Düşüncə Jurnalı

header photo

Artikulyar aparatın orqanik quruluşu

                    

      Nitq insanların anadangəlmə qabiliyyəti deyil. O, uşağın inkişafı ilə tədricən formalaşır. Deməli onun inkişafı ətrafdakı bir çox faktordan asılıdır. Nəzərə alsaq ki, uşağın nitqi 5 yaşına qədər formalaşır, deməli hər bir mərhələdə onun inkişafına müsbət təsir göstərmək mümkündür. Uşağın nitqinin formalaşması prosesinə düzgün müdaxilə olunmaması əksər hallarda inkişaf geriliyinə gətirib çıxarır.

      Bizim nitqimiz mərkəzi və periferik nitq orqanlarından ibarət mürəkkəb anatomik – fizioloji aparatın köməyi ilə həyata keçirilir. Mərkəzi orqan baş beyin və əsasən, onun böyük yarımkürələrinin qabığından ibarətdir. Periferik orqanlara isə eşitmə, tənəffüs (ağciyər, diafraqma, döş qəfəsi, qarının nəfəsalma əzələləri), səs və artikulyasiya aparatı orqanları aiddir.

      İ.P. Pavlov artikulyasiya aparatını II siqnal sisteminin əsas komponenti adlandırmışdır. Artikulyasiya aparatı orqanlarına _ səs telləri, dil, yumşaq damaq, sərt damaq, dişlər, alt və üst çənələr, dodaqlar və üz əzələləri aiddir. Əgər bu orqanlarda mobillik olmazsa, nitq bir məhsul kimi qeyri – mümkün  olar. Hər kəs stomotoloqda novokain vurdurduqdan sonrakı halını təsəvvürünə gətirə bilər. Beləki, bu zaman dil stasionar olur, çənədə hər hansı bir hərəkət çətinlik yaradır və çalışırsınız ki, bu müddətdə ümumiyyətlə heç danışmayasınız.

     Baş beynin idarəedici təsiri nəticəsində bir-biri ilə qarşılıqlı qırılmaz əlaqədə olan nitq orqanları, öz daxilində hər birinin ayrıca rolu olan mürəkkəb funksional sistemi xatırladır. Onlardan birinin qüsuru, mütləq o birinin fəaliyyətinə də öz təsirini göstərir.

     Artikulyasiya aparatında aşağıdakı qüsurlar ola bilər:

  1. USİ (Uşaq serebral iflici) nəticəsində nitq orqanlarının iflici;
  2. “Qurdağız” ( yumşaq və sərt damağın yarığı );
  3. “Dovşandodaq” ( üst dodağın yarığı );
  4. Progeniya – alt çənə üst çənədən qabağa çıxır;
  5. Proqnatiya – üst çənə alt çənədən qabağa çıxır;
  6. Açıq dişləm;
  7. Yan dişləmlər;
  8. Dodaqların həddindən artıq böyük olması;
  9. Dilin böyük olması;
  10. Dilaltı qədəhin qısa olması və s.

     Əgər kiçik yaşlarında uşağın artikulyasiya aparatında hər hansı bir qüsur olarsa, bu onun qidalanması zamanı da özünü biruzə verəcəkdir:

  1. Əmmə prosesi ritmik olmur;
  2. Birnəfəsə edilən sormaların sayı çox az olur ( normada bu, təxminən 20 sorma olmalıdır );
  3. Əmmə zamanı süd ağızdan və burundan kənara axır;
  4. Qidanı udarkən öskürmə, boğulma və çeçəmə halları baş verir;
  5. Yemək zamanı ağzını bağlamır;
  6. Yemək ağızdan kənara tökülür;
  7. Dil yuxarı qalxmış vəziyyətdə və gərgin olur;
  8. Dili ilə yeməyi bayıra itələyir;
  9. Dil dartılır;
  10. Dişləmə refleksinin patalogiyası;
  11. Yavaş udma və udmadan sonra ağızda yeməyin qalması;
  12. Ağıza qida düşdükdə narahatçılıq yaradır;
  13. Reflektor olaraq öyümə baş verir;
  14. Reflektor olaraq qidanı bayıra atır.

      Bu problemlərin gələcəkdə daha da ağırlaşmaması üçün onları mümkün qədər tez aradan qaldırmağa çalışmaq lazımdır.

Ülkər Əhmədzadə

Narınc Uşaq Psixologiya Mərkəzinin defektoloq-loqopedi

Go Back

Comment