Düşüncə Jurnalı

header photo

Bütün dərc olunanlar:

"Qismətimi bu elmdə tapdığım üçün indi də özümü xoşbəxt sayıram"

Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, professor Əbdül Əlizadə ilə söhbət

- Əbdül müəllim, Sizin həyat yolunuz tanınmış, ölkənin psixologiya elminə dəyərli töhfələr vermiş psixoloq alimin ömür yoludur. Bəlkə söhbətə keçməzdən öncə tərcümeyi-halınızın bəzi səhifələrini vərəqləyək?

- Tərcümeyi-halımın ilk səhifələri belə başlayır: Şuşa, Malıbəyli kəndi, 16 avqust 1932-ci il.

Malıbəyli Şuşanın böyük kəndlərindən biri idi. Kənd ziyalıları ilə seçilirdi. Azərbaycanda ilk qız məktəblərindən biri Malıbəylidə açılmışdı. Kənd camaatı Böyük "Quran"ın ayələri ilə yaşayır, əzəmətli muğam təranələri ilə nəfəs alırdı.

Mən doğulandan təxminən 10-15 gün sonra ailəmiz respublikanın paytaxtına köçəndə mənim həyatımın unudulmaz Bakı səhifələri açıldı, Qarabağ-Bakı ənənələri ilə tərbiyə olunduğum günlər-aylar işıqlandı.

1940-cı ildə Bakının məşhur məktəblərindən birində - 31 nömrəli məktəbdə şagird ömrü yaşamağa başladım.

1941-ci ildə isə İkinci Dünya müharibəsinin səsi-sorağı artıq Bakıda da, məşhur neft şəhərində də eşidilirdi. Məktəbimiz hərbi hospitala çevrildi. Şəhərdə oğlan və qız məktəbləri təşkil olundu. Oğlan sinifləri də, qız sinifləri də gündə bir məktəbdə təhsil alırdılar.

1945-ci ildə müharibə qurtardı, VI sinifdə oğlan qrupları yenə də 31 nömrəli məktəbdə oxumağa başladılar.

Müharibə illərində nəinki uşaqların görkəmi, həm də dünyagörüşləri dəyişilmişdi. Onlar artıq ali məktəblərdə təhsil almaq haqqında düşünür, götür-qoy edirdilər.

...1950-ci ildə Bakı Dövlət Universitetinə daxil oldum. Həyatımda akademik Abdulla Qarayev, professorlar Mir Cəlal Paşayev, Məmmədhüseyn Təhmasib, Məmmədəli Məhərrəmov, dosent Səidə İmanzadə kimi görkəmli ziyalıların bənzərsiz psixoloq və pedaqoq qayğısı ilə yeni mərhələ başladı.

1958-1959-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində psixologiya müəllimi və respublikanın əsas pedaqoji dərgisində - "Azərbaycan məktəbi" jurnalında işləmişəm.

1959-2014-cü illərdə, təxminən 55 il ərzində ADPU-da, əsrin məşhur pedaqoji Akademiyasında şərəfli müəllim ömrü yaşamışam.

2012-ci ildə ciddi xəstələnmişəm, uzun müddət infarkt və plevrit diaqnozları ilə aylarla müalicə olunmuşam...

- Siz, Azərbaycanda psixologiya elminin inkişafında əvəzsiz xidmətləri olan psixoloqlardansınız. Elmin bu sahəsini Sizə sevdirən amillər?

- Mən VIII sinifdə oxuyanda məktəbdə ağlı-zəkası ilə seçilən istedadlı şagirdlərdən biri olan Yaşar Qarayevlə dostluq edirdim. Biz hər gün dərsdən sonra, saat 2-3-də görüşüb indiki Nizami metrosundan aşağıda, 18 nömrəli məktəblə üzbəüz bir sahədə yerləşən kitabxanada maraqla dünya ədəbiyyatını öyrənirdik. Hötenin "Faust" əsəri ilə tanış olanda Mefistofelin aşağıdakı sözləri haqqında düşünməyə başladım. Mefistofelin replikasının önəmli parafrazası belə idi: "Mən psixoloqam. ...bax, əsl elm belə olar".

Kimdən soruşdum, bu parafrazanı açıqlayan olmadı ki, olmadı. Ancaq gecə-gündüz özümun gələcək peşəm-sənətim haqqında düşünürdüm. Mefistofelin parafrazası mənə necə də möcüzəli görünürdü... BDU-ya daxil olmaq istəyəndə isə günlərlə düşünüb araşdırdığım psixologiya şöbəsinə ərizə verdim. O dövrün həqiqətlərindən biri belə idi: psixoloq çox adam üçün öz-özünə anlaşılmaz peşə idi. Universitetə daxil olandan sonra isə öyrəndim ki, qrupda oxuyan abituriyentlər filoloq olmaq fantaziyası ilə yaşayırmış, onlar psixologiya şöbəsinə qəbul komissiyasının iradəsi ilə düşmüşdülər. Başqa sözlə, qrupda ancaq öz istəyi ilə mən psixoloq peşəsini seçmişdim... Ancaq hərdən tərəddüd də edirdim... Universitetdə təhsil aldığım günlərdə psixologiya ilə tanış olduqca, gördüm ki, səhv etməmişəm. Psixologiya elmlər sistemində fundamental yer tutan elm sahəsi kimi məşhurdur və qismətimi bu elmdə tapdığım üçün indi də özümü xoşbəxt sayıram.

