Uşaqlar dünyaya gəldiyi zaman bəzi xarakterik xüsusiyyətlərini də özləri ilə gətirirlər. Bunlardan biri də yuxu rejimidir. Bəzi uşaqlar üçün yuxu prosesi problemsiz, bəziləri üçünsə böyük bir problemdir. Buna görə də biz gərək əvvəl uşağın inkişafına uyğun düzgün yuxu saatlarını bilməliyik ki, yanlışlar baş verdiyində bunu tez düzəltməyə çalışaq.
Körpə 3 ayına kimi gün ərzində 17-18 saat yatır. Burada bir detalı nəzərə almaq lazımdır ki, balaca fidanlar heç vaxt uzun müddətli yuxuya getmirlər. Tez-tez yemək yemək və ya altları dəyişdirildiyi üçün yuxuları daim bölünür. Ümumiyyətlə bu dövrdə körpəni 2-3 saatdan çox fasiləsiz yatmağı məqsədə uyğun deyil. Bununla bərabər 2 həftəliyindən etibarən körpəyə gecə ilə gündüzün fərqini hiss etdirmək lazımdır. Gündüz yuxu fasilələrində körpəylə oynamaq, söhbət etmək məsləhətdir. Ancaq gecə oyandığı zaman işıqları zəif yandırıb, yarıqaranlıq otaqda daha asta templə danışaraq ona gecə olduğunu hiss etdirməyə çalışmaq olar.
3-cü aydan körpənin yuxu saatı sutkada 15 saata enir. Bu yuxunun böyük bir hissəsi gecəyə, 4-5 saatlıq hissəsi isə gündüzün payına düşür. Artıq ilk aylardakı kimi tez-tez yatmamalıdır. Gecələr bir neçə dəfə oyandırıb yedizdirmək olmaz. Bundan sonrakı aylarda gecə yeməyini azaltmaq lazımdır. Gündüzlər körpə 2- 3 dəfə yataraq norma olan 5 saatını doldurmalıdı.
Çalışın körpənizi daima eyni saatda yatızdırasınız. Yatırmaqdan əvvəl isə körpə üçün planlaşdırdığınız müəyyən məşqləri edin. Artıq körpə hiss etməlidir ki, o yatacaq. Uşaq bunu acı və gərginlik olaraq qəbul etməməlidir. Körpədə əmələ gələn yuxu barəsində emosiyalar böyük yaşlarında da yuxuya münasibətini formalaşdırır. Yuxudan cəza kimi istifadə edilən ailələrdə bu problem daha çox müşahidə olunur. Amma yatmağı xoş rəftar və sevimli məşğuliyyət kimi formalaşdırmaq uşaqda yuxuya getməni asanlaşdırır. Məsələn, pijamalarını geyindirə-geyindirə xəfif musiqi dinlətmək və ya zümzümə etmək, əzizləyici sözlər demək, hekayə danışmaq ola bilər. Çimmizdirməyi də yatmazdan əvvəl edə bilərsiniz.
6 və 9-cu aylar arasında isə körpənin təxmini sutkada 14 saatlıq yuxu ehtiyacı var. Bunun 7saatında körpə heç oyanmaya da bilər. Bu period başladığı zaman artıq gündüz yuxuları da nizama salınır. Səhər və günortadan sonra körpəni 2 dəfə yatızdırmaq gecə yuxusunun sisteminə də uyğun gələcəkdir. Bu dövrdə körpənin yatmazdan əvvəl öyrəşdiyi məşğuliyyətlər varsa onlar başladığında o, artıq yatması gərəkdiyini qəbul edəcəkdir.
9-cu aydan sonra isə yuxu ehtiyacının böyük qismi gecə təmin olunduğu üçün gündüz yuxuları bir az qısala bilər. Gündüz yarım saatla 2saat arasında 2 dəfə yatarkən gecə 10-12 saatlıq yuxu müddəti normaldır. Burada vacib olan məqam yuxu öncəsi məşğuliyyətlərini pozmadan davam etdirmək özünün yatmasına çalışmaqdır.
12-ci aydan etibarən gündüz yuxusu 1 dəfə günortadan sonra ola bilər. 18-ci aya qədər çalışın gündüz 2 dəfəlik yuxu rejimini yavaş-yavaş 1 dəfəyə endirəsiniz. Bu aylarda körpəni öz-özünə yatmağa alışdırmaq lazımdır. 18- 24-cü aylardan isə gecələr 10-12 saat, gündüzlər 2 saatlıq bir yuxu kifayət edir. Artıq bu aylarda uşağınız üçün qurduğunuz məşğuliyyətlər intelektin artması ilə nəticələnir və bununla da o müxtəlif hiylələrə əl ata bilər.
Sonda isə, əziz valideynlər, onu demək istəyirəm ki, yuxu uşaqlarımızın 6 yaşına qədər psixo-fizioloji inkişafına böyük təsiri olan bir prosesdir. Yuxunun tam alınması balacalarımızın həm inkişafına, həm də günlük davranışlarına təsir edən faktordur. Bunun üçün gəlin onların yuxu saatını özümüzün rejiminə görə deyil onların rejiminə görə təyin edək.
“Narınc” UPM-nin rəhbəri, uşaq psixoloqu Narınc Rüstəmova