Düşüncə Jurnalı

header photo

ÖLÜMQABAĞI DÜŞÜNCƏLƏR - Fuad Əsədov

Bilirsinizmi, həyat əslində gözəldir. Son günlərimi yaşadığımı biləndən sonra düşünmək üçün xeyli vaxtım oldu. Əvvəllər, bütün günü ora bura qaçır, hansısa işlərimi yoluna qoymaq istəyirdim.  Məktəbdən qaça-qaça evə gəlir, tez-tələsik yemək yeyir, sonra ingilis dili kursuna gecikməmək üçün yenə qaça-qaça evdən çıxırdım. Mən, beləcə, bu qaçhaqaçda heç nə düşünə bilmir və sadəcə proqramlaşdırılmış robot kimi valideynlərimin, qohumların, müəllimlərin dediklərini edirdim – sorğu-sualsız. Sonra evdə dərs oxumaq adıyla qonşu otağa keçir və saatlarla facebookda rəfiqələrimlə danışırdım. Hiss edirdim ki, həyatım çox mənasız axıb gedir. Amma, nədənsə bu mənasızlığın özü də məni qane edirdi. Hərdən valideynlərimlə bərk dalaşırdım. Mənə elə gəlirdi ki, onlar məni başa düşmürlər. Onlar elə hey mənə  telefonun ziyanlarından danışır, mən isə rəfiqələrimlə “dişimiz ağrısa, valideynlərimiz deyəcək ki, telefondandır” kimi zarafatlar edirdim. Müəllimlər də görürdülər ki, mən evdə qətiyyən dərs oxumuram. Onlar elə hey mənə öz qəliz suallarını ünvanlayır, mənsə lövhənin qabağında çarəsiz baxışlarımı sinifə dikərək uşaqların pıçıldadıqları sözləri anlamağa çalışırdım. Bir neçə dəfə müəllimlər valideynlərimə şikayət edəndən sonra evdə əməlli-başlı problemlərim yarandı. Demək olar ki, artıq hər gün anamla dalaşırdım. Son vaxtlar atamın da üstünə qışqırmağa başladım. Onlar isə qərara gəldilər ki, məni psixoloqa göstərsinlər. Mən qışqıraraq, onlara dəli olmadığımı dedim. Sonra, yenə də mənasız facebook söhbətlərimin və diqqət cəlb etməyə çalışdığım statuslarımın yanına döndüm.

Hər şey baş ağrılarından başladı. Ağrıkəsicilər mənə kömək etmirdi. Həm süstləşmişdim, həm də daha da əsəbi olmuşdum. Ailəlikcə fikirləşirdik ki, bu son günlər keçirdiyim stresslə bağlıdır. Amma həkimlərin rəyi ilə bizim düşüncəmiz üst-üstə düşmədi. Atam həkimdən öyrəndi ki, onun 16 yaşlı qızı xərçəng xəstəliyinə tutulub. Əvvəlcə onlar bunu məndən gizlətməyə çalışdılar. Amma saçlarım tökülməyə başlayanda hər şey mənə aydın oldu. Atam çarpayımın kənarında oturub mənə ürək-dirək versə də, mən bilirdim ki, bu xəstəliyin müalicəsi yoxdur. Əvvəllər, bu mənə faciə kimi görünürdü. Yataq xəstəsinə çevrildiyim vaxtdan etibarən fikirləşməyə başladım. Fikirləşdim və bu xəstəliyin müsbət tərəflərini tapdım. Məsələn, məktəbdən canım qurtarıb. Ya da gələcəyimlə bağlı fikirlər məni narahat etmir. Çünki gələcəyimin necə olacağını bilirəm. Həm də, axı deyirlər ki, o biri dünya burdan daha yaxşıdır. Orda cənnət var, mələklər var. Bir tərəfdən də hesab edirəm ki, nə olmağından asılı olmayaraq maraqlı olub həyatım. Hətta əvvəllər məni ağladan səbəblər belə, həyatıma rəng qatırmış. Mən kiçik problemləri özümə dərd edirmişəm. Əslində isə həyat məhz həmin problemlərlə gözəldir. Bir şeyi də başa düşdüm ki, valideynlər hər zaman sənin yeganə köməkçilərindir dünyada. Bu gün burda ölümümə bir neçə ay qalmış bir vaxtda yanımda əvvəllər danışıb-güldüyüm rəfiqələrim yox, məhz öz nəsihətləri ilə məni bezdirən sevimli anam və hamıdan çox sevdiyim atam var. Onlar mənim indi-ən çətin günümdə yanımdadırlar. Bilmirəm, mən buna layiqəm ya yox. Onları necə incitdiyimi bilirəm. Çox nankor övlad olduğumu da bilirəm. Amma yəqin bunu Allah da, valideynlərimdə gənclik ağılsızlığıma bağışlayar. 16 yaşda insan həyata başqa cür yanaşır. Biz özümüzü bu yaş dövründə hamıdan ağıllı hesab edirik. Yəqin ki, elə buna görə də çoxlu səhvlər buraxırıq. Amma istənilən halda həyat gözəldir. Yaşamağı bacarsan da bacarmasan da.

 

FUAD ƏSƏDOV

Bakı Dövlət Universiteti, Sosial Elmlər və Psixologiya Fakultəsi tələbəsi

 

 

 

Go Back

Sorğu göndər