Düşüncə Jurnalı

header photo

XƏYALƏ MURAD: Super Qəhrəmanlar

Uşaqlıq-ən qayğısız ömür çağıdır.  Bəzən başınızı işdən ayırıb ətrafı müşahidə etmək lazımdı. Elə məhz belə müşahidələr zamanı uşaqlara diqqət edin. O uşaqları ki, baxışlarında bir dünya gizlidir. O uşaqlar ki, hər kəlməsi həqiqətdir. Reallıq dolu bu dünyada fantaziyanın qanad açdığı çağdır. Baxdıqları cizgi filmi və ya hər hansı bədii filmdə baş rolun ifaçısı gözlərində qəhrəmana çevrilir. O gözlərdə onlar dahi insan kimi, super insan və ya super qəhrəman kimi görünür. Hər uşaq özünə bir qəhrəman seçib. Ya da mənim oğlum kimi bütün qəhrəmanları bir simada cəmləyib. Kimisi “Batman”, kimisi “Spider-man”,  kimisi “Superman” və ilaxır və sairə…

Amma mən sadaladığım fantaziya qəhrəmanlarından deyil, əsl super qəhrəmanlardan bəhs edəcəyəm. O qəhrəmanlar ki, super qəhrəmanlar onlarla müqayisə belə edilməz. O qəhrəmanlar ki, hər gün görür, eşidir və duyuruq. O qəhrəmanlar ki, hər bir uşaq toxuna bilir. Ondan nə aftoqraf alınır, nə adına geyimlər, oyuncaqlar hazırlanır, nə uça, nə də  divara dırmaşa bilir. O qəhrəmanlar ki, hər birimizin evində mövcuddur.

İndi ətrafınıza boylandığınızı hiss edirəm. Çoxunuz düşünürsüz ki, bu nədən danışır, nə super qəhrəman, nə ev? Çox uzağa getmək lazım deyil. O qəhrəmanlar həqiqətən super qəhrəmandırlar. Onlar valideynlərdir. Bəli,  ailədə hər bir valideyn bir super qəhrəmandır. O qəhrəman ki, uşaqlarının sağlam və heç nəyə möhtac olmadan böyüməsi üçün gecə-gündüz çalışar, lazım gəlsə divara da dırmanar, yer də qazar, səmada da uçar. Amma bütün bunları hər hansı bir qeyri-adi super gücə sahib olduqlarından deyil, məhz həyatın məğzini tutmaq üçün edirlər. O valideynlər ki, çörək pulu üçün gecə-gündüz özlərini, sağlamlıqlarını səfərbər edirlər. O qəhrəmanlar ki, biz onları uşaq ikən ideal, gənc ikən zəhlə tökən, evli ikən dəstək gözündə görürük. O valideynlər ki, heç bir fantaziya qəhrəmanının edə bilməyəcəyi qeyri-adi istedada sahibdirlər. O istedad ki, nəsildən-nəsilə ötürülür. Hər kəs zamanla valideyn olur. Və beləcə dünyasını dəyişmiş super qəhrəman valideynlərinin yerini tuturlar. Onlar qədər olmağa və ən az onlar qədər övlad yetişdirmək, geyindirmək, yedizdirmək, oxutmaq üçün son nəfəslərinədək çırpınır, vuruşurlar.

 Filmlərdəki qəhrəmanların tək düşməni mənfi obrazlar olsa da, realdakı super qəhrəman valideynlərin tək düşməni övladının göz yaşıdır. Onun nəyəsə möhtac böyüməsi valideynlər üçün ən ağır zərbədir. O zərbə ki, ondan qurtuluş yoxdur. Qəlbin bir dərinliyində kiçik yaraya çevrilər və zamanla o yara daha da böyüməyə başlayar. Hər bir valideyn üçün övladının sevinci sevinc, fərəhi fərəhdir. Onunla fəxr edər, onunla qürur duyar. Zəhmətinin bəhrəsini görəndə isə ondan xoşbəxti yer üzündə tapılmaz.

Etdiyi qəhrəmanlıqlar kimsə tərəfindən görülməz, hiss olunmaz. Bunu yalnız onlar bilirlər. necə zəhmət çəkdiklərini, nələrə qatlandıqlarını bir tək özləri bilirlər. Uşaqlara isə gülər üzlə yaxınlaşar  və müsbət aura aşılayırlar. Onlara təhlükəsizlikdə olduqlarını hiss etdirər, güvən duyğusunu bəxş edərlər. Hər gün övladını yuxuya verib sabah nə bişirəcəyini, nə alacağını dərd edər. Bəzən bu fikirlər səhərədək davam edər və yuxusunu ərşə çəkər.  Analar-ana olduqları andan etibarən yuxusuz gecələrə qovuşar. Təkcə körpə ikən  gecə-gündüz beşik başında yuxusuz gecələr geçirmirlər, həm də ömür boyu yuxusuz qalmağa  davam edirlər. Bu bir növ valideynlik borcudur. O vərdiş övladı böyüyüb artıq valideyn olanda belə davam edər. Valideyn hər zaman valideyndir. Onun üçün övladının yaşı yoxdur. Onun gözündə övladı hər zaman körpədir. Super qəhrəmanlıq məhz valideyn olmaqdır. Bu qəhrəmanlıq bütün valideynlərin övladı qarşısında borcudur. Övladı da zamanla böyüyüb öz övladları qarşıdında super qəhrəmanlığa qovuşur və bunu nəsildən-nəsilə beləcə ötürərlər. Amma kimsə ömrünü dəyişmiş super qəhrəmanları xatırlamaz və onların nələrlə mübarizə etdiklərini bilməzlər. Çünki zaman dəyişdikcə  zamanın nəbzi də yerini dəyişir. Amma dəyişməyən tək düşmən qalır, o da övladının göz yaşı.

XƏYALƏ MURAD

qadin.net saytının Redaktoru

Go Back

Sorğu göndər