Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Qadın Olmaq"

Qadın zəriflik təcəssümüdür - RAMİN MƏMMƏDLİ

 

Qadın gülərsə, şu issız mühitimiz güləcək,
    Sürüklənən bəşəriyyət qadınla yüksələcək...
Hüseyn Cavid

 

Qadın zəriflik təcəssümüdür,amma baxın dahi mütəfəkkirimiz qadının gücünü,dəyərini və ucalığını necə gözəl ifadə etmişdir.Həqiqətən də belədir,tarixən bəşəriyyətimizdə qadınlar zəriflik nümunəsi olaraq göstərilsə də onların bir sözü bir insanı,ölkəni və ümumilikdə bir cəmiyyəti yaxşı yöndə dəyişikliyə gətirib çıxarmışdır. Anasız uşaq necə ola bilmirsə, nəfəs olmadan necə həyat ola bilmirsə,susuz bitki necə yaşaya bilmirsə,qadınsız bir cəmiyyət da əsla düşünülə bilməz.Qadınlar özlərini kəşf etdikcə cəmiyyət də özünü dərk edər və böyüyər özünü inkişaf etdirər.Məhz qadın kimi,sevildikcə gözəlləşər.Qadına sadəcə və sadəcə dəyər verməyi bacarmalıdır insanlar.Təbii ki,yaxşı yönləriylə bərabər qadınlara şiddəti də qeyd etmək lazımdır.Elə ölkəmizin qadınları da “ruhi xəstəliyi” əks cinsin nümayəndələri olan insanlar tərəfindən şiddətə,təcavüzə uğrayırlar.Gəlin etiraf edək ki,təcavüzə uğramış bir qıza   günahkar gözüylə baxan insanlarıq.Amma heç kim qarşı cinsi yəni kişiləri günahlandırmır.Bilirsiz niyə?!Çünki,etiraf edək ki,kişilərin hakimiyyət üstünlüyü şəraitində yaşayırıq bu dünyada.Və nəticə olaraq,qadın daim ikinci planda qalır və günah da qadının üzərinə atılır.Mən isə kişi cinsinin nümayəndəsi olaraq bu məqaləni yazıram,amma bu o demək deyildir ki.doğruları deməməliyəm.Hər zaman haqq tərəfdarı olmuşam.Qadınların daha yüksək məqama çatması haqda müqəddəs İslam dinimiz “Cənnət anaların ayaqları altındadır” deyə buyurmuşdur.Sizcə qadına bundan daha önəmli dəyəri kim verə bilər,əlbəttə Uca Allah qiymət vermişdir.

 

Bir oğlana təhsil versən bir insana təhsil vermiş olursan,

Bir qıza təhsil versən bir Ailəyə təhsil vermiş olursan.

                                                                                                                           H.Z.Tağıyev

Bu sözlərin müəllifi olan məşhur xeyriyyəçimiz H.Z.Tağıyev haqda yəqinki eşitmişsinizdir.Yəqin onun XX əsrin əvvəllərində təzadlı günlərini yaşayan Bakıda şərqin ilk Müsəlman qız məktəbi açdırma cəhdlərini də bilirsinizmi?!Bakıda qız məktəbi açmaq istəyən Hacı Zeynalabdin Tağıyev əvvəlcə imperator III Aleksandrdan icazə istəsə də yox cavab alır.SonraII Nikolay taxta çıxanda Tağıyev yenə cəhdlər edir.1895-ci ildə Nikolayın tacqoyma mərasimində Zaqafqaziya müsəlmanlarını təmsil edən H.Z.Tağıyev fürsəti əldən vermir,çarın xanımı Aleksandra Fyodorovnaya çox bahalı hədiyyə bağışlayır və Bakıda onun adına qız məktəbinin açılmasını xahiş edir.1896-cı ildə şifahi,2 il sonra isə rəsmi razılıq alır.Bundan sonra o məktəbdə yüzlərlə müsəlman qızlarımız təhsil almağa başlayır.Bu o dövr üçün inqilabi bir iş idi və uğurlu da oldu.Elə indiki zamanda da bəzi regionlarda ailələrin qız uşaqlarını təhsildən yayındırmalarını eşidirik.Təəsüf ki,bunu din adı altında guya “qızları qorumaq” fikri ilə edirlər.Amma bilmirlər ki,bununla onların gözlərini bağlayır və dünyadan təcrid edirlər.Elə lap dinimizi götürək,əslində İslam dini də müqəddəs kitabında “Beşikdən qəbrədək elm öyrənin” deyə insanları doğru yola çəkir,amma bəzi düşüncəsi geri insanlar bunu anlamırlar və səhv yolla gedirlər.Bir daha qeyd edirəm,təhsil qadın üçün önəmli bir faktordur.

Son illər geniş hal almış bir mənfi durumdan bəhs etmək istəyirəm.Belə ki,bizim mentalitetdə “yeddi oğul istərəm bircə dənə qız gəlin” deyimini eşitməmiş olmazsınız?!Belə ki,bu deyim hələ yaxşıdır,amma bizim bəzi “gələcəyi düşünən” insanlarımız qız övladını istəmirlər,imtina edirlər və ya bəzi yollarla onların dünyaya gəlmədən məhvinə şərait yaradırlar.İlk öncə bu bir günahdır,ikincisi qız övladı doğulmasa gələcəkdə ölkədə qızlar olamayacaq və bu zaman nə edəcək bizim millət.Bu siyahını uzatmaq da olar və nəticə odur ki,bu düzgün yol deyil,amma dediyim kimi təəssüf ki ailələr bunu bilərək edirlər.Bunun üçün sosial təbliğatlar aparmaq lazımdır,ən azından gələcəkdə belə hallar azalsın və insanlar maariflənsin deyə.

Bir nəzər salsaq bizim məşhur,elmdə,sənətdə ad qoymuş sənətkar Qadınlarımızda az deyil.Götürək,İlk qadın oftalmoloq Zərifə Əliyeva,şərqdə ilk opera yazan qadın Şəfiqə Axundova,ilk maarifçi qadınlardan Həmidə Cavanşır və sairə adlar çəkə bilərik.Eləcə də,əlinə silah alıb vətən uğrunda döyüşən mərd qadınlarımızı da unutmayaq.Bununla onu demək istəyirəm ki,qadınlar da güclüdür və atalar “Aslanın erkəyi dişisi olmaz” deyiblər.Həqiqətən də belədir və sadəcə qadınların inkişafı üçün onlara yol açmaq və onların necə ki saydığım məşhur Azərbaycanlı qadınlarımız kimi ailədə,cəmiyyətdə yer tutmalarına imkan yarada bilərik.Qadınlara sadəcə biraz sevgi,qayğı və dəyər verin,o zaman bu dünyanın da gözəlləşdiyini görəcəksiniz.

 

 

Yazıb hazırlayan : Məmmədli Ramin

 

 

 

Go Back

Bütün dünyaya işıq saçmaqdır qadın olmaq - ŞƏHLA MİRZƏZADƏ

                                            

Qadın olmaq...

Müsabiqənin elanını görəndə ilk düşündüyüm “axı həqiqətən nə deməkdir qadın olmaq ”  və niyəsə ilk ağlıma gələn də  elə bu oldu “ana olmaqdır qadın olmaq”...

Qadın olmaq dünyaya ilk göz açdığın gündən bir atanın namusu,bir qardaşın başucalığı,bir bacının dayağı və bir ananın ürəyi olmaqdır əslində..

Qadın olmaq xanımlığının dəyərini bilib xanım kimi davrana bilməkdir əslində..

Örnək bir xanım..Hər kəsin hörmət etdiyi,cəmiyyətdə mövqe və söz sahibi,valideynlərinin fəxri,bacı qardaşının qürur mənbəyi,həyat yoldaşının bütün həyatının yoldaşı və övladlarının bütün dünyası ola bilməkdir qadın olmaq ...

Bu beş hərfli qadın sözü gör nə qədər mənaları topluyur özünə :namus ,qeyrət,şərəf,xoşbəxtlik,uğur,xanımlıq,dostluq,sevgi və ana...

Qadın olmaq ...qadınlığın ən yüksək zirvəsdir ana olmaq ..axı cənnət anaların ayaqları altındadır deyib peyğəmbərimiz..Yəqin ona görə cənnət qoxur analarımız...

Qadın olmaq dünyaya ilk göz açdığın vaxtdan məsuliyyətini dərk etməkdir əslində..

Qadın olmaq göz yaşlarını silib yenidən hər dəfəsində həyata yenidən gülə bilməkdir əslində..

Qadın olmaq xoşbəxtliyi bədbəxtlik,sevinci kədərlə birlikdə yaşaya bilməkdir bəzən..

Qadın olmaq 9 ay bətnində gəzdirdiyin körpənin acısını yaşamaqdır bəzən..

Qadın olmaq yuxusuz gecələrdir ...

Qadın olmaq səhər işdə ,axşam evdə sevinc paylamaqdır ərtafa ...

Qadın olmaq təbəssümdür  ...

Qadın olmaq gözlərin ,dodaqların güləndə içinin qan ağlamasıdır bəzən..

Qadın olmaq zəriflik donu geyindirilmiş əsgər olmaqdır əslində ..

Həyata,çətinliklərə ,haqsızlıqlara sinə gərən ,mübarizə aparan əsgərdir qadın olmaq,

Hər qələbəsində daha da ucalan ,hər məğlubiyyətində daha da güclənən əvəzolunmaz qəhrəmandır qadın olmaq ...

Qadın olmaq qorxuyla baxan gözlərdi bəzən...

Müharibələrə ,terrora,vəhşiliklərə qorxuyla baxan bir cüt gözdür qadın olmaq...

Acizlikdən səssizliyi ilə üsyan etməkdir həyata ..

Qadın olmaq  qaranlıq küçələrdə yalnız qalmaq kimi ürküdücüdü bəzən..

Qadın olmaq başqalarının həyatına görə qurban verilməkdir bəzən..

Qadın olmaq həyata dair minlərlə xəyalın varkən ,

Soyuq bir meşədə kimsəsiz tapılmaqdır bəzən...

Qadın olmaq müharibədə əsir düşüb

Həyata qaranlıq pəncərədən baxmaqdır dəniz mavisi gözlərlə..

Qadın olmaq həyata meydan oxumaqdır bəzən..

Özünü məğlubedilməz bilən birini

Sevgisiylə diz çökdürməkdir qadın olmaq ..

Qadın olmaq isti bir qucaq,isti bir ürək və isti əllərdir bəzən..

Bəzən heçnəyə baxmayaraq həyata qalib gəlməkdir qadın olmaq..

Və əslində qadın olmaq bütün gözəlliklərdə var olmaq deməkdi dünyada..

Günəşin doğuşunda,

Qürub vaxtı səmanın alovlanışında..

Gecə vaxtı qaranlıq səmada ulduzların parlayışında ,

Göyqurşağının yeddi rəngində,

Dənizin dalğalanışında,

Yaşıl meşələrin şırıltı ilə axan bulaqlarında,

Gülən bir körpənin təbəssümündə,

Körpə bir uşağın gözlərində,

Gizlənə bilməkdir qadın olmaq ...

Və əslində həyatın düz mərkəzində

Bütün dünyaya işıq saçmaqdır qadın olmaq...

Şəhla Mirzəzadə 
Azərbaycan Tibb Universitetinin Pediatriya fakultəsinin məzunu 
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkimi 

 

Go Back

Qadın tam bir dairədir. İçində yaratma, bəsləmə və döndərmə gücləri vardır - VEİS QURBANOV

    Sözlərimi təbiət alimi Diane Mariechildin sözləri ilə başlamaq istərdim. "Qadın tam bir dairədir. İçində yaratma, bəsləmə və döndərmə gücləri vardır". Bəli, Mariechildin düşüncəsindəki kiçik bu cümlə çox böyük bir fikri ifadə etməklə yanaşı qadının tanrıya bərabər bir güc, qüvvə olduğunu əks etdirir. Qadın eyni zamanda bəşəriyyətin davamçı qolu, tanrının yaratdığı ülvilik, gözəllik, təmizlik rəmzidir. Qadın kimdir? Qadın olmaq nədir? Qadınlıq hissi nədir? Bu suallar ta qədimdən bu günə qədər insan övladını düşündürmüş, qadının müxtəlif anlayışların məcmuu halı kimi qələmə vermişlər. Qadın uşaqdır-o doğularkən ağlayar, bəzən onu sevməzlər, bəzəndə onu tapmazlar. Qadın yeniyetmədir-o çox gözəldir. Hər kəs ona heyranlıqla tamaşa edər. Bəzən həddən çox küskün, bəzəndə həddən çox sevimlidir. Qadın gəncdir- Hisləri ilə düşəncələri fərqlidir. Hər kəs ona sahib olmaq istəyər. Bəzən hisləri onu aldadar, bəzəndə onu əhatə edən mühitin təsiri altında hislərini gizlədər.  Özünə qapanıq həyat sürər. Bəzən öz həyatını yaşamaz, sevməz, bəzəndə sevdiyi üçün hər şeyi edər. Qadın həyat yoldaşıdır- Sevən, hörmət bəsləyən, sadiq, namuslu həyat yoldaşı.O həm sevgilidir, həmdə dostdur. Gedə bilməyəcəyin sonunucu dayanacağı sənə görə sona qədər gedən addımlarını geri çevirməyən həyat yoldaşı. Qadın anadır- Bəşəriyyətə övlad bəxş edən ana! Ulularımız demiş, kirpiyi ilə od götürüb, yuxusuz gecələrində bezməyən, balasını canı ilə, qanı ilə bəsləyən Ana! Bəzən övladı üçün nağıl qəhramanı olan, bəzəndə həzin laylaları ilə bülbül ehtivası çıxaran xanəndə Ana! Qadın mələkdir-"Qadın elə bir mələkdir ki, bizi uşaq ikən qoruyur, gənc ikən xoşbəxtliyimiz üçün çalışır, qocalanda isə təsəlli verir".( Avreli Avqustin).