- Azərbaycanda elmi psixologiyanın tarixi barədə Sizin fikirlərinizi bilmək maraqlı olar.

- Ayların, illərin axarında Azərbaycan psixologiyasında köklü bir paradoks kimi etnopsixologiya formalaşmış və inkişaf etmişdir. Elmi psixologiyanın tarixini isə, təəssüf ki, öyrənməmişik. Azərbaycanda  antik psixologiya hansı meyarlarla seçilib, ellinizm epoxasında və ya orta əsrlərdə psixoloji fikir nə ilə şərlənib? - təəssüf ki, bilmirik. XIX əsrin psixoloji tarixi də qətiyyən öyrənilməyib. XII əsrə gəldikdə... Nizami Gəncəvinin bənzərsiz psixoloji görüşləri işıq saçır.  XIII əsrdə isə Nəsirəddin Tusinin dövrün filosofu və böyük  psixoloqunun əzəmətli  portreti ilə rastlaşırıq. Nəsirəddin Tusinin "Əxlaqi Nasiri" traktatında xüsusi yer tutan xarakter (xasiyyət) konsepsiyası nəinki Azərbaycan psixologiyasında, həm də dünya psixologiyasında əzəmətli innovasiya idi. ...Nizami Gəncəvinin və Nəsirəddin Tusinin psixoloji axtarışlarının tarixi - Azərbaycan psixologiyasının fundamental tarixi isə öyrənilməyib.

Problemin başlıca fəsadlarının kökü ondan ibarətdir ki, Azərbaycanda  psixoloji fikir tarixi arxiv sənədləri ilə öyrənilməyib, Azərbaycan psixologiyasını "öyrənən" müəlliflər çox vaxt biblioqrafik axtarışlara öz-özünə meyil ediblər.

XXI əsrdə psixologiya tarixçilərinin formalaşdırılması aktual problemdir. Bu tarixi öyrənmək istəyənlər professional olmalıdırlar. Dünya psixologiyası tarixi fonunda Azərbaycanda psixoloji fikrin inkişaf yollarını sistemli bilməli, tarixçi təfəkkürü ilə seçilməlidir.

Yeri gəlmişkən bir problemi də xüsusi qeyd etmək istəyirəm. Mən tərcüməçilər problemini qeyd edirəm. Bu gün vəziyyət belədir: biz, necə deyərlər, özümüz üçün yazırıq, özümüz də oxuyuruq. Halbuki tədqiqatların dünya səhnəsinə çıxması əslində əsrin problemi kimi səslənir. Görünür, bu problemi həll etmək üçün Azərbaycan Dillər Universitetində psixoloq-tərcüməçilər qrupu təşkil etməyin vaxtı çatıb. Azərbaycan dilindən ingilis dilinə, ya alman dilinə  və ya fransız dilinə tərcüməsi artıq zamanın tələbidir. Bundan başqa,  dünya psixoloji ədəbiyyatının müvafiq dillərdən bilavasitə Azərbaycan dilinə də tərcümə olunması əlamətdar olardı. Əgər mənim, tutaq ki, "Uşaq və yeniyetmələr: seksual inkişafın psixopedaqoji problemləri" monoqrafiyam ingilis və ya rus dilinə tərcümə olunsaydı, özümü xoşbəxt hesab edərdim.

- Respublikamızda psixoloq kadrlarının hazırlanmasında əvəzsiz rolunuz olub. Neçə-neçə yetirmələriniz müxtəlif istiqamətli mövzularda namizədlik və doktorluq dissertasiyaları müdafiə ediblər. Tələbələrinizdən kimləri daha çox xatırlayırsınız?

- Bu günə qədər təxminən 30-a yaxın namizədlik dissertasiyasının elmi rəhbəri olmuşam. Onlar müasir psixologiyanın aktual problemləri sahəsində müxtəlif istiqamətlər üzrə tədqiqatlar aparmış və psixologiya üzrə fəlsəfə doktoru elmi adına layiq görülmüşlər. Onlardan bir çoxu, məsələn, Sabir Şabanov, Ramiz Əliyev, Nurəngiz Rzayeva, Elxan Bəylərov və b. məni ziyalı kimi yüksək dəyərləndirir və mənimlə yaxından əlaqə saxlayırlar.

