Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Müsahibə"

SEVGİ, QAYĞI OLMAZSA, OLMAZ...

Son illər cəmiyyətimizdə müzakirə olunan mövzulardan biri də ailədə baş verən xəyanətlərdir. Qeyri-rəsmi məlumatlara görə, ölkədə baş verən boşanma hallarının əksəriyyəti məhz xəyanətə görə olur.

Mental dəyərlərimizi nəzərə alsaq, ölkəmizdə qadınların daha çox xəyanətə uğradıqlarını deyə bilərik. Xəyanətə göz yuman, bütün olanların üstündən xətt çəkib həyatına heç nə olmamış kimi davam edənlər olsa da, bunu bağışlamayanlar çoxdur.
 
Psixoloq-konsultant Zeynəb Əyyubovanın sözlərinə görə, xəyanət əsrin ən böyük bəlalarından biridir. O həmçinin bildirib ki, xəyanət bəzən ailəni möhkəmləndirir: "Xəyanət bəzən illərlə monotonlaşmış bir ailəyə vurulmuş şillə kimi olur. İllərin yorğunu olan ailələrə xəyanətdən sonra bəzən həyəcan, ehtiras, sevgi, diqqət qayıdır. İtirmə qorxusu yarandığından biri-birlərinə daha çox sahib çıxırlar. Bəzən əvəzolunmaz olduğunu hiss edən insan gözləmədiyi anda xəyanətlə üzləşir. Və bu silkələnmə nəticəsində qadın sanki yenidən özünə qayıdır. Qadın özünə baxır, diqqət göstərir, diyetə başlayır. İllərlə yaşamadığı və ya yaşatmadığı ehtiras hissini ailəyə qaytarır.
 
"Psixoloji terminlə desək, bəzən xəyanət bir çox problemləri korreksiya edir. Və sonda iki tərəf özlərinə uyğun səhvlərə görə peşman olurlar”.
 
Mövzu ilə bağlı fikirlərini "Şərq”lə bölüşən ekspertlər psixoloqun dedikləri ilə razı deyillər.
Psixoloq Narınc Rüstəmova bildirib ki, ümumi statistikaya əsasən evlilik dönəmində cütlüklər ən azı 1 dəfə xəyanətlə üzləşirlər:
 
 "Əlbəttə, xəyanətə görə ailələrin dağılmasının, boşanma hallarının tərəfdarı deyilik. Yaxşı olardı ki, xəyanətlə qarşılaşan şəxs əvvəlcə baş verənləri aydınlaşdırsın. Cütlüklər bilməlidirlər ki, xəyanət heç vaxt birtərəfli olmur. Xəyanətə gətirən səbəblər var ki, bunlar kiçik söz-söhbətlərdir. Xırda konfliktlər yığılır, tərəflər arasında soyuqluq yaranır və tərəflərdən biri başqası ilə danışmağa, görüşməyə ehtiyac duyur. Belə situasiyalarda cütlüklərdən birinin "bütün olanları bağışlayıram və hər şeyi arxada qoyuram” deməsi heç də asan deyil. Xəyanət xüsusən də qadınlar üçün çox ağırdır və münasibəti möhkəmləndirmək yerinə daha çox zədələyir”.
 
Tərəflərin xəyanətlə üzləşməmələri üçün ailə institutunun yaradılmasının əsas olduğunu deyən psixoloq vurğulayıb ki, evlilikdə tərəflərin biri-birini tanıması, çox bezdirməməsi, biri-birinə sevgi, qayğı göstərməsi olduqca vacibdir: 
 
"Xəyanət heç bir zaman münasibəti gücləndirmir. Ola bilər ki, qısqanclıq zəminində məhəbbət daha çox alovlanır. Ya da cütlüklər bir-biri ilə mübahisə edəndən sonra böyük məhəbbət bəsləyirlər. Davamlı xəyanət edən cütlüklərdə bu hallara çox rast gəlirik. Xəyanət sonrası kişi qadına daha çox məhəbbət göstərir və onu itirmə qorxusu yaşayır. Bəzən bu hal qadının xoşuna gəlir. Amma təbii ki, bu, anormal bir münasibətdir. Belə olduqda uşaqlar da psixoloji zədə alır, evdə konfliktlər yaranır, ailə təməlinin düzgün qurulmasına imkan olmur. Uşaq eyni davranışı gələcəkdə quracağı ailəsində tətbiq edir. Ona görə də xəyanətlə üzləşəndə tərəflər bu halı mütləq öz aralarında həll etməyə çalışmalıdırlar. Özlərinə sual verməlidirlər ki, "niyə xəyanət baş verdi?”, "nələrdən sonra aramızda soyuqluq yarandı?”, "nəyimdən narazıdır?”. Hətta belə bir düşüncə var ki, "qadınlar kişilərin həyatında sonuncu, kişilər isə qadınların həyatında ilk olmaq istəyirlər”. 
 
