Düşüncə Jurnalı

header photo

Nərmin Bədirova: Ailə xoşbəxtdirsə deməli, insan da xoşbəxtdir

   Ailə şəxsiyyətin tərbiyəsi və inkişafının sosiomədəni mühitidir. Ailə insanın həyatında, formalaşmasında mühüm rol oynayır. Uşağın doğulması, inkişafı, formalaşması ailədən başlayır. Uşaq ailədə elə ilk gündən birgəyaşayış normalarını mənimsəyir, öz ailəsində olan yaxşını və pisi, ailəyə aid olan hər bir cəhəti götürür və artıq gələcəkdə uşaq ailəsində gördüklərini təkrar edərək , sosiallaşır.

  Ailə eyni zamanda cəmiyyətin də vəziyyətini əks etdirir. Yəni cəmiyyətin iqtsadi, sosial, maddi durumu necədirsə, ailə də eyni tərzdə olur.   Ailəni biz həyatımızın bir parçası da deyə bilərik. Ailənin əsasında ən başlıca rol oynayan insanlar valideynlərdi. Yəni ana və ata. Məhz onların sayəsində biz böyüyüb, boya-başa çatırıq. İnsan həyatda hər bir zaman valideynlərə borcludur. Övlad ancaq valideynə borcunu: öz sevgisi ilə, qayğısı ilə, hörməti ilə verə bilər. Bunun üçün  insan daim həyatda ailə üçün nümünə olmalıdır. Valideynlər  o vaxt sevinə bilər ki, övlad daim ana- atasının başını uca etsin. Əsl övlad ata- ananın çətinliklə keçirdiyi yollarla böyüdüb, başını uca zirvəyə çatdıran, daim ailənin yanında olan , ana –atanın zəhmətini görüb , onlara yardım edən, hər zaman sevgi, qayğı göstərən insana deyilir.

  Həyat insana bir dəfə verilir.  Bunun üçün biz həyatımızın bir hissəsini ailəyə həsr etməliyik. İnsan zamanın qədrini bildiyi kimi, valideynlərin də qədrini vaxtında bilməlidir. Axı onlarsız həyatın mənası yoxdur.

  Ana evin istiliyidir, işığıdır,  qayğı göstərənidir. O, bir övladı dünyaya gətirənə qədər nə qədər kəşməkeşli yollardan keçir. Uşaq doğulur, amma ana yenə can qoyur, uşağı böyüdür. Əbəs yerə demirlər ki, cənnət anaların ayaqları altındadır.

 Ailədə atanında rolu böyükdür. Ana tək başına övladı böyüdə bilməz. O da övlad yolunda çox əziyyət çəkir. Ata evin dayağıdır, onu qoruyandır.

 Ailədə kişi ilə qadın arasında bütövlüyün olması mütləq vacibdir. Əgər münasibətdə tamlıq, bir – birinə hormət, qarşılıqlı sevgi, dayaq ,anlaşma eyni zamanda da dostluq varsa, o ailə artıq “bütöv ailə”  hesab olunur.

 Ailədə olan tərəflər bir – birilə eyni zamanda dost olmalıdır. Dostluq  insanların bir - birinə qarşılıqlı  münasibət və qarşılıqlı təsir sistemidir. Ailə dostluğu isə tərəflərin bir – birilə qarşılıqlı bağlılığı, sədaqəti, qarşılıqlı hiss və arzuları ilə seçilir. Eyni zamanda valideynlər çalışmalıdırlar ki, uşağın da ən səmimi və etibarlı dostu olsunlar. Belə olduqda uşaq məhz ailəyə dayaq olur, heç bir sözünü , yaxud səhv hərəkətini gizlətmir. Ailədə hər iki tərəf tam sədaqətlə, ağıl və şəriət çərçivəsində bir – birinin razılığını qazanmalıdır.

 Ailədə kişi ilə qadın öz istəklərini bir- birilə bölüşməli, bütün mərhələlərdə bir – birilərinə həmrəy olmalıdırlar.

 Ailənin bütövlüyü üçün əsas şərt ailə üzvlərinin bir –birinə qarşı hörmətidir. Hörmət varsa ailədə rifahda var, sevgidə var. Qarşılıqlı olan yerdə səmimiyyətdə olur.

 Müasir dövrdə bir çox problemlər var. Qlobal, istisadi, siyasi, ekoloji , maddi , eyni zamanda psixoloji problemlər, iş həyatında isə stress, aqressiya, konfliktlər və s. Bu problemlərdə insana psixoloji təsir göstərir, insanın saglamlığının aşağı səviyyədə olamasına, eyni zamanda birbaşa ailəyə təsir göstərir.

