“ASAN Könüllüləri” Gənclər təşkilatı, “Gənc Psixoloqlar” İctimai Birliyi və Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən birgə təşkil olunan forum “Psixi sağlamlıq istiqamətində həyata keçirilən tədbirlərin dövlətin inkişafında rolu” və “Psixologiya elminin tətbiqi sferalarının inkişafı və təkmilləşdirilməsi istiqamətində görülən işlərin təhlili” mövzuları üzrə iki paneldən ibarət olub.
Tədbiri giriş sözləri ilə açan “Gənc Psixoloqlar” İctimai Birliyinin sədri Orxan Oruc-zadə forumun keçirilmə məqsədi barədə iştirakçılara məlumat verib.
Forumun birinci panelində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev , Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Gənclər Fondunun İcraçı Direktoru Fərhad Hacıyev və “ASAN Könüllüləri” Təşkilatının sədri Fərid Sadıxlı çıxış edərək, tədbirin əhəmiyyətindən və bu gün ölkəmizdə psixi sağlamlığın möhkəmləndirilməsi istiqamətində aparılan işlərdən danışıb, forum iştirakçıları tərəfindən verilən suallar cavablandırıblar.
İkinci paneldə isə Psixoterapevt Nisə Abdullayeva, Bakı Dövlət Universitetinin müəllimi, klinik psixoloq Səyyarə Yusubova, “Gənc Psixoloqlar” İctimai Birliyinin nümayəndələri Aidə Səlim, Aytac Abbasbəyli, “İstək” liseyinin psixoloqu Sevda Cəlilzadə müxtəlif psixoloji mövzuda çıxışlar ediblər.
Tədbirin qonaqlarından olan Psixologiya və Konsultasiya Mərkəzinin direktoru Elnur Rüstəmov çıxış edərək, forum iştirakçılarına uğurlar arzulayıb.
Tədbirin sonunda “Gənc Psixoloqlar” İctimai Birliyi və “ASAN” Könüllüləri Gənclər Təşkilatı arasında psixi sağlamlıq istiqamətində bir tədbirlərin həyata keçirilməsini və gənc mütəxəssislərin formalaşdırılmasını nəzərdə tutan əməkdaşlıq memorandum imzalanıb.
gpb.az