Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Sevgi köşəsi"

Azadə Bayramova - BİZİM MƏKTUBUMUZ

Salam, Sevgilim! Sən gəlməyib də mən gəldim. Gecikmiş görüş olsa belə...Və gözlənilməmiş görüş olsa belə. Məgər sevgi gözlənilməzlik deyilmi? Adını bilmədiyimdən sadəcə Sevgilim yazmaqla kifayətlənirəm. Məgər sevgi müəmma deyilmi? Ulu babalarının adlarını əzbər biləcək qədər sinə dəftər olan "Sevgililər" gördüm ki, adlar unuduldu, sevgi tükəndi və sinəyə dağlar çəkildi...Bax bu sevgi deyil. Sevgi bilinməzlikdi...Düzü heç ünvanın da bəlli deyil, bu məktubu hansı məkana göndərəcəm deyə. Bir tək bunu bilmək bəs edir mənə - qəlbimdə yaşayırsan. Bunun üçün mənə heç bir poçt indeksi lazım deyil, Sevgilim. Mən bu məktubu sənlə yazıram, bizlə yazıram.
Hər günümün qısa anını yazmaq istəyirəm. Və bilirəm, bilirəm ki, səndə istərdin bunlari yazaq. Elə isə ürəyimin sakini, biz birlikdə qələm tutaq, cümləmiz sənlə başlayıb mənlə bitsin və ya əksinə. Utanclığımızı ilk görüşdə qonaq etmişdik aramıza, indi isə gedən vaxtıdır . Yoxsa bizlə qalib sevgimizi daşlaşmış kodlara məhkum edəcəkdir. Beləliklə , hər gün rastlaşdığım müəmmanın lokal təsvirini qələmimizlə yaziram.
Sən varsan, gözümün önündə , amma görə bilmirəm səni. (Və) bəlkə də saatlarla baxışırıq, gözlərimiz daha nələrdən danışmır ki? Sən məndən növbəti yazımın mövzusunu sual edirsən, mən isə haralardasan deyə.Beləcə istiqamətlənməmiş suallar veririk bir birimizə, sən mənə mən də sənə . Sərbəstlik, hüdud yoxdur qarşımızda. Ağlımıza gələn ilk suali çəkinmədən ünvanlayırıq, sən mənə mən də sənə. Nədənsə gözlərimizlə, demək ki, susqunluğumuzla. Bəzən sevgi susqunluğun nitqi kimi təzahür edir. 
Sən varsan, səsini eşidirəm və bu an dünyanın bütün valehedici səsləri - suyun şırıltısı, mehin həzin nəğməsi, quşlarn nüfuzedici civildəşməsi və.s mənə interküy kimi təsir bağışlayır və onlar olmasin istəyirəm. Səsini eşidirəm Sevgilim, qəzəbli, yorğun, sevincli, stresli, bir sözlə, hər bir vəziyyətimdə. Hər an eşitdiyim səsi unutmağa məhkumam amma. Əbədi olaraq eşidəcəyim səsi...
Sən varsan, qəlbimdə. Buna görə başqasına yer yoxdur orada. Sənin eqoist olduğunu, sevgimizlə qidanı təmin edərək, özünü kökəltməyə və qəlbimdə zərrə qədər də boş yer qoymamağa çalışmanla bilirəm. Amma anlamazsan, vergini daimi ödəyən sakindən heç bir şəhər rəhbəri imtina edə bilməz. Sən, vergini sevgimizlə ödəyən daimi Sevgilim statusu olan yerli sakinisən ürəyimin. Əslində etiraf etməliyəm, sənin eqoist olmağın mənim xoşuma gəlir, istər sevgi, istər eqoistlik eynilik yaradır sevgimizdə, bəlkə də. Amma bəzən o eyniliyin sərhəddində böyük fərqi yaratmaq lazım gəlir. Məsələn, sən sevdiyinin səninlə bədbin olacaq ömrünü , onunla nikbin olacaq kəsə verməlisən. Əslində sən bu ömrü rəqibinə deyil, dostuna vermiş olursan. Çünki, o, sənin sevdiyini məmnun edəcək tək insandir. 
Sən varsan, ruhumda. Ruhum demek, varlığım demek deyil. Buna görə də sən tək ruhumda deyil, həm də varlığımdasan. Səni bütün vücudumla hiss edirəm. Doğrudur, bəlkə də gecikirsən, bəlkə də gənc olaraq qarşıma çıxmayacaqsan və bəlkə də o an mənim də üzümdə ilk qırış olacaq, amma bunu bilirəm, həsrətə verdiyimiz gəncliyimizi, görüşərkən orta yaşlı olsaq bele sevgimizlə yeni Gənclik yaradacaq qədər güclü olacağıq. Amma her kəs kimi Gənclik yox... Gəncliyimlə səni gözləyirəm, bəlkə də sən də illərin ötməsini gözləyirsən. Ki, sevgimiz daha da artsin deyə...
Gözləyirəm, son ümidi ölüm olan bədbəxt kimi
Gözləyirəm, həsrətini xəyalına sıxışdırmış aşiq kimi
Gözləyirəm, budağından ayrı düşmüş yarpaq kimi
Gözləyirəm, əcəlinə son sözünü vəsf eyləyəb xəstə kimi
Gözləyirəm, ağlamağı fürsət bilən Leyli kimi
Gözləyirəm, bir həftəsi sona çatmış səhləb kimi...
Gözləyirəm, Sevgilim, avtobusun nə zaman gələcəyini bilmədiyim halda dayanacaqda hər an saata baxib uşaq tək gözləyirəm, sən gələrsən deyə... Bilirəm, gülüşün məni valeh edəcək qədər gözəldi... Bilirəm, gözlərin, hər dəfə gözlərimi ona baxmağa sövq edəcək qədər mənalıdı... Bilirəm, sən gözlədiyim qədər deyil de, gözləmədiyim qədər mükəmməlsən. Deyirlər, mükəmməl insan yoxdur, amma mən deyərdim, mükəmməl heç nə yoxdur. Sadecə sevgi, onu ideallaşdıracaq, gözündə Everesti fəth etdirəcək qədər güclüdür...Və sadəcə sən aşiqsən, buna görə ideallaşmış insan var qarşında. Sənin mənim qarşımda olduğun kimi...Sevgilərlə! 
Gələcək Gənclik şəhəri, Sevgimiz küçəsi, Bizim evimiz mənzili.
Gecikmiş gələcəyə çatacaq...

Azadə Bayramova

BSU, Jurnalistika fakültəsi, II kurs

Go Back

Gülnar Quluzadə - EŞQ

Eşq, ülvi hisslərin alisi. Düşdüyü qəlbi saflaşdıran, paklaşdıran. Eşq, duyğuların təlatümü .Adına şeirlər yazılan, nəğmələr qoşulan. İlahi məhəbbətdən doğan. Eşq, insan bədəninin bütünü. Qeysi məcnun edən, Fərhadı pəhləvanlaşdıran. İzahı mümkünsuz, tərifsiz olan.

Eşq, hər təzə doğulan körpə kimi qonaq olduğu qəlbə nur saçan. Eşq, ömrün baharı, göyqurşağı. Azı-çoxu olmayan . Gözəlliyini ona qucaq açan ürəklə paylaşan. Eşq, pərvanələrin odu alovu. Uzaqdan baxmaqla yaşanmayan, İlahi imanı alovlandıran, Hər qəlbə də yaşadılmayan...

Eşq, zamansız , məkansız , sonu bir müəmma olan. İfadələrin aciz qaldığı, sözlərin bitdiyi yer. Sukütun belə daşıya bilməyəcəyi, ağır olduğu qədər dəyərli. Acısının zövq verdiyi EŞQ, mənim dünyamda belə yazıldı...

Gülnar Quluzadə

Go Back

Gülnar İmanova - NATAMAMLIQ DUYĞUSU KİMİ NAKAM QALAN SEVGİLƏR

Hər kəs sevir. Hər kəs öz düşüncəsiylə sevir. Kimi sevərək sevdiyini bilir, kimi ise sevilməyi sevib sevir.


İlk baxışdan sevgi? Sevgidən cox vurulmaqdır bu xarici görkəminə. Onu tanımaq istəyirsən, brend mal gormüsən kimi onu əldə etmək üçün ürəyin
tir-tir əsir. Həyəcanının nəfəsini dayandırdığı o an özünü sevirmiş zənn edirsən. Amma sevgi bununla ölçülsəydi "səndən bezdim, ayrılmalıyıq" deyən biriləri tapılmazdı yəqin ki.


