boyuk koməklik edə bilər. Pulsuz olması isə ailəsində problemi olan hər kəsin bu xidmətdən yararlanmasına şərait yaradacaq: “Sosial problemi olan, yaxud hansısa pis vərdişə qurşanan kişinin psixolologiyasında muəyyən problemlər yaranır. Bu cur hallar isə gunumuz ucun qacılmazdır. Muəyyən zaman hər hansı şəxsin hansısa bir piş vərdişi ola bilər ki, bu da ailədaxili munasibətlərə təsirsiz qalmır. Bu cur problemlərdən dolayı kişinin ailədaxili zorakılıqda istifadə etdiyi kəlmələr, əl-qol hərəkətləri onun ozunun də xoşuna gəlmir. Mubahisə zəminində o, həyat yoldaşına əl qaldırıb, pis sozlər işlətsə də, əsəbi soyuyandan sonra ozunu gunahkar sayır, hərəkətinin doğru olmadığını qəbul edir, uzr istəyir. Bu cur kişilər mərkəzə muraciət edə bilərlər. Munaqişə anında onlar ozlərində olmurlar. Ola bilsin ki, psixoloji problemləri var, həyatdan kuskundurlər, hər hansı zərərli vərdişləri var. Bu problemləri həll etmək ucun isə insana psixoloji dəstək gostərilməlidir. Ola bilsin ki, maddi problemlərindən dolayı kimsə psixoloqa muraciət edə bilməsin. Amma bu mərkəzin pulsuz xidmət gostərməsi hər bir koməyə ehtiyacı olan şəxsin dəstək almasına gətirib cıxaracaq”.

Psixoloq Elnur Rustəmov da bu təşəbbusu musbət qiymətləndirdiyini bildirdi. Dedi ki, psixoloji rahatsızlıqdan dolayı baş verən məişət zorakılıqlarının qarşısının alınması ucun bu addım yaxşı nəticələr əldə etməyə imkan verəcək: “Zorakılıq edən insanlar bəzən hansısa bir psixoloji rahatsızlıqdan dolayı bu addımı atırlar. Şəxsiyyət, davranış pozuntusu olan, psixopatiya, şizofreniya və s. bu kimi problemlərdən əziyyət cəkən insanlar cox vaxt istəmədən qarşı tərəfə əl qaldırırlar, zorakılıq edirlər. Bəzən istəyərəkdən də olur, amma bu hadisələr baş verir. Duşunurəm ki, mərkəzi yaratmaqda məqsəd bu cur kişilərə dəstək olmaqdır”. 

Psixoloqun sozlərinə gorə, bu mərkəzin kişilər ucun olması yalnız onlara xidmət etməsi demək deyil. Bu, kişilərə dəstək olmaq, eyni zamanda, ailələrə bir yardım kimi qiymətləndirilməlidir: “Belə yardımlar gostərilir ki, zorakılıq halları ailələrdə təkrarlanmasın. Dolayısı ilə həmin mərkəzdə reabilitasiya prosesi həyata keciriləcək. Təkcə zorakılığa məruz qalanlar deyil, ailədaxili problemlərin həlli istiqamətində muəyyən məsləhətlər ucun də muraciət edənlər olacaq”.

E.Rustəmov deyir ki, bu mərkəzə muraciət edən kişilər olacaq. Hətta vaxt kecdikcə mərkəzdən psixoloji yardım almaq istəyən kişilərin sayı coxalacaq: “Əgər mərkəzin təbliğatı aparılsa, bu haqda məlumatlı adamlar cox olsa, inanıram ki, rahat şəkildə ora muraciət edənlər olacaq. Ailəsini duşunən, ozundə olan problemi gorən insan həll yolu ucun calışmalıdır. Belə insanlar isə mərkəzə muraciət edib, yardım alacaqlar. Yeni acıldığı vaxt demək olmaz ki, bu, kutləvi şəkil alacaq. Amma zaman kecdikcə bu işdə kutləviləşmə prosesi gedəcək və ora muraciət edənlərin sayı coxalacaq. Bu da məişət zorakılığının qarşısının alınması ucun bir addım olacaq. Tam qarşısını ala bilməsə də, bu işdə boyuk koməyi ola bilər. Əsas odur ki, bu işə başlanılıb və bunun insanlara, ailələrimizə yardımcı olacağına inanıram”.

Qeyd edək ki, mərkəzin yaradılması ilə bağlı məlumatda muraciət edənlər haqda məxfiliyə zəmanət verildiyi bildirilir. Muraciətlər ikinci gun səhər 10.00-dan 18.00-dək qəbul olunacaq.

Aygun Asimqızı 

 
kaspi.az

Go Back

RÖVŞƏN HÜMBƏTOV:"Bu peşənin sahibi olduğum üçün, özümü xoşbəxt hiss edirəm.."- MÜSAHİBƏ

"DÜŞÜNCƏ" Psixologiya Jurnalının bu dəfəki,  qonağı daha bir istedadlı, aktiv, ölkəmizi xaricdə layiqincə təmsil edən Azərbaycan Gəncidir! Yaxın günlərdə psixologiya elmi üçün qazandığımız böyük uğurun  (2017-ci ildə Avropa Gənc Psixoloqlarının 31-ci konqresinə ev sahibliyi etmək hüququnu qazanmağımız) əsas səbəbkarlarından biri də bu Gənc idi! Rövşən Hümbətovla çox səmimi və geniş bir söhbətimiz baş tutdu. Hər bir gəncin oxuduqca stimul alacağı müsahibəmizi sizlərə təqdim edirik!

- Biraz özünüz haqqında məlumat verərdiniz zəhmət olmasa.

- 1990 cı il təvəllüdlüyəm, bakalavr təhsilimi (2007 – 2011) ci illərdə Azəbaycan Dövlət Pedaqoji Universitetində bitirib, hərbi xidmətə yollanmışam. 2013 cü ildən Tallinn Universitetində magistr pilləsində təhsilimi davam etdirirəm. Tələbəlik dövründə və ondan sonrakı illərdə bir sıra mərkəz və birliklərdə fəaliyyət göstərib, yerli və beynəlxalq miqyasda bir çox layihə, konfrans və təlimlərin iştirakçısı olmuşam. Aktiv şəkildə psixologiya sahəsində olan fəaliyyətim,  2008 -ci ildən bir neçə tələbə yoldaşımla birlikdə təsis etdiyimiz “Azərbaycan Gənc Psixoloqlar İctimai Birliyi” çərçivəsində olmuşdur. Bundan başqa müxtəlif dövrlərdə Regional Psixologiya Mərkəzi (RPM), “Psixologiya və Konsultasiya Mərkəzi”(PCC) və Psixologiya və Fərdi İnkişaf Mərkəzi”(MS Pro) kimi mərkəzlərdə fəaliyyətim olub.  Hal  - hazırda Avropa Tələbə Psixoloqlar Assosiyasının (EFPSA) Azərbaycan üzrə milli nümayəndəsi və 2017 ci – ildə Azərbaycanda keçirilicək psixologiya konfransının təşkilat komitəsinin birgə rəhbəri kimi fəaliyyətim davam edir.

- Niyə məhz psixologiya sahəsində təhsil almağa qərar verdiniz? Bu təsadüfi bir seçim idimi ya məqsədyönlü atılmış bir addımmı?

- Bildiyiniz kimi 11 -ci sinifi bitirdikdən sonra ixtisas seçimi başlayır və bu dövr hər bir şagird üçün ən önəmli keçid mərhələlərindən biridir. Bu mərhələdə məndə öz seçimimi edərək psixologiyanı prioritet ixtisaslar arasına daxil etdim. İxtisas seçimində psixologiya ilk yeri tutmasa da, ümümilikdə bir neçə universitetdən 3 və ya 4 psixologiya ixtisasını seçərək, bu yolda ilk addımları atmış oldum. Tələbəlik illəri və ondan sonrakı dövr psixologiyanı daha dərindən başa düşərək, sevməyimə yardımcı oldu. Rahatlıqla deyə bilərəm ki, bu peşənin sahibi olduğum üçün, özümü xoşbəxt hiss edirəm.

- Heç kəsə sirr deyil ki, psixologiya istiqamətində tələbələr arasında  hər zaman aparıcı mövqedə siz olmusunuz. Bunu Elnur müəllim də ( Elnur Rüstəmov) söhbət zamanı hər zaman vurğulayıb. Bugün isə sizi daha çox arxa planda görürük. Bu  xarakterlə əlaqədardırmı ya hansısa başqa səbəblər var?

- Hər zaman məsələlərə kompeks və analitik yanaşmanın tərəfdarı olmuşam və yalnız bu cür yanaşma ilə həqiqəti anlaya, hadisələri düzgün analiz edə bilərik. Əgər ortada bir iş, hədəf varsa, burda ön planda, ya arxa planda olmaq vacib deyil. Önəmli olan planın bir parçası olmaq və onun gerçəkləşməsi üçün əlindən gələni etməkdir. Bir çox məsələlərə bu prinsip ilə yanaşmağa çalışıram və şəxsi önə çıxarmaqdansa, ideyanı yaşatmaq daha məqsədəuyğundur deyə düşünürəm. Müasir Azərbaycan toplumu kollektivistik cəmiyyətlər sırasına aid edilir. Bununla yanaşı bir məsələ var ki, biz ictimai və ailə yaşamımızda nə qədər çox kollektivistiksə, idarəetmə, siyasət və başqa bu kimi sahələrdə daha çox individualistik yanaşmaya üstünlük veririk . Bu butün Azərbaycan tarixi boyu özünü müxtəlif formalarda biruzə verib. Hələ qədim zamanlardan müxtəlif tayfalar, hakimlər arasında ittifaq qurulmadığına görə dövlət olaraq nə qədər torpaq itirmiş, zülmlərə məruz qalmışıq. Düşünürəm ki, bu tip individualizm, bu gün də aktualdır və bizim ən əsas problemlərimizdən biri də budur. Sizin dediyiniz ön planda olmaq frazasını biz planın bir hissəsi olmaqla əvəzləyə bilərik, belə olduqda ön, arxa, yan, qıraq əvəzinə hər kəsin bərabər olduğu planın bir parçası olmaq daha məqsədəuyğun olar deyə düşünürəm.

- Məşhur Rövşən, Orxan və Elvir üçlüyü vardı. Bugun Sizin və Orxanın fəaliyyətlərindən müəyyən dərəcədə xəbərdarıq. Bəs Elvir haralardadır,hansı istiqamətdə fəaliyyət göstərir?

- Bizim ilk tanışlığımız 2007 ci ildən universitet hayatının ilk günlərindən başlayıb və bu günə qədər davam edir. Bakalavr təhsilini bitirib, bir müddət işlədikdən sonra, hər birimiz özümüzü peşəkar olaraq daha da inkişaf etdirmək və fərqli yerlərdəki psixoloji və sosial təcrübəni öyrənmək üçün Avropanın fərqli bölgələrinə təhsil almağa yollandıq. Elvir Mərkəzi Avropada olan Korvinus Universitetində, Orxan qərbi Avropada olan Gent Universitetində, mən isə Şimali Avropada olan Tallinn Universitetində təhsil alırıq. Bu il bizim üçün son təhsil ili olduğu üçün artıq yay mövsümünün ortalarından yenidən vətəndə faəliyyətimizə start verəcəyik.  Yəni, qısa müddət sonra üçlüyü yenidən Azərbaycan psixoloji sferasında görəcəksiniz.

- Ölkə olaraq  2017-ci ildə Avropa Gənc Psixoloqlarının 31-ci konqresinə ev sahibliyi etmək haqqını qazandıq. Bu barədə Orxanla da söhbətimiz olmuşdu. Bir də Sizdən eşitmək istərdik Azərbaycan Psixologiya tarixində  bu əhəmiyyətli hadisənin tarixçəsini.

- Avropa Tələbə Psixoloqlar Assosiyası (EFPSA) ilə ik tanışlığımız 2009 -cu ildə Türkiyənin Anamur şəhərində keçirilən Avropa psixoloqlarının görüşündə oldu. Bu tədbirdə ilk dəfə namizədliyimizi verərək, Azərbaycanın müşahidəçi ölkə statusunda təşkilata daxil olmasına nail olduq. 2010 -cu ildən isə artıq tam hüquqlu üzv kimi “EFPSA” nın bütün növ tədbir və fəaliyyətlərində tam hüquqlu üzv kimi iştirak etmək hüququ qazanmış olduq. Bu illər ərzində toplamda 30-dan çox gənc psixoloq və məzun EFPSA-nın konfrans, tədbir və yay məktəblərində iştirak edərək müxtəlif dərəcəli təcrübələr qazanmış oldu. Nəhayət, 6 il sonra, yəni 2015-ci ildən  özümüzü belə böyük miqyasda konfrans keçirtməyə kifayət qədər təcrübəli və hazır hiss etdikdən sonra, Çexiyada keçirilən 29-cu konqressdə, ölkə olaraq 2017-ci il konfransına ev sahibliyi etmək üçün namizədliyimizi verdik. Gərgin keçən seçim turunun nəticəsində, mövcud səslərin yarıdan çoxunu alaraq seçimin qalib olduq. Düşünürəm ki, bu miqyasda olan böyük beynəlxalq layihələr, Azərbaycanda psixologiya elminin inkişafına təkan verərək, yeni inkişaf mərhəsinə keçməsinə səbəb olacaqdır.

- Xaricdə təhsil almağa necə qərar verdiniz? Məqsəd nə idi?

- Öyrənmək, təhsil almaq, yeni biliklər qazanmaq həvəsi uşaqlıqdan bəri ən sevdiyim məşğuliyyətlərimdən olub. Bildiyiniz kimi hazırda universitetlərimizdə praktik təhsilin aşağı səviyyədə olması, tələbələrin yüksək səviyyəli mütəxəssis kimi yetişməsinin qarşısında duran ən əsas çətinliklərdən biridir. Praktik təhsilə yiyələnmək və peşəkar psixoloq kimi yetişmək üçün xaricdə təhsil almağın ən düzgün yol olduğuna qərar verib, bu yolda çalışmağa başladım. Sonradan Azərbaycan ziyalılarının vaxtı ilə oxumaq üçün xaricə gedib, geri döndükdən sonra Azərbaycan Xalq Cumhuriyyəti üçün necə böyük və müstəsna işlər gördükləri ilə bağlı real həyat hekayələri ilə tanış olub, xaricdə oxumaq istəyimi qətiləşdirdim.    

- Sizcə uğur qazanmaq üçün nələr lazımdır və Şans deyilən məfhumun bu işdə rolu nə qədərdir?

- Bizim hər bir fikirə, ideyaya, qarşılaşdığımız hər hansı bir hadisəyə verdiyimiz məna, onun bizim üçün nə olduğunu müəyyənləşdirir. Buna görə də hər bir insan ilk növbədə uğurun onun üçün nə demək olduğunu nəzəri və praktik olaraq müəyyən etməlidir. Kimiləri üçün uğur xoşbəxt ailə həyatı, kimisi üçün maddi qazanc, kimisi üçün güc, başqa biri üçün isə tamamilə başqa bir hədəfdir. Məşhur Amerikalı yazar Christopher Morleye görə - həyatda tək bir uğur vardır, oda insanın istədiyi kimi yaşamasıdır -  deyir. Bu sözdən yola çıxaraq deyə bilərəm ki, uğur qazanmaq üçün həyatdan nə istədiyimizi, necə yaşamaq istədiyimizi, uğurun bizim üçün nə anlama gəldiyini dəqiqləşdirməliyik. Həmən bu anlamlar uğura gedən yolda bizim ən əsas yol yoldaşımız olacaqdır.  Məşhur bir psixoloq şans məfhumunu dəyərləndirərkən bu sözlərdən istifadə edir -  Şans hazırlıqlı şəkildə qarşına çıxan fürsətləri dəyərləndirə bilmək qabiliyyətidir. Əgər insan qarşısına məqsəd qoyub, o məqsədə doğru  irəliləyirsə, bu yolda qarşısına çıxan fürsətlərdən necə istifadə edəcəyi, artıq onun şanslımı ya şanssızmı olduğunu müəyyənləşdirir. Qısa şəkildə desək, şans fürsətlərdən doğru şəkildə istifadə edə bilmək bacarığıdır.

- Bugün azərbaycan psixologiya sahəsində istər elmi,istərsə də praktiki cəhətdən hansı çatışmazlıqlar var?

- Azərbaycanda praktik psixologiyanın tarixi çox da qədimlərə söykənmir. Nəzəri sahədə iş görən, kitab yazan psixoloqlar olmuş olsada, həmən nəzəriyyəni praktikaya tətbiqi məhdud olmuşdur. Son dövrlərdə cəmiyyətdə olan stress, depressiya, panik atak, həyacan pozuntusu və.s. bu kimi psixoloji sıxıntıların artması, praktik psixologiyaya olan ehtiyacı üzə çıxartmışdır. Qərb ölkələrində mövcud olan psixoloji vəziyyəti müşahidə etmək və araşdırmaq imkanı tapandan sonra qarşılaşdığım bir fakt mənə inkişaf üçün zəruri olanın nə olduğunu göstərdi. Demək olar ki, bütün qərb ölkələrində hər hansı bir iş görülürsə, onun davamlı olması üçün dırnaqarası məktəb yaradılır, yəni bir ənənə qoyulur və bu ənənə nəsillər boyunca davam edir. Heç kim həmən məktəbə öz varislik hüququ kimi baxmasada, hər kəs ənənənin qorunması, fəaliyyətinin gələcək nəsillərə çatdırılması və daha yaxşı nəticələr göstərməsi üçün çalışır. Bizimdə indiki anda qarşımızda duran ən əsas məsələ praktik və nəzəri psixologiyada ənənə (məktəb) yaratmaq olmalıdır. Əgər bizdə bu sahədə bir fundamental, köklü bir məktəb yarada bilsək, artıq sistem özü öz içində olan çatışmazlıqları, əksiklikləri müəyyən edib, onları aradan qaldıracaqdır. Başqa bir inkişaf yolu isə hər kəsin öz ixtisasının mükəmməl bilicisi olmasından keçir, yəni hər bir psixoloq öz fəaliyyət sahəsində işini ən yüksək səviyyədə, nöqsana yol vermədən qurmalı və daim ən yüksək nəticələrə çatmağa çalışmalıdır. Əgər belə olsa inkişaf qaçınılmaz olacaq. 

- Bəs sizcə psixologiyanın inkişafı üçün gənclərin üzərinə düşən öhdəliklər nələr olmalıdır?

- Gənclər ilk növbədə öz üzərilərində çalışmalı,yaxşı mütəxəssis kimi yetişməyə doğru istiqamətlənməlidirlər.Bu həm maddi vəziyyəti yaxşılaşdırmaq, həm peşəkar olmaq üçün lazım olan əsas şərtdir. Gördükləri işin nə olduğundan asılı olmayaraq o işi ən yüksək səviyyədə görən insanlar öz sahələrinin bilicisi və ən peşəkarı olurlar. Məndə gənclərimizə bunu arzu edirəm.

Məlumdur ki, Azərbaycanda psixologiya hələ yeni-yeni canlanmağa, öz tətbiq sahələrini genişləndirməyə başlayıb. Tələbə olmağa hazırlaşarkən psixologiya istiqamətini seçməyinizə narazılıq edən və ya qınayanlar oldumu?

- Təhsilimizin ilk illərində hələ psixologiya elmi Azərbaycanda elə də çox bilinmirdi və ixtisasımın nə olduğunu öyrəndikdən sonra insanlar, dəli həkimi olduğumu söyləyirdilər. Amma cəmiyyətdə gedən dəyişikliklər və xarici teleseriallarında təsiri ilə insanların ixtisasa və peşəyə olan münasibəti dəyişməyə başladı. Bu ixtisası seçməyimdə və təhsil müddətində ən böyük dəstəyi ailəmdən gördüm, bunun üçün hər zaman onlara minnətdaram. Bundan başqa bizə Gənc psixoloqlar Birliyi çərçivəsində fəaliyyət göstərərkən tanış olduğumuz praktik psixoloqlar, universitetimizdən bəzi müəllimlər və müxtəlif təşkilatların nümayəndələri bu yolda bizə daima öz dəstəklərini göstərmişlər.  

- Elnur Rüstəmovla ilk tanışlığınızı necə xatırlayırsınız?

- “Azərbaycan Gənc Psixoloqlar Birliyi” adlı qht-ni təsis etdikdən bir müddət sonra təsadüfən Elnur müəllim ilə tanış olduq. Elə ilk görüşümüzdən arada səmimi və gözəl ünsiyyət yarandı. Elnur Rüstəmov uğurlu bir idarəçi və psixoloq kimi hər zaman örnək aldığımız, dəyər verdiyimiz biridir və bu yolda irəliləməyimizdə, nailiyyətlər əldə etməyimizdə bizdən heç bir zaman öz dəstəyini əsirgəməmişdir. Məşhur nobelli Fransız yazar Romain Ronaldın dediyi kimi – Sizi, sizi anlayan, fikirlərinizi başa düşən bir dostunuz yaradır, -  sözü Elnur müəllimlə bizim münasibətimizi ətraflı şəkildə təsvir etmək üçün əla vasitədir. Bizim tanışlığımızda belə oldu,  səmimi şəkildə bir – birimizlə ideyalarımızı, fikirlərimizi bölüşüb, məhsuldar ortaq işlər gördük.  Azərbaycanda psixologiya elminin inkişafı üçün birgə etdiyimiz işlərin uğurlu olduğunu görmək, çox böyük xoşbəxtlikdir.

- Gələcəkdə psixologiyanın hansı sahəsində ixtisaslaşmağı planlayırsınız?

- Özümü daha çox praktik psixoloq kimi, psixoterapiya və təlim sahəsində görürəm. Bununla yanaşı universitetlərdə və ya başqa təhsil qurumlarında yanaşı olaraq pedaqoji fəaliyyətlədə məşğul olmaq istəyi hədəflər arasındadır.