Qadın həmişə xəyanətə uğrayanda "mənim nəyim əskikdir ki, belə hadisə başıma gəldi?” deyə düşünür. Kişilər isə xəyanətlə üzləşəndə düşünür ki, "mən necə axmaq olmuşam ki, aldadılmışam”. Belə situasiyalarda kişilər özlərində qüsur axtarmırlar, daha çox aldadıldıqlarına görə məyus olurlar. Amma qadınlar hər zaman özlərində qüsur axtarırlar. Daha çox makiyaj etməyə, özlərinə fikir verməyə başlayırlar və bu hadisəni sanki bir yarış olaraq düşünürlər. Çalışırlar ki, yemək yeməsinlər və formada qalsınlar. Bəzən görürük ki, kişi hansı qadınla həyat yoldaşına xəyanət edirsə, o qadın heç də gözəl olmur. Kişiləri ovsunlayan əsas cəhət qadının şirin dilidir. Xəyanətlə bağlı bizə müraciətlər çox olur. Araşdıran zaman görürük ki, xırda söz-söhbətlər xəyanətə səbəbdir. Məsələn, kişi gedir marketə və yaxşı pomidor almır. Həmin an qadın deyinməyə başlayır ki, "Sən yaxşı pomidor seçməmisən. Mən daha yaxşı pomidor alardım”. Bu zaman kişi rəğbət görmür. Halbuki kişilər hər zaman güclü olduqlarını hiss etmək istəyirlər. Belə olduqda başqa qadının şirin dilinə aldanırlar. Təbii ki, həmin qadın kişinin həyat yoldaşı olmadığı üçün kişinin özgüvənini qaldırır, ona şirin sözlər deyir, gülərüz olur. Qadınlar çalışmalıdırlar ki, dillərini şirin etsinlər, həyat yoldaşlarına özgüvən versinlər, onların qayğısına qalsınlar. Əgər qadın bunları edə bilirsə, inanın ki, gözəllik boşdur. Hətta çox kilosu olan bir xanım kimi deyirəm ki, əgər münasibətlər sağlamdırsa, qadının dili şirindirsə, kişinin qayğısına qalırsa, xəyanətlə üzləşməyəcək. Üzləşəndə isə bunun öhdəsindən çox yaxşı gələcək”.
N.Rüstəmova bildirib ki, adətən evliliyin 1-ci və 7-ci ilində xəyanət baş verə bilər: "İlk illərdə cütlüklər biri-birini yaxşı tanımadıqları üçün xəyanət edirlər. 7-ci ildə isə sanki bezmə dönəmidir. Yəni artıq cütlüklər yorulduqlarını düşünürlər. Kişilərin 40, qadınların isə 30 yaş sindromu var ki, bu dönəmlərdə cütlüklər xəyanətə daha çox meyilli olurlar”.
"Xəyanət etməyən kişi yoxdur” düşüncəsinin tamamilə yanlış olduğunu deyən psixoloq bildirib ki, sadəcə xəyanətə meyilli olan və olmayan insanlar var: "Kişi bir qadına dərin hisslərlə bağlanırsa, onunla da münasibətini sona kimi davam etdirir. Risk faktoru yüksək və aşağı olan kişilər var. Amma bu, o demək deyil ki, bütün kişilər xəyanət edirlər. "Kişilərin hamısı xəyanət edir” deyə düşünən insanlar bu duyğunu bilirlər deyə, elə düşünürlər ki, hər kəs bu hissi yaşayır. Məsələn, bu gün əhvalı pisdirsə, həmin insan çölə baxanda hər yerdə bədbinlik görəcək. Belə şəxslər geyindiyi paltonun düyməsini bağlayanda belə əsəbləşəcək ki, "niyə yaxşı bağlanmır?”. Xəyanət etmək insanın xarakterindən, şəxsiyyətindən asılıdır”.
 
Sosioloq Lalə Mehralı da xəyanətin ailəni möhkəmləndirməsi fikri ilə razılaşmadığını dedi: "Psixoloq bunu nəyə və hansı statistik məlumatlara əsasən deyir bilmirəm, amma onun fikirləri mənə olduqca təəccüblü gəldi. O nə deməkdir ki, xəyanətə uğrayan ailə möhkəm olur. Məntiqlə bu fikir arasında heç bir bağlantı qura bilmirəm.
 