Sevmək, varlığını, özünü,düşüncəsini sevmək deməkdir. Güvəndiyin, sirrini deyə bilcəyin can yoldaşın. Əslinde sevgi muqəddəs hissdir. Amma bunu anlayan çox az adam var. Sevgi ödənilə bilməyən, varlığı ilə kifayətlənən bir duyğudur. Uzaqda axtarmaq lazım deyil. Axtarsan bəlkə də heç yaxınında da tapmazsan. Bir an içində peyda olar həyatında. O anı anladınsa bütün ömür boyu olar səninlə. Anlamadınsa isə bir ömür boyu axtararsan onu. Və bəzən də həyatında nələrsə olar, keçmişə baxarsan itirdiyin o sevgini görərsən. Nə də olmasa keçmişdə qaldığı üçün nələrisə dəyişməyə bəlkə də gücün çatmaz.
Bəzən də sevgini bir oyun zənn edərlər. Bu oyunun baş qəhrəmanı kimi gənclər oyunu nə zaman bitirəcəklərini də bəzən özləri qərar verərlər, istəyərək və ya istəməyərək. Kimisi sıxılar bezər, kimisi yeni maraq axtarar, kimisi isə özgüvənin azlığından sevgidən əl çəkər.
Ayrılıq qarşı tərəflərdə müxtəlif cür qarşılanar. Kimisi depresiyaya düşər, özünə qapanar, insanlardan qaçar, özünü lazımsız hiss edər,kimisi  ayrılığı qəbul etməz, bununla barışmaz və nəyin bahasına olursa olsun onun sevgisini yenidən əldə etməyə çalışar, kimisi isə artıq soyumaqda olan münasibetleri ayrılıqla başa çatacağını
görərək özünü buna əvvəlcədən hazırlayır. Sevgi münasibətinin uğurlu olması üçün güvən hissinin olması və buna xələl gəlməməsi əsas şərtlərdən biridir. Yalan nə zaman münasibətlərə ziyan vurmadiki ,sevgidə də bunu etməsin? Güzəştə gedən insanlar da var ki, edilən xəyanətlər belə həmin insandan əl çəkməyə səbəb olmur. Nə olur olsun onu əldən vermərəm kimi bir düşüncə olur onlarda, sanki, qarşı tərəf onların oyuncağıdı və bu oyuncağı başqa heç kimə vermək istəmirlər. Hər bir hal, hər bir sevgi
şəxsiyyətin qruluşundan asılıdır.Elə insanlar varki, sevər ,lakin qürurunu heç zaman sındırmaz, ani bir soyuqluq zamanı istəmədən bu sevgiyə son qoyar və illərlə bunu unutmaz. Natamamlıq duyğusu kimi nakam qalan sevgilər çox zaman unudulmur. Başqa insanlarda,  sevgilisinin xarakterini görmək istəyərlər.Əlbəttə hər kəs fərqli olduğundan bunu tapmazlar və bir ömür boyu bu boşluqla yaşayarlar.


Sevginin simvolu coxdur, əvvəl də dediyim kimi hər kəs bir cür qavrayır sevgini, mənim də sevgi anlayışım budur.

İmanova Gülnar

Bakı Dövlət Universiteti, Sosial elmlər və Psixologiya fakültəsi, II kurs

Go Back

Raminə Baloğlanova - KÖNÜL SEVƏRKƏN

Könül sevərkən


Həyat burulğanına düşmək dünyanın acısını duymaq deməkdir.Hər kəs öz xoşbəxtliyini öz əməlləriylə qoruyub saxlaya bilər.Amansız dünyada sevmək,həyatı dərindən dərk etmək ,sevilmək həyatın saf ,təmiz duyğularla aşıb-daşan dənizində üzmək ,qayğısız anlar keçirmək kimidir.Bizim tanış olacağımız həm sevirlər,həm sevilirlər.Dünyanın kədərindən uzaq ,sevincinə qovuşmuş xoşbəxtlərdir.Ayşən anasının razılığı ilə Ceyhuna nişanlanmışdı.Əvvəllər Ayşənə çətin idi.Orta məktəbi bitirmiş 17 yaşlı qız çiçək kimi təmiz,təravətli idi, qəlbində heç bir ləkə,kimsənin həsrəti yox idi, büllür kimi bərq vururdu.Atası-İslam kişi beş qardaşın bacısı olan  Ayşəni xoşbəxt görmək istədiyi üçün onun həyatda büdrəməsinə dözə bilmədiyini dərk edərək qərara gəldi ki,onu öz dostu Əşrəfin oğlu Ceyhuna etibar eləsin. Ceyhun 24 yaşlı ali təhsilli göz həkimi idi.Ayşənlə evlənməsinin qəribə tarixçəsi vardı.Qardaşı Seymurun nişanı idi.Neçə illərdir ki,evdən çıxmış,işlə əlaqədar doğmalarını görə bilmirdi.Nəhayət,istəkli qardaşı Seymurun nişanına gəlmək onu sevindirirdi.Həmin gün Ceyhun ətrafa nəzər salır,həsrətində olduğu adamları  kənardan seyr edirdi.Kimin yaxşılığa,kimin pisliyə doğru dəyişdiyini götür-qoy edərkən bir qız;-Ey fikirli oğlan,hər kəs Ceyhunu gözləyir,onu tanıyırsınızsa,deyin ,gəlsin.Bağışlayın,sizə əziyyət verirəm.Mən onu tanımıram.Xahiş edirəm.                                                    

Ceyhun bu təravətli,incə,məlahətli qızdan gözünü çəkə bilmirdi."Ah,nə gözəl ala gözləri var,hələ çöhrəsi....Niyə indiyə kimi qızlara diqqətlə baxıb gözəlliklərini duymamışam".           Qız onun cavabını gözləməkdən usandı;                                                                                                                                                                                                                         -Sizdən mənə kömək edən olmaz.Gedim deyim ki,tapmadım.                                                                                                                                                                                         Çevrilib getmək istəyəndə Ceyhun cəld onun qolundan tutdu.Qiz nar çiçəyi kimi qızardı.Ceyhun da hərəkətindən utandı,tez əlini çəkdi və yavaş pıçıltılı səslə"üzr istəyirəm"-dedi.Tələsik addımlarla salona keçdi.Hər kəs sevincli idi. .Hər kəsin qəlbində min bir arzu,min bir istək var idi.Ayşən xəyal dünyasını dalğın,dalğın dolaşırdı."Bəs o oğlan kim idi?Niyə fikirli,düşüncəli idi?,niyə məclisə girmir,kənardan baxırdı?O necə də yaraşıqli idi....Yox,deyəsən,dəli olmuşam.Yad oğlanı,yad adamı fikirləşmək....Ayşən,bu sənə yaraşan hərəkət deyil" Gözləri özündən xəbərsiz oturanlar,oynayanlar arasında gəzdı.Baxışlar qarşılaşdı.Ayşən özünü ələ almaq istədi,amma bacarmadı.Qəlbini təlaş bürüdü.Getməyi qət etdi Düşüncələrlə çarpışa-çarpışa böyük qardaşı Elşənin yanına gəldi:                                                                                        
-Elşən,qurban olum,məni evimizə apar,özümü pis hiss edirəm.

Bacısını tutqun görən Elşən:                                                                                                                                                                                                                                              -Niyə,kimsə xətrinə dəyib?                                                                                                                                                                                                                                               -Yox,heç kim..Evə getmək istəyirəm.                                                                                                                                                                                                                                 -Yaxşı nə deyirəm,gedək.                                                                                                                                                                                                                                                

Nəzərlərini onlardan ayırmayan Ceyhun çox duyğulandı: "Demək,bu qız başqasına məxsus...gecikmişəm"Ürəyi isə çörpındı ki,gecikməmisən...                                                         Ayşən baxmayaraq ki,o gündən iki həftə keçmişdi,yenə də oğlanın mənalı baxışlarını unuda bilmirdi.Qəlbi təlatümlü dənizə dönürdü.Ceyhun Ayşənin kimliyini öyrənmış rahat olmuşdu.Ceyhun Ayşənin atasının razılığını eşidəndə yer üzünün xoşbəxti olmuşdu.Ayşən isə hər şeydən xəbərsiz xiffət edir,dərdini kimsəyə deyə bilmirdi.Artıq onu nişanlayırdılar.Özü də axtardığı Ceyhuna,Əşrəf dayının oğluna,atasının güvəndiyi,arzuladığı ailəyə.Necə etiraz etsin ki?Ana nəvazişindən məhrum olan Ayşənin qəlbi qan ağlayırdı.Rəhmətlik anası sağ olsaydı,o doğularkən ölməsəydi,sözünü ona deyə bilərdi.Axı atasına necə desin ki,tanımadığım insanı düşünürəm.Sən kimsən,niyə qəlbimə girmisən,niyə mən əzab çəkirəm? Ayşən nişan donu almaq üçün don almalıydı.Məsləhət gördülər ki,Elşad onu aparsın.Onlar istədikləri donu tapanda elə bil ildırım çaxdı,göy gurladı.Onun qəlbinin gizli sakini,həsrətini çəkdiyi ona tərəf gəlirdi.Həm sevindi,həm də kədərləndi.Oğlan yaxınlaşıb Elşada əl verdi.Hal-əhval tutanda baxışlar qarşılaşanda Ayşən titrədi,qəlbi qan ağladı.Oğlan çox sevincli idi.