- Ölkəmizə qayıtmağı düşünürsünüzmü?

- Bu sual təhsilin sonuna doğru yaxınlaşdığım üçün ən çox eşitdiyim suallardandır və hər zaman cavabım bəli geri qayıdıram olur.Bəzi dostlar, tanışlar bu cavabdan narazı qalıb, niyə geri dönürsən, şans var ikən qal orda, karyera qur deyirlər. Bu kimi fikirlərə verdiyim cavab daima belə olur ki, qərb ölkələri əsrlər boyunca cəhalətlə, geri qalmışlıqla mücadilə edərək, savaşaraq, bugünkü vəziyyətə gəlib çatıblar. Bizdə hər birimiz fərd olaraq, öz sahəmizdə çalışmalı, öz vətənimiz olan Azərbaycanın mükəmməl duruma gəlməyinə nail olmalıyıq. Qaçmaq asan yoldur, önəmli olan xəyal edərək, çalışaraq çətinliklərin aradan qalxmasına çalışmaqdır.

- Hələlik “Düşüncə” psixologiya jurnalına son sözünüz...

- Bu tip fəaliyyət sahələri Azərbaycanda psixoloji fikrin inkişafında əhəmiyyətli rol oynayır və yuxarıda qeyd etdiyim kimi, psixologiyada bir məktəbin, ənənənin yaranmasına zəmin hazırlayır. Gələcək fəaliyyətinizdə uğurlar!!!

Hazırladı: Fəridə Qasımova

Go Back

Azərbaycan cəmiyyəti faciəyə necə hazırdır?

Təbii fəlakətlər və fövqəladə hallar baş verəndə müxtəlif ölkələrdə insanlar bu cür hadisələrə tamam fərqli reaksiya göstərir. Psixoloqların rəylərini əsas gətirərək vurğulamaq olar ki, təbii fəlakət və digər faciələrdən sonra cəmiyyətdə insanların nisbətən soyuqqanlılıq göstərməsi həmin zaman yarana situasiyanın müsbət istiqamətdə dəyişməsinə rəvac verir.

Mayın 19-da Bakıda baş verən yanğın faciəsindən sonra bizim cəmiyyət bu cür hadisələrə nə dərəcədə hazır olduğunu göstərə bildimi? Modern.az saytına bu barədə açıqlama verən psixoloq Elnur Rüstəmovun fikrincə, Azərbaycan xalqının üzləşdiyi faciə cəmiyyətdə çox böyük ajiotaja səbəb olub. O,  təəssüf hissi ilə qeyd edir ki, hələ ki insanlarımız bu cür hadisələrdə necə davranmalı olduqlarını bilmirlər: “Çox böyük faciədir. Heç kim belə hadisələrdən sığortalanmayıb. Bu hər birimizin yaşadığımız binada ola bilərdi. Amma çox təəssüf ki, bununla bağlı çox böyük ajiotaj yaratdılar. Sanki hamı münasibət bildirməyə məhkumdu. Hətta o qədər ajiotaj yaranmışdı ki, avtomobillərini saxlayıb şəkil çəkirdilər, başqa binalarda, üzlükləri sökməyə başladılar. Bizim insanlar bu cür hadisələrdə necə davranmaq lazım olduğunu bilmirlər. Başa düşürük, bu bir faciədir, gərginlik və narahatlıq var. Amma biz o ajiotajı yaratmaqla daha çox özümüzə psixoloji zərbə vurduq. İndi hər gün insanlar işə gedən zaman narahat olurlar ki, birdən onların da binasında yanğın, digər  xoşagəlməz hadisələr baş verə bilər”.

Elnur Rüstəmov qeyd edir ki, yanğın faciəsindən sonra insanlar azacıq da olsa, soyuqqanlılıq göstərsələr bu ümumi işin yalnız xeyrinə ola bilərdi: “Məsələnin bu dərəcədə qabardılması onlarda müəyyən psixoloji problemlərə səbəb oldu. Daha çox narahat olmağa, gərgin olmağa başladılar. Amma bu cür proseslərdə hər kəsin bacardığı qədər soyuqqanlı olması lazımdır. Həm də psixoloji yardım faciədən bir müddət sonra göstəriləndə daha effektiv olur. Çünki indi onlar öz problemləri ilə, yəni yerləşmək, yaxınları rəhmətə gedənlər isə yas mərasimlərini yola verməklə məşğuldurlar. Bu zaman onlara psixoloji yardım etmək o qədər də effektiv olmur. Əksəriyyət şok vəziyyətindədirlər. Müvafiq qurumlar bu arada daha səmərəli kömək edə bilərlər, nəinki hər hansı bir psixoloq.

Digər tərəfdən, hadisə günü psixoloq və psixiatr qrupu zərərçəkənlərə ilkin psixoloji yardım göstəriblər. İndi də psixoloqlar bu dəstəyi göstərirlər. Bir müddət sonra artıq birbaşa hadisəni yaşayanlara konkret psixoloji dəstək vacibdir ki, gələcəkdə problem fəsadlaşmasın. Amma onu da qeyd edək ki, faciə zamanı kənar insanlar da psixoloji travmalar aldılar. Biri gecə oyanıb qazı yenidən yoxlayacaq, o biri pəncərəsindən binaya baxacaq ki, görüm bəlkə nəsə bir fəlakət yoxdu ki, digərinin qulağı səsdə olacaq və s. Amma bu dərəcədə ajiotaj yaratmağa ehtiyac yoxdur. Buna post-dramatik stress deyirlər. Yəni stressdən sonra yaşananlar.  Peşəkar psixoloq bilir ki, o yardımını nə zaman etməlidir.

Elnur Rüstəmov sonda hədsiz ajiotajın, emosional reaksiyanın faydalı iş əmsalına təsirini də qeyd  edir.

Psixoloq soyuqqanlılığa çağırışla bərabər, təəssüf hissi ilə sosial şəbəkələrdə bu hadisədən süni yararlananlardan da danışıb:

“Bu faciədən az qala sui-istifadə etmək istəyən insanlar da oldu. Məsələyə bu cür yanaşma doğru deyil. Mən yanğın olan yerdə olmuşam, insanların acılarını, nə yaşadıqlarını da müşahidə etmişəm. Bu mənim vətəndaşlıq borcumdu. Təəssüflər olsun ki, bəzi insanlar sosial şəbəkələrdə o qədər qabağa getdilər ki, bizi bizim bədnam qonşularımızla müqayisə belə etdilər. Bu, etik dəyərlərə nə qədər uyğundur? Doğurdanmı, onlar bu hadisəyə bizdən çox heyfsilənirlər? Bu cür situasiyada insanlarımız bir az soyuqqanlı olmalıdırlar. Soyuqqanlı olduğu surətdə problemdən çıxış yolunu daha tez tapmaq olar. Bu hadisədən öz maraqları üçün istifadə etmək istəyən insanlar oldu. Bu, doğru davranış deyil. Bu cür hadisələr insanları birləşdirməlidir. Amma biz gördük ki, maraqlar toqquşdu. Bu isə heç də doğru deyil!”

Elmin NURİ

http://modern.az/articles/77922/1/

Go Back

Psixologiya və Konsultasiya Mərkəzində BİR GÜN - Reportaj

“Mərkəzdə bir gün” rublikamızda bugün  Psixoloq Elnur Rüstəmovun rəhbərlik  etdiyi Psixologiya və Konsultasiya Mərkəzinin qonağı olduq. Etiraf etməliyik ki, Psixologiya və Konsultasiya Mərkəzi bugün əhali tərəfindən ən çox seçilən mərkəzdir. Bu isə təbii ki, Elnur Rüstəmov və onun peşəkar komandasının əməyinin nəticəsidir.

Mərkəzi tanımayanlar üçün qeyd edək ki, mərkəz  Cəfər Cababrlı 44 ünvanında, Caspian Plazanın I korpusu, 11-ci mərtəbəsində yerləşir. İçəri girdiyiniz anda «Qeydiyyat» şöbəsində çalışan Vəfa xanımın xoş üzü və səmimi aurası ilə qarşılaşacaqsınız. Vəfa xanım bəzən pasientlərin çoxluğundan hədsiz yorğun düşdüyünü , ancaq bütün bunlara rəğmən işini çox sevdiyini və insanlara kömək etməkdən zövq aldığını vurğuladı.

“Bura hər gün onlarla müxtəlif yaşda, müxtəlif təbəqədən insanlar müraciət edir. Əsas olan hər birinin özünə uyğun dilini tapıb anlaşmaqdır. Çünki insanlar bura yaxınlarının, ailəsinin, övladının və özünün hansısa problemlərdən, narahatlıqlardan qurtulması ümidilə gəlir. Və onlara etdiyin kiçicik bir yardımda və ya sadəcə bir təbəssüm üçün belə etdikdləri xeyir dua və təşəkkür insanın bütün yorğunluğunu çıxarır. Təbii ki, bununla belə çətin pasientlərimiz də olur.  Ancaq bu da işimizin bir parçasıdır. Çünki, Biz bir psixoloji mərkəz olaraq daim və birbaşa insanlarla işləyirik!”

Elə biz də Vəfa xanımın pozitiv aurasının müşayətiylə  Elnur Rüstəmovun otağına doğru üz tutduq. Səmimi bir salamlaşmadan sonra Elnur müəllimlə mərkəz, onun fəaliyyət istiqamətləri və s. barədə söhbət etdik.

- Bir mərkəz olaraq Psixologiya və Konsultasiya Mərkəzi  artıq neçə ildir ki, öz mövcudluğunu davam etdirir?

- Psixologiya və Konsultasiya Mərkəzi artıq 7 ildir ki, fəaliyyət göstərir. O zaman Azərbaycanda fəaliyyət göstərən psixoloji Mərkəz az idi. Psixoloqa müraciət də indiki intensivlikdə deyildi. Psixoloji Mərkəzlər yalnız Bakı şəhərində fəaliyyət göstərirdi. İndi tək Bakı şəhərində 10-dan  yuxarı Psixoloji Mərkəz, İnkişaf Mərkəzləri fəaliyyət göstərir. Bu da şübhəsiz ki, bizi sevindirir. Çünki, bugün psixi sağlamlıq fiziki sağlamlıqdan daha öndə gəlir. Hətta bir çox fiziki problemlərin də psixoloji faktorlardan yarandığı faktdır. Ona görə psixoloji iş də qədər sağlam formada qurularsa insanların rifahı, ailə daxili münasibətlər də o qədər sağlam olacaq. Biz də Mərkəz olaraq çalışırıq ki, daha keyfiyyətli xidmət ortaya qoyaq. Daim yenilikləri izləyirik. Metodikaları xaricdən gətiririk, onu bizim cəmiyyətə uyğunlaşdırırıq. Mütəxəssisərimizin Azərbaycanda, eləcədə xaricdə konfrans və seminarlarda iştirakına şərait yaradırıq. Bəzən xaricdən mütəxəssislər dəvət edirik. Bir sözlə dayanmırıq. Insanlarımızın da psixoloqlardan gözləntiləri dəyişib. Şükrlər olsun ki, bugün psixoloqla psixiatrı fərqləndirməkdə çətinlik çəkmirlər. Cəmiyyət psixoloji maariflənir. Dövlət dəstək olur. Bilirsiniz ki, 2012-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Psixi Sağlamlıq sahəsində Milli strategiyanın reallaşdırılması məqsədilə Respublika Psixi Sağlamlıq Mərkəzi yaradılmışdır. Uğurlu layihələr də həyata keçirirlər. Eləcə də ruhi əsəb dispanserində şərait və müalicə prosesi yüksək səviyyədə həyata keçirilir. Bütün bunlar şübhəsiz ki, dövlətin dəstəyi nəticəsində baş verir. Bizim mərkəzimiz tibbi müəssisə deyil, psixoloji mərkəzdir.  Ancaq biz yuxarıda problemin dərəcəsindən asılı olaraq yuxarıda qeyd etdiyimiz dövlət müəssisələri ilə yaxından əməkdaşlıq edirik. Eyni zamanda digər psixoloji mərkəzlərlə də əməkdaşlıq edirik. Bu  işin keyfiyyəti üçün vacib bir məqamdır. Əməkdaşlıq hər zaman bir işin daha yüksək səviyyədə görülməsinə yönəlmiş addımdır.   

- Bu gün Psixologiya və Konsultasiya Mərkəzi  valideynlərin, gənclərin, ailələrin ən çox etibar etdiyi psixoloji mərkəzdir? Bu  etibara necə nail olmusunuz?

- Bu bir reallıqdır ki, Psixologiya və Konsultasiya Mərkəzi insanların güvəndiyi, etibar etdiyi bir müəssisədir. Əsas diqqətimiz də bu güvəni qoruyub saxlamağa yönəlib. Öncələrdə güvən qazanmağa çalışırdıqsa, bu gün onu qorumaq və daha üst səviyyəyə qaldırmaq istiqamətində mücadilə aparırıq. Məsuliyyət böyükdür. Öhdəsindən şükürlər olsun ki, yaxşıda gəlirik. Etibarı necə qazandıq? Özümüz kimi olduq, rol oynamadıq!  Mövlanənin gözəl bir sözü var. Deyir, bizi bilən bilir, bilməyən də özü kimi bilir. Mərkəz çalışdırmaq çox çətin bir işdir. İstər Narınc Uşaq Psixologiya Mərkəzi, istərsə də Psixologiya və Konsultasiya Mərkəzi təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, Azərbaycanın aparıcı özəl psixoloji Mərkəzlərdir. 7 illik fəlaiyyətimiz dövründə biz insanların psixoloji maariflənməsi istiqamətində yüzdən yuxarı layihələr həyata keçirmişik. Bu gün fəaliyyət göstərən mərkəzlərin böyük bir qismi indi bizim 7 il bundan əvvəl getdiyimiz yolu gedirlər. Bir çox Mərkəzlərdə bizim mütəxəssislər çalışır. Bu bizim uğurumuzdur. Görülən məqsədyönlü işlərin nəticəsidir.

- Sizin fikrinizcə, bu gün ailə münasibətlərinə mənfi təsir göstərən ən başlıca amillər hansılardır?

- Bilirsiniz ki, ailə psixoloqu olaraq Mərkəzdə həm fərdi seanslar aparır, həm də rəhbərlik edirəm. Iki işi bir arada həyata keçirmək zaman baxımından müəyyən problemlər yaratsa da, işimizi, peşəmizi sevməyimiz motivasiyamızı daha üst səviyyədə saxlamağa kömək edir. Mərkəzdə daha çox ailələrlə çalışıram. Bugün ailə problemləri bilirsiniz ki, çox geniş yayılıb. Ailədaxili konfliktlər, boşanmalar həm bir mütəxəssis, həm də  bir vətəndaş olaraq bizi narahat edir. Çünki, tarixən Azərbaycanda ailə bağları möhkəm olub. Ailə bizim üçün müqəddəs olub. Bu gün biz dəyərlərin aşılandığını, ailələrə kənar müdaxilələrin olduğunu görürük. Texnologiyanın inkişafı, bu prosesi sürətləndirdi.

- Bəs ailədə tarazlığı necə qorumaq olar?

- Bütün hallarda problem varsa həll yolu da var. Bugün Azərbaycanda gözəl ailələr mövcuddur.  Gözəl nümunələr var. Onların təbliğatını aparmaq lazımdır. Ailədə səmiyyət, güvən vacibdir. Bütün ailələrdə problem olub. Ailə bərabər şəkildə problemi aradan qaldırmaqla möhkəmlənib. Bugün buna çalışmaq lazımdır. Ailə psixologiyası, ailə dəyərləri ilə bağlı geniş maariflənmə işi aparmaq , əsas diqqəti psixi sağlamlığa yönəltmək lazımdır.

Elnur müəllimin sözlərinə görə mərkəzə son zamanlar edilən müraciətlər içərisində müxtəlif səbəblərdən qaynaqlanan və müxtəlif yaş dövrlərində görülən depressiya da xüsusi yer tutur. Bu barədə mərkəzin psixoloqu Aygün Ağabalayeva ilə söhbət apardıq.

- Aygün xanım , Depressiya  demək olar ki, bütün insanların həyatlarında heç olmasa bir dəfə də olsa qarşılaşdıqları psixoloji problemlərdəndir.  Hazırda insanların depressiyaya düşməsinə ən çox nələr səbəb olur?

- Müasir dövrdə depressiya geniş yayılmış psixoloji pozuntudur.Və bunun yaranma səbəbləri də müxtəlifdir.Depressiya hər yaşda və hər sosial qrup nümayəndələrində müşahidə oluna bilər.  Depressiv pozuntuya psixololoji travmalar, məsələn mənfi ailə münasibətləri, boşanmalar, yaxın bir insanın dünyasın dəyişməsi (itirməsi), işindən  ayrılması gətirib cıxarır. Bir çox səbəblər qeyd etmək olar: insanın həyatda olan davamlı uğursuzluqları, monoton həyat tərzi, işsizlik, yaxınını itirmə və s.

- Depressiyadan necə qurtulmaq olar?

- Depressiya mütəxəssis tərəfindən müalicə edilməsi vacibdir, çünki ən çox intihar riski məhz bu halda artır. Müalicə olunmayanda aylar, illər boyu davam  edə bilər. Depressiya müalicəsində psixoterapiya və dərmandan istifadə olunur. Dərmanlar hər pasient üçün fərdi seçilir və müalicə bir neçə ay davam olunmalıdır. Depressiya gizli gəlir. Adətən ilkin simptom əhval-  ruhiyyənin  tez-tez  səbəbsiz dəyişməsi olur.  Əksəriyyət insanlar buna  əhəmiyyət vermirlər. Və getdikcə vəziyyət ciddiləşir. Depressiyanin yüngül formasindan insan özüdə qurtula bilər.

Mütəxəssislərlə ümumi söhbət zamanı ortaya çıxdı ki, evdən çölə çıxmaqda çətinlik çəkən, qorxular yaşayan, daim ona və ya yaxınlarına nəsə olacağı qorxusu ilə yaşayan insanlar da sıx-sıx müraciət edənlər sırasında olurlar və uğurlu iş nəticəsində normal həyatlarına qayıdırlar. Mərkəzin Panik Ataklı xəstələrlə daha çox işləyən mütəxəssisi Lalə Əhmədovadan bizə bu barədə daha geniş məlumat verməsini rica etdik.

- Lalə xanım, Panik Atak xəstəliyi bugün insanları evə məhkum edən və ya evdən çox da uzaqlaşmağa qoymayan, ölüm qorxusu ilə yaşadan bir psixoloji xəstəlikdir.  Bu xəstəliyin yaranma səbəbləri nələrdir?

- Panik Atak qorxu və narahatçılıq hisslərinin tutma şəklində qəflətən başlayıb 10 dəqiqə ərzində ən pis səviyyəyə çatan psixoloji narahatçılıqdır. Xəstə 10 dəqiqə ərzində öləcəyini infarkt keçirəcəyini düşünür və özünə nəzarəti itirir.

Krizlər adətən  insanların çox olduğu yerlərdə qapalı otaqda, liftdə, tıxacda, metroda və s. gəlir. Xəstə atak sonrası çox halsız və ümidsiz olur. Evdən tək çıxmağa qorxur, daim yanında güvənəcəyi bir insanın olmasını istəyir. Panik narahatçılıqda qan təzyiqinin düşməsi və ya qalxması müşahidə edilə bilər.

Yaranma səbəblərinə gəldikdə isə stress, qorxu, qəfil itki, qəza bəzi hallarda isə bir müddət hər hansı bir xəstəlikdən əziyyət çəkən ( məs,onkoloji) insanlarda daha çox rast gəlinə bilir.

- Panik Atakın müalicəsi varmı və terapiyası təxmini olaraq neçə seans davam edə bilir?

- Əlbəttə ki, müalicəsi mümkündür. Panik atak və ya həyəcan pozuntusu keçirən insanlarda terapiya 2 mütəxəssis tərəfindən həyata keçirilir. Psixoloq və Psixoterapevt. Həm ataklara psixoloji hazırlıq və şiddətin  vurulması, həm də dərmanlar vasitəsilə həyəcanın şiddətini azaltma, təşviş göstəricilərinin salınması.

Terapiya müddəti isə xəstəliyin hansı stadiyasında psixoloqa müraciət olunmasından birbaşa asılıdır. İlkin mərhələlərdə terapiya müddəti daha qısa olduğu halda, əgər artıq xəstəlik xroniki mərhələdədirsə 3 aydan 6 aya qədər uzana bilir.

Mərkəzin psixoterapevti Orxan Fərəcli isə Panik Atak xəstəliyinin klinik tərəflərindən danışdı.

“Panik atakın təxminən 13 əlaməti var. Bu əlamətlərin 4 və ya daha çoxunun olması xəstədə panik atakın olmasına işarə edir.
1 - Ürək döyüntülərinin sayının artması
2 - Tərləmə
3 - Titrəmə
4 - Boğulma
5 - Nəfəsin kəsilməsi
6 - Sinədə ağrı
7 - Ürək bulanması və ya qarında ağrı


8 – Gözlərin qaralması, başın fırlanması,
huşun itməsi
9 - Ətrafı hiss etməmək (sanki hər şeyi
yuxuda görür)
10 - Özünə nəzarəti itirmək
11 - Ölüm qorxusunun yaranması
12 - Bütün duyğuların ölməsi
13 - Eyni zamanda bir neçə hissi
yaşamaq (üşütmə, tərləmə və s.)

 Yaranma səbələrinə gəldikdə isə əksər hallarda səbəbsiz olaraq və ya hansısa kiçik bir qorxu hissindən yaranan panik atakın səbəbi kimi beyindəki serotoninin əskikliyi göstərilir. Cəmiyyətdə panik atak narahatlığıyla qarşılaşma faizi 1.5- 3% arasında dəyişir və xəstələrin ¾ -nü qadınlar təşkil edir. Panik atakda qohumluq faktoru olmasa da birinci dərəcəli yaxınlarda bu xəstəliyin müşahidə olunma riski digər şəxslərlə müqayisədə 4-7 qat daha çoxdur.

