Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Uşağa qulluq"

Uşaqların sümüklərini möhkəmləndirmək üçün vasitələr

Sağlam və möhkəm sümük sistemi insanın ümumi sağlamlığında böyük rol oynayır. Möhkəm sümük sistemin təməli uşaqlıqda qoyulur. Bu səbəbdən uşağın sümüklərini daim möhkəmləndirmək lazımdır.

Kalsium sümüklərimizin əsas tikinti materialıdır. Bu elementin çatışmazlığı nəticəsində uşağın sümükləri daha zəif və kövrək olur. Bunun nəticəsində isə uşaq sınıqlara meyilli olur, sümüklər gec bitişir, boyatma ləngiyir və s.

Bu səbəbdən doğulduğu andan başlayaraq uşaq orqanizminin kalsiumla normal təmin olunmasına ciddi fikir vermək lazımdır.

1. Ana südü

Körpələrdə ana südü ilə qidalandırma böyük rol oynayır. Ana südündə olan bütün faydalı maddələr (o cümlədən, kalsium elementi) çox asanlıqla uşağın orqanizmi tərəfindən mənimsənilir. Ana südü ilə qidalandırma mümkün olmadıqda uşağa donor südü verilməlidir. Bu da mümkün olmadıqda isə uşaq müasir süni süd qarışıqları ilə qidalandırılmalıdır.

2. Süd və süd məhsulları

Daha böyük uşaqların rasionuna daim süd və süd məhsulları əlavə etmək lazımdır. Əgər uşağınızda südə qarşı allergiya və ya xüsusi dözümsüzlük yoxdursa, uşağa 1 yaşından başlayaraq hər gün südlü sıyıqlar, südlü kokteyllər, südlü kisel və s. vermək lazımdır.

Əgər uşaqda süd məhsullarına qarşı fərdi dözümsüzlük və ya allergiya varsa, bu halda uşağa kəsmik, şor, qatıq, xama, pendir , yoqurt kimi məhsulları vermək lazımdır.

Çalışın uşağa təbii süd və süd məhsulları (kənd südü, qatığı, şoru və s.) verin. Dükanlarda satılan və xüsusilə saxlama müddəti uzun olan belə məhsulların tərkibində külli miqdarda konservantlar və s. ziyanlı maddələr var.

3. Balıq

Uşağın 10-11 ayından başlayaraq onun rasionuna balıq əlavə etmək lazımdır (allergiya yoxdursa). Balıq sümüklər üçün çox vacib olan kalsium və fosfor elementləri ilə zəngindir. Bundan əlavə balıq D vitamini ilə zəngindir ki, bu vitamin orqanizmdə kalsiumun mənimsənilməsini yaxşılaşdırır.

4. Gün şüaları

Hər gün uşaq 1,5-2 saatdan az olmayaraq açıq havada olmalıdır. Gün şüaları təsirindən insan orqanizmində D vitamini istehsal olunur.

Yay aylarında çalışmaq lazımdır ki, uşaq günün bir çox hissəsini açıq havada keçirsin. Bu çox vacibdir. Yay aylarında uşaqlarda boyatma prosesi güclənir. Uşaqların pəhrizində süd və süd məhsullarının miqdarını artırın.

5. Bitki mənşəli məhsullar

Bəzi bitki mənşəli məhsulların tərkibində  kalsium elementi var. Bu məhsulların arasında: günabaxan tumları, badam, brokkoli kələmi, ispanaq, şokolad, yumurta sarısı, lobya. Lakin bu məhsullarda olan kalsium süd məhsulları ilə müqayisədə daha pis mənimsənilir.

5. Fiziki aktivlik

Fiziki aktivlik sümüklərin möhkəm və sağlam olması üçün çox vacibdir. Bu halda sümüklər onlara lazım olan maddələrlə daha yaxşı təmin olunur. Bu səbəbdən uşağın fiziki aktivliyi üçün lazım olan şərait yaratmaq lazımdır - hərəkətli oyunlar, bədən tərbiyəsi, üzgüçülük və  s.

6. Bəzi məhsulların qəbulu kalsiumun mənimsənilməsini pozur. Bu məhsulların arasında: şəkər, şirniyyatlar, duzlu qidalar. Bu səbəbdən uşaqların qidalanmasında konfet, peçenye, pirojna, tort və s. şirniyyatların  miqdarı minimuma çatdırmaq lazımdır. Onları kişmiş, ərik qurusu, bal və s. kimi təbii şirniyyatlarla əvəz edin. Kola, limonad və digər bu kimi içkilər şəkər və digər sümüklər üçün ziyanlı maddələrlə zəngindir. Bu səbəbdən belə içkiləri uşaqlara vermək olmaz.

Kolbasa, sosiska, çipsi, kartof-fri, digər fast-fud qidaların tərkibində çoxlu miqdarda duz var. Bu səbəbdən bu qidaları da uşağa vermək olmaz.

