Düşüncə Jurnalı

header photo

Blog posts : "Denis Rzayev"

Ətrafınızdakı Sadistləri Tanıyın!!!

Sadizmə meylli olan insan portreti

Sadizmə meylli insanlar üçün  tam hakimiyyət arzusu ən vacib şərtdir. Kiməsə fiziki  və mənəvi ağrı verməklə nə isə əldə etmək sadizmin əlamətlərindəndir. Digər insanı bütünlüklə köməksiz, asılı vəziyyətə salaraq, onu öz əşyasına çevirməklə mütləq qüdrət sahibi olmaq, sadistin daimi arzusudur. Bunun üçun o, təhqir və mütiliy səviyyəsinə çatdırma üsulundan istifadə edir.

Mütləq hakimiyyətə çatmağın 3 yolu mövcuddur:

1.Digər insanları özündən asılı vəziyyətə gətirməklə tam, sərhədsiz hakimmiyyətə sahib olmaq. Bunun üçün qarşısındakı şəxsə “Səni mən yaratmışam”, “Sən mənim istədiyim kimi olacaqsan”, “Sən mənim əməyimin və istedadımın nəticəsisən” , “Mənsiz sən heçsən”  fikirlərini təlqin edir;

2. Sadistlər nəinki digərləri üzərində tam hakimiyyətə malik olmaq, hətta onları eksplotasiya edərək istifadə etmək də istəyirlər. Bu istəklər digər şəxsi maddi, bəzən mənəvi cəhətdən istifadəyə yönəlir;

3. Sadistlər digər şəxslərə ağrı, əzab verərək onların necə əzab çəkmələrindən həzz alırlar. Bu halda əzab fiziki və ya qəlb yarası ola bilər. Göstərilən hər üç  halda özünü müdafiə etmək iqtidarında olmayan şəxsə əzab və əziyyət verməklə mütləq hakimiyyətə can atmaq sadizmin birbaşa göstəricisidir.

Karen Xorni bəzi sadistik tipləri təqdim edir və bunun köməyi ilə qarşımızdakı şəxsdə belə cəhətlərin olub olmadığını təyin etmək olar.

Aşağıda onların qısa məzmunu diqqətinizə çatdırıram:

1.Qurbanın “Tərbiyələndirilməsi”.

Sadist tipli insanlar həmişə digərlərinin onlara tabe olmasına çalışırlar. Onlara öz istəkləri, hissi, məqsədi olmayan qurbanlar lazımdır. Bu xarakterli  insanlarda öz “sahiblərinə” iddiası olmur. Belə “sahib” və onun qurbanı tipli münasibətlərdə ikincinin “tərbiyələnməsi” aparılır. Yəni “Sənin valdeynlərin sənə düzgün tərbiyə verməyiblər, onlar səni boş buraxaraq ərköyün böyüdüblər. Mənsə səni yenidən düzgün tərbiyə edəcəyəm”. Bu tip insalarda öz övladları ilə münasibət daha dəhşətli olur. Belə ki, uşaq tam qula çevrilir. “Tərbiyə üsulu övlada və ya qurbana  tətbiq  olmağından asılı olmayaraq “nə qədər kritika olarsa daha effektiv olar” üsulu ilə aparılır. Qarşısındakını tərifləmək  “sahibinə” yaxınlaşmaq ümüdini verə bilər. Buna görə də tərif “tərbiyyə metodu” ola bilməz. Əgər tərif faktı baş versə, ardınca daha kəskin tənqid gəlir ki, bu da qurbanın özü haqda daha pozitiv düşünməsinin qarşısını alır. Qurban nə qədər dəyərli  xüsusiyyətlərə malik olsa, onun tənqidi daha kəskin aparılır. Sadizmə meylli şəxslər  qurbanın   az əmin olduğu anları, ona əziz şeyləri rahat hiss edir. Buna görə də tənqidə əsasən belə anlar, bu cəhətlər, bacarıqlar tutulur. Həqiqətdə sadist üçün qarşısındakının taleyi heç də əhmiyyət kəsb etmir. Heç öz həyatıda sadist üçün  sahiblənmək  hissi qədər maraqlı deyil. O, öz karyerasından, öz maraqlarından və daha vacib şeylərdən imtina edərək nəyin bahasına olursa olsun öz qurbanının  müstəqiliyinin qarşısını alır.

2.Öz qurbanının hissləri ilə oyun

İnsanın hərdən özünün də başa düşmədiyi hisslər üzərində təsir mexanizminə malik olmaq sadistin tam bərqərarlı hakimiyətinin sübutudur. Sadizmə meylli insanlarda qarşısındakının hisslərini tam aydın duymaq qabilliyyəti olur. Belə ki, onlar qarşısındakı şəxsdə  sevinc, qəm-qüssə, eləcədə erotik hisslərin baş qaldırmasını təlqin etmək gücünə malik olurlar. Bunun sayəsində öz hökmlərini rahat formada tətbiq edirlər. Həm də onlarda qurbanların reaksiyalarını  çox ustalıqla özlərinə sərf edən istiqamətə yönləndirmə qabiliyyəti var. Eyni zamanda qurbanın digər şəxslərin hərəkətlərindən  zövq almasına qətiyyən yol vermək olmaz. Ya zövq mənbəyi qurbanın gözündə alçalmalı, ya da qurbanın özünü elə kədər hissilə boğmaq lazımdır ki, o, ətrafdakı insanları  hiss etməsin. Eləcə də qurban öz istəyi ilə kədərlənməsi və ya digərlərinə qarşı kədər hiss etməsi qətiyyən yol verilməzdi. Əgər belə hal baş verərsə, sadist dərhal yeni kədər mənbəyi yaradaraq qurbanını kənar hisslərdən uzaqlaşdırır. Lakin sadist bəzən kənar qəm-kədərdən əziyyət çəkən qurbanına rahatca təsəlli verə bilər. O, əlindən gələni edərək buna nail olur. Çox vaxt qurban da  sadist tərəfindən güclü dəstək gördükdə ona  qarşı dərin minnətdarlıq hissi oyanır. Bununla sadist öz hakimiyyətini bərqərar edərək insanın hisslərinə hakim olur. Əksər hallarda belə hisslərlə oyun şüursuz şəkildə aparılır. Sadizmə meylli insan özünü bu və ya digər hallarda necə aparmalı olduğunu gözəl hiss edir, lakin bəzən onun özü də hərəkətlərinin mənasını dərk etmir. Yəni onun özünə də belə davranışın məqsədi aydın deyil. Çox güman ki, o bunları rasional şəkildə edir.