     Tarixin müəyyən zamanlarında qadınlara acizlik, ağılsızlıq, cahillik, saf və bacarıqsız bir varlıq kimi baxmışlar. Qadın bu yalnış qaydalar istiqamətində özünü bu görünüşə salır və bu ruhu yaşamaq zərurəti istər-istəməz qəbul edir. Özü üçün müəyyən  edilən bu əhval onda bütün rəftar və davranışları ilə fərqli bir şəxsiyyəti meydana gətirir. Bu ruhi və psixoloji zəifliyin  onun qadın olmasının  gərəyi olduğu və bunun təbii olduğu yanlışlığı şüura yeridilmişdir. Cəmiyyətin qazandığı ağılsızlıq, cəhalət, bacarıqsızlıq rolunu mənimsəyən qadın zamanla, həqiqətən, ağılsız, bacarıqsız və cahil hala düşümüşdür. Bəzi zamanaların tələbləri qadının  ancaq onu qadın edən xüsusiyyətləri ön plana çıxa bilər. Ağıl və əxlaq gözəlliyinin yerinə üz və bədən gözəlliyi, cazibədar olması, baxımlı və emosiyalı olması kimi. Bəzi zamanlar isə qadına cinsi istismar vastisəsi kimi baxılmışdır. Hətta qadının doğulan kimi, diri-diri basdırılması kimi anlarıda olmuşdur. Zamanın verdiyi bütün bu çətinliklərə baxmayaraq qadın öz adını qoruyub, adındakı böyük külliyatı saxlamışdır. Qadın elə hər birimizin düşüncəsindəki başı bağlı, nurani üzlü, gözü yaşlı ,3 hərfli kiçik ana kəliməsində birləşdirən sözün sinonimidir. Ey bəşər övladı bizi dünyaya bəxş edən "ikinci yaradan" qadınlarımızı sevək, onlara hörmət edək, əllərindən öpək, qadınlara şiddət edən cəmiyyətə qarşı çıxaq. Əslində qadını ifadə etmək üçün bir ömür bəs etməz. Bəlkə də qadının gücünü görməyənlər və onun gücünə əhəmiyyət verməyənlərdir onu zəif bilən. Ya da ki, onu dərk etməyənlərdir zərifliyini zəifliklə ittiham edənlər. Əslində qadının dəyərini bilənlərin söylədiyi ən gözəl sözdür qadın sözü.  Sonda məqaləmi qadınlara yazdığım kiçik bir şeir parçamla bitirmək istərdim.

                               Qadın olmaq bir şərəfdir,

                               Qadınlığı bilən üçün.

                               Qadın olmaq bir fərəhdir,

                               Hər həyata gələn üçün.

                                O anadır, o bacıdır.

                                O qeyrətdir, baş tacıdır.

                                O bibidir, o xaladır.

                                 Hər bir dərdin əlacıdır.

VEİS QURBANOV

Go Back

E­y qadın. Axı sən anasan. Sevginin özüsən­. - GÜLŞƏN YILDIZ

Feminizm” qadın-kişi ayrı-seçkiliyinə q­arşı çıxaraq cinslər arasında iqtisadi, ­siyasi və ictimai bərabərliyi müdafiə ed­ən bir baxışdır. Əsas məqsədi qadın azad­lığı və qadının cəmiyyətdəki yeri haqqın­da həqiqi bir bərabərliyin yaradılmasıd­ır.
“Feministlər” isə qadın hüquqları müdafi­əçisiləridir (latın sözü olan “femina” “qadın” deməkdir)­...­
Feminizmdən, qadın hüquqlarından danışan­ qadınlara bu gün ölkəmizdə nəinki əks c­ins nümayəndələrinin, elə öz həmcinsləri­mizin münasibəti də bir mənalı deyil... ­”Feminist” deyərkən bir çoxunun ilk olar­aq ağlına azad, boşanmış qadın, yaxud öz­ qanunları ilə yaşayan qadın, “kişi düşm­əni” gəlir. Təəsüf ki, cəmiyyətdə bu fik­rin formalaşmasında son illərdə özünü fe­minist kimi təqdim edib qadın azadlığı a­dı altında boşanmanı az qala təbliğ edən­ qadın yazarların da rolu az deyil.
Etiraf edim ki, bir zamanlar mən özüm də­ feministləri “kişi düşməni” hesab edən­lərdən idim. Üzvü olduğum təşkilat ya pa­rtiya daxilində yaradılan qadınlar şuras­ına qatılmırdım. Səbəb-qadınları onsuz d­a azad hesab etməm idi. Düşünmürdüm ki, ­onların hüquqları pozula bilər. Cinslər ­arasındakı fərqi hələ hiss etmədiyim ilk­ gənclik illərim idi o zamanlar. Ola bil­sin yenə də bu fərqi görməyənlər var. ”B­u gün pilot qadın, ölkə başçısı qadın, h­ətta hərbçi qadınlar ola bilirsə hansı a­yrı-seçkilikdən söz gedir?” - deyə bilər­siz. Haqlısız, XXI əsrdə qadınlar çox sa­hədə öz sözlərini deyiblər və deyirlər. ­Amma “hüquq, azadlıq, hörmət” deyərkən a­ncaq zahiri görüntülərə nəzər salmayaq. ­Müasir dövrümüzün tələbləri artdığı kimi­ qadınların istəyi də çoxalır. Nə istəyi­r axı müasir qadınlar?

“Feminizm” termini ilk dəfə XIX əsrin əv­vəllərində filosof Çarlz Furer tərəfində­n işlənib. Furer hesab edirdi ki, ictima­i inkişaf o zaman mümkün olacaq ki, qadı­nlara daha çox sərbəstlik verilsin. 
Feminizmin üç dalğası, yəni üç mərhələdə­n ibarət olan çıxışları bir-birindən təl­əblərinə görə fərqlənirdi. ­

Feminizmin “Birinci Dalğa”sı –(“Seçki, t­əhsil və mülkiyyət hüququ” tələbləri) ­
XIX əsrin sonlarında Avropanın bir çox ö­lkələrində, Amerika və Avstraliyada femi­nizmin ilk dalğası, ilk kütləvi qadın ç­ıxışları başladı. Bu çıxışların əsas səb­əbi qadınların kişilərlə bərabər hüquqla­ra sahib olmaq istəyi idi. İlk tələblər ­nisbətən sadə idi. Qadınlar yalnız eyni ­iş üçün kişilərlə bərabər əmək haqqı alm­aq və onların da da universitetə qəbul o­lub hər işdə çalışa bilməsi hüququnu təl­əb edirdilər. Sonradan bu tələblərə seçk­i, və mülkiyyət hüquqları da əlavə edild­i. Bu çıxışlar XIX əsrin sonlarınadək bi­r çox ölkələrə də yayıldı. Həmin çıxışla­r nəticəsində qadınlara seçki hüququ Alm­aniya və Rusiyada 1918-1919-cu illərdə,­ Fransa və İtaliya kimi başqa ölkələrdəs­ə İkinci Dünya müharibəsinin sonlarında ­verilməyə başladı. ­


Feminizmin birinci dalğasının liderlərin­dən biri Klara Setkin idi. Onun dövründə­ qadınların tələbləri artıq istəkdən kəs­kin tələblərə çevrilmişdi (İş saatlarını­n azaldılması, sağlamlıq sığortası, işsi­zliyin aradan qaldırılması və s.).
1929-cu ildə iqtisadi böhran zamanı işsi­zlik problemi yaranan zaman işdən ilk çı­xarılanlar qadınlar oldu. Alman faşizmi ­dövründə də qadınların ali təhsil almala­rına və iş həyatlarına məhdudiyyətlər qo­yuldu. İkinci dünya müharibəsi dövründə ­kişilərin müharibədə olması səbəbindən q­adınlar sənayedə də çalışmağa başladılar­. Yalnız müharibədən sonra yenidən “qadı­n və ana olmaq” vəzifəsinə geri döndülər­. ­

Feminizmin “İkinci Dalğa”sı- (“Cinsi ayr­ı-seçkiliyə son” tələbi)
Başda ABŞ olmaqla Qərbdə 1960-ci illərdə­ başlayıb, 1970-ci illərin sonuna qədər ­davam edib.
Feminizmin ikinci dalğasında isə tələblə­r müxtəlif idi. Və daha çox problemlərə ­toxunurdu: hüquqi, cinsi, ailə, iş yeri ­və s. Feministlər ABŞ Konstitusiyasına “­Bərabər hüquqlar Dəyişikliyi” əlavə etmə­yə çox çalışsalar da təəssüf ki, bu, K­onqresə qəbul edilmədi. İkinci dalğanın ­başa çatmasını feministlərin öz araların­da fikir birliyinin olmaması da sürətlən­dirdi.

Feminizmin “Üçüncü dalğa”sı-(“Qadın şəxs­iyyəti” və digər hüquqlar..)
XX əsrin sonları və XXI əsrin əvvəllərin­də başlayan Üçüncü dalğanın əsas problem­i isə - Qadına şəxsiyyət kimi baxılması,­ ona hörmət edilməsi idi. Tələblər getdi­kcə artırdı. İrqindən, millətindən, sosi­al vəziyyətindən asılı olmayaraq bütün q­adınların hüquqlarının qorunması bəzilər­inə hüquq bərabərliyindən daha çox kişi ­hüququnu üstələmək kimi göründü. Son ill­ərdə feministlərin etiraz çıxışlarının d­aha fərqli üsullarda baş verdiyini gördü­k.Məsələn soyunaraq aksiya keçirən femin­istlər bunu yenilik, daha cəsarətli bir ­addım kimi etsələr də bu heç də bir məna­lı qarşılanmadı. Üçüncü dalğadan sonra “­feminist” deyərkən artıq bu ifadə “kişi ­düşməni” kimi də qəbul edilməyə başladı.­Hətta qatı feministləri homoseksuallarla­ bərabər tutanlar belə var. Üçüncü dalğa­ zamanı qadınlar daha çox sahədə sərbəst­lik istədiyindən artıq feminizm haqda cə­miyyətdə fərqli fikirlər formalaşmağa ba­şlamışdı. Feminizmi hücum edən, lezbiyan­, kişi düşməni, hətta onları siyasətdə b­ir vasitə kimi qəbul edənlər də vardı.

Avropa feminizmi ilə Şərq ölkələrindəki ­feminizm çox fərqlənir. Avropada bu anla­yış daha böyük məna kəsb edir. Böyük fem­inist təşkilatları, hətta siyasi partiya­ları belə var. Avropalı feminist qadınla­r feminizmi artıq həyat tərzinə çeviribl­ər. Onların özlərinə məxsus yaşayış tərz­i var. Məsələn, maddi şeylərdən, əsasən ­də puldan uzaq həyat sürürlər. Zibillikd­ə yaşayan feministlərə də rast gəlmək ol­ur. Onlar üçün ərə getmək, uşaq doğmaq q­əbul edilmir. Hətta özünü feminist adlan­dıran bir qadının ailəli olduğunu bilərl­ərsə, ona münasibət dəyişir, artıq onu ö­z aralarında görmək istəmirlər. Əlbəttə,­ bu dərəcədə dərinə getmək də normal dey­il. Bu dərəcədə fanatizm də olmaz. Əgər ­məqsəd qadınların hüququnu qorumaqdırsa ­o zaman hər insana, eyni zamanda qadına ­lazım olan xoşbəxt həyatdan könüllü imti­na etməyin mənası nədir? Sevməyən qadın ­nə özünü, nə başqasını xoşbəxt edə bilmə­z. Onu xoşbəxt edən analıq duyğusudur, s­evdiyi kişidir, ailəsidir. Bunlar olmayı­nca onun nəyinə lazımdır hüquqlar, azadl­ıq?
Əlsində isə ”feminist” nə ailəsiz qadın,­ nə də kişi düşməni deyil. O, qadınları ­daim kişilərdən asılı, istismar olunan b­ir varlıq kimi görmək istəməyən qadındır­...


Feminist - hardasa əzilən, hüququ tapdan­an qadın görərkən ona ilk olaraq əl uzad­an qadındır...


Feminist -öz hüquqlarını yaxşı bilib bil­məyənlərə də bunu öyrədən qadındır...


Ədalətsiz cəmiyyətdə öz yerini tuta bilm­ək uğrunda mübarizə aparan qadındır femi­nist..


2011-ci ilin baharında ilk dəfə Duke Uni­versitetində başlayıb Amerikanın bir çox­ məktəblərində davam edən “Feminizm lazı­mdırmı?” adlı bir sorğu (daha dəqiq desə­k bu, bir foto-bloq layihəsi idi) keçiri­lmişdi.Türkiyədə isə ilk dəfə belə sorğu­ Sabancı Universitetində başlandı.Sorğuy­a yalnız qadınlar deyil, əks cins nümayə­ndələri də qatılmışdılar.Həmin sorğudakı­ cavablardan diqqətimi daha çox çəkən bi­r neçə cavabı qeyd edirəm:
Feminizm lazımdır. Çünki...­


- öz uşağımı özüm böyütmək istəyirəm.­
- o, cinslər arasındakı bərabərliyi təmi­n edir.
- “Bir xanıma yaraşmır” deyilməsindən yo­ruldum.
- qadın demək cinsi əşya demək deyildir.­
- kişilərin çoxu və hətta bir qism qadın­lar qadınların “dibçək çiçəyi” olduğunu ­düşünür.
- hansı cinsin söylədiyi deyil nə söyləd­iyi önəmlidir.
- mənimlə bağlı qərarları yalnız mən ver­ə bilərəm...

Şərqdə qadına seçki hüququ verən ilk öl­kə olan, dünyada ilk hökmdar qadını il­ə tarixə düşən Azərbaycanda, qadın haql­arının tapdanması mümkündürmü?” düşünənl­ər də ola bilər. Amma biz tarixlə deyil,­ bu gün kağızlardakı hüquqlarımızla deyi­l reallıqdan baxarsaq heç də ürək açaçan­ mənzərə görməyəcəyik. ”Qadın nə istəyir­?” sualına kişilər bəzən istehzayla “Qad­ın özü də bilmir nə istəyir” cavabını ve­rirlər. Amma yanılırlar. Nə istədiyini q­adından yaxşı kimsə bilə bilməz.Hələ bu ­günün qadını ona lazım olanı çox yaxşı b­ilir. O, özünə qarşı hörmət istəyir. İna­m istəyir. Sevgi istəyir...
Gəlin, etiraf edək ki, qadın hüquqları­nın pozulmasında biz qadınların da günah­ı az deyil.Ailə daxilində hər addımbaşı ­haqları tapdanan qadınlar “Arvadı bu kün­cdən vurarsan, o biri küncə qaçar”, “Əri­ arvadı döyər də, sevər də” deyib özlər­inə təskinlik verməklə ailəsini guya qor­umuş olurlar. Zavallı qadınlar..


Hələ aşağıdakı atalar sözlərində pozulan­ qadın hüquqlarını demirəm.
"Qızını döyməyən dizini döyər."­
"Qızı özbaşına qoysan ya halvaçıya gedər­, ya zurnaçıya."
"Qız yükü, duz yükü."­
"Qız qarıyar, un çuvalına tay olar."­
“Analı qızın özü böyüyər, anasız qızın s­özü böyüyər.”
“Anası gəzən ağacı balası budaq-budaq gə­zər."
"Ər evi, gor evi."­
"Gəlinin ər evindən yalnız meyiti çıxar.­"
“Ərsiz arvad yüyənsiz at kimidir.” ­
“Gəlin evin süpürgəsidir.­


Atalar sözlərimizdən hər zaman sitat gət­irdik, onlara inandıq. Yuxarıda yazılanl­ar da atalar sözlərimizdən nümunələrdir.­ Hər zaman inanaraq sitat gətirdiyimiz..­.