Heyvanı zulalın lazım olandan artıq qəbulu kalsiumun mənimsənilməsini ləngidir. Bu səbəbdən uşağa gün ərzində 1 dəfədən artıq ət yeməyi vermək tövsiyə edilmir.

saglamolun.az

Go Back

Uşağa gündəlik qulluq

Doğuş otağında mama-tibb bacısı artıq uşağın tualetinə başlayır: onun cifti işlənilir, yenidoğulmuşların gözlərinə göz xəstəliklərinə tutulmaması üçün sulfasil-natrium məhlulu tökür, sonra onun dərisini yumşaq salfetlərlə qandan və selikdən təmizləyir, onu steril əsgilərə və yorğana bükür, ayaqlarının altına qızdırıcı qoyur.

Həyatın 5-ci günü bütün uşaqlara, yalnız əks-göstərişi olanlar istisna olunmaqla, vərəm əleyhinə peyvənd vurulur. Peyvənd çiyin nahiyəsinə dəri altına vurulur. Gənc valideynlər peyvənd yerində əmələ gələn qabıqdan qorxmamalı və həmin yeri “zelyonka” ilə silməməlidir.

Körpənin səhər tualetini səhər yeməyindən sonra etmək lazımdır. Əvvəl əllərini və üzünü yuyun və yumşaq tənziflə qurulayın. Gözlərini qaynadılmış suda islanmış steril pambıq tamponla silin. Hər göz kənarından başlayaraq burun çəpəri istiqamətdə silinir. Burun yolları uşaq üçün krem və ya xüsusi uşaq yağlarına batırılmış pambıq qaytanlarla silinir. Başına pambıq dolanmış kibrit çöpündən istifadə etmək olmaz. Qulaqları çox nadir hallarda, yalnız çiməndən sonra quru pambıq qaytanla təmizləyirlər. Qulaqların içini təmizləmək olmaz!

Körpələrin ağız boşluğunu silmirlər. Əgər dilin üzərində və içəri yanaqlarda ağ ərp-göbələk əmələ gəlmişdirsə, 1-2 gün ərzində gündə 1 dəfə körpənin ağzına əzilmiş 1/4 həb “Nistatin” və ya “Mikozol” tökün (həkimlə məsləhətləşin!).

Cinsiyyət orqanları uşaq losyonu və ya ilıq suda isladılmış pambıq tamponla silinir. Qızlar öndən arxaya doğru silinir, oğlanları silərkən kənar özülü bərk dartmaq olmaz.

Dırnaqları körpə yatan zaman tutmaq olar. Bunun üçün xüsusi maqqaşlardan və ya kiçik, dezinfeksiya edilmiş qayçıdan istifadə edə bilərsiniz. Növbəti dəfə bu proseduru körpəni çimizdirdikdən sonra edə bilərsiniz. Əl dırnaqları dairəvi şəkildə, ayaq dırnaqlarını düz kəsmək lazımdır. Dırnağı çox qısa, dəriyə yaxın kəsmək olmaz.

Südəmər körpə üçün kosmetika seçərkən onun tərkibinə diqqət yetirin. Tərkibdə efir yağlarının olması arzuolunan deyil, bitki mənşəli əlavələrdən çobanyastığı, buğda rüşeymi, aloe ekstraktının olması məsləhət görülür. İmkan daxilində kosmetik vasitələr birtərkibli olmalıdır. Nəm salfetlər uşaq bezi ilə eyni markadan olsa məqsədəuyğundur.

saglamolun.az

Go Back

Uşağa yeməyi necə sevdirək? - YOLLAR

Uşaqlarda iştahasızlıq ailələr tərəfindən ən çox dilə gətirilən şikayətdir. Uşaqların yüzdə 25-40 faizində bu probem var. İştahasızlıq bəzən çox da ciddi olmayan səbəblərdən qaynaqlanır, bəzən də sidik yolu iltihabı, hepatit kimi ciddi xəstəliklərin xəbərçisi ola bilir. Buna görə uşağınızın səhhətində iştahasızlıqla bərabər elə ciddi problem hiss olunmursa, naraht olmağa dəyməz. Bəs iştahası olmayan uşağa yemək yeməyi necə sevdirmək olar? Ailem.az bunun yolllarını təqdim edir.

 Başını qatmayın

 İlk  6 ay sadəcə ana südü ilə bəsləyin. Əlavə qidalara keçmək üçün tələsməyin. Hər gün eyni saatda eyni şeyi verin. Yemək yeyərkən başlarının qarışmaması üçün diqqətli olun.

 Rol modeli olun

 Yemək yeyərkən öz yemə tərzinizə diqqət edin. Çünki uşaqlar yemək zamanı sizi diqqətlə izləyər. Əgər siz balqabaq, ya kələmi iyrənərək, ağızınızı bürüşdürərək yesəniz, onda uşağınız da bunları yeyərkən eyni cür davranacaq.