 Dərman terapiyası zamanı ilk seçim preparatı müasir qrup antidepressantlar olmalıdır. Bəzən paralel olaraq yüngül sakitləşdiricilərdən də istifadə etmək olar.

Xəstəliyin əlamətləri azalan kimi dərmanı kəsmək lazım deyil. Özünüzü yaxşı hiss etdiyiniz andan etibarən müalicə 4-6 ay davam etməlidir. Dərman dozasını və növünü mütləq həkim təyin etməlidir.”

Bilməyənlər üçün onu da qeyd edək ki, Psixologiya və Konsultasiya Mərkəzində Psixoloji Chek-up ( Psixoloji diaqnostika) xidməti də mövcuddur. Siz gəlib psixoloji diaqnostikadan keçməklə mövcud olan bütün psixoloji narahatlıqlarınızdan xəbərdar ola və bu istiqamətdə korreksiya işinə start verə bilərsiniz. Eyni zaman da evliliyə hazırlaşan gənclərimiz və yeniyetmələrimiz üçün də xüsusi psixoloji diaqnostika proqramları mövcuddur.

Mərkəzin Psixoloji Chek-up üzrə mütəxəssisi Nərmin Quliyeva bizə bu barədə daha geniş məlumat verdi.

-  Nərmin xanım, bizə deyə bilərsinizmi, Psixoloji diaqnostikanın mahiyyəti nədən ibarətdir?

- Psixoloji diaqnostika insana məxsus davranış formasının standart və obyektiv ölçüsüdür. Psixoloji test fərdin bacarıqları, qabiliyyətləri, performansları, motivləri, tutumları, müdafiələri və s. haqqında məlumat verəcək sualların verilməsinə mühit və mümkünlük təmin edən sistemli bir yanaşmadır. Psixoloji diaqnostikada standartlaşdırılmış və metodiki testlərdən istifadə olunur ki, bunlar digər sahələrdə istifadə olunan testlərlə ekvivalentdir. Məsələn, qandakı dəmirin miqdarı nümunə alınaraq yoxlanılırsa, psixologiyada insanın şəxsiyyət xüsusiyyətləri müvafiq testlərlə qiymətləndirilir. Başqa sözlə, psixoloji test, əsas olaraq bir davranış qəlibinin obyektiv və standart şəkildə ölçüsüdür. Ənənəvi olaraq psixoloji testlərin funksiyası, fərdlər arasındakı və ya eyni fərdin fərqli vəziyyətlər qarşısındakı reaksiyaları arasında fərqləri ölçür

-Bu proseduru biraz açıqlaya bilərsinizmi?

- Psixoloji diaqnostika müxtəlif istiqamətlər üzrə aparılır və nəticə obyektiv, keçərli və etibarlı olmaq üzrə raport şəklində təqdim olunur. Raportda problemin hansı dərəcədə qiymətləndirildiyi əks olunur. Psixoloji qiymətləndirmə müddətində müraciət edən şəxsin mümkün psixoloji problemləri, şəxsiyyət xüsusiyyətləri, yaşı, cinsiyyəti, təhsili, sosio-ekonomik nizamı, inanc sistemi, proseslə bağlı gözləntiləri də təsir mənbəyidir. Tətbiq olunacaq test əsnasındakı psixoloji vəziyyəti (əhvalı, yorğun olub-olmadığı, zamanının uyğunluğu v.s.) nəticələrə müsbət və ya mənfi olaraq təsir edə bilər.

- Konsultasiya prosesində psixoloji diaqnostikanın rolu?

- Diaqnostikada nəticəsində əldə olunmuş raporta əsasən problemin dərəcəsi müəyyən olunduqdan sonra konsultasiya prosesi bu istiqamətdə davam etdirilir.

Psixoloq Sevda Xəlilovanın sözlərinə görə, psixoloji diaqnostikadan əldə edilmiş məlumatlar xüsusilə yeniyetmələrin  konsultasiyası prosesində  istiqamətverici bir qüvvəyə malikdir.  Mərkəzin yeniyetmələrlə iş üzrə mütəxəssisi psixoloq Sevda Xəlilova eyni zamanda bizə  son zamanlar yeniyemtələrlə əlaqədar olan müraciətlər, geniş yayılmış narahatlıqlar barədə danışdı.

- Bilirsiniz ki, yeniyetməlik yaş dövrü insan həyatının ən böhranlı yaş dövrü sayılır. Bu dövrün əsas xüsusiyyəti inkişafın bütün sahələrini əhatə fizioloji və psixoloji dəyişikləridir. Hər bir yeniyetmədə  bu dəyişikliklər müxtəlif  getdiyi kimi, onlarn psixi inkişafı da eyni səviyyədə getmir. Ola bilir ki, intellekt səviyyəsinə görə yeniyetmə, amma şəxsiyyət xüsusiyyətinə görə isə hələ uşaqdır. Özünü təsdiqləməyə güclü təlabatlar refleksin inkişaf səviyyəsinə uyğun olmur və yeniyetmə öz daxilində, şəxsiyyətində baş verənlər haqqında özünə hesabat verə bilmir. Ənənəvi olaraq yeniyetməlik yaşları onların öz böyüklərindən uzaqlaşması dövrü kimi özünü biruzə verir. Onlar özlərini valideynlərinə qarşı qoyur, öz hüquq və müstəqilliklərini müdafiə edir. Belə olduqda isə valideynlərlə övlad arasnda münasibətlər pozulur.

Son zamanlar isə yeniyetmələrlə əlaqədar olan müraciətlər, abiturientlərin imtahan həyəcanı ilə bağlıdır. Belə ki, imtahanqabağı və ya imtahan zamanı onalarda təşviş-həyəcan pozuntusu baş verir.

- Bəs övladı abiturient olan valideynlər necə davranmalıdırlar?

- Abiturient valideynləri arasında ən çox rast gəlinən hal ictimai qınağa daha çox yer vermələridir. Belə ki, özlərini qohumların, yaxınların yanında təstiq etmək üçün övladlarına təzyiq edərək imtahanda daha yüksək nəticə əldə etməyi tələb edirlər. Başqalarını onlara nümunə göstərərək “O səndən daha məsuliyyətlidir” və ya “ filankəs gör necə yüksək nəticə göstərir” kimi cümlələrlə övladlarına psixoloji travma verirlər. Buda çox hallarda abiturientdə ruh düşkünlüyünə, müqayisə olunduğu insana qarşı aqressiyaya gətirib çıxarır. Hər bir insanın özünəməxsus potensialı var və hər bir valideyndə öz övladının hansı potensiala malik olduğunu bilməli və bunu qəbul etməlidir.  Bir mütəxəssis və bir ana olaraq valideynlərə səslənirəm, bir ata –ananın övladına verə biləcəyi ən böyük xəzinə elmlə bərabər həm də özgüvən hissidir. Bunu öz övladınızdan əsirgəməyin!

Jurnalımızın baş redaktoru, psixoloq Vüsalə Ələkbərova ilə cütlüklər arasında böyük problemlərdən sayılan Qısqanclıq haqqında danışdıq.

- Vüsalə xanım, qısqanclıq psixoloji problemdirmi?

- Freydin belə bir fikri var: "Qısqanclıq sevginin gözəlliyini və cazibəsini zəhərləyərək məhv edir." Dekarta görə isə qısqanclıq, sahib olduqlarını qorumaq istəyindən yaranan bir qorxudur. Bütün hallarda qısqanclıq insanların normal yaşamına, uğurlu unsiyyət qurmasına mənfi təsir göstərən və istər özündə, istərsə də qarşı tərəfdə mənfi və rahatsızedici emosiyalar yaradan bir duyğudur. İtimək qorxusu, vaxtı ilə yaşanmış uğursuz münasibət nədənilə yaranmış qorxular, aşırı dərəcədə sahiblənmək duyğusu, özgüvənsizlik duyğusu, natamamlıq kompleksi, həyəcan pozuntusu, fərdin paranoid xarakterə malik olması  və s. səbəblərlə ortaya çıxa bilir. Və bunu psixoloji problem hesab edə bilərik!

-  Bəs bu duyğudan necə qurtulmaq olar?

- Ilk öncə bu qısqanclığın altında yatan duyğu və düşüncələri tapmalı, tanımalı daha sonra beyində yer etmiş bu mənfi asossasiyaları müsbət asossasiyalar ilə əvəz edilməlidir. Fərdin özgüvəni qalxmalı , qısqanılan şəxs tərəfindən  dəyərli olduğunu hiss etməli  və qısqanclığı tətikləyən faktorlar nisbətən aradan qaldırılmalıdır. Mütəxəssis yardımı ilə bu duyğuyla daha rahat başa çıxmaq mümkündür.

Bəzən insanlar düşdükləri şəraitdən asılı olaraq özlərini narahat hiss edirlər. Əsasən kütlə qarşısında çxış edərkən, diqqət mərkəzində olarkən müxtəlif komplekslər baş qaldırır və dərhal özlərini itirir, mühitdən uzaqlaşmağa çalışırlar. Psixoloq Validə Abbasova bizə komplekslər, onların yaranma səbəbləri barədə danışdı.

- Ümumən götürəndə komplekslər insanlara həm müsbət ,həm də mənfi təsirlidir.  Müxtəlif səbəblərdən yarana bilir. Ancaq daha çox yeniyetməlik və uşaqlıq dövründə yaşanmış travmalar nəticəsində formalaşır. Bəzən ailələr uşaqlara həddindən artıq qayğı, sevgi göstərirlər, daim uşaqlarını digərlərinin yanında tərifləyirlər. Ailədə az qayğı, sevgi görən uşaqların özünəinamı aşağı olur. Bu da gələcəkdə aşağılıq kompleksinə səbəb olur.

- Validə xanım, insanları rahat yaşamağa qoymayan bu komplekslərdən necə qurtulmaq olar?

- Hər şeydən öncə özgüvən hissini formalaşdırmaq lazımdır. Çünki komplekslərin yaranmasının  kökündə bu və ya digər səbəblərdən yaranmış olan özgüvənsizlik və ya özgüvən hissinin aşağı olmasıdır. Bu yönümlü işlər aparılarsa komplekslərdən rahatlıqla qurtulmaq və rahat yaşama dönmək mümükündür. Bundan başqa pozitiv olmaq, hadisələrə fərqli mövqedən yanaşmaq, arzuları addım – addım həyata keçirmək və s. problemdən qurtulmağa yardımçı ola bilər.

Mərkəzin psixoterapevti Denis Rzayev də cəmiyyətdə yayılmış əsas kliniki problemlərdən bəhs edərək bildirdi ki,  “Əhali arasında əsas klinik problemlər nevrotik pozuntulardır – depressiya, obsessiv kompulsiv pozuntular, fobiyalar, panik atak, təşviş pozuntuları, tiklər və s. Onu da qeyd etmək istəyirəm ki, uşaq və yeniyetmə dövrü üçün  OKP, tiklər ,  xanım pasientlər arasında təşviş, həyəcan pozuntuları, obsessiv-kompulsiv pozuntular, postnatal depressiya,  fobiyalar daha üstünlük təşkil edir.  Xanımlarda eyni zamanda endokrin, ginekoloji pozuntular səbəbilə yaranmış psixi pozuntularda az yer tutmur.  Kişi pasientlər arasında isə daha çox stress,  fobiya, depressiya, əsəb pozuntularına rast gəlirik.”

Denis doktorun sözünə qüvvət olaraq üz tutduq mərkəzinin qadınlarla iş üzrə psixoloqu Sevinc Əlizadənin yanına.

- Sevinc xanım, qadınlarda rast gəlinən əsas psixoloji problemlər hanslardır?

- Qadınlarda ən sıx rast gəlinən psixoloji  problemlər doğum sonrası depressiya (postnatal depressiya)  və obsessiv kompulsiv pozuntulardır . Demək olar ki, bu hallar 85% qadınlarda rast gəlinir. Doğumsonrası depressiya doğumundan sonra 4 həftə, bəzi qadınlarda isə 6 həftəyə qədər davam edə bilər. Bu keçici bir dönəmdir. Bu dönəmi rahat bir şəkildə keçirmək üçün qadınlara məsləhətimiz özlərini çox yormasınlar, yuxularına diqqət etsinlər, sağlam qidalansınlar. Özlərini çarəsiz və gücsüz hiss edərlərsə psixoloq dəstəyi alsınlar.

- Bəs , obsessiyaların hansı növü özünü daha çox biruzə verir?

- Ən çox  təmizlik obsessiyası geniş yayılmışdır. Buna təmizlik xəstəliyi də deyilir. Belə insanlar hər şeyin çirkli olduğuna inanır və tez tez yuma, silmə, təmizləmə kimi hərəkətləri təkrarlayırlar. Əllərini tez-tez yuyar, evi təmizləyər, evə gələn qonağın ardından istifadə elədiyi hər şeyi təmizləyərlər. Belə insanlar ən çox özlərinə zərər vururlar. Zamanının çoxunu təmizliyə ayırdıqları üçün, zaman itkisi yaşayarlar. Qadınlar övladlarına, həyat yoldaşına və s. yetəri qədər vaxt ayıra bilmədikləri üçün ailədaxili kofliktlərin yaranması qaçınlmaz olur. İstər ailədə, istərsə də sosial çevrəsində münasibətləri pozulur. Obsessiv pozuntunun bir çox səbəbləri var. Ailədən irəli gələn səbəblər ola bilər, eyni zamanda yaxınını itirmə, iflas, boşanma kimi acı hadisələr buna yol aça bilər.

Psixoloq Gülər Məmmədova isə müraciət edən gənc ailələrdə xanımların həm də sıx-sıx Vaginizm deyilən bir xəstəlikdən əziyyət çəkdiyini vurğuladı.

 - Gülər xanım, Vaginizm  ailələrin ən sıx rastlaşdığı, mənəvi olaraq ən çox əziyyət çəkdiyi bir problem olmaqla yanaşı, onun haqqında danışmağa, ondan qurtulmağa utanırlar? Siz bizə deyin,nədir axı Vaginizm?

- Vaginizm – bir çox xanımların toy gecəsində təxəyyüllərində  yaratmış olduqları qorxu və vahimə səbəbilə cinsi aktdan psixoloji ve fiziki olaraq  imtina halıdır. Çox gözəl vurğulayırsınız ki, onun haqqında danışmağa utanırlar. Dəhşətlisi isə bundadır ki, çox zaman hər iki tərəf də səbəbkar olaraq bir-birlərini gördükləri və ya açıb ağartmaqdan utandıqları üçün bu problemlə 1 il, 2 il, hətta 5-6 il yaşayırlar.  Vaginizmdən əziyyət çəkən xanımlar təkcə cinsi əlaqə zamanı deyil, hətta adi ginekoloji müayinəyə belə həssas reaksiya göstərirlər.

 

- Vaginizmin müalicəsi varmı?

- Əgər vaginizm sırf psixoloji səbəblərdən yaranmışsa bunun müalicəsi mümkündür.  Hətta deyərdim ki, çox effektiv, çox rahat bir terapiya üsulu ilə bu ağır psixoloji travma yarada biləcək problemdən asan bir şəkildə qurtulmaq olar. Apardığımız terapiyaların sayəsinə neçə-neçə ailələrə sevinc yaşadaraq  bu probeblemi  birdəfəlik aradan qaldırmışıq.

Son günlərdə fəsil dəyişikliyi ilə əlaqədar olar insanlarda, elə özümüzdə və ətrafımızdakı yaxın insanlarda da ruh düşkünlüyü, halsızlıq, əhvalsızlıq, aqressiya və s. kimi hallar müşahidə edirik. Bu da gündəlik həyatımızda, iş prosesində insanlarla münasibətdə bəzi narahatlıqlara gətirib çıxara bilir. Psixoloq Könül Cəfərova tam da bu mövzuya toxunaraq fikirlərini bizimlə bölüşdü.

- Yaz ayında baş verən mövsüm dəyişikliyi insan orqanizminə təsirsiz ötüşmür. Qışın ağırlığını atmaq  və yazın hərəkətliyinə uyğunlaşmaq təbii ki, insan üçün heç də asan olmur. Bununla əlaqədar da bir qədər yorğunluq, süstlük, iştahasızlıq, yaşamdan zövq ala bilməmək, yuxuya hədsiz meyllilik, həyat ritmini itirmək kimi depressiv halar ortaya çıxır.

 

- Yaz depressiyasından tez  qurtulmaq  üçün nə tövsiyyə edərdiniz?

- Təbii ki, problem varsa həlli də var. Bunun üçün qışdan yaza keçərkən bol vitamin qəbul etmək- xüsusən B və C vitamini, gün ərzində 2 litrə yaxın su içmək, erkən oyanmaq, əhval-ruhiyyəyə yaxşı təsir edən müsiqilər dinləmək, rahat və sizə xoş təsir edən geyimlərdən istifadə etmək lazımdır. Açıq havada bol -bol gəzin və zövq alacağnız şeylər etməyə çalışın. Beləcə problemin tədricən aradan qalxdığının şahidi olacaqsınız.

 

Onu da qeyd edək ki, mərkəzdə fərdi psixoloji konsultasiyalar ilə yanaşı, qrup terapiyaları,  eləcə    də Elnur Rüstəmov və digər mütəxəssislər tərəfindən  tədris olunan müxtəlif istiqamətli psixoloji kurslar, seminarlar, treninqlər də keçirilir.  Elnur Rüstəmov bu kurslara,treninqlərə həm psixologiya fakultəsi tələbələri, həm psixoloqlar , həm də psixologiya ilə maraqlanan hər kəsin qatıla biləcəyini vurğuladı.

Beləliklə, Psixologiya və Konsultasiya Mərkəzində “Bir Gün”ümüz yavaş-yavaş yekunlaşarkən yolumuzu yenidən Elnur Rüstəmovun yanından saldıq.  Gərgin və dinamik iş rejimi arasında bizlərə zaman ayırdığı və rahat şərait yaratdığı üçün Təşəkkürümüzü bildirdik.

         

Hazırladı: Fəridə Qasımova

 

Go Back

“Bu travma zamanla güclənə bilər” – Psixoloq yanğının təsirlərindən danışır

Mayın 19-da Binəqədi rayonunda 16 mərtəbəli yaşayış binasında baş verən yanğın sadəcə binanın sakinlərini deyil, demək olar ki, bütün əhalini təşvişə saldı. Yanğınla bağlı sosial şəbəkələrdə paylaşılan statuslardan bu sarsıntını, təşvişi aydın şəkildə hiss etmək mümkün idi. O binada qohumu, tanışı yaşamayan onlarla adi vətəndaş da hadisə yerinə getdi. Əksər valideynlər istər-istəməz övladlarından dolayı narahat qaldılar.

 

Bu cür dəhşətli hadisə zamanı əhalinin daha çox psixoloji sarsıntı keçirdiyini nəzərə alaraq, Aile.lent.az Konsultasiya və Psixologiya Mərkəzinin rəhbəri, ailə psixoloqu Elnur Rüstəmovun fikirlərini öyrənib.

 

E. Rüstəmov bu hadisənin insanların psixologiyasına çox böyük mənfi təsir göstərdiyini vurğulayıb: “Öncə bu faciədə həyatını dəyişənlərə Allahdan rəhmət, qalanlara səbr diləyirəm. Dünən baş verən yanğın metahəssas insanlara, xüsusən valideynlərə mənfi psixoloji təsir göstərdi. Faciədən sonra onların övladlarına qarşı həssaslığı daha da artmağa başladı. Və bu həssaslıq bir müddət valideynlərdə davam edəcək. Ola bilsin ki, bir qism insanlarda bu həssaslıq xroniki hala çevrilsin. Psixologiyada bu, təşviş-həyəcan pozuntusu adlanır. Tutaq ki, ana uşağına bağlı idisə, bu bağlılıq bir az da artmağa başlayacaq. Və yaxud nənədə nəvəsinə qarşı belə bir hal yarana bilər. Zatən insanlar bu gün çox emosionaldılar. Bu hadisə emosionallığı bir qədər artırdı. Ötən gecə insanların əksəriyyəti narahat oldu. Narahatlıqdan bəzilərinin yuxu sistemi belə pozuldu”.  

 

İnsanlarda yaşana biləcək təşviş-həyəcan pozuntusunun dolayısı ilə itirmə qorxusuna bağlı olduğunu bildirən psixoloq deyir ki, bu kimi narahatlıqlar bir müddət sonra keçib gedir. Onun sözlərinə görə, insanların illər əvvəl baş vermiş bu cür hadisələrdən sonra keçirdikləri psixoloji sarsıntının izləri bəzi insanlarda hələ də qalır: "Məsələn, illər öncə Bakıda baş vermiş zəlzələni götürək. İndinin özündə də elə insanlar var ki, o zəlzələdən sonra qapalı yerdə qala bilmir, müxtəlif fobiyaları yaranıb. Buna tibbdə posttravmatik stress pozuntusu da deyilir. Bunun da müalicəsi var. Həmin insanlar müalicə aldıqdan sonra normal həyatlarını yaşayırlar. Müalicə olunmazsa, psixoloji fəsadlar həmin insanların ətrafdı, eləcə də ailəsi ilə münasibətinə mənfi təsir edə bilər”.

 

Baş verən yanğının daha çox ətrafdakı əhaliyə travma yaşatdığını deyən E. Rüstəmovun fikrincə, bu travma insanlarda hətta zamanla güclənə də bilər: “İnsanlar qaza, işığa daha həssas yanaşacaq, hətta “bizim binamız da yana bilər” qorxusu ilə bir müddət yaşaya bilərlər”.