-Hansını bəyəndiniz?Mən yolu yaxşı tanımadığım üçün gecikdim,üzr istəyirəm.                                                                                                                                                             Ayşən heyrətlə ona baxanda Elşad onu daha da təəccübləndirdi :                                                                                                                                                                                   -Mən gedim,özünüz alın.                                                                                                                                                                                                                                                   Ayşən yıxılmaqdan özünü güclə saxlasa da sözlər ağzindan çıxdı :                                                                                                                                                                                 -Sən niyə gedirsən ki?                                                                                                                                                                                                                                                       Elşad tam ciddi :                                                                                                                                                                                                                                                               -Sən nişanlınla arxayın istədiyini seçmək üçün,mənim belə şeylərlə aram yox.Xoşbəxtliyiniz lazımdır mənə-iti addımlarla uzaqlaşdı.Ayşən çox təlaşlı idi.Ceyhun rahat nəfəs aldı"Deməli,mən ona vurulduğum kimi o da mənə vurulub.İndi əmin oldum"O,bunu Ayşənin simasından anlamışdı.       

Ayşən fikirləşirdi ki,doğrudan da hər qaranlıq gecənin bir sabahı var,bir saat bundan əvvəl həyatda yaşamırdım,indi isə dünyalar mənimdir....                                                             Aylar ötdü,illər keçdi.Ayşən yaraşıqlı,istiqanlı bir gəlin oldu.Ceyhun sevinc dolu günlərində Ayşəni xoşbəxt eyməyə çalışırdı.iki övlad sahibi idilər.Nuray və Gəray onların xoşbəxtliyini daha da artırmışdı.  Gözlənilmədən Ceyhun xaricdə işləmək üçün iş təklifi aldı.Tanınmış cərrah olacaqdı.Bu onun çoxdankı arzusu idi. Evə gəlib Ayşənə;                      -Ayşən,mənim çoxdankı arzum -xaricdə işləməkdir.Moskvadakı xəstəxanalardan birindən iş təklifi aldım.Çox xoşbəxtəm.Məni təbrik et.                                   
Ayşənin üzü bahar buludu kimi tutuldu.Çox həyəcanlandı,qəhərli səslə;
-Gedirsən?Bəs biz?                                                                                                                                                                                                                                                            -Siz deyəndə hər şəraitiniz var,mən də əlimdən gələni edəcəyəm.Tez-tez gələcəyəm.Yoxluğumu hiss etdirməyəcəyəm.                                                                                             -Nə deyim?Bu sənin həyatındır.Sənin arzularındır.Yolun açıq olsun.Görünür ,kompramisi mən etməliyəm.                                                                                                                  

Ürəyi qan ağladı,bürüzə vermədi.O bilirdi ki,həyat yolları ayrılacaq,razılaşdı,çünki canından çox sevdiyi adamın xoşbəxtliyini istəyirdi.Ceyhun getdi,övladları Ayşənə təssəli oldu.Ceyhun da dediyi kimi onları maddi cəhətdən təmin edir,tez-tez hal-əhval tuturdu.Hər iki baba,nənə onları vaxtaşırı yoxlayırdı.Günlər su kimi axıb-gedir,həsrət ürəyini incidirdi.Ürəyi təlatümlü bir gündə qapının döyülməsi onu fikirdən ayırdı.Uşaqlar ananın yanına qaçdılar,kimdir-deyə soruşanda doğma bir səs;                                                          -Mənəm-dedi.                                                                                                                                                                                                                                                                   Üçü də bir anda qapıya qaçdı.Ceyhun onları bağrına basdı,titrək səslə-canlarım,sizsiz qala bilmədim,könül sevərkən cənnət olur,mənim cənnətim,xoşbəxtliyim sizlərsiniz.Bir daha ayrılmayaq.  

​Raminə Baloğlanova

Go Back

Elşən Şirbağırov - SEVGİ NƏDİR?

Sevgi  nədir  ?

Dərdin  sonuncu  düyməsi  ,

Həsrətin  ürəyə   dəyməsi .

Bal  kimi  zəhər  ,

Sərxoş  gece  çılpaq  səhər  .

Şəkil   səbri  ,

Hadinin  qəbri  .

Samanlıqda  iynə  tapmaq  sevdası  .

                                     Qəm  ədası  .

Akif   İslamzadənin  batan  səsi  . . .

 

. . . . . Kədərin  fərdi  sərgisi  .

 

Elşən Elman oğlu Şirbağırov 

Azərbaycan  Dövlət   Mədəniyyət  və  İncəsənət  Universiteti, rejissorluq  fakültəsi , televiziya  rejissorluğu ixtisasının 3-cü kurs tələbəsi

 

Go Back

Nərgiz Allahquluzadə- V FƏSİL

V fəsildin sən

Bir az qış kimi soyuq

Bir az da yay kimi isti,

Bir az yaz kimi rəngli

Və payız kimi tənha...

Zamansız gəldin

Həmişəki kimi

Hesab, kitabda yoxdu gəlişin...  

Heç kimin kimi gələnlər,

Hər şeyin kimi gedərlər.

Ayın belə deməyə sözü qalmadı

Incidi bizdən...

Içkinin belə köməyi çatmadı gedişinə.

Bitmişdi hər şey...

Sonra sən gəldin

Sanki payız

və uçub gedən qaranquşlar,

Payız ağlayır,

Hamı tərk etdi,

Bari sən qal deyir,

Və onlardan biri,

Payıza acıyır,

Geri dönür,

Hər kəsin tərk etdiyi bu fəslə yazzığı gəlir...

Sanki kəpənək yayı bir ömür sevəcək,

Və bu bir ömür bir gün deyil əlbət...

Və yazda dönən o qaranquşlar,

Payızda getməyən bircə qaranquşun,

Qışda donub cansız bədənini görəcək.

Onlar kimi vəfasız olmadı deyə cəzasını çəkir indi,

Amma qaçıb canını qurtara bilərdi...

Bu fəsillərin hamısı vardı səndə,

Vəfasından, vəfasızından

Orda dedin

Zaman ver mənə

Tutum əllərindən

Mən sənə, sən mənə

Yaşamaq öyrət yenə

Mən də şanslı gəlmədim dünyaya,

Hər şeyə yenidən başlayaq.

O fəsilləri unut getsin,

Yeni fəsil yaradaq.

Bir dünya quracam sənə,

Şərab dadı verəcək,

Gül qoxusu gələcək,

Nə isti, nə də soyuq

Iliq yağış yağacaq,

Yüngül şimşək çaxacaq,

Uşaqları qorxutmayan şimşək.

Günəş və ay qovuşacaq.

Necə də gözəl səslənir

Birdən çıxacam qarşına,

Damarına, sümüyünə,iliyinə,sinirinə işləyəcəm

Bir dünya quracam sənə

Bəs niyə demədin v fəslim?!

O dünyanı başına dağıdıb gedəcəm yenə...

 

Allahquluzadə Nərgiz

Bakı Dövlət Universiteti, Sosial Elmlər və Psixologiya fakültəsi, Psixologiya ixtisası, III kurs

Go Back

Rüfət Əhmədzadə - AVTOBUSDA SEVDİYİM QIZ

Bütün insani eşqlər arasında belə bir duyğu da var: “Avtobus sevgisi”. Nə olan şeydir bu? Dəqiq soruşan olsa, izah edə bilmərəm.

Amma proses olaraq, “Avtobus sevgisi” belə bir şeydir: Sən ona baxırsan – o, hələ sənə baxmır, amma onun gözü sənə sataşana qədər yenə baxırsan – qəfil baxışlarınız toqquşur, gözünü qaçırırsan; utansan da, qızarsan da, yenə baxırsan, o da baxır; elə baxışırsınız, sonra onun düşmək vaxtı çatır, sənə baxa-baxa düşür... Amma sən qəfil üzünü ayrı səmtə çevirirsən. Uzaqlaşandan sonra, başqasına baxırsan.