 Dağıtsa da, yerə töksə də, özü yesin 

 9-cu ayından etibarən uşağınızın özünün yeməsi üçün imkan yaradın. İlk başda qaşığın içindəkini yerə töksə də, zamanla ağzına aparmağı bacaraq. Əgər ona bu zövqü yaşatsanız, o zaman daha da iştahlı olacaq.

 Boğazında qalacaq qorxusunu ona yansıtmayın

 Əgər bu qorxunuzu uşağa yansıtsanız, uşaqda qusma, tüpürmə, çeynəməmə, öyümə kimi pis yemək problemləri yaranacaq.

 Əmziklə bəsləməyin

 Əmziyin əziyyətsiz və rahat əmilməsi uşağın ana döşünü əmməsinə marağını azaldır. Uşağa hər sıxıntı yaşadığında sakitləşməsi üçün tez ana döşü, ya əmzik verilərsə, iştahsızlığa zəmin yaratmış olursuz. 

 Mehriban - sərt nüfuz

 Enerjili bir uşağı yeməyə vadar etmək çətin olur. Uşaq sizin qərarlı olduğunuzu görsə,  mehriban-sərt bir davranış göstərsəniz, ciddiliyinizi duyaraq sizə itaət etməli olacaq.

 Erkən yatızdırıb, erkən qaldırın

 Bir uşaq üçün müntəzəm yuxu saatı və qidalamanın olması vacibdir. Gec yatdığı üçün gec qalxan, gecə yaxşı yatmayan, gündüz yuxuları düzənli olmayan bir uşağın qidalanmasının uyğun olması mümkün deyil. 

ailem.az

Go Back

Uşağa əmzik vermək olarmı

Anaların bir hissəsi hesab edir ki, əmzik çox ziyanlıdır və onu uşağa qəti şəkildə vermək olmaz.

Digər hissəsi isə əmziyin istifadəsində heç bir ciddi problem görmür. Beləliklə, uşağa əmzik vermək olarmı? Bu suala hər bir ana özü cavab verməlidir. Lakin bundan əvvəl analar əmziklərlə bağlı olan bəzi şeyləri bilməlidir.

 1. Körpənin əsas reflekslərdən biri əmmə refleksidir. Əmmə zamanı körpə ana döşündən ona lazım olan qidalı maddələri alır. Bundan əlavə əmmə prosesinin özü  körpənin sinir sisteminə sakitləşdirici təsir edir. Əmmə zamanı uşağın qanına xoşbəxtlik hormonları olan "endorfinlər" ifraz olunur.

 Təəssüf ki, körpələrin hamısı ana südü ilə qidalandırılmır, onların bir hissəsi süni qidalandırılır. Süni qidalandırılan körpələrə əmzik vermək olar. Əmzik onlara daha tez yuxuya getməyə, sakitləşməyə və s. kömək edir.

Ana südü ilə qidalandırılan körpələrə əmzik lazım deyil. Uşağı sakitləşdirmək və ya yatızdırmaq üçün ana körpəyə sadəcə döş verməlidir. Bundan əlavə ana südü ilə qidalandırılan uşaq üçün əmzik hətta ziyanlıdır. Əmziyə öyrəşmiş uşaq ananın döşünü düz götürmür və bunun nəticəsində daha az süd əmir, ac qalır, ağlayır. Anada isə südün ifrazı azalır və döşlə bağlı olan müxtəlif problemlər meydana çıxır (çatlar, laktostaz, mastit).

 2. Valideynlər nəzərə almalıdır ki, körpə əmzikdən mümkün qədər az istifadə etməlidir (məsələn, narahat olduqda, yatmazdan əvvəl). Diş həkimlərin müşahidələrinə görə, əmziyə aludə olan və uzun müddət ərzində əmzikdən istifadə edən körpələrdə dişlərin formalaşmasında problemlər yaranır (dişlər əyri çıxır və s.). Hal hazırda satışda xüsusi ortopedik əmziklər var ki, onlar dişlərin formalaşmasına daha az mənfi təsir edir.

 3. Əmzik müxtəlif infeksiyaların körpənin orqanizminə daxil olmasına "kömək edir".  Pediatrların müşahidələrinə görə, əmzikdən istifadə edən uşaqlarda stomatit, otit, ağız boşluğu iltihabları riski əmzikdən istifadə etməyən körpələrlə müqayisədə 2 dəfə çoxdur. Bu riski azaldmaq üçün əmzik gündə bir neçə dəfə (xüsusilə yerə düşdükdən sonra və s.) sabunlu su ilə yaxşı yuyulmalı və qaynanmış su ilə yaxalanmalıdır. Həftədə 1-2 dəfə əmziyi sterilizasiya etmək lazımdır. Bunun üçün xüsusi sterilizatorlardan istifadə etmək və ya əmziyi 3 dəqiqə ərzində qaynatmaq lazımdır. Bəzən analar yerə düşmüş əmziyi öz ağzında "sterilizasiya edib" uşağa verirlər. Bu qəti şəkildə yolverilməzdir!