 

Sosial şəbəkələrdə qabardılan “yanan binanın sakinlərinə tez bir zamanda psixoloji yardım göstərilməlidir” məsələsi ilə bağlı fikir bildirən psixoloq qeyd edib ki, ilkin psixoloji yardım FHN-nin tərkibində psixoloji yardım briqadası və Səhiyyə Nazirliyi tərəfindən göstərilib: "Hazırda daha çox o hadisəni yaşayan, o binanın sakinlərinə həyat tərzi ilə - yerləşdirmə, dəfn mərasiminin keçirilməsi ilə bağlı dəstək olmaq lazımdı. İndiki situasiyada onlara göstərilən psixoloji yardımın çox böyük effekti də olmayacaq. Çünki onlar indi itirdikləri insanların, ev-eşiklərinin hayındadırlar. Bir müddətdən sonra, təqribən 1 həftə, 10 gün sonra həmin insanlara psixoloji yardım göstərilə bilər. Çünki posttravmatik stress ancaq o vaxtdan sonra özünü daha çox büruzə verəcək. Məhz o zaman onların bir qisminə konkret psixoloji dəstəyin göstərilməsi məqsədəuyğun hesab olunur. Psixoloji dəstək sayəsində aldıqları travma neytrallaşdırıla bilər”.

Go Back

ORXAN ORUC-ZADƏ : "Ən müasir mobil telefon iki gün sonra vitrinlərdə bizim alıcılara təklif olunursa, niyə elm sahəsi də belə olmasın?!" - MÜSAHİBƏ

Son günlərdə psixoloqların böyük sevinc hissi ilə qarşıladıqları birxəbər yayıldı.Bu xəbər Azərbaycan Psixologiya elminin inkişafı üçün parlaq bir fürsət və tarixi bir hadisə haqqındadır. Azərbaycan, 2017-ci ildəAvropa Gənc Psixoloqlarının 31-ci konqresinə ev sahibliyi etmək haqqını qazandı! Bu uğuru Azərbaycana məhz Onlar qazandırdı. Orxan Oruc-zadə və Rövşən Hümbətov! Bugünki həmsöhbətimiz isə, Belçikanın Gent universitetində magistratura pilləsində psixologiya təhsilini davamet dirən Orxan Oruc-zadədir.  Orxan Oruc-zadə ilə ölkəmizə  qazandırdıqları bu uğur barədə, ümumiyyətlə Avropa Tələbə Psixoloqlar Assosasiyası və bu təşkilatın müxtəlif ölkələrdə təşkil etdiyi konqreslər barədə geniş bir söhbətimiz baş tutdu…

- Ölkəmizə qazandırdığınız bu əlamətdar hadisə üçün həm sizi ,həm də özümüzü, həm də bütünlüklə Azərbaycan psixologiya dünyasın təbrik edirik!

- Çox sağolun, bu uğuru şəxsi uğurum kimi deyil, bütün psixoloqların və bir az da qloballaşdırsaq vətənimizin uğuru kimi dəyərləndirirəm.

- Biraz bizə bəhs edərsinizmi bu necə baş verdi və biz bu ev sahibliyini necə qazandıq?

- Lap əvvəldən başlasaq, 2008-ci ildə Gənc Psixoloqlar Birliyi adlı bir birliyin yaradılması ilə bağlı bir neçə tələbə yoldaşımızla birlikdə təşəbbüs irəli sürdük və çox keçmədən bizim kimi öz ixtisasına həvəsli, öyrənməyə və öyrətməyə meyilli bir qrup formalaşdı. Bu qrupda psixologiya ixtisası olan hər bir universitetdən gənclər var idi. Müxtəlif seminarlar, görüşlər, layihələr həyata keçirməyə başladıq. Daha sonra Avropa Tələbə Psixoloqlar Assosasiyası (EFPSA) adlı bir təşkilatla tanış olduq, EFPSA-da aktiv olan Türkiyəli bir gənc xanım bizə bu təşkilata qoşulmağımız üçün köməklik etdi və 2009-cu ildə Türkiyədə keçirilən milli nümayəndələrin görüşündə iştirak edib, müşahidəçi ölkə kimi təşkilata qoşulduq. 2010-cu ildən isə təşkilatın üzv ölkələrindən biri olduq. EFPSA 32 ölkəni və 11000 nəfər gənc psixoloqu əhatə edən ümumavropa təşkilatıdır. Təşkilatın əsas məqsədi gənc psixoloqlar arasında şəbəkə yaratmaqla onlar arasında elmi, təcrübi və mədəni mübadiləni həyata keçirməkdir. Təşkilatın fəaliyyət istiqamələrinə müxtəlif təlimlər, yay məktəbləri, konfranslar, araşdırma layihələri, mübadilə proqramları və s. daxildir.

Bu günə qədər təxminən 30-dan çox Azərbaycanlı gənc bu təşkilatın müxtəlif tədbirlərində iştirak ediblər. Mən özüm 7 dəfə EFPSA-nın ayrı-ayrı ölkələrdə keçirilən müxtəlif tədbirlərinə qatılmışam. Və hər dəfə düşünürdük ki, niyə də belə bir tədbir bizim ölkədə keçirilməsin, niyə də hər dəfə tədbir keçirilmiş ölkələrlə bağlı məlumat verilən hissədə bizim ölkənin də adı çəkilməsin. Nəhayət, bu il namizədliyimizi vermək qərarına gəldik və 32 ölkənin hər birindən bir milli nümayəndinin iştirak etdiyi gizli səsvermə prosesində EFPSA-nın ən böyük tədbiri olan, 350 nəfər gənci bir araya toplayan illik ümumavropa konqresinin 31-cisinin, yəni 2017-ci ildə keçirilməsi nəzərdə tutulanın ölkəmizdə keçirilməsi haqqını qazandıq.

- Sizcə Azərbaycan psixologiya elmi bu konqresə ev sahibliyi etməyə hazırdırmı?

- Bu sualın üzərində son iki ildə çox düşündük. Təbii ki , bizdə psixologiya elmi, xüsusilə praktik psixologiya yeni bir sahədir. Ancaq yeni bir sahə olması onun inkişaf sürətinə təsir etməməlidir. Müasir dövr, internet əsri hər bir fərddən inkişafın qanunauyğunluqlarına cavab verməyi tələb etdiyi kimi, hər bir sahədə də bu tələbi bizlərin qarşısına qoyur. Əgər Amerikada istehsal olunan ən müasir mobil telefon iki gün sonra vitrinlərdə bizim alıcılara da təklif olunursa, niyə elm sahəsi də belə olmasın?! Iqtisadiyyatın tələb-təklif prinipini elmi məsələlərdə pozmaq olar. Elmi təkliflər bol olsun, mütləq tələb yaranacaq. Tələb olmasa ölkəmizin mütəxəssis ehtiyacını ödəmək üçün əcnəbi kadrlara üz tutmarıq.  Ona görə də, düşünürəm ki, konqresə ev sahibliyi etmək öhdəsindən gəlinə biləcək bir işdir. Kifayət qədər dəyərli mütəxxəssislərimiz , ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən peşəkar həmyerlilərimiz , təşkilatı məsələləri böyük həvəslə yerinə yetirməyə maraqlı olan gənclərimiz var. Bizim üzərimizə düşən təşkilatlanmaq və komanda şəklində işləməkdi. Bir işə başlamaq onun yarısını bitirməkdi, demək ki, artıq yolun ortasındayıq.

- Bu necə bir konqres olacaq, iştirakçı olmaq üçün hansı kriteriyalar lazımdır?

- Konqres hər hansı bir əsas mövzuya həsr olunur və 1 həftə ərzində keçirilən mühazirələr, seminarlar, qrup işləri bu mövzunun ayrı-ayrı elementlərini özündə birləşdirir. Bundan başqa konqres müddətində təşkilatı məsələlərə həsr olunan toplantılar da keçirilir, yeni idarə heyəti, yeni ölkə təmsilçiləri təyin olunur və onlara təşkilatın idarə edilməsi ilə bağlı təlimlər keçirilir.Əlavə olaraq mədəniyyət gecələri təşkil olunur və asudə vaxtlarda ev sahibi olan ölkənin mədəniyyətini nümayiş etdirən fəaliyyətlər təşkil olunur.

Konqresə qoşulmaq üçün elektron müraciət formasını doldurmaq kifayət edir. Tədbir bizim ölkəmizdə keçiriləcəyi üçün 60-70 nəfər yerli iştirakçının qatılaması şansı var. Xüsusi bir kriteriya olmasa da, psixologiya elmi ilə əlaqəli olmaq, xüsusi marağa sahib olmaq əsas tələblərdən biridir.

- Konqres sadəcə tələbə gənclərin iştirakı üçünmü nəzərdə tutulub?

- Əsas hədəf kütləsi gənclər və tələbələr olsa da, istənilən şəxs qoşula bilər. Yerli mütəxəssislər, tələbələr istədikləri halda aktiv iştirakçı kimi öz araşdırdıqları mövzu ilə konqresdə istədikləri formada  (qrup işi, təlim, kağız təqdimatı və s.) təqdimat edə bilərlər və həmçinin, passiv iştirakçı olaraq dinləyici qismində də qatıla bilərlər.

- Xaricdə psixologiya təhsili almağınız sizə hansı üstünlükləri qazandırdı? Ümumiyyətlə , xaricdə təhsil almaq istəyən gənclərimizə nə kimi tövsiyyələriniz olardı?

- Ümumiyyətlə ixtisasdan və qazandığın elmi bilikdən asılı olmayaraq, xaricdə təhsil almaq insanın özünü tanıması üçün bir şansdır, xüsusilə də, əgər psixoloqsansa özünü müşahidə və analiz üçün əla fürsətdir. Bundan başqa insanın dünyagörüşünə verdiyi töhvələr kifayət qədərdir.
Verilən dərslərin məzmunu ilə tanış olduqca, Azərbaycanda keçirilən dərslərlə istər istəməz müqayisə aparmaq məcburiyyətində qalırsan. Görürsən ki, burda da Lorensin  qazlar üzərində apardığı eyni təcrübələrdən, Maslaounun  eyni ehtiyaclar pramidasından, Yunqun eyni arxeotiplərindən danışılır. Yəni sxematik olaraq təxminən eyni mövzular, ancaq təhsil sisteminin mükəmməlliyi eyni mövzulara başqa aspektən və dərkolunabilən bucaqdan baxmağa məcbur edir. Nəzəri biliklər həyatı misallarla əlaqəli formada çatdırılır, tələbənin öz fərziyyəsini irəli sürmə fürsəti yaradılır, ən dahi alimin nəzəriyyəsinə qarşı ən primitiv tələbə fərziyyələri belə müzakirə olunur və bütün bunlar tələbəni öz ixtisasının peşəkar bilicisi edə bilir. Ümid edirəm ki, tezliklə bizdə də bu cür tələbəyə yönəlik təhsil şəraiti yaranacaq, təhsil formal xarakterdən təcrübi formaya keçəcək, tələbə təhsilə diplom almaq üçün vasitə kimi yox, mütəxxəssis olma prosesi kimi baxacaq. Bunun üçün də qərb təhsil sistemində təcrübəsi olan gənclərin çiyin-çiyinə verib işləməsi lazımdır.

Xaricdə təhsil almaq istəyən gənclərə isə yalnız onu tövsiyyə edə bilərəm ki, xaricdə təhsil almağı yalnış motiv üzərində qurmasınlar, yəni, “başımı götürüm qaçım”, “hansı universitet olur olsun”, “hansı ölkə olur olsun”, “əsas odu xarici diplomum olsun” kimi düşüncələr ilə yola çıxmaq vaxt və enerji intkisindən başqa bir şey olmaz.

- Biraz gələcək planlarınızdan bəhs edərsinizmi? Üfüqdə nələr var?

- Azərbaycan psixoloji xidmətin və elmi araşdırmaların dünya səviyyəsinə uyğunlaşdırılması istiqamətində edilə biləcək hər bir işi görə bilməkdir əsas planlar.

- Həmyaşıdlarınıza baxdıqda qazandığınız uğurlar təqdirəlayiqdir. Bu sahədə sizə kimlər dəstək oldu?

Qismət, taleh məsələlərinə birmənalı yanaşmasam da, ancaq qismətimdən həmişə qarşıma yaxşı insanlar çıxıb. Beynəlxalq tədbirlərdə iştirakım üçün Azərbaycan Republikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu dəfələrlə maliyyə yardımı göstərib. Birgə işlədiyim şəxslər, universitet müəllimləri, hər zaman dəstək olduqlarını hiss etdiriblər. Azərbaycan psixologiya elminin ən dəyərli şəxslərindən biri olan, professor, rəhmətlik Əbdül Əlizadənin isə hər dəfə “bu elm artıq sizlərin əlindədi” deməsinin üzərimdə yaratdığı aşırı məsuliyyətini və bu məsuliyyətdən yaranan motivasiyanı hiss etmişəm.

- Düşüncə jurnalı azərbaycanda ilk elmi-publisistik psixologiya jurnalı olaraq psixoloq Elnur Rüstəmovun rəhbərliyi və psixoloq Vüsalə Ələkəboravın baş redaktorluğu altında fəaliyyət göstərir. Məqsədimiz Azərbaycanda Psixologiyanın yayılmasına, inkişafına və əhalinin maariflənməsinə xidmət etməkdir. Bizim üçün maraqlıdır, Azərbaycandakı və Belçikadakı psixoloji mərkəzlər və ümumilikdə psixoloji mühiti  müqayisə etməli olsaq nə kimi fərqli nüansları qeyd edə bilərsiniz?

- Kifayət qədər fərqlər var, bu fərqlərin ən başlıcası etnopsixoloji amillərlə bağlıdı. Digər fərqliliklər isə etnopsixoloji fərqliliklərin törəmələridi. İlk növbədə Belçika və digər qərb ölkələrində psixoloji xidməti tənzimləyən xüsusi qanunlar mövcuddur. Psixoloji xidmət dövlətin sosial siyasətinin bir hissəsi kimi qəbul olunur. Hər kəsin tibbi, əmlak siğortası kimi psixoloji xidmətlə də bağlı siğortası var. Bu isə insanlarda psixoloji xidmətdən yararlanmağı bir mədəniyyət formasına çevirir. Psixoloji mərkəzlər xüsusi dövlət nəzarəti altında və lisenziya ilə fəaliyyət göstərir. Lisenziya almaq üçün çox ciddi şərtlər qoyulur. Hansı ki, Azərbaycanda bu cür şərtlərə cavab verən psixoloji mərkəzlərin sayı demək olar ki, yox səviyyəsindədir. Bu cür müqayisə Azərbaycanda psixoloji xidmətin qənaətbəxş səviyyədə olmadığını söyləsə də, bu sahənin bizdə yeni olması yaxın gələcəyə optimist baxmağa əsas verir. Son illərə qədər bizdə psixoloji xidmət yox dərəcəsində idi, ona görə də dövlət səviyyəsində bununla bağlı qanun qəbul edilməsi ehtiyacı yaranmamışdı. Ancaq son onillikdə psixoloji xidmətlə bağlı sürətli inkişaf var. Bəzən bu inkişafdan yararlanmaq istəyən, psixoloji xidmətə biznes marağı ilə yanaşanlar olsa da, bu da inkişafın bu mərhələsi üçün gözyumulandır. Ən azından insanlarda psixoloji xidmətdən yararlanmaqla bağlı vərdişin formalaşdırılmasına köməklik edir. Və əminəm ki, yaxın illərdə psixoloji xidmətin tənzimlənməsi ilə bağlı xüsusi qanun qəbul olunacaqdır. Amma buna qədər də, həmin qanunun tələblərinə cavab verə biləcək psixoloqlar formalaşmalıdır.

Düşüncə jurnalının da fəaliyyəti bu baxımdan çox əhəmiyyətlidir. Bu kimi maarifləndirmə və təbliğat vasitələrinin sayının çoxluğu ümumi inkişafın daha da sürətləndirilməsinə səbəb olar. Bu yolda düşüncə kollektivinə uğur və tükənməz enerji arzulayıram.

 

 

Go Back

ÖVLADLARININ SEVGİLİLƏRİ TƏRƏFİNDƏN ÖLDÜRÜLMƏSİNİ İSTƏMƏYƏN VALİDEYNLƏR ÜÇÜN

Elnur Rüstəmov: “valideynlər övladlarının neqativ durumlarına müəyyən bəhanələrlə bəraət qazandırmaq istəyirlər”

“Valideynlər övladlarının taleyinin iki gün bundan öncə sevgilisi tərəfindən öldürülən Aytac adlı məktəbli və ya onu öldürən gənc kimi olmasını istəmirlərsə ilk öncə stereotip düşüncələrdən azad olunmalıdır. Əksər valideynlər oxşar situasiyalarla üzləşərkən deyirlər ki, əşi yeniyetmədirlər heç nə olmaz, bir az keçsin düzələcək.”

Bu sözləri İnterAz-a Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmov iki gün bundan öncə 11-ci sinifdə təhsil alan məktəbli qızın sevgilisinə yox dediyinə görə öldürülməsi hadisəsinin baş vermə səbəbləri ilə bağlı açıqlama verərkən qeyd edib.

Bu cür hallarla üzləşən valideynlərin hadisələrə zamanında müdaxilə etməli olduğunu söyləyən ekspert, bildirdi ki, əks halda bədbəxt olaylarım baş verməsi qaçılmaz olur:

“Zamanında müdaxilə problemin köklü şəkildə həllinə səbəb olur. Əslində övladları valideynlərindən yaxşı tanıyan və xasiyyətinə bələd olan heç kəs yoxdur. Amma valideynlər övladlarının neqativ durumlarına müəyyən bəhanələrlə bəraət qazandırmaq istəyirlər. Məsələn dərs oxumayan uşağın valideynləri deyir ki, mənim uşağım yaxşı başı var, amma bir qədər tənbəldir. Zərərli vərdişlərə aludə olanda da deyirlər ki, ara-sıra edir. Lakin diqqət etsək görərik ki, nəyin ki ara-sıra daima övladı neqativ hərəkətlərə yol verir.”

Azərbaycan insanı üçün övladının fiziki sağlamlığını, psixoloji sağlamlığından daha öndə olduğunu təəssüflə qeyd edən psixoloq, “uşağın ürəyi, böyrəyi digər orqanları ağrımırsa deməli o sağlam uşaqdır. Belə olan halda uşağın psixoloji sağlamlığı arxa plana keçir” – deyə bildirdi: “Düşünürəm ki, valideynlər övladlarının yeniyetməlik dövründə birmənalı şəkildə psixoloqlarla əməkdaşlıq etməlidirlər. Hətta valideynlərin məktəblərlə lazımı formada əlaqələri yoxdur. Məktəbə gedəndə də dalaşmağa gedirlər. Ona görə də problemlərin həllinə kompleks şəkildə yanaşmaq lazımdır. Yəni həm ailələrlə işləmək lazımdır, həm də ki məktəblərlə.”

Müsahib onu da bildirdi ki, cinayət törətmiş oğlanın valideynləri əvvəlcədən uşaqlarının əsəbi, gərgin və stressdə olduğunu mütləq formada bilirmişlər: “Belə olan halda bunun səbəbləri araşdırılmalı idi. Əgər uşaq narahat və gərgindirsə demək ya məktəbində, ya dostları arasında, ya da ki, sevgilisi ilə bağlı problemi var.”

http://interaztv.com/society/34856

 

Go Back

ONUN DƏRMAN YAZMASI CİNAYƏTDİR

Psixoloq, psixiatr, psixoterapevt və ya nevropatoloq. İnsanlar bəzən problemləri olduqda bunların hansına müraciət edəcəklərini bilmirlər. Hətta yanlış müraciət etdikləri zamanlar da olur. Mütəxəssislər də bu problemlə üzləşdiklərini bildirirlər. Bəs hansı hallarda hansı mütəxəssisə müraciət etmək lazımdır?

Psixoloq Elnur Rüstəmov qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycanda psixiatr, nevropatoloqlara müraciət tarixi psixoloqlardan çox illər öncə mövcud olub. Tətbiqi psixologiya, konkret psixoloji seanslar, psixoloqa müraciətlər isə yeni yaranır: “Psixoloq seanslar aparır, konkret psixoloji problemlər üzərində psixoterapiyanın texnikalarından istifadə edərək qarşı tərəfə düşdüyü çətin situasiyadan çıxmaqda yardımçı olur. Psixoloq müraciət edən insanın probleminin nə ilə bağlı olduğuna fikir verir. Əgər nevrolojidirsə, nevropatoloqla, psixiatrikdirsə, o zaman psixiatrla birgə iş aparır. Nəinki psixiatr və nevropatoloqla, eyni zamanda kardioloq, uroloq, terapevtlə də işləyir”.

E.Rüstəmov deyir ki, psixoloji narahatlıqların getdikcə artması tendensiyası gedir və bu da psixoloqların məsuliyyətini artırır: “Bütün dünyada psixoloji problemlər artır. Bu gün sürət əsrində yaşayırıq və hər şey zamanla adiləşir. Problem yüngüldürsə, psixoloq özü, əgər ağırdırsa, psixiatrla paralel iş aparmalıdır. Psixoloqlara müraciətlər getdikcə artır. Bu isə psixoloqların qarşısına yeni tələblər qoyur. İşini daha yüksək səviyyədə qurmaq, məsələyə daha peşəkar yanaşmaq, standartlara riayət etmək psixoloqlar qarşısında öz işlərini daha peşəkar qurmaqda məsuliyyət qoyur. Peşəkar psixoloqlar da bunlara riayət etməyə çalışırlar”.

