Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "VÜSALƏ Ələkbərova"

HƏR BİR İNSAN ÜÇÜN İSTİRAHƏT ÖNƏMLİDİR

02-07-2014

Havalar getdikcə istiləşir. İstər-istəməz istirahət haqqında düşünənlərin sayı artır. Bu hissi havanın yaxşı keçməsilə yanaşı turizm şirkətlərinin yaydığı reklamlar, bu mövzuda verilən filmlər, verilişlər də artırır. Bütün bunlar insanları yayda istirahətə getməyə ruhlandırır.

İstirahət ilk növbədə insanı həm fiziki, həm də psixi cəhəttən enerji ilə təmin edir. Uzun müddət istirahət etməmək isə insanın psixoloji durumu ilə yanaşı, sağlamlığına, iş qabiliyyətinə də mənfi təsir göstərir. İstirahət etmədikdə adam yorğun, əzgin, enerjisiz, əsəbi və daim yuxulu görünür. Bütün bu simptomlar xroniki yorğunluğun yaranmasına və başqa qarşısı alınmayan xəstəliklərin getdikcə daha da ağırlaşmasına gətirib çıxarır. Nəticədə səbəssiz qorxular, narahatlıq hissi, əzələdə ağrılar özünü göstərməyə başlayır.

Biz müasir həyatda, bəlkə də hər gün stresslər keçirir, həll edə bilmədiyimiz problemlərlə üzləşirik. Monoton həyat tərzi də insanı həm fiziki, həm də psixoloji cəhətdən tükədir. İnsan istirahət etmədən, əylənmədən müəyyən müddətə qədər fəaliyyət göstərir. Bu müddət bitdikdə insanın sinir sistemi pozulmağa başlayır.

Ona görə də, sağlamlığın qorunması, psixi rahatlığın təmin olunması və iş qabiliyyətinin artırılması üçün hər üç aydan bir istirahət etmək məsləhətdir. Əgər vaxtınız yoxdursa, istirahət üçün heç olmasa bir həftə ayırın. Yaxşı olar ki, istirahət etməyə hazırlaşanlar istirahət üçün fərqli mühit seçsinlər. Ümumiyyətlə, şəhərlərdənsə çox təbiət qoynunda istirahət etmək müsbət təsiri ilə seçilir. Belə ki, yaşıllıq, quşların səsi, dəniz qırağında istirahət insanı sakitləşdirir.

Əziz oxucular, istirahətə gedərkən “DÜŞÜNCƏ” jurnalını da özünüzlə götürməyi unutmayın. Bu jurnalla siz asudə vaxtınızı daha səmərəli keçirəcək və bir-birindən maraqlı psixoloji məqalələrlə tanış olacaqsınız. Jurnalın bu sayında AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, psixologiya və sosial fəlsəfə sahəsində tanınmış mütəxəssis, professor Bəxtiyar Əliyevlə müsahibəni oxuyub psixologiyanın sirlərinə bələd olacaqsınız. Eləcə də, psixiatr İkram Rüstəmovun dəyərli məsləhətlərini öyrənəcəksiniz.


Maraqlı istirahətdən sonra yenidən görüşmək arzusuyla...


Təsisçi və Baş redaktor
Vüsalə Ələkbərova

 

 

Go Back

Ruhi sakitliyi pozan qısqanclıq

09-06-2014

Adətən insan öz sevgilisinin əks cinsin nümayəndəsinə qarşı diqqət göstərməsini, ona compliment deməsini, sadəcə ona baxmasını da sakit qəbul edə bilmir. Bu zaman gizli və ya açıq şəkildə mübahisələrlə nəticələnən qısqanclıq özünü büruzə verir. İstər kişi, istərsə də qadın qısqanclıqla üzləşir. Müasir həyatda isə qısqanclığı qıcıqlandıran bir çox hadisələr baş verir.

Qısqanclıq insana dözülməz əzab verən və onu içərdən yeyən bir hissdir. İnsanın həm ruhi sakitliyini əlindən alır, həm də fiziki sağlamlığını. Bu hiss başda ağrılara, əsəb pozğunluğuna, aqressivliyin artmasına səbəb olur. Hədsiz qısqanclıq insanın həyatını da məhv etməyə, ailələrin dağılmasına, faciələrə də gətirib çıxarır.