3.Qurbandan sui-istifadə

Sui- istifadə də sadizmin mütləq cəhətlərini daşıyır və  ancaq şəxsi mənafe məqsədilə tətbiq olunur. Amma istənilən sadist üçün sonda qazanc olub-olmamasından asılı olmayaraq,  ən vacib fayda  öz hakimiyyətinin hiss etməkdir. Beləliklə sadist üçün  qarşısındakının necə çalışmasından, nə etməsindən aslı olmayaraq o heç vaxt öz qurbanının tərifləməyəcək və günü-gündən tələblərini artıracaq.Bu azmış kimi qurban tərəfindən edilən bütün sərbəst cəhtlər tənqid olunacaq və çöx vaxt o, sahibinə qarşı piss rəftarda günahlandırılacaq.Əlbəttə ki, belə pis rəftra görə qurban daha ciddi cəhtlə sahibinə qulluq etməlidir.Sadist üçün ən öncə qurbanının heç vaxt onun səviyyəsinə catmayacağı faktını dərk etməsidir.Daha dərin analiz edildikdə görmək olarki, bu sadist tərəfindən qurbandan sui-stifadə edərək   həyatını lazımi  ehtiyaclarla təmin  etmək arzusudur.Bu işdə yüksəliş, karyera, məhəbbət və qayğı, çinsi ehtiyac və s ola bilər.Sadist bunları əldə etmək üçün ancaq bir yol görür ki, bu da qurbanın əziyyəti bahasına ona sərf edəni əldə etsin.

4. Qurbanın xəyal qırıqlığına uğradılması

Sadizmə məxsus əsas cəhətlərdən biri də başqalarının arzu, istək, planlarının həyata keçməsinin qarşısını almaqdır. Sadizm xüsusiyyətlərini özündə daşıyan şəxs üçün hər kəsin mənafeyinin əksinə getmək, onların sevincini öldürməklə, ümidlərini itirməyə gətirib çıxarmaq çox vacibdir. Hətta o, öz mənafeyinin əksinə getsə də, qurbanın adının hansısa uğurlu işdə çəkilməsinə heç cür yol verə bilməz. Başqalarına zövq verə biləcək istənilən şey dərhal aradan götürülməlidir. Əgər  qurban onunla görüşməyə can atırsa, o qaşqabaqlı və yaxud cinsi yaxınlıq istəsə  soyuq olacaq. Bunun üçün ondan çox şey tələb olunmur. O, sadəcə özünü yorğun və pis əhvallı göstərəcək. Əgər sadist gördüyü işin kiməsə zövq verdiyini görsə, onda o, var gücü ilə iş fəaliyyətinin qurban üçün əzaba dönməsinə çalışacaq. Misal üçün, daim müştərilərlə çalışan konsultantların işini müşahidə etsək görərik ki, sadizmə məxsus insanlar qarşısındakının onlarla işləməkdən zövq aldığını hiss etsə, o saat bütün cəhtlərlə bu prosesi konsultant üçün cəhənnəm əzabına çevirirlər. Belə fərdlərlə tez-tez psixoloqlar da üzləşir. Məsələn, psixoloq  aparılan müalicə metodundan razı qaldığını və müvəffəqiyyət əldə etdiyini bildirdikdə, sadist dərhal bunun əksini sübut etməyə çalışır. Bəzən  bu mütəxəssisin profesionallıq dərəcəsini kölgədə qoya bilər.

Denis Rzayev

Psixologiya və Konsultasiya Mərkəzinin Klinik Psixoloqu

 

Go Back

Qocalıqda Tutula Biləcəyiniz Psixoloji Xəstəliklər...

Qocalıq psixozu

Qocalıq(senil) psixozu- daha ahıl yaşlarda baş beynin atrafiyası nəticəsində əmələ gələn xəstəlikdir. Xəstəliyin irəliləməsinin əsas səbəblərindən biri genetik faktordur. Xarici amillər isə ancaq təkanverici və ya ağırlaşdırıcı rol daşıyır. Xəstəliyin kliniki gedişatı beynin hansı sahəsinin zədələnməsindən və onun dərəcəsindən asılıdır. Ümumiyyətlə, bütün belə xəstəliklər sonda psixi fəaliyyətin dağılmasına, yəni kəmağıllığa gətirib çıxarır. Bu xəstəliyə yavaş, tədricən inkişaf mərhələri xasdır. Qocalıq psixozuna - presinil demensiya (Pik xəstəliyi və Alsqeymer xəstəliyi) və senil,yəni qocalıq kəmağıllığı aiddir.