 4. Belə bir hipoteza var ki, əmzik körpələrdə ani ölüm riskini azaldır.

 5. Bəzi uşaqlar hətta 3, 4, 5 yaşına kimi əmzikdən imtina etmir və bu, valideynlər üçün böyük problemə çevrilir. Uşağı danlamayın, döyməyin, digərlərin yanında rüsvay etməyin. Əsəbi, narahat uşaq əmzikdən daha da "bərk yapışacaq". Axı əmzik onu sakitləşdirir! Bu kimi üsuldan istifadə edə bilərsiniz - "əmziyi Şaxta baba (digər sevimli personaj) apardı və əmziyin əvəzinə sənə oyuncaq (şirniyyat və s.) bağışladı" və s.

 6. Diqqət! Əmzik uşaqda allergik reaksiyaya səbəb ola bilər. Bu lateksdan (kauçuk) olan əmziklərə aiddir. Silikondan olan əmziklər allergiyalara səbəb olmur.

 7. Əmziyin üzərində çatlar, deşiklər olduqda, ondan istifadə etmək olmaz. Hər 2 aydan bir (lazım olduqda daha tez) əmzik yenisi ilə əvəz olunmalıdır.

(saglamolun.az)

 

Go Back

Uşağınız hər gün yumurta yesin

Uşaqların məktəbdə bacarıqlı olmaları üçün günə səhər yeməyi ilə başlamaları şərtdir. Yetərli və düzgün səhər yeməyində diqqət edilməsi gərəkən ən əsas nöqtə isə süfrədə yumurta və bəhməzi əskik etməməkdir. Çünki hər iki qida uşaqlarda sıx rastlanan və öyrənmə pozğunluğuna yol açan dəmir çatışmazlığına qarşı qoruyur.

 Səhər yeməyi günün ən əsas yeməyi olsa da, xüsusən məktəb yaşlı uşaqlar tərəfindən yeyilmir. Ancaq səhər yeməyi uzun sürən aclıqdan sonra enerji ehtiyacının qarşılanmasında, bədənin ehtiyac duyduğu ilk saatlarda nizamlı qida qəbul etməsində,  qan şəkərinin nizama salınmasında əsas rol oynayır.

 Araşdırmalara görə, səhər yeməyi yeyən uşaqların məktəbdə daha çox uğur qazandıqları, bacarıqlı olduqları, gec yorulduqları və  səhərlər özlərini daha az ac hiss etdikləri müəyyənləşib. Bu uşaqlar bütün dərslərdən yaxşı qiymət alır, problemləri asan həll edir, dərsdə daha diqqətcil olurlar.

 Uşaqlara enerji toplamaq üçün proteinlə zəngin qidalar verilməsi məsləhət görülür. Uşağınızın hər gün bir ədəd yumurta yeməlidir. Yüzdə yüz protein qaynağıdır və qan yaradır. Şokolad, mürəbbə kimi şirniyyatlar əvəzinə qan yaradan və sümüklərin inkişafına kömək edən bəhməz yesinlər. Səhər yeməyinə pomidor, xiyar və cəfəri kimi qidalar da əlavə edərək iştahanın açılmasına və bağırsaqların işləməsinə kömək edə bilərsiz. Çay dəmirin əmilməsini əngəllədiyindən səhərlər uşağınıza çay verməyin.

 ailem.az

Go Back

UŞAQLARDA ÇƏPGÖZLÜK...

Erkən yaşlarda çəpgözlükdən əziyyət çəkmiş valideynlərin övladlarında, qohum nigahlarda doğulan körpələrdə çəpgözlük riski daha yüksəkdir.

Valideyn cox zaman yanlış olaraq düşünür ki, çəpgözlük sadəcə kosmetik defektdir.

 Dünyada 10 milyondan çox insan çəpgözlükdən əziyyət çəkir. Çəpgözlük, xüsusilə uşaqlarda geniş yayılaraq uşaq göz xəstəliklərinin 10%-ni təşkil edir. Çəpgözlük –gözlərin paralelliyinin pozulduğu və fərqli yönlərə baxdığı göz qüsurudur. Norma halında biz bir obyektə baxarkən iki gözümüz bir nöqtəyə fokuslaşır, gözlərimizi müxtəlif istiqamətlərdə hərəkət etdirərkən isə göz almaları paralel dönür. Bütün bunlar gözü hərəkətə gətirən 6 cüt əzələlərin koordinator işi sayəsində baş verir. Bu tarazlıq pozularsa, paralellik də pozulur, bir göz düz baxdığı halda digəri icəri, bayıra, yuxarı və ya aşağı baxır.  