Sabir Şabanov istedadlı gənc fizik kimi məni hələ tələbəlik illərindən maraqlandırırdı: o, universiteti fərqlənmə diplomu ilə bitirəndə mən onu elmi-tədqiqat axtarışlarına cəlb etdim. Psixologiya həmişə fizika ilə bağlı olmuşdur. Hətta eksperimental psixologiya formalaşanda psixoloqlar fizikanın tədqiqat metodlarından da istifadə etmişdilər. Mən S.Şabanov vasitəsilə psixologiyanı fizika ilə bağlayan elmi düşüncələri açmaq istəyirdim. Lakin o, universiteti bitirəndə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində işə cəlb olundu və uzun müddətdir ki, orada müxtəlif vəzifələrdə müvəffəqiyyətlə fəaliyyət göstərir.

Ramiz Əliyev bu gün respublikanın görkəmli psixoloqlarından biri kimi formalaşmışdır. Azərbaycan psixologiyasını dəyərli monoqrafiyalarla zənginləşdirmişdir. Onun "Şəxsiyyət və onun formalaşmasının etnopsixoloji əsasları", "Etnopsixologiya: qloballaşma və millilik", "Şagird şəxsiyyətinin formalaşmasında milli xüsusiyyətlərin nəzərə alınması" kimi monoqrafiyalarında Azərbaycançılığın psixoloji problemləri əzəmətlə səslənir. Müəllifin "Psixologiya tarixi", "Tərbiyə psixologiyası" kitabları ilə Azərbaycan pedaqoji psixologiyası tarixində önəmli səhifələr açılıb. R.Əliyevin "Mentalitet" (Bakı, 2009)  monoqrafiyası isə  müasir Azərbaycan psixologiyasında önəmli sosioloji-psixoloji şedevrdir. O, hazırda psixologiya elmləri doktorudur.

N.Rzayeva hazırda doktorluq dissertasiyası üzərində işləyir. Psixoloji mətbuatda müntəzəm çıxış edir. Onun dissertasiya müdafiələrində opponent kimi çıxışları da həmişə seçilir.

Elxan Bəylərov isə önəmli tədqiqatları ilə seçilir. Bu günlərdə müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə etmişdir...

- Azərbaycan psixologiya elminin ilk nümayəndələri kimlər olub?

- Azərbaycan psixologiyasının tarixi hələ sistemli öyrənilməsə də, əlamətdar tarixi var. Azərbaycan psixologiyası həmişə əsrin fəlsəfi axtarışları ilə bağlı olub. Nizami Gəncəvi və Məhəmməd Füzuli böyük insan məhəbbətinin fəlsəfi-psixoloji sirlərini dahiliklə vəsf ediblər. Nəsirəddin Tusinin bənzərsiz fəlsəfi-psixoloji axtarışları Azərbaycan psixologiya tarixində xüsusi mərhələ kimi seçilir.

XIX əsrin Azərbaycan psixologiyasında "Dərsi üsuli-cədid" konsepsiyası formalaşmışdı. Bu konsepsiya dünya psixologiyasında ilk pedaqoji təfəkkür konsepsiyası kimi nə qədər maraqlı olsa da, XX əsrin əvvəllərində onun əks-sədası eşidilmədi.

1909-cu ildə görkəmli Azərbaycan mütəfəkkiri  Ü.Hacıbəyovun Rəşid bəy Əfəndiyevlə polemikası prosesində kəşf yolu ilə öyrənmə ideyası formalaşmışdı. Zaman keçdikcə, təxəyyülün  psixopedaqogikası tarixində önəmli olan bu ideya dünya psixoloqlarının diqqətini cəlb etdi və ingilis psixologiyasında S.Brünerin "Kəşf yolu ilə öyrənmə" nəzəriyyəsi formalaşdı.

20-ci illərin əvvəllərində Ə.K.Zəkiyev, Mühiddin və A.Əfəndiyevin hələ sistemli öyrənilməmiş psixologiya dərslikləri işıq üzü gördü. 30-cu illərin psixologiya tarixi salnaməsində H.B.Şahtaxtinski, A.Əfəndiyev və A.D.Quliyevin adı hörmətlə çəkilir.

...1879-cu ildə dünyaya ilk dəfə olaraq işıq salmış psixologiya laboratoriyası eksperimental psixologiyanın  mərkəzinə çevrildi. Azərbaycan psixologiyasında isə eksperimental psixologiyanın tarixi məsələləri hələ sistemli öyrənilməsə də, bir fakt diqqəti cəlb edir: Azərbaycan fəlsəfi tarixinin önəmli ənənələri ilə inkişaf edən və özünəməxsus modellərlə fəlsəfiləşmiş Azərbaycan psixologiyasında eksperimental tədqiqatların gur səsi İkinci Dünya müharibəsindən sonrakı illərdə daha aydın eşidilməyə başlamışdır. Bu illərdə ilk hörmətli və həlledici sözlər görkəmli Azərbaycan psixoloqu Əkbər Salman oğlu Bayramovun təfəkkür psixologiyası problemlərinə həsr olunmuş sistemli tədqiqatlarında eşidildi. Azərbaycan psixologiyasında psixoloqlarımızın köklü eksperimental metodikalarla fərqlənən  eksperimental tədqiqatlarının maraqlı tarixi yaranmağa başladı. Bu önəmli təcrübəni daha da inkişaf etdirmək və müasir eksperimental tədqiqatlarla dünya psixologiyası səhifələrinə çıxarmaq dünən də əsas vəzifəmiz idi, bu gün də əsas vəzifəmizdir.