Bəlkə də bir az dolaşıq alındı. Di gəl ki, bu “sevgi”də böyük bir fəlsəfə var. Sən ondan qabaq düşsən, nə olar? Fərqi nədir, avtobusda yaranan sevgi avtobusda qalır. Səhəri gün yenidən doğulsa da, bu sevgi biriniz düşdüyü anda yoxa çıxacaq.

Bəlkə oxucum fərqli bir fəlsəfə marağındadır? Baxışa-baxışa xoşbəxt olanların məhəbbət əfsanəsini oxumaq istəyir? Qabaqcadan pəjmürdə edim: Bu hekayədə xoşbəxt sonluq yoxdur. Olsa da, bizə aid, ümumi sonluq deyil. Baxmayaraq ki, elə günü sabah, sən bu hekayəni oxuduğun zaman biz onunla üz-üzə gələ bilərik. Yenə qəribə üz ifadələri, yenə mənasız baxış atışması... Niyə “mənasız”? İndən belə baxışmağın, atışmağın nə mənası qalıb ki? O...

Hə, o, elə də gözəl qız deyil. Arıq, solğun bənizli və şairanə vəsflərə yad – girdə gözləri olan bir qızdır. Açıq qəhvəyi rəngdə, düz saçları var. Hündürboy xanımdır, amma boyda məndən çox hündür olmaz. Boyu uzaqbaşı, 175 santimetrdir. Elə, yaşca da çox böyük olmaz, bəlkə də 25-26 yaşında. Onu çoxdan tanıyıram – qəsəbəyə köçdüyüm 8-9 ildə vaxtaşırı avtobusda rastlaşırıq. “Hər gün” deməzdim, heç “hər həftə” də. Bəzən aylarla onu görmədiyim, amma ac qurd ov axtarantək görməyi arzuladığım vaxtlar da olub. Bu “avtobus sevgi”sinin necə, nə vaxt doğulması isə özümə də sirdir.

Tələbə idim, axşamlar – ikinci növbədən sonra özümü “Memar Əcəmi”nin qarşısındakı Masazır avtobuslarına atırdım, o da orda olurdu. Bəzən də, mən özümə yer tutandan sonra həmin qız gəlir, mən qalxıb ona yer verirdim. Di gəl ki, həmişə qaşqabaqlı, adi nəzakət xatirinə təbəssümü belə qıymayan insan. Hətta üzündə elə ifadə yaranardı ki, sanki yer verməklə onu təhqir eləmişəm. Amma... Oturduğu yerdən mənə baxardı. Həm də, gözlərini bərəldərək. Bəzən gözlərimizi qırpmadan, dəqiqələrlə baxışdığımız vaxtlar da olurdu. Amma yaxınlaşmırdım.

O qıza çox vaxt cüssəli, xarici görkəmindən imkanlı və yaraşıqlı gənclər yaxınlaşardı. Bir neçə dəfə onun ardınca müxtəlif oğlanların düşməsinin, avtobusa minəndə və ya düşüb evə gedəndə dilə tutmasının da şahid olmuşam. Amma o oğlanların heç birində heç nə alınmırdı. Oğlanlar dəyişir, o qızın sərt üz ifadəsi isə həmənki kimi qalırdı.

Mənimlə baxışmağa da davam edirdi. Sonra bir müddət onu görmədim. Həm xaricdə yaşadım, həm Gəncədə magistratura təhsili aldım, həm də iş vaxtımdanmı, ya da nədənsə, iki-üç il görüşmədik. İstəyirdim, o düşdüyü dayanacağa gedim, evini tapım, amma bu arzu yerində qalır, çin ola bilmirdi.

Nəhayət, 2 il bundan əvvəl fürsət düşdü. Bir gün səhər qonşu küçədə yaşayan dostum Vasiflə avtobusa mindik. Hələ dayanacaqda dedim ki, “o girdəgöz qız var ha, onu necə tapa bilərəm, ağlımdan çıxmır”. Dostum isə qayıtdı ki, “əşi, nə var ey onda, düzgün qıza oxşamır”.... Hissə qapılmadım, sadəcə, söhbətin yüngülləşməsinə də imkan vermədim. Vasifdən adını soruşdum, bilmədi. Öyrənməyini xahiş etdim, söz verdi, hələ də öyrənməyib.

Qısası, avtobusa mindik, o qız hələ avtobusda deyildi. Vasif pıçıltı ilə, amma yanıqlı-yanıqlı keçmiş sevgilisindən danışır, mənsə şablon məsləhətlərlə ona ürək-dirək verirdim. Avtobus “Günəş Market” tərəfdə dayandı, bu qız mindi. Bəh-bəh! Mən yenə rəng verib, rəng almağa başladım. “Əcəmi”yə qədər aramızda baxışma oldu. Cəsarətləndim. “Əcəmi”də düşüb yaxınlaşdım. Dilim topuq vura-vura, çoxdan xoşlandığımı dedim, hətta telefon nömrəmi neçə dəfə təkrarladım ki, bəlkə insafa gələr. Cavabı isə:

– Yox! Tanış olmaq istəmirəm. Əl çək!

Əsəbi halda üz çevirib, başqa bir avtobusa minmək üçün dayanacağa tələsdi. Dayanacaqda da bir həngamə saldı ki, ordakı qadın-qızdan utanıb, aradan sivişdim. Vasif dedi ki, hələ naz edir, ümidini üzmə. İki gün sonra yenə yaxınlaşdım. Yenə də “yox, əl çək!..” dedi. Bir həftə sonra isə söyüş eşitdim: “Rədd ol, əclaf, psix, başıxarab”... Belə sərt reaksiyaya layiq olmaq üçün nə etdiyimi anlamadım, özümü alçalmış hiss edərək, ondan əl çəkdim. Daha yaxınlaşmadım, amma yenə də rastıma çıxırdı. Məndən qorxurdu, çox vaxt ürkək-ürkək baxırdı. Mənsə ara-sıra qəzəbli baxışlar atır, kinimi bildirirdim. Vəssəlam.

Son rədd cavabından bir ay sonra gördüm ki, barmağında nişan üzüyü var. Anladım – gecikmişəm. Bir ay boyunca, hər gün nişan üzüyü ilə rastıma çıxdı, yenə kinlə baxdım, yenə qorxaq baxışlarla cavab aldım... Amma sonra gözdən itdi. Düşündüm ki, evlənib. Vasifdən soruşdum, dedi:

– Hə, deyəsən, nişanlanıb, amma dəqiqləşdirərəm.

Vasifdən hələ xəbər yoxdur.

Sonra, mən onu unutmağa başladım. Əsl sevgimi tapdım, “Avtobus sevgisi” fəlsəfəsindən uzaq bir fəlsəfəyə təslim oldum. Nişanlandım, evləndim... Və bir gün, həyat yoldaşımla avtobusa minəndə bu qızı gördüm. Barmağında nişan üzüyü yox idi. Qaşları əvvəlkinə nisbətən daha nazik görünürdü, amma evləndiyi və ya boşandığını bilmirdim. Üzü də sınıxmış, sərtləşmişdi. Əvvəlki dikbaş və əsəbi qızdan əsər-əlamət yox idi. Girdə, amma parlaq gözləri sönmüş; o parlaqlıq yerini qüssəyə vermişdi. Bizi görəndə diksindi. Sonra özünü ələ alıb, baxışlarını çevirdi. Bilmirəm, mənə elə gəlir, yoxsa... Gözlərindən yaş damcılarının süzüldüyünü hiss etdim.

Yenə də uzun müddət görüşmədik.

Təxminən, bir həftə əvvəl, təzə çıxmış kitabımdan bir nüsxəni çantaya qoyaraq bir tanışımla görüşə getmişdim. Həmin tanışımın qəfil işi çıxdı, görüşə gəlmədi; mənsə öz redaksiyamıza gedib, ancaq axşam düşəndə evə qayıtdım. Və avtobusda “nakam sevgimi” gördüm. Bu dəfə hardan beynimə düşdüsə, onunla bir dayanacaqda endim. Onun ardınca gedərək, ona çatdım, qırıq-qırıq “Xahiş edirəm, gözləyin, sadəcə, bir şey verəcəm” dedim və öz yeni kitabımı çantadan çıxararaq ona uzatdım. Mat-mat mənə baxsa da, dinmədən hədiyyəmi götürdü.

– Elə bunu verəcəkdim, təzə kitabımı sizinlə bölüşmək istədim. Bağışlayın...

Ondan uzaqlaşıb, yaxınlıqdakı kafeyə girdim. bir bakal pivə içəndən sonra çıxdım, siqaret çəkə-çəkə yolboyu gəzməyə başladım. Nə görsəm yaxşıdır? Üstü pinti, nimdaş geyimli bir uşaq əlində mənim kitabım, səhifələrini dartışdıra-dartışdıra gəlir.