Bu səbəbdən də qısqanclıqla mübarizə aparmaq vacibdir. Adətən qısqanclığın kökündə özünə əminsizlik dayanır. İnsan sevgilisinin ondan daha yaxşı insan taparaq, onu əvəz etməsindən qorxur və qısqanır. Bu cür qısqanclığı dəf etmək üçün özünə əmin olmaq lazımdır. Özünə qarşı əminsizliklə yanaşı, sevgilisinə etibarı itirmək də qısqanclığı qıcıqlandırır. Çox vaxt da insan əhəmiyyətsiz yerə qısqanaraq bunu xəstəlik dərəcəsinə çatdırır və qorxduğu şey baş verir. Sevgi, gözəl hisslər puç olub gedir. Əvəzində isə sevgilinizin qəlbini yaralayan sözlər, mübahisələr və bununla bağlı pis xatirələr qalır.
Odur ki, vaxtında özünüzə “dayan deməyi” və etibar etməyi öyrənin. Nəzərə alın ki, inamsızlıq sizin aranızda olan ən güclü hissləri belə söndürəcək. Sevgilinizin sadiqliyinə qarşı olan şübhələri ona olan inamınız ilə əvəz edin. Qısqanclığa şərait yaratmamaq üçün sevgilinizi idarə etməyə çalışmayın. Tez-tez telefonuna zəng edib, harada olduğunu, nə etdiyini, nə vaxt gələcəyini soruşaraq özünə olan hörməti itirməyin. Qısqanclığı dəf edə bilmədiyinizi hiss etdikdə başınızı işlə qatın.
Qısqanmağınız əsassız deyilsə, sakitləşməyə və olanları təhlil etməyə çalışın. Özünüz üçün dəqiqləşdirin: “Sizə münasibəti davam etdirmək əsasdır, yoxsa hər şeyi qısqanclığa qurban vermək”.

Vüsalə Ələkbərova
Təsisçi və baş redaktor

Go Back

Sıfırdan başla

09-06-2014

Artıq bir ildir ki, “Düşüncə” jurnalı Siz oxucuların ixtiyarına verilib. Əməyimiz haqqında ən doğru məlumat da Sizdədi. Nə dərəcədə faydalı ola bildik, bunu da yalnız Sizlər deyə bilərsiniz. Böyük bir komanda ilə ərsəyə gətirdiyimiz jurnal oxuculara ruhi sakitliyi tapmağa, psixoloji problemləri həll etməyə, daha uğurlu insan olmağa kömək edir.

Həyatda heç kim ruh düşkünlüyündən, dərdən, çıxılmaz vəziyyətdən sığortalanmayıb. Hər birimiz kədərlənir, stress yaşayır, bəzən də problemlərin girovuna çevrilirik. Jurnalda dərc olunan mütəxəssislərin yazıları, psixoloji məsləhətləri bu cür hallarla mübarizə aparmağa kömək edir.

Yalnız kədər deyil, bəzən xoşbəxtlik də bizi qorxuzur. Bəzən hisslərimizi başa düşmədiyimiz üçün nə edəcəyimizi bilmirik. Həyəcan və sevinc hissləri bir-birinə qarışır. Dəyərli oxucular, belə situasiyalarda Siz “Düşüncə” jurnalını əlinizə alaraq sizi narahat edən suallara cavab tapa bilərsiz.

Kimisə anlamaq, insanlarla rahat ünsiyyət qurmaq, qarşıdakının sözlərinin və hərəkətlərinin arxasında nəyin gizləndiyini bilmək üçün “Düşüncə” jurnalı Sizə əvəzsiz yardımçı olacaq. Həyatınız sizi qane etmirsə, jurnalla sıfırdan başlaya bilərsiz.

Jurnalın bu sayında oxucularımız Azərbaycanın baş psixiatrı Gəray Gəraybəylinin müsahibəsini oxuya bilər. Eləcə də, təsirli və psixoloji yazılar özünüzü, həm də ətrafdakıları daha yaxşı tanımağa kömək edəcək. “Düşüncə” jurnalı ilə Sizə heç nə qaranlıq qalmayacaq. Həyatımızı Düşünərək, “Düşüncə” ilə quraq.

Yolunuz uğurlu olsun!