Qadınlar adətən deyirlər ki, "xəyanəti dadmayan qadın yoxdur”. Bəzən insan belə fikirləri eşidəndə çox təəccüblənir ki, bir qadın dünyadakı bütün kişiləri tanıyırmı və bütün ailələr haqqında necə qərar verə bilir? Ola bilsin ki, belə qadınlarda xəyanətə uğradıqları üçün bir aqressiya var, özlərinə xəyanət olunub deyə hamını o cür görmək istəyirlər. Lakin qadınların həmcinslərinə bəslədikləri bu aqressiya heç də düzgün deyil”.
 
Sosioloq bildirib ki, əgər bir ailənin bünövrəsində zəiflik varsa, xəyanət olsa da, olmasa da, bütün hallarda o ailədə möhkəmlik müşahidə olunmayacaq:
 
 "Xəyanət olunan ailənin möhkəmliyindən söhbət gedə bilməz. Düşünürəm ki, bəlkə psixoloq bunu xəyanət edən kişilərin öz ailəsinə qayıtması baxımından deyir. Necə ki, kişi xəyanət edir, həyatında bir neçə qadın olur və sonda ən yaxşı seçimin həyat yoldaşı olduğu qənaətinə gəlir”.
 
 
Yeganə Bayramova
 

 

Go Back

“Ağlı, savadı olan valideyn heç vaxt övladları arasında ayrı-seçkilik salmaz”

Aydan Nəzərova: “Övladlarımızı doğru-düzgün şəkildə yetişdirməli, onların arasında heç bir fərq qoymamalıyıq”
Əhməd Qəşəmoğlu: “Fikrimcə, 55 faiz oğlan, 45 faiz qız doğulsa burda qorxulu bir şey yoxdur, normal haldır”

XXI əsrdə yaşamağımıza baxmayaraq bu gün də oğlan övladını qız övladından daha üstün tutanlar var. Bir çox valideynlər, baba-nənələr qız və oğlan övladları arasında ayrı-seçkilik edərək oğlan uşağına üstünlük verir və onu nəslin davamçısı hesab edirlər. Bu da gələcəkdə qız övladlarının diqqət və qayğıdan kənarda qalmasına, oğlan övladlarının isə daha ərköyün böyüməsinə səbəb olur. Maraqlıdır, insanlarda bu düşüncə tərzi haradan və nədən qaynaqlanır? Ümumiyyətlə, övladlar arasında fərq qoymaq onların psixologiyasına nə kimi təsir göstərir?
“Narınc” Uşaq Psixologiya Mərkəzinin 9-cu mkr. filialının icraçı direktoru, psixoloq Aydan Nəzərova deyir ki, valideynlər daha çox oğlan övladlarının olmasını istəyir: “İnsanlar arasında belə bir düşüncə tərzi var ki, oğlan övladı nəslin davamçısıdır. Yəni “Oğlan övladımız olsa nəslimiz davam edəcək, qız övladımız olsa var-dövlətimiz başqa oğlana qalacaq, nəslimiz davam etməyəcək, tükəcənək” kimi fikirlər var. Buna görə də bəzi ailələr daha çox oğlan uşaqlarına meyllənirlər. Amma mənim fikrimcə, ata-anaya qalan daha çox qız övladları olur. Çünki valideynlərinin başına bir iş gələn kimi qız övladı daha tez qaçıb özünü çatdırır ”.
Psixoloqun sözlərinə görə əslində övladlar arasında heç bir fərq qoyulmamalıdır, çünki hər övladın özünəməxsus özəlliyi, xüsusiyyətləri var: “Elə oğlan uşaqları var ki, onun əvəzində 5 qız uşağı olsa daha yaxşıdır. Yəni uğursuz, xeyirsiz oğlan övladındansa, xeyirli qız övladı məsləhətlidir. Ona görə də Allahın verdiyi payla kifayətlənmək lazımdır. Yəni Allaha üsyan etməyə haqqımız yoxdur. O, necə məsləhət bilirsə, elə də edəcək”.
A.Nəzərova deyir ki, bəzi ailələr qız uşağı dünyaya gələndə 0 qədər də sevinmirlər: “Düşünürlər ki, əşi qızdır da, çıxıb başqasının evinə gedəcək. Bəzi hallarda təhsil almalarına belə imkan vermirlər. “Ərə verəcəyik, gedəcək” düşüncə tərzində olduqları üçün onların bir peşə, sənət sahibi olmalarına maraq göstərmirlər. Nəticə etibarilə qız uşaqları ailədə travma almağa başlayırlar, qayğı-sevgi görmürlər. Amma mütləq şəkildə övlada təhsil imkanı yaradılmalı, onun peşəyə sahib olmasına valideyn yardım etməlidir. Lakin hazırda elə ailələr var ki, qız övladlarının olduğuna görə, heyfislənmir, öz paylarına şükür edirlər”.
Psixoloqun sözlərinə görə imkanı yüksək olan ailələr daha çox oğlan uşağı istəyirlər: “Çünki onlar nəslin davam etməsini istəyirlər. Yaxud elə qaynanalar var, deyir ki, oğlum tək uşaqdır, istəyirəm onun oğlu olsun, ona arxa olsun və s. bu kimi düşüncələr oğlan övladının daha çox olmasının üstünlük təşkil etməsinə gətirib çıxarır”. 