Nəzərə alsaq ki, bu atalar sözlərini ya­radanlar əks cinsin nümayəndələri olubl­ar,hardasa onları anlamaq olar. Təəssüf ­edici hal odur ki, uşaqlıqdan bizim qula­qlarımızda səslənən bu atalar sözlərini ­biz daha çox ana və nənələrimizdən eşitd­ik. Bu da o anlama gəlir ki, ana-nənələr­imiz, qadınlar özləri könüllü olaraq hüq­uqlarından imtina edib və bizi də buna alışdırmağa çalışıblar zaman-zaman.


Müasir qadının seçki hüququ da var, müəs­sisələrdə kişilərdə bərabər işləmək hüqu­qu da.Amma ona ailədə və cəmiyyətdə hörm­ət yetərincə deyil.


Bu günün qadını sözdə olan bərabərlik d­eyil, özünə qarşı həqiqi hörmət istəyir.


Özünü sevməyən, özünə hörməti az olan qa­dının cəmiyyətdə və ailədə yeri hər zama­n hamıdan aşağıda olacaq. Azadlığı, haqq­ı, hörməti tələb etmədiyimiz müddətdə ki­msə onu bizə bağışlamayacaq. Özünü hamıdan üstün tutmağa haqqın var E­y qadın. Axı sən anasan. Sevginin özüsən­. Başqaları səni qiymətləndirmirsə o qiy­məti, hörməti almağa məcbursan. Dövrün t­ələbi budur artıq. Sənə haqqını bağışlam­ayacaqlar, onu bəzən zorla əldə etmək la­zım gəlir. Hərəkətə gəl, bir addım at. Ə­vvəl daxilində dəyişdir özünü. Daha inam­lı, daha qətiyyətli ol. Sonrakı addım öz­ özünə gələcək. Yetər ki, özünü sevə bil­əsən... Tək əldən səs çıxmaz. Amma qadın­ birliyi olarsa biz istədiklərimizi ala ­bilərik. Əvvəlcə kiçik çevrəmizdə. Daha ­sonra cəmiyyətdə öz yerimizi, gücümüzü g­östərə bilərik. Yetər ki, birləşməyi bac­araq. Haydı, qadınlar, həmrəy olaq. 

                      Gülşen Yıldız 

Go Back

Qadın hər cümlənin izahını verməliydi daşlaşmış vicdanınıza - NƏZRİN CAVİD

Damarlarından qan yerinə yağış suyu axan qadın idi o.Bu gecə o gecələrdən deyildi.Yağış damlası sanki bir yumruq kimi dəymişdi alnının ortasından.Gecə qəfildən yağış möhkəm yağmağa başladı.Bədənində üşütmə hiss edib ayıldı yuxudan.Barmağıyla alnından soyuq damcını silib dilinə toxundurarkən hiss etdi,acısından,tozundan.Evin damından axan yağış suyu,işarə idi.Yenə də yastığının yerini dəyişib eləcə yuxuya getməyə çalışmalıydı.Bu gecə o gecələrdən deyildi.

Bütün küçə qupquru idi.Tanrı yalnız qadının evinə yağdırmışdı bu gecə.Bütün o gecələrdən fərqli.Qadın islaq saçlarını çılpaq bədəninə sərib pəncərəyə yaxınlaşdı.Əgər bundan həzz alırsa qadın daha gözəldir.Hələ öpülməmiş bir cüt qara gözləri varsa.Ensiz alnında vaxtından əvvəl qırışlar yaranmışdı.Bir də yağış damlasının alnının ortasında yaratdığı iz bəlkə də onun cənnətə gedəcəyinə kiçicik işarə idi.Tanrı sanki öz əlləriylə qadının alnına imza atmışdı.Zatən bütün qadınları Tanrı yaratmamışdımı?

Nədənsə hər kəsə çəhrayı boyalı qadın dodaqlarından gözəl görünürdü qırmızı gödəkçəli qadının soyuqdan çat vermiş dodaqları.Bu gecə o gecələrdən deyildi ki,sabahları da eyni olsun.Bu sabah günəş damlalara çevilib qadının içinə dolurdu.Tanrı bircə qadına pıçıldadı: “Bir daha günəş olmayacaq” deyə.O gün bugün insanlar hələ də günəşin yoxluğundan xəbərdar deyillər.Kim bilərdi ki,qara gözlü qadın hərkəsin tanıdığı günəşi içində daşıyırdı?Yaşadığı balaca komasının divarlarına yağış hopmuşdu.Qeybdən portretlər yaratmışdı divarlarda.Müqəddəslərin əks olunduğu əsrarəngiz tablo idi.

Bu ki,başqa bir qadının uydurmasıdır.İnanmayacaqsınız.Siz zatən Məryəmin İsaya bakirəykən hamilə qaldığına da inanmamışdınız.İçində günəşi daşıyan qadın.Toxunsan,yandıracaqdı.Əlinə qələmi alıb sanki içindəki alovu sətirlərə püskürməyə başladı.Qonşuluqdakı Muradla çərpələng uçurduqları vaxtı xatırladı.Çərpələngin qanadarında uçub rüzgara qarışan saflığını.O rüzgar ki, bir də onun həndəvərində dolaşmamışdı.Bir zamanlar xəyallarını çərpələngdə uçuran qadın keçmişini,xatirələrini,sevgisini hətta namusunu belə cümlələrə çevirib satmışdı.Olsun.Bəlkə də pula çevriləcək yazılar qədər mənasız görünürdü qırmızı gödəkçəli qadının həyatı.Amma bütün bunların arxasında gizlənən xoşbəxtliyi onun kimi,ona bənzərlər görə biləcəkdi.Nə zamansa yazılan o sətirlərdə gəzərkən gözlər o sevdiyi sətirləri fısıldayacaqdı dünyanın ən xoşbəxt insanına.

“Zatən mənə qalanda sevdiyim yazarların bir-iki misrası olacaq.Öləndə məktub buraxacam.Həmin misralardan yazacam sətirlərə.Məsələn, “Kişi gül şəkli çəkməz” kimi.Sən kimi,sənin kimilərə”.

“Olacaq,bunların hamısı olacaq”

Qadın sevərdi dərdli insanların dərdlərini.Qara üzəri ağ,nazik zolaqlı qələmi var idi.Tanrıya növbəti məktubunu yazırdı.Nəm tutmuş komasının divarlarını bir nəfəsi ilə isidirdi qadın.Uzaqlaşmalı idi,kağızından,qələmindən.Çayını süzüb,radionu açıb pəncərə yaxınlaşdı.Göz yaşları süzülməyə başladı sakitcə.Beynində fırtınalar qopurdu.Radiodan səslər eşidilirdi arabir. “Göz yaşları ömrü uzadır”.Bəlkə də qadın bütün günahlarının cəzasını çəkirdi.Atasına küsmüşdü.Artıq başa düşmüşdü ki,atanın qoruya bilmədiyi qızı Tanrı belə qorumayacaqdı.Amma insanlar unutmasınlar ki,qadın özü alnının tən ortasındakı imzadan xəbərsiz idi,bu sadəcə sənin kimilərə və onun kimilərə atasız olmanın nə qədər çətin olduğunu izah edən qısa və ən sadə cümlə idi.

Qadın bu həyatın bütün acı anlarını dadmışdı bəlkə də.İllər keçər tanımadığı şəhərin ən sıx küçələrində insanlar arasında atasını kiməsə tələsərkən görər.Onu qonaq çağırardı...İlluziya... “Olacaq,bunların hamısı olacaq” Bir gün mütləq yeməklər isinəcək,müəllim öz səhvini anlayıb balaca qızdan üzr istəyəcəkdi.

Stulları qoşalaşdırıb yatan bir ananın övladı  xısın-xısın ağlayırdı yorğanın altında,kimsə duymasın deyə.Qonşuluqda ana körpəsi üçün kağızdan od qalayıb dəmir qazanda yemək isidirdi göz yaşları içində.Biri isə tanımadığı atasından yazırdı məktəb gündəliyinin arxasına,anasının pəncərə mismarlamaqdan qanayan əllərini möhkəmcə sıxaraq.Müəllim onu danlamışdı.

Pəncərənin yanından tərpənmirdi.Zaman ötdükcə isyan edir,özünü söyməyə başlayırdı.Hönkür-hönkür ağlayırdı.Bəlkə də bilərəkdən ömrünü uzadırdı.Bütün bunlar qırmızı gödəkçəli qadının yaşadığı ayrı-ayrı günlərinə həsr etdiyi ayrı-ayrı cümlələr idi.Başqa hər bir qadını hekayənin ayrı cümləsini sorğuya çəkəcəkdi.Qadın  hər cümlənin izahını verməliydi daşlaşmış vicdanınıza. Bu gecə o gecələrdən deyildi.Sonuncu dəfə mürəbbə ilə çay içdi.Atası mürəbbə sevməzdi.Təsadüfən ağlına gəlmiş,anasından soruşmuşdu.

-Sevmirdi...

Qadın anası ilə yaşadığı evdə yazırdı.Şairləri çox sevirdi.O,atası üçün çox darıxardı və bir də mürəbbə ilə çay içməyəcəkdi.Tanrının onda olan imzasından xəbərsiz olsa da,Tanrıya inandığını məktubunda yazırdı.Nəhayət o,tək idi.

Qadından hekayə yazmaq istəmişdim.Qadın kimi qarışıq və hər cümləsi ilə aldadıcı oldu.

                                                                                             

                                                                                                          Nəzrin Cavid

Go Back

Bəzən də xəyanətə məhkum olmaqdır qadın olmaq - SİMA İSMAYILZADƏ

Qadın olmaq... Bəzən dünyadakı ən müqəddəs varlıq ANA olmaq, bəzən əzilmək, döyülmək, aldadılmaq, heç nəyə baxmadan həyatına davam etməyə çalışmaq, bəzən də heç kimə möhtac olmadan, öz ayaqları üstündə duraraq möcüzələr yaratmaq.. Bəzən erkən nigahın qurbanına çevrilərək dərk etmədiyi halda uşaq sahibi olmaq, seçim hüququ olmadan qarşısına qoyulan qaydalarla həyatı yaşamağa çalışmaq, bəzən də bütün çətinliklərə baxmayaraq, cəmiyyət üçün yararlı övlad, şəxsiyyət yetişdirməyə çalışmaq, bəzən təhsil ala bilməmək, bəzən də müəllim olub savad vermək, bilgi paylamaq, arzuya çatmaq üçün əziyyət çəkmək, hər cür zəhmətə qatlaşmaqdır...             

         Birdə Azərbaycanda qadın olmaq var... Burada qadın olmaq həm də "namus" anlayışının tək daşıyıcısı olmaq deməkdir. Əslində bu anlayış insana xasdır, cinsə ayrılmadan yaranıb. Lakin nədənsə, cəmiyyətimizdə "namus" və bunun ağır yükü qadınların çiyninə düşür. Yəni, bəzən  kişinin namusuna çevrilməkdir "qadın olmaq".

         Və sərhədlər var; insan beynindəki sərhədlər. Bu gün qadına "əxlaqsız" , "namussuz", "tərbiyəsiz" damğası vurmaq çox asandı: "çox gülür - tərbiyəsizdi" , "geyimi qısadı - əxlaqsızdı", "oğlanla göründü  - namussuzdu" və s. gündəlik həyatımzda bu tip çox misallar görürük əfsuski... İşin əslini bilmədən haqqında artıq-əksik danışanların sayı çoxdur. Əslində isə gülümsəmək insanı cavan saxlayır, müsbət enerji verir. Geyimin isə əxlaqi keyfiyyətlərə aidiyyatı yoxdu, geyim zövq məsələsidir. Ən azından hər birimizin nəslində əks cinsin nümayəndəsi var və biz onlara qohum deyirik, görüşürük, münasibət qururuq.Yəni yanında oğlan gördün deyə "namussuz" deyə bilməzsən! Bəzən adına söz gətirmədən yaşamaq mübarizəsidir "qadın olmaq".

         Azərbaycanda qadın hüquqlarını tapdayan bəzən elə qadınlar özləri olur. Bəlkə bunun fərqinə belə varmadan... Erkən yaşda nigaha daxil olmuş ana qızını da bu tərbiyə də böyüdür. Ona elm, təhsil, savad yox, cehiz verir və bunların qızının xoşbəxt olması üçün etdiyini, analıq vəzifəsini yerinə yetirdiyini düşünür. Çünki, özü də belə görüb, ona bu öyrədilib. Deməli,bu nəsildən-nəslə keçən mental qaydadır.

          Düşünün: öz adını yazmağı bacarmayan məktəbyaşlı qızlar mahiyyətini anlamadığı halda ailə qurur. Bəzən övlad sahibi olmağa hazırlaşanda və ya doğum zamanı həyatlarını itirirlər. Hətta savadsızlıq ucbatından bunun bioloji səbəblərini bilmirlər təəssüfki...

         Bunun əvəzinə qızlarınıza deyin: Xoşbəxt olmadıqları yerdə dayanmasınlar! Dəyər görmədikləri zaman özləri haqda şübhəyə düşməsinlər! Boyun əyməyi, səssiz qalmağı, döyülməyi, istənəndə sahib olunmağı, istənməyəndə kənara atılmağı, kobudluğa göz yummağı,  yalana bəhanə axtarmağı sevilmək üçün şərtlərdən saymasınlar! Necə gözəl, qiymətli olduqlarını unutmasınlar! Qızlarınızın gözünü açın, qorxu ilə böyütməyin! Haqsızlığa susmağı öyrətməyin!

         Bir də tərk edilən qadınlar var sədaqətiz kişilərlə rastlaşan. Ailəsini heç sayaraq, keyfini seçən "kişini" isə qınayan yoxdu. Lakin hər fürsətdə qadını günahlandıran cəmiyyət anlamalıdır ki, günah qadın üçün nədirsə, kişi üçün də eynidir! Axı "kişiyə olar" - deyə bir ayə enməyib... Təəssüf ki, qadınların çoxunun bəxti olmur; ömürlərinin yarısını cehiz sandıqlarına xərcləyirlər, digər yarısını isə "kişi" sandıqlarına.. Bəzən həyatın ağır yükünü tək başına daşımaqdır "qadın olmaq".

         Bəzən də xəyanətə məhkum olmaqdır qadın olmaq... Bu hər zaman əks cins tərəfindən olmur. Bəzən rəfiqə dediyimiz, dost bildiyimizin xəyanəti ilə qarşılaşırıq ki, bu əks cinsin xəyanətindən daha ağırdı... Əgər mən "oğru" olsaydım, qadınlardan bu xüsusiyyəti "oğurlayardım". Çünki bir-birimizə qarşı paxıllıq, qısqanclıq, xəyanət kimi mənfi keyfiyyətləri görmək istəmirəm! Ən azından ona görə ki, eyni cinsin nümayəndəsiyik, yaşadığımız , başımıza gələn oxşar hadisələr var, hətta bəzən eyni dərdləri paylaşırıq.  Bir - birimizə dəstək olmaq üçün bu səbəblər belə yetərlidir, məncə. Həyatda heç bir şey illərin dostluğunu itirməyə dəyəcək qədər dəyərli deyil! Amma nələrinsə yolunda dostluğu tapdayanlara səslənirəm ki, çalışın itirdikləriniz qazandıqlarınıza dəysin! Dostluğu dəyərlidir qadının, münasibətini, səmimiyyətini itirdinizsə, çox şey itirdiniz deməkdir...

