Sədaqətsizlik ailədə xərçəng xəstəliyi kimidir. Bədəndə hüceyrələrarası münasibətlərin pozulması ilə xərçəng xəstəliyi əmələ gəldiyi kimi, ailədə də sədaqətsizlik göründümü, demək münasibətlərdə eyni xəstəlik yaranıb.
Ya hər şeyi öyrənib evdə dava-şava çıxaracaq, ya da bildiyini belə büruzə vermədən erkən aşkarlanmış xəstəlik kimi o vəziyyəti aradan qaldırmağa, tədbirlə, təmkinlə işi həll etməyə çalışacaq. İlk növbədə, oturub düşünməlidir. Müəyyən etməlidir ki, bu vəziyyətin yaranmasında özünün nə qədər təqsiri var. Əgər varsa, o qüsurları aradan qaldırmaq üçün fəaliyyətə başlamalıdır. Yox, əgər özündə ərinə qarşı bir qüsur görə bilməsə, yenə vəziyyəti doğuran amilləri müəyyən edərək ailəsinin bütövlüyü, bölünməməsi üçün mübarizəyə girişməlidir. Həm də bildirmədən, hiss etdirmədən.
Düşünməlidir ki, görəsən əri niyə xoşbəxtliyi öz ailəsində deyil, başqa yerdə axtarır. Təcrübə göstərir ki, bu düşüncələrlə məsələyə müdaxilə edən xanımlar əksər hallarda öz istəklərinə nail ola, öz ərlərini yanlış yoldan döndərə bilirlər. Özünüz təsəvvür edin, əgər bir insan bir işi gizlədirsə, demək o işin yaxşı iş olmadığını bilir. Bunu bilir, üstəlik də, ailəsindən vaz keçə bilmir. Əgər vaz keçsəydi, heç hay-küy çıxarmadan boşanar və istədiyinin yanına gedərdi. Onu ailəsinə bağlayan ən mühüm amil övladlarıdır. Həqiqətən də, övlad sevgisi hər duyğuya fəda ediləcək bir nemət deyil. Xanım da məhz bu faktorun verdiyi gücü, üstünlüyü işə salaraq ailə bütövlüyünü qorumalıdır. İlk növbədə isə öz əskiklərini düzəltməklə işə başlamalıdır.
Bu bir gerçəkdir ki, kişini öz ailəsindən soyudan, gizli-gizli ünvanlara yönəldən ən birinci amil həyat yoldaşının diqqətsizliyi, laqeydliyidir. Demək olar ki, ailəsinə xəyanət edən kişilərin əksəriyyəti bu qəbahəti sevgi, diqqət, səmimiyyət görmədikləri ilə izah etməyə çalışır. Əlbəttə, xəyanətə, sədaqətsizliyə heç cür bəraət qazandırmaq olmaz, amma onu da unutmayaq ki, hər kəs yüksək düşüncəli, əxlaqlı, haramlardan, günahlardan qorxub çəkinəcək qədər iman sahibi deyil və evdəki diqqətsizlik belə birisinə xəyanətin qoynuna atılmaq üçün güclü və arzuedilən bir təkan olur. Ona görə də qadın hər şeydən daha çox öz ailəsinə diqqət ayırmalı, ailə səadətini işinə, karyerasına qurban verməməlidir.
Qadın hər şeydən öncə bir kişinin xanımı və anadır. Övladlarının xoşbəxtliyi üçün əlindən gələn hər şeyi etmək qadının analıq borcudur. Vəzifəsi, maaşı nə olurolsun, istər ata, istərsə da ana övladların xoşbəxtliyi üçün təkbaşına lazım olan hər şeyi təmin edə bilməz. Onlar bir-birini tamamlayan iki yarım kimi ailənin başında tamamlanıb bir olmalı, bütöv olmalıdırlar.
Ona görə də bu cür məsələlərdə hər zaman təmkin, tədbir ön planda olmalı, qadın özünü düşünməsə belə, övladlarının sabahını düşünməli və ailəsini dağıtmamalıdır. Yazımızın əvvəlində demişdik ki, qadın ailədə hər şeyi sezir. Amma yaxşı olar ki, iş işdən keçməmiş o öz qusurlarını və ərinin zövqünü öyrənib elə davransın ki, sonradan peşmançılıq olmasın.