Düşüncə Jurnalı

header photo

Sabah kiminlə imsak edəcəksən?

Bəndə Tanrının bəxş etdiyi nemətləri sayıb bitirməkdə acizdir. Ramazanda isə bu nemətlər qat-qat artır. Hansından deyəsən, hansından danışasan? Hər halda, biri haqqında söz açaq və düşünək.

Həyat bir yoldur. Sınaqlarla dolu bir yol. Bu yolda bizi gözləyən maneələri dəf etmək, çətinliklərə sinə gərmək, Allahın buyuruqlarına əməl etmək gərək. Digər yollarda olduğu kimi bu yolun da cəfasını yol yoldaşı ilə çəkmək, ağrılarına onunla birgə dözüb sevinclərinə şükür etmək daha asan olur. Ramazanda bu özünü bir daha biruzə verir...

Bir var imsaka tək qalxasan, süfrə başında tək oturasan, kimisə narahat etməkdən ehtiyatlanaraq asta hərəkətlər edəsən, bir də var bütün ailə şövqlə imsak edib namaza tələssin.  Bir var axşam işdən evə gəlib kiminsə marçıltı ilə yeməyinə, içməyinə baxaraq saata nəzər salasan, zaman yetişəndə də yenə süfrəyə tək oturasan, bir də var ailə üzvləri hərə bacardığı qədər şam yeməyinə yardım etsin, azanı gözləsin, Allah dərgahına əllərini duaya birgə qaldırsınlar. Nəticə etibarı ilə hər iki variant Ramazan orucunun əməli sayılır. Amma arasındakı fərqi kim sezməz ki? Bəli, dindar həyat yoldaşı, bəzi ailələrdə isə dindar övladlar Allahın bəndələrinə bu dünyada bəxş etdiyi ən böyük nemətlərdəndi. O ailədə ki harmoniya hökm sürür, o ailədə ki valideynlər də, uşaqlar da eyni yolla addımlayırlar, hər bir işə "Bismilllah"la başlayıb onu "Əlhəmdülillah"la bitirirlər, Allahın rizasını qazanmaq da nisbətən asanlaşır, qarşıya çıxan sınaqlardan da cani-dildən əl-ələ verib üzüağ çıxırlar. Və, əksinə, o ailədə ki ab-hava gərgindir, birinin sahura qalxması digərini hiddətləndirir, qışın soyuğunda qüsl alması isə ağılsızlıq kimi qiymətləndirlir, Allaha doğru aparan yolda irəliləmək çox çətindir. Belə ailələrdə övladların da dini ayinləri lazımınca icra etmələri böyük problemlərlə qarşılaşır.

Sözsüz ki, bu dünyada heç bir iş Allahdan xəbərsiz baş vermir. Çətin şəraitdə ibadət edən, oruc tutan da Rəbbimiz tətərfindən layiqincə mükafatlandırılacaq. Necə deyərlər, hərənin öz imtahanı var. Amma hər halda ailə qurmağa hazırlaşan cavanlar və gələcəkdə bu addımı atacaq gənclər bu qısa yazıda toxunduğumuz məsələni nəinki nəzərdən qaçırmamalı, ona tam ciddiyyətlə yanaşmalıdırlar. Həyat, ömür-gün yoldaşı bizi Cənnətə yaxınlaşdıran körpü də ola bilər, Cənnətlə aramızda günü-gündən dərinləşən keçilməz uçurum da. Hər əmələ görə sorğu-sual olunacağımız gün, yəqin ki, övladlarımıza hansı qadını ana, hansı kişini ata seçməyimizə görə də cavab verməli olacağıq. Bu ilin Ramazan orucunu tutan bütün subaylara bu barədə düşünməyi təklif edirəm. Allah ibadətlərinizi qəbul etsin! Allah hər birinizə bu ayın hörmətinə doğru seçim nəsib etsin!

islam.az

Go Back

Sorğu göndər