Baş redaktor, psixoloq
Vüsalə Ələkbərova

Go Back

Gecikdiyimə görə nələri itirmişəm?

25-03-2014

Nə edək ki, gecikməyək?

İnsanlar daim harasa tələsir. Bəziləri tələsdiyi ünvana vaxtında çatır, bəzilərisə gecikir. Mütəxəssislər bildirir ki, ilk baxışdan təyin olunan yerə vaxtında çatmaq çətin görünməsə də, bəziləri üçün bu problemdir. 

Elə adamlar var ki, onlar üçün gecikmək artıq vərdiş halını alıb. Onlar nə qədər çalışsalar da, hər yerə gecikirlər. Lakin bu yaxşı xüsusiyyət deyil. Belə ki, kimisə gözləmək hörmətsizlik əlaməti sayılır. Xüsusi ilə də bu hal daimə təkrarlanırsa, gözləyən şəxsdə şüuraltı olaraq gözlədənə qarşı xoşagəlməz hisslər yaradır. Həmin adamla görüş onda üzücü, əziyyət verici hisslər yaradır və tədricən o, bu görüşdən yayınmağa başlayır. Artıq görüşə həvəslə və sevinə - sevinə getmir. Bəzən bu sevən cütlüklərin ayrılmasına da səbəb olur. Bu səbəb isə hər iki tərəf üçün gizli də qala bilər. 

Yaxşı olar ki, təyin olunan yerə gecikməmək üçünvaxtı düzgün planlaşdırasız. Bunun üçün vaxtınızı hissələrə bölün. Misal üçün, əgər siz işə getməyə hazırlaşırsızsa, oyanmaq, idman etmək, yuyunmaq, geyinmək, səhər yeməyini yemək, evdən çıxmaq və başqa yerinə yetirməli olduğunuz məsələlər üçün nə qədər vaxtın tələb olunduğunu öyrənin. Buna uyğun olaraq vaxtınızı planlaşdırın. Lazım gəlsə, bunun üçün zəngli saatı da qura bilərsiz.

Gecikməmək üçün yola sərf olunan vaxtı hesablayın. Həmin vaxta 10-15 dəqiqə də əlavə edin. Bununsayəsində siz gecikməyəcəksiniz, həm də yolda müxtəlif hadisələr baş verə bilər. Əlavə 15 dəqiqə sizi həmişə xilas edəcək. Misal üçün, yolda qonşunuzu və ya çoxdan görmədiyiniz uşaqlıq dostunuzu görə bilərsiniz. Ona dərhal deməyəcəksiniz ki, mən tələsirəm, sonra danışarıq. Həmin 15 dəqiqəni ona, və ya başqa bir gözlənilməz hadisəyə sərf edə bilərsiniz.

Nəzərə alın ki, bəzi yerlərə getmək istəmədiyimiz üçün gecikirik. Misal üçün, çox adam həkimə getmək istəmir. Bunun üçün ya gecikir, ya da ora getməyi başqa günə planlaşdırır. Bu cür etməmək üçün sizi maraqlandıran və ya əyləndirən bir məşğuliyyət fikriləşə bilərsiz. Oxumağı sevənlər özü ilə maraqlı kitab götürüb vaxtından yarım saat tez qəbula gəlib gözləyərkən kitab oxuya bilərlər. Əlavə yarım saatı yaxınlıqdakı kafedə və ya parkda da keçirtmək olar.

Bir məsləhətim də odur ki, dostlarınızdan gecikdiyiniz təqdirdə sizinlə amansız olmalarını xahiş edin: “Onlara deyin ki, sizi gözləməsinlər. Bu cəza sizi gecikməkdən xilas edə bilər. Bəzən hətta sizi səbirlə gözləyən bir nəfər sizdə gecikməyin vərdiş halına çevrilməsinə səbəb ola bilər”.

Gecikməyi tərgitmək üçün nəzərə alın ki, gecikməyin nadir hallarda bizə xeyri dəyir: “Hər adamın yəqin ki, gecikdiyi məqamları olub. Əgər siz çox tezt-tez gecikirsinizsə, bunun sizin üçün necə nəticələndiyini xatırlayın. Nə qədər də çətin olsa, “gecikdiyimə görə nələri itirmişəm?” sualına ətraflı düşünərək cavab verməyə çalışın”.

