Düşüncə Jurnalı

header photo

Gecikdiyimə görə nələri itirmişəm?

Nə edək ki, gecikməyək?

İnsanlar daim harasa tələsir. Bəziləri tələsdiyi ünvana vaxtında çatır, bəzilərisə gecikir. Mütəxəssislər bildirir ki, ilk baxışdan təyin olunan yerə vaxtında çatmaq çətin görünməsə də, bəziləri üçün bu problemdir. 

Elə adamlar var ki, onlar üçün gecikmək artıq vərdiş halını alıb. Onlar nə qədər çalışsalar da, hər yerə gecikirlər. Lakin bu yaxşı xüsusiyyət deyil. Belə ki, kimisə gözləmək hörmətsizlik əlaməti sayılır. Xüsusi ilə də bu hal daimə təkrarlanırsa, gözləyən şəxsdə şüuraltı olaraq gözlədənə qarşı xoşagəlməz hisslər yaradır. Həmin adamla görüş onda üzücü, əziyyət verici hisslər yaradır və tədricən o, bu görüşdən yayınmağa başlayır. Artıq görüşə həvəslə və sevinə - sevinə getmir. Bəzən bu sevən cütlüklərin ayrılmasına da səbəb olur. Bu səbəb isə hər iki tərəf üçün gizli də qala bilər. 

Yaxşı olar ki, təyin olunan yerə gecikməmək üçünvaxtı düzgün planlaşdırasız. Bunun üçün vaxtınızı hissələrə bölün. Misal üçün, əgər siz işə getməyə hazırlaşırsızsa, oyanmaq, idman etmək, yuyunmaq, geyinmək, səhər yeməyini yemək, evdən çıxmaq və başqa yerinə yetirməli olduğunuz məsələlər üçün nə qədər vaxtın tələb olunduğunu öyrənin. Buna uyğun olaraq vaxtınızı planlaşdırın. Lazım gəlsə, bunun üçün zəngli saatı da qura bilərsiz.

Gecikməmək üçün yola sərf olunan vaxtı hesablayın. Həmin vaxta 10-15 dəqiqə də əlavə edin. Bununsayəsində siz gecikməyəcəksiniz, həm də yolda müxtəlif hadisələr baş verə bilər. Əlavə 15 dəqiqə sizi həmişə xilas edəcək. Misal üçün, yolda qonşunuzu və ya çoxdan görmədiyiniz uşaqlıq dostunuzu görə bilərsiniz. Ona dərhal deməyəcəksiniz ki, mən tələsirəm, sonra danışarıq. Həmin 15 dəqiqəni ona, və ya başqa bir gözlənilməz hadisəyə sərf edə bilərsiniz.

Nəzərə alın ki, bəzi yerlərə getmək istəmədiyimiz üçün gecikirik. Misal üçün, çox adam həkimə getmək istəmir. Bunun üçün ya gecikir, ya da ora getməyi başqa günə planlaşdırır. Bu cür etməmək üçün sizi maraqlandıran və ya əyləndirən bir məşğuliyyət fikriləşə bilərsiz. Oxumağı sevənlər özü ilə maraqlı kitab götürüb vaxtından yarım saat tez qəbula gəlib gözləyərkən kitab oxuya bilərlər. Əlavə yarım saatı yaxınlıqdakı kafedə və ya parkda da keçirtmək olar.

Bir məsləhətim də odur ki, dostlarınızdan gecikdiyiniz təqdirdə sizinlə amansız olmalarını xahiş edin: “Onlara deyin ki, sizi gözləməsinlər. Bu cəza sizi gecikməkdən xilas edə bilər. Bəzən hətta sizi səbirlə gözləyən bir nəfər sizdə gecikməyin vərdiş halına çevrilməsinə səbəb ola bilər”.

Gecikməyi tərgitmək üçün nəzərə alın ki, gecikməyin nadir hallarda bizə xeyri dəyir: “Hər adamın yəqin ki, gecikdiyi məqamları olub. Əgər siz çox tezt-tez gecikirsinizsə, bunun sizin üçün necə nəticələndiyini xatırlayın. Nə qədər də çətin olsa, “gecikdiyimə görə nələri itirmişəm?” sualına ətraflı düşünərək cavab verməyə çalışın”.

Baş redaktor və təsisçi, psixoloq Vüsalə Ələkbərova

Go Back

Comments for this post have been disabled.