E.Rüstəmovun sözlərinə görə, peşəkar psixoloq ona müraciət edən şəxsin durumunu təyin edir və necə bir iş aparacağını müəyyənləşdirir. Psixoterapevt həkim sayılmır və onun da dərman təyin etmək ixtiyarı yoxdur: “Psixoloq pasientlə şüur səviyyəsində iş görür. Motivasiya, gündəlik həyat rejimi qura bilməməsi, səhər oyana bilməməsi, kitab oxumaqda çətinlik çəkməsi ilə bağlı psixoloji vəziyyətlərdə kömək edir. Bunlar isə 5-6 seanslıq işlərdir. Psixoterapevt isə şüuraltı ilə işləyən mütəxəssisdir. Onların apardıqları seanslar 6 dəfədən çox olur. Məsələn, depressiya, fobiyaları olan insanlar üçün psixoterapiya təyin olunur. Bizdə yanlış olaraq deyirlər ki, psixoterapevt tibb təhsilli olmalıdır. Psixoterapevtin tibb təhsili alması vacib deyil. Psixiatr psixoterapiya üzrə də ixtisaslaşıbsa, onun seans aparmağa və dərman yazmağa ixtiyarı var. Tibb təhsili olmayan psixoloq psixoterapiya aparırsa, onun dərman yazması cinayətdir. Dərmanın təyinatını bilsə belə, onu yazmağa ixtiyarı yoxdur”.

Nevropatoloq Rima İbadova da deyir ki, bəzən insanlar nevropatoloq, psixiatr və psixoloqa müraciət etməklə bağlı məlumatsız olurlar. O, nevropatoloqa hansı hallarda müraciət etməyin lazım olduğu haqda məlumat verdi. Bildirdi ki, nevropatoloq sinir sistemi və onunla bağlı xəstəliklərlə, daha çox nevroloji problemlərlə məşğul olur: “Bu həm baş, həm də orqanizmdə olan ağrılarla bağlıdır. Ağrıların nədən qaynaqlandığını tapıb müalicə etməlidir. 

Nevropatoloqa ən çox müraciət baş ağrıları ilə bağlı olur. Sinir-əzələ, sinirlə bağlı hərəkət xəstəlikləri və yeriş problemlərində, əzələ tonusunun yüksəlməsi, düşməsi, hissi sinirlərlə bağlı olan problemlərdə nevropatoloq səbəbi araşdırmalı, müalicəni təyin etməlidir. Uşaqlarda başın ölçüsünün böyük və ya kiçik olması, başda mayenin toplanmasının səbəbinin tapılmasında və düzgün istiqamətləndirilməsində ilkin müraciət nevropatoloqa olmalıdır. Gözün hərəkət problemləri də nevropatoloqa aid olsa da, müalicə göz həkimi ilə birlikdə dəyərləndirilir. Amma ilkin olaraq nevropatoloqa müraciət etmək lazımdır. İnsanlar göz qapağının düşməsi, bu və ya digər dərəcədə çəpliyin olması zamanı da nevropatoloqa müraciət edə bilərlər. Həm yuxu, həm də adi vaxtda baş verən epileptik tutmalar yuxuda gecə terroru, gecə kabusu, narahat ayaqlar sindromu nevropatoloqa müraciət səbəblərindən geniş yayılanlarıdır. Yuxu problemlərində isə psixiatra da müraciət etmək olar”.

R.İbadovanın sözlərinə görə də, bəzi xəstəlikləri psixiatr və nevropatoloq bir yerdə araşdırmalıdır: “Qəflətən şüurda baş verən dəyişikliklər, normal insanda qəflətən şüur bulanıqlığının olması, huşda aydınlığın itməsi, normal insanda birdən-birə anormal hərəkətlərin mövcud olması psixiatrik olaraq araşdırılır. Amma müxtəlif irsi genetik xəstəliklər nevropatoloq tərəfindən də inkar edilməlidir”.

Psixoterapevt Araz Manuçehri isə bildirdi ki, psixika ilə bağlı problem çox vaxt bu sahəyə uyğun mütəxəssislərin birgə işi nəticəsinə həll olunmalıdır: “Bəzən psixiatr, psixoloq, nevropatoloqla yanaşı, sosial işçi və psixoterapevtin də birgə işi tələb olunur. Konkret psixiatr işi isə psixoz hallarda aparılır. Qulağa səs, gözünün qabağına şəkillər gəlməsi, düşüncə pozuntusu, sayıqlamalar, intihar meyillilik və psixiatrik depressiyalar sırf psixiatrın işidir. Amma elə hallar var ki, psixiatr onun öhdəsindən tək gələ bilmir. O zaman ehtiyac olduğu halda digər əlaqəli mütəxəssislə birgə iş aparır. Xəstəliklərin çoxunun müalicəsində mütəxəssislərin birgə əməyi tələb olunur”.

A.Manuçehri onu da bildirdi ki, yalnız psixologiya fakültəsini bitirən şəxsin resept yazmağa ixtiyarı yoxdur. Psixiatr təhsili varsa, resept yazmağa tam ixtiyarı var: “Xəstədə kardioloji və yaxud başqa nə isə problem varsa, mən onu həkimin yanına göndərirəm. Mənim yalnız ilkin tibbi yardım göstərməyə ixtiyarım var. Ondan artığına səlahiyyətim və biliyim yetməz. Həkimlər psixiatrik ilkin yardımı bilirlər. Əgər onların qarşısına belə bir xəstə çıxırsa, ilkin tibb yardımı göstərib, sonradan psixiatra istiqamətləndirirlər”.

kaspi.az

Go Back

Denis Rzayev: O MƏŞHUR “GEY”LƏR PULLU KİŞİLƏRİN QURBANLARIDIR

Hər zaman “övlad tərbiyəni evdən, ailədən, cəmiyyətdən alır”, – deyirik. Bəli, ailədə, evdə normal davranışlarla qarşılaşan uşaq böyüdükcə ailəsinin güzgüsünə çevrilir. Ancaq tərbiyə təkcə ailə ilə məhdudlaşmır. Burada cəmiyyətin, KİV-in, medianın da böyük rolu var. Sosial media xəbərləri, TV proqramları birbaşa uşaqların əxlaqına, psixologiyasına təsir edir.

Şou-biznesdə məşhur olan, cəmiyyət arasında “gey” kimi tanınan şəxslərin üzə çıxarılması, onların evlərinin, avtomobillərinin, var-dövlətinin reklam edilməsi, efirdə meydan sulaması gənclərə “onlar daha yaxşı yaşayır” fikrini aşılayır. Uşağa “baxma”, “etmə”, “olmaz” deməklə onu hərəkətlərinə təsir etmək olar, amma şüuraltında formalaşmış “onlar daha yaxşı yaşayır” fikrini dəyişdirmək mümkün deyil. Az yaşlarında uşağın müəyyən hərəkətlərinin qarşısını almaq mümkün olsa da, böyüyəndə onun homoseksual olmayacağına heç kim zəmanət vermir. Bu fikirlər daha çox oğlan övladı olan anaların ən böyük problemidir. “Oğlumu necə böyüdüm ki, əsl kişi olsun”, “oğlum başımı ucaltmalıdır”, “mənim oğlum adıma layiq olmalıdır”, – düşünən oğlan anaları bəzən övladları ilə necə davranacaqlarını, onları necə tərbiyə edəcəklərini bilmirlər. Yolda, efirdə homoseksualları görən oğlan analarını “Yox, əsla mənim oğlum belə olmamalıdır”, “birdən o da belə olsa?” kimi düşüncələr çox narahat edir.

Ümumiyyətlə, homoseksuallığa meyl nədən qaynaqlanır? Oğlan uşaqlarını necə böyütmək lazımdır ki, əsl kişi kimi formalaşsınlar? Aile.lent.az bununla bağlı mütəxəssislərin fikirlərini öyrənib.

 Psixologiya və Konsultasiya Mərkəzinin həkim-psixiatrı Denis Rzayev hesab edir ki, təkcə oğlan uşaqları deyil, eləcə də qız uşaqlarının homoseksuallıq meylləri ailədən qaynaqlanır: “Homoseksualizmin kökləri hələ Ziqmund Freyd tərəfindən araşdırılan mövzulardan biri olmuşdur. Onun nəzəriyyəsinə görə, homoseksualizmin yaranma səbəbi ailədən gəlir. Ailədə dominant rolunda güclü və eyni zamanda oğlu hədsiz dərəcədə sevən ana, zəif xarakterli, iradəsiz atanın olması belə nəticəyə gətirib çıxarır. Belə ki, uşaq ailədə kişi davranışı modelini görmür. Belə hallar atasız böyüyən oğlan uşaqlarında da baş verə bilər”.

Psixiatr bildirir ki, homoseksualizmin yaranma səbəbləri haqqında bir çox nəzəriyyələr mövcuddur. Son yarım əsrdə aparılan araşdırmalar zamanı məlum olub ki, əgər qadın hamiləlik dövründə qızılca və ya suçiçəyi xəstəliyinə yoluxubsa, onda onun hormonlar sistemində ciddi problemi olan uşaq dünyaya gətirməsi riski böyükdür: “Hamiləlik dövründə  suçiçəyi və qızılca keçirən qadınlar tərəfindən dünyaya gətirilən oğlan uşaqlarında testestorunun səviyyəsi aşağı miqdarda olur. Bu da qadın təbiətli kişi modelinin ortaya çıxması ilə nəticələnir”.

“Öz cinsinə maraq hələ uşaqlıqda özünü büruzə verə bilər” deyən həkimin sözlərinə görə, öz həmcinslərinə meyl erkən uşaqlıqda başlayarsa, seksopatoloqlar bunu erkən və ya “nüvə” homoseksualizmi adlandırır. Bu hal baş verdiyi zaman 7-8 yaşlı oğlanlar öz həmyaşıdları ilə maraqlanırlar və onların cinsi fantaziyalarında yalnız oğlanlar olur. İllər keçdikcə bu maraq daha da güclənir. Bu tip homoseksuallar heç vaxt qadınlarla ailə qurmur, əgər evlənmə halı baş versə belə, çox az zamanda bilərəkdən səhv etdiklərini etiraf edirlər.

Homoseksualizmin digər növü isə gec yaranan və ya sonradan yaranan formadır: “Belə kişilər əsasən biseksual olurlar. Əksər halda onların diqqətini 25-35 yaşa qədər ancaq qadınlar cəlb edir. Yetkin yaşda cinsi orientasiyanın dəyişməsinin əsas səbəbi ailə daxili problemlər və ya hansısa ətraf psixofaktorun təsir nəticəsidir. Homoseksual orientasiyaya həm də erkən yaşda olarkən baş tutmayan nakam sevgi, sevdiyi qadın tərəfindən gülüş mənbəyinə çevrilmə, rədd cavabı alma də gətirib çıxara bilər”.

Psixiatr məsləhət görür ki, analar gələcəkdə övladlarının homoseksual olmasının qarşısını almaq üçün uşaqla böyük kimi davranmalıdır. Yəni onun hər hansı bir bacarığını tərifləyib göylərə qaldırmamalıdır. Çünki belə olduğu zaman analar övladlarını olduqları çevrədən ayırıb başqa bir əhatəyə salmaq istəyir. Ana elə düşünür ki, istedadlı övladı adi insanlarla ünsiyyət qurmamalıdır. Belə olan halda uşaqlar böyüdükcə özlərinə bənzər insanlarla ünsiyyət qurmağa çalışırlar. Bu da uğursuz nəticələrə gətirib çıxarır: “Uşağınıza istedadlı, bacarıqlı olduğunu başa salmalısınız. Onu sevməlisiniz. Çünki hər şeyin təməlində ailədə olan sevgi durur. Qadın ilk növbədə həyat yoldaşını sevməlidir. Ata da öz növbəsində ananı sevməlidir ki, bu, uşağa örnək olsun. Uşaq ailədə olan sevgini görüb hiss etməlidir”.

Çox zaman belə düşünülür ki, homoseksuallar qadına bənzəyir, qadın kimi davranır, yumşaq, incə hərəkətləri və səs tembrləri ilə fərqlənir. D.Rzayev qeyd edir ki, bu, yanlış fikirdir. Homoseksuallar arasında çox güclü, iradəli, kişi təbiətli şəxslər də var ki, onların belə meyllərinin olması heç kimdə şübhə doğurmur. Lakin müqayisə zamanı homoseksualların daha səliqəli geyindiklərini, öz xarici görünüşlərinə daha diqqətli olduqlarını görmək mümkündür. Homoseksualların əksəriyyəti yaradıcı meyllərə üstünlük verir. Onlara daha yaxın peşə rəssamlıq, dizayn və incəsənət aləmidir.

Qeyd edildiyi kimi, homoseksuallıq çox zaman uşaqlıq yaşlarında özünü büruzə verməyə başlayır. Yəni hər bir valideyn övladına daha çox diqqət yetirsə, onun gələcəkdə necə olacağını başa düşə bilər.

 Uşaq psixoloqu Nigar Məmmədovanın sözlərinə görə, bu kimi davranışlar uşağın gələcəkdə homoseksual olacağına işarədir: az yaşlarından (4 yaşdan) haqqını müdafiə etmədə çətinlik, sözünü deməkdən çəkinmək, asılılıq və hirsi cinsiləşdirmək (o, oğlan olduğu üçün daha güclüdür), qız uşaqları ilə dost ola bilməmək, sözlə arxadan vurmaq (dostlarının yanlışını anaya, müəllimə deyən) bir küncə çəkilib tək qalmağa meyl, kişi oyunlarına qatılmamaq, oğlanların belə oyun fəaliyyətlərinə qarşı narahatlıq hissi, özündən kiçiklərlə oynamamaq, qızlarla oynamaq, qız paltarları geyinməyə meyl, yetkin kişilərdən çox qadınlarla birlikdə olmağa üstünlük vermək, kişilərə cinsi maraq göstərmək, ətrafdakılarda “qız kimi” fikri yaratmaq,  kişi dostlarına qarşı özünü gücsüz və zəif hiss etmək, davadan qaçmaq, incidilməkdən, yaralanmaqdan qorxmaq, utancaq davranmaq, çox kitab oxumaq, kövrək bir ruha sahib olmaq, romantik olmaq, özünü tənha hiss etmək, qadına xas davranışlar sərgiləmək, özünü bir kişi kimi tam inkişaf etmiş hiss etməmək və s.

Müsahibimiz bildirir ki, müəyyən dövrə qədər homoseksuallıq bir xəstəlik kimi qəbul edilirdi. 1970-ci illərə qədər bu insanlara məcburi psixoloji, tibbi təsirlər edilirdi. 1970-ci illərdən sonra müəyyən edildi ki, bütün homoseksuallar xəstə hesab edilə bilməz. Çünki adamın xəstə olub-olmadığına özü qərar verməlidir. “Mən xəstə deyiləm, homoseksual həyatdan həzz alıram” deyən birinə “xəstə” demək çox böyük səhvdir. Ona “sən müalicə almalısan” deməyə heç kimin haqqı yoxdur. Amma belə bir insan özündə olan bu problemi xəstəlik kimi qəbul edirsə, bu şəxsi narahat edən hisslər zamanla, müalicə ilə aradan qaldırıla bilər.  İnsan  homoseksuallığı özündə çatışmazlıq və xəstəlik kimi qəbul edirsə, mütləq androloq- seksopatoloqa müraciət etməlidir.

Androloq-seksopatoloq Kamil Baxşıyev deyir ki, kişilər çox zaman belə problemlərlə həkimə müraciət etməyi özlərinə sığışdırmırlar: “Onlar homoseksual olmağı özünə yaraşdırır, ancaq bu problemi aradan qaldırmaq üçün həkimə müraciət etməyi qəbul etmirlər. Elə düşünürlər ki, bu gün bir partnyoru varsa, bu, artıq onun sirridir, həkim bilsə, bu sirr aşkar olacaq. Homoseksualizmin ən çox özünü büruzə verdiyi yaşlar 20-40 yaş arasıdır. Homoseksuallar bu dövrdə qorxu, günahkarlıq, passivlik, boşluq hiss etməklə yanaşı cinsi tələbatın qadınla ödənilmədiyi hissini də yaşayırlar. Bəziləri bu hala boyun əyib, zövq almağa çalışır. Bəziləri isə özünə qapanır. Homoseksuallarda bu, şüuraltı inkişaf edir. Bu, xəstəlik halındadırsa, uşaqlıqdan inkişaf etmir, sonradan yaranır”.

Androloq bildirir ki, homoseksuallığa tam olaraq xəstəlik kimi yanaşmaq düzgün deyil: “Bu, çox zaman psixoloji vəziyyətdən irəli gəlir. İnsan dadmadığı hissləri dadmağa can atır. Bu, əsasən imkanlı insanlarda özünü büruzə verir. Pulu ilə hər şeyi ala bilən kişi, qadınla münasibəti yeknəsəq hesab edib, kişi ilə münasibətə can atır. Bu, psixoloji problemdir. Efirdə gördüyünüz, “gey” kimi tanıdığınız insanlar da pullu kişilərin seçdiyi qurbanlardır.

Bəzən homoseksuallar psixoloji müalicə alıb, başqa mühitdə, başqa həyat yaşaya bilirlər. Yəni ailə qurur, övlad sahibi ola bilirlər. Amma bu, çox nadir hallarda baş verir. Bunun üçün ən başlıcası güclü iradə lazımdır”.

Həkim homoseksuallığın 7 tipi olduğunu qeyd edir: “Həqiqi, yalançı, hərəkətə keçirilməyən, müvəqqəti, vəziyyətlə bağlı, cinsi fantaziyaların hərəkətə keçirildiyi, seks işçiliyi (yəni porno filmlərdə gördüyünüz homoseksualların hamısı homoseksual deyil, onlar üçün bu, bir iş ola bilər) adlanan bu tipləri ilk baxışda fərqləndirmək mümkün deyil. Bunu onlarla söhbət zamanı müəyyən etmək olur. Mənim yanıma adətən sağalmaq üçün deyil, cinsi xəstəliklərdən müalicə edilmək üçün homoseksuallar gəlir. Onlarla da homoseksuallıqdan müalicə almaq barədə soruşmaq həkim peşəkarlığına yaraşmır”.

“Uşaqda homoseksuallıq inkişaf edirsə, bunu hansı əlamətlərlə hiss etmək olar?” sualına androloq-seksopatoloq belə cavab verdi: “Bunu ancaq psixoloji olaraq hiss etmək mümkündür. Bu, elə bir xəstəlik deyil ki, hərarəti qalxsın, öskürsün, qarnı ağrısın. Bunu davranışlardan hiss etmək mümkündür. Buna da analar diqqət etməlidir. Oğlunuzda oğlan uşağına xas olmayan davranışlar müşahidə etdiyiniz halda, onu danlamayın, qışqırmayın, ələ salmayın. Onu psixoloqa aparın. Bu zaman siz övladınızın gələcək həyatını qoruya bilərsiniz”.

Mütəxəssislərin fikrincə, adətən uşaq yaşlarında cinsi zorakılığa, istismara məruz qalmış, döyülən, incidilən, uşaq tələbləri ödənilməyən, ailədə sevgi, qayğı, şəfqət görməyən, valideynləri tərəfindən hər zaman kənarlaşdırılan, ailədə ata-ana arasında hər zaman mübahisə, zorakılıq görən oğlan uşaqları daha çox homoseksuallığa meylli olur.  Həmsöhbətlərimiz mənfi nümunələrin də uşaq psixologiyasına təsir etdiyini bildirir. Efirdə, küçədə, hər hansı saytda, jurnalda homoseksualların həyatının işıqlandırılması, onların bəh-bəhlə təriflənməsi oğlan uşaqlarında buna maraq oyadır.

Homoseksuallar da insandır. Bunu heç kim inkar etmir, heç kim də övladını belə vəziyyətdən sığortalamayıb. Amma heç bir normal insan bu halı qəbul etmədiyi və övladının belə vəziyyətə düşməsini istəmədiyi üçün valideynlər oğlan övladları ilə daha diqqətli davranmalıdır. Oğlanların tərbiyəsində kişi nümunəsi əsasən ata olur. Oğlan uşağı atadan nümunə götürür. Ananın da tərbiyədə mühüm rolu var, amma ideal kişi obrazı görməyən oğlanın gələcəkdə ideal kişi olacağına, homoseksual olmayacağına heç kim zəmanət verə bilməz. Odur ki, çalışın ən azından oğlan övladlarınızın gələcəyi xətrinə onların qarşısında ideal kişi, ideal ata olmağı bacarın.

İradə CƏLİL 

http://aile.lent.az/read/11357

 

Go Back

Psixoloq: "Yeniyetmə deyərkən insanların gözünün önündə aqressiv bir fərd, aqressiv bir şəxsiyyət gəlir. Əslində isə..." - MÜSAHİBƏ

“Düşüncə” Psixologiya Jurnalının yolu bir daha Narınc Uşaq Psixologiya Mərkəzindən düşdü. Bu dəfəki həmsöhbətimiz isə mərkəzin yeniyetmələrlə iş üzrə mütəxəssisi Vəfa Rəşidova oldu. Vəfa xanımla yeniyetmə mərhələsinin özəllikləri, yeniyetmə psixologiyası, bu dövrdə valideynlərin övladlarına yanaşma tərzi və s. barədə geniş bir söhbətimiz baş tutdu.

-Yeniyetmə mərhələsinə qədəm qoymuş övladı olan çox ailələr üçün problemlər başlamışdır deməkdir. Niyə valideynlə övladı arasındakı ən böyük anlaşılmamazlıqlar məhz bu dövrə təsadüf edir?