1940-1945-ci illərdə akademik A.O.Makovelski, F.İbrahimbəyov, M.Məhərrəmov, Ş.Ağayev, M.Həmzəyev, Ə.Bayramov, Q.Əzimov və b. tədqiqatları xüsusilə seçilir. Bu illərdə unudulmaz Fuad müəllimin respublika psixoloqlar cəmiyyətinin sədri kimi fəaliyyəti çoxcəhətli olmuşdur. Onun psixiatr və psixoloq kimi fəaliyyəti əlamətdardır. Fuad müəllim psixologiyanın psixiatriya qovşağında inkişaf etməsində həlledici rol oynamışdır.. Bu təcrübə ən yaxın illərdə psixologiyanın inkişaf perspektivləri üçün, şübhəsiz ki, əlamətdardır.

XXI əsrdə Azərbaycan psixologiyasının inkişafında, görünür yeni mərhələ başlanmışdır. Bu mərhələnin inkişaf yolunun işıqlı səhifələri AMEA-nın müxbir üzvü, professor B.H.Əliyevin, professor S.İ.Səmədovun, professor K.R.Əliyevanın və başqalarının tədqiqatlarında yazılır.

AMEA-nın müxbir üzvü, professor B.H.Əliyevin şəxsiyyət psixologiyasına həsr olunmuş dəyərli tədqiqatları ilə Azərbaycan psixologiyasında və məktəblilərin şəxsiyyətyönümlü təlim təcrübəsində yeni və fundamental səhifələr açılır. Professor K.R.Əliyevanın yaradıcılıq psixologiyasına həsr olunmuş fundamental tədqiqatları müasir təhsil paradiqması baxımından xüsusi nəzəri və praktik dəyərə malikdir.

Mən bu gənc psixoloqlara baxıb sevinirəm, onlar artıq müasir Azərbaycan psixologiyasının sütunlarına çevrilmişlər.  

- Müəllifi olduğunuz dərsliklər barədə.

- Azərbaycan mədəniyyəti tarixində Seyid Əzim Şirvani nəinki qüdrətli şair, həm də ilk uşaq dərsliyi müəllifi kimi şöhrətlənmişdir.

XIX əsrdə uşaq dərsliyinin yazılması böyük innovasiya idi. Bu problem bu gün  necə də aktuallaşıb. Onların konseptual modelləri müxtəlif aspektlərdə araşdırılır. Bu məsələlərdən danışarkən mən, ilk növbədə hörmətli professor Yəhya Kərimovla əməkdaşlıq şəraitində yazdığım "İlk addımlar" dərsliyini qeyd etmək istəyirəm. Dərslik kütləvi tirajla nəşr olunmuşdu. Onun səsi-sorağı Türkmənistandan, Özbəkistandan, hətta Qazaxıstandan da eşidilirdi.

Professor Akif Abbasovla yazdığım "Ailə" dərsliyinin də taleyi uğurlu olmuşdur. Dərslik iki dəfə kütləvi tirajla nəşr edilmiş və rus dilinə də tərcümə olunmuşdur.  "Ailə" dərsliyi özünün etnopsixoloji açıqlamaları ilə diqqəti həmişə cəlb etmişdir.

Görkəmli Azərbaycan psixoloqu, professor Əkbər Bayramovla birlikdə ilhamla yazılmış iki dərsliyin ("Psixologiya" və "Sosial psixologiya") həmmüəllifi olmuşam... İllüstrativ psixologiya paradoksları ilə seçilən "Psixologiya" dərsliyi 30-35 ildir ki, bakalavr məhəbbəti ilə sevilir.

Professor Hikmət Əlizadə ilə yazdığımız "Pedaqoji psixologiya" nəinki tələbələr, həm də müəllimlər üçün faydalı vəsaitdir.

Bu sualı iki qeydlə açıqlamaq istəyirəm:

1. Respublikamızda son illər ərzində 4 psixologiya dərsliyi işıq üzü görmüşdür. Lakin onlar kafedralarda müzakirə olunmamışdır, əldə edilmiş təcrübə kökündə "Psixologiya" üzrə dərslik konsepsiyası yaradılmamışdır.

Seyid Əzim Şirvaninin  ilk dərsliyi ilə Azərbaycanda uşaq dərslikləri təcrübəsi başlasa da, bu dəyərli təcrübə nə psixoloqları, nə də pedaqoqları, təəssüf ki, hələ maraqlandırmamışdır.

2. Nəşr olunmuş "Psixologiya" dərslikləri qeyri-ixtisas fakültələrində uğurla tətbiq olunur, lakin psixologiya fakültələri üçün xüsusi yönümlü  dərsliklərin yazılması son dərəcə aktual problem hesab olunmalıdır.