PIK XƏSTƏLİYİ

Pik xəstəliyi- qocalıq öncəki baş beyin atrafiyasıdır. Xüsusi ilə baş beynin alın və gicgah payının atrofik pozuntularla müşahidə olunur. Xəstəlik 50-55 yaşda başlayaraq 5-10 il ərzində davam edir və sonda bütövlüklə kəmağıllığa gətirib çıxarır. Bu xəstəliyə daha cavan və ya daha yaşlı insanlarda da rast gəlinə bilər. Qadınlar kişilərə nisbətən bu xəstəlikdən daha çox əziyyət çəkir. Xəstəlik şəxsiyyət pozuntuları ilə başlayır. Zəiflik, apatiya yaranır. Emosional reaksiyaların canlılığı, təfəkkürün məhsuldarlığı azalır. Şəxsiyyətdə abstraksiya keyfiyyəti pozulur. Öz şəxsiyyətinə və hərəkətlərinə qarşı tənqidi münasibəti itir. Bəzi xəstələrdə eyforiya vəziyyəti yaranır ki, bu da mənəviyyatın və vicdanın itirilməsinə gətirib çıxarır. Xəstələrin nitqi bütün söz ehtiyyatını itirərək sadələşir, eyni söz və kəlmələrin tez-tez təkrarlanması baş verir. Yazı yazarkən belə xəstələr tez-tez səhv edir. Ümumiyyətlə, xəttin dəyişilməsi də müşahidə oluna bilər. Tədricən xəstə ən adi əşyaları tanımır, onlardan istifadə qaydasını xatırlamır. Məsələn, qələmin və ya bıçağın istifadə qaydasını tamamilə unudur. İntellektin dərin kasadlaşması ətrafdakıların təqlid edilməsinə gətirib çıxarır, yəni xəstələr ətrafdakı şəxslərin mimikasını, jestlərini və sözlərini təkrar edirlər. Əgər xəstəni narahat etməsən o, əsasən səssiz dayanır, bəzən isə eyni söz və ya hərəkətləri təkrar edir. Xəstəliyin inkişafı yaddaşın tam itməsi, yeni informasiyanın qəbul edilməməsi, ətraf mühitdə adaptasiyanın itirilməsi ilə daha da diqqəti cəlb edir. Son mərhələdə təfəkkürün tam itməsi, yaddaşın pozulması, nitq, yazı və bütün biliklərin tam itməsi baş verir. Beləliklə, tam psixiki və fizioloji köməksizlik (marazm) meydana çıxır. Əlbəttə nəticə heç də ürəkaçan deyil. Ölüm halları isə bir çox faktlardan, hətta adi infeksiyadan ola bilər.

ALSQEYMER XƏSTƏLIYI

Alsqeymer xəstəliyi – baş beynin əsasən gicgah və parental payın atrafiyası nəticəsində yaranan qocalıq kəmağıllığının bir növüdür. Xəstəlik təxminən 55 yaşda başlayır və Pik xəstəliyi ilə müqayisədə daha tez-tez rast gəlinir. Qadınlarda bu xəstəlik kişilərə nisbətən 3-5 dəfə tez-tez rast gəlinir. Xəstəlik yaddaşın pozulması ilə başlayır. Maraqlısı budur ki, yaddaşını və bir çox intellektual bacarıqlarını itirdiklərini hiss edən şəxslər xəstəliklərini ətrfafdakılardan gizlətməyə çalışırlar.Tədricən yaddaşın zəifləməsi xəstələrdə çaşqınlıq yaradır. Xəstələr getdikcə yeri tanıya və vaxtı duya bilmir, ömür boyu yiyələndikləri təcrübəni, bilik və bacarıqlarını itirirlər. İtmə prosesi indiki zamandan keçmişə doğru gedir.Yəni başlanğıc olaraq, ən son baş verən hadisələr unudulur. Xəstələr öncə mücərrəd anlayışları, adları, tarixləri, terminləri yada sala bilmirlər. Sonradan isə yeni məlumatların yadda saxlanılmasından çətinlik yaranır və bununla hadisələrin bütün xronoloji ardıcıllığı pozulur. Xəstələr hal-hazırda harda olduqlarını, ünvanları barədə məlumatı verə bilmədiklər halda, gənclikdə yaşadıqları ünvan barədə sizə dəqiq məlumat verə bilərlər. Hətta onlar evdən çıxdıqları zaman geri qayıtmağa çətinlik çəkirlər. Əşyaları, rəng, forma və bir çox ətrafda olan yaxınlarının üz cizgilərini tanıya bilmirlər. Öz yaxınlarını yad adlarla, yəni gəncləri öz qardaşlarının və ya bacılarının adıyla, daha sonra isə çoxdan ölmüş qohumların adıyla çağırmağa başlayırlar. Sonda özlərini də tanımaqda çətinlik çəkirlər, məsələn, güzgüyə baxdıqda “Bu qoca qadın kimdi?” sualını verə bilərlər. Ətraf mühitdə bələdliyin pozulması xəttin də səliqəsizləşməsinə və assimetriyasına gətirib çıxarır, yəni şaquli istiqamətdə yazılmalı olduğu halda, bütün həriflər ya səhifənin ortasına ya da hər hansı küncünə yığılır. Bununla bərabər xəstənin nitqi pozulur, söz ehtiyyatı tükənir, eşitdiyi, oxuduğu, hətta öz əli ilə yazdığı informasiyanı qavramaqda çətinlik çəkir. Buna görə də yazı anlaşılmaz, əyri dairələrə, ən sonda düz xəttlərdən ibarət rəsmə dönür. Nitq isə ancaq anlaşılmaz sözlər və ya hecalara dönür. Xəstələr tədricən əldə etdikləri bacarıqları itirir. Məsələn, geyinməkdə, yemək bişirməkdə, adi düyməni belə tikməkdə çətinlik çəkirlər. Belə xəstələrdə əhval-ruhiyyə daim dəyişir: şadlıq hissi əsəb, gərginlik hissi ilə tez əvəz oluna bilər. Xəstəliyin son mərhələsində yeriş dəyişir, dodaqların, dilin düzgün refleksiyası itir.

Denis Rzayev

Psixologiya və Konsultasiya Mərkəzinin Klinik Psixoloqu

Go Back

Övladlarımızı narkotik maddələrdən necə qoruyaq?

