Düşüncə Jurnalı

header photo

Körpələrdə köp

Həkimlərin müşahidələrinə görə, bu problemə yenidoğulmuşların 70%-dən çoxunda təsadüf edilir.

Bu zaman tam sağlam və tox uşaq səbəbsiz olaraq çox bərk qaşqırır, ağlayır, ayaqlarını tərpədir, qarnına sıxır, qızarır. Belə tutmalar hər gün və gün ərzində bir neçə dəfə təkrar oluna bilər və bəzən hətta 3 saata kimi davam edə bilər. Uşaq qidadan imtina edir, yatmır, uşağın qarnı bərk ("daş kimi") olur. Uşağın bağırsaqlarından hava (və ya nəcis) çıxdıqdan sonra uşaq sakitləşir.

Əgər siz uşağınızda belə problemlə rastlaşmısınızsa, ilk növbədə mütləq pediatra müraciət edin. Yalnız həkim digər mümkün olan səbəbləri istisna etməklə (qulaq ağrısı, qəbizlik, dəri problemləri, bağırsaq infeksiyaları, ana südünün körpəyə çatmaması və s.) dəqiq diaqnoz qoya bilər.

Uşaqda heç bir problem aşkar olunmazsa, bu o deməkdir ki, uşağı köp narahat edir. Köp həm ana südü ilə, həm də süni süd qarışıqları ilə qidalandırılan körpələrdə müşahidə oluna bilər. Adətən belə tutmalar körpənin həyatının 3 həftəsindən sonra başlayır və təxminən 3-4-cü ayında keçir.

Buna səbəb körpənin bağırsaqlarında hava qabarcıqların yığılmasıdır. Bu qabarcıqlar bağırsaqların divarlarını dartır ki, bunun nəticəsində ağrılar əmələ gəlir.

Körpələrin bu problemi fizioloji hal sayılır (yəni xəstəlik deyil). Həkimlərin fikirinə görə, bu problemin səbəbi körpələrin həzm sisteminin natamam inkişafıdır. Uşağın həzm sistemi inkişaf etdikcə, bu problem də müstəqil şəkildə (müalicəsiz və dərmansız) həll olunacaq.

Körpənin sağlamlığına belə tutmalar heç bir ziyan etməsə də, anaları çox narahat edir.

Bu vəziyyətdə ana uşağa hər bir vasitə ilə kömək etmək istəyir. Bunun üçün nə etmək olar?

- Uşağına süd verən ana öz qidalanmasına qarşı daha diqqətli olmalıdır. Əgər hər hansı qida anaya köp, qarın ağrısı, diskomfort verirsə, uşaqda da eyni simptomlar yaranacaq. Ana şüyüd, razyana, çobanyastığı, nanə dəmləmələrini (və ya xüsusi hazır çaylar) içə bilər ki, bu dəmləmələr və çaylar həm ananın, həm də körpənin bağırsaqlarına (ana südü vasitəsilə) müsbət təsir edəcək.

- Körpə süni süd qarışığı ilə qidalandırılırsa, həkimlə məsləhətləşdikdən sonra bu süd qarışığını digəri ilə əvəz edin. Bəzi hallarda hər hansı süd qarışığı körpəyə uyğun gəlməyə bilər və bu körpədə güclü köpə və ağrılara səbəb olur.

- Köpün səbəbi həmçinin körpənin qidalandırılma zamanı çoxlu miqdarda havanın udmasında da ola bilər. Bunun qarşısını necə almaq olar? Uşaq ana südü ilə qidalandırılırsa, onu düzgün əmizdirin (bu haqda saytımızda çoxlu məlumat var). Süni qidalandırılan körpəyə xüsusi antivakuum əmzik alın. Bu əmzik körpəyə havanı daha az udmağa kömək edəcək.

- Lazım olduqda həkim uşağa xüsusi köpəleyhinə dərman təyin edə bilər. Bu dərmanlar həm müalicəvi bitkilər əsasında, həm də kimyəvi ola bilər. Köp zamanı həmçinin probiotiklər də yaxşı kömək edir (konkret preparatı həkim seçməlidir).

- Bəzən ana körpəyə lazım olandan artıq qida verir (söhbət süni qidadan gedir) və bu da köpə səbəb olur. Süni süd qarışığı ilə qidalandırılan uşağa qidanı yaşına (ayına) uyğun dozalarda və 3-3,5 saat fasilələrlə vermək lazımdır.

- Hər qidalandırılmadan sonra körpəni 15-20 dəqiqə ərzində şaquli vəziyyətdə saxlayın ki, mədədə yığılan hava çıxsın.

- Hər qidalandırılmadan təxminən 20 dəqiqə əvvəl uşağı mütləq qarının üzərinə qoyun, sonra isə qarnını yüngül massaj edin. Bu bağırsaqlarda köpün əmələ gəlməməsi üçün ən yaxşı profilaktik vasitədir. Ümumillikdə massaj köplə mübarizədə ən yaxşı vasitədir. Massajı həm qidalandırılmadan əvvəl, həm də qidalandırılmadan bir müddət sonra etmək olar. Uşağın qarnını saat əqrəbi istiqamətində massaj etmək, yüngül ovuşdurmaq, ayaqlarını yüngül qarnına saxmaq olar. (Saytımızda belə massajın videosu var.)

- Köp tutması zamanı uşağın vəziyyətini yüngülləşdirmək üçün onun qarnına ilıq qrelka qoya bilərsiniz. İsti spazmı azaldacaq.

- Uşaq çox narahatdırsa, onu qucağınızda yellədə bilərsiniz.

- Uşağa ilıq vanna da kömək edə bilər.

- Uşağı qarın üstə olmaqla dizlərinizin üzərində uzadın və belini sığallayın.

- Evdə xüsusi uşaq yellənçəyi varsa, uşağı bu yellənçəkdə yellədə bilərsiniz.

Əgər sadaladığımız üsullar kömək etmir və uşaq ağlamağa davam edirsə, xüsusi qazçıxardan borucuqdan və ya mikroklizmadan (hazır mikroklizmalar apteklərdə satılır) istifadə edə bilərsiniz. 

ailem.az

Go Back

Sorğu göndər