Baş redaktor və təsisçi, psixoloq Vüsalə Ələkbərova

Go Back

Kimə hansı rəng yaraşır?

05-01-2014

Adətən öz xarici görünüşünə ciddi yanaşan qadınlar geyinərkən hər gün özlərini “Bu gün nə geyinim?” sualı ilə yorurlar. Çox vaxt da dəb dalınca qaçaraq, özlərinə yaraşan rəngləri seçməyi unudurlar. Stilistlərin fikrincə, yaraşan rəngləri seçə bilmək üçün ilk növbədə dərinin, saçın, gözlərin rəngini müəyyənləşdirmək lazımdır.

Qış rəngləri
Əgər saçlarınız tünd kül və ya qara (tünd şabalıdı), gözləriniz qara, yaşıl, göy, tünd qəhvəyi, dəriniz isə ağ və ya zeytun rəngindədirsə, siz qış rəngləri tipinə aidsiziniz.
Yaraşan rənglər: Əsas rənglər - ağ və qara.
Gümüşü rəng
Dəmir rəngi
Limon rəngi
Qırmızı rəng
Parlaq çəhrayı rəng
Soyuq çalarlı tünd qəhvəyi rəng
Bənövşəyi rəng
Parlaq göy rəng
Zümrüd rəngi
Qaraya çalan yaşıl rəng

Yaraşmayan rənglər:
Pastel rənglər, boz, narıncı, qəhvəyinin isti çalarları, sarı-qırmızı, sarı-yaşıl rənglər.

Yaz rəngləri:
Yaz rəngləri tipinə aid olan xanımlar çox zərif və tərəvətli görünürlər.
Dəri: Açıq və ya şaftalı, fil sümüyü, çəhrayı çalarlı qızılı rəngdə olur. Dəri günün altında tez qaralır.
Saç: Açıq qəhvəyi və ya təbii sarı olur. Yaz rəngləri tipinə aid olan xanımlarda açıq kürən, açıq xurmayı və qızılı rənglərdə də saçlara rast gəlinir. Adətən saçlarında açıq qəhvəyi çalarlar da diqqəti çəkir. Yaşlandıqca saçın rəngi tündləşsə də, saçlardakı qızılı parıltı itmir.
Gözlər: Firuzə, dəniz rəngi, göy, mavi, yaşıl kəhrəba rəngində olur. Nadir hallarda qızılıqəhvəyi
rəngli gözlərə də rast gəlinir. Belə qadınların gözlərinin rəngi çox tünd olmur.
Yaraşan rənglər: Əsas rəng – parlaq narıncı. Bej rəngi
İsti sarı rəng (limon rəngi yaraşmır)
Şampan rəngi
Narıncı rəngə çalan sarı
Parlaq narıncı rəng
Açıq qəhvəyi rəng
Kərpic rəngi
Tomat rəngi
Qızılı qəhvəyi rəng
Çəhrayı rəng
Qızılı yaşıl rəng
Firuzə rəngi

Yaraşmayan rənglər: Qara, bozun bütün soyuq çalarları, ağ, purpur-çəhrayı, tünd göy.

Yay rəngləri: Bu tipə soyuq rənglər xasdır.
Dəri: Açıq, çəhrayı çalarlı rənglərdə olur. Dəri o qədər şəffaf olur ki, altında damarlar görsənir. Dəri torpaq çalarlı da ola bilər. Bu tip qadınlarda çillər də olur. Dəri günün altında qaralır, hətta yandığı üçün qızarır da.
Saçlar: Açıq sarıdan tutmuş tünd xurmayı rəngə qədər tonlarda olur. Rənglərdə soyuq kül çaları nəzərə çarpır. Günün altında belə saçlar yandıqdan sonra bir qədər kürən rəng alırlar.
Gözlər: Yaşıl, mavi, boz, göy və ya qəhvəyidir.
Yaraşan rənglər: Əsas rənglər – boza çalan mavi, göy. Yumşaq pastel tonlar
Səma rəngi
Çəhrayı rəng
Boza çalan qəhvəyinin bütün çalarları
Çəhrayıya çalan qəhvəyi rəng
Tünd qırmızı rəng
Bozun bütün çalarları
Parlaq olmayan soyuq rənglər
Yaraşmayan rənglər: Qara, təmiz ağ, çox parlaq rənglər, narıncı, parlaq qırmızı, yaşıl alma rəngi.