                                  

Bəs, çəpgözlüyun əmələ gəlmə səbəbləri hansılardır?                                                                                             -Miopiya(yaxındangörmə), hipermetropiya(uzaqdangörmə), astiqmatizm kimi görmə qüsurları ən cox rast gələn səbəblərdəndir.                                                                                                                                                    –İrsi faktor. Şübhəsiz ki, erkən yaşlarda cəpgözlükdən əziyyət çəkmiş valideynlərin övladlarında, qohum nigahlarda doğulan körpələrdə cəpgözlük riski daha yüksəkdir.                                                                                                –Çətin keçirilmiş hamiləlik, doğuş travmaları.                                                                                                          -Körpə yaşlarda keçirilmiş infeksion xəstəliklər.                                                                                                    -Kəllə-beyin travmaları.                                                                                                                                        -Mərkəzi sinir sistemi xəstəlikləri (Uşaq Serebral İflici, hidrosefaliya, Daun xəstəliyi və s.).              

  -Psixi travma (qorxu hissi, güclü stress).

  Çəpgözlüyün bir sıra formaları ayırd edilir:   

 Müştərək və paralitik. Müştərək çəpgözlük daha geniş yayılıb, ən cox 2-6 yaşlar arasında aşkara çıxır. Belə uşaqlarda gözlərin paralelliyi pozulsa da, bütün istiqamətlərdə hərəkəti sərbəstdir. Paralitik çəpgözlükdə isə göz əzələlərindən hər hansı birininin iflici nəticəsində gözün həmin istiqamətdə hərəkəti azalır və ya tam itir.

Daimi və intermittan, yəni arabir üzə çıxan forma. Bu vaxt çəpgözlük qısa müddətdə (daha çox uşağın hərarəti yüksələrkən və ya çox yorğun olarkən) özünü göstərir, digər vaxtlarda isə gözlər normal olur.        

 Monokulyar-çəpgözlük həmişə bir gözdədirsə; alternəedici –hər iki göz növbəli çəpləşir, uşaq gah bir, gah da o biri gözü ilə baxır.                                                    

Akkomodasion-uşaq eynək taxarkən çəpgözlük aradan qalxır; qeyri-akkomadasion eynək korreksiyası çəpgözlüyə təsir etmir.                                                                                                    

 Valideyn çox zaman yanlış olaraq düşünür ki, çəpgözlük sadəcə kosmetik defektdir.  Övladının zahiri görünüşündəki qüsur onu ilk novbədə düşündürür. Xüsusi vurğulamaq istərdim ki, çəpgözlüyü olan uşağın bir sıra görmə funksiyaları pozulur. Bu necə baş verir?                                                                   

  Normalda iki gözün bir nöqtəyə baxmaq qabiliyyəti sayəsində beyin iki görüntünü birləşdirərək 3 fəzalı obraz yaradır. Çəpgöz uşaqlarda isə bir göz obyektə, digəri fərqli tərəfə baxdığı üçün beyinə iki fərqli görüntü göndərilir. Bu halda beyin yanlış tərəfə baxan gözdən gələn görüntünü yoxa sayacaq. Sanki beyin bir gözu (“tənbəl göz”) görmə prosesindən xaric edir. Nəticədə:  

1)iki gözün birgə görmə qabiliyyəti-binokulyar görmə itir;                                                                                         2)uşağın əşyaları dərindən görmə duyğusu, 3D görmə pozulur;                                                                               3)əksər hallarda çəpləşən gözdə ambliopiya, başqa sözlə “göz tənbəlliyi” yaranır. Belə göz quruluş baxımından normal olsa da, zəif görür və uzunmüddətli, davamlı müalicə tələb edir. 

 Hörmətli valideynlər, əgər uşağınızda çəpgözlükdən şübhələnirsinizsə, vaxt itirmədən oftalmoloqa muraciət edin. Çəpgözlüyün müalicəsi nə qədər erkən başlanarsa, müalicə də bir o qədər faydalı olar. Hazırda çəpgözlük bir sıra metodlarla effektiv müalicə olunur:                                                                                                    

 İlk növbədə uşaqda refraksiya qüsuru varsa, yəni “müsbət” ya “mənfi” zəiflik, astiqmatizm varsa , ona eynək və ya kontakt linzalar təyin olunur. Ambliopiya aşkarlanarsa, yaxşı görən göz həkimin təyin etdiyi rejimlə bağlanır və “tənbəl gözü” inkişaf etdirmək üçün xüsusi məşğələlər aparılır. Həmçinin “tənbəl gözü" xüsusi aparatlarla stimulyasiya edərək görmə itiliyini yüksəltmək və ambliopiyani aradan qaldırmaq mümkündür. Çəpgözlüyü ləğv etmək üçün bir sıra hallarda cərrahi əməliyyata da ehtiyac olur. Unutmayaq ki, cərrahi əməliyyat göz əzələlərində aparılır və gözlərin paralelliyinə nail olmaq üçündur. Görmə itiliyinə təsir etmir. Ona görə də ehtiyac olan təqdirdə əməliyyatdan sonra da eynək taxmaq, xüsusi məşğələlər etmək lazım gəlir. Çəpgözlüyün müalicəsi bəzən illərlə davam edə biər. Bu zaman həm uşaq, həm də valideyndən böyük  səbr, dözümlülük və diqqət tələb olunur.  