– Qaqaş, o kitab sənə hardan?

– Sənə nə var?

– Səndən söz soruşuram, qorxma...

– Bax, o stolbanın dibində gördüm.

O mənim kitabımı küçənin döngəsində, işıq dirəyinin dibinə atmışdı. Göz yaşlarından sonra, mütləq evə aparıb oxumalı idi – buna adım kimi əmin idim. Ya da... O, “avtobus sevgisi”nə görə yox, öz sevgi oxunun daşa dəydiyinə görə ağlayıbmış o zaman. Mənsə...

Həmin uşağa 1 manat verib, o qızın (qadının) kimliyini, tarixçəsini öyrəndim. Ünvanını da öyrənə bilərdim... Artıq mənası yoxdur.

 

Rüfət Əhmədzadə

Go Back

Günel Məmmədova - PARANOYA

•"Paranoya"

.. Gedirəm boşluğa yenə,

Əllərimdə bir ovuc duman.

Saçlarımın bəyazı işıq tutmuş yoluma

Mən qaranlıqda uçuram, qanadsız qollarımla

Sən idin axı üfüqüm,

Hanı bəs indi Günəşim?

Tək mənmiyəm görən acizliyinə ağlayan?

Mənmiyəm səni səndən də çox düşünən?

İzlərin sökülüb, səkilərdə itmişəm

İtirmişəm beynimi, mən artıq mən deyiləm.

Bu donuq şəhərdə kimdən soruşum səni?

Kim itirdi ki səni, bixəbərəm səsindən?

Dünyaya atıb da, qeybə çəkildi varlığın.

Şəhzadə gözlərinə həsrət qaldı gözlərim.

Sanki durub qəsdimə,

Mən səni tapammıram, sən tap, etmə qəsd mənə.

"Hər sevincin bir qəmi var"

Bunu mu yaşayıram mən?

Titrəyir kirpiklərim, ağlayan mən deyiləm.

İçimdə bir qorxu, lənətim var dilimdən.

Əsir əllərim adın ürəyimdə susduqca.

Çıx gəl, hardadırsa yoxluğun.

Ya da bir xəbər göndər, qanadlarımı sərim yollarına.

Uçurum dodaqlarımdan bir busə, ümid versin ayaqlarına.

Getdiyin haralardan qayıt, tez gəl, sevgilim.

Mən acizəm, mən qorxağam, hər nəyəm..

 

 Günel Məmmədova

 

 

Go Back

Yusibova Leyla - SƏNİN SEVGİNİ ANCAQ SƏNİ SEVƏNLƏR ANLAR

 Sevgi nədir?Sevgi insan məhəbbətini, beynini, ruhunu, duyğularını bir arada saxlayan termindir.Sevgini bir çox şaxələrə bölmək olar : Vətən sevgisi, yurd sevgisi, ailə sevgisi,münasibətlər zamanı yaranan sevgi və s.

   Mən, 19 yaşındakı bir şəxs kimi indiyədək daddiğım yalnlz və yalnız bir sevgi var ki, buda ailə sevgisidir. Hər insanda sevgi demək olar ki, ailədən başlayır.Ailə sevgisi formalaşmayan şəxsdə digər sevgini tapmaq olmaz. Valideyn sevgisi uşaqlıqdan insanda formalaşır.Şəxsiyyət kimi formalaşdığı dövrdə isə daha  da artır, böyüyür.

   Sevgi...Qürur....bu anlayışlar bir birinə sərhəddir.Amma sevgi elə hissdir ki, qürur tanımır, yeri gəlsə qüruru tapdalayır, əzir keçir.Ailə sevgisi də elə sevgidəndir..

   Ailə sevgisinin təməli iki şəxsin sevgisi ilə qoyulur.Sonra isə ilk uşağın doğulması, son uşağın doğulması ilə genişlənir....Böyüyür...

   Heç kəs sevdiyindən, sevdiklərindən uzaq qalmasa onların necə dəyərli olduğunu anlaya bilməz....Həyatımızda onların necə əsaslıq təşkil etdiyini dərk etməz.Ona görə də əlimizdən gələn qədər sevdiklərimizə dəyər verməli, onlardan uzaq düşməmiş, aramıza məsafələr girməmiş onlarla günlərimizi doya doya yaşamalıyıq.Onların dəyərini bilməliyik.

   Yeganə sevgim ailəmə olan sevgimdir.Bəlkə də bu sevgini dərindən duyduğum üçün başqa sevgiyə önəm vermirəm.

   Düzü bilmirəm, yalnızlıqdan qorxmaqla yalnızlığı sevmək arasındakı fərqi....Bəlk ədə bu sevgi ilə sevəcəyim başqa birinin məni tərk edəcəyi  qorxusu ilə uzun muddət öz sevgimlə yalnızlığa məhkum olaraq mı yaşayacam?.... Bəlkə də.....Özu belə sualdır....Bəlk ədə uzun müddətdir ikisini eyni anda yaşadığıma görədir, nə bilim.....

         AİLƏMİ İTİRMƏKDƏN QORXURAM!!!!!!!

         YALNIZ QALMAQDAN QORXURAM!!!!!!!

Yalnızlıq nədir? ...... “Güclü olmaq” deyərəm....bəlkə də “cəsarət”..bəlkə də “ bir imtina”..ya da “ həyata qarşı dirəniş”.....Bax sevgi budur..Yalnızlıq nə vaxt yaranır tam olaraq? Düşünmusənmi heç? Biri səni tərk edəndə mi? ….Yalnızlıq sevginin olmaması, yaşaması, alovlanması üçün səbəbi “ ailənin “ olmamasıdir...

   Bəzi insanlar bunu başa düşmürlər, çünki düşünürlər ki, sevdikləri həmişə yanlarında olacaq...Düzdü bu insanlardan asılıdır və hər kəsin öz düşüncə tərzi var.Bəziləri sevdiklərini itirəcəyəni ağlına belə gətirmir. Amma heç də sonsuz deyildir hər şey...Bir gün bitər.....

   Əslində deyirlər bağlılıq sevgidən daha da pisdir. Amma mən heç də belə düşünmürəm. ....Axı sevmədiyi birinə necə bağlanar bir insan ?. Bəzən isə sevmirəm mən deyirlər.İnsanları anlamaqda çətinlik çəkirəm.Bir dünyaki sevgi üzərində qurulub,  sənin necə sevgi hissin ola bilməz ? ....bəs ailənə qarşı olan nədir? .....sevgi deyil? İnsan hər şeyə qarşı sevginin olduğunu başa düşməlidir.

   Sevdiklərinizin dəyərini bilin.....nə qədər ki, onlar nəfəs alirlar. Cani cəhənnəmə qürurun, barışın, əlindən tutun, çalışdığınız qədər öpün qucaqlayın, sevdiyinizi deyin....İnanın mənə, bunun üçün geciksəniz həyat heç gözləmədiyiniz anda onları əlinizdən elə alacaq ki, həmin anlarda nə göz yaşınız, nə yalvarışlarınız, nə qürurunuz köməyə gəlməyəcək....Geriyə qalan o iyrənc peşmanliq hissi doğmalaşacaq....bu sözləri oxuyarkən “ düzdür “ , amma başıma gəlməz deyirsiz?..... deməyin....Çoxları deyirdi...........Amma gəldi....atin getsin kininizi....tüpürün araya girən insanlara....unudun keçmişi..sadəcə tez tez xatırlayın , o sabah olmaya bilər....

   Süzülmüş bircə stəkan çay, nə gözəl başa salır insanin bütün həyatını....Əvvəl isti və səmimi olur...Unudulduğu zaman soyuyur və  soyuduqca acılaşir .....Eynilə sevgi kimi....Sevərsən, bildirərsən çiçəklənər, çiçək açar, sevməzsən səni yalnızlığa məhkum edər......

   Bax sevgi budur...Ailəmə qarşi olan sevgim səhifələrə yerləşməyəcək dərəcədə çoxdur, dərindir...Mən ailəmi bu dərəcədə sevirəm.........

SƏNİN SEVGİNİ ANCAQ SƏNİ SEVƏNLƏR ANLAR!

Yusibova Leyla

Bakı Dövlət Universiteti, Sosial elmlər və Psixologiya fakültəsi, II kurs

Go Back

İbrahimli Fəridə - SƏNSİZLİYİN ADI YOXDUR

                                                                                                 

"Sənsizliyin adı yoxdur"

Hər günə eyni səhərlərlə başlamaq... Eyni xəyallarla oyanmaq...İlk səni axtarmaq…İlk səni görmək..Hissetmək..Səhər-səhər səni duymaq.. Gözlərini, əllərini, dodaqlarını... Amma yenə də məyusluq… Yenə də yoxluq...Məyusluğa vadar edən boş otaq mənzərəsi…Yoxluğun... Bu mənzərənin eybəcərliyinə səbəbkar yoxluğun...Sənsiz gözəlliyi görmürəm, sabahın xəfif mehini hiss etmirəm..Gör "sənsizlik"məni nələrdən məhrum edib..