         Allah qadını zərif, incə, eyni zamanda güclü və dözümlü yaratdı. Cak Lemmonun belə bir fikri var: "Bir zamanlar kişinin üstün olduğuna inanırdım. Sonra evləndim və həyat yoldaşım bu inancımı məhv etdi".

         Fikrimcə, qadınlar haqqında düşüncəni kişi təfəkküründə qadın özü yaratmalıdır. Öncə ailədə ana-oğul, bacı-qardaş münasibətlərində ilkin təsəvvürləri valideyn verməlidir. Mükəmməl kişi axtarmaqla tapılmaz. Kim itirdiki biz tapaq?! Məncə, mükəmməl kişini formalaşdırmaq lazımdır. Bunu bacaran qadınlar var , deməli, qadın heç də "zəif" deyil, "zərifdir". Qadını zəif göstərən fiziki gücünü onun üzərində tətbiq edən "kişi"dir. Bəzən  sevilməyə, xoş sözə, diqqətə ehtiyac duymaqdı "qadın olmaq".

         Tarixə də nəzər salsaq görərik ki, müxtəlif sahələrdə uğurları olan qadınlarımız var. Sadəcə məqsədli, planlı və inadcıl olmalıyıq. Fikrimcə, cinslər sosial, siyasi və iqtisadi cəhətdən bərabər olmalıdır.  Bu zaman qadınlar da hər hansı sahənin peşəkarı və uğurlu karyeranın sahibi ola bilər. Əsas odur qadının istəklərinə məhdudiyyət qoyulmayan cəmiyyət olsun. Bəzən istədiyində hər şeyi bacarmaqdır  -  "Qadın olmaq".

         Bu fikirlərimə görə feminist hesab oluna bilərəm bəlkə də, amma mən qadın olmağın çətinliklərinə baxmayaraq, heç vaxt kişi olmaq istəməmişəm! Həmçinin, qadın olmaq həyatında nə yaşanırsa yaşansın, incə hisslərə, zərif duyğulara, mərhəmətli qəlbə, sonsuz sevgiyə və fədakarlığa sahib olmaq , ən əsası ANA olmaq deməkdir. Və ANA olmaq günah dolu dünyada işlənən ən gözəl savabdır! Dinimizdə qadına verilən dəyər özünü aşağıdakı sözlərlə ifadə edir :

"CƏNNƏT ANALARIN AYAQLARI ALTINDADIR." Bizləri yaradan Allah qadına bu qədər dəyər vermişkən, qadını incitmək, aldatmaq, şiddət göstərmək?! Ən azından günahdır! Bəzən günahkarların Cənnətə daxil olması qədər əlçatmazdır "qadın olmaq."

          Hər bir insanın əbədi dünyada daxil olmaq istədiyi yerdir Cənnət! Allah isə Cənnəti Anaların ayaqları altına sərir!  "Qurani - Kərim" də qadın olmağı dəyərli edən belə bir fikirdə var:  "Qadının ərini aldatmasını sübut etmək üçün beş şahid tapmalısan." Yəni, Tanrı qadın namusunu bu qədər yüksək qiymətləndirdi və şərdən qorudu.  Bəzən ən gözəl lütfdür "qadın olmaq".

         Bu gün ölkəmizdə kifayət qədər qadınların hüquq və azadlıqlarını təmsil edən, qoruyan qurumlar, qadın cəmiyyətləri, qadın klubları var. Təklif edirəm ki, kişilər üçün belə qurumlar yaradılsın və onlara " Qadını necə xoşbəxt yaşatmaq olar?"  mövzusunda təlimlər keçirilsin.  Çünki bir kişinin uşaqlarına verə biləcəyi ən dəyərli və ömür boyu yadda qalan hədiyyə onların anasını sevməsi və hörmət etməsidir. Belə ailədə tərbiyə alan oğlan və qız psixoloji travmadan uzaq, qayğısız uşaqlıq illəri keçirir. Gələcəkdə uğurlu və xoşbəxt ailə qura bilir.

         Evində qız uşağı dünyaya gəlmiş ata körpəsinə Allah tərəfindən göndərilmiş pay, hədiyyə kimi baxsa, təhsilsiz qızlarında, erkən yaşda nigaha sürüklənmə hallarının da sayı azalar. Və "Qadın olmaq" əsl xoşbəxtliyə çevrilər.Çünki doğurdan da, təhsilli qadın savadlı nəsil deməkdir.

         Bəzən dünyada Cənnəti yaşamaq qədər möcüzəlidir "qadın olmaq"...

 

 

                                                                           Sima İsmayılzadə

                                                

 

 

Go Back

Qadın elə bir mövzudur ki, onu nə qədər müzakirə etsən də həmişə yepyenidir - ƏHMƏDLİ MİNAXANIM

Qadın olmaq…

Dünyaya gələn hər bir qız övladı gələcəyin anası, ailəsinin xanımıdır. Bununla yanaşı o dahi şəxsiyyətdir, müqəddəs insandır. “Qadın zərif cinsin nümayəndəsidir” bu mənim təbirimcə səhv deyilmiş bir fikirdir. Qadınlar günümüzdə ən güclü varlıqlardır. Dəyilən hər zərbəyə dözə bilirlər. Bura həm psixoloji, həm də fiziki zərbələr aiddir. Əks cinsin nümayəndələrinə isə ikisindən biri olduqda ya psixoloji yadakı fiziki onlar xanımların köməyinə ehtiyac duyurlar. Bu xanım anada ola bilər, bacıda, həyat yoldaşıda, qız övladıda. Qız övladı dünyaya gələn bir çox ailələr məyus olur, bu ailələr bəlkədə düşüncə cəhətdən dar ailələrdir. Çünki qızdan müqəddəs varlıq varmı, dünyada? Təbii yoxdur.

Mən xanımam, amma ana deyiləm o zirvəyə çox təəssüfki hələ yüksəlməmişəm. Ana olmaq ən ali zirvədir. Bu hissi məhz xanımlar yaşayıb – duya bilir. Qadın olmaq- övladını dəlicəsinə sevməkdir, onu hər kəsdən qorumaqdır. Övladına həyatı sevməyi öyrətmək deməkdir. Qadınların bir çoxu dözümlü olur, məhz mənim anam kimi. Hər kəsin anası ona çox doğmadır, mənim anamda təbii ki, mənə. Anam həmişə öz övladları üçün hər kəslə əsgər kimi döyüşdü, bizi qorudu. Haqsız olduğumuz vaxtlarda belə bizə haqq qazandırdı. Təbii ki, mən heç bir Avropa qadınını bir Azərbaycan qadınına dəyişmərəm. Çünki torpağımız Natavan, Məshəti, Həcər, Nigar və nəhayət mənim anam kimi qadınlar yetişdirib. Bəli, mən anamı ən ön sıralarda görürəm, o fədai qadındır. Öz həyatını övladlarına həsr edən, onların xoşbəxtliyi naminə çalışıb – vuruşan qadındır.

Qadın -  dövlət xadimi, prezident, millət vəkili, hər hansı müəssisənin icraçı direktoru ola bilər, amma o qadının  ailəsi və ya sevəni, evə gələrkən gözləyəni yoxdursa, fikrimcə o tam olaraq xoşbəxt deyildir. Təbii ki, bütün qadınlar ən ali xoşbəxtliyə layiqdirlər. Məndə bu xoşbəxtliyi hər kəsə arzu edirəm. Sonda fikrimi L.N. Tolstoyun çox gözəl fikri ilə bitirmək istərdim: “Qadın elə bir mövzudur ki, onu nə qədər müzakirə etsən də həmişə yepyenidir”.

ƏHMƏDLİ MİNAXANIM

Go Back

Çətindir Qadın Olmaq - ELMİN MƏMMƏDOV

Çətindir Qadın Olmaq!


Çünki hamının sahib olmaq istədiyi bir bədənin var. Qorumaq zoruna olduğun bir namusun və sevməyin qadağan olduğu mentalitetin.. Kişi kimi kişi deyərlər, amma qadın kimi qadın deməzlər. Zor şeydi deyərlər...

Soyuq olmaq zorundadır, hissetməməsi gərəklidi, yaxşı görünməlidi, amma o qədər də açıq saçıq yox. Kişinin yanında yerini bilməlidir. Qadın olmaq günahdı bu həyatta. Sevərsən dəli deyərlər, sevməzsən dünyadan xəbəri yoxdu deyərlər. Əldə edərlər ki asan olsun. Əldə eləyənmədiklərində də adını çıxararlar... Susarsan bir şey bilmir deyərlər, susmazsan həyasızdı dili uzundu deyərlər.

Kişi olmaq doğuşdan bir gücdür. Qadın olmaq isə zəiflik, gücsüzlük. Ağılı çatmaz, gözü açılmamalı. Qadın şeytana açılan qapıdır çünki. O qapıyı qadına açdırmamalı. Ama kişidir qadını zəif hala gətirən, namusunu ətəyinin altına itələyən, inanclarını yox edən. Kişidir bir mələkdən şeytan yaratmasını bilən.

Qadın olmaq ətəyini uzun tutmaqdır, başqalarının günahlarının bədəlini özünün ödəməsidir, qadının üzdəndir görünürdə qarmaşıqdır kişilərdən istədiyi şeylərdə amma qadın dərindir və dərinə dalmaq istəyən kişi orda boğulma ehtimalını da gözə alabilməlidir.

Kişilər kimi yüz ölçüb bir biçmə. Sevirsə sonunu düşünmədən sevər, sevdiyi üçün bütün əngəlləri aşar. Amma kişi qorxaqdır. Nə qadının marağını itirmək istəyər nə də gələcək vədedər. .

Qadın qarmaqarışıq kimi görünər amma istədiyi üç şey yalnızca ; sevgi, sədaqət, dürüstlük ...

Elmin Məmmədov

Bakı Ali Neft  Məktəbi

Go Back

Cənnət qoxuyan varlıqları incitməyin - SEVDA RZASOY

                                             

Bu suala cavab verməmişdən öncə qeyd edim ki,həmişə məşhur və sevilən yazar olmaq istəmişəm.Amma heç vaxt buna cəhd belə etməmişəm.Çünki mən qadınam,məşhurluq sevdasına düşə bilmərəm və bu kiçik məqalə ilə məhdudlaşmalıyam.

İndi isə mövzu barədə.

Bətnindəki körpənin cinsiyyətini yoxlatdırmağa gedən bir qadın düşünün.Ürəyində qız istəsə belə o “qızdır” sözünü eşitməməyi necə də çox arzulayır.Çünki oğul dünyaya gətirmək fəxrdir,baş ucalığıdır,kişinin oğlu olar.Bu cür düşünən atalar qız uşaqlarından imtina edir.Bu ataların bəziləri etiraf edir ki,qızım olsa onun həyatını zindana çevirəcəm,özümdən asılı deyil,ona görə də dünyaya gəlməsin.Ən yaxşı halda isə övladına qıymayan atalar oğul övladı dünyaya gələnə qədər  mübarizəni davam etdirir.Yəqin ki,4-5 bacının bir qardaşı ilə çox rastlaşmışsınız.Bu bacıların daha sonra hər birinin ən ümdə borcudur ki,həmin qardaşı əl içində saxlasınlar.Göründüyü kimi artıq dünyaya gəlməmiş taleyi bəlli olan bir varlıqdır Qadın.

         4nəfərlik bir ailə.Ata,ana,bacı və qardaş.Bir çox hallarda bu ailələrdə bacılar 2-ci planda qalır.Qardaş istədiyi qədər pul xərcləyə bilər,harada və necə istəyir təhsil ala bilər,hər arzusu yerinə yetməlidir və bir sözlə,demək olar ki,çox vaxt bir bacı,bir qardaş olan ailədə bütün sevgi və diqqət qardaşa verilir.

Təhsil almaq istəyən qadın olmaq nə deməkdir ? Sən ailənin,tanışların,heç vaxt görmədiyin qohumların məsləhəti ilə ixtisas seçirsən.Çünki mütləq qıza uyğun bir sənət seçilməlidir.Bu,əksər hallarda,həkim və müəllimə olur.Digər bir peşə dalınca getsən bu onlar üçün mənasızdır,yalnız diplom xatirinədir.Xaricdə oxumaq istəsən isə bu absurddur. “ Ailə qurub gedərsən” aldığımız ən yaxşı cavabdır.Elə bilirsiniz,ailə qurandan sonra getmək olar ?  Yox,çünki artıq toydan bir ay sonra zəng edib nəvələrinin nə vaxt olacaqlarını xəbər alırlar.Çox savadlı və qabiliyyətli olmasına baxmayaraq təhsilini müəyyən yerdə bitirməli olan xanımlar var.Çünki bəzən bunun üçün ödəniş tələb olunur,ödənişli isə yalnız qardaş təhsil ala bilər.Bu məsələnin yaxşı tərəfləri idi.Məktəbi qurtaran kimi "qız uşağıdır,gözü açılmamış başımızdan rədd edək getsin" düşüncəsi ilə o qədər məcburi ərə verilən,oxumaq arzusu ürəyində qalan qızlar var...

Küçədə tək gedən bir xanımla yaxın məsafədə bir kişi gedirsə,xanım gedəcəyi məsafəyə çatana qədər nə qədər həyəcan keçirir.Bura avtobusda yanında kişi oturan,bir neçə kişi bir yerdə durubsa yolunu dəyişməyə məcbur olan xanımlar da daxildir.Məcburiyyətdən qaranlıq vaxtı dərsdən və işdən qayıdan xanımların isə durumu daha acınacaqlı olur.

Yanında atası,qardaşı,həyat yoldaşı olmasına baxmayaraq xanıma göz vuran,söz atan kişilərin də günahını xanım çəkməli olur.Çünki çox vaxt bunu hiss edən ata,qardaş,həyat yoldaşı əsəblərini cilovlaya bilməyib cinayət işlədir və arxa-dayaqsız qalan xanım olur.