-Bildiyiniz kimi yeniyetməlik ən həssas yaş dövrlərindən biridir. Və qeyd etməliyik ki, bu dövr yeniyetmə üçün heç də asan bir dövr sayıla bilməz. Buna görə də övladı yeniyetməlik dövrünə qədəm qoyduqda valideynlərdə qeyri-ixtiyarı bir qorxu baş qaldırır. Toplumun beyninə yeridilmiş ümumi bir fikir var, uşaqlar bu yaş dövrünə gəldiyi zaman çox diqqətli olmaq lazımdır, övladım kiminlə dostluq edəcək, hara gedəcək-hardan gələcək, nə kimi işlərlə məşğul olacaq və s. kimi fikirlər valideynlərdə aşırı bir qorxuya səbəb olur. Və valideyndən övladına qarşı diqqət getdikcə artmağa başlayır. Birdən mən uşağıma yaxşı diqqət edə bilmərəm, nəzarət altında saxlaya bilmərəm, gedər başqa adamlara qoşular  və s. düşüncəsiylə daha mühafizəkar davranmağa başlayır. Valideynin bu mühafizəkar davranışı get-gedə təzyiqə çevrilir ki, çox yeniyetmə də bunu qəbul edə bilmir. Çünki  belə vəziyyətdə yeniyetmə özünü sıxılmış, daima nəzarət altında hiss edir  və bundan şikayətlənməyə başlayır, rahatlığı isə onu anlayan  “dostlarda” tapır. Və beləcə də anlaşılmamazlıqlar, problemlər başlamış olur valideynlə övladı arasında.

Biz yeniyetmələrlə konsultasiya prosesində hər iki tərəfi dinlədiyimiz zaman görürük ki, valideyn də bunu bilərəkdən etmir. O, sadəcə övladı üçün ən yaxşısı olsun düşüncəsiylə hərəkət edir və ən yaxşısını etdiyini düşünür.

Yeniyetməni dinlədiyimiz zaman isə görürük ki, o bütün bunları ayrı cür dəyərləndirir. Mənim valideynlərim məni başa düşmür, heç vaxt da düşməyəcək,ailəm mənə inanmır və s.

-Bu qədər aqressiv və laqeyd bir görünüşün ardından nəzər salsaq, yeniyetmə əslində nə hiss edir və onunla necə davranılsın istəyir?

-Ümumiyyətlə, yeniyetmə deyərkən insanların gözünün önündə aqressiv bir fərd, aqressiv bir şəxsiyyət gəlir. Əslində isə onları bir dinləsək görəcəyik ki, həqiqətdə göründükləri kimi deyillər, çox daha yumuşaq, çox daha mülayim xarakterə malikdirlər.  Bütün aqressivliklərinin kökündə əsasən özgüvənlərinin aşağı olması, yaşadıqları daxili qorxular dayanır. Onların daha çox dinlənilməyə, daha çox sevgiyə və qayğıya ehtiyacları var əslində.  Hansı ki, diqqətlə baxsaq görərik ki, bütün problemli yeniyetməlik keçirən uşaqlar əslində ailələrində sevgi doyumsuzluğu və qayğı əskikliyi içərisində böyüyüblər.

-Yeniyetməlik dövründə ünsiyyət problemləri necə həll edilə bilər?

-Yeniyetmələr sadəcə ailəsiylə deyil dostları, yaxınları, ətrafında olan digər insanlarla da ünsiyyət qırıqlıqları yaşaya bilirlər. Çünki bu yaş dövründə onlar məğlubiyyəti qəbul etmək istəmirlər, qəbul edə bilmirlər. Onlar üçün məğlubiyyət böyük bir tragediya, həyatlarında  böyük bir travma sayılır.Onlara aşılamaq lazımdır ki, insan məğlubiyyəti də qalibiyyət kimi normal qəbul etməyi bacarmalıdır.  Yeniyetmələri kim formalaşdırır? Böyüdüyü ailə və valideynlər! Burada da iş birbaşa valideylərin üzərin düşür. Bu fikirlər əslində ta uşaqlıq yaşlarından onun şüuraltısına aşılanmış olmalıdır.  Bir psixoloqun üzərinə düşən əsas iş isə bu kimi vəziyyətlərdə  yeniyetməyə proseslərə birtərəfli deyil bütov bir şəkildə baxa bilməyi  təmin etməkdir. Psixoloq bir güzgü rolunu oynamalıdır.  Onu kənardan özünə göstərməyi bacarmalıdır. Ona tənqidlə yox, ittihamla yox , anlayışla, empati quraraq, “Mən Səni anlayıram” mesajın ötürərək  yanaşmaq lazımdır.

-Yeniyetməlik dövründə uşaqların ən sıx qarşılaşdıqları psixoloji problemlər hansılardır?

-Ən sıx qarşlaşılan psixoloji problemlər yenə də qeyd edirəm ki, ilk növbədə validyenlərlə, ailə ilə əlaqədar olur. İkinci növbədə isə sevgi və sevgidə uğursuzluq. Bilirsiniz, bu yaş dövründə yeniyetmələrin gözündə sevgi anlayışı sanki bir etalon olur. Düşünürlər ki, bu dəfə alınmadısa demək ki, bitdi hər şey, bir daha ondan idealın tapa bilməyəcəm və s. gözləntiləri hədsiz dərəcədə çox olur.  İlk sevgisini o qədər böyüdür, o qədər ilahiləşdirir ki, bunun fonunda itirmə qorxusu yaranır. Və hansısa bir uğursuz münasibət kifayət edir ki, bütün həyatlarını alt-üst etsinlər. Sonda ümumiləşdirərək deyə bilərik ki, ən sıx rastlanan psixoloji problemlər  sevgidə uğursuzluq, vaideynlərlə anlaşılmazlıq, özgüvən əskikliyi, aqressiya, davranış pozuntuları və s. kimi göstərilə bilər.

-Uşaqları pis vərdişlərdən və təhlükəli dostluqlar qurmaqdan necə qorumaq olar?

-Yeniyetmələr valideynlərin himayəsində olur deyə onların davranışında, onların xarakterinin formalaşmasında həlledici rolu valideynlər oynayır. Ona görə də  ən böyük məsuliyyət də elə valideynlərin üzərinə düşür.  Validyenlər uşağin ehtiyacı olan isti ocağı, isti mühiti öz evlərində yaratmağı bacarmalıdırlar ki, uşaqlar da ətrafa çox meyl etməsinlər, rahatlığı və hüzuru evdən kənarda  hansısa dırnaq arası dostluqlarda, düzgün olmayan mühitlərdə axtarmağa cəhd etməsinlər.

-Yeniyetmələrlə bağlı müraciətlər ən çox hansı ilkin simptomlarla olur? Yəni valideyni nə narahat edir ki, onlar psixoloq müraciət etmək zərurəti hiss edirlər?

-İlkin simptomlar xüsusən bunlar olur, valideyn deyir ki, mənim övladım artıq vaxtının çoxunu internetdə, telefonda keçirməyə başlayıb, son zamanlarda hədsiz dərəcədə özünəqapanma halları müşahidə edilir, daim öz otağına çəkilmək istəyir, tək qalmaq istəyir, ailə fərdləri ilə ünsiyyət sıfır dərəcəsinə enir, ailəyə və ətrafına qarşı aqressiv münasibət bəsləyir, dərslərinə qarşı diqqəti və marağı azalıb, davranış pozuntuları müşahidə edirlər və s.

-Təcrübəniz dövründə yeniyetmələrlə bağlı ən yadda qalan hadisə?

-Təbii ki, çox maraqlı hadisələr olur. Ancaq heç unutmadığım bir hadisəni danışacağam sizə,təbii ki anonimliyi qorumaq şərtilə.

Bir gün bir yeniyetmə pasientim gəlir anası ilə.  Ana ilə aralarında hədsiz insident və problemlər var idi. Əsası evdən qaynaqlanan bir sıra problemlər üzündən bu xanım emolar qrupuna yönəlmişdi. O qədər onunla empati qurmuşdum, səbrlə dinləmişdim ki,  bir gün mən onu yola salarkən, məni sıx –sıx qucaqladı birdən və  “ kaş ki, mənim anam da sizin kimi olaydı” dedi.  Onun bu cümləsi mənə daha çox şeyləri anlatdı əslində. Və çox şükr ki, daha sonrakı senaslarda  uğurlu nəticələrimiz oldu. Nəhayət son senas günü yaşanan səhnəni heç vaxt unutmuram.  Yanıma aralarında, ünsiyyət qurma prosesində böyük uçurumlar yaranmış şəkildə gələn bu ana və qız, son seansda elə möhkəm qucaqlaşmışdılar ki... Bu mənim üçün dünyalar bədəl bir hiss idi inanın... Sanki uzun illərin ayrılığından sonra yenidən qovuşmuş kimi idilər. Elə ana özü də dedi ki, “Vəfa xanım, Siz sanki mənə övladımı yenidən qaytardınız!”  Bu mənim üçün əsl xoşbəxtlik idi....

-Vəfa xanım, son olaraq bu dövrdə ailənin üzərinə düşən vəzifələr nələrdir, valideynlər necə davranmalı?

-Valideynlər biraz daha diqqətli olmalıdırlar bu yaş dövründə. Təzyiqdən , basqıdan vaz keçməlidirlər. Bunlar istənilən münasibəti korlayan ünsürlərdir. Hər şeydən öncə valideyn öz övladını tanımalıdır, hansı xarakterə, hansı xislətə malik olduğuna bələd olmalıdır. Bələd olmağı üçün də onunla ünsiyyətə daha çox meyl etməlidir. Onu görmək istədiyi kimi yox, əslində olduğu kimi qəbul etməyi bacarmalıdır. Hansısa bir problem, yalnış olduğu zaman bir başa ittihamlamaq, ”Sən niyə yalnış etdin, Sən niyə belə etdin, Mənim sənin kimi övladım yoxdur artıq” və s. kimi ifadələr işlətmək yerinə etdiyi yalnış üzərinə danışmaqla, müzkirə etməklə, ona günahkalıq duyğusunu aşılamaq daha doğru olar. Yetər ki, balans qoruyub saxlanılsın. Valideyin nə çox yumşaq olmalı, nə də çox sərt olmalıdır. Bu ikisi arasındakı o qızıl ortanı qoruduğunuz təqdirdə hər şey öz axarında gedəcəkdir.

Fəridə Qasımova

 

 

Go Back

Elnur Rüstəmov: "Psixoloji və psixiatrik müayinə üçün xaricə getməyə lüzum yoxdur!"-MÜSAHİBƏ

19-24.03.2015 tarixində Rusiyanın  Sankt-Peterburq şəhərində “Qlobal çağırışlar epoxasında psixologiya və psixoterapiya” konfransı keçirildi. Konfransda hər ölkədən peşəkar psixoloqlar və psixiatrlar iştirak edirdilər. Bu önəmli konfransda ölkəmizi Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Narınc Rüstəmova, Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov və “DÜŞÜNCƏ” psixologiya jurnalının baş redaktoru, psixoloq Vüsalə Ələkbərova təmsil etdilər.  Bugünkü həmsöhbətimiz də məhz Elnur  Rüstəmovdur. Elnur müəllimlə konfransın içəriyi, keçdikləri təlimlər və seminarlar , eyni zamanda ölkəmizdə və  Rusiyadakı  peşəkar psixoloji mühit barəsində söhbət etdik.

-Elnur müəllim,konfransdan hansı təəssüratlarla qayıtdınız?

- Konfransdan gözlədiyimizdən də yaxşı təəssüratlarla qayıtdıq. Bu tip tədbirlər fikir alış-verişi üçün yaxşı  bir vasitədir. Konfrans və tədbirlərdə yenilikləri öyrənməklə yanaşı iştirakçı, həm də eyni məsləkdə çalışan mütəxəssislərlə əyani tanış olur, fikir mübadiləsi aparır. Bu da iş prosesində “yanma sindromu”ndan sığortalanmaq üçün gözəl vasitədir. Bir mütəxəssis nə zaman tükənir?! Yeniliklərdən kənar qalanda, onlarla tanış ola bilməyəndə, öz üzərində çalışmayanda! Ona görə də hər mütəxəssis konfrans, seminar və peşəsi ilə bağlı tədbirlərdə iştirak etməyə çalışmalıdır. Mən bunu daha çox gənclərə tövsiyyə edirəm. Peşəkarlar zatən bunun faydasını yaxşı bilirlər.    

- Konfransın gündəliyində nələr var idi və konfrans neçə gün davam etdi?

- Konfrans 4 gün davam etdi. 2 gün məruzələr, 2 gün isə bölmələr üzrə Ustad dərsləri oldu. Konfransın gündəliyində müasir dövrdə psixologiya və psixoterapiyanın inkişaf istiqamətləri, ortaya çıxan problemlər, onların həlli yolları, psixologiya və din arasında inteqrasiya, onun müsbət və mənfi tərəfləri və s. bu istiqamətdə təqdimatlar oldu. Eyni zamanda Peşəkar Psixoterapevtik Liqanın müxtəlif ölkələrdəki nümayəndələrinin məruzələri dinlənildi. Konfransın sonunda Terapevtik Bal keçirildi. Bal daha çox psixoloji oyunlar üzərində qurulmuşdu. Maraqlı idi. Sonrakı 2 gün isə qeyd etdiyim kimi təlimlər oldu. Təlimlərdə də aktiv iştirak etdik.    

- Yeni iş birlikləri olacaqmı?

- Şübhəsiz olacaq! Artıq buna start verilib. Məqsədimiz tətbiqi psixologiyanın Azərbaycanda inkişafına çalışmaqdır və bu istiqamətdə konkret işlər görməkdir. Mən hər zaman demişəm, bu gün də o fikirdəyəm ki, Azərbaycanda  psixologiyanın tarixi çox qədimdir. Biz bunu həm şifahi xalq ədəbiyyatında, həmdə yazılı ədəbiyyatda görə bilərik. Eləcə də, XX əsr Azərbaycan psixologiya tarixi də öz zənginliyi ilə seçilir. Məsələ burasındadır ki, XX əsrin sonları XXI əsrin əvvəllərində Azərbaycanda tətbiqi psixologiya geniş vüsət almağa başladı. Əslində nəzəri qaynaqlar olmasaydı tətbiq də olmazdı. Yəni zəngin bazanın olması sahənin az zamanda cəmiyyət tərəfindən qəbul olunmasına rəvac verdi. Sadəcə nəzərə alımaq lazımdır ki, tətbiqi psixologiyanın nəzəri psixologiyadan fərqli xüsusiyyətləri çoxdur. Burada praqmatik yanaşma önə keçir. İnsanlar psixologiyanı real həyatlarına tətbiq etməyə çalışırlar. Bunu faydasını həm fərdi şəkildə, həm də toplum şəklində real həyatlarında görmək istəyirlər. Bir tərəfdən bu gün psixoloqa fərdi konsultasiya üçün müraciətlər var , digər tərəfdən böyük şirkətlər işin keyfiyyətini artırmaq üçün peşəkar psixoloji dəstəkdən istifadə edirlər. Bu çox sevindirici haldır.

Nəzərə almaq lazımdır ki, bu birdən-birə yaranmayıb. Aparılan işlər nəticəsində mümkün olub. Depressiya, fobiya, obsessiya, isteriya dünəndə var idi, müəssisələr işçi ilə problemi dünən də yaşayırdılar. Sadəcə bu problemləri aradan qaldırmaq üçün onlar fərqli ünvanlara müraciət edirdilər. Bu gün isə onlar psixoloqa müraciət edirlər.

Kənardan döyüş insana asan görünür. Danışmaq asandır. Reallıq isə başqadır. Bütün bunlar aparılan məqsədyönlü işin nəticəsində mümkün oldu. Burada dövlətin, medianın rolu danılmazdır. Bugün artıq biz digər ölkələrlə əməkdaşlığa çalışırıq. Onların təcrübələrindən faydalanırıq. Çünki, onların bu sahədə təcrübələri bizdən çoxdur. Bu il biz bir çox ölkələrlə psixologiya sahəsində əməkdaşlıq etməyə, seminar, konfranslar keçirməyə qərar vermişik. Danışıqlar davam edir. Real nəticələr var. İnşallah yaxın zamanda biz bunu psixologiya sevərlərin diqqətinə çatdırarıq!     

- Səfərdə olduğunuz müddətdə professor S.A.İqumnovla da xüsusi görüşünüz oldu. Bu hansısa bir yeniliyin olacağından xəbər verirmi?

- Qəribə bir tanışlıq oldu. Konfransdan öncə qeydiyyatdan keçmək lazım idi. Foyedə bir insan mənə yaxınlaşdı. Belarusiyadan olduğunu bildirdi. Məmnunluğumu bildirdim. Belarusiyadan Kondraşenko, Donskoy və İqumnovun “Ümumi Psixoloterapiya” kitabından Azərbaycanda faydalandığımızı nəzərinə çatdırdım. Birdən adam sıxılaraq qayıdıb dedi ki, İqumnov mənəm. Beləcə söhbətimiz başaldı.  “Ümumi psixoterapiya” kitabının çapına razılıq verdi. Kondraşenko artıq vəfat edib, xanımından razılıq aldı, Donskoy da icazə verdi. Bütün bunlar 20 dəqiqə ərzində telefon danışıqları ilə baş verdi. Beləcə biz kitabın tərcüməsinə rəsmən icazə aldıq. Eləcədə də İqumnovun digər kitablarının da Azərbaycan dilinə tərcümə edilməsinə razılıq aldıq. Bilirsiz ki, bugün bizim mövcud problemimizdən biridə də psixologiya sahəsində kitabların azlığıdır. Ona görə də çalışırıq ki, dünyaca məşhur olan, səhihliyi bir çox ölkələr tərəfindən qəbul olunan, ali məktəblərdə dərs vəsaiti kimi istifadə olunan kitabları doğma dilimizə tərcümə edək. Belarusiyada eləcədə digər postsovet ölkələrində bu iş hələ sovetlər dağılan ərəfələrdə həyata keçirilib. Bizdə isə bu proses zəif gedir. Düşünürəm yaxın zamanlarda bunlar da həllini tapacaq. Digər tərəfdən öz müəlliflərimizin də kitabları yetəri qədər təbliğ olunmur. Bu isə ayrı bir mövzunun söhbətidir. İnşallah qismət olar bu haqda geniş danışarıq.      

- Aldığımız məlumatlara görə peşəkar psixoterapevtlər liqasının prezidenti, professor Makarov Sizlərin Azərbaycandan gəldiyinizi biləndə sizə xüsusi diqqətlə yanaşmışdır. Bu barədə nə deyə bilərsiniz?

- Bəli, Peşəkar Psixoterapevtik Liqanın Prezidenti professor Makarova bizim gəlişimiz haqqında məlumat verildi. Biləndən sonra bizə yaxınlaşdı.  İştirakımızdan məmnum olduğunu bildirdi. Hətta Psixoterapevtik Balda onunla bir masada əyləşməyimizi xahiş etdi. Ətraflı söhbətimiz oldu. Gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Artıq Psixologiya və Konsultasiya Mərkəzi olaraq biz Peşəkar  Psixoterapevtik  Liqaya üzv olmuşuq. Eyni zamanda rəsmi nümayəndəlik də almışıq. Liqa bilirsiz ki, müxtəlif ölkələrdə konfranslar keçirir, jurnal çap edir, kitab tərcüməsi ilə məşğuldur. Eyni bir sistemi illərdir biz də tətbiq edirik. Mərkəz indiyə qədər fəaliyyəti müddətində 3 psixoloji kitab tərcümə edib. Eyni zamanda art terapiya, fizioqnomiya, qrafologiya ilə bağlı dərs vəsaiti, uşaq psixologiyası ilə bağlı kitab çap edib.

              

Siz bilirsiz ki, bizim Azərbaycanda ilk elmi-publisistik jurnalı olan “DÜŞÜNCƏ” Psixologiya Jurnalımız çap olunub. İndi də dushunce.az saytımız gün ərzində ən çox ziyarət olunan bir sayta çevrilib. Nəzərə almaq lazımdır ki, sayt xəbər portalı deyil! Portalda psixologiya ilə bağlı yazılar, layihələr əksini tapıb.

Biz 3 il öncə Azərbaycanda ilk dəfə psixoloji testlərdən ibarət psixotest.az saytını istifadəyə verdik.

5 il öncə PCC TV insanlarımıza təqdim edildi. Bütün bunlar zəhmət hesabına başa gəlir. Demək istədiyim odur ki, Biz onların qabağına əliboş çıxmamışdıq. Deməyə sözümüz də vardı. Sağ olsunlar onlarda bizim işlərimizi yüksək, hətta zarafata qəhrəmanlıq kimi dəyərləndirdilər. Bu səbəbdən əməkdaşlığa böyük məmnuniyyətlə razılıqlarını bildirdilər.        

- Ölkəmizdəki peşəkar psixoloji mühit və psixoloji mərkəzlərin iş prinsipi ilə onlar arasında hansı fərqləri müşahidə etdiniz?

- Əsas fərq baza ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, Rusiya ərazi baxımından böyük dövlətdir. PPL tək Rusiya ilə məhdudlaşmır. Post sovet ölkələri, eləcə də Şərqi Avropa ölkələri bu Liqa ilə sıx əməkdaşlıq edirlər. Bizim digər ölkələrlə müqayisədə üstünlüyümüz çoxdur. Xüsusən orta Asiya ölkələri ilə müqayisə etsək, biz onlardan psixologiya sahəsində çox-çox irəlidəyik. Şərqi Avropa ölkələri ilə müqayisədə də durmumuz normaldır. Sadəcə tətbiqi psixologiyanın bir çox istiqamətləri var ki, bizdə hələ ki, ona tələbat tam formalaşmayıb, ancaq onlarda geniş yayılıb. Misal üçün, onlayn konsultasiya! Digər ölkələrdə bu xidmətdən geniş istifadə edirlər. Həm zamana qənaət olur, həm də maddi duruma.

Yaxın 5 ildə bu xidmətin də Azərbaycanda da geniş yayılacağını düşünürəm. Birdə mütəxəssis superviziyaları bizdə geniş yayılmayıb. Buna da böyük ehtiyac var. Problem hər yerdə var. Bunun minimallaşması üçün zaman lazımdır. Bizim fəaliyyətimiz təkcə TV ilə məhdudlaşmır. Yuxarıda qeyd etdiyimiz layihələr məsrəf tələb edən layilərdir. İstər psixotest.az, istər dushunce.az, istər kitab çapları, bunlar illik büdcə tələb edir. Layihələrə nəzarət edən işçi qrupu var. Onu da qeyd edək ki, bunlar bir günlük, yaxud bir aylıq layihələr deyil, illik layihələrdir və illərdir davam edir. Hər gün yeni materiallar əlavə edilir.