Payız rəngləri:
Dərisi: Açıq və solğun olur. Müxtəlif çalarlarda – fil sümüyü, şaftalı, bej-qızılı, tunc, zeytun çalarlarda olur. Dərinin üstündə çillər və xallar da görünür. Dərisi günün altında tez yanır və qızarır. Payız rəngləri tipinə aid olan qadınlar yaz rəngləri tipinə bənzəyir. Lakin belə qadınların yanaqlarında qızartı olmur və dərisi günün altında pis qaralır. Sadəcə uzun müddət günün altında qalanda dəri yanaraq qızarır.
Saçları:
Kürən saçlı və dərisi çilli olan qadınlar payız tipinə daxildir. Saçları qızılıqəhvəyi, bal rəngində də olur.
Gözləri: Qəhvəyi, mavi, firuzə rənglərindədir.
Yaraşan rənglər: Əsas rənglər - tünd qəhvəyi və ya tünd yaşıl.
Fil sümüyü rəngi
Qızılı bej rəngi
Tünd sarı rəng
Tutqun narıncı rəng
Qızılı qəhvəyi rəngin bütün çalarları
Bal rəngi
Pas rəngi
Yaşıl rəng
Göyə çalan yaşıl rəng
Qaraya çalan göy rəng
Başqa parlaq olmayan isti rənglər
Yaraşmayan rənglər: Qara, ağ, boz, sarı, göy, soyuq çəhrayı, parlaq narıncı rənglər.

Bütün rəngləri üç yerə bölmək olar: isti, soyuq və neytral rənglər.
İsti rənglər:
İsti rənglərə qırmızı, sarı, narıncı rənglər aiddir. Bu rəngləri geyinən adamın əhvalı qalxır. O, daha şən olur və pozitiv düşünür. Misal üçün, sarı rəng depressiyadan çıxmağa kömək edir. Bu rəng bənövşəyi rəngdə olan geyimlərlə yaxşı görsənir. Narıncı rəngi isə qara və göy rənglərlə uyğunlaşdırmaq olar. Narıncı rəngin qırmızı ilə uyğunlaşdırılması isə bu il dəbdədir. Qırmızı rəng qadını çox cazibədar göstərdiyi üçün fərqlənir. Bu səbəbdən də qırmızıdan ziyafət üçün nəzərdə tutulan geyimlərdə istifadə etmək yerinə düşər. Sarı və qırmızı rəngləri uyğunlaşdırarkən yaşıl rəngin istifadəsi məsləhət deyil. Belə ki, bu zaman geyim işıqforu xatırlada bilər.

Soyuq Rənglər:
Soyuq rənglərə isə yaşıl, göybənövşəyi rənglər daxildir. Yaşıl rəngi adətən məqsədyönlü və emosional adamlar seçirlər. Bu rəng sakitləşdirici xüsusiyyəti ilə fərqlənir. Dizaynerlər yaşıl rəngdə geyim geyinərkən ağ və bej rənglərdən də istifadə etməyi məsləhət görürlər. Zümrüd rəngi isə sarı həndəsi fiqurlarla çox gözəl görsənir.
Göy rəngi hökümlü adamlar sevir. Bu rəngdə olan kostyumlar işgüzar görüşlər üçün ideal sayılır. Lakin bu rəngin qara və boz çalarlarla Uyğunlaşdırılması darıxdırcı obraz yarada bilər.
Bənövşəyi rəngi isə diqqət mərkəzində olmağı sevənlər seçir. Bu rəng isti rənglərlə daha yaxşı görünür. Bənövşəyi rəngdə paltar geyinərkən parıltılı aksesuarlardan da istifadə etmək olar.

Ağ, çəhrayı, narıncı rənglər də bənövşəyi rəngə yaraşır.