Getdikcə daha cox yeniyetmələr esrar və digər yüngül narkotik vasitələrdən istifadə etməyə başlayır. 2005-ci ildə aparılmış tədqiqatlar göstərir ki, 17 yaşda olan gənclərin 50,3%-i hec olmasa bir dəfə də olsa narkotik maddələrdən istifadə ediblər. 2000 –ci ilin statistikasında isə bu rəqəm 45.5% olub. Bu faktlar gənclərin getdikcə narkotik maddələrə meylinin artmasını göstərir.

Gənclərin çoxu hesab edir ki, yüngül narkotik maddələr zərərsizdir və bunlardan bir necə dəfə istifadə etsələr, heç bir ziyanı olmayacaq. Belə yanlış fikirlər çox vaxt gənclərin narkotik maddələrə alüdə olmasına gətirib çıxarır. Bu risk qrupuna daha çox özünə qapanan, öz fikir və düşüncələrini, problemlərini ətraf mühitdən gizlədən yeniyetmə və gənclər daxildir.

NARKOTİK MADDƏLƏRƏ MARAĞIN SƏBƏBLƏRİ


Bəs, niyə yeniyetmələr esrar və başqa narkotik maddələrdən istifadəyə maraq göstərir? Bu sualı narkotik maddələrdən asılılıqdan əziyyət çəkən gənclərə verəndə əksər hallarda belə cavab verirlər: “Esrar mənə stressdən kömək edir”. Gənclərə narkotik maddələr əsl psixoloji problemlərdən azad olmaq üçün asan yol kimi görsənir. Lakin onlar narkotik maddələrə qurşanmaqla daha böyük bəlalara düşəcəklərinə inanmırlar.

Əksər hallarda yeniyetmələr özləri də bilmədən valideynlərinə esrardan istifadə etdikləri barədə məlumat verirlər. Bu onlardan gələn spesifik iy və ya otaqda yaddan çıxıb qalmış kül ola bilər. Bu artıq valdeynlər üçün uşaqların daha çox qayğı və diqqətə ehtiyacları olduğu haqda bir siqnaldır. Belə yeniyetmələr hesab edirlər ki, narkotik maddələr onları daha sərbəst və xoşbəxt edir. Onların fikirincə, bu vasitə ilə öz adi yaşayış tərzini daha maraqlı və daha fəal edə bilərlər. Narkotik maddələrin insanı xoşbəxt, qayğısız və rahat etməsi kimi fikirlər adətən onlarda asılılığa gətirib çıxarır. Belə vəziyyətdə övladlarını bu fikirlərdən yayındırmaq kimi böyük məsuliyyət valideynlərin üzərinə düşür . Çıxış yolu tez tapılmasa, yeniyetmələr özlərinə daha çox qapanacaq və ya ancaq onlar kimi düşünən insanlarla ünsiyyət qurmaq səviyyəsinə enəcəklər.

Adətən narkotik maddələrə alüdə olanlar düşünürlər ki, "istədiyim vaxt ataram". Bəzən insanlarda esrar, heroin və ya spirtli içkilər asılılıq yaratmır kimi fikirlər yaranır. Lakin valideynlər belə hallarda daha diqqətli olmalı və narkotik maddələrdən istifadənin yaxşı nəticələnməyəcəyini izah etməlidirlər.

Belə hallarda valideynlər uşaqların narkotik maddədən necə istifadə etməsi barədə məlumat toplamağa başlamalıdırlar. Misal üçün, gündə neçə dəfə narkotik maddədən istifadə etməsi, hansı gənclərlə görüşdüyü zaman narkotik maddəni qəbul etməsi və ya mütəmadi hal alıb-almaması, bu narkotik vasitələrin necə əldə edilməsi kimi məlumatları toplayıb təhlil etmək lazımdır.
Uşaqlarla bu vasitələrdən istifadənin nə ilə nəticələnəcəyi barədə ətraflı söhbət etmək, narkotik maddələrin təsirindən görmə qabiliyyətinin azalmasını, beynin fəaliyyətinin zəifləməsini və gələcəklərinə böyük zərbənin vurulması haqda izah etmək lazımdır.

Qeyd edək ki, narkotik maddələrdən istifadə edən yeniyetmələr zehni fəaliyyət və ya idmanla məşğul olmaqdan imtina edir və əksər hallarda əvvəlki ətraf mühitlərindən, dostlarından üz çevirirlər . Əgər sizin uşağınız belə vəziyyətə düşübsə, onunla dah çox vaxt keçirin. Onda narkotik vasitələri atmağa maraq oyadın. Belə vəziyətlərdə ona sağlamlığı və taleyi haqqında fikirləşməsi üçün şərait yaradın və övladlarınıza sizin üçün çox dəyərli olduqlarını tez-tez deyin. Uşağa imkan yaradın ki, özü belə vəziyyətin onun üçün təhlükəli olduğunu və narkotik maddələrin təsirinin neqativ tərəflərini dərk etsin.

Əgər yeniyetmə sizinlə razılaşmırsa və ya sizin istifadə etdiyiniz spirtli içkinin və tütün məmulatlarının da orqanizm üçün zərərli olduğunu deyirsə, nümunəvi valideyn olmaq üçün bu məhsullardan istifadəyə son qoymağınız məsləhətdir. Bunu etdikdən sonra övladınız sizin sözlərinizə daha çox inanacaq və onun gözündə hörmətiniz artacaq. Nəticədə o, sizdən nümunə götürərək bu vasitələrdən istifadəni dayındıra biləcək.

Psixologiya və Konsultasiya Mərkəzi (PCC)nin klinik psixoloqu Denis Rzayev

 

 

 

 

Go Back

Uçuruma aparan addım

İntihar etmək istəyən insana necə kömək etmək olar?

Həyatda elə anlar olur ki, insan şirin hesab edilən həyata belə son qoymaq istəyir. Onu uçurumdan yalnız bir addım saxlayır. Hər şey artıq bitib, yaşamağın heç bir mənası yoxdur. Əgər bu baş verirsə insanın özü və yaxınları nə edə bilər? Hansı sözlər, hansı hisslər insanı son və qaçılmaz addımı atmaqdan saxlayar?