- Hörmətli Əbdül müəllim! Müasir təhsil nəzəriyyəsində inkişaf psixologiyası məsələləri müəllimlərinin təcrübəsində artıq geniş işıqlanır. Psixoloji araşdırmalarda bu konsepsiya necə açıqlanır?

- Məktəb illər boyu, əgər belə demək mümkünsə, bilik tilsiminə düşmüşdü. Uşaqlara bilik verməyə, nəyi isə öyrətməyə çalışıblar. Ancaq bunun texnologiyasını  axtaranda XIX əsrdə ancaq bir üsulla - "oxu, yadında saxla" suallarına söykəniblər. Elə bu texnologiya ilə də, sent-Ekzüperinin sözləri ilə desək, məktəbdə "Motsartları" öldürüblər.

İstər 30-50, istərsə də 60-100 illərdə  mental psixopedaqoji tədqiqatlar axarında ilk dəfə olaraq tədricən inkişaf konsepsiyası formalaşdı. Biliklərin qiymətləndirilməsinin fəlsəfi əsaslarında yeni və önəmli bir faktor - K faktoru, keyfiyyət faktoru kök salmağa başladı. Mənimsəmənin psixoloji kriteriyaları dəyişdi. İnkişaf faktoru əmələ gəldi. Mənimsəmə isə inkişafın başlıca vasitəsi sayılsa da, "Təfəkkür. İntellekt. Təxəyyül" mənimsəmə prosesinin ana xətti kimi dəyərləndirilməyə başladı: bu kökdə də inkişafın ənənəvi məktəbə bəlli olmayan inkişaf konsepsiyası formalaşdı.

İnkişaf nədir? G.Lefransuanın interpretasiyasında inkişaf paradoksunu təfsir edək. Müəllif yazır: "İnkişafın psixologiyası insanların necə inkişaf etməsini və dəyişməsini, eyni bir şeyi müxtəlif ölçülərlə necə qavranmasını açıqlamağa və izah etməyə çalışır. Kontekstin inkişaf təsirini araşdırır. Müxtəlif yaşlı və cinsli inkişaf xarakteristikası haqqında müəllimlərə zəruri informasiya verir. Müəllim həmişə bilməldir ki, şagirdlər üçün nə maraqlıdır, onlar nəyə qadirdilər və öyrənməyə nə qədər hazırdırlar?

G.Lefransuanın fikrincə, kontekst ətraf mühit, ilk növbədə, mədəniyyət, nəsillər, ailə, tarixi hadisələr və təhsil - inkişafın spesifik şəraitidir.

Bu məsələlər Jan Piajenin intellektual inkişaf nəzəriyyəsində sistemli açıqlanır. Aşağıda bu konsepsiya əsasında koqnitiv strukturlar özünəməxsus trinadalı parametrlər kökündə - "Təfəkkür. İntellekt. Təxəyyül" kontekstində açıqlanır.

Azərbaycan məktəbi təfəkkürün uzun müddət açılmamış sərhədlərini artıq uğurla fəth etmişdir. Məktəb təcrübələrində onlarla maraqlı texnologiyalar artıq vətəndaşlıq hüququ qazanmışdır. Təfəkkür konsepsiyasının formalaşması XX-XXI əsrlərin psixologiyasının əzəmətli nailiyyətidir. Müasir təhsil nəzəriyyəsi təfəkkürü koqnitiv inkişafın zirvəsi sayır və XX əsrdə, eləcə də XXI əsrdə məhz bu kökdə inkişaf edib. Müasir məktəbin təfəkkürün modelləşdirilməsi kökündə uğurları böyükdür. Onların, sözün əsl mənasında, sistemli paradiqmalarla açıqlanması əsrin aktual psixopedaqoji problemi kimi önəmlidir. Kurikulum dərsləri bu problemlərin həllində yeni və maraqlı səhifələr açıb. Yaxın gələcəkdə məktəbin uğurları məhz təfəkkür dərslərinin sistemli ölçülərlə modelləşdirilməsi ilə əlamətdar olacaqdır.

XX əsrin psixopedaqogikasında təfəkkür koqnitiv inkişafın episentri sayılıb və bu gün də sayılır. XXI əsrdə isə bu əzəmətli postulat artıq dixomatik ölçülərlə dəyərləndirilməyə başlanıb. Azərbaycan psixologiyasında yeni konsepsiya-təxəyyül konsepsiyası formalaşıb və məhz əsrin psixopedaqogikasının nailiyyəti kimi dəyərləndirilir.

Müasir pedaqoji psixologiyada təfəkkür konsepsiyası vüsətli inkişaf edir. Məlum proqnozlara görə yaxın gələcəkdə əsrin psixopedaqogikasında yeni və əzəmətli bir konsepsiya - şagird intellektinin inkişaf konsepsiyası formalaşacaq. Təfəkkürün inkişafı konsepsiyası intellektin inkişaf konsepsiyası kökündə yeni paradiqmalarla inkişaf edəcək. Şagirdlərdə intellektin formalaşması və inkişafı əsrin prioritet problemi kimi səslənəcək. Bu, bizim fikrimizcə, önəmli psixoloji proqnoz kimi dəyərləndirilməlidir.