Neytral rənglər:
Qara, boz, ağ, qəhvəyi və zəif nəzərə çarpan başqa çalarlar neytral rənglər sayırlır.
Qəhvəyi və boz rənglərdə olan geyim çox darıxdırcı görünür. Geyimdə belə rəngləri uyğunlaşdıran adamlar diqqət çəkməyi sevmir. Başqalarından təcrid olunmaq istəyən bu adamlar pis əhval-ruhiyyədən əziyyət çəkirlər. Lakin bu rənglərin isti rənglərlə uyğunlaşdırılması əks nəticə verir. Geyim çox zövqlü və çəkici görünür.
Qara rəng sahibinin özünə qapanmasından xəbər verir. Düzdür, qara rəng ziyafət geyimləri üçün idealdır. Lakin gündəlik həyatda bu rəngdə olan geyimlərdən istifadə edərkən parlaq, əlvan rənglərlə uyğunlaşdırılması məsləhət olunur. Qeyd edək ki, bu il ağ və qara bir çox dizaynerlərin kolleksiyalarında yer alıb.
Ağ rəng isə açıq mavi ilə çox yaraşacaq. Bu rənglərdən istifadə edən xanım çox zərif görünəcək.

Rəng seçimində buraxılan səhvlər:
●Geyimdə üçdən artıq rəng və çalarlar olmamalıdır.
● Qara və ağ rəngdən istifadə etməyi unutmayın. Bu rənglərin uyğunluğu əksər xanımlara yaraşır. Ağ köynək və qara dar ətək xanımı çox yaraşıqlı, kübar, işgüzar, eyni zamanda da zövqlü göstərəcək. Diqqət mərkəzində olmaq istəyirsinizsə, bu dəstə əlvan rənglərdə olan şərf və dikdaban ayaqqabı seçə bilərsiniz.
●Geyimdə bir rəng o birilərinə nisbətən üstünlük təşkil etməlidir.
●Pastel tonları bir-biri ilə uyğunlaşdırın. Nəticədə çox zövqlü görsənəcəksiniz.
●Aşağıdakı rənglər yuxarıya nisbətən tünd olmalıdır. Lakin bu qayda ağ rəngdə olan geyimlərə şamil olunmur.
●Geyimdə ya bir-birindən kəskin fərqlənən, ya da uyğun gələn rəngləri kombinə edin. Ən əsası rənglərin harmoniyasını nəzərə alaraq, zövqünüzə oxşayan rənglərdən istifadə etməyə çalışın.

Baş redaktor
Vüsalə Ələkbərova

Go Back

Güllərin Dili

12-12-2013

İstənilən mənzərəni gözəlliyi ilə bəzəyən gülləri sevməyən adamlar çox azdır. Güllər öz gözəlliyi, zərifliyi və ətri ilə, xüsusilə də xanımları məftun edir. Lakin insanlar gülləri yalnız gözəlliyinə görə deyil, həm də onların mənalarına, insanın həyatına olan təsirinə görə də sevirlər. Belə ki, hələ qədim zamanlardan hesab olunurdu ki, güllərin öz dili var. Güllər insanın deyə bilmədiklərini deyir və qəlbin dərinliyində donan hissləri əridir. Əsrlər boyu insanlar güllərlə sevgisini, sevincini, kədərini, tənhalığını bildirirdi.

Lakin tədricən güllərin mənaları unuduldu. Bağban və güllərin satışı ilə məşğul olan Rauf Quliyevin sözlərinə görə, güllərin dilinə dair məlumatların bəziləri bu gün də məlumdur: “Alıcılar əsasən qızılgüllərə maraq göstərirlər. istənilən gül mağazasında bu güllərin müxtəlif növlərinin satışına rast gəlmək olur. Güllərdən ən çox alınanı qızılgüllərdir. Daha çox qırmızı qızılgüllərə maraq olasa da, ağ, sarı rənglərini bəyənənlər də var. Ümumiyyətlə, bu gül əsrlərin sınağından keçib. Ona qarşı maraq indiyə kimi itməyib. Bu güllərin 35 milyon il əvvəl də bitdiyi müəyyən olunub”.

Güllər insanın deyə bilmədiklərini deyir və qəlbin dərinliyində donan hissləri əridir
R.Quliyev bildirib ki, qızılgül gözəllik və sevgi rəmzidir. Bu güllər rənginə görə fərqli məna verir. Hamıya məlum olduğu kimi qırmızı qızılgüllər “səni sevirəm” deməkdir. Çəhrayılar isə hədiyyə etdiyin insana qarşı incə hisslərin varlığını göstərir. Qırmızı ilə ağ qızılgüllərin vəhdətindən ibarət gül dəstələri birlik, sarılar sevinc mənasını verir.