 Əsmər Çümşüdova

Oftalmoloq                                                                                 

Go Back

Uşağım yemək yemir!

Nə etməliyəm???

Yemək yemək – 0-6 yaş aralığında valideynlər tərəfindən xüsusilə vurğulanan problemlərdəndir. “Həvəslə yemək hazırlayıram amma bir loxma belə yedirə bilmirəm, mənimlə inadlaşır, sözümə qulaq asmır, ancaq televizor qarşısında yedizdirə bilirəm, başqalarının uşaqları necə rahat yeyir amma mənimki böyük bir faciyəyə çevrilir, başqası verəndə yeyir amma mən verəndə ağzını belə açmır, yemək saatlarında çığırıb-bağırmaqdan yoruldum artıq!”

Əgər siz də bu və buna bənzər hisslərdən şikayət edirsinizsə, uşağınızın sağlam inkişafı üçün gərəkli olan yemək yemək ehtiyacı problem halını almağa başlamış deməkdir.

Bəs bu problem niyə yaranır???

Uşaqların çox kiçik yaşlardan etibarən özlərinin iradəsi və nəzarətində olduğunu kəşf etdikləri iki əsas məsələ var : Yemək yemək və Tualet vərdişləri. Uşaqlar hələ körpəlik çağlarından yemək yeyərək və ya yeməyərək ailələrini sanki idarə etdiklərinin fərqinə varırlar. Fərqinə varırlar ki, yemək yemə saatları gəldikdə müxtəlif narahatlıqlar və kaprizlər sərgiləyərək,valideynlərinin diqqətini çəkə və hirsli olduqları ata-anadan bu yolla qisas ala bilirlər. Qidalanma uşağın böyümə və inkişafında çox önəmli rol oynadığı üçün valideynlər bu mövzuda xüsusi həssas və inadkar davranırlar. Uşaq nə qədər çox yeyərsə, o qədər saglam olar düşüncəsiylə hər dəqiqə nəsə yedirməyə çalışırlar və uşaq bundan imtina etdikdə isə özlərini yetərsiz və bacarıqsız bir ana obrazı kimi görürlər. Və məhz yemək yemə prosesi zamanı anasının belə həssaslığını görən uşaq bunu ona qarşı istifadə etməyə başlayır,buna görə də başqası rahatca yedizdirə bilərkən ananın bunu edə bilməməsi onda komplekslərə və xəyalqırıqlığına gətirib çıxarır. Yedirtmə zamanı ananın üzüldüyünü və ya əsəbiləşdiyini görən uşaq daima bu cür davranmağa davam edir. Yemək prosesində başlanan bu aqresiya gün ərzində digər mövzularda da davam edə bilir. Və bütünlüklə Ana-Uşaq ünsiyyətində uçurumlara gətirib çıxarır.

Valideynlərin uşaqların yeməyinə qarşı göstərdikləri bu həsasslıq sadəcə onların beyinlərində formalaşan yaxşı ata-ana olmaq imiciylə bağlı deyil. Ətrafdakı,xüsusilədə öz ata-anaları və ailənin digər böyükləri tərəfindən göstərilən psixoloji təzyiqin də bu prosesdə olduqca böyük rolu vardır. “ Bu uşağa heç yemək vemirsiniz? Çox solğun görünür!” , “ Ac qalır bu uşaq,baxın xəstə olacaq!” “ Mən gələndən ağzına bir loxma da almayıb,bu necə uşaq böyütməkdir!”, “ Uşağa heç sulu yemək vermirsiz, belə uşağa baxarlar?!” “ Çox zəifdir,uşaqla heç maraqlanmırsınız!”

Kənardan ifadə edilən bu və bunun kimi fikirlər ,ata-ananın çox sıx məruz qaldığı təzyiqlərdəndir. Və bütün bunlar bir tərəfədən valideynləri əsəbiləşdirərkən digər tərəfdən də onlarda günahkarlıq hissinə yol açır. Belə duyğu və düşüncələrlə köklənən ata-ana inadçı bir şəkildə uşaq ilə yemək yedirtmə mübarizəsinə girir. Müşahidələr də göstərir ki, çox vaxt da uğursuzluqla nəticələnir və bütünlükdə ailə psixoloji travma alır.