 Tək dushuncə.az saytında biz 7 dən çox layihə həyata keçirmişik. Bunlar hamısı əmək tələb edir. Psixotest.az saytında da eyni ilə 3 il ərzində müxtəlif layihələr həyata keçirilib.

-Azərbaycanda peşəkar psixoloji mühitdə hansı dəyişikliklərin olmasınız istərdiniz?

Qeyd etmək istəyirəm ki, psixoloji xidmət sahəsində biz digər ölkələrdən heçdə geri qalmırıq. Ona görə də biz hər zaman qeyd edirik ki, psixoloji və psixiatrik müayinə üçün xaricə getməyə lüzum yoxdur. Bu sahədə Azərbaycanda kifayət qədər gözəl mütəxəssislər var. Sadəcə onlara etimad göstərmək lazımdır. Mütəxəssis nə qədər çox çalışarsa o qədər təcrübə qazanar, nəticə də daha da faydalı olar.

Çox istərdik ki, Azərbaycanda bu sahədə müəyyən kordinasiya olsun. Mütəxəssislərin yığışıb hansısa psixoloji problemi müzakirə edəcəkləri məkan olsun. Fikir mübadiləsi aparsınlar. Təəssüf ki, bizdə bu yoxdur. Psixologiya həm də xarakter məsələsədir. Psixoloq daim öz üzərində işləməli, çalışmalıdır. Psixoloq öncə özünə kömək etməyi bacarmalıdır. Bizim çox gözəl mütəxəssislərimiz var. Sadəcə insanların bir qismi, ətraflarında olan yanlış insanların onlara verdikləri informasiyalardan nəticə çıxarıb görülən işlərə qiymət verirlər. Buda xoşa gələn bir hal deyil!      

 

Fəridə Qasımova

Go Back

Çingiz Abdullayev

Kulis Azərbaycan Yazıçılar Birliyinin katibi, “Neftçi” Futbol Klubu Müşahidə Şurasının sədri, İnterpolun fəxri səfiri, “Pen-klub”un prezidenti, Xalq yazıçısı, hüquq elmləri doktoru Çingiz Abdullayevin kaspi.az saytına müsahibəsini təqdim edir.

 

Vaxtını kitab oxumaqla keçirən uşaq

1959-cu il aprelin 7-də Bakıda dünyaya göz açıb. Atası Akif müəllim Böyük Vətən müharibəsinin iştirakçısı olub, Naxçıvan Muxtar Respublikasında prokuror, Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri vəzifələrində çalışıb. Anası isə Azərbaycan Sovet Həmkarlar Təşkilatının sədri, sonradan 25 il Marksizm Leninizm Universitetinin rektoru olub.

Ailədə 2 qardaşdan böyüyü olan həmsöhbətimiz kiçik yaşlarından vaxtını əsasən evlərindəki böyük kitabxanada keçirməyi xoşlayıb. Nadinc uşaq olmadığını deyir: “Vaxtımı əsasən kitab oxumaqla keçirirdim. Bütün janrda olan əsərləri oxuyurdum, amma macəra janrında yazılanları daha çox sevirdim. Aleksandr Düma, Jül Vern, Mayn Rid uşaqlıqdan çox sevdiyim yazıçılardır”.

 

“Riyaziyyatı sevmirdim”

Bakıda 189 saylı orta məktəbdə təhsil alan yazıçı dərslərindən də yaxşı qiymətlər alıb, müxtəlif fənlər üzrə rayon, şəhər olimpiadalarının qalibi olub: “Amma dərs oxumaq mənim üçün maraqsız idi, xüsusən riyaziyyatı sevmirdim. Müəllimə də hər dəfə əsəbiləşirdi ki, gedib olimpiadada 1-ci yeri qazanıram, amma ona qulaq asmıram. Riyaziyyat imtahanında qəzet, kitab oxuyurdum, gözləyirdim ki, uşaqlardan biri mənə düşən məsələni həll etsin, mən də köçürüb müəllimə verim. Özüm fikirləşib məsələni həll etməyi xoşlamırdım. Tarix və ədəbiyyatdan isə 10 il ərzində bir dənə də “4” almamışam. Bu fənləri çox sevirdim”.

 

“Bizim dostluğumuzu uşaqlarımız davam etdirdi”

Gələn il Ç.Abdullayevin orta məktəbə getməyinin 50 ili tamam olacaq. 1966-cı ildə birinci sinfə birgə getdikləri 4-5 sinif yoldaşı ilə indi də dostluq edir: “Uşaqlığımız çox maraqlı keçib. 1966-cı ildə 1-ci sinfə gedəndə Bakının abı-havası çox maraqlı idi. Valideynlərimiz bir-birlərini yaxşı tanıyırdı, ailəvi gediş-gəlişimiz var idi. Hamımız da Hüsü Hacıyev küçəsində yaşayırdıq. Bizim uşaqlarımız da bir məktəbi qurtarıb, bir sinifdə oxuyublar, indi də dostdurlar”.

 

“Sinif yoldaşlarım başlarını keçəl qırxdırdı”

Orta məktəb xatirələrini bizimlə bölüşən yazıçı 1972-ci ildə “Beatles” qrupunun Bakıda məşhur olduğunu deyir: “Sinfimizdə 16 oğlan var idi, hamımız saçımızı “Beatles” qrupunun üzvləri kimi uzatmışdıq. Məktəbin direktor müavini bir gün sinfimizə gəldi və tələb etdi ki, hamımız bərbərxanaya gedib saçımızı qırxdıraq. Mən və ən yaxın dostum Elşad Nəsirov harasa getmişdik deyə, saçımızı uşaqlarla birgə deyil, ayrıca düzəltdirdik. Bizim xəbərimiz yox idi ki, 14 oğlan sözü bir yerə qoyublar ki, etiraz əlaməti olaraq hamısı saçlarını keçəl qırxdırsın. Sabahısı oğlanların 14-ü də keçəl vəziyyətdə məktəbə gəldilər. Dustağa oxşayırdılar. Direktor onları görüb çox əsəbiləşdi. Həm hava soyuq idi, həm də qızlar onlara güldüklərindən hamısı kepkada gəzirdilər. Sinifdə iki adam, mən və dostum Elşad Nəsirov başımızı qırxdırmadıq. O hadisənin üstündən 50 ilə yaxın vaxt keçib. Saçlarını keçəl qırxdıran oğlanların 14-nün də indi yaxşı saçları var. Sinfimizdən yalnız iki nəfər – mən və Elşad keçəlik”. (gülür – L.M.)

 

Hüquqşünas baba, nəvə, nəticə, kötücə...

Orta məktəbi iki “4”lə bitirib hüquqşünas olmağa qərar verir: “Birinci sinifdən bilirdim ki, hüquqa verəcəyəm. Çünki babam, ulu babam, atam, əmim, qardaşım, digər qohumlarım hüquqşünas olublar. Övladlarımın ikisi də, qızım, oğlum da hüquqşünasdır və İngiltərədə çox məşhur şirkətlərdə çalışırlar. Çox sevinirəm ki, mən də bu peşəni seçmişəm. Bu peşə mənə çox şey verib. Mən hüququ bitirməsəydim, bu qədər kitab yaza bilməzdim. Yazıçılar Birliyində də qanunları bilmək maliyyə məsələlərini idarə etməkdə mənə yardımçıdır”.

 

“14 general bir komandada oynayırdıq”

Atası vəzifədə olsa da, hüquq fakültəsinə daxil olmasında onun heç bir rolunun olmadığını deyir: “Dediyim kimi, orta məktəbdə yaxşı oxuduğuma görə ali məktəbə qəbul zamanı tapşırığa ehtiyacım yox idi. Qrupumuzda oxuyanların 99 faizi o vaxt vəzifədə olanların – nazirlərin, baş nazirin, baş nazirin müavinlərinin, prokurorun, Ali Məhkəmənin sədrinin uşaqları idi. Qrup yoldaşlarımızla boş vaxtlarımızda futbol oynamağı sevirdik. Bizim futbol komandamız həmişə qalib gələrdi. Arada pulla da oynayır və hamını udurduq. O vaxtkı komandanın oyunçuları arasından 14 general çıxıb. Qrup yoldaşlarımızdan hazırda nazir, prokuror, məhkəmə sədri, nazir müavini işləyənlər var. Qrup nümayəndəmiz indi Milli Təhlükəsizlik nazirinin müavini general-leytenant Əli Şəfiyev idi. Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Əli Şəfiyevlə eyni partanı bölüşürdü. Onların arxasında indiki Ağır Cinayətlər üzrə Məhkəmənin sədri Mahmud Nəbiyev və hazırda iqtisadiyyat və sənaye nazirinin müavini postunda çalışan Niyazi Səfərov otururdu. O biri tərəfdə hazırda Qobustan rayonunun icra hakimi olan İsmayıl Vəliyevin partası gəlirdi. Bizim qəbul imtahanı komissiyasının sədri isə indiki Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev idi. Mənim sonuncu imtahanımda ingilis dilindən aldığım “5”i Ramiz müəllim yazmışdı”.

 

“Heç olmasa müharibədə kimin qalib gəldiyini bilirsən?”

Həmsöhbətimiz tələbə yoldaşları arasında oxumayanların da olduğunu deyir: “Qrup yoldaşlarımızdan biri çox savadsız idi. İmtahanda müəllim ona “a bala, mən professoram, mənim seçkidə bir səsim var, bəs sənin nə qədər səsin var?” sualını verdi. Biz də ona barmağımızla bir göstərirdik. O da 2 göstərdiyimizi düşünüb müəllimə seçkidə 2 səsinin olduğunu dedi. Müəllim çox əsəbiləşdi və onu universitetdən qovacağını bildirdi. Bir dəfə də atası çox böyük vəzifədə işləyən qrup yoldaşlarımızdan birini müəllimimiz Marat Mixayloviç Altmana tapşırmışdılar. Müəllimimiz də İkinci Dünya Müharibəsində hərbi qırıcı təyyarəçi olmuşdu. Çox maraqlı insan idi. Elə uşaqların içərisində dedi ki, “bilirəm, heç nə bilmirsən, amma nə edim, səni tapşırıblar”. Müəllim qiymət yazmaq üçün buna asan suallar verməyə başladı. Əvvəlcə Ştirlis (“Baharın 17 anı”) filmindən danışmağı, bunu bilmədikdə “Üç muşketyor” filminin məzmununu danışmağını istədi. Amma tələbə heç birinə baxmamışdı. Bu dəfə müəllim İkinci Dünya Müharibəsinin nə vaxt başladığını, tələbə bunu bilmədikdə müharibənin bitdiyi tarixi soruşdu. Qrup yoldaşımız buna da düzgün cavab verə bilmədi. Müəllim axırıncı sualı verdiyini, bu sualı cavablandıracağı təqdirdə, ona qiymət yazacağını dedi.

Müəllim: “Müharibədə kim qalib gəlib, heç olmasa bunu bilirsən?”. Tələbə müəllimə baxıb cavab verməyə qorxdu və susdu.

Müəllim: “Başa düşdüm, qorxursan deməyə, heç olmasa, susdun, “3” qoyuram”.

 

“Fuad Ələsgərov indi də bu əhvalatı danışır”

Ç.Abdullayev özüylə bağlı maraqlı bir əhvalatı da bizimlə bölüşdü: “Heç kəs dərsə hazır deyildi və vaxtı uzatmaq lazım idi ki, müəllim uşaqları durğuzmasın. Məndən xahiş etdilər ki, bir şey danışım, vaxt getsin. Lövhəyə çıxıb düz 40 dəqiqə İngiltərə Konstitusiyasından danışdım. Müəllim təmkinlə qulaq asdı, qurtarandan sonra dedi ki, “əla danışdın, amma İngiltərənin konstitusiyası yoxdur”. İndi hansı xarici ölkəyə gedirəm, səfirlər, nazirlər deyirlər ki, Fuad Ələsgərov onlara bu əhvalatı danışıb”.

 

“Müəllimimizi işdən çıxartdırdıq”

Yazıçı müəllimlərindən birini necə işdən uzaqlaşdırdıqlarından da söhbət açdı: “Müəllimlərimizdən biri bizə heç vaxt dərsdən nə icazə verir, nə də qaçmağımıza şərait yaratmırdı ki, gedib futbol oynayaq. Qrup yoldaşlarımızdan 2-3 nəfər professoru işdən uzaqlaşdırmaq üçün plan cızdıq. O vaxt təzə və köhnə İnturist, bir də Abşeron restoranları dəbdə idi. Biz hər axşam üç restorana da gedib çalğıçılara 3 manat verirdik və orada mahnılardan birinin həmin professorun şərəfinə çalındığını bildirirdilər. Guya həmin professor restoranda oturub və onun üçün mahnı səsləndirilir. Bunu da gedib Mərkəzi Komitəyə çatdırırdılar. Professoru hər gün Mərkəzi Komitəyə, rektoratlığa çağırırdılar ki, sərxoşluğa son versin. O da and içirdi ki, ömründə içki içməyib. Cavabında bildirirdilər ki, hər gün restoranlarda onun şərəfinə mahnı sifariş edilir. Müəllimimizin restoranlardan “yığışmadığını” görüb axırda işdən çıxardılar. Hələ də bu hadisə yadıma düşəndə özümü günahkar sayıram”.

 

“O vaxt kitab oxumayana gülürdülər”

Sonda Ç.Abdullayev gənclərə kitab oxumağı tövsiyə etdi: “Düzdür, bizim vaxtımızda da səviyyəsiz insanlar var idi, amma biz hamımız kitab oxuyurduq. O vaxt kitab oxumayan adama gülürdülər. Biz Rusiyadan xarici ədəbiyyat, çoxlu jurnallar sifariş verib oxuyur, müzakirə edirdik. İndi mütaliə etməyən gənclərimiz başa düşmürlər ki, öz həyatlarını necə korlayırlar və həyatlarını kitab oxumaqla necə dəyişə bilərlər. Demirəm, mənim kitablarımı oxusunlar. Əsas odur ki, kitab oxusunlar. Kitab oxumayan insan bədbəxt olur, heç vaxt dünyaya niyə gəldiyini başa düşmür. Bu cür insanlar qocalanda deyirlər ki, “ömür yuxu kimi keçdi, heç başa düşmədim ki, niyə gəlib-getdim”. Belə deməmək üçün oxumaq lazımdır”.

Go Back

PSİXOLOQ:" Əgər uşağınız autizm sindromludursa, onu necə varsa elə qəbul etmək,heç kəslə müqayisə etməmək və zamanında mütəxəssisə müraciət etmək lazımdır!" -MÜSAHİBƏ

2 aprel dünya miqyasında “Ümumdünya Autizm  Məlumatlandırma Günü” kimi qeyd olunur. Əsrin geniş yayılmış xəstəliklərindən sayılan Autizm hal-hazırda ölkəmizdə də olduqca geniş bir kütləni caynağı altına almışdır. Autizm barəsində valideynlərin məlumatının az olması onun zamanında aşkar və təyin olunmasının qarşısını alır. Və nə qədər gec müraciət edilirsə təəssüflər olsun ki, uğurlu nəticənin alınması da bir o qədər gecikir və çətin olur.

Bu məqsədlə yolumuzu Narınc Uşaq Psixologiya Mərkəzindən saldıq və inkişaf geriliyi üzrə mütəxəssis, psixo-pedaqoq Gülnar xanım Orucova ilə “autizm nədir, onun əlamətləri və müalicəsi" barəsində geniş bir söhbətimiz baş tutdu.

 

-Gülnar  xanım, bizə izah edə bilərsinizmi Autizm nədir?

-Autizm-erkən yaş dövründə başlayan, həyat boyu davam edən sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə birlikdə qəbul olunan neyropsixiatrik bir pozuntudur. Autizm – özünə qapanma və real həyatda uzaqlaşma kimi təzahür edilir. Autizm ilk dəfə olaraq 1943-cü ildə Amerikalı uşaq psixiatrı Leo Kanner tərəfindən “Erkən uşaqlıq autizmi” olaraq adlandırılmışdır. Uşaq gördüklərini, eşitdiklərini , hiss etdiklərini doğru şəkildə qəbul edə bilmir və bu səbəbdən ictimai əlaqələrdə və davranışlarda ciddi problemlər yaranır. Bəzi mütəxəssislər autizmin beyindəki neyronların normadan az olması ilə bağlı olduğunu qeyd edirlər.

Peşəkarların fikrinə görə autistik uşaqları xəstə adlandırmaq olmaz, çünki onlar qeyri-adi istedada malik olurlar. Belə uşaqlar böyüdükdən sonra rəssamlıq, müsiqiyə, poeziyaya, riyaziyyata həvəsləri olur.

-Autizm ilk olaraq hansı yaşlarda özünü büruzə verir?!

-Uşaq hələ körpə olarkən hər ana övladına verdiyi nəvazişə balasından cavab alır. O anasına gülümsəyərək sanki, “ana səni hiss edirəm” deyir. Lakin autik uşaqlar anaya heç bir reaksiya vermir. Bir yaşından sonra isə onlar daİma özlərinə qapanır yumordan kənar olurlar, gülməli hadisəyə belə nadir hallarda reaksiya verib gülürlər. Əgər hər hansı bir söz demək istəyərlərsə hər iki əllərini bir birinə vururlar və bu hərəkətdən yorulmurlar. Öz adlarına belə reaksiya vermirlər. Valideynlər əsasən eşitmə, görmə probleminin olduğundan şübhələnir. Bəzən 18 aya qədər inkişaf normal gedir, sonra geriləməyə başlayırlar. Sonra isə nitqdə olan sözlər itir, bir-üç  yaşda özünü yenidən göstərir.

-Uşağın autizmli olmasını ana bətnindəykən müəyyən etmək mümkündürmü?

-Xeyr, Uşağın autizm olmasını ana bətnində təyin etmək təəssüflər olsun ki, hal-hazırda mümkün deyil.

-Ümumi olaraq Autizmin yayılma riski barədə nə deyə bilərsiniz?

-Dünya əhalinin 1%-i autikdir. Araşdırmalar göstərir ki, oğlanların autizmli doğulması qızlardan 4 dəfə daha çoxdur. Bir uşağın autik olaraq dünyaya gəlmə ehtimalı 0.5 % -dir. Ailənin ilk uşağı autizmlidirsə sonrakı uşağın autizmli olma riski 5-15 %-dir.

Genetik baxımdan tək yumurta ekizləri bir-birinin eyni olduğu üçün onlardan birinin autizmli olması digərinin də eyni vəziyyətdə olması riskini 35-70 % artırır. Fərqli yumurta ekizlərində də riks mövcuddur, lakin nisbətən az , təxminən 0.23 %.

-Autistik uşaqlarda zəka hansı səviyyədə olur?

-Autizm sosial və ünsiyyət qabiliyyətinin yaranmasına təsir edən ümumi inkişaf problemidir. Autizmin əlamətləri əsasən 2 yaşından sonra özünü göstərməyə başlayır. Autizmli uşaqlar əsasən öyrənmək və dərk etməkdə çətinlik çəkirlər. Bu cür uşaqlara əşyanın adını təkrar-təkrar demək lazımdır. Autistik uşaqların  3/2-si əqli inkişafın geriliyindən əziyyət çəkir.

Lakin 10%-i bəzi inkişaf etmiş qabiliyətlərə malik olurlar. Məs: riyazi hesablama, musiqi duyumunun güclü olması ,rəsm , mozaika , bəziləri isə özlərini maraqları olan sahə üzrə ensiklopedik bilgilərə həsr edirlər.  

-Əgər kontakda olmurlarsa bəs bu cür uşaqlarda hansı xüsusi istedadın olduğunu valideyn necə üzə çıxara bilər?

-Xüsusi qabiliyyətlərinin üzə çıxmasında reabilitasiyanın rolunu ayrıca qeyd etmək lazımdır.  Fərdi korreksiya proqramı ilə psixopedoqoqlar autistik uşağın daha çox hansı sahəyə meyl etməsini üzə çıxarır və bunu inkişaf etdirir.

-Autistik uşaqlarda qorxular, aqressiyalar müşahidə olunur. Bu daha çox nə ilə əlaqəlidir?

- Autik uşaqların dünyasında müxtəlif qorxular vardır. Amma autik uşaqların qorxuları adi uşaqların qorxularından öz spesifik xüsusiyyətlərinə görə fərqlənir. Belə uşaqların qorxuları müxtəlif və fərqlidir. Kimisi qaranlıqdan, kimisi sudan, kimisi televizor və ya tozsorandan və s. qorxur. Autik uşaqların ən adi əşyalardan qorxduqlarını anlamaq çox çətin olur. Bu qorxular illər boyu davam edə bilər. Təəssüflə qeyd etmək lazımdır ki, belə vəziyyətdə psixikanın qoruyucu mexanizmləri işləmir. Bu da uşağın inkişafına mənfi təsir göstərir.

 Onların qorxuları davranışlarında özünü biruzə verməyə bilər. Bu qorxular şüuraltı dərinlikdə gizlənərək uşağa əziyyət verir, hətta ən yaxın adamlar belə uşağın həqiqi vəziyyəti haqqında tam xəbərsiz olurlar. Qorxuların mövcudluğu uşaqları daima gərgin vəziyyətdə saxlayaraq inkişafına mane olur.

 Qorxunun dəf etməyə imkan verən ən yaxşı metod terapevtik oyundur. Əgər biz uşaqda qorxunun mənbəyini biliriksə, terapevtik oyun vasitəsilə ondan qurtula bilərik.

-Autizmli uşaqlarda nitq hansı səviyyədə olur və ya ümumiyyətlə olurmu?