Ailə qurmağımız da asan başa gəlmir.Ailələrin tanışlığı və iştirakı ilə yaxın qohum,ailə dostu,illərin tanışı, bəzən isə heç vaxt görmədiyimiz,tanımadığımız biri ilə ailə qurmağa məcburuq.Bu azmış kimi onu qısa müddətdə sevmək,ər evində baş verən hər haqsızlığa dözmək də borcumuzdur.Çünki yuxarıda sayılan yaxınlarla valideynlər üz-göz olmaq istəmir.Hələ birdə sən öz bacınla həm də qayın arvadısan və yaxud qardaşın həm də baldızının yoldaşıdırsa vay halına.Hər şiddətə rəğmən səsini çıxara bilmərsən,çünki sənlə bərabər bacı ya qardaşın da ailəsi dağıla bilər.

Sürücü xanımlar var.Hər addımda kişilərin təzyiqləri ilə qarşılaşırlar. “ Arvad nədir,maşın sürmək nədir” fikri ilə yaşayan kişilər onların həmişə qaydaları pozduqlarını düşünürlər.Bahalı maşın sürürsə o xanım mütləq kiminsə qeyri-qanuni yaşadığı bir qadındır.Ona bu maşını atası,qardaşı ala bilməz,yaxşı qazancı olan həyat yoldaşı da hədiyyə edə bilməz.

Karyera quran xanımları xatırlayaq.Yoldaşı ilə bərabər ( bəzən ondan da artıq) işləyib qazanc gətirən xanımlar üstəlik ev işlərini də görməli,uşaqlarının qayğısına da o qalmalıdır.Ən pisi bütün bunları edən bəzi xanımlar var ki,yoldaşı əmək qabiliyyəti olduğu halda xanımının qazancı ilə yaşamağı üstün tutur,hətta onu incitmək,döymək və söyməkdən də çəkinmir.

Xəyanətə uğramış qadın olmaq nə deməkdir ? Öz evində həyat yoldaşını yaxın qohumu ilə yataqda görən bir qadın yoldaşı tərəfindən döyülərək susdurulur.O bunu heç kimə deyə bilməz,ayrıla bilməz və ümumiyyətlə bu hadisəni unutmalıdır.

Ailə başçısını itirmiş bir qadın.Övladlarını boya-başa çatdırmaq üçün nə qədər əzab çəkir.Çünki o bir daha ailə qura bilməz,o yalnız övladlarını düşünməlidir və bütün həyatı boyu diqqət etməlidir ki,hər kəs onun halal yolla pul qazandığına əmin olsun.Belə bir ifadə var,uşaq atadan deyil,anadan yetim qalır...

Ailəsindən ayrılan xanımlar da var.Həmin xanımlar iş seçərkən çox diqqətli olmalı,mümkünsə öz ata evinə geri dönməli,tək yaşamamalıdır.Çünki o tək yaşadığını inandırmaq üçün bir xeyli əziyyət çəkməli olur.Əgər baxımlı bir xanımdırsa,o artıq bir xeyli əziyyətlə də tək yaşadığını inandıra bilməyəcək.Ümumiyyətlə bir xanım çox baxımlıdırsa,onun həyatında mütləq kimsə var,özünə fikir vermirsə,onda o zövqsüzdür,geridə qalmışdır,həyat yoldaşı tərəfdən xəyanətə də layiqdir.

Qadın hissləri var birdə.Hər hansı bir problemin həlli yolundan,evdə,ailədə olan çatışmazlıqlardan danışırsa,o,deyingəndir.Ağlayırsa,küsürsə uşaq ağlındadır.Qayğınızı çox çəkirsə zəhlə tökəndir,heç çəkmirsə arsızdır.İçki düşkünü birisinizsə,sizi bu yoldan çəkindirməlidir,amma içib gəlmisinizsə,sizin hər axmaq hərəkətinizə göz yummalıdır.Qohum-əqrəba yanında onu alçaltmağınıza dözməlidir.

Əgər heç vaxt bu sadalanan hadisələr başınıza gəlməyibsə necə xoşbəxt olduğunuzu düşünün.Çünki təəssüflər olsun ki,bu hadisələr başına gəlmiş o qədər xanım tanıyıram ki...

Kişilər,cənnət qoxuyan varlıqları incitməyin,onları qoruyun.Hər zaman sizin qayğı,diqqət və sevginizə ehtiyacları var.Yalnız qadın 9 ay bətnində bir varlıq daşıya bilər,hamilə ikən şiddət və təhqirlərə məruz qalsa da susar,dəfələrlə ona təcavüz edən adamla ailə qurmağa məcbur edilə bilər,ailəsini dolandırmaq üçün ata evində şahzadə kimi yaşasa da xadimə də işləyər,yoldaşı işləməyinə razı deyil deyə 12 illik tibb diplomunun toz basmağına razı olar,ailəsi dağılmasın deyə qaynana və baldızın hər pisliyinə göz yuma bilər,yorğanının altında hönkürtü ilə ağlasa da heç kimə bunu hiss etdirməyib gülərüzlə qarşınıza çıxar...Qadın çox şeyə qadirdir. Qadınlar zəif deyil,zərif məxluqlardır.Məşhur Azərbaycan filmində deyildiyi kimi “ QADIN BÖYÜK QÜVVƏDİR”...

                                                                          SEVDA RZASOY

Go Back

“Qadın olmaq” kişi işi deyil - AYGÜN ASİMQIZI

Bəzən kişilərdən “Bəxtim olsaydı, qadın doğulardım” fikrini eşidirəm. Hər dəfə də düşünürəm ki, “qadın olmaq” bu qədərmi asandır? Mənə elə gəlir ki, qadınlar haqqında düşüncəsinə görə kişilər iki qrupa bölünür. Bir qrupa görə, qadın olmaq evdə oturub, ailəsinə, uşaqlarına baxmaqdır. Onlar qadını ictimai həyatda deyil, yalnız evdə görürlər. Bu cür düşünənlər üçün qadın olmaq çox asan gəlir.

Ancaq qadının başqa bir sosial məsuliyyətinin olduğunu dərk edənlər də az deyil. Hər keçən gün sosial həyata atılan qadınlarımızın sayı günü-gündən artır. Amma Can Yücel demişkən, qadın olmaq nağıllarda belə çətindir. Ya 7 dənə balaca adamla yaşayarsan, ya qurbağanı öpərsən, ya ən sevdiyin meyvədən zəhərlənərsən, ya qəsrlərə həbs edilərsən və s. Ən pisi isə bəzən səni yalnız ayaq ölçündən tanıyan bir adama aşiq olarsan.

Elə bizim ictimai həyatda da “qadın olmaq” elə də asan deyil. Çünki hələ də ali təhsilli olub, ən yüksək vəzifədə olduğu halda “qadın işləməz” deyənləri görürük. Hələ də qızını orta məktəbə belə getməyə qoymayanlar var. Hələ də orta məktəb yaşında qızını özünə görə müxtəlif “doğruları” əsas gətirərək ər evinə gəlin göndərənlər var. Hələ də boşanan qadına əxlaqsız kimi baxanlar var. Hələ də işləyən qadınlara qarşı normal münasibət bəsləməyənlər var. Hələ də peşəsinə görə qadınlarla bağlı “əxlaqi qiymətləndirmə” aparanlar var. Hələ də ictimai nəqliyyatda qadına normal münasibət göstərmək mədəniyyəti olmayanlara rast gəlirik. Hələ də deyiləsi problemlər var.

Amma bütün bu cür münasibətlərin içərisində əldə etdiyimiz uğurlarımız da çoxdur. Bu gün ön cəbhədə də qadınlarımız var, tikintidə də, mətbuatda da, xarici şirkətlərdə də, Milli Məclisdə də. Burada siyahını istənilən qədər uzatmaq olar. Demək ki, qadın olmaq həm də güclü olmaq, mübarizə aparmaqdır və biz bunu bacarırıq. Qadın olmaq, balaca qızcığaz olaraq dünyanı tanımağa başlayıb, zamanla güclü bir xanıma çevrilməkdir. Çünki tarix boyu qadınların əldə etdikləri hər bir uğurun arxasında böyük mübarizə dayanır. Hətta kişilərin də qələbəsinin arxasında ağıllı və güclü bir qadın durur.

Əvvəllər kişilər üçün hesab olunan bütün işləri bacarıb, mübarizə aparırıqsa, əziyyətimizlə lazım olan pulu da qazanıb, ayaq üstə dura biliriksə, lazım gəlsə həm ana, həm də ata olmağı bacarırıqsa, deməli, biz bunu heç də asanlıqla əldə etmirik. Yəqin, hər kəs görüb ki, kişilər bir neçə saatlıq və ya bir neçə günlük qadınların işini görməyə məcbur olurlar. Hətta bütün günü qadına: “Nə edirsən ki? Evdə otursam yemək də bişirərəm, uşağa da baxaram, paltar da ütüləyərəm və s.” - deyən kişilər belə evdə bir gün tək qalanda sonradan çəkinmədən qadın işinin çətin olduğunu etiraf edirlər. Hələ bunun üzərində digər mənəvi məsuliyyətləri gəldikdə... İnandırım sizi ki, mənəvi olaraq qadının məsuliyyəti ev işlərinin milyon qatından da əziyyətlidir. Yəni qadın olmaq sizə elə də asan gəlməsin, əziz bəylər! “Qadın olmaq” kişi işi deyil. “Qadın olmaq” yox, sevdiyiniz qadının olmaq həm sizi xoşbəxt edər, həm də bizi...

Aygün Asimqızı

Go Back

Yaşam naminə - XƏYALƏ MURAD

O axşam qəfil çaxan ildırım səsinə oyanmışdı. Pəncərəyə çırpılan yoğun ağac budağı Qulikonu qorxutdu. Yataqdan qalxıb asta addımlarla pəncərəyə yaxınlaşdı. Əsən külək sərinliyi ilə aprel ayını xatırladırdı. İyun ayının tən ortasında bu soyuq küləyin ayrı ləzzəti olsa da, Qulikonu sevindirmədi. Qaranlıq küçəyə boylanıb uzaqdan gələn yoldaşının maşınını sezdi. Yağış yağmağa başlamışdı. Ara bir ildırım çaxır, göy guruldayırdı. Sol əlini uzadıb otağının pəncərəsini bağladı.“Budaq sərt dəysə, pəncərəni qıracaq!” deyib, çarpayısına yaxınlaşdı. Yenidən uzanırdı ki, qolundakı küt ağrı “oyandı”. “Bircə bu çatmırdı” sol əlini yastıq ucuna qoyduğu dərmana uzatdı. Üç həftədən çoxdur ki, ağrıkəsici içmədən ağırıya dözə bilmirdi. Ancaq bu həblər də, ağrılar da nəvaxtsa bitəcəkdi. Sağ əlini isə heç nə geri qaytara bilməzdi. Zamanla bu fikrə alışmalı, bununla sülh içində həyat sürməli idi. Üç sibir pələnginin dişləri olmasaydı, həkimlər sağ əlini kəsmək məcburiyyətində qalmazdılar. Qeyri-ixtiyari sol əlini üzünə apardı. Alt çənə və üst dodağındakı tikişə toxundu. O dəhşəti yenidən yaşamış kimi xatırladı:

-Xanım, bizə kömək edərsiz?-soruşan ata ağlamaqdan hıçqırıqlara tutulmuş körpəni qucaqladı.

-Demişdim, axı ehtiyyatlı olun. Heç pələngə oyuncaq atarlar?

-Uşaqdır, bilmədən atıb. İndi də sakitləşmir. Oyuncağı götürəcək adam lazımdır. Mümkünsə, uşağı üzmədən götürün oyuncağı.

-O uşaqdır, sizə nə gəlib? Həm... bu pələngləri mən böyütməmişəm.

-Xahiş edirəm. Ən azından onlar sizi bizdən çox görürlər.-uşaq yenə ağlamağa başladı. Sevimli oyuncağını iri pişiklərin parçalayacağını düşünüb ağlayırdı.

-Yaxşı. Siz uşağı sakitləşdirin. Görüm nə edirəm. –Quliko telefonunu açıb nəzarətçiyə zəng etdi. –Bir uşağın oyuncağı sibir pələnglərinin qəfəsinə düşüb. Uşaq oyuncağını istəyir...İcazəlidi... Götürməyə çalışacam. Yenə nə olar, nə olmaz, işini bilirsən. .... Narahat olma, ilk dəfə deyil!

Quliko dəmir barmaqlıları açıb üç sibir pələnginin yerləşdirildiyi qəfəsə keçdi. Onlardan biri uzanmışdı, hər an yuxuya gedə bilərdi. Digəri görnümürdü:“Bəlkə də yatır”deyə düşündü. Üçüncüsü isə düz Qulikoya baxırdı. Ağır və qısa addımlarla oyuncağa doğru getməyə başladı. Gözünü pələngin gözlərindən çəkmədən, yavaş-yavaş oyuncağa tərəf əyildi. Sağ əlini uzatmışdı ki, yerdə yuxulayan pələng qəfildən durdu. Onun cəld durması digər pələngi də yerindən tərpətdi. Quliko sağ əlini uzadıb oyuncağı götürməyə, digər əli ilə heyvanları sakitləşdirməyə çalışırdı. Oyuncaq əlinə keçdiyi anda pələnglərdən biri qolundan yapışdı. Ətinə batan iti dişlərin ağrısından qışqırdı.  Digər pələng sol ayağından yapışdı. İçərdəki üçüncü pələng də çölə çıxdı. O hər iki pələnglə şikar üstündə mübahisə etməyə başladı. Qulikonun bədənini özünə tərəf dartır, ara bir ayaqdan yapışmış pələnglə didişirdi.

Uşaq bu səhnəni görməsin deyə, atası onu qucağına alıb nəzarətçiləri səslədi. Ara döngədən əlində yuxu silahı olan iki nəfər gəldi. Quliko al qan içində yerə sərilmişdi. Ara bir iniltili çığırtısı hələ yaşadığından xəbər verirdi. Pələnglərin hərəsinə bir yuxu iynəsi atıb qan içində yerə sərilmiş Qulikonu  qəfəsdən çıxartmışdılar. Təcili yardım gəldiyində Quliko bayılmışdı.  Əvvəlcə hər şey qaydasına düşər deyə ümid edirdi, amma sən saydığını say, gör fələk nə sayır... Ayaq həyati fəaliyyətini itirmədiyindən onu xilas etmək mümkün oldu. Lakin sağ qol təcili kəsilməli idi. Bu qərar Quliko üçün çox çətin idi. Bu qollarda böyütdüyü sevimli heyvanlarını xatırladı.

“Ölmədiyinizə şükr edin!” bu sözü eşidib qolunun kəsilməsinə ürək ağrısıyla  razılıq vermişdi. Mayın son həftəsini xəstəxanada, iyun ayının ilk on gününü isə  evində keçirdi. Ayağı üstündə hər gün daha çox dayanırdı və beləcə tez zamanda sağalmağı hədəfləmişdi. Qısa zamanda işinə, sevimli heyvanlarına qovuşmaq istəyir, onlara can atırdı. İyirmi beş ildə bir dəfə olsun heyvanlardan ayrı düşməmişdi. Həkimdən məzuniyyətinin qısaldılmasını xahiş edəndə yaxınlarının, dostlarının narazılığına səbəb olsa da, Quliko fikrindən dönmədi.

