Düşüncə Jurnalı

header photo

Bugün Azərbaycanda SU ÇƏRŞƏNBƏSİ kimi qeyd olunur

Bu gün ilk çərşənbə - Su çərşənbəsi qeyd olunur

Yazın, Novruzun ilk qaranquşu, müjdəçisi çərşənbələrdir. Novruz qədim ənənələrə söykənən və Azərbaycanın milli ünsürlərini özündə birləşdirən əsas bayramlardan biridir. Novruz gəlməmişdən öncə onun ilk carçısı kimi hər həftə ocaqlar qalanır. Bu mərasimlər özündə 4 həftəni birləşdirir. Novruz bayramına 4 həftə qalanda insanlar həyat üçün vacib olan dörd ünsürlə (su, od, yel, torpaq) bağlı çərşənbələri xüsusi təntənə ilə qeyd edirlər. El dilində onlara “boz ayın çərşənbələri” də deyirlər. İlk çərşənbənin də su çərşənbəsi olması təsadüfi deyil. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. İlk çərşənbə ərəfəsində hamı ev-eşiyini sahmana salar, evlərin solğun divarları rənglənər, torpaqdan daha yaxşı qidalansınlar deyə, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənər, artıq budaqları və zoğları kəsib onları cavanlaşdırarlar. Novruza qədər olan İlaxır çərşənbələrinin hər birinin özünəməxsus ayin və mərasimləri var. Ona görə də həmişə bu çərşənbələri bayram kimi keçirər, xüsusi süfrə açar, şadyanalıq edərlər. Təbiətin dörd mühüm ünsürü ilə bağlı olan bu İlaxır çərşənbələrinin sırası belədir: Su, Od, Külək (Hava, Yel), Torpaq.

Novruzun müqəddəs çərşənbələrindən birincisi Su çərşənbəsi adlanır. Buna el arasında "Əzəl çərşənbə", "Gözəl çərşənbə", "Gül çərşənbə", "Sular Novruzu" da deyilir. Bu il Su çərşənbəsi fevralın 25-nə düşür. İnama görə, həmin gün sular təzələnir. Gün doğmazdan öncə kənd yerlərində insanlar bulaq üstünə gedər, əl-üzünü yuyar, bir-birinin üzünə su çiləyər, su üstündən atlanar, evə su gətirərək həmin sudan çay qoyarlar. Deyilənə görə, Su çərşənbəsi günü su üstündən keçənlər azar-bezardan uzaq olarlar. Hətta söyləyirlər ki, Su çərşənbəsi günü bulaqların şəfası da artar. Bəlkə də buna görə ta qədimlərdə insanlar həmin gün su kənarında, bulaq başında, çay qırağında su çağıran, onun gözəlliyini, qüdrətini, müqəddəsliyini tərənnüm edən nəğmələr oxuyardılar. Suyun saflığına qoşulan nəğmələrin, bayatıların, deyilən müdrik fikirlərin, atalar sözlərinin, lətifələrin, tapmacaların, bilməcələrin sayı-hesabı yoxdur:

Su axır samanlıqdan,
Yol keçir qaranlıqdan.
Çalış, yaxşılıq eylə,
Nə çıxar yamanlıqdan.

Su çərşənbəsi axşamı süfrəyə mütləq bir qabda su qoyulmalıdır. Şirniyyat, quru meyvələr düzülməlidir. Həmin axşam adətən, mərci plov bişirilməlidir. Çünki Su çərşənbəsində süfrənin bəzəyi lobyalı xörəklər sayılır. Bu gün insanlar bir-biri ilə mehriban davranmalı, arzulamalıdırlar ki, növbəti çərşənbələri də şad, xürrəm keçirsinlər. Su çərşənbəsinə qoşulan nəğmələrin birində belə bir ifadə var: "Allah, məni su elə, su gözəllər yüküdür". Həqiqətən də, çox gözəl deyimdir, həm də məntiqli düşünülübdür. Gözəllərin yükü sudan ibarətdir. Bəlkə də bulaqların aynasında güzgülənən sevdası daha təmiz və dərin olur. Bu səbəbdən də igidlər əlini qulağının dibinə verərək haraylayıblar: "Sudan gələn sürməli qız...", yaxud da "Küçlərə su səpmişəm, yar gələndə toz olmasın". Su ilə qarşılayıb su ilə yola salmaq bir ənənədir. Aşıq Ələsgər məşhur qoşmalarının birində bildirir ki, "Çərşənbə günündə çeşmə başında" bir alagöz gözələ vurulub. Çox güman ki, bu da Novruz mərasiminin elə Su çərşənbəsi ilə əlaqədar keçirilən təntənə ilə bağlıdır.

Turanə İbrahimi

simsar.az

Go Back

Sorğu göndər