Hərdən, yox elə tez-tez, əslində hər gün məni sənə aparır bizdən bəhs edən mahnılar...Sanki, bizi yazıb, bizimlə yaşayıb hər şeyi,,anbaan bizi izləyib..Yaşadığımız hər saniyəni sətirlərdə , notlarda əks etdirib...sanki,, Dinlədikcə səni xatırlayıram..Otururam, səni düşünürəm. Xatirələrimiz gəlir ağlıma, istər şirin ,istərsə də acı xatirələr.. Onlar hər zaman xatırlanır...

Sonra,, Şirin bir ağlamaq tutur. Sonra şirin bir gülüş.Düşündükcə daha çox arzulayıram səni..Daha çox bağlanıram..Daha çox özləyirəm.. Kaşkilərə bağlanır arzular sənli xatirələri düşündükcə... Bitməz, tükənməz xatirələrlə..Və hər düşündüyümdə öldükcə. Ölüb də hər sabah yenidən doğulduğumu gördükcə. Və kiçildikcə Bakının hər gün ucalan göydələnləri arasında...

Bu şəhərmi ayırdı bizi? .. Bu şəhərmi qovuşmağımıza əngəl oldu,? ,,Düşündükcə ... Mən birazda sıxılıram sənsiz.... Boğazımdakı qəhər boğur məni,.. Yoxluğun bitirir məni sanki, ...Darıxıram... Sənsiz darıxıram ... Sənsizlik dilimə əzbər olub bu aralar, daha doğrusu sən gedəndən bəri. Sənsizlik həsrətə, həsrət tənhalıq adlı xislətə, bu ucuz xislətdən əzaba, əzabdan da ağrılara çevrilib həm ürəkdə, həm başda...

Beynimdəki boşluqlar səninlə dolub..Sanki,, Mən bütünlüklə "Sən" olmuşam.. Qələmimin mürəkkəbi nə hopub sənsizliyim.. Sənli günlərlə başlayıb sənsiz günlərlə bitir yazılar...Heç vaxt bitməyəcək bir əsər kimisən... Heç vaxt yazmaqdan yorulmayacağım "Əsərim" ...  Hərgün ,hərgün sənsizlikdən yazdıqca daha da sənsizliyə öyrəşirəm... Sanki, sənsizliklə yaşamaq qismətimə yazılıb..

Bəzən rədd olub da gedə bilsəm deyirəm bu şəhərdən..Uzaqlara..Kimsənin tanimadığı, kimsəni tanımadığım bir yerə... Səni də qoysam geridə. Silsəm yad şəhərlərdə sənli illərin xatirələrini. Düşünməsəm, heç xatırlamasam, qurtulsam daxilimə hopmuş bu sənsizlikdən... Quru-quru yazılan bu sənsizlik yazılarından, bu pessimizimdən xilasolsam da, daha xoşbəxtlikdən yazmağa başlasam deyirəm, gözü yaşlı günlərimi arxada qoysam da ,yeni həyata addımlasam...

Amma birdə baxıramki, sənsizlik də xoşbəxtlik imiş..Sırf mənim xoşbəxtliyimimiş... Amma birdə baxıramki, sənsizlik bədbəxtlik imiş..Məni uçuruma aparan "bədbəxtlik".

Yox, birdə baxıramki, sənsizlik elə “sənsizlik”di. Başqa adı yoxdu yoxluğunun...Başka isim verə bilmərəm bu mənimlə var olub , mənimlə yaşıyan duyğulara.. Bəzən qayıtsam deyirəm dünənə. Bu gün əslində dünəndi desəm. Dünənimdə səni görsəm...Səni yaşasam..Hiss etsəm əllərini.. Baxsam gözlərinə. Gözlərinə baxıb titrəyən də hər şeyaydın olardı bəlkədə. Onda bəlkə bu uzun uzadı yazdığım yazıda ifadə etmək istədiyimi, titrəyərək sadəcə birsöz də ifadə edə bilərdim bundan daha yaxşı. Bəlkə səndə daha yaxşı anlayabilərdin məni...Bəlkə yaşadıqlarımı daha yaxşı dərk edib, xilas edərdin məni bu yoxluqdan..

Əlimdən tutub götürsən özünlə .. Və mən bu sənsizliyini çində çaşıb qalmazdım səni düşünərək...Düşündükcə bitməzdim..Unutmazdım özümü..Sənin yoxluğun qəlbimə , beynimə sahib olmazdı..Yoxluğuna alışmazdım..Sanki, belə daha yaxşıdı deyə davam etməzdim həyatıma..Yox, yox,, Davam etməsin.. Qəlbimə yoxluğun, sənsizliyin deyil də,,sevgin.. hisslərin daxil olsun.. Bir düşün..Elə daha xoşbəxt olmazmıydıq??.

Nəyə lazım çəkdiyim bu acı,, bu əzab,, Gəl son verək bütün bunlara.. Silək ayrı qaldığımız zamanları,. Heç bir saniyəsini belə xatırlamayaq.. Birgə addımlayaq..Birgə unudaq ,, Bütün əzabları..Mənim sənə ehtiyacım var...Gəl Sevdiyim..Bitsin buhəsrət, bu izdirab.. Sənsizliyin daxilimi bürüməsinə izin vermə,,

Gəl artıq..

Səndəki mənsizliyi,

Məndəki sənsizliyi, Bitir..

GƏL SEVDİYİM...

İbrahimli Fəridə

Go Back

Tünzalə Talıblı - 365 GÜN 6 SAAT SEVGİ

                                                                                               

Sevgi nədir?

Sevgi = 365gün 6saat Sevgi..

Sevgi gözlərin bağlanaraq ruha, ruhun isə qəlbə təslim oluşudur.Sevgi günəşin torpağı istidən qovurduğu anda torpağın yağışa duyduğu həsrətdir.Sevgi yer üzünün göy üzünə həsrəti bitirsin, yağışı torpağa qovuşdursun deyə yalvarışdır. Sevgi...Həm sevinc,həm kədərdir. İnsan həyatının doğulduqdan sonraki"ilk doğuşudur"sevgi.Sevgi bir ömürdür.Ömür illərdən,il fəsillərdən ibarətdir.Elə isə sevgi 4 fəsildən ibarətdir.

İlk gəlişiylə möhtəşəm yaz fəslidir sevgi.İlk dəfə 1-0 hesabla qəlbin beynə qalib gəlişidir sevgi.Qəlbinə günəş doğan kəsin gözlərindəki parıltıdır sevgi.Əslində isə ilk pırıltıdır sevgi.İlk pırıltılı ürək döyüntüsü,kəpənəklərin ilk pırıltılı qanad çalışıdır sevgi.Bəmbəyaz kəpənəklərin mor bənövşələrə uçuşudur sevgi. Sevgi yaz fəslində həyatın oyanışıdır. İlk qönçəsini bağlayan çiçəklərin yanaqdakı qəmzəsidir sevgi.Ağacların ilk tumurcuqlayışıdır sevgi.İlk heyati sevincdir sevgi.Yaz çiçəklərinin torpaq altından ilk baş qaldırışıdır,dağların başında buz tutmuş qar dənələrinin doğan ilk isti günəşlə əriyərək torpağa qovuşmasıdır sevgi...

Sevginin ən gözəl,lakin ən ağrılı fəsli yay fəslidir.. Gözəldir yay fəslində sevgi - ağacların ilk bəhrəsini gördüyü ilk meyvələridir,günəş tək isti,dəniz tək sərindir yay fəslində sevgi.İlk çiçəyini açan qönçələrin ilk və ən gözəl qoxusudur sevgi.Çağlayan coşqun çayların dənizlərə qovuşması,bəyaz göyərçinlərin ilk yuvasında qabığından çıxan ilk körpəsinin verdiyi sevincdir sevgi.. Ağrılıdır yay fəslində sevgi -isti günəşin torpağı yağışa həsrət buraxışıdır sevgi.Yağışın həsrətini çəkən torpağın gündən-günə ümidsizləşərək susuzluqdan çatlayışıdır sevgi, eyniylə qəlbin öz çırpınışlarıyla ruhda yaratdığı çatlaqlar kimi..