İyirmi iki yaşında qəzetdə gördüyü elan sayəsində heyvanxanaya xidmətçi kimi gəlmişdi. Xadimə olmaq, heyvaların təmizliyinə riayət etmək onun üçün utancverici deyildi, əksinə sevdiyi heyvanlara yaxın olmaq üçün könüllü gəlmişdi. İlk iş günü heyvanlara baxıcı kimi işə götürüldüyünü eşidəndə sevincinin hədd-hüdudu yox idi.  İlk təcrübə topladığı aylarda meymunlardan biri sağ qaşı ilə gözü arasını cırmışdı. Bəxti gətirdiyindən kosmetik tikişlə göz nurunu qorumuşdu. Ancaq can qorxusu işinə olan sevgisini bir an belə azaltmamışdı.

Heyvanlara qarşı sevgisinin nənəsinin ispan əsilli olmasına bağlayırdı. Hələ uşaqkən çörəyinin birini yeyib, digərini hər kəsdən gizli saxladığı itlərə aparar, it balaları ilə oynayardı. İyirmi beş il ərzində heyvanxanada baxıcı da işlədi, xadimə də, dayə də...

 90-cı illərin aclığı heyvanxanadan da yan keçməmişdi. Quliko maaş aldıqca heyvanların aylıq dərmanlarını, qidalarını təmin edirdi. Öz ehtiyaclarına yetəcək pulu qalmazdı. Zamanla maddi sıxıntılar yoluna düşdü və maaşını yalnız özünə xərcləmək lazım gələndə Quliko yenə ilk fürsətdə heyvanlarını düşünür, onlara  meyvələr alardı.

-Quliko, ağrımırsan ki?-az əvvəl evə girən Malxaz səsləndi.

Yoldaşının səsi fikrini dağıtmışdı.

-Daha ağrımıram. Bu günkü kimi sabah da evə tez göndərsən, səndən möhkəm inciyəcəm.

-İki gündü işə çıxmısan, bir az özünə gəl, sonra əvvəlki iş rejiminə dönərsən.

-Mən aciz deyiləm! Heyvanlara baxa bilərəm.

-Sənə acizsən demirəm. Bir heyvanxana nəzarətçisi kimi yox, yoldaşın kimi xahiş edirəm. Quliko, bir müddət qısa iş rejiminə keç. Ən azından ayağın tam sağalsın..

-Bu gün evə saat üçdə gəlmişəm. Heç gəncliyimdə işdən belə tez qayıtmazdım.  Bekarçılıqdan yerimdəcə yatıb qalmışam. Külək budağı pəncərəyə çırpmasaydı, oyanmazdım da.

O yağışlı günləri çox sevirdi. Çünki həmin günlərdə heyvanxanaya kimsə gəlməzdi və Quliko bu yolla sevimlilərinin dincəldiyini düşünürdü. İnsanların amansızlığına yaxşı bələd idi. Heyvanxanada işlədiyi illər ərzində ziyarətçilərin kobud rəftarına az rastlamamışdı. Bir gün meymun ağzında mismar, bir gün fil ayağına atılmış oyuncaq dəmiri... Quliko insanların heyvanları incitdiklərini düşünür, onlara sevgi və qayğı ilə yaxınlaşanların azlığından şikayətlənərdi.

Yoldaşıyla işdə tanış olub ailə qurmuşdular. Malxaz  ən az Quliko qədər heyvansevər idi. Bəzən hansının daha çox heyvansevər olduğunu düşünər, aralarında yüngül mübahisə edərdilər. İlk illər çox xoşbəxt idilər. İki yaşlı övladının ani ölümündən sonra həyatları ağ -qaradan ibarət olmuşdu. İllər ərzində bir daha övlad sahibi olmağa cəhd etsələr də, uğursuz hamiləliklərlə, göz yaşları ilə nəticələnərdi. Son uğursuzluqdan sonra heyvanlara öz doğma övaladları kimi baxmağa başladılar. Ana-ata sevgisini onlara yönəldib, beləcə təsəlli alırdılar.

-Nəsə ürəyim heç rahat deyil!-Malxaz pərdəni çəkib küçəyə baxdı.

-Heyvanlara baxmışdın? Bəlkə hansınısa, unutmusan?

-Yox! Bir-bir nəzarət etmişəm. Dolu yağır!

Quliko pəncərəyə yaxınlaşıb sol əli ilə açdı. Külək az qala pəncərəni qıracaqdı. Kiçik buz parçaları sərt və sürətlə yerə can atırdı. Yerə zərblə toxunduğundan hoppanıb kənara düşürdü.  Bir neçə saniyə sonra dolunun sıxlığından qarşı küçəni görmək mümkünsüz oldu.

-İlahi, bu nədir belə?-Malxaz pəncərəni bağlamağa çalışdı.

-Heyvanlar!-Quliko dəhşət yağan baxışları ilə Malxazı silkələdi.

-Yəni, nəsə ola bilər? –alnını ovuşdurdu.

-Getmək lazımdır! Bir an gözləmək olmaz!-Quliko var gücü ilə dəhlizə tələsdi. Malxaz da ardınca küçəyə çıxdı. Buz parçaları az qala baş deşirdi. Maşına çatar-çatmaz dolunu leysan yağış əvəzlədi. Göz qırpımında  yağan yağış asvaltı yumağa başladı. Küçənin nisbətən hündür hissəsindən yağış suları kiçik arx şəklində asvalt boyu üzü aşağı axmağa başladı.

-Tələs, Malxaz! Tələs!-Quliko qışqırdı. Maşını işə salıb yolu güclə seçə-seçə heyvanxanaya çatdılar.

Yağış yüksək ərazilərdəki suyu sel kimi ən alçaq küçələrə axıdırdı. Heyvanxananın ərazisi nisbətən alçaqda olduğundan su axınının çatacağı ilk yer də bura idi. Quliko az əvvəl heyvanların boğulacağı qorxusu ilə yol gəlmişdi. Bu kabus bir qədər sonra gerçək ola bilərdi. Qorxudan səs-səsə vermiş heyvanları xilas etmək üçün bir-bir qəfəslərə açmağa başladı. Sel onları qabaqladı. İlk zərbə ilə Malxozu hasara çırpdı. Quliko qapıları açdıqca irəliyə gedirdi. Heyvanların su üzündə üzərək dəmir barmaqlıqlar arasından çıxdığını görüb, digər cərgəyə tərəf getdi. Malxaz özünü ələ alıb Qulikonun əksi istiqamətindəki heyvanlara tərəf getdi. Bir-birinin ardınca yağış suyu sel kimi heyvanxananı yuyurdu. Suyun səviyyəsi yüksəldikcə Quliko irəliyə üzməkdə çətinlik çəkirdi. Su üzündən çaqqal, tülkü, timsah, ayı, şir, pələng və bir neçə heyvanları gördükcə, xilas ediləcək hələ çox heyvanın qaldığını xatırladı. Gücünü toplayıb sol əlini və ayaqlarını hərəkət etdirdi. Pinqivinləri, ardınca meymunları, sonra dəvəquşunu, ardınca da canavarların qəfəsini açdı. Sevimli “albino”larının qəfəsinə yaxınlaşmışdı ki, arxadan gələn yağış suyu Qulikonu lələk kimi havaya qaldırıb, amansızcasına dəmir barmaqlıqlara çırpdı.

Külək yağışla deyişməyə, sanki “üstünlük kimdədir?” deyirmiş kimi mübarizə aparmağa, biri digərindən güclü olduğunu, daha sərt və üstün olduğunu sübut etdirmiş kimi savaşmağa başladılar. Saatlarla davam edən savaş onlarla insanın, yüzlərlə heyvanın ölümü ilə, onlarla sakinin evsiz-eşiksiz qalması, daşqından xilas olmuş heyvanların şəhər boyu qida axtarışına çıxması, silahlarına qoyulacaq yuxu iynələri bitdikdə barıt güllələri ilə əvəzlənməsi ilə başa çatdı. O gecə gülüşü ilə ətrafına xoşbəxtlik və müsbət aura bəxş edən, heyvanları canından çox sevən Quliko ömür gün yoldaşı Malxaz və xilas edə bilmədiyi yüzlərlə heyvanlarla birgə can verdi...

 30.06.2015

Tbilisi

XƏYALƏ MURAD

Go Back

Qadın olmaq dedikdə ağıla gələn sürət -GÜNEL AĞAYEVA

Taleyin hansı sürprizləri ilə qarşılaşacağını bilmədən yaşayan, gələcəkdə heç bir şeydən sığortalanmayan qadın. Dünyaya gəldiyi gündən bəri qayğının,xəyanətin, kədərin işığına nərdivan dayayan qadın.

Həyatda atdığı addımı sırf ailəsinə görə atan qadın. Məcburi ailə quran və xoşbəxtliyi dərk etmədən bədbəxtçiliyə sürüklənən qadın.Ailədə hər təhqirə,əzaba, söyüşə, təcavüzə,zorakılığa məruz qalan qadın.Atasının, qardaşının, həyat yoldaşının adını sanın qorumaqla vəzifələnən qadın.

Təcavüzə uğranıb sonra həmin adamcığazla evlənən , yada kı ölümə məruz qalan qadın. Övlad dünyaya gətirib, ana adını qazanmış cənnətin qapıları üzünə açılmamış, təzə gül kimi solan qadın.

Hər bir addımda günahkar olan, övladı olmadıqda bərəkətsiz torpaq adlanan, övladları naxələf olduqda döyülən, söyülən, günahkar kimi qələmə verilən, bədəninin ağrısını unudub balalarına xoş gün arzulayan qadındır.

Ər evində hər cür zorakılığa məruz qalıb ata qardaş evinə pənah gətirib təzədən burnuna vurulub cəhənnəm yuvasına göndərilən qadın.

Ya qaçar yada intihar edər. Yenədə günahkar qadındır.

Qadın olmaq hər bir çətinliyə sinə gəlmək, həyatını övladları,sevdikləri üçün qurban verməkdir.

 Qadın dedikdə ağıla bu sürət gəlir. Qadının alın yazısı taleyidir. Axı o QADINDIR.

Günel Ağayeva.

Go Back

Və gəlin boynumuza alaq ki, onları mükəmməl edən də budur - TURAL ƏZİMZADƏ

   Öz kişi ağlımla yanaşsam da qadın olmağın bir qədər  (hətta, çox) çətin bir şey olduğunu dərk eləyə bilirəm. Qadın olmaq çox vaxt bağışlamaqdır. Bəzən səbəbsiz yerə sevməkdir, bəzən durduq yerə ağlamaqdır. Qadın olmaq çox vaxt fədakarlıq edə bilməkdir. Qadın olmaq bəzən ayağının altına cənnətləri sərən bir Tanrının hədiyyəsi olduğunu dərk edə bilməkdir. Qadınlar haqqında oxuduqlarımız onları təsvir etməyə bir qram da kömək eləməz. Mən bu yazıda qadınların fədakarlığından danışmaq istərdim. Bu fədakarlığı dahi Viktor Hüqonun “Səfillər” əsərindəki Fantinanın timsalında çatdırmağa çalışacağam sizə.

   Fantina əsərin başlanğıcında sarı saçları kürəyinin ortasına qədər tökülən, ətli dodaqları və inci kimi dişləri olan şux bir qız kimi təsvir edilir. O qədər saf və təmiz birinə çevrilir ki,  hamiləykən tərk edən bir şəxsə isə əsərin sonuna qədər nifrət bəsləmir. Çünki, ona Kozetta kimi şirin bir qız qoyub gedir. Fantina Kozettanı saxlamaq üçün müxtəlif yollardan istifadə etməyə məcbr olur. Mənimçün  1283 səhiflik əsərin ən dəhşətli və tükürpədən səhnəsini sizinlə paylaşıram. Məncə bir qadının hissə-hissə ölməsini, yaşayarkən ölməsini, ölərkən bir “canı” yaşatmasının təsvirini belə dahiliklə göstərə bilməkdir Hüqonu digərlərindən fərqləndirən. Fantina qızını saxlamaq üçün təsadüfən bir ailə tapır. O ailəyə hər ay pul göndərir. Amma, bir müddət sonra pulu qurtarır və sahib olduğu şeyləri satmağa başlayır. Kozettaya öncə saçlarını qurban verir Fantina. Bir müddət sonra ailənin yenə də pul istədiklərini görən Fantina bu dəfə heç tərəddüd etmədən dişlərini(!) satır. Bu mənimçün əsərin kluminasiya nöqtəsi oldu. Sanki, Tanrı bir qadın yaratdı və o mükəmməllikdə qadını həyat hissə-hissə öldürdü. Ölümü hiss edərək öldü Fantina. Amma, onun etdiyi bu fədakarlıqlar ümumilikdə qadınların sahib oduğu o geniş ürəklərini,verdikləri qurbanları və bağışladıqları günahlarımızı bizə bir daha xatırladır.

   Bununla belə, bu məqaləni feminist bir məqalə olaraq görməməyiniz üçün daha bir hekayəyə keçmək pis olmazdı. Bu hekayə Hüqonun deyil, mənim öz qələmimin məhsuludur. Hekayə “Yelləncək” adlanır.  Hekayəmdə 3 nəfərlik bir ailə təsvir olunur. Kiçik bir qız, ana və ata. Ata bir gün həyətdə yelləncək quraşdırrı və o gündən sonra işdən gələn kimi qızını da götürüb birbaş yelləncəyə tərəf qaçır. Və bir gün evə gələrkən dəhşətli bir mənzərə ilə qarşılaşır: Ana kiçik qızı yelləncəyin asıldığı ağacdan asıb, onun paltarlarına bənzəyən paltarlar geyinib və atasını(ərini) gözləyir. Ər dəhşətli səhnəyə baxarkən qadından belə bir sual gəlir:

  • Bəs indi məni qızımızdan daha çox sevəcəksən, atacan?

 Gördüyümüz kimi, hər nə qədər dəhşətli görünsə də bu baş verməsi mümkün olan hadisələrdən sadəcə biridir. Bu hekayələr  bizə qadın xislətinin nə qədər fərqli və dramatik, eyni zamanda qarışıq olduğunu, bununla belə, onların eyni zamanda həm qayğıkeş ana, həm də övladını qorumaq üçün hər bir vəhşiliyi törədə biləcək varlıq olduğunu anlamaq çox da çətin deyil. Bu yazı onların sevgiyə möhtac kiçik bir qız olduqları qədər sizi bircə anın içində tərk edə biləcək ruhsuz varlıqlar ola biləcəklərini göstərməkçün yazılıb. Və gəlin boynumuza alaq  ki,  onları mükəmməl edən də budur.