İntellekt psixologiyasının önəmli konnatasiyaları var. İntellekt psixologiyası müxtəlif konseptual modellərlə əlamətdardır. Biz intellekti kreativlik kontekstində açıqlamağa önəm veririk. Kreativlik, D.Mayersin qeyd etdiyi kimi, yaradıcılıq qabiliyyətidir, yeni və qiymətli ideyaların yaradılmasını şərtləndirir. İntellektin strukturunu bu baxımdan təhlil edəndə onun qaynaqlarında, bir tərəfdən digergent təfəkkür, digər tərəfdən təxəyyül aydın görünür. C.Gilfordun tədqiqatlarına söykənəcək, yaradıcılıq elə bu qaynaqlarda inkişaf etməyə başlayır.

Göründüyü kimi, görkəmli psixoloqolar (C.Kettel, Spirmen, Veksler, Gilford və b.) intellektin sirlərini əslində təfəkkürün sirlərində axtarmış, intellektin strukturunda özünəməxsus rola malik olan təxəyyül faktorlarına isə mahiyyətcə əhəmiyyət verməmişlər.

Təxəyyül inkişaf konsepsiyasında əzəmətli fenomendir. A.Eynşteyn deyirdi: - Mən intuisiya və təxəyyülə inanıram. Təxəyyül bilikdən önəmlidir, çünki bilik məhduddur, təxəyyül isə dünyada nə varsa, hamısını əhatə edir. Təxəyyül tərəqqinin stimuludur və tərəqqinin mənbəyidir.

Təxəyyül klassik psixologiyada idrak prosesi kimi mənalandırılıb və öyrənilib. Müasir psixologiyada isə təxəyyülün əvvəlki dövrlərdə açıqlanmamış önəmli sirləri - kreativ proses kimi, yaradıcılıq prosesi kimi psixoloji sirləri, necə deyərlər, kəşf olunub. A.Eynşteynə görə, kəşf yolu, başqa sözlə, bizim fikrimizcə, əsrin Nobel münasibətlərinə gedən əzəmətli yol qeydsiz-şərtsiz təxəyyüldən başlayır.

Müasir psixologiyada təxəyyül nəzəriyyəsi incəsənət prinsipləri kimi araşdırılır (R.C.Kollivud) və onun inkişaf treninqlərinin sistemli öyrənilməsi müasir pedaqoji psixologiyanın prioritet problemi kimi qiymətləndirilir.

Təfəkkür, intellekt və təxəyyül! Bizim fikrimizcə, müasir təhsil nəzəriyyəsi və təcrübəsi XXI əsrdə  ancaq və ancaq bu fundamental psixoloji bünövrə əsasında uğurla inkişaf edə bilər və inkişaf edir. Müasir pedaqoji psixologiyada "Kəşf yolu ilə öyrənmə" konsepsiyası formalaşmışdır. Təcrübəli müəllimlər təxəyyülün inkişafı texnologiyasını məhz bu konsepsiyanın parametrləri ilə araşdırırlar.

- A.Ekzüperi paradoksunu necə təhlil etmək olar?

- Pedaqoji psixologiyada Antuan de sent-Ekzüperi paradoksu sosial-mədəni koqnitiv inkişaf nəzəriyyəsinin ana xətti ilə - məhz mədəniyyət və sosial faktların təsiri ilə bağlıdır.  A.Ekzüperi yazırdı: -Hazırda orta səviyyəli, birtəhər üçlə oxuyan şagirdin təbiət hadisələri və insan məişəti barəsində Dekart və Paskaldan çox məlumatı var. Ancaq həmin şagirdlərin onlar kimi düşünmək, fikirləşmək qabiliyyəti vardırmı?

Bu problem pedaqoji psixologiyanın köklü problemlərindən biridir. Onun episentrində şagirdlərin koqnitiv strukturlarına, necə deyərlər, möcüzəli fikir toxumu səpən qüdrətli müəllimin müasir obrazı canlanır, başqa sözlə, füsunkar koqnitiv strukturların sosial-psixoloji problemləri var və bu problemlərin həllində ilk hörmətli sözü müəllimlər yazırlar. A.Ekzüperi paradoksu son dərəcə maraqlıdır. Onu ancaq və ancaq Jan Piajenin konseptual modeli ilə açıqlaya bilir.

Jan Piaje müəyyən etmişdir ki, 7-8 yaşların arasında uşağın koqnitiv strukturunda mental aktlar üstünlük kəsb edir. Uşaq bu dövrdə şeylərin mahiyyətini anlamağa başlayır: onlar haqqında "fikirləşə" bilir. Fikirləşə bilməyəndə ritorikaya meyil edir, dərsdə əzbərçilik edir, sual verə bilmir...

Bu problem pedaqoji psixologiyanın köklü problemlərindən biridir.