Sevgi payız fəslində.. Günəşdən nəsibini alan torpağın yağışa duyduğu həsrətin bitişidir sevgi.Yeni doğulmuş körpə kimi gözlərini ilk açışıdır payız fəslində sevgi. Yağışın gəlişiylə çatlaqların birləşməsi,lakin ağacdaki saralan yarpaqların son əsintisidir sevgi.Yağışa qovuşan torpağın indi günəşə həsrətlə baxışıdır sevgi.İlk meyvələrin son saplaqlarının ağacda qoyduğu izlər kimidir sevginin qəlbdə qoyduğu izlər. Mor bənövşələrin torpaqda kök salışıdır sevgi,qəlb qırıqlığının könüldə kök saldığı kimi. Sevginin payız fəsilində nə yazın ilk tumurcuqlarından,nədə yayın al-əlvanlığından əsər-əlamət qalır..

Sevginin qış fəsli ən soyuq olanıdır..Günəşin istisindən parıldayan gözlərin soyuq və dondurucu baxışlarıdır sevgi. Yağışın yuduğu torpağın bəmbəyaz qarla ötrülməsidir qış fəslində sevgi. Sevginin son mərhələsidir qış fəsli..Bütün rənglərin hətta göy qurşağının belə ürəyə küsməsidir son mərhələsində sevgi. Bəzən son mərhələsində çılpaq ağacların şaxtadan donuşu,bəzən isə bütün yaşananlara baxmayaraq yenidən yaz fəslini gözləyişidir sevgi,sanki bütün bu yaşanan anların qarın məsum rəngi ilə örtmək istəyişi kimi.

Sevgi bitti və unudulacaq deyə bir düşüncə yatır insan beynində çox zaman.İnsanlar bunun fərqinə varmalıdırlar-ağacların ilk tumurcuqları saralıb töküləndən sonra növbəti tumurcuqlar üçün iz qoyar.Sanki növbəti tumurcuqların yerini müəyyənləşdirmək istəyirmiş kimi.4 fəslin sonunda tumurcuqların izləri insanlar üçün təcrübə olaraq topanar.365gün 6saat boy atan ağac isə artıq daha dayanıqlı,dözümlü,ən önəmlisi isə təcrübəlidir bütün fəsillərə qarşı...

Tünzalə Talıblı

Xəzər universiteti,ixtisas psixologiya ,4-cü kurs. 

Go Back

Təhminə Yaqubova - SEVGİDƏ SON YOXDUR

Sevgi nədir?

Sevgi nədir?-Kimə bu sualı verdimsə hamı demək olar ki, eyni cavabı verdi: "ona baxanda gözlərin gülməsi, ürəyin sürətli döyünməsi,danışa bilməmək,əl-ayağın bir birinə dolaşması və s." Mənim üçün sevgi bu dünyada ən ülvi hissdir. Çünki insan doğulduğu  andan ona ailəsi sevgi göstərir,zamanla özü-özünü sevməyə başlayır. Ən gözəl an isə onu çox sevən başqa birini tapdığı andır. Sevgi qarşılıqlı olacaq deyə bir qayda yoxdur. Bəzən onu onsuz da sevərsən. Üzünü görmədən,səsini eşitmədən,indi nə etdiyini bilmədən...

Ədəbiyyat sevgi hekayələri ilə zəngindir,hər il minlərlə sevgi haqda mahnı yazılır. Bəs sevgi nədir? 5 hərfdən ibarət bu sözün mənası yazılışından çətindir. Onu izah  etməyə sözlər aciz qalır. Sevgi Allahın insanlara verdiyi ən gözəl hissdir. İnsan sevəndə daha da gözəlləşir sanki. Kindən,yalandan,şərdən uzaqlaşır. Ürəyi yalnız gözəl hisslərlə dolur. Sevgi ruhun gözəlliyidir.

Mənim üçün sevgi ən ali hissdir. Niyə görəsə sevgi sözünü eşidəndə ağlımıza "səni sevirəm" cümləsi gəlir. Məncə sevgi 2 kəliməlik cümlədən ibarət deyil. Sevgi səbəbsiz sevməkdir,bir insanın digərinə bağlanmasıdı,güvənməsidi,xəstə olanda narahat olmasıdı, onunla hər saniyə danışmaq  istəməkdir.Ən pis anında yanında olub onu təsəlli etmək istəyidir,ən gözəl anında yanında olmaqdır. Yalan danışdığıni bildiyin halda ona güvənməyi seçməkdir.

Həyatda ən gözəl söz onun adı olar bəzən. Onun adını eşidəndə dodaqların qaçar,gözlərin qıyılar. Yüz illərdir insan sevgi nədir sualını özünə verir, bəzən cavabını tapır, bəzən tapdığını sanıb yanılır. Görülməyən amma hiss edilən ,əllə tutulmayan amma yaşanılan,duyulmayan amma varlığı ürəkdə hiss edilən bir duyğudur. Bu sualın cavabı asan amma bir o qədərdə çətindir. Tam tapdığını zənn edərsən amma ürəyindəki,beynindəki fikirlər söz olub tökülməz dilindən. Bu sehirli söz səni düşünməyə vadar edər,düşündükcə daha da heyran qalarsan bu hissə. Sevgi hər  gün oyandığına şükür etməkdir,hər gecə onu düşünüb yatmaqdır.

William Shakespeare bu fikri ilə məncə  sevgi haqda ən gözəl sözü söyləyib: "Sevgilim and içərək doğru dediyini söyləsə ona inanaram. Yalan dediyini bildiyim halda."

Sevgidə son yoxdur. Sevginin heç bir zaman sonu olmaz. Bitən sevgilər yoxdur, bitmiş kimi görünən sevgilər vardır. Sevgidə vaz keçmək də yoxdur. Yaşandıqca yaşadılar sevilər. Amma bəzən sevgili üçün bəzən isə sevginin bir gərəyi olaraq saxlanılar bu sevgi. Vaz keçmək yoxdur, vaz keçmiş kimi görünmək vardır.

 Təhminə Yaqubova

Go Back

Fuad Əsədov- BİR DÜNYA SEVGİ

   

Sevgi nədir? Görəsən dünyada elə bir adam varmı ki, bu sualın cavabını bilsin? Sevgi bizi bu dünyadan alıb götürür. Biz sevdiyimiz üçün hər şeyə hazır oluruq. Onun üçün bütün dünyanı qarşımıza ala bilirik. Niyə axı? Niyə görə biz birini sevirik və digərlərin hamısı bizim gözümüzdə düşür. Təbii ki, burda söhbət əsl sevgidən gedir. Yaxşı bəs nədir bizi özünə bağlayan və bizi dəli edən bu sevgi?

Bu nə hisdir belə? Sadəcə serotonin, endorfin və oksitosin hormonlarının birgə fəaliyyətimi yoxsa daha ali daha müqəddəs bir hiss? Əgər sevgi həqiqətən də sadəcə emosianal keçid mərhələsində insanların bir-birinə öyrəşməsidirsə onda belə çıxır ki, bizim kimi sevməyimiz müxtəlif şəraitlərdən asılı olaraq dəyişir. Yəni doğrudanmı burda heç bir fenomen yoxdu və bu sadəcə beyinin assosiativ funksiyasıdır? Buna inana bilmirəm mən. Məsələ burasındadır ki, insanlar bəzən çox az gördükləri bir insanı da sevə bilərlər. Və bunu heç cür spesifik nöqtəyi-nəzərdən izah etmək mümkün deyil. Bir oğlan yolda təsadüfən gördüyü bir qıza vurula bilər və onu birdə heç vaxt görmək ehtimalının demək olar ki, 0 olduğunu bilə-bilə ona şeir yaza bilər. O zaman burda hansı emosiyadan və hansı hormondan danışa bilərik. Nəsə inanmağım gəlmir ki, bu oğlanda serotonin  digərlərindən daha yaxşı ifraz oluna bilər. Deməli burda daha anlaşılmaz olan ruhun  qavraması var. Buna Koalyesayağı yaradıcılıq da demək olar. Adətən məşhur yazıçı Paulo Koalye sevgini müqəddəsliyin zirvəsinə qaldırırdı. Bilirsinizmi bəlkə də məsələ heç də sevgidə, beyində və ruhda deyil. Məsələ bizim öz içimizdədir. Məsələ ondadır ki, bizə sevgi lazımdı. Və biz o sevgini axtarır və tapırıq. Nəyin bahasına olursa da olsun onu tapırıq. İnsana uğrunda ölə biləcəyi və ona yaşama səbəbi verən bir məfhuma ehtiyacı var. Sevgiyə. İnsana sevgi lazımdı. Necə ki, müxtəlif çeşid yeməklər bizim bədənimizi qidalandırır eləcə də sevgi bizim ruhumuzun qidası üçün çox vacibdir.