A.Nəzərovanın sözlərinə görə, çox zaman ailələr “Oğlum olsun, oğlum olsun” deyirlər: “Oğul övladları dünyaya gəldikdən sonra uşağı o qədər əzizləyir, ərkəsöyün böyüdürlər ki, 18 yaşına çatanda valideynlərinə əl qaldırmağa, bıçaq qaldırmağa başlayır. Çünki o vaxta qədər hər dediyini edirlər, nə istəyir verirlər, barmağını nəyə qoysa valideynləri onun üçün alırlar. Bundan sonra da uşaq hər şeyin “Hə” olacağına öyrəşir və birdən “Yox” sözünü eşitdikdə isə tərs reaksiya verir. Bu da xoşagəlməz nəticələrə gətirib çıxarır. Axı onlar qadağaya öyrəşməyiblər, “bəh-bəh”lə böyüdülüblər. Belə olmaz. Mütləq şəkildə övladlarımızı doğru-düzgün şəkildə yetişdirməli, onların arasında heç bir fərq qoymamalıyıq”.
Sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, qədimdən olan adət-ənənəyə görə, həmişə oğlan uşağına üstünlük verilib: “Belə ki evdə oğlan uşağı dünyaya gələn kimi gözaydınlığı verirdilər, təbrik edirdilər. Bu qədim nağıllarda da, adət-ənənələrdə də öz əksini tapırdı. Hətta buna aid atalar sözlərimiz də var, “Yeddi oğul istərəm, bircə dənə qız gəlin”, “Qız yükü, duz yükü” və. Bütün bunlar onu göstərir ki, qızlara münasibət ənənəvi olaraq soyuq olub. Bu da onunla bağlı olub ki, bir vaxtlar müharibələr olurdu, kişilər evə daha çox gəlir gətirirdi, qız uşaqlarının o vaxtkı hüquqları daha az idi, evdə qalanda yük olurdu. Bu ənənəvi olaraq davam edirdi. İndiki zamanda isə əlavə komponentlər daxil oldu, mən hazırda bununla bağlı araşdırmalar aparıram. Valideynlər söhbət əsnasında deyirlər ki, indiki mühit çox pisdir. Əxlaqi və mənəvi cəhətdən cəmiyyətdə çoxlu xoşagəlməz proseslər gedir. Buna görə də, qız uşaqlarının olmasını istəmirlər. Get-gedə də uşaqların ailədə sayı azalır. Əvvəllər ailədə ən azı 5-6 uşaq olurdu, bu zaman fikir vermirdilər. İndi ən çoxu 2-3 uşaq olur, ona görə də çalışırlar ki, oğlana üstünlük versinlər”.
Sosioloq deyir ki, Ultrasəs müayinəsinin meydana çıxması bu məsələdə çox böyük rol oynadı: “Belə ki, hamiləlik vaxtı yoxlanaraq qız və oğlan övladı olduğunu öyrənib, qız övladını bətndənkənar, yəni abort edirlər”.
Sosioloq deyir ki, bəzi deputatlar, jurnalistlər səs-küy salırlar ki, bu demoqrafik cəhətdən çox pis haldır, birazdan oğlanlarımız evlənməyə qız tapmayacaqlar: “Bu yanlış yanaşmadır. Burda daha çox qorxulu olan mənəvi tərəfdir. Çünki ata-ana öz övladını qətl etmək üçün qərar qəbul edir. Öz uşağını qətl etmək insanların qəlbində gərginlik yaradır və bu cəmiyyətə yansıyır. Lakin demoqrafik cəhətdən problem yaratmır. Çünki oğlan uşağının çox doğulması əslində yaxşı haldır. Çünki bizim ölkə kimi bir yerdə oğlan uşaqlarının bəziləri böyüdükdə ölkəni tərk edir, yaxud müharibədə, qəzada və s. vəziyyətlərdə dünyasını dəyişir. Və 20 yaşına çatdıqda oğlanlar ilə qızların sayı demək olar ki, bərabərləşir. Fikrimcə, 55 faiz oğlan, 45 faiz qız doğulsa burda qorxulu bir şey yoxdur, normal bir haldır. Dediyim kimi burda əsas problem mənəvi cəhətdəndir”.
Ekspertlərin fikrincə, uşaqlar arasında ayrı-seçkiliyə əsasən irsi xüsusiyyətlərə qiymət verən ailələrdə rast gəlinir. Belə ailələrin qərarlarına əsasən nənə, baba, dayı, əmi, bibi müdaxilə edir. Məsələn, nənə, baba deyir ki, oğlumun soyadı yerdə qalmasın deyə oğlan uşağının olması vacibdir. Belə ailələrdə dünyaya gələn oğlan uşağı ilə qız uşağı arasında fərq qoyulur. Qız həmişə ikinci planda olur. Bu, ailələrin psixoloji, sosial cəhətdən maarifləndirilməməsindən irəli gəlir. Dünyagörüşü, ağlı, savadı olan valideyn heç vaxt övladları arasında ayrı-seçkilik salmaz. Bu, ailədə qısqanclığa, paxıllığa, qardaş-bacı arasında düşmənçiliyə kimi gətirib çıxara bilər.
Könül Oruc

