Düşüncə Jurnalı

header photo

Qısqanclıq – içimizi yeyən qurd!

Qısqanclıq istər ailədaxili münasibətlərdə, istərsə də dost və işgüzar münasibətlərdə özünü biruzə verən, münasibətlərə öz mənfi təsirini göstərən, ən əsası isə insanın özünü mənəvi cəhətdən didib parçlayan, məhv edən “bəladır”. İstənilən halda mahiyyət etibarilə eyni olur. Anasını qısqanan uşağın da, rəfiqəsini qısqanan qızın da, yoldaşını qısqanan kişinin də düşündüyü bir şey var: tərk edilmək qorxusu.

Öncə bunu qəbul etməliyik ki, qısqanclıq – həm özümüzə, həm münasibətə, həm də qarşımızdakı insana verdiyimiz ziyanın sadəcə görünən tərəfidir. Qısqanclıq özü ilə birgə kədəri, depressiyanı, stresi, qarşısıalınmaz mübahisələri, həm fizioloji, həm də psixoloji problemləri, ən sonunda isə ayrılığı gətirən arzuolunmaz qonaqdır.

Uşaqlar hiss edəndə ki, onların bacılarına və ya qardaşlarına qarşı daha çox diqqət ayrılır, qısqanclıq hissi keçirirlər. Yaş psixologiyasına görə, 2 – 3 yaşına qədər bütün uşaqlar valideynlərindən özlərinə qarşı daha çox maraq və diqqətin olmasını gözləyirlər. Digər ailələrə nisbətən, uşaqlarına kifayət qədər qayğı göstərməyən ailələrin, natamam ailələrin uşaqlarında daha çox qısqanclıq aşkarlanmışdır. İşgüzar münasibətlərdə isə qısqanclıq özünü daha yüksək pillədə və adətən müdriyyət tərəfindən daha çox təqdirə, tərifə layiq görülən insanlara qarşı göstərir. Kişi – qadın münasibətlərində qısqanclıq demək olar ki, günümüzdə rastlaşdığımız ən böyük problemlərdən birinə çevrilib.

Hələ 1922-ci ildə Freyd qısqanclığı şüursuzluq halı kimi qiymətləndirmiş, “qısqanclıq sevginin gözəlliyini və cazibəsini zəhərləyərək məhv edir” demişdir.

Qısqanclıq haqqında müxtəlif yanaşmalar və baxışlar mövcuddur. Bəzi mütəxəssislər düşünürlər ki, qısqanclıq və həsəd aparmaq oxşar hislərdir. Həsəd aparmaq dedikdə nə nəzərdə tutulur? Həsəd aparmaq – sahib olmaq istədiyimiz bir şeyə başqası sahib olduqda keçirdiyimiz qorxu, narahatlıq hissidir. Qısqanclıq isə sahib olduğumuz şeyi itirməkdən qorxmaqdır.

Qısqanclıq müxtəlif emosiyalarla təzahür edir – həyəcan, qorxu və ya əsəb. Müəyyən dərəcəyə qədər olduqda qısqanclıq hər bir münasibət üçün normal hal sayılır. İstənilən insan onun üçün əhəmiyyətli birinə qarşı müxtəlif dərəcədə qısqanclıq hisləri keçirdir. Normal qısqanclıq adekvat olur, bu halda insan özü qısqanclığı və onun səbəblərini dərk edir, həmçinin öz hislərini idarə etməyə qadir olur. Lakin, bəzən qısqanclıq pataloji reaksiyaya çevrilir, partnoyrların və ətrafdakı insanların həyatını bir növ “cəhənnəmə” çevirir. Bu o halda baş verir ki, insan öz hislərini və davranışlarını idarə edə bilmir, hadisələrə obyektiv yanaşa bilmir. Bu zaman qısqanclıq hissi insanı bütünlüklə “udur” və pataloji qısqanclıq müxtəlif reaksiyalar şəklində təzahür edir:

a)      Koqnitiv (intellektual) reaksiyalar. Bu zaman insan nəinki xəyanətdən qorxur və hadisələri analiz etməyə səy göstərir, o, həm də baş verənlərin səbəbini aydınlaşdırmağa çalışır, gələcəkdə baş verə biləcək situasiyanı da araşdırır və bütün hadisələri demək olar ki, hər nöqtəsinə qədər təsvir edir, öz beynində canlandırır. Bu cür reaksiyalar daha çox zəif xarakterli insanlarda – asteniklərdə özünü göstərir.

b)      Affektiv reksiyalar. Bu zaman insan çox şiddətli emosiyalar keçirir: əsəb, ümidsizlik, həmçinin özünə və partnyoruna qarşı nifrət. Şəxsiyyətin xüsusiyyətlərindən asılı olaraq bu cür reaksiyalar melanxoliya və depressiyaya çevrilə bilər.

c)       Davranış reaksiyaları. Mübahisə şəraitində (münasibəti qorumaq, xilas etmək cəhdləri, tərəf müqabilini geri qaytarmaq istəyi və s.) yaranır. Bu zaman təhdidlər, xahişlər, izahat vermə, özünü yazıq göstərmə və başqa davranış modelləri yarana bilər.

Pataloji qısqanclığın digər adı Otello sindromudur. Bu zaman xəstə gerçək olmadığı halda partnyorunun sədaqətsiz olduğuna inanır və bunu sübut etmək üçün daima dəlil axtarır.

Bəs pataloji qısqanclığın səbəbi nədir?

İlk öncə insanın özünə, sonra isə qarşısındakı insana olan inamsızlığı. Aydın məsələdir ki, başqasına güvənə bilmək üçün ilk öncə özünə güvənmək lazımdır. Güvənsiz yaşanan bir sevgi içindən çıxmaq mümkün olmayan bir çuxurdur. İndi bir çox mütəxəssis və araşdırmaçıların mülahizəsi dəyişmişdir, yəni, bu problemlə məşğul olan peşəkar psixoloqlar qısqanclığı eqoizmin təzahürü hesab edirlər. Bir sıra ölkələrin qanunlarında belə qısqanclıq zəminində törədilmiş cinayətlərə dair dəyişikliklər edilmişdir.

Hər bir halda, qısqanclıq istənilən münasibətə nöqtə qoymağa qadir olan, həm münasibətə, həm qısqanılan insana, həm də qısqanan insana kifayət qədər mənfi təsir göstərən, içimizi yeyən “qurddur”. Qısqanclıq hissi sizi boğmağa başlayanda bir anlıq dayanın və düşünün. “Mən niyə qısqanıram?” “Mən xoşbəxt olmaq istəyirəm, ya qısqanc və tənha bir insan?” İstənilən halda, yadınızda saxlayın ki, qısqanclıq hissini içinizdə boğmaqla siz 10 insanın içində ən azı 9-undan seçiləcəksiniz.

Eminova Aytən

Bakı Dövlət Universiteti, Sosial elmlər ve psixologiya fakultəsi

Go Back

Comment