Lakin qızılgüllərdən fərqli olaraq digər sarı güllər xəyanətə işarədir.

Qara qızılgüllər isə bitməz kədərdir.

Ümumiyyətlə, qırmızı güllərin çoxu sevgiyə işarə edir. Misal üçün, qırmızı dağ laləsi də “səni sevirəm” mənasını verir.

Məşhur güllərdən olan zanbaq isə təmiz sevgiyə xoşbəxtliyə, harmoniyaya işarə edir. Qırmızı zanbaq sevgi etirafıdırsa, sarılar münasibətə görə sevinmək deməkdir.

Bundan başqa orxideyalar da sevgi rəmzi hesab olunur.

Süsən, çəhrayı qərənfil kimi gülləri isə dostlara, tanışlara hədiyyə vermək lazımdır. Belə ki, bu güllər dostluq, etimad mənalarını verir.

Papatya, yonca kimi bitkilər isə gənclik rəmzidir. Papatyadan gül dəstəsini hədiyyə etməklə həmin adama qarşı incə hisslərinin olduğunu etiraf edirsən.

Yaddaşçiçəyi, xrizantema, zanbaq kimi güllər sadiqlik rəmzidir.

Barışmaq, ötənləri geri qaytarmaq niyyəti ilə adətən akasiya, yasəmən, lavandanın hədiyyə edirlər.

Nərgiz gülü isə özünə alüdə olmaq mənasını verir. Bu gül həm də günəş, işıq və yaz rəmzidir. Bağbanın dediyinə görə, nərgiz güllərindən hədiyyə “Sənin yanında olmaq məni xoşbəxt edir” deməkdir.

Mimoza isə utancaqlıq və həssaslığa işarədir. Bəzən mimoza sizə qarşı olan gizli hisslərdən də danışa bilər. Sirli sevgi haqqında bənövşə də xəbər verir. Qardeniya gülünü hədiyyə etdikdə isə adətən həmin adama layiq olmadığını boynuna alırsan.

Müsahibim qeyd edib ki, hədiyyə olunan gül dəstəsi hisslərin soyumasına da işarə ola bilər: “Bəzi gül dəstələri ayrılığın gözlənildiyindən xəbər verir. Bu əsasən sarı rəngdə olan gül dəstələrinə aiddir. Bununla yanaşı sarı uğur və günəş rəngidir. Belə gülləri incəsənət adamlarına hədiyyə edirlər. Sevgiliyə hədiyyə isə ayrılıqdan danışır. Sarı xrizantema, qızılgül qısqanclıq, ayrılıq deməkdir. Bundan xəbəri olanları belə hədiyyə sarsıda bilər”.
Çəhrayı güllər insana qarşı yaxşı münasibətdən danışır. Belə gülləri kişiyə və qadına hədiyyə etmək olar. Qırmızı rəngli güllər isə yalnız çox sevdiyin insanlara hədiyyə verilə bilər. Bu həm sevgili, həm də qohum və ya dost ola bilər. Tünd qırmızı qızılgül ehtiras mənasını verir. Təmizlik rəmzi hesab olunan ağ rəng toy və mərasimlər üçün idealdır. Bənövşəyi və göy güllərdən hədiyyə isə “siz gözəl və kübarsız” mənasını verir.
Güllərin sayına gəlincə, bir qızılgül sevgi etirafıdır. Düzdür, bu gün güllərin sayına görə mənalarının çoxu unudulub. Hər şey zaman keçdikcə dəyişir, lakin güllər bu gün də xanımların sevimli hədiyyələri olaraq qalır.

 

Baş redaktor
Vüsalə Ələkbərova

Go Back

Həyat yolunda hisslərimizlə addımlayaraq.