http://ucnoqta.az/

Go Back

“BƏLKƏ MƏN HOMOSEKSUALAM?”

E.N.M Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovun Ailem.az-a təqdim etdiyi məqaləsini yayımlayırıq.

Sən kimsən? İldırım, yoxsa od-atəş?!

Sən məndə ev-eşik, ömür-gün qoymadın!

Mövlanə

Son zamanlar müzakirə olunan mövzulardan biri də homoseksualizmdir. Məqalədə biz cinsi obsessiyalar haqqında danışacağıq. Öncə obsessiyadan başlayaq. Beyninizə istəmədən daxil olan, özünüzdən uzaqlaşdıra bilmədiyiniz, eqo-distonik (xarakterə uyğun olmayan) düşüncələrə obssesiya deyilir. Obsessiyalar fərqli formada olur və zamanında korreksiya olunmadığı halda obsessiv-kompulsiv pozuntuya çevrilir. Bu zaman insan narahatedici düşüncələri neytrallaşdırmaq üçün təkrarlanan hərəkətlərdən istifadə edir ki, bunlara kompulsiyalar deyilir. Ən çox rastlanan obsessiyalar isə cinsi yönümlüdür; “Görəsən, uşaqlara qarşı cinsi marağım var? Bəlkə pedofiləm?”, “Qonşunun pişiyindən xoşum gəldi? Görəsən, heyvanlara qarşı cinsi marağım var?”,”Bəlkə homoseksualam?”, ”Biseksual olmaqdan qorxuram” – bunlar sadəcə müəyyən nümunələrdi…

Cinsəlliklə bağlı insanın beyninə gələn hər düşüncəni obsessiya kimi dəyərləndirmək olmaz. Obsessiya sadəcə bizi maraqlandıran və ya dərhal unudulan düşüncə deyil. Düşüncəni obsessiya kimi dəyərləndirmək üçün onun beynimizə “ilişməsi” lazımdır, oranı işğal etməlidir, beynimizdən kənarlaşmamalıdır və intensiv şəkildə təkrarlanmalıdır. Həmçinin paralel şəkildə ciddi narahatlıqlar müşahidə olunmalıdır.

Narahatlıq yoxdursa, obsessiya da yoxdur!