 Müasir dövrdə geniş yayılmış problemlərdən biridə ailə daxilində olan konfliktlərdir.

 Konflikt latın sözü olub , mənası “mübahisə” deməkdir. Yəni insanların fikirlərinin, maraqlarının, dünyagörüşünün bir – birindən fərqli olmasıdır. Ailə daxili mübahisələrin səbəbləri ən çox işsizlik, işdə olan stress , aqressiya, maddiyatın zəif olması, qadın ilə kişi arasında mövcud olan problemlərdir. Bundan başqa ailənin natamam olması , yəni övladın olmaması da problemə gətirib çıxarır.

 Müasir dövrdə ailədə rast gəlinən problemlərdən biri də qısqanclıqdır. Qısqanclıq     hər hansısa bir hərəkət , yaxud situasiyada qarşı tərəfə təsir edən reaksiyadır.  Qısqanclıq geyimlə, işlə bağlı müəyyən xüsusiyyətlərin xoşa gəlməməsi ilə olur. Qısqanclıq ən çox ailəyə təsir göstərir. Qısqanclıq hər iki tərəf üzvlərində ola bilər. Əgər kişidə bu xüsusiyyət çoxdursa, qadın bu cür yanaşmanın qarşısını almalıdır. Qadın birinci növbədə bu situasiyada özünü ələ almağa bacarmalı, qarşılıqlı anlaşmaya yol verməlidir. Ailədə qarşılıqlı anlaşma, tərəflərin  bir – birinin fikirlərinə qulaq asması problemi həll edə bilər. Bayaq qeyd etdiyim kimi əks təqdirdə bir çox problemlər, eyni zamanda ailə böhranları, zorakılıq da baş verə bilər.

 Ailədə baş verən digər problemlərdən biridə ailə zorakılıqlarıdır. Zorakılıq müasir dövrdə geniş yayılan psixoloji problemdir. İstər ailədə, istərsə də təlim-tərbiyə müəssisələrində, eyni zamanda cəmiyyətdə fiziki, emosional, psixoloji və aktual xarakterli zorakılıqlara çox təsadüf olunur.

 Ailədə baş verən zorakılığın səbəbləri ailənin natamam olması, qadın ilə kişi arasında olan problemlər, valideynlərin psixoloji cəhətdən sağlam olmaması və s. göstərmək olar. Kişinin qadına qarşı göstərdiyi fiziki zorakılıq həm qadına, həm də ən çox uşağa təsir edərək, birbaşa psixikada iz salır , nəticədə psixoloji problemlərə yol açır.  Buna baxmayaraq sonralar ailədə hər şey düzəlir, münaqişələr də qaydasına düşür. Amma uşaqda ciddi problemlər yaranır.

Çünkü problemlərin belə desək, çox hissəsi uşaqlara psixoloji cəhətdən təsir göstərir. Fobiyalar, nevrozlar, aqressiya və s.  Niyə? , səbəbi nədir?- sualını həkimə verən ailə səbəbini başa düşə bilmir. Səbəbi isə aydındır. Burada söhbət təkcə zorakılıqdan getmir. Ümumiyyətlə ailədə olan problemlər də aiddir. İnsan psixikası elə bir məkandır ki , bizi idarə edir. İnsana kənardan təsir edən hər şey psixikada cəmlənir. Bunun nəticəsində problemlər yaranır. Adi faktiki olaraq bayaqkı misalda göstərdiyim qorxu. Qorxu bilavasitə beyinə təsir edərək, qorxu nevrozuna, panikalara, hallunasiyalara, autizm ,daun sindromuna, uşağın ünsiyyətdə olan problemlərə səbəb ola bilər. Təbii ki, belə hallarda  uşaqı bu durumdan uzaqlaşdırmaq məsləhətdir.

 Təssuf ki, belə ailələrə son dövrdə daha çox rast gəlinir. Ailədə belə situasiyaların qarşısının alınması üçün valideynlər hər situasiyada özlərini ələ almağı bacarmalıdılar. Özünü ələ almaq , daxili iradə , yaxud situasiyada hər şeyin yaxşı olacağına ümid etmək çox vacibdir. Sadaladığım bu xüsusiyyətlər təkcə problemlərin həlli zamanı deyil, həm də  hər hansısa bir işi , fəaliyyəti həyata keçirilməsində də  çox səmərəlidir.

Belə problemlərin qarşısının alınmasında psixoloji xidmət fəaliyyət göstərərək, insanlara lazımı metodlar yolu ilə psixokorreksiya, psixoloji konsultasiya, psixodiaqnostika , psixoloji maarifləndirmə və s işləri aparılır. Sadaladığım bu sahələr valideynlərlə, ailələrlə, uşaqlarla aparılaraq, səmərəli nəticələr əldə olunur. 