"Sivilizasiyanın başlıca məqsədi insanlara, bizim misalımızda fikirləşməyi öyrətməkdir" (T.Edison) - dünya psixologiyasının başlıca  parafrazalarından  biri belədir. Bu problemləri necə həll etmək olar? T.Edisonun fanatları məktəbdə şahmat dərsləri (və ya treninqləri) təşkil etməyi məsləhət görürlər. Şagirdin şahmat dərsləri ideyası nə qədər maraqlı görünsə də, hələ eksperimental ölçülərlə təsvir olunmamışdır.

Bu gün bu sahədə görkəmli müəllimlərin sınağından keçmiş və özünü doğrultmuş sual texnologiyasının müasirləşməsi problemi xüsusilə aktuallaşır.  Dərsdə uşaq (şagird) sualları öz-özünə azalır - bu faktı müəllimlər öz müsahibələrində qeyd etsə də, onu doğuran səbəblər hələ sistemli öyrənilməyib. Onun monitorinq effektlərini açıqlayanda isə hər şeydən əvvəl, müəllimlərin sual texnologiyası problemi ilə rastlaşırıq. Bəzi fundamental faktları xatırlayaq.

Eynşteyn məktəbdə çətinliklə oxuyurdu. Bəzi müəllimlər onu hətta avara hesab edirdilər,  o, dərslərdə fikri dağınıq görünürdü, intizamı da ara-sıra pozurdu. Onun yaxşı oxumamasının səbəblərini psixoloqlar araşdıranda məlum oldu ki, şagirdin suallara birbaşa cavab verməməsi müəllimləri hövsələdən çıxarırdı. O, müəllimlərin suallarına cavab vermək əvəzinə müəllimlərə yersiz görünən "əlavə suallar" verirdi. Əgər üçbucağa başqa tərəfdən baxsaq nə olar? Əgər suya qatsaq nə olar? və s.

Günlərin bir günündə Pikasso demişdi: "Mən əvvəl Rafael kimi şəkil çəkirdim, ancaq uşaqlar kimi şəkil çəkməyi öyrənmək üçün mənə bir ömürlük həyat lazım olmuşdur". Uşaqların özünəməxsus koqnitiv üslubları var. Bu uşaq üslublarını kəşf edən müəllim, şübhəsiz ki, əsl praktik psixoloqdur.

U.Kreyn bu paradoksu Russo və Gezelin, Piaje və Montessorinin araşdırmalarına söykənərək yazır: "Əgər biz həddindən artıq uşaqlara təsir göstəririksə, onlara özümüzün vacib hesab etdiyimiz şeyləri öyrədiriksə, uşaqları öz kəşflərini etmək imkanından məhrum edirik".

Bu məsələləri araşdıranda biz yeni paradoksla - sual paradoksu ilə rastlaşırıq. Dünya mədəniyyəti tarixində bu problem vaxtilə Sokrat  məktəbində həll olunmuşdur. Sual problemi üç tərifli problemdir. Müəllim şagirdə sual verir və bu onun ənənəvi tərəfidir.

İkinci tərəf: şagird müəllimə sual verir. Müəllimin şagird suallarına interpretasiyasının məntiqi xüsusilə önəmlidir. Şagird suallarını əlavə məntiqi suallarla açıqlamaq və dərsdə "fikirləşmiş situasiyası" yaratmaq texnologiyasına əsaslanmaq psixoloji baxımdan ən adekvat yoludur.

Üçüncü tərəf: şagird (lər) şagirdə sual verir. Bu mental məqamda müəllimin missiyası nədən ibarət olmalıdır? O, maestro Niyazi kimi uşaqların mental simfoniyasını açıqlamalıdır. Sual nəzəriyyəsi və təcrübəsində şagirdin  şagirdə sual verməsi əslində yeni hadisədir. Şagirdlərin inkişafında onun da özünəməxsus rolu var. Ənənəvi məktəb sual piramidasında bu maraqlı qatı görə bilməyib, müasir məktəb isə onu məharətlə kəşf edib.

Müəllimin sual-cavab texnologiyası son dərəcə önəmlidir. Bu texnologiyanın  şagird təfəkkürünün, intellektinin və təxəyyülünün inkişafında töhfələri necə də əlamətdardır.

- Adınız çəkiləndə işıqlı, xeyirxah əməlləriniz göz önündə dayanır. Əməkdar elm xadimi, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, "Şöhrət" ordenli, psixologiya elmləri doktoru, professor Əbdül Əli oğlu Əlizadə ömrünü həsr etdiyi elm sahəsində daha nələri etmək istərdi?

- Əsrin fundamental problemlərindən biri insan münasibətləri problemidir. İnsan bir şəxsiyyət kimi bu münasibətlərdə mövcuddur, bu münasibətlərdə yaşayır, onlarla nəfəs alır, insan mehrinin, məhəbbətinin kökləri elə münasibətlərdədir. Bu problemi sistemli öyrənmək, dəhşətli psevdoinsan münasibətlərinin psixoloji sirlərini açmaq istərdim. Müəllim-şagird münasibətləri bu kontekstdə necə də önəmlidir?