Obsessiya zamanı paralel şəkildə narahatlıq, təşviş hallarının yaşanmasına xüsusən fikir vermək lazımdır. Çünki bir düşüncə tez-tez təkrarlanırsa, uzun müddət ağlımızda qalırsa, getdiyi halda təkrarən qayıdırsa və insan buna görə narahatlıq keçirmirsə, bu hal obsessiya adlandırılmır. Məsələn: oğlan mütəmadi olaraq bir qızı düşünür, ağlından çıxmır, çıxsa belə yenidən qayıdır, bu hal oğlanda narahatlıq deyil, əksinə müsbət duyğular yaradırsa, bu situasiya psixologiyada terminologiyaya görə obsessiya deyil. Bir də situasiyanı belə düşünək; oğlan küçədə gedəndə bir qız görür və ya alış-veriş əsnasında hansısa qadınla söhbət etdikdən sonra ağlına minlərlə fikir gəlir. Bu düşüncələrin bəzisi belə olur: “görəsən, mən o qıza baxdım?”, ”görəsən, mənim ondan xoşum gəldi?”,”görəsən, ona qarşı məndə cinsi həvəs oyandı?”… Həmin situasiyadan sonra oğlanın zehni yalnız bu düşüncələrlə “yüklənir” və ciddi narahatlıq yaşayır, təşviş hissi keçirir. Belə hal obsessiya olaraq qiymətləndirilir.

Ən böyük cinsi obsessiya: homoseksualizm

Cinsi obsessiyalardan daha çox müşahidə olunanı homoseksuallıqla bağlı obsessiyalardır. Məsələn: öz cinsinə qarşı marağı olduğundan şübhələnən oğlan uşaqlıqdan bəri ona çox yaxın olan oğlan dostuyla bağlı aşağıdakı düşüncələrin “hücumuna” məruz qala bilər: “görəsən, dostum çox xarizmatikdir? Bəlkə ondan xoşum gəlir?”,”Onunla tez-tez görüşürəm? Bu, onunla tez-tez birlikdə olmaq istəməyimlə bağlıdı?”, “Onu dost kimi sevirəm, ya məndə cinsi həvəsdi?”, “Bəlkə mən homoseksualam?”

Lezbiyanlıqla bağlı obsessiyası olan qadında isə aşağıdakı düşüncə qəlibləri ortaya çıxa bilər: “Qonşumuz X xala bizə qonaq gələndə, qapıda onunla görüşəndə yanağımda fərqli bir hiss yarandı?”, ”Rəfiqəm Y-i qucaqlayanda məndə yaranan hiss normal idi, yoxsa fərqli?”, ”Qarşımdakı qadına görəsən, çox uzun müddətdir baxıram? Ondan xoşum gəlir? Mən lezbiyanam?”

Obsessiya cəmiyyətdən uzaqlaşdıra bilər

Obsessiya hədsiz narahatlıq yaradan psixoloji durumdur. Yəni homoseksuallar həmcinsləriylə bağlı düşüncələrindən zövq aldığı halda, cinsi obsessiyası olan (homofob) insanlar bu düşüncələrdən dolayı əzab çəkirlər. Obsessiyası olan insanlar bu əzabdan xilas olmaq üçün müxtəlif üsullardan istifadə edirlər. Bu üsullar uzaqlaşma və düşüncədən qaçmadır. Seans zamanı psixoloq pasiyentə narahatlıq yaradan düşüncələri uzaqlaşdırmaq üçün müəyyən mühitdən və müəyyən davranışlardan uzaqlaşmağı bildirir. Məsələn: lezbiyan olduğunu düşünən xanım həmin düşüncələri fikirləşməsin deyə tez-tez görüşdüyü rəfiqələriylə münasibəti azaldır və ya tamamilə dayandırır. Mütəmadi getdiyi məclislərdən uzaqlaşır, artıq telefonla da az əlaqə saxlayır. Digər qadınlara da baxmamağa çalışır, baxsa belə, nəzərini dərhal başqa istiqamətə yönəldir. Bu zaman isə “görməyim, yadıma düşməsin” məntiqiylə hərəkət edir.

Homoseksual tədqiqatlar problemdən qaçma üsuludur

Qaçma, psixoloji terminologiyada bir insanın narahatlıq yaradan vəziyyətdən, mühitdən dərhal xilas olmaq üçün istifadə etdiyi üsuldur. Homoseksual obsessiyası olan insanlarda hər növ müdaxilə strategiyaları sonda obsessiv düşüncəyə qayıdır. Bu zaman isə qaçma üsulundan istifadə olunur. Homoseksual obsessiya ilə bağlı ən vacib davranışlardan biri homoseksuallıqla bağlı tədqiqatlar, araşdırmalar aparmaqdır. Bu insanlar internet və kitablardan bu barədə məlumatlar toplayırlar. Məqsəd – həmin məlumatlarda özünə uyğun olmayan informasiya tapmaq, bu şübhədən qurtulmaq və rahatlamaqdır. Bəzi insanlar laborator hormon analizlərinə belə müraciət edirlər. Bir digər üsul isə bu barədə mütəxəssis yardımı almaqdır. Məsələn: həkimə, psixoloqa müraciət edirlər. İstədikləri cavab isə “xeyr, sən qətiyyən homoseksual deyilsən”dir.