İntihar və intihara cəhd. İntihar hansısa problemi həll etmək əvəzinə seçilən addım, cəzalanmaqdan və rüsvay olmaqdan qurtulmaq, təhqir və ümidsizliyə son qoymaq, unuda bilmədiyi kədərdən qaçmaq üçün atılan addımdır.

Hər il intihar bir çox insanların seçiminə çevrilir. Ən təhlükəlisi isə odur ki, intihar cavanlaşır, uşaq və yeniyetmələrin də həyatına son qoyur. Bu səbəbdən də yeniyetmələr belə intiharın nə olduğunu və onunla necə mübarizə aparacağını bilməlidirlər.

Əgər tanıdığınız kimsə intihar etmək istəyirsə və siz ona kömək etmək fikrindəsinizsə, ilk növbədə sui-qəsd barədə ətraflı öyrənin.

Yeniyetmə və gənclər arasında intihar artır

Müasir zamanda yeniyetmə və gənclər arasındakı ölümün əsas səbəbi intihardır. Əsasən də 15-24 yaş arasında olanlar arasında intihar 
halları daha çoxdur. Onu da qeyd edək ki, təsadüfən baş verən bədbəxt xəstəliklər zamanı, o cümlədən narkotik maddənin dozasının çoxaldılması, yol qəzaları, körpü və binalardan yıxılma, zəhərlənmə kimi ölüm səbəbləri yeniyetmə və gənclərin bir nömrəli cəlladıdır. Lakin intiharı öyrənən mütəxəssislərin fikrincə əslində bu ölümlərin çoxu bədbəxt hadisə deyil, gizli icra olunan intihar idi.

Bəzən yalnız ölüm qabağı məktub yazıldığı halda ölümün səbəbi intihar kimi qəbul olunur. Lakin əksər hallarda intihar edənlər heç nə yazmırlar.

Heç də həmişə ölümün səbəbinin intihar olduğunu dəqiq müəyyən etmək olmur. Ona görə də “intihar” qrafasında yalnız heç bir şübhə doğurmayan ölüm hadisəsiləri qeyd olunur.

Təcrübələr göstərir ki, hər beçinci yeniyetmə intihar etmək barədə ciddi fikirlərşir. Getdikcə intihar “cavanlaşır”: uşaqlar intihar haqqında düşünür, buna cəhd etmək istəyir və edir də. Növbəti on il ərzində 10-14 yaş arasında olan yeniyetmələrdə intiharların sayı daha sürətlə artacaq.

İntiharın qarşısını almaq olar

Belə bir fikir var ki, əgər yeniyetmə intihar etməyi qərara alıbsa, ona mane olmaq mümkün deyil. Eləcə də hesab olunur ki, yeniyetmə birinci cəhdlə həyatına son qoya bilməyibsə, intihar baş tutana qədər dəfələrlə buna cəhd edəcək. Əslində isə gənclər həyatında bir dəfə intihara cəhd edirlər. Onların çoxu yalnız müəyyən zaman kəsiyində - 24 saatdan 72 saata qədər özlərinə qəsd edə bilərlər. Lakin kimsə buna mane olub həmin adama kömək etmək istəsə, o, bir də intihara cəhd etməyəcək.

Bəziləri düşünür ki, yeniyetmələrlə intihar barədə söhbət etmək onlarda bu təhlükəni hiss etməyə maraq oyadır. Əslində yeniyetmə ilə intihar barədə danışarkən biz onu intihara təhrik etmirik. Əksinə yeniyetmələr üçün onları narahat edən bu mövzu haqqında söhbət etməyə imkan yaranır. Əgər sizin hansısa tanışınız intihar 
haqqında danışmağa başlayırsa, demək o, bu haqda çoxdan fikirlərşir və sən ona yeni heç bir şey deyə bilməyəcəksən. Sən ona ürəyini boşaltmağa imkan verəcəksən. İntihar haqqında fikirlərlə bölüşdükdə isə bu fikirlər o qədər də təhlükəli olmurlar.

İntihar haqqında danışan şəxs intihar edir

Həyatına son qoymaq istəyən on yeniyetmədən yeddisi öz planları barədə bölüşürlər. Ona görə də bu haqda danışan yeniyetmələrin çoxu zarafat etmir. Bununla belə biz onların dediklərini ciddiyə almır, “o, zarafat edir”, “o, diqqəti cəlb etmək üçün belə edir” deyir və ya düşünürük. Öz dostunun həyatı ilə risk etmə: o, intihar barədə danışıbsa, deməli vəziyyət ciddidir.

İntihar - diqqəti özünə cəlb etmək üçün seçilən bir üsul deyil. Çox vaxt dostlar və valideynlər yeniyetmənin “Mən ölmək istəyirəm” kimi sözlərinə fikir vermirlər. Onlara elə gəlir ki, yeniyetmə zarafat edir, o, diqqəti cəlb etmək istəyir və ya ona nəsə lazımdır.

İntihara meyilli yeniyetmələr hesab edir ki, onların problemləri ciddidir. Müxtəlif insanlar eyni hadisəyə fərqli baxırlar. Bir nəfər üçün ciddi olmayan bir problem, başqası üçün həll edilməz ola bilər.

Yəqin razılaşarsız ki, uşaqlar ilə böyüklərin həyata baxışları fəqlənir. Sizin üçün dəhşətli olan bir məsələ onlar üçün boş bir şeydir və əksinə. Misal üçün, ən yaxşı dostu ilə dalaşdığı üçün yeniyetmənin əhvalı pisdir. Valideynləri isə ona deyir: “Nə olsun?, Sənin ondan başqa kifayət qədər dostun var”.