Bu yaxınlarda bir qızla danışıram. Qız mənim psixologiyada oxuduğumu biləndən sonra çox sevinmişdi və sanki mənlə münasibətdə daha da rahatlaşmışdı. Cəmi bir neçə saat idi ki, tanış olmuşduq və bu artıq mənə həyatını danışırdı. Yəqin ki, artıq anladınız... O mənə atası ilə ilk dəfə Luna parka getməyi, ilk dəfə dostları ilə əylənmələrini və bu kimi xoş anları danışmırdı. O mənə öz dərdlərini danışırdı. O danışır və mən sadəcə hörmət əlaməti olaraq ona qulaq asırdım. Beynimdə isə fikirləşirdim ki, bu qızın əslində heç bir dərdi yoxdur. Bağışlayın amma heç cürə ağlım almır ki, kiminsə atası ona repə qulaq asmağa icazə vermirsə bunu o adam özünə böyük dərd etməlidir. Amma bu qız nəhayət ki, axırda onun qəlbini didən əsl problemə gəlib çıxdı. Məsələ burasındadır ki, bu qızın başqa rəfiqələrindən fərqli olaraq sevgilisi yoxdu. Və o özünü həyatda tənha hiss edir. Təsəvvür edirsiniz? Onun əslində gözəl ailəsi var, sevdikləri və inandıqları  dostları var. Və rahatca əldə edə biləcəyi bütün maddi imkanları var amma bir şey yoxdu. Sevgi. Sevgilisinin ona xəyanət etməsi yox, ümumiyyətlə sevgilisinin olmaması bu qızı belə depressiyaya salmışdı.

Görürsünüzmü sadəcə sevgi məvhumunun özü bizim həyatımıza necə təsir edir. Sevgi olmasaydı bizim həyatda yaşamamızın bir anlamı qalardımı? Siz sevgisiz bir dünyanı təsəvvür edə bilirsinizmi? Bir qız tanıyırdım ki, sevgilisi var idi və hər iki ailə onların bu münasibətlərinə qarşı idilər. Qız anlayırdı ki, onların bu sevgisinin bir sonu yoxdur. Amma üzündən heç vaxt gülüş əskik olmazdı. O inanırdı ki, nə vaxtsa bu oğlan onun otağına pəncərədən girib onu başqa ölkəyə qaçıracaq və onlar orda xoşbəxt olacaqlar. Və bir neçə ildən sonra valideynləri gənclərin bu sevgisini görüb ağlaya-ağlaya onlara xeyir-dua verəcəklər. Bir rejissor üçün təsirli ssenaridir. Amma həyat daha ssenari qurdu. Məlum oldu ki, oğlan bu qızı heç sevmirmiş. Onun əslində öz ailəsi var imiş və bu qız onun üçün sadəcə bir əyləncə imiş. Qızın həyatı alt-üst olmuşdu. Bu qızla olan söhbətimdə xeyli çalışandan sonra onu az da ols inandıra bildim ki, həyat əslində davam edir və heç də son deyil.

Baxın sevgi budur. Əlimizdə hər bir şeyin olmasına baxmayaraq əgər sevgi həyatımız uğursuzdursa bizim psixikamız və  həyatımız pozulur. Bu qız əslində əvvəlcədən bilirdi ki, onlar heç vaxt bir yerdə ola bilməyəcəklər. O bunu bilirdi. Amma xoşbəxt idi. Çünki onun həyatda bir qəhrəmanı vardı, bir mələyi vardı. Və o ona qovuşmasa belə nə vaxtsa onun şəklini qucaqlayıb yataraq rahatlıq tapacaqdı. Amma indi mələk şeytana dönüb və artıq yanında sadəcə onun hislərinə “hörmət etməyən” ailəsi var.

Sevgi bizə hava su kimi lazımdı. Sevgini biz axtarırıq. Və axtardığımız üçün də bir gün mütləq tapırıq. Sevgi budur. Bizi bizdən alan və bizi biz edən bu inanılmaz qüdsiyyətdə olan məvhum budur. Bizim ruhumuzun qidası və bütün ali hislərin başlandığı müqəddəs nöqtə.

Fuad Əsədov

BDU, Sosial Elmlər və Pixologiya, I kurs

Go Back

Qədəmli İsmayılova - 101

11:57 (16 Yanvar)

Səhər saatlarında maraqlı bir konkurs diqqətimi çəkdi –“Sevgini paylaş”. Deyesen son zamanlar  yadıma düşən xatirələri artıq düşüncələrimdən çıxarıb,  bir yerə yazmaq vaxtı gəlib çatmışdı. Yazmaq üçün isə ən gözəl vaxt gecələrdi...

Əslində tam olaraq haradan başlayıb, nədən danışacağımı bilmirəm .Bildiyim tək şey ilk dəfə bu haqqda yazacağımdı. Mən sevgiyə bütün ruhumla inanıb  və məhz buna görə SEVMƏYƏNLƏRDƏNƏM. Soruşsalar sevgi nədir ?- heç bu sualın da cavabını tam olaraq  verə  bilmərəm, sadəcə onu yaşayıram. Yaşamaq ki necə yaşamaq...

ELƏ HİSSLƏR OLUR Kİ, O SADƏCƏ BİR DƏFƏ YAŞANILIR, SON VƏ HEÇ VAXT GÖRMƏYƏCƏYİMİZİ BİLDİYİMİZ İNSANLAR KİMİ.

Mən həyatımda sevginin nə olduğunu addım-addım öyrəndim...

Sevgi- “xoşum gəlir” və ya “simpatiya” kimi parametrlərlə ölçülməyəcək dərəcədə ya çox böyük, ya da çox kiçik  bir məfhumdu. Hansı ki, mənə heç sevmədiyim bir insanı sevdirdi. Gözlərimlə yox, könül gözümlə gördüm onu.

Sevgi söz verə bilməkdi - hər nə olursa olsun sonuna kimi sevməyə.

Sevgi adamın gözünü kor edər deyirlər. Halbuki bilmirlər, əsil sevən insan özü kor edər o gözləri- görməməyə çalışar, görmək istəməz . Sadəcə inanar...

Sevgi- bütün ilkləri onunla yaşamaq istəyidir.

Sevgi- sizin yaratdığınız, sizə aid sözlərin, mahnıların olmasıdır.

Sevgi nə yaxın, nə də uzaqdı – cismə uzaqkən, ruha, qəlbə yaxındı. Araya məsafələr, insanlar  girsə belə bir xatirəylə gözyaşları qədər yaxın ola biləcək bir şeydi.

Sevgi- adını eşidib, niyəsini bilmədən tökülən gözyaşları və adını söyləyib, ən çox danışdığın susqunluqdur.

Sevgi unutmaqdı- onu xatırladacaq bir mahnını eşidənə kimi .

Bəzən isə,sevgi aranızdakı məsafələri sevməkdi.Həsrəti sevmək,  yanında olmayan onu sevmək.

Sevgi əslində kədəri ilə  gözəldi. Bəlkə bu  acıları olmasa, sevgi bu qədər dəyərli olmazdı.

...Və yazarı mən, yazdıranı sən, fonda bizim mahnılar olan gecənin sonu. (03:45)

 

 Qədəmli İsmayılova 

3cü kurs Psixologiya tələbəsi (Xəzər Universiteti)

Go Back

Günay Babazadə - Dahilərin sevgisi

 

Sevgi iki olarkən bir olmaqdır,əslində

 Ən gözəl xatirələr yaranmışdır,sevgidən.

 Sevgi könül dərmanı,

 Ruhumuzun qidası,

 Həqiqi məhəbbətin

Ömrümüzün sevdası. . .

 Sevgi sanki bir eynək,

 Kasıb da zəngin olur,

 Odun zərrələrisə qızıl, mirvari olur.

Sevginin nə vətəni var, nə gömrük divarları,

nə də uniforması. . .

Qəlblər silahla deyil,

 Sevgiylə fəth edilir.

Sevmək əzab çəkməkdir,

 Sevməmək də ölməkdir ...

 

 

Günay Babazadə

 

Xəzər universiteti Psixologiya ixtisası 3-cü kurs

 

 

Go Back

SEVGİ KÖŞƏSİ

 

 

Dushunce.az saytı "Sizin Köşə" rublikası çərçivəsində "Sevgi Köşəsi" adlı yeni bir konkurs elan edir!!!!!!!!!

Qatılın, "Düşüncə Jurnalı" və dushunce.az saytından özəl hədiyyələrin sahibi olun!!!!

Son Qeydiyyat tarixi: 12.02.2015

Email: dushunce.office@gamil.com

Go Back

16 nəticə göstərilir