Problemin həllini zamana buraxmayın!

Bəs qeyd etdiyimiz qaçma və uzaqlaşma strategiyalarının faydası varmı? Təəssüf ki, xeyr! Obsessiv düşüncə olmasın deyə bəzi mühit və insanlardan uzaqlaşmaq və ya o düşüncələrin verdiyi narahatlıqdan xilas olmaq üçün istifadə olunan üsullar, əsasən, bir müddətlik rahatlıq verir. Məsələn: mütəxəssisin “xeyr, sən homoseksual deyilsən” sözü sadəcə qısa müddətli rahatlıq verir. Uzun zaman isə təəssüf ki, obsessiyanı artıran reaksiya verir. Bu, obsessiyanın maraqlı xüsusiyyətidir. Obsessiyanın tərkibindan asılı olmayaraq cinsi obsessiyalar çox çətin psixoloji problemlərdir. Ətrafda olan insanlar bu durumun pasiyentdə yaratdığı təzahürləri anlamır. Yaxşı olar ki, problemin xroniki hal almaması üçün zamanında mütəxəssisə müraciət olunsun. Bu, obsessiyanın artması və ya bir müddət neytrallaşmasının əksinə, tamamilə aradan qaldırılmasına yardım edər.

 

Go Back

"Şəhərdə yaşayan ailədə böyüyən uşaqla kənddəki uşaq bir deyil" - Müsahibə

"Qayğılar artıqca valideynlər uşaqlarını daha da sərbəstliyə meylləndirirdi".
Bu fikirləri psixoloq Narınc Rüstəmova BiG.AZ-ın-un suallarını cavablandırarkən deyib.
- Valideynlər uşaqlarını tərbiyə edərkən nələrə daha çox diqqət yetirməlidirlər?
- Valideynlər çalışmalıdırlar ki, özlərində olan məsuliyyəti övladlarına da aşılaya bilsinlər. Özünənəzarəti uşaqlarda formalaşdırsınlar. Uşaqlarda özünənəzarət 3-6 yaşda formalaşır. Yəni uşaqlar özləri yuyuna bilməli, yeməli, geyinməli, bir az böyüdükdə isə artıq geyimlərini özləri seçməlidirlər.
Valideynlər bəzən övladlarını çölə buraxmırlar ki, söyüş öyrənə bilər, tərbiyəsi pozular. Bu şəkildə uşaqlarını qoruduqlarını düşünürlər. Amma uşaqlar həyətə düşməlidir. Pisi də, yaxşını da görməlidir ki, doğrunu seçə bilsin. Uşaq yıxılanda ana tez qaçıb qucaqlayıb qaldırır. Xeyr, uşaq yıxılanda özləri durmalıdır. Uşaqlara kiçik vaxtı sərbəstlik verməliyik ki, yeni-yeni kəşflər etsinlər. Aktiv uşaq hər zaman öz yolunu tapacaq. Əlbəttə, valideynlər sərbəstliklə tərbiyəsizliyi səhv salmasınlar. Sərbəstliyin öz çərçivəsi var. Uşağı demokratik qayda-qanunlarla böyütməliyik. Belə olduqda uşaqda özünə güvən formalaşır.
Özgüvəni olan uşaq narkomanların içərisinə düşsə belə, düzgün çıxış yolu tapacaqdır. Bu gün yeniyetmələr siqaret çəkir, yanlış qruplara düşürlər. Uşaq artıq dominant kimi ana, atasını deyil, bir başqasını axtarır. Uşağı biz kölə kimi böyütsək, zaman keçdikcə o başqa "ağa" axtaracaq. Uşaqlarımızı kölə kimi deyil, özünə inamı olan şəxsiyyət kimi böyütməliyik. 
Onların etdiklərini qiymətləndirmək, dəyər vermək, işlətdiyimiz hər sözə fikir vermək lazımdır. Ata-ana olmaq çox çətindir. Evlilik öncəsi psixoloji hazırlıq çox vacibdir. Gəlinlik geyinib, şadlıq sarayında dəbdəbəli toy etmək valideynlik hazırlığı deyil. Qadın uşaq yetişdirməyi bacarmalı, tərbiyəsi haqqında məlumatlı olmalıdır. Kurslara gedə bilər, uşaq psixologiyasına aid kitablar oxuya bilər, psixoloqlarla məsləhətləşə bilər. Çox pul xərcləmədən də gözəl ana olmaq olar. Sadəcə bunu istəmək lazımdır.
