Düşüncə Jurnalı

header photo

UŞAQLARDA PSİXOLOJİ TRAVMALARI YARADAN SƏBƏBLƏR

Psixoloji travma nədir?

Hər hansı hadisə və ya epizoda qarşı reaksiya və prosesdir.Travmalar uşağın dünyaya baxışını dəyişir.Travmalar həm psixoloji, həm də fizioloji ola bilər.

Lakin biz stress və travma arasındakı fərqi bilməliyik.

Stress - normal olmayan situasiyalara qarşı orqanizmin verdiyi normal reaksiyadır.Stressin başlanğıcı, davamı və sonu olur. İmtahandan zəif nəticə alırıqsa və ya imtahandan keçə bilmiriksə bizdə stress yaranır. Stress sağlam reaksiyadır.

Travma - mənfi faktorların təsiri nəticəsində insanın psixi sağlamlığı zədələnir. Stressdən fərqli olaraq normal reaksiya deyil.Stress həddindən artıq olduqda travmaya səbəb ola bilər.

Uşaqlarda psixoloji travmanın yaranma səbəbləri 2 qrupa ayrılır.

Müəyyən olan səbəblər:

-Hərbi vəziyyət;

-Terror şahidi olması;

-Təbii fəlakət;

-Təcavüzə məruz qalması;

-Qəddar münasibət görməsi.

Qeyri-müəyyən səbəblər:

-Mübahisə və konflikt;

-Qəddarlığa şahid olmaq;

-Xəstəlik, tibbi prosedurlar;

-Vərdişlərin dəyişməsi.

Şok travması nədir?

Bu qısa zamanda olan hadisələrə verilən reaksiyadır. Məsələn: oyun parkında anidən bir itin yelləncəklərin arasından çıxaraq uşağa hücum etmək istədiyi anda baş verə bilər. Həm fiziki, həm də psixoloji ola bilər. Əlamətləri aşağıdakılardır:

-Uşağın reaksiyalarının əvvəlkilərə nisbətən daha donuq olması,əyləndiyi,güldüyü heç nədən əvvəlki kimi zövq almaması;

-Çox ağlaması;

-Əsəb partlamaları yaşaması;

-Çox həyəcanlanma,mənasız aktiv hərəkətlər etməsi;

-Aqressivləşərək başqalarını dişləmək, vurmaq;

-Qısamüddətli yaddaş pozuntusu;

-Nadir hallarda görmə problemləridə yaşaya bilər.

Bu zaman valideynlər, yaxud uşağın yanında olan böyüklər nə etməlidir?

İlk öncə valideyn özü sakit olmalıdır. Əgər valideyn özü həyəcanlıdırsa, ağlayırsa uşağı sakitləşdirə bilməyəcək, yaxud buna çox gec nail olacaq. Daha sonra uşaq hadisə baş verən yerdən uzaqlaşdırılmalıdır və valideyn onu bərk-bərk qucaqlamalıdır. Uşağı sakitləşdirmək, ağlamasına mane olmaq lazım deyil, əksinə ağlaması üçün ona zaman verməliyik. Ardınca uşağa nə baş verdiyi izzah etmək lazımdır, hadisənin necə və nə üçün olduğunu uşağa açıqlamaq lazımdır ki,beynində suallar qalmasın. Onu hər şeyin geridə qaldığına inandırmalıyıq.

Uşaq baş vermiş hadisəni həmin gün ilk yuxuya gedəcəyi zamana qədər unutmağa başlamalıdır, əks halda yuxu prosesində uzunmüddətli yaddaşa keçə bilər.

Əgər valideyn uşağın yanında olmayıbsa hansı əlamətlərdən uşağın travma keçirdiyini öyrənə bilər?

-Uşaq anidən dırnaq yeməyə başlayır;

-Qorxuları yaranır, bu həm keçmişlə bağlı, həm fantaziyalarından hiss edilir;

-Özünə qapanır;

-Yuxusu pozulur, yatmağa getmək istəmir;

-Oyunlarına diqqət etsək, travma aldığı situasiyanı təkrar-təkrar canlandırdırmağa çalışır;

-Hansısa xroniki xəstəlikdən müalicə alıbsa (məsələn: astma) geri qayıda bilər;

-Tiklər, kəkələmə yarana bilər.

Şok travmasının fəsadları nələrdır?

Postravmatik stress-ağır psixi haldır, yaşanmamış emosiyalar yaddaşda qalır və istənilən zaman üzə çıxa bilər. Bu yuxuda (qorxulu yuxular), həyəcanın artması ilə panik atak və ya aqressiv davranışla özünü göstərir.

Fəsadları aradan qaldırmaq üşün aşağıdakılara əməl etmək lazımdır:

-Uşaq psixoloqunun dediklərini etmək;

-Evdə sakit mühit yaratmaq;

-Onun hisslərini dəstəkləmək;

Uşağın özgüvənini qaldırmaq;

-İdman məşqul olmasına şərait yaratmaq və onu dəstəkləmək;

-Öz həyatını özünün planlaşdırmasına kömək etmək - nə yeyəcək, hara gecəcək və s.

Uşağı həddindən artıq qoruma altına almaq, sosial çevrədən məhrum etmək qətiyyən olmaz.

 

Müəllif: Narınc Psixologiya Mərkəzinin Gənclik filialının psixoloqu Turanə Rzayeva

Go Back

Comment