- Belə izah edim : 7-8 aylıq normal uşaq çoxlu-çoxlu təkrar hecalar – mama, papa, baba və s. tələffüz edir. 9 aylığnda öz adını tanıyır, dönür baxır, böyüklərin söylədiyini təqlid edir, 10 aylığında 1-3 bədən üzvünü göstərir, başı ilə yox əli ilə sağol edir, iti-pişiyi təqlid edir. Bir yaşında ver, al, göstər, uzan, oyna və s. tapşırıqları icra edir, 10-12 söz bilir.

Autizmli uşaqlarda qeyd etdiyimiz göstəricilərdən heç biri müşahidə edilmir və yaxud elə hallar olur ki, 8-18 aya qədər uşaqlarda normal inkişaf gedir və bu dönəmdən sonra dayanır. Ümumi olaraq desək autizmli uşaqların 50-75 %-də nitq inkişaf etmir, qalan 25-50 %-də isə nitq özünəməxsus şəklidə olur.  Ən çox müşahidə edilən nitq qüsuru əvəzlikdən düzgün istifadə edilə bilməmələridir. Məsələn, mənim kitabım əvəzinə mən kitab deyirlər.

Mənasız yerə eyni sözü və cümlələri təkrarlayırlar.Bəzən öz-özünə zümzümə edirlər.

Nitqi olmayanlarda isə nitqin açılması psixopedaqoq və defoktoloq-loqopedlərin aparacağı təlim və məşğələlər sayəsində mümkündür. Ancaq yaş həddini burda xüsusilə qeyd etmək istərdim. 5 yaşdan sonra autizm sindromlu uşağın nitqinə müdaxilə etmək çox çətin olur!

-Autizmin müalicəsi varmı?

-Autizm spektr xəstəliklərinin müalicəsi üçün dünya praktikasında heç bir preparat istifadə olunmur. Bəzi mütəxəssislər isə beyni inkişaf etdirən nitqi açan dərmanlar yazırlar, ancaq bu preparatlar daha çox yanaşı problemlərə görə yazılır. Məsələn, uşağın aqressiyası, hiperaktivliyi, yuxu pozuntusu, davranış pozuntusu və s. varsa onları aradan qaldırmaq üçün yazılır. Çünki uşaqlarda bu hallar izləndikcə məşğələlərin aparılması çətinləşir. Təlimə yönümlü olmurlar, reabilitasiya öz effektini gec verir.

Erkən diaqnostikanı əhəmiyyəti böyükdür və psixopadaqoji tədbirlər görülməlidir. Belə uşaqlara ABA terapiyası adlanan xüsusi terapiya tətbiq olunur. Autizm reabilitasiya olunsa belə bəzi ələmətləri ömür boyu davam edir. Məsələn, danışsalar belə heç vaxt söhbətə başlayan tərəf olmazlar, soyuq və ruhsuz söhbət edərlər, məna dolu sözləri dərk etməzlər, zarafat və atalar sözü anlamazlar, sözlərin deyilməsində təkrara yol verərlər, cümlələr və kəlimələrin dərk edilməsində yubanarlar.

-Bəs Autizmin müalicəsində hansı metodlardan istifadə olunur?

-Son zamanlarda autizmin müalicəsində bir sıra terapiyalardan sitifadə olunur. Lakin bunlar tam elmi əsası olmayan metodlardır. Məsələn , delfin terapiya, hippotreapiya və ozon terapiya.

Delfin terapiya delfinlər vasitəsilə müalicə üsuludur. Burada  ultrasəslər vasitəsilə orqanizmə təsir edən səslər və vibroakustik dalğalarla həmin uşaqlara təsir etmək nəzərdə tutulur. Əgər uşaq dəniz heyvanı ilə rahatlıqla ünsiyyətə girərsə demək psixoemosional sahəyə təsir uğurla baş vermişdir. Uşaqda bunun vasitəsilə motor-sensor sferanın inkişafına zəmin yaranır. Uşaqlar daha rahat ünsiyyətə girə bilirlər və eyni zamanda bu metod onların yaddaşlarını, diqqətlərini və nitqlərini inkişaf etdirməyə də kömək edir.

Hippoterapiya isə at üzərində müxtəlif hərəkətlər vasitəsilə bədən əzələlərinin hərəkət etməsinə kömək edən bir müalicə üsuludur. Atın istiliyinin 1.5-2 dərəcə daha yüksək olduğunu göstərməklə, bunun masaj aləti kimi ayaq əzələlərinə təsir etdiyi, qan təzyini yüksəltdiyi, iflic , autizm , diqqət əksikliyi, ürək-damar xəstəliklərinin müalicəsində böyük rol oynadığı qeyd olunur.

Ozon kəskin iyli qazdır. O oksigenin aktiv forması olub,təbii şəriatdə ultrabənövşəyi şüaların və elektrik gərginliyinin təsiri ilə yaranır. Ozonun təsirindən hətta güclü viruslar və bakteriyalar məhv olur və bu zaman insan hüceyrələri mənfi təsirə məruz qalmır. 20-ci əsrin əvvəllərində baş verən anemiya, pnevmaniyanın müalicəsində istifadə olunsa da antibiotiklərin kəşfi ilə bu müalicə üsulundan kənarda qalmışdır. Hazırda bir çox xəstəliklərin müalicəsində istifadə olunur : hipertoniya, şəkər xəstəliyi, qan dövranı pozğunluğu, revmatizma, epilepsiya, miqren və baş ağrıları, eləcə də autizmli uşaqların müalicəsində.

Bu uşaqların bədənini toksinlərdən təmizləyən bir metod kimi göstərilir. Bu metodun tətbiqindən sonra bağırsaqda düzəlmə , hiperaktiv davranışlarda azalma olduğu qeyd edilir. Ancaq bu terapiyalar heç bir elmi təstiqini tapmayıb və bir neçə seansla nəticə əldə olunacağına söz verilməyir. Ozon terapidən hətta dünyasını dəyişən insanlar belə olmuşdur. Qan laxtalanmasının artması , qalxanvarı vəzin xəstəlikləri ozondan zəhərlənmə və ya ona qarşı allergiya olduqda qadağan olunur.  Nevropatoloq və endokrinoloqun müayinəsindən keçmədən ozon terapiyaya başlamaq olmaz!

-Son olaraq,  Gülnar  xanım, övladı Autistik olan valideynlərə nə məsləhət bilərdiniz?

  • Valideyin birmənalı şəkildə uşaqla səbrli və mehriban olmalı, həmişə müvəffəqiyyətinə inanmalıdır.
  • Uşağa psixoloji-emosional komfortu, özünə inamı və təhlükəsizliyi hiss etdirməli, sonra tədricən bilik-bacarıqları, davranış qaydalarını öyrətmək lazımdır.
  • Uşaqlarla mümkün qədər çox söhbət etmək lazımdır. Hətta uşaq buna laqeyd olsa belə!
  • Yadda saxlamaq lazımdır ki, digər uşaqlara nisbətən onun ünsiyyətə daha çox ehtiyacı vardır.
  • Uşağın hər bir sözünü , jestini, müşahidə etmək vacibdir. Bu balaca uşağın daxili aləminin genişlənməsinə, öz emosiya və hisslərini sözlərlə ifadə etməyə kömək edəcəkdir.
  • Əgər uşaq bir əşyaya yaxınlaşarsa, o əşyanı adlandırmaq və uşağa əşyanı əlində saxlamağa imkan vermək lazımdır. Bu cür yanaşma ilə uşaqda bütün analizatorlar –görmə, eşitmə, hiss etmə  və s. inkişaf edir. Bu cür uşaqlara əşyanın adını dəfələrlə təkrar etmək lazımdır.
  • Onlarla bir yerdə oynayın və oyunu daha maraqlı edin.
  • Əgər uşağınız autizm sindromludursa , onu  necə varsa elə qəbul etmək, heç kəslə müqayisə etməmək və zamanında mütəxəssisə müraciət etmək lazımdır!

 

Fəridə Qasımova

Go Back

Ömrə yazılmayan bir saat

Hər il mart ayının son bazar günü olduğu kimi, bu bazar da saat 4.00-da əqrəblər bir saat irəli çəkildi. Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il Qərarına əsasən, bununla da ölkədə yay vaxtına keçildi. Ötən illərdən fərqli olaraq, bu il yay vaxtına keçid iş gününə təsadüf etdi. Uzun müddətli bayram istirahətindən sonra yeni iş gününə necə başlayacaqlarını götür-qoy edənlər, bu azmış kimi, ilk iş günündə yeni vaxt rejiminə də alışmaq məcburiyyətində qaldılar. İldə iki dəfə saatların irəli-geri çəkilməsinə adət etsək də, ekspertlər bu il yay vaxtına keçidin iş gününə təsadüf etməsinin insanlara təsirsiz ötüşməyəcəyi fikrindədirlər. Məhz bu baxımdan Aile.lent.az məsələ ilə bağlı mütəxəssis fikirlərini öyrənib.
 
Psixoloq Elnur Rüstəmov deyir ki, hər il yay vaxtına keçid bazar günü baş tutduğundan insanlarda işə, məktəbə tələsməklə bağlı təlaş elə də hiss olunmurdu. Amma bu gün saatların qabağa çəkilməsi iş gününə təsadüf etdiyindən müəyyən qədər çətinlik yaşayanlar oldu: “Sosial şəbəkələrdəki statuslardan da göründü ki, bəziləri saatın əqrəbini irəli çəkməyi unudub, bəzisi işə erkən gedib, bəzisi yatıb qalıb və sair. Saat əqrəbinin bir saat irəli, yaxud geri çəkilməsinin istirahət gününə salınması da məhz bu amillə bağlı idi ki, insanlar ən azı bir gün bu rejimə adaptasiya ola bilsinlər. Yuxudan erkən qalxan, saatın əqrəbini irəli-geri çəkməyi unudan, yatıb qalan insanlar işlə bağlı narahatlıq keçirməsinlər. Bu dəfə isə vəziyyət fərqli olduğundan, yay vaxtına keçid qismən də olsa narahatlıq yaratdı”.
 
Psixoloqun fikrincə, əslində yay vaxtına keçid insanlara elə də böyük problem yaratmır. Çünki insanlar bununla əlverişli istirahət imkanı əldə edilər: “Saatların irəli çəkilməsi imkan verir ki, insanlar işdən çıxdıqdan sonra açıq havada gəzib dolaşa bilsinlər. Əgər qış vaxtında bu, mümkün deyildisə, yayda artıq insanlar günün uzanmasından istifadə edərək açıq havada istirahət imkanı əldə edirlər. Bu, insanlarda yorğunluq, depressiya hallarının qarşısını alır”.
 
Amma bununla belə psixoloq hesab edir ki, saatların bir saat irəli çəkilməsi meteohəssas insanlara təsirsiz ötüşmür: “Meteohəssas insanlarda rejimə adaptasiya çətin olur. Onlar yeni vaxta bir qədər gec adaptasiya olur, bu rejimə uyğunlaşanadək əsəbi anlar yaşayırlar. Amma bütün bunlarla yanaşı, yay vaxtına keçidin meteohəssas insanların da səhhətinə psixoloji aspektdən xeyri var. Belə insanlar yağışın yağmasından depressiyaya düşə bilirlər. Odur ki, açıq havada gəzmək psixoloji baxımdan onların depressiyadan çıxmasına müsbət təsir göstərə bilər”.
 
Ölkənin baş pediatrı, tibb elmləri doktoru, professor. K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev isə saatların bir saat irəli çəkilməsinin uşaqların səhhətinə təsir etdiyini söyləyir. N. Quliyev deyir ki, istənilən vaxt dəyişikliyi bioritmin pozulması ilə nəticələnir: “Vaxtın irəli-geri çəkilməsi ilə xüsusilə məktəbyaşlı uşaqlarda nevroz əlamətləri müşahidə oluna bilər. Doğrudur, əqrəblərin bir saat irəli-geri çəkilməsi uşaq səhhətinə təsir edir, amma biz böyüklər öz uşaqlarımızın yuxu rejimini bu vaxt dəyişikliyindən asılı olmayaraq hər gün pozuruq. 3 yaşlı uşaq əslində öz bədəninin bioritmi ilə yatıb-oyanmalıdır. Biz uşağı məcburi yuxudan oyadırıqsa, bununla onun bədəninin bioritmini pozmuş oluruq. Belə halda da uşaqda əsəbilik, nevroz əlamətləri müşahidə olunur. Eyni zamanda uşaq ağlayır, valideynlə uşaq arasında konflikt yaşanır. Bu, bizim yuxu rejiminin pozulmasının uşağa təsiri ilə bağlı gördüyümüz tərəflərdir. Bunun görə bilmədiyimiz başqa fəsadları var ki, valideyn onun mənfi təsirini çox gec görür. Amma bununla belə, biz böyüklər hər gün məktəbyaşlı uşaqları məcburi oyadıb çox erkəndən onları dərsə getməyə, 3 yaşlı uşağı səhər tıxacda bağçaya aparmağa davam edirik”.
 
Fizioterapevt Mehriban Fərəcova da saat əqrəblərinin bir saat irəli çəkilməsinin insan səhhətinə mənfi təsir etdiyi fikrindədir. Onun sözlərinə görə, vaxt dəyişikliyi ilə əlaqədar bəzi insanlarda təzyiqin qalxıb-enməsi müşahidə olunur: “İnsan orqanizminin öz bioloji saatı var. Ürək, qan-damar xəstəliyindən əziyyət çəkən insanlar bu vaxt dəyişikliyi ilə əlaqədar mütləq narahatçılıq keçirir. Bu dəfə vaxt dəyişikliyi iş gününə təsadüf etdiyindən meteohəssas insanlar işə gecikməmələri üçün digər insanlardan daha çox narahatlıq, təlaş keçirirlər. Bu da müəyyən qədər onların səhhətinə təsir edir”.
 
İqtisadçı Vüqar Bayramov saat əqrəblərinin irəli və ya geri çəkilməsinin iqtisadi tərəflərini izah edib: “Beynəlxalq praktikada yay və ya qış vaxtına keçid iqtisadi, psixoloji və tibbi faktorlarla bağlı olsa da, kriminal hadisələrə qarşı mübarizə tədbiri kimi də tətbiq edilir. İqtisadi baxımdan bu qərarların əsas səbəbi yeni sistemə keçməklə enerjiyə qənaət etmək imkanının və eləcə də sosial vətəndaşların yeni fəslə adaptasiya edilməsi baxımından əhəmiyyətli olması ilə bağlıdır. Əvvəla, yay vaxtına keçmənin başlıca əhəmiyyəti ondan ibarətdir ki, iş başladığı andan bitənə qədər, praktiki olaraq hava işıqlı olduğundan, həmin zaman müddətində enerjiyə qənaət olunur. Bunun digər tərəfi ondan ibarətdir ki, məşğul əhali yeni fəslə uyğunlaşa bilir. Beynəlxalq standartlara əsasən, saatların geri çəkilməsi ilə həmin müddət ərzində ölkəmizdə enerji sərfinə 5 faiz qənaət edilir. Bu baxımdan qış və yay vaxtlarının tətbiq edilməsi doğru addımdır. Azərbaycanda bu sistemin tətbiqinin həm fəslin dəyişməsi ilə əlaqədar olaraq işçilərin əhval-ruhiyyəsinin mövsümə uyğunlaşdırılmasına, həm də məhsuldarlığın artmasına müsbət təsirləri var. Yay vaxtına keçid xidmət sektorlarında iş vaxtının daha uzun müddətli olmasına şərait yaradılması baxımından əhəmiyyətlidir. Bu, xidmət sektorunda çalışan müəssisələrin gəlirlərinin artmasına təsir göstərir. İqtisadi baxımdan saat əqrəblərinin irəli çəkilməsindən udan sahə aqrar sektor hesab edilir”.
 
Qeyd edək ki, bir müddət öncə Azərbaycanda yay-qış vaxtına keçidin ləğvi barədə söz-söhbətlər gəzsə də, bu məsələ öz təsdiqini tapmadı. Baxmayaraq ki, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Gürcüstanla yanaşı, dünyanın Yaponiya, Çin, Cənubi Koreya kimi inkişaf etmiş dövlətləri də yay və qış vaxtına keçidi ləğv ediblər.
 
Xatırladaq ki, saatların qabağa çəkilməsi gündüz işığından səmərəli istifadə edilməsi ilə izah edilir.

Go Back

6 yaşlı xəstəm 600 illik tarixi əzbər bilir

Dushunce.az lent.az saytına istinadən uşaq psixiatrı, Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının assistenti İkram Rüstəmovun müsahibəsini təqdim edir. Müsahibəni ATU-nun mətbuat xidməti götürüb. 

 

 - 2013-cü ildə Amerika Psixiatriya Assosiasiyasının diaqnostik təsnifatından sonra Autizm və  bənzəri bir çox sindromların diaqnozunun adı dəyişdirilib. Məsələn, Asperger sindromu, autizm, dezinteqrativ psixoz, və s. kimi diaqnozlar  qoyulmur. Autistik əlamətlər müşahidə olunan uşaqlara “autistik spektr xəstəlikləri” deyilməyə başlanıldı. Çünki bu uşaqların heç biri digərinə tam bənzəmir və bu səbəbdən də alimlər bir standartlaşmanın qəti əleyhinə çıxır. Bu xəstəliyi bir çərçivə halında, yayğın bir interval kimi qiymətləndirməyə başladılar.  

 

- Bəs autistik spektr xəstəlikləri nədir, əlamətləri özünü nədə göstərir?

 

- Ən başlıca simptomu sosial ünsiyyətdə problemlərin yaranmasıdır. Yəni, uşaq öz yaşına uyğun olmayan jestlər edir, mimiklərdən istifadə edir. Göz təmasından qaçır, digər uşaqlarla oynamır, bu və bu kimi digər sosial ünsiyyətin komponentlərində  geriləmə, pozğunluq olur. İkinci əlamət, nitq inkişafının  ləngiməsidir. Üçüncüsü, uşağın maraq dairəsi məhdud olur, daha çox yalnız öz ehtiyacları daxilində olanlara maraq göstərir.

Bu 3 əlamət autistik spektr üçün ana simptomlar sayılır. Amma bunlarla yanaşı, stereotipiya dediyimiz müəyyən ritmik hərəkətlərdə də özünü göstərə bilər.  Məsələn, müəyyən bir müddət sonra nitqi düzələn uşaqlar özləri barəsində üçüncü şəxs qismində danışırlar. “Mən bunu istəyirəm” yox, “Əli bunu istəyir” kimi ifadələrdən istifadə edirlər. Bundan əlavə, belə uşaqlar heç nəyə diqqət vermir, böyüklərin heç bir göstərişini izləmir, heç nə öyrənmək istəmir və s. Bəzən nitq inkişafında ciddi geriləmə olmur, amma çox qeyri-adi qabiliyyətlərə malik olurlar.  

 

- Bu qeyri-adilik özünü nədə göstərir?

 

- Məsələn, bu uşaqlardan bəziləri yaşlarına uyğun olmadığı halda müəyyən sahədə həddən artıq informasiyaya sahib olurlar. Məsələn, mənim 6 yaşlı bir xəstəm 600 illik Osmanlı imperiyasının tarixini əzbər bilir. Digəri bütün avtomobilləri xırda detalına kimi tanıyır. Başqa birisi 200-ə yaxın ölkənin prezidentlərinin, liderlərinin adını əzbər bilir. Yəni, kənardan baxanda, bəlkə də bu uşaqlar super istedadlı görünür, amma elə deyil. Bu, zəka məhsulu yox,  açıqlaya bilmədiyimiz bir mexanizmdən qaynaqlanan xüsusiyyətlərdən üstün cəhətlərdir. Atipik autistik xüsusiyyətləri olan xəstələr də var. Yəni, konkret olaraq Kanner sindromu diaqnozu ala bilməyən uşaqlar var ki, ola bilər ki, dili açılır, amma sosial təmas qura bilmir. Bu, əslində anadangəlmə bir problemdir, amma özünü 1,5-2 yaş dövründə göstərir. Valideynlər məhz bu dövrdə əlamətləri hiss edirlər.

 

- Bu xəstəlik hansı üsullarla müalicə olunur?

 

- Təəssüf  ki, bu növ xəstəliklərin müalicəsində bəzi mütəxəssislər nitqi açan, beyin inkişaf etdirən dərmanlar yazırlar. Amma dünya praktikasında autistik spektr xəstəliklərinin müalicəsi üçün heç bir preparat istifadə olunmur. Preparatlar daha çox yanaşı problemlərə görə yazılır - məsələn, uşağın aqressiyası, hiperaktivliyi,  yuxu pozuntusu, davranış pozuntusu və s. kimi faktorlar varsa, onları aradan qaldırmaq üçün bunlardan istifadə oluna bilər. Onu da deyim ki, autistik spektr xəstəliyinin  müalicəsi üçün erkən diaqnostika vacibdir. İkincisi, psixo-pedaqoji tədbirlər də görülməlidir. Xüsusi psixo-pedaqoqlar tərəfindən belə uşaqlara ABA terapiyası adlandırılan xüsusi terapiya tətbiq olunur.

Əgər autistik spektr xəstəliyi olan uşaqlarda ciddi yanaşı xəstəlik yoxdursa, çox vaxt onların vəziyyəti müsbətə doğru gedir. Uşağın 6 yaşından tez reablitasiyaya başlaması, bu uşaqlarda nəticələrin daha yaxşı olması ehtimalını artırır. Onların cəmiyyətə qaynayıb-qarışması, bir iş sahibi olması, normal insanların əhatəsində yaşamağı öyrənməsi mümkündür. Təəssüf ki, autistik düşüncə tərzinin tamamilə aradan qalxması, sıfıra endirilməsi mümkün deyil, müəyyən qədər olsa da defisitlər qalacaq.

Go Back

20 blog posts