İnsanı intihardan qorumaq üçün olanlar psixologiyanı bilmək lazımdır. Həyatın qədrini bilmək üçün bunları arasında bilmək vacibdir: 1. Bizə lazımdır ki, bizi sevsinlər. 
2. Bizə lazımdır ki, özümüzə yaxşı münasibət göstərək.

Bizim davranışımıza iki əsas prinsip təsir edir: 
1. Bizim davranışımız özümüzə olan münasibətdən asılıdır. 

2. Hər insanın hərəkətinin məqsədi var. hərəkətlərimiz elə-belə baş vermir.

Bizim fikirləri nəzərə alsaq, yeniyetmələrin nəyə görə intihar etdiyini anlamaq olar. Eləcə də, bunları düşünüb qayğının və mehribanlığın intihar barədə olan fikirləri qovduğunu, insana ümid verdiyini anlayacaqsınız.

Həyata və özünə dəyər vermək üçün biz hamımız bizə qarşı olan sevgini hiss etməliyik.

 

 

 

 

 

Go Back

Şizofreniya haqqında əfsanələr


Birinci yanlış fikir: Şizofreniya nadir xəstəlikdir. Fakt: Bəzi dövlətlərdə buna daha çox, bəzilrində isə daha az rast gəlinir. Alimlər hələ də onun yaranma səbəbini axtarıb tapa bilmir.Bu xəstəliyə müxtəlif sosial qruplar arasında rast gəlmək olar. İkinci yanlış fikir: Şizofreniyanın yaranma səbəbinin uşaqlıqda olan pis rəftarla əlaqələndirilməsidir.

Fakt: İnsanda şizofreniyanın yaranmasına tərbiyyə, ailənin sosial-iqtisadi vəziyyəti və dini mənsubiyyəti qətiyyən təsir etmir.Ruhi-əsəb xəstəlikləri sinir sistemində gedən metobolik proseslərin pozulması nəticəsində yaranır və bu proseslərə uşağın həyatında baş verən hadisələr təsir edə bilməz. Lakin uğursuz şərait xəstəliyin dərinləşməsinə və ağırlaşmasına şərait yarada bilər.

Üçüncü yanlış fikir: ruhi-əsəb xəstəliklərinin yoluxucu olmasıdır.

Fakt: Ruhi-əsəb xəstəlikləri keçici deyil,yəni xəstəlik tənəffüs yolu ilə keçmir və siz xəstəylə yaxın təmasda olsanız belə yoluxma ehtimalınız yoxdur.

Dördüncü yanlış fikir: Şizofreniya irsi xəstəlikdir.

Fakt : Əslində sizin ailənizdə bu xəstəlikdən əziyyət çəkən olubsa, bu hələ o demək deyil ki, siz və ya sizin uşaqlarınızdan kimsə bu xəstəliyin daşıyıcısı olacaq. Şizofreniya diaqnozu qoyulmuş qadın sağlam uşaq dünyaya gətirə bilər. Yadda saxlamaq lazımdır ki, irsilik burda xərçəng və şəkərli diabet xəstəliyindəki kimi faiz nisbilə eynidir.Yəni hər iki valdeyin xəstəlikdən əziyyət çəkirsə uşağın xəstələnmə riski 50%, ancaq valdeynlərdən birinin xəstə olması halında isə 25% ola bilər.

Beşinci yanlış fikir: Şizofreniyadan tam sağalma metodunun olmasıdır.

Fakt: Çox təəssüf ki, müasir müalicə metodları hələ də sona qədər bu xəstəlikdən azad etməyə imkan vermir.Lakin müasir dərman preparatlarının sayəsində xəstəliyin simptomlarını azaltmağa, xəstənin və onun yaxınlarının həyatını yaxşılaşdırmağa imkan verir.

Altıncı yanlış fikir: Şizofreniyalı xəstələrin aqressiv olmalarıdır.

Fakt: Belə xəstələr əsasən aqressiv olmur. Bir çox xəstələr əksinə sakit və təkliyə meylli olur. Əgər müqayisə aparsaq görərik ki, belə xəstələrin arasında aqressiya sağlam insanlar arasında olan aqressiyadan çox deyil.

Yeddinci yanlış fikir: Şizofreniyanın pis hərəkətlərin nəticəsində yaranmasıdır.

Fakt: Hər hansı insanın bu xəstəlikdən əziyyət çəkməsi, ətrafdakılara əsas vermir ki, onun keçmişdə pis hərəkətlər etməsini düşünsün. Əgər kimdəsə şizofreniya aşkar olunubsa bu utanc mənbəyi deyil. Bu xəstəlikdən əziyyət çəkmək elə şəkərli diabet,mədə xorası və digər xroniki xəstəlikdən əziyyət çəkməkdən heç nə ilə fərqlənmir.

Səkkizinci yanlış fikir: Bu xəstələrin ruhən zəif olmasıdır.

Fakt: Bəli, faktiki olaraq ruhi-əsəb xəstələri öz iradəsi ilə xəstəliyin simptomlarını dəf edə bilmir. Lakin biz öz iradəmizlə göz və ya eşitmə zəifliyini də azaltmağa qadir deyilik.

Doqquzuncu yanlış fikir: Şizofreniyanın dahiliyin vacib cəhətlərindən sayılmasıdır.

Fakt: Şizofreniyadan əziyyət çəkən pasientin fikirləri qeyri ixtiyari, bəzən də orijinal olması ilə

fərqlənir. Lakin bu əsas vermir ki, belə xəstələrin dahi olduğunu deyək .

Onuncu yanlış fikir: Şizofreniyalı xəstələrin iş qabiliyyətinin olmamasıdır.

Fakt: “Şizofreniya” diaqnozu hələ insanı işdən kənarlaşdırmağa əsas vermir. Xəstə öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirə bilər. Belə ki işləmə həvəsi,insanı mənəvi cəhətdən daha həvəsləndirər və daha tez sağalma həvəsini artırar.İş xəstənin özünə qarşı hörmətini artırar, o, özünü cəmiyyətin vacib fərdi sayar ki, bu da vacib şərtlərdən biridir.

