İnsan dünyaya gəldiyi gündən etibarən ətraf mühitə uyğunlaşmağa başlayır. Bu uyğunlaşmada insanın daxili resursları ilə birlikdə, fiziki mühit ilə əlaqəsi böyük əhəmiyyət kəsb edir. İnsanın təbiəti, heyvanları sevməsi və onlarla bərabər varlığını dərk etməsi onun inkişafında böyük rol oynayır. Elmi texniki tərəqqinin inkişafına bağlı olaraq insanlar tədricən təbiətdən uzaqlaşmaqla bərabər özlərindən də uzaqlaşmağa başlayırlar. İnsanın canlılarla təması azaldıqca o, bu möhtəşəm bir sistemdə varlığını da təhlükəyə atır. Bir anlıq yer kürəsində heyvan, bitki olmadan ancaq insanın yaşadığını xəyal etsək, həyatımızın sanki mənasını da itirərik. Bəşər övladının psixi və fiziki sağlamlığı təbiəti və canlıları sevməklə mümkündür. Təbiət gözəlliyindən zövq almaq, canlı varlığa məhəbbət insanın həyatına daha da məna qatır.
Təbiətdə hər bir ünsür bir-biri ilə qarşılıqlı əlaqədardır. Müxtəlif xalqların tarixi keçmişlərinə nəzər saldıqda asanlıqla görmək olur ki, heyvanların insan həyatında rolu həmışə böyük olub. Bu mənada insan həyatında atın rolunu qeyd etmək lazımdır. İnsan at ilə birlikdə bir tarixi keçmişi paylaşaraq müxtəlif müharibələrdə onların qüvvəsindən istifadə edib. Azərbaycan ədəbiyyatında da bunu aydın görmək mümkündür. Xüsusən Koroğlu dastanı bunun bariz nümunəsidir. Koroğlunun Qıratının onun həyatının bir parçası halına gəldiyini və onunla necə fəxr etdiyini bu dastanda aydın görmək mümkündür.
Milatdan əvvəl 460-377 illər arasında Hipokrat“Təbii idman” adlı yazısında ata minmədən bəhs etmişdir. 1569-cu ildə, İtalyan Merkurialis “Jimnastika sənəti” adlı əsərində ata minmənin ən faydalı idman olduğunu qeyd etmişdir . İngiltərə əsrin əvvəllərində ikinci dünya müharibəsində yaralananların müalicəsində, zəka qüsuru olanlarda atlardan istifadə etmənin faydalarını kəşf etdilər. Hətta 1952-ci ildə İngilis Liz Hartel uşaq iflici olmasına baxmayaraq, Helsinki at olimpiyadasında gümüş medal alır.
Bu hadisə mütəxəssislərin diqqətini çəkir və Avropada atla terapiya mərkəzləri qurulmağa başlayır. Atla terapiya 1960-cı illərdən etibarən Avropa, Kanada və Amerikada yayılmağa başlayır. Eyni zamanda Almaniya, Avstriya və İsveçrədə atlardan tibbi məqsədlə istifadə etməyə başladılar.1969-cu ildə İngiltərədə fiziki qüsurlular üçün kraliyyət ailəsinin dəstəyi ilə at minmə dərnəyi yaradıldı. Eyni ildə Şimali Amerikada qüsurlular üçün at minmə birliyi quruldu və bu atla terapiya qruplarının mərkəzi oldu. 1987-ci ildə Amerikalı və Kanadalı terapistlərdən ibarət 18 nəfərdən ibarət bir qrup Almaniyaya getmişdir.1992-ci ildə Amerika Hipoterapi Birliyi quruldu. (AHA) 1994-cü ildə atla terapiyaya standartlar gətirildi və Amerika Hipoterapi Sertifikasiya Birliyi və ilk Hipoterapi Klinik mütəxəssisi imtahanı tətbiq edildi. Artıq Amerikada həkimlər, psixiyatristlər, psixoloqlar pasiyentlərinə atla terapiyanı məsləhət görməkdədirlər. “Michigan” universiteti, “St.Andrew” kolleci öz dərs proqramlarına at terapiyasını əlavə ediblər.
HİPOTERAPİYA at üzərində müxtəlif hərəkətlər vasitəsi ilə bədən əzələlərinin hərəkət etməsinə kömək edən bir müalicə üsuludur. Görəsən, Avropa və Amerikada bu qədər maraq oyadan və Azərbaycan qəhrəmanlıq dastanlarında da xüsusi yeri olan atın faydaları nələrdir?
●Atın belində olan şəxs onunla birlikdə hərəkət edərək yıxılmamağa və tarazlığını qorumağa çalışır. Beləcə həm sağlam, həm də zərər görmüş əzələlər hərəkətə keçir və əsas odur ki, müalicə xüsusən uşaqlar üçün bir oyun kimi qəbul edilir.
●Hipoterapiya insanda özünə inam hissi formalaşdırır, atın belində olan şəxs atı idarə etməkdən zövq alır, daha cəld və çevik olur.
●Atın istiliyi 1.5-2 dərəcə daha yüksəkdir. Bu da masaj aləti kimi ayaq əzələlərinə təsir edir, qan təzyiqi yüksəlir.
●Hipoterapi mədə-bağırsaq, qəlb-damar xəstəliklərinin müalicəsində, iflic, autizm, diqqət əksikliyi, monqolizm, artıq çəki kimi xəstəliklərin profilaktasında rol oynayır.
●Təbiətdə sadəcə iki canlı növünün atlar və delfinlərin müsbət enerji yaydığı qeyd edilməkdədir. At bir idman aləti olmayıb, əsla insanı yormur.
● İnsanda müsbət hisslər oyadır, müvazinət hissini inkişaf etdirir, qamətin formalaşmasına, paylaşma, dostluq hissinin formalaşmasına təsir edir.
●Bu cür müalicənin yan təsiri yoxdur. Sadəcə olaraq, hipoterapiya başlamazdan əvvəl cild problemləri, allergiyanın olub-olmaması müəyyənləşdirilməlidir.
Ayrıca qeyd etmək lazımdır ki, hipoterapiya ata minmə və onu çapmağı öyrənmək kimi qiymətləndirilməməlidir.
Hipoterapiya klinik mütəxəssisi olmaq üçün əvvəlcədən bu sahədə müəyyən bilik və təcrübəsi olmaq əsasdır. Xüsusən bu təhsili almaq istəyən mütəxəssis 3 il (600 saat) teorik dərs və 100 saatlıq hipoterapiya praktikası ilə məşğul olmalıdır. Bu daha sonra Klinik Mütəxəssis Sertifikatı almaq üçün imtahanda iştirak etməyə icazə verir. Bu imtahanı keçənlərə HPCS ( Hippotherapy Clinical Speciality Certification) verilir. Bu sertifikat 5 il müddətində keçərli olub, bu müddət bitdikdən sonra terapist təkrar imtahan verməlidir. İmtahan vermək istəməyən yazılı olaraq 120 saatlıq təcrübəsini təqdim etməlidir. Təhsilin bu mərhələsində 50%-ni (60 saatlıq) əsas fənlər psixologiya, çapma bacarıqları, təlim təşkil edir. Alternativ olaraq, bu sahədəki iş təcrübəsi də diqqətə alınır.
Psixologiya və Konsultasiya Mərkəzi (PCC)-nin psixoloqu,
Xəzər Universitetinin psixologiya müəlliməsi Mələk Kərimova