QADIN OLMAQ..... bu anlamı izah etmək, bu hissi yaşamaq qədər acı, şirin və çətindir. Kiminə görə bu ailə qurduqdan , kiminə görə ana olduqdan, başqa birinə görə çətinlikləri tək çiyninə aldığı gündən yaşamaqdır qadın olmaq .
Mən bu məqalənin bir qadının həyatında yaşadığı qadınlıqdan yazacağam. Arzularının, xəyalarının çin çıxdığı gün ailə qurdu, özünün ailəsi olduğuna sevinib qadın oldu. Amma o qədər qısa bir vaxtda bu hiss tərk etdi ki onu. Bəlkə, hamı kimi o da çətinliyi yaşayırdı xəyanəti, yalanı....
Beləcə, təsəvvüründə yaratdığı o hisslər, yaşantılar qısa vaxtda heç oldu. Böyük bir boşluqda tək qaldı. Əslində o vaxt qadın olduğunu anladı, dərk etdi. Qadın olmaq ona zaman-zaman mübarizə aparmağı, yenilməməyi, güclü olmağı öyrətdi.
Ətrafımda olan qadınlardan, cəmiyyətin bizə olan münasibətindən öyrəndim qadın olmağı. Yaşadıqlarını silib yenidən başalamaqdır qadın olmaq. Çətin olsa da, eyni yolu büdrəmədən getməkdir. Bu həyatın qadına verdiyi cəzası, yoxsa hədiyyəsimidir, bilmirəm, bunu yolun sonunda biləcəyik.
Mənimçün qadınlığın rəmzi Həzrəti Fatimə, Zeynəbdir. Əxlaqıyla, ifftilə, namusuyla pak olmaqdır qadın olmaq.
Qəhrəmanım qadın olmağı bir də ana olduqda duymaq istərdi. Övladını ağuşuna alıb qoxusunda, nəfəsini nəfəsinə çəkdiyində qadın olmaq istərdi. Sevib də sevildiyində dadmaq istrədi bu anlamı. Köksündə sızlayan ağrılarda yox, ona əzab verən fikirlərində yox, gizli qalan hisslərində də yox, doya-doya xoşbəxt yaşadığında qadın olmaq istərdi. Qadın olmağı yaşaya bilmədiyi bəlkələrdə, kaşkilərdə, ürəyində saxladığı nəysələrdə yox, həqiqətində, saflığında, hörmətində görmək istərdi...
Bir də qadın olmağı övladlarını tək böyüdən, əzablarını çiynində daşıyan, ağrılarını qəlbində yaşayan anaların gözündə gördüm. Cavan-cavan yoldaşları şəhid olan gəlinlərin göz yaşlarında, oğullarının cəsədlərini torpağa verən anaların ağılarında, torpağını itirən vətənin harayında gördüm qadın olmağı.
Bir ananın laylasıdır QADIN OLMAQ!
Şərəfinlə yaşayıb, şərəfinlə ölməkdir QADIN OLMAQ!
Bəşəriyyətə nəfəsinlə can verməkdir QADIN OLMAQ!
Xoşqədəm Bədəlova - Praktik Psixoloq