On birinci yanlış fikir: Belə xəstələrin həbsxana şəraitində saxlanması fikiridir.

Fakt: Ola bilər ki, ruhi-əsəb xəstəliklərindən əziyyət çəkən şəxs cinayət törətmiş olsun. Bu əsasən tutmalar və xəstəliyin inkişaf mərhələsində baş verən cinayət faktları ola bilər. Çox təəssüf ki, cəmiyyət üçün həbsxana belə xəstələrin təcrid edilməsi üçün vacib yer sayılır. Lakin həbsxana şəraitindəki xəstəxanalarda belə xəstələrə lazımi müalicə tətbiq edilmir və get-gedə xəstənin vəziyyəti ağırlaşır. Onlar üçün ikinci cəza digər məhkumların onlarla pis rəftarı ola bilər ki, bu da onların ətraf mühitdən tamamilə ayrılmaqlarına və özünə qapanmalara gətirib çıxara bilər.

On ikinci yanlış fikir: şizofreniyalı şəxslərin öz müalicələri barəsində müstəqil məşğul ola bilməmələridir.

Fakt: Bir çox şizofreniyalı xəstələr ilk vaxtlar bu xəstəliyə çətinliklə yanaşsalarda, anlayırlar ki, onlar xəstədirlər və müalicəyə ehtiyacları var. Əgər xəstənin özü haqda qərarları ailəsi tərəfindən də dəstəklənərsə onda sağalmaya meyil daha artar və müalicə prosesinə daha həvəslə yanaşar.

On üçüncü yanlış fikir: Ağır psixi xəstəliklərin sağalması mümkündür.

Fakt: Bu gün daimi gedişatlı şizofreniyadan və ya manyakal-depressiv psixozdan sağalma metodları təəssüf ki, bizə məlum deyil.Bəzi psixiatrlar hesab edir ki, onlar belə xəstələri tam müalicə edib sağalda bilərlər.Lakin onların təklif etdiyi metodları digər psixiatrlar öz xəstələrinə tətbiq edərkən heç də uğurlu nəticə almırlar. Reallıqda biz ancaq xəstəliyin simptomlarını nisbətən yaxşılaşdıra, xəstənin öz və ətrafındakı insanların həyatını mümkün qədər yaxşılaşdıra bilərik. Yaddan çıxartmaq lazım deyil ki, şizofreniyanın bir çox növü var. Bir çöx növlərdə xəstəliyin gedişatı ağır olsa belə uğurlu müalicədən sonra xəstənin davranışında olan qüsurlar aradan qalxır və xəstənin ümumi vəziyyətini stabil saxlamaq mümkündür. On dördüncü yanlış fikir: Şizofreniyadan əziyyət çəkmək – şəxsiyyətin parçalanmasından əziyyət çəkmək deməkdir.

Fakt: Şizofreniyadan əziyyət çəkmək hələ demək deyil ki, bu xəstələrdə şəxsiyyətin parçalanması baş verir. Şəxsiyyətin parçalanması xüsusi psixiki vəziyyət zamanı meydana gəlir ki, bu da elmi dildə “Şəxsiyyətin dissosiativ pozuntusu” adlanır. Bu bir başa uşaqlıqda alınmış bir çox psixoloji travmalarla əlaqələndirilir. Belə xəstələr şəxsiyətin bir halından ona əks olan digər halına keçməsi ilə fərqlənir. Məsələn sakit, utancaq qadın birdən birə ünsiyətcil və şən şəxsiyyətə çevrilir. Cürbəcür hallarda bu insanlar özlərini müxtəlif adlarla təqdim edirlər.Qeyd etmək lazımdır ki, bu cür xəstəlik çox nadir hallarda rast gəlinir və çətinliklə, əsasən amerika psixoanalitik psixiatrlar tərəfindən diaqnostika olunur. Xəstəliyin əlamətləri Bryus Villisin baş rolu oynadığı “Gecənin rəngləri” filmində çöx gözəl təqdim edilmişdir.

Psixologiya və Konsultasiya Mərkəzi (PCC)-nin

 klinik psixoloqu Denis Rzayev 

 

 

Go Back

Bunu bilmək vacibdir!

Oğlan uşaqlarını necə tərbiyə edək?

Homoseksualizmin kökləri hələ Ziqmund Freyd tərəfindən araşdırılan mövzulardan biri olmuşdur.Onun nəzəriyyəsinə görə homoseksualizmin yaranma səbəbi ailədən gəlir. Ailədə dominant rolunda guclü və eyni zamanda oğlu hədsiz dərəcədə sevən ana, zəif xarakterli, iradəsiz atanın olması belə nəticəyə gətirib çıxarır. Beləki uşaq ailədə kişi davranışı modelini görmür. Belə hallar atasız böyüyən oğlan uşaqlarında da baş verə bilər.

Qadın homoseksualizmi isə təbiətdə baş verməyən haldır və yalnız insan təfəkkürünün məhsuludur. Lesbian (qadın homoseksualizmi) münasibətlərinin əsas səbəbi psixoloji travmadır ki, bu da bir çox hallarda hansısa kişi tərəfindən alınıb. Bu bir çox qızların xatırlamaq istəmədikləri seksual təhrik ola bilər.Yəni psixi sfera artıq öz işini görərək baş verənləri şüuraltına ötürmüşdür. Məsələn, mənim təcrübəmdə psixoloji konsultasiya zamanı məlum olmuşdur ki, qızın doqquz yaşı olarkən ona qarşı çinsi zorakılıq baş vermişdir. Onun üçun bu dəhşətli travma olmuş və nəticədə psixi sfera bu hadisənin tam aradan qaldırmışdır. Belə faciəvi təcrübə, qızın heç bir kişi ilə münasibət qura bilməməsi probleminə gətirib çıxarmışdır, hətta onun üçün hər hansı kişi həkimin müayinəsi real problemə çevrilir.