Bu gün məni iki köklü problem də düşündürür.

1. Azərbaycanda psixologiya fakültələrində psixologiya tədrisinin müasirləşdirilməsi problemi xüsusilə aktuallaşıb. Biz necə edə bilərik ki, Azərbaycan  psixoloqlarının səsi dünya səhnələrində eşidilsin?! Bu baxımdan psixologiya fakültələrində müasir dünya psixologiyasının nəzəri-metodoloji  və eksperimental konsepsiyalarının sistemli öyrənilməsi prioritet problem sayılmalıdır.

2. Məktəb psixoloqları ştatının əmələ gəlməsi məktəb tarixində önəmli hadisədir. Onlar məktəbin psixopedaqoji problemlərinin həllində fundamental rol oynamalıdırlar. Bu gün isə... məktəbin hətta adi psixopedaqoji problemlərinin həllində məktəb psixoloqlarının səsi eşidilmir ki, eşidilmir. Məktəb psixoloqlarının konseptual modelinin yaradılması bu gün necə də aktualdır?!

- İnsanın psixoloji kamilliyi daha çox ailədən asılıdır, yoxsa cəmiyyətdən?

- Bu problemin, necə deyərlər, statistikası sistemli açıqlanmayıb. Onların hər ikisi həlledici problemdir, ancaq hər birinin köklü təsir sahəsi var. Bu fundamental sual son dərəcə maraqlı problemlərin sistemli açıqlanmasını tələb edir. Aşağıda problem, ailənin sosiallaşması kontekstində xatırlanır.

Bu problemi araşdıranda, ilk növbədə, boşanma dalğalarında əmələ gələn ikinci və ya üçüncü ailələrdə ögey ata və ögey uşaq(lar) problemi aydın səslənir. Boşanma girdabına düşmüş uşaqların tərbiyəsi problemi Azərbaycan psixopedaqogikasının aktual problemlərindən biri, bəlkə də birincisidir.

Ailədən kənar sosiallaşma prosesləri də çoxprofillidir. Bu məsələni araşdıranda, biz uşaq submədəniyyəti problemi ilə rastlaşırıq. Uşaq ənənələri uşaq submədəniyyətinin köklü şərtlərindəndir. Bu problemin psixopedaqoji açması belədir: uşaqlar bir-birlərini tərbiyə edirlər. Elə bu dalğalarda uşaqların yolu haçalanır: sosial davranışı və anti-sosial davranışlı uşaqlar meydana çıxır. Uşaqların qarşılıqlı münasibətlərinin yaş stixiyası necə də önəmlidir?! Şəxsiyyətin  mixi yazıları kimi sirli-düyünlü olan mənəvi naxışları bu proseslərdə vurulur. Anti-sosial qruplara qoşulmuş uşaqla ailənin faciəsi başlayır. Cəmiyyətin də elə bu sahədə özünəməxsus problemləri yaranır.

- Bir mütəxəssis-alim  kimi bugünkü gənc nəslin psixologiyasında Sizi qane edən və etməyən cəhətlər hansılardır?

- Bu gün Mübariz kimi qüdrətli oğlanların və potensial qəhrəmanların formalaşması ilə Azərbaycan mədəniyyətində fundamental səhifələr açılır. Onlar əzəmətlidirlər, qüdrətlidirlər, xeyirxahdırlar. Özlərinə və başqa adamlara hörmətlə yanaşırlar. Ata və analarına böyük insan qayğıları ilə yanaşırlar... Qızlarımız da əzəmətli mənəvi məziyyətlərlə seçilirlər. Onlarla haqlı olaraq fəxr edirik. Lakin böyük ailə həsrəti ilə yaşayan bəzi oğlanlar və qızlar, ailə quranda isə tələsirlər, bir-birlərini yaxşı tanımırlar və  ailə məkanında da səhv addımlar atırlar.

- İnsanın doğulduğu məkan ona ana qoynu qədər müqəddəsdir. Şuşa, Malıbəyli... neçə illər keçib o ayrılıqdan?

- Şuşa ilə, Malıbəyli ilə ayrılıqdan 20 ildən çox keçsə də, mən  gecə də, gündüz də onlarla yaşayıram. Şuşanın, Laçının və ya Kəlbəcərin,  dünyaya göz açdığım Malıbəylinin əzəmətli dağlarını və füsunkar çəmənlərini xatırladıqca, onları xalq rəssamı Səttar Bəhlulzadənin sehirli politrası ilə xəyalımda canlandırıram, müqəddəs torpaqlarını öpürəm, həmişə böyük Vətənimin böyük həsrəti ilə yaşayıram.

- Ömrünüzün bu müdrik çağında Azərbaycanın hansı guşəsinə səyahət etmək istərdiniz?

- Ancaq  və ancaq Şuşaya, ancaq və ancaq Malıbəyliyə...

Bu səyahət mənim üçün taleyin böyük vətəndaşlıq qisməti olardı. Mən bu qismətə ürəkdən inanıram.   

 

Go Back

Sorğu göndər