06-11-2013

Hiss və düşüncə. Hansının birincə gəldiyi önəmli deyil. Hər ikisi bizə həyatda yaşadığımız anlar haqqında məlumat verir: qəm-kədər, sevgi-nifrət, ağrı-zövq və s. Əslində biz hiss etdikdə yaşayırıq, yaşadıqca düşünürük. Həyatın özü də bu aralıqda keçən məsafədir. Hər zaman neqativ hisslərdən qaçmağa çalışırıq. Bunun üçün baş vurmadığımız yer qalmır: kitab oxuyuruq, musiqi dinləyirik, film seyr edirik, sevirik və s.. Kimi hüzur tapır, kimi isə hələ o dolanbac yollarda axtarışdadır. Ancaq bir şey gün kimi aydındır. Hüzur insanın içində olmalıdır. Hər kəs bunu içində yaratmalıdır. Bunun üçün ilk növbədə dünyagörüşünü doğru istiqamətdə zənginləşdirmək vacibdir. Psixologiya bu hüzuru tapmaqda sizing ən yaxşı bələdçinizdir. “Düşüncə jurnalının yaradıcı heyəti olaraq bu mövzuda sizlərə yardımçı olmağı hədəf bilirik. Jurnalımızda psixoloqlar tərəfindən yazılmış məqalələr gündəlik həyatınızda rastlaşdığınız mənfi hissləri aradan qaldırmaqda sizlərə köməkçi olacaq. Uzun müddətdir ki, bu ideya üzərində işləyir, yol qət edirik. Nəhayət sizə çatdıq. Hüzurunuzdayıq. Bundan sonra da olmağa çalışacağıq. Dəyərli oxucu, bu jurnal həm sizin, həm də bizim haqqımızdadır. Səhifələri vərəqlədikcə siz karyeranızı korlayacaq 10 əsas səbəb, sevdiyiniz kumirin daxili aləmi, dəb psixologiyası və başqa bu kimi maraqlı mövzularla yaxından tanış olacaqsınız. Ümid edirik ki, jurnalımızın ilk sayını bəyənəcək və növbəti say üçün masanızda hər zaman yer ayıracaqsınız.
Hələ yolun başındayıq. Hər sayımızda ruhunuza bir addım daha yaxınlaşacağımıza ümid edirik.

 

 

Növbəti saylarda görüşmək ümidiylə,
Təsisçi və Baş Redaktor
Vüsalə Ələkbərova

Go Back

Ruh düşgünlüyünün səbəbləri nədir?

18-09-2013

Sən və sənin kimi insanların əksəriyyəti ruh düşkünlüyündən əziyyət çəkirlər. Ruh düşgünlüyü şəxsi həyatın dakı uğursuzluqlara, sağlamlıqla bağlı problemlərə və ya işlərin düz getməməsinə görə yaranır.

Bəzən elə olur ki, ruh düşgünlüyünə təslim olursan, özünə qapılırsan həyat eşqin ölür, neqativ fikirlər səni yorur. Həyat sənə maraqsız gəlir,  işə getmək, kimisə görmək,  ünsiyyətdə olmaq belə istəmirsən. Öz yaxınlarının və tanışlarının arasınsa çıxanda sıxıntılarını içində gizlədib üzündə süni gülüş yaradırsan.

Sən və sənin kimi insanların əksəriyyəti ruh düşkünlüyündən əziyyət çəkirlər. Ruh düşgünlüyü şəxsi həyatın dakı uğursuzluqlara, sağlamlıqla bağlı problemlərə və ya işlərin düz getməməsinə görə yaranır.

Bəzən elə olur ki, ruh düşgünlüyünə təslim olursan, özünə qapılırsan həyat eşqin ölür, neqativ fikirlər səni yorur. Həyat sənə maraqsız gəlir,  işə getmək, kimisə görmək,  ünsiyyətdə olmaq belə istəmirsən. Öz yaxınlarının və tanışlarının arasınsa çıxanda sıxıntılarını içində gizlədib üzündə süni gülüş yaradırsan.

Sən və sənin kimi insanların əksəriyyəti ruh düşkünlüyündən əziyyət çəkirlər. Ruh düşgünlüyü şəxsi həyatın dakı uğursuzluqlara, sağlamlıqla bağlı problemlərə və ya işlərin düz getməməsinə görə yaranır.

Bəzən elə olur ki, ruh düşgünlüyünə təslim olursan, özünə qapılırsan həyat eşqin ölür, neqativ fikirlər səni yorur. Həyat sənə maraqsız gəlir,  işə getmək, kimisə görmək,  ünsiyyətdə olmaq belə istəmirsən. Öz yaxınlarının və tanışlarının arasınsa çıxanda sıxıntılarını içində gizlədib üzündə süni gülüş yaradırsan.

Go Back

8 nəticə göstərilir