Ümumiyyətlə, homoseksualizmin yaranma səbəbləri haqqında bir çox nəzəriyyələr mövcuddur, amma mən bu məqaləmdə əsas tərəfləri sizin diqqətinizə çatdırmaq istəyirəm : müasir pediatrlar son yarım əsrdə aparılan statistik təhlillərə əsaslanaraq nəticəyə gəliblər ki, əgər qadın hamiləlik dövründə qızılca və ya suçiçəyi xəstəliyinə yoluxmuşsa, onda onun harmonlar sistemində ciddi problemi olan uşaq dünyaya gətirməsi riski böyükdür.

Belə qadınlar tərəfindən dünyaya gətirilən oğlan uşaqlarında kişi harmonu olan testestoronun səviyyəsinin əhmiyətli dərəcədə aşağı olması müşahidə olunur ki, bu da qadın təbiətli kişi modelinin formalaşmasına gətirib çıxarır. Öz cinsinə maraq hələ uşaqlıqda özünü büruzə verə bilər. Öz həmcinslərinə meyllilik erkən uşaqlıqda başlayarsa, seksopatoloqlar bunu erkən və ya “nüvə” homoseksualizmi adlandırır. 7-8-yaşlı oğlanlar öz həmyaşıdları ilə maraqlanırlar və onların cinsi fantaziyalarında yalnız oğlanlar olur. İllər keçdikcə bu maraq daha da güclənir. Bu tip homoseksuallar heç vaxt qadınlarla ailə qurmur, əgər evlənmə halı baş versə belə çox az zamanda bilərəkdən səhv etdiklərini etiraf edirlər. Homoseksualizmin digər növü isə gec yaranan və ya sonradan yaranan formadır. Belə kişilər əsasən biseksual olurlar. Əksər halda onların diqqətini 25-35 yaşa qədər ancaq qadınlar cəlb edir. Yetkin yaşda cinsi orentasiyanın dəyişməsinin əsas səbəbi ailə daxili problemlərdir və ya hansısa ətraf psixofaktorun təsir nəticəsidir. Homoseksual orentasiyaya həm də erkən yaşda olarkən baş tutmayan nakam sevgi, sevdiyi qadın tərəfindən gülüş mənbəyinə çevrilmə, rədd cavabı alma də gətirib çıxara bilər.

Uşağın tərbiyəsi zamanı nəyə diqqət vermək lazımdır?

İlk növbədə uşağın unikalığı faktorundan qaçmaq lazımdır. Yəni bir çox analar uşağın bu və ya hansısa istedadını aşkarlayanda onu başqalarından daha fərqli, daha üstün olduğunu düşünüb az qala öz tərifləri ilə onu göylərə qaldırırlar. Və beləliklə analar ilk növbədə öz uşaqlarının ətraf mühitini dəyişməyə çalışıb, onların əvvəllər ünsiyyət qurduğu dairədən ayırmağa başlayırlar.Çünki onların fikrincə böyük istedad sahibi olan uşaqları adi insanlarla ünsiyyət qura bilməz. Nəticə etibarı ilə belə uşaqlar böyüdükdə ancaq özlərinə bənzər insanlarla əlaqə qurmaq, ünsiyyətdə olmağa çalışırlar. Başqa sözlə, özlərinə bənzər surətini axtarmaqla məşğul olurlar. Bu da öz növbəsində çoxzaman uğursuz nəticələrə gətirib çıxarır. Ona görə də uşağınızın necə istedadlı, necə ağıllı olduğunu ön plana çəkərkən, eyni zamanda hər bir insanın təkrar olunmaz və dəyərli olduğunu ona anlatmağa çalışın. Əsas diqqətinizi ailədə olan sevgiyə verin. Bu ailənin və uşaqların tərbiyəsinin özülünü təşkil edir. Ailədə ana öz həyat yoldaşını sevməli, ona hörmət etməlidir. Ata da öz növbəsində eyni şeyləri etməyə borcludur ki, uşaq ailədə olan sevgini görub, hiss etsin. Beləliklə övladınızı qız və ya oğlan olmasından, istedadlı və ya istedadsız olmasından aslı olmayaraq sevmək, qorumaq vacibdir. Övladın öz cinsinə görə sevilməməsi və tez-tez bunun büruzə verilməsi uşaqlar üçün böyük travmadır. Bu əsasən bir çox hallarda qızlara qarşı tətbiq olunur. Belə hallar öz növbəsində qeyri ənənəvi seksual hisslərin yaranmasına bilavastə təsir edir.

Onları necə tanımaq olar?

Belə bir fikir mövcuddur ki, homoseksuallar qadına bənzər, yumşaq, incə hərəkətləri və səs tembrləri ilə fərqlənir. Bu əslində yanlış fikirdir. Onların arasında çox güclü, iradəli, kişi təbiətli şəxslər də var ki, onların belə meyillərinin olması şübhə doğurmaz. Lakin əgər onları “normal kişilərlə” müqayisə etsək görərik ki, homoseksuallar daha səliqəli geyimə üstünlük verirlər, öz xarici görnüşlərinə daha diqqətlə yanaşır və çox gözəl zövqə malik olurlar. Homoseksualların əksəriyyəti yaradıcı sahələrə meyl göstərir. Amma bu o, demək deyil iqtisadi, texniki və s. sahələrdə rast gəlmək olmaz, sadəcə belə peşələrdə işləmək onlara nisbətən çətin olur.Onlara daha yaxın və rahat peşələr rəssamlıq, dizaynerlik, incəsənət aləmidir.

Psixologiya və Konsultasiya Mərkəzi (PCC)-nin həkim - psixiatrı Denis Rzayev 

 

Go Back

6 blog posts