Elə isə nə etməli???
Öncəliklə yadda saxlamlı, uşağın inkişafı üçün çox yeməsi lazım deyil, sağlıqlı qidalanması kifayətdir.
Uşağınızı digər uşaqlar ilə müqayisə etməyin! Hər bir orqanizmin ehtiyac duyduğu maddələr və inkişaf tezliyi fəqlidir.
Övladınızın ehtiyaclarına,sizdən nə gözlədiyinə və nə istədiyinə qulaq verin. Doğrudur ilk illərdə qidalanma əsas meyarlardan biridir,amma böyüdükcə uşaqlarınız sizinlə daha çox vaxt keçirmək,paylaşmaq,oynamaq istəyəcək. Onun bu ehtiyaclarını yetərincə qarşılarsanız yemek problemi də yavaş-yavaş aradan qalxacaq.
Unutmayın, uşaq acanda onsuzda yemək istəyəcək. Ona acdığının fərqinə varmasına icazə verin. Biraz bundan ye, Bəlkə başqa şey bişirim, bundan istəyirsən? Bəlkə biraz dadına baxasan? Kimi ifadələrlə sürəkli üstünə getməyin. Bu onu daha da qıcıqlandıracaq.
Uşağı masada oturub yeməyə təşviq edin. Yemək masasını sıxıntılı bir yer deyil,əksinə bütün ailənin bir araya gəldiyi,əyləncəli bir yer olaraq göstərin ona. Bütün ailənin birlikdə eyni masa arxasında yemək yeməsi uşağa şüuraltıda olsa müsbət mesajlar verəcək.
Sadəcə yemək yemə saatlarında ona yemək təklif edin. Digər ara vaxtlarda isə atışdırmaq üçün nəsə verməyin. Çünki zatən kiçik olan mədələri ara vaxtlarda yedikləri xırda şeylərlə dolacaq ona görə də əsas yeməyi rədd edəcək.
Yemək yemə prosesi zamanı nə qədər hirslənsənizdə ona qətiyyən bəlli etməyin. Gülümsəyərək və söhbətinizə davam edərək önündəki yeməkdolu boşqabı götürün və sakit şəkildə işinizə davam edin.
Yemək yemədiyi üçün uşağınızı cəzalandırmayın nə də hədiyyə təklif etməyin. Çünki yemək yemək onun etməsi gərəkən təbii bir ehtiyacdır və bunu özü də başa düşməlidir. Motivasiya etmək istədikdə belə bu əsla maddi hədiyyələr olmamalıdır. Ən yaxşı halda səmimi bir təbəssüm və xoş sözlər.
Yemək yeməsi üçün israr etməyin, sözlər verib,nağıllar danışmayın yada hansısa televiziya verlişi,telefon ilə başını qatıb agzına yeməyi dürtməyin. Və yeməyi evdə onun arxasınca gəzə-gəzə yedirtməyin! Yemək masada yeyilməlidir. Bunu ona qəbul elətdirin.
Uşağınızın yeməklə bağlı olan bu problemini o eşidə-eşidə başqası ilə bölüşməyin. Bu ona iki cür təsir edə bilər. Bir , yemək yeməyərək diqqət çəkmə istəyinin işə yaradığını görə bilər. Və həmdə sizi zaman-zaman cəzalandırmaq üçün bundan istifadə edə bilər. Ikinci bir halda isə, sizi üzdüyünü görüb özünü pis uşaq,pis övlad kimi hiss edə bilər ki bu da onda günhakarlıq hissinə yol açar.
Bütün hallarda unutmayın siz nə qədər inad edib, reaksiya versəniz övladınız da sizinlə bir o qədər inadlaşacaq. Bunun yerinə valideyin siyasətiylə onu rahat buraxdığınızı göstərin, onunla daha çox vaxt keçirməyə çalışın. Görəcəksiniz zamanla problem özlüyündən ortadan qalxacaq. 

Fəridə Qasımova 

 

Go Back

Uşaq bezlərini neçə saatdan bir dəyişdirmək lazımdır?

Gigiyena qaydaları 

Uşaq bezlərini hər 3 saatdan bir dəyişmək lazımdır.

Hər yumada uşaq sabunlarından istifadə edin.

Bezi dəyişdikdən sonra onu sabunsuz yumaq və ya nəm salfetlə silmək də olar.

Bezi geyindirməzdən qabaq körpənin yanına mütləq xüsusi krem çəkin. (bebem.az)

 

Go Back

Körpənin ilk ayı

Körpələr – bizə böyük xoşbəxtlik və sevinc bəxş edən zərif varlıqlar. Onların sağlamlığı yenicə qədəm qoyduqları dünyanın bütün təhlükələri qarşısında həddindən artıq müdafiəsizdir. Gələcəyimiz olan körpələri bu təhlükələrdən qorumaq, onların sağlam harmonik inkişafına nail olmaq bizim vəzifəmizdir. Körpəmizi sağlam böyütmək üçün kontaktda olduğu hər bir əşyanın keyfiyyətinə, ekoloji təmizliyinə ciddi nəzarət etməliyik. Çünki o sürətlə inkişaf edir və bu mərhələdə buraxılan xırda bir səhv onun gələcəyinə təsir edə bilər.