Tural Əzimzadə

Go Back

Bir qadın - FANİ KƏRİMLİ

Bir qadın hər şeydən əvvəl, əvvəldən hər şey olmağı başarmış. Bu almanın lazımsız çeyirdəyinin ilk alma forması olmağını unudaraq onu tüpürüb yerə tullamağımıza bənzəyir. Əvvəldən her şey olanımız torpaqdan deyildə insanın böyründən yaranmış, torpaqdan yaranana bətnindən uşaq vermiş, hələ bu azmış kimi bətnindən çıxanlara cənnət də vəd edilən Huri cildinə belə girmiş.


Yüksəklik qadının qadın yüksəkliyində qadından yüksək olmağın yüksəkliyini yüksəldən qadın halıdır. Bəlkə də zirvəyə yüksəklik adı sırf qadınlara görə verilib. Tək yüksəklik yox, həmçinin mərkəz, sağ, sol qadına görə belə adlandırılıb. Bir tək ön yox. Ön cərgə ona buyurulmayıb. Qadın və ön, düz və səhv kimidir. Qadın və ön sən və mən kimdir. Qadın və ön ölümlə var olmaq kimidir.


Ön qadının mübarizəsi, müvazinəti, həyata duruşu və nəhayət, müdafiəsidir. Ön təkcə qadının seçimi deyil. Ön qadının bətni və döşündən ibarətdir. Ön qadının sözündən ibarətdir. Qadın üçün ön kişidir.


Hər uğurlu kişinin arxasında qadın varmış, bu qadın da əjdahaymış su üzərində oturan və kişinin uğurunu bu təmin edirmiş. Bu neçə əsrin lətifəsidir artıq. Qadın üçün kişi deyilən bir şey 21-ci yüzillikdə belə formalaşmayıb. Qadın yüksəkliyini elə qurmuş ki, ona ön gərək deyil. Qadın güvənli bir mərkəz, sağ və soldur. Qadın bir, ya min fərq etməz tək haldır. Qadın gecəyə səhər, həyata iki candır.


Bir qadın kişi ilə heç vaxt mübarizə aparmaz. Bir qadının gözündə bir kişi deyə bir şey mövcüd deyil. Bir qadını yalnız qarşısındakı qadın maraqlandırır. Saatlarla güzgü önündən geri çəkilməyən qadın kişi üçün deyildə qarşısına çıxacaq qadından gözəl olmaq üçün bəzənir. Qadının tək mübarizəsi qarşındaki qadının bətnindən çıxanın öz bətnindən çıxandan daha uğurlu olmasını qəbul edə bilməməsidir. Həyatını balalarına sərf edən “Ana” modeli cizib sehirli cubuğa sahib pəri kimdiirlər.


Anaxaqanlığını unudanlar, Məryamın keçirdiyi doğuşu görməzdən gələnlər və nəhayət, Tanrının qadın simasını heç sayanlar üçündür bu Bir qadın …

 

hörmətsiz insanların hörmətindən artıq dəyəri olan qadınlara HÖRMƏTLƏ...Fani Kerimli

https://youtu.be/25AhZ4TD5HM

Go Back

Cəmiyyətimizdə seksizm: qurban qadınlardır - CAVİD QƏDİR

Bu yaxınlarda ötən il Türkiyədə zorlanaraq öldürülən 19 yaşlı Özgəcan Aslanın anım günü idi. Hadisə baş verəndə nəinki Türkiyədə, həmçinin, Azərbaycanda kifayət qədər səs-küy doğurmuş, müzakirələrə səbəb olmuşdu. Hətta sosial şəbəkələrdə etiraz əlaməti kimi müxtəlif aksiyalar baş tutmuşdu. Bəzi qadınlar bir az da irəli gedərək öz başlarına gələn seksist hadisələri danışmış, sosial şəbəkələrdə yazmışdılar.

Açığı, istənilən məsələ və halda şiddətə əl atmağı çıxış yolu hesab etmirəm. Xüsusən, şiddət obyekti zərif cinsdirsə... Zəif yox haa, zərif. Qadınları qətiyyən zəif hesab etmir, xor görmürəm. Ümumiyyətlə, ayrı-seçkiliyə qarşıyam. Məncə, qadınlar bir çox məsələlərdə kişilərdən daha dözümlüdürlər. Feminist səslənsə də etiraf etmək lazımdır ki, qadınların yeganə günahı bu kiçicik Yer kürəsini bizimlə bölüşmək məcburiyyətində olmaları... Qadınları kölə, ikinci növ insan kimi görməksə bir qədər də maksimalist yanaşmanın, kainatın mərkəzinin bu başıbəlalı mavi planetin olması düşüncəsidir.

Çox təəssüf ki, gender bərabərliyindən nə qədər dəm vursaq da cəmiyyətimizdə qadınların hüququ hər gün hər saat, hər an pozulmaqdadır. Onları bürüb-büküb qoz qabığına dürtmüşük. Qadınların da zövqləri, seçimləri, hissləri, yanlışları, doğruları, rahat yaşama haqq və hüquqları olduğunu qəbul etməyi keçin, eşitmək belə istəmirik. Qadın işləməz, qadın gəzməz, oxumaz, söz hüququ olmaz, olmaz, olmaz, olmaz!.. Belə davam etsə "qadın" sözü "tabu" anlamında işlənməyə başlayacaq. Əgər "olmaz"ların siyahısını uzatmaq istəyiriksə bir dəfəlik qadınlara yaşamağı qadağan edək, bitsin bu işgəncə. Nə bizim üstündə əsmək kimi məsuliyyətimiz olsun, nə onların kölə kimi sürünmələri. Qaldı çoxalmağa, təbiətdə çoxalmağın o qədər alternativ yolu, üsulu var ki. Türklər demiş, "kafamıza görə takılırız". Bir məsələni unuduruq, cəmiyyət anlayışı formalaşmazdan əvvəl, hələ qəbilə formasında yaşarkən dominant cins biz yox, qadınlar idi. İnsanın gen laboratoriyasının tədqiqi sübut edir ki, y xromosomu x xromosomundan daha yaşlıdır. Bu da öz növbəsində insanın inkişaf yolunun hansısa mərhələsində tək cinsli, üstəgəl dişi/qadın olaraq yaşamını sürdürüb anlamını daşıyır. Yəni, alçaq dağların yaradıcıları kişilər deyil.

Kişi şovinizminə daha bir misal kimi 17 yaşlı Aytac Babayevanın qətlini göstərmək olar. Məhkəmə işi hələ də davam edir. Yekun qərara varılmayıb. Qısa olaraq, məğz budur ki, qızın ayrılmaq istədiyini eşidən sevgilisi "ya mənimsən, ya qara torpağın" deyib Aytacı şəhərin ortasındaca qanına qəltan etmişdi. Vikipediyadakı məlumata diqqət edək:

İzzət Hüseynov (Aytac Babayevanı öldürən şəxs, sevgilisi) ifadəsi zamanı Aytac Babayevanı onun sevgisini cavabsız qoyduğu üçün öldürdüyünü bildirib: "Dörd ay on iki gün idi ki, ayrılmışdıq. Qala bilmirdim onsuz. İstəyirdim özümü onun yanında öldürüm ki, inansın mənə. Axırıncı dəfə görüşəndə özümü öldürəcəkdim, yanıma gəldi, qoymurdu bunu edim. Məndən ayrılmağı əsəblərimi korlamışdı, mən də vurdum onu. Onu bıçaqlayanda bıçaq qırıldı, yoxsa özümü də öldürəcəkdim. Sonra oturdum yanında, başladım ağlamağa. Kaş onun yerinə mən ölərdim”.

Belə vəhşilik bir kənara, cəmiyyətin ciddi narahatlıq doğuracaq dərəcədə çox hissəsi qızı günahkar bilir, "Görən aralarında nə olubmuş" kimi debil arqument irəli sürürlər. Bu məsələni iyrəncliyə varacaq tərzdə qabardan media orqanlarını da unutmaq olmaz. Tamamilə intim görüntüləri tirajlamaq hesabına İP, reklam ovuna çıxan "IV hakimiyyət" mənsubları bütün jurnalistika qaydalarını çeynədiklərinin fərqinə belə varmadılar, ya da daha pisi, fərqinə varmaq istəmədilər. Sözügedən situasiyada əsas günahkar yenə cəmiyyətdi düşüncəsindəyəm. İnsanları stereotiplərə boğan mühafizəkar qaydalar, "camaat nə deyər"lər, yenə də "olmaz"lar, qadını televizorun üstünə sərilən işləməli ipək örtük sayan çürük dəyərlər...

Taa uşaqlıqdan qadınlara acımışam - lütfən, qadınlar sözümü qəribçiliyə salmasın, - ağlım kəsəndən, daha doğrusu sosiallaşma yaşımdan qadınlara olan seksist münasibətdən iyrənmişəm. Bir gözəl, xoşagəlimli qız görən kimi təkcə ağla gətirilməsi iyrənc olan fikirlər, arxasınca fit çalmalar, söz atmalar, çiyin vurmalar, əl-qol açmalar, nömrə bağırmalar, guya kompliment demələr, yaxud əksinə, qıza çirkin deyib diqqət cəlb etmələr, bir təbəssümdən bütün seksual fantaziyalarını işə salıb sabahı gün rast gəldiyi adama edilən söhbətlər. Demədiyim, bildiyiniz, bilmədiyiniz əclaflıqları edənlər, kimlər, kimlər rast düşüb indiyə qədər, bir Allah bilir. İş o yerə çatıb, yolda qarşıda bir qadın gedirsə, tez-tələsik ötüb keçirəm ki, birdən özünü narahat hiss edər, elə bilər arxasınca düşmüşəm.

Uşaqlıqdan tək olmuşam, bacım, qardaşım yaşca böyük olublar, mənimlə oynamayıblar. Evimiz qəsəbənin lap sonundadır, sonra çöllük (Kür-Araz ovalığı C.Q.) başlayır. Qonşuluğumuzda yaşıd uşaqlar olmayıb . Öz yaşıdlarımı görəndə zəncirdən açılmışa dönürdüm, yadımdadır. Atam, anam işdə olurdu günün əksər hissəsi. Ona görə həmişə tək oynayırdım, olmayan oyunlar uydururdum. İki nəfərlik oyunları da təkbaşına oynayırdım. Özümlə danışmağa vaxtım çox olurdu. Bu səbəblərdən empatiya hissim hədsiz güclüdü. Başqasının xoşbəxtliyini, acısını özümünmüş kimi duya bilirəm. Dediyim odur ki, qadınların biz kişilərin ucbatından nələr çəkdiyini çox gözəl anlayıram. Həmişə tanış qadınlarla bu barədə söhbət edəndə səbrlərinə heyranlığımı bildirirəm.

Keçən il baş verən daha bir məsələni xatırlayaq. Gənc qızla oğlanı cərəyan vurmuşdu. Təfərrüat təxminən belə idi ki, hadisə transformator tikilisində baş vermişdi. Təfərrüarlara baxaq: “APA-nın məlumatına görə, Bakı şəhəri, Nəsimi rayonunun Ağadadaş Qurbanov küçəsində 20 yaşlı Fəqan Fərzəliyev və 18 yaşlı Pərvanə Hüseynova (ad və soyad şərtidir) 6 min voltluq transformatorun içinə daxil olublar. Bu zaman ehtiyatsızlıq edən Fəqan Fərzəliyev yüksək gərginlikli naqillərə toxunub. Nəticədə elektrik cərəyanı onları bir neçə metr kənara tullayıb. Hər iki şəxs ağır xəsarətlər alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar. Hadisə nəticəsində çoxsaylı yanıq xəsarətləri alan Fəqan Fərzəliyev qolunun birini itirib”.

Çox keçmədən "çay gəlmədən çırmanan" mediamız meydan sulamağa, gəncləri ağ yuyub, qara sərməyə start verdi. Hər iki gəncə əxlaqsız damğası vuruldu. Sular durulandasa məlum oldu ki, sən demə, oğlan ora intihar etmək, qızsa sevgilisini xilas etmək üçün giribmiş. Arxadan atılan daş topuğa dəyər misalı mediamız iki gəncin həyatını qaralda, psixikasını poza bilmişdi. Hadisədə əsas maraqlı məqam odur ki, ağzından köpük axa-axa bu barədə danışanlardan/yazanlardan heç biri yüksək gərginlik transformatorun qapısının qıfıllı olmaması məsələsini qabartmadı, ağlınızda olsun dedim.

Bu sadaladıqlarım nə əvvəldi, nə də son. Çalışaq insan olaq qarşımızdakını cins deyil, insan kimi dəyərləndirək.

***

Əziz qadınlar, qadın adını doğrulda bilən, uca tutan qadınlar, bütün bu əclaflıqlara dirənə bildiyinizə görə sizə çox az saylı seksizim əleyhinə olanlar adından təşəkkür edirəm. "Sizsiz dünya çox əmin və sıxıcı yer olardı" - deməkdən də özümü saxlamıram. Həyatınızı sizi mələk edəcək, mələkliyinizi qorumağınıza yardımçı ola biləcək kişilərlə bağlamağı arzu edirəm. İnsanlığı sevgi, qarşılıqlı hörmət, inam xilas edəcək.

Bizim ən böyük çatışmazlıqlarımızdan biri önyarqı, digərisə başqa baxışları, prizmaları öz baxış bucağımızla eyniləşdirmək, ümumiyyətlə, məsələyə birtərəfli nəzər nöqtəsi sərgiləməkdir. Əgər bu iki mənfini bir-birinə vurub, müsbət nəticə ala bilsək inanın ki, hər şey yoluna düşəcək. Ola bilsin, heç nə düzəlməsin, amma hər şey yaxşı olacaq. Lazım da gələcək,  Qarabağı da alacağıq, İsa bulağında kabab da çəkəcəyik, bu dediklərimizi Cıdır düzündə də deyəcəyik. Bir az inanmaq lazımdı. Həyat gözəldi axı, yaşamağa da dəyər. "Ürəyimdən vur, Kələntər dayı, ağrıdır axı". Buna fikir verməyin, inanmağınızda olun. O-p-i-um.

P.S. Bu yazının nöqtəsini qoyduğum dəqiqələrdə təsadüfən internetdə rastıma çıxdı; keçən bazar günü (fevralın 8-i) Adanada platonik (!) aşiqi tərəfindən vəhşicəsinə döyülən Türkan Sarıqaya 7 gün komada qaldıqdan sonra dünyasını dəyişib.

Cavid QƏDİR

Go Back

"Bəşəriyyətə nəfəsinlə can verməkdir QADIN OLMAQ!" -XOŞQƏDƏM BƏDƏLOVA

QADIN OLMAQ.....  bu anlamı izah etmək, bu hissi yaşamaq qədər acı, şirin və çətindir. Kiminə görə bu ailə qurduqdan , kiminə görə ana olduqdan, başqa birinə görə çətinlikləri tək çiyninə aldığı gündən yaşamaqdır qadın olmaq .