 Bundan başqa ailənin tipləri də vardır. Müasir ailə, Ənənəvi ailə , nuklear ailə, cavan ailə, natamam ailə, , nigahdan kənar ailə, təkrar nigahdan yaranan ailə və s.

 Müasir ailə tipi ailənin tam müasir standartlara uyğun olan aiələyə deyilir. Təbii müasir dövrdə müasir ailəyə də çox rast gəlmək olar. Bu cür ailələrdə ailə çox sərbəstliyə meyl edir. Bunun çərçivəsində uşaqda ailədə göstərilən sərbəstliyə uyğun formalaşır. Belə ailə tipini fikrimcə səmərəli hesab etmək olar. Çünkü nə kişi, nədə qadın öz iş, yaxud fəaliyyətlərində bir- birilərinə müdaxilə etmir, əksinə daha sərbəst olaraq ailəyə həm maddi chətdən dəstək olur, eyni zamanda ailədə olan vacib işləri yerinə yetirir. Belə ailələrdə münaqişədə olmaz , ailənin istirahəti , vəzifələri də qaydasında ola bilər. Eyni zamanda uşaq arzuladığı  hansısa işini valideynlərin müdaxiləsi olmadan həyata keçirir. Belə ailədə tamlıq, ahəngdarlıq da olur.

 Ənənəvi ailədə isə adından göründüyü kimi bizim adət -ənənlərimizə uyğun yönümlü tipdir. Ailə təkcə müasir olmağı ilə yanaşı ,eyni zamanda ənənəsi ilə də seçilməlidir. Amma mənim fikrimcə, indi müasir dövr olduğu üçün ailədə ənənə həddindən çox olmamalıdır.

  Müasir dövrdə ən geniş yayılmış ailə tiplərindən biridə nuklear ailədir. Nuklear ailə tipində ailənin tərkibi 3-4 nəfərdən ibarət olur.Belə ailələrdə uşaqların tərbiyəsi və təlimi ilə məktəqəqədər müəssisələr məşğul olur.

 Cavan ailə adından göründüyü kimi, yeni ilk nigah olub, yaşı 30-u keçməyən ailədir.

  Natamam ailə tam olmayan bir valideynli ailə olub, son illərdə sayı artmaqdadır. Belə ailə boşanma nəticəsində yaranır, bir çox səbəblərdən , yəni valideynlərdən birinin ölümü və ya nigahdan kənar doğulan uşaq olduqda əmələ gəlir.

 Ailədə valideynlərin birinin itirilməsi uşaqlara psixoloji cəhətdən təsir göstərə bilər. Belə hallarda uşağın psixolji yardıma, dəstəyə  ehtiyacı olur. Uşağın yaxınları onun yanında olaraq, dəstəyi ilə situasiyanı yaxşılaşdıra bilər.

 Təkrar nigahdan yaranan ailə dedikdə isə, bu hər iki valideynin olduğu ailədir, lakin burada ümumi uşaqlarla yanaşı, əvvəlki nigahdan olan uşaqlarda vardır.

 Bundan başqa bayaq ailənin bütövlüyünü saxlayan digər ailə tipi: ideal ailədir. Hər kəs ailəsinin ideal olmasını arzulayır. Təbii ki, ideal sözü mükəmməl anlayışını versə də, amma heç bir insan ideal deyil. Hər insanın qüsurları olduğu kimi ailədə də problemlər olur. Sual oluna bilər ki, bəs ideal ailə anlayışı necə mövcud olur ?

 Fikrimcə, belə ailələrin sayı az olsa da, amma mövcuddur. Biz elə ailəni ideal ailə hesab edə bilərik ki, ailədə hər bir şey bərabərdir, bütövdür, münaqişəsizdir. Eyni zamanda tərəflərin bir- birinə qarşılıqlı hörməti, sevgisi, qayğısı var. Təbii ki, belə ailə xoşbəxt və idealdır.

 Beləliklə, sonda qeyd etmək istəyirəm ki , hər bir insan ailəyə dəyər , qiymət verməlidir. İnsan üçün həyatın mənası elə ailəsidir. Ailənin xoşbəxt  olması insanın öz əlindədir. Xoşbət ailə üçün də birinci növbədə,  saglamlıq , övladın olması, ailədə dostların, yaxınların olması əsasdır. Ailə xoşbəxtdirsə deməli, insanda xoşbəxtdir.

 

Nərmin Bədirova

Azərbaycan Müəllimlər İnstitutu, “ Filologiya və təhsildə sosial-psixoloji xidmət fakültəsinin məzunu

Go Back

Sorğu göndər