Düşüncə Jurnalı

header photo

Körpənin az çəki yığmasının 7 səbəbi

Bəzən, südəmər körpənin çəkisinə təsir edən səbəbləri tapmaq olmur. Xüsusilə əgər ana körpəni tələbinə müvafiq əmizdirir, əlavə qida və əmzik vermirsə. Lakin, körpənin çəkisi dəyişmir və ya çox az artır. Gəlin həyatının ilk həftəsində körpənin çəkisinə nələrin təsir etdiyini öyrənək: 
1. Doğum evində əmizdirmənin “pis başlanğıcı”
Bura nəticə etibarilə körpənin çəkisinin artmasına təsir edən bir çox meyarları aid etmək olar. Doğuş zamanı istifadə olunmuş dərmanlar, qeysəriyyə əməliyyatı, doğuşsonrası güclü qanaxma (məsələn, Şihan sindromu), uşaqlıqda ciftin qalıqlarının qalması, körpəni döşə aqressiv qoyma və ya ağız boşluğundan seliyin sorulması, körpənin anasından ayrılması. Bunlardan yayınmaq üçün hamiləlik dövründə əmizdirməyə müvəffəqiyyətli başlamaq barədə oxuyun. 

2. Körpəni döşə düzgün qoymamaq 
Körpəni döşə düzgün qoymamaq, körpənin əmdiyi südün miqdarını azalda, döş gilələrində ağrıya səbəb ola bilər. Bəzən isə elə olur ki, uşaq sözün hərfi mənasında döşdən saatlarla “asılı qalır”, tez-tez sidiyə gedir (sutkada 15 dəfədən çox), lakin gec-gec və az miqdarda nəcisə gedir (3 dəfədən az və ya çox, lakin çox az miqdarda) – bu, körpənin döşü dərin götürməməsindən və yalnız ön südü əmərək “arxa” südə çatmamasından xəbər verə bilər. 
Körpəni döşə qoymaq barədə məqalələr oxuyun, bu barədə və əsas əmizdirmə pozaları barədə video və şəkillərə baxın. Əgər özünüz bacarmırsınızsa, şəhərinizdəki əmizdirmə üzrə məsləhətçiyə müraciət edin. Həmişə yadda saxlayın ki, körpənin döşə düzgün qoyulması – əmizdirmənin uğurunun təminatçısıdır! 
3. Körpəni az əmizdirmək 
Həmçinin körpəni rejimlə qidalandırmaq, əmzikdən, döş gilələri üçün qoruyuculardan istifadə etmək, körpəyə uşaq çayı vermək döşün stimulyasiyası və boşalmasına mənfi təsir göstərir, bu isə öz növbəsində südün azalmasına gətirib çıxarır. 
4. Körpənin ümumi vəziyyəti
Yuxulu və ya zəifləmiş körpə, yarımçıq doğulmuş körpə, sarılıq keçirən, ürək qüsuru, mukovissidoz və ya maddələr mübadiləsi ilə bağlı digər problemlərdən əziyyət çəkən körpələr.
5. Körpənin səhhətinin fizioloji və anatomik xüsusiyyətləri 
Məsələn, dilin birləşdirici pərdəsinin (dilatlı bağın) qısa olması, dodağında və damağında çat, boyun əyriliyi, hipo- və ya hipertonus, başın hematoması, respirator problemlər (stridor, tez-tez boğulma), virus və ya bakterial infeksiyalar.
6. Əmizdirən ananın sağlamlığının xüsusiyyətləri 
Süd vəzi toxumasının inkişafdan qalması, döşün əməliyyat olunması, döş giləsinin qeyri-adi forması, piylənmə, hormonal problemlər, xüsusilə qalxanvari vəzin problemləri, yumurtalıqların polikistoz sindromu, süd ifrazını azaldan dərmanların və ya otların qəbulu (dostineks, romokriptin, Pseudoephedrine/Sudafed, adaçayı, nanə, cəfəri). 
7. Ananın/və ya körpənin psixoloji və ya fiziki stres keçirməsi
Əgər ana südünün az olduğuna və ya keyfiyyətinə şübhə edirsə, adətən körpənin çəkisini əmizdirmədən əvvəl və sonra çəkir, bu südün ifrazına və körpənin çəkisinə təsir edə bilər. Əgər ana daim stres keçirirsə və ya depressiyadadırsa və ya körpə daim hər hansısa prosedurlara və ya stresə məruz qalırsa (ailədə tez-tez baş verən davalar, köçmə, ambulator müalicə, tez-tez həkimə baş çəkmək, körpənin enerjisini çox aparan, ağlaması və ya əsəbi gülüşü ilə müşaiyət olunan müalicəvi massaj, dinamik gimnastika və ya üzgüçülük və s.) – bütün bunlar körpənin çəkisinə təsir edə bilər.* Bu, körpənizin çəkisinin az artması ilə nəticələ bilən əsas səbəblərdir. Gördüyünüz kimi, bu səbəblər kifayət qədər çoxdur və sizə kömək etmək, fikirləşməyinizə səbəb olmaq üçün burada toplanıb. Əgər körpə, doğum evindən çıxdıqdan sonra sutkada 8-12 dəfədən az sidiyə gedirsə və 2 həftəlik ikən doğulduğu çəkini yığmırsa, dərhal onun çəkisinə nəzarət etmək və lazım gələrsə əlavə olaraq sağılmış süd və ya süni qida ilə qidalandırmaq lazımdır. 

 

Müəllif: Natalya Razaxatskaya 
əmizdirmə məsləhətçisi (İBCLC), slinqo-məsləhətçi 
Tərcümə edən: Xumar Ərşadlı

Go Back

Sorğu göndər