            Mən bu məqalənin bir qadının həyatında yaşadığı qadınlıqdan yazacağam. Arzularının, xəyalarının çin çıxdığı gün ailə qurdu, özünün ailəsi olduğuna sevinib qadın oldu. Amma o qədər qısa bir vaxtda bu hiss tərk etdi ki onu. Bəlkə, hamı kimi o da çətinliyi yaşayırdı xəyanəti, yalanı....

Beləcə, təsəvvüründə yaratdığı o hisslər, yaşantılar qısa vaxtda heç oldu. Böyük bir boşluqda tək qaldı. Əslində o vaxt qadın olduğunu anladı, dərk etdi. Qadın olmaq ona zaman-zaman mübarizə aparmağı, yenilməməyi, güclü olmağı öyrətdi.

Ətrafımda olan qadınlardan, cəmiyyətin bizə olan münasibətindən öyrəndim qadın olmağı. Yaşadıqlarını silib yenidən başalamaqdır qadın olmaq. Çətin olsa da, eyni yolu büdrəmədən getməkdir. Bu həyatın qadına verdiyi cəzası, yoxsa hədiyyəsimidir, bilmirəm, bunu yolun sonunda biləcəyik.

Mənimçün qadınlığın rəmzi Həzrəti Fatimə, Zeynəbdir. Əxlaqıyla, ifftilə, namusuyla pak olmaqdır qadın olmaq.

Qəhrəmanım qadın olmağı bir də ana olduqda duymaq istərdi. Övladını ağuşuna alıb qoxusunda, nəfəsini nəfəsinə çəkdiyində qadın olmaq istərdi. Sevib də sevildiyində dadmaq istrədi bu anlamı. Köksündə sızlayan ağrılarda yox, ona əzab verən fikirlərində yox, gizli qalan hisslərində də yox, doya-doya xoşbəxt yaşadığında qadın olmaq istərdi. Qadın olmağı yaşaya bilmədiyi bəlkələrdə, kaşkilərdə, ürəyində saxladığı nəysələrdə yox, həqiqətində, saflığında, hörmətində görmək istərdi...

Bir də qadın olmağı övladlarını tək böyüdən, əzablarını çiynində daşıyan, ağrılarını qəlbində yaşayan anaların gözündə gördüm. Cavan-cavan yoldaşları şəhid olan gəlinlərin göz yaşlarında, oğullarının cəsədlərini torpağa verən anaların ağılarında, torpağını itirən vətənin harayında gördüm qadın olmağı.

Bir ananın laylasıdır QADIN OLMAQ!

Şərəfinlə yaşayıb, şərəfinlə ölməkdir QADIN OLMAQ!

Bəşəriyyətə nəfəsinlə can verməkdir QADIN OLMAQ!

 

                        Xoşqədəm Bədəlova -  Praktik Psixoloq

Go Back

"Qadının gücü sevgidəndir" - HƏŞİMOVA ÜLVİYYƏ

Qadın…Bu söz o qədər dərin məna daşıyır ki...Hərflər də elə bil qadını izah edir.Qadın-qayğıkeş,azad,dözümlü,nəcibdir.Qadın uşaqdır.Dünyanın ən əyləncəli uşağı.Heç bir şeyə fikir vermədən  sevinclə qışqıran,qəh-qəhə ilə gülən,sevdiklərinin üzünü güldürən balaca uşaq…Qadın həssasdır.O ağlamaq istəyirəm deməz,ağlayar.Bəzən o qədər yorular ki,öz-özünə düşünər: «Öyrəşmisən daha.Olanlar səni o qədər də incitmir.Hadisələrə qarşı immun sistemin işlək vəziyyətdədir.Bəklə də daha kefsizlik sənə adi bir şey kimi görünür.Gözlərini bağla və yat.Səhər yenə eyni açılacaq.Gülüşlərini artır sənə lazım olacaq.Gözlərini gizlət və davam et».


Gözlərini bağlayar və yatar.Günlərlə bəzən həftələrlə belə davam edər.Sonra bir daha həyatını gözdən keçirər.Əhvalını pozacaq hadisələri düşünməməyə qərar verər və qadın ayağa qalxar.Büründüyü qar topalarını üzərindən atar və gülümsəyər.Həyatında bu qədər gözəlliklər varkən,buz yorğanına bürünmək niyə?! Ayağa qalxar,dizlərindəki palçığı təmizləyir.Paltarını dəyişib,saçlarını səliqəyə salır.Ən sonunda güc simvolu olan qırmızı dosaq boyasını çəkər.Budur,qadın dözümlüdür.Hər çovğundan sonra yenidən çiçəklənəcək qədər güclüdür.Lakin bu güc ona yalnız sevdiklərindən gəlir.Deyirlər ki, «Qadının uğurlarının arxasında yalnız özü vardır». Bu fikir məncə yalnışdır.Qadının uğurlarının arxasında sevdikləri var.Ən əsası sevdiyi şəxs,həyat yoldaşı var.Qadının gücü sevgidəndir.Nə qədər ki,qadının ürəyində sevgi kəpənəkləri pərvaz edəcək,o öz əhatəsini xoşbəxt edəcək.

Həşimova Ülviyyə

Azərbaycan Universiteti.
İxtisas: Riyaziyyat və İnformatika müəllimi

Go Back

"Hər kəs bu həyatda qonaqkən ən böyük qonaq olmaqdır qadın olmaq-öz evində belə qonaq olmaqdır." - NƏCƏFZADƏ ASİMAN

                             

          Və bir səs yüksəldi Allah (c.c) evindən : “Qadınlar sizə Allahın əmanətidir.”

Bu dünyada qadın olmaq həyatda var olmaq üçün mübarizə aparmağa məcbur qalmaqdır.Həyatın hər anında “mən də varam”demək istəməkdir.Birilərinin səsini kəsməsidir bəzən...”Nəfəs alırsansa ümid hələ də var “ deyirlər ,əgər qadınsansa ,hələ də sağsansa,güclüsənsə ümidin deyil-şansın var deməkdir...

            Qadın hər şeydən öncə övladdır.Bəzilərinin qəbul etdiyi,bəzilərinin isə sadəcə “utanc “, “əşii yenə də qız” adandırdığı övlad.Kimisi qoxusu üçün ölməyə hazırkən,kimisinin əlinin tərsiylə itələdiyi övlad... Nə qədər şablon səslənsə də qadın olmaq çətindir bu həyatda...Qadının ən böyük uğuru da elə övlad olaraq həyatda qalmağı bacarmaqdır.Bəli,qadın övladdır,qadın anasının qızıdır ilk növbədə.Qadın elə qadının həmdəmidir əslində.Qadın olmaq-oxumaq  üçün mübarizə aparmaqdır,qadın olmaq bacarmaqdır -ən adisi oxumağı bacarmaq.Bacarmasan ərə verilmək..

             Hər kəs bu həyatda qonaqkən ən böyük qonaq olmaqdır qadın olmaq-öz evində belə qonaq olmaqdır.Başqalarına,başqa həyata öyrəşməkdir,hamıya hörmət etməyə məcbur qalmaqdır qadınlıq...”Namus“ anlayışının canlı timsalı olmaqdır.Namuslu,iffətli olduğunu sübut etməyə  məcbur qalmaqdır hamını.Belinə qırmızı qurşaq bağlamaqdır ,qarşı cinsdən qorxacaq hala gəlməkdir qadın olmaq.Heç bir yerdə “Ana,qabağda çox qız var,adboy vermə,qorxuram” deyə telefonuna sarılan oğlan görə bilməzsiniz.Ömrü boyu ”Evə çatanda xəbər elə” cümləsini eşitməkdir qadın olmaq,çünki,evə gedib çatıb çatmayacağı belə bəlli deyildir...Hər bir kişi namuslu qadın axtararkən avtobusda,metroda çantanı arxana almaq,söykənəcək divar axtarmaqdır qadın olmaq.Qadın olmaq həmcinslərinin etdiyi bütün səhvlərə görə cavab verməkdir,bütün qadınlara yükləməkdir bir yükü.”Dişi köpək quyruğunu bulamazsa,erkək köpək ardına düşməz”atalar sözünün altında əzilməkdir qadınlıq.Atanın öldüyü bir evdə qapının önünə kişi ayaqqabısı qoymaqdır qadınlıq.Liftdə,avtobusda əks cinslərlə tək qalmağa qorxmaqdır ,bunlara görə küçədə qulaqcıqsız gəzə bilməməkdir qadınlıq.Ən əsası bunları yazarkən gözlərinin dolu-dolu olmasıdır qadınlıq...

           Bir gecədə həyatı dəyişər bi qadının.Bir gecə keçər “qız” artıq “qadın” olar,yoldaşı ölər “dul” olar,hər söyüşdəəzilər,hər kişiyə qurban verilər ,alınar,satılar...Doğurdan bir qadın nə zaman azad olar?Qadın olmaq həyatın hər anında “damğa “yemək qorxusuyla yaşamaqdır.Mənim fikrimcə u həyatda bir adın ,bir də ağac olmaq çətindir...Dediyim kimi,qadınların şanslı və şanssız olanları ,bəlkə də qızıldan taxt düzəldib qızıldan bəxt axtaranları mövcuddur.Şanssızlar:

Sudan

Qadınlar 10 yaşında rəsmi şəkildə evlənə bilərlər...Burada hər 30 qadından biri hamiləykən ölür...

Somali

Salınan somali düşərgələrində 1200 ə qədər qadının təcavüz olunduğu aşkarlanmışdır..

Cibuti

Bu ölkədə seksual zorakılıqla bağlı qanun yoxdur...Qadınların 93%i sünnət olunur.

Mərakeş

Qadınların ərlərindən boşanmaq hüququ yoxdur.Burada qadınların 44%i oxuyub –yaza bilmir.

        Qadınlıq bəzənsə bir kişiyə yar olmaqdır...Onu övladın kimi sevməkdir.”Sevmək “-şansının verildiyi qadınlardan olmaq necə də mükəmməl hissdir.Kipriklərini tək-tək seyr etməkdir bəzən...Gözlərinin içində özünü görmək istəməkdir,bəzən bir can sözünü eşitmək istəməkdir qadınlıq...

Bir də bu həyatın qadınlara verdiyi əvəzsiz hədiyyə var-“Ana” olmaq.Deyilənə görə bu hissə bərabər hiss yoxdur.Mən bu hissi bilməsəm də onun yolunu dörd gözlə gözləməyi bilirəm.Analığın Onun üçün ayları həftələrə,həftələri günlərə ayırmaq olduğunu bilirəm (mensturasiya,ovulasiya).Analıq onun gəlişi üçün günlərlə,yuxularda belə göz yaşı tökməkdir.Hərdən gücsüz olduğunu hiss etmək,sonra özünü toparlaya bilməkdir.Ana olmaq-ümid etmək,əsla imtina etməmək ,hesabsızca sevmək ,neçə yaşı olursa olsun övladının ac olmadığından əmin olmaq istəməkdir.Ana olmaq-imtahan qapılarında gözləmək ,yenidən şagirdolmaq,yeri gəldiyində əsgər olmaq deməkdir...Ana olmaq-qadın olmaq deməkdir...Qadın olmaq-o biri dünanı qazanmaq deməkdir.”Cənnət anaların ayaqları altındadır” sözünü eşidəndə birdən ana ola bilmədim deyib,tüklərinin ürpərib,içində bir yerlərdə göynəmə hiss etməkdir mənim üçün qadınlıq.

Xülasə...

Bir qadın həyatddır əslində.Yemək yemək ,su içmək belə bir qadınla dəyişir.Bir qadının əlindən içdiyiniz suyla özünüz içdiyiniz su arasında fərqi başa düşə bilirsiniz?Başa düşə bilirsinizsə,nə əla...

Başa düşmürsünüzsə nə yazıq ki yaşamırsınız....

 

Nəcəfzadə(Əlizadə) Asiman

                                          Bakı Qızlar Universitetinin “Sosial-pedoqoji”

                                        Fakültəsinin İ1-13 tələbəsi

Go Back

"Qadın çox zaman özünə aid olmaz çünki o,fədakardır!" - GÜNƏŞ MƏMMƏDOVA

Qadın olmaq nədir,qadın kimdir bu haqda əslində çox geniş yazmaq olar.Qadına baxış mövqeyi çox müxtəlifdir.Qadının bu həyatda heç bitməyən vəzifələri var.Bu vəzifələr də hamımıza məlumdur.Bu haqda yazmadan bir onu demək bəs edər ki qadın Anadır.Cənnət də anaların ayaqları altındadır deyib peyğəmbərimiz.Bunu dərk edə bilən hər bir insan qadının necə ali,uca,müqəddəs olduğunun fərqinə varmalıdı.

Qadın çox zaman özünə aid olmaz çünki o,fədakardır.Qadın ailədir,ailənin təməlidir,qadın başdan ayağa sevgidir.Qadın uşaqlığınnan qocalığına kimi daima dəyişkəndir.Qadın ana olur,həyat yoldaşı olur,nənə olur və həyatında olan bu insanların həmişə yanında olur,onların xoşbəxtliyi üçün daima çalışır,dəyişir.

Təbii ki,bütün qadınların yaşam tərzi,yaşam problemləri eyni deyil.Sadəcə mən öz gözümdə qadının ən uca varlıq olduğunu anamın gözlərindən baxıb yaziram.Bir qadının nə qədər güclü ola biləcəyini bəlkə də heç bir kişi təsəvvür belə edə bilməz.Qadının bu qədər fədakarlığının qarşısında insanlardan gözlədiyi sadəcə sevgi və sədaqətdir.

“Bir zamanlar kişinin üstün olduğuna inanırdım sonra evləndim və həyat yoldaşım bu inancımı məhv etdi” Cak Lemmon

Və sözlər bəs etməz qadını tam şəkildə anlatmağa ona görə də şairlərimiz öz şeirlərində əks ediblər qadın varlığını.

Tofiq Bayramın “Qadın ürəyi”şeirindən bir  parça:

Necə rəhmlidir,necə amansız,necə mehribandır qadın ürəyi

Sən onu sındırsan bil ki a qansız,ağlayan kamandır qadın ürəyi.

Güldürsən ömürlük səadətindir,söndürsən yanmağı bir də çətindir

O əsl qayğının məhəbbətindir,sevgisiz zindandır qadın ürəyi.

 

Daşı da əridər,daş da olar o,əriyib gözlərdə yaş da olar o

Bahar da olar o,qış da olar o,damladır,ümmandır qadın ürəyi.

Onunla dünyadır sənə qəfəs də,onsuz heç yaşama bu torpaq üstə

Sevən bir ürəyə axır nəfəsdə,ən gözəl dərmandır qadın ürəyi.

 

 

 

Məmmədova Günəş

Kooperasiya kolleci mühasibat uçotu

 

 

 

Go Back

19 nəticə göstərilir