Körpənin ilk ayının gündəlik rejimi rəngarəngliyi ilə seçilmir. Rejim, əsasən, uzunmüddətli yuxudan və qısa fasiləli qidalanmadan ibarətdir. Əgər körpəni heç nə narahat etmirsə (bir yeri ağrımırsa, bələyi yaş deyilsə, ac deyilsə, ona isti ya soyuq deyilsə), o, rahat yatacaq. Körpə ilk günlərindən yatmırsa, deməli, onu nə isə narahat edir. Körpəni rejimə salmaq üçün onu nəyin narahat etdiyini aydınlaşdırmaq lazımdır. Çünki, ilk aylar körpənin qidalanması onun tələbatına görədir.

Tələbata görə qidalanma ona hər acıdığı zaman əmizdirməkdir. Doğum evindən çıxdıqdan sonra körpə tez – tez acıya bilər (1 – 2 saatdan bir, yəni gün ərzində 12 – 14 dəfə qidalanma). Bu onunla izah olunur ki, bu aralar ana laktasiya krizisi keçirir, yəni süd vəzilərinin süd hasili xeyli azalır. Səbəbi isə ananın daima körpəsini düşünməsi, məişət problemləri, fikizi yorğunluqla bağlı stresdə olmasıdır. Südün çoxalması üçün isə körpəni əmizdirərək döşü müntəzəm olaraq boşaltmaq, dincəlmək, kifayət qədər su (mütləq isti ot çayları) içmək lazımdır.

İlk günlər körpəni gecələr də qidalandırmağa məcbursunuz. Buna görə də körpənin çarpayısını özünüzünkünün yanında saxlayın ki, onu yedirtmək sizin üçün asan olsun.
 Bilməlisiniz ki, ilk həftələrdə körpənin gün rejimi sabit olmayacaq. Gün ərzində (atmosfer təzyiqi düşdükdə, güclü külək zamanı körpə özünü pis hiss edə bilər) dəyişəcək. (bebem.az)

 

Go Back

Körpəyə ən gözəl qulluq

Körpəyə qulluq qaydaları 

Doğuş otağında mama-tibb bacısı artıq uşağın tualetinə başlayır: onun cifti işlənilir, yenidoğulmuşların gözlərinə göz xəstəliklərinə tutulmaması üçün sulfasil-natrium məhlulu tökür, sonra onun dərisini yumşaq salfetlərlə qandan və selikdən təmizləyir, onu steril əsgilərə və yorğana bükür, ayaqlarının altına qızdırıcı qoyur.

Həyatın 5-ci günü bütün uşaqlara, yalnız əks-göstərişi olanlar istisna olunmaqla, vərəm əleyhinə peyvənd vurulur. Peyvənd çiyin nahiyəsinə dəri altına vurulur. Gənc valideynlər peyvənd yerində əmələ gələn qabıqdan qorxmamalı və həmin yeri “zelyonka” ilə silməməlidir.

Körpənin səhər tualetini səhər yeməyindən sonra etmək lazımdır. Əvvəl əllərini və üzünü yuyun və yumşaq tənziflə qurulayın. Gözlərini qaynadılmış suda islanmış steril pambıq tamponla silin. Hər göz kənarından başlayaraq burun çəpəri istiqamətdə silinir. Burun yolları uşaq üçün krem və ya xüsusi uşaq yağlarına batırılmış pambıq qaytanlarla silinir. Başına pambıq dolanmış kibrit çöpündən istifadə etmək olmaz. Qulaqları çox nadir hallarda, yalnız çiməndən sonra quru pambıq qaytanla təmizləyirlər. Qulaqların içini təmizləmək olmaz!

Körpələrin ağız boşluğunu silmirlər. Əgər dilin üzərində və içəri yanaqlarda ağ ərp-göbələk əmələ gəlmişdirsə, 1-2 gün ərzində gündə 1 dəfə körpənin ağzına əzilmiş 1/4 həb “Nistatin” və ya “Mikozol” tökün (həkimlə məsləhətləşin!).

Cinsiyyət orqanları uşaq losyonu və ya ilıq suda isladılmış pambıq tamponla silinir. Qızlar öndən arxaya doğru silinir, oğlanları silərkən kənar özülü bərk dartmaq olmaz.

Dırnaqları körpə yatan zaman tutmaq olar. Bunun üçün xüsusi maqqaşlardan və ya kiçik, dezinfeksiya edilmiş qayçıdan istifadə edə bilərsiniz. Növbəti dəfə bu proseduru körpəni çimizdirdikdən sonra edə bilərsiniz. Əl dırnaqları dairəvi şəkildə, ayaq dırnaqlarını düz kəsmək lazımdır. Dırnağı çox qısa, dəriyə yaxın kəsmək olmaz.

Südəmər körpə üçün kosmetika seçərkən onun tərkibinə diqqət yetirin. Tərkibdə efir yağlarının olması arzuolunan deyil, bitki mənşəli əlavələrdən çobanyastığı, buğda rüşeymi, aloe ekstraktının olması məsləhət görülür. İmkan daxilində kosmetik vasitələr birtərkibli olmalıdır. Nəm salfetlər uşaq bezi ilə eyni markadan olsa məqsədəuyğundur. (saglamolun.az)

 

Go Back

10 nəticə göstərilir