Biz uşağı 12 yaşına kimi tərbiyə edirik. 12 yaşından sonra verdiyimiz tərbiyənin bəhrəsini görürük. Valideynlər yeniyetməlik yaşlarına qədər övladlarının hər anlarına, etdiklərinə diqqət etməlidirlər. Ən xırda detallara qədər diqqət edilsə, çox gözəl gənclik böyüdülə bilər. Uşağın norması yoxdur. Ailənin norması var. Yəni bir ailədə nəyisə etmək normaldırsa, digər ailədə bu, qəbuledilməz ola bilər. Ata-ana çox önəmlidir. Şəhərdə yaşayan ailədə böyüyən uşaqla kənddə yaşayan ailədə böyüyən uşaq bir olmayacaq. Çünki psixoloji faktorlar var. Yaxşı olar ki, valideynlər hər xırdalığa fikir versinlər. Çünki xırdalıqlar bizi idarə edir.
- Bu gün uşaqlarda daha çox rast gəlinən psixoloji problemlər hansılardır?
- Bu gün uşaqlarda rast gəlinən psixoloji problemlər dəyişkəndir. Əgər biz uşağı tərbiyə ediriksə, cəmiyyətin bugününkü psixologiyasına uyğun etməliyik. Təbii ki, valideynlər çox zaman indiki dövrü öz dövrləri ilə müqayisə edirlər. Bu da müəyyən problemlər yaradır. Bizim ən çox rast gəldiyimiz problem uşağın anaya bağlı olmasıdır. Bu da valideynin uşağa diqqətinin artmasına gətirib çıxarır. Bizdən əvvəlki dövrlərdə çoxuşaqlı ailə dedikdə 8-9 uşağa sahib olan nəzərdə tutulurdu. Amma bu gün isə çox uşaqlı ailə dedikdə ən çox 3 uşaq nəzərdə tutulur. Qayğılar artıqca valideynlər uşaqlarını daha da sərbəstliyə meylləndirirdi. Ancaq günümüzdə uşaqların az olması valideynlərin övlada olan qayğısını artırır. Düşünürlər ki, 1 övladım var, hər şeyin yaxşısını onun üçün edim. Bu da uşaqlarda ərköyünlüyə, şıltaqlığa və davranış pozuntusuna səbəb olur. Uşaqlar valideynlərin zəif nöqtəsini biləndə artıq öz istədiklərini etməyə başlayırlar. Yəni kompyuterə, televizora yönəlirlər. Hətta elə analar var ki, 8 yaşlı uşağını hələ özü çimizdirir, yedizdirir, geyindirir. Bu da uşaqlarda tənbəlik, öz məsuliyyətini dərk etməmək problemi yaradır. Ana göstəriş vermədən uşaq heç bir iş görmür. Davamlı şəkildə nəzarət normal deyil. Bu, uşaqlarda özgüvənsizliyə səbəb olur və stresə davamsızlıq yaradır. Xüsusən də belə uşaqlar cəmiyyətə adaptasiya olmaqda çətinlik çəkirlər, sosial mühitə öyrəşə bilmirlər. Daha çox da onlarda davranış problemləri yaranır. Bu da uşaqlarda çəkingənlik və ağlamalarla müşahidə olunur. Bir sözlə, "evdə xoruz olurlar, çöldə fərə". Həmin uşaqların problemləri bağça dönəmində və məktəbdə daha çox özünü göstərir. Çünki sinifdə və bağçada uşaqların sayı çox olduğundan müəllim bütün diqqətini 1 uşağa yönəldə bilmir. Təbii ki, uşaqlar evlərində gördükləri qayğını bağçada və məktəbdə görə bilmirlər. Bu da zaman keçdikcə uşaqları aqressivləşdirir. Aqresiya yarandıqda isə uşaqlarda davranış pozuntusuna gətirib çıxarır. Uşaqlar anadan ayrıla bilmir. Analarını məcbur edirlər ki, onlarla birgə məktəbdə, baxçada otursunlar. Düşünürlər ki, analarının yanında güvəndə olurlar. Analar da uşaqlarını özgüvənsiz böyüdürlər.Valideynlər hər şeydə mükəmməllik axtarırlar. Bu mükəmməllik sonda uşaqlarda məsuliyyətsizliyə gətib çıxarır. Artıq avtoritar ailə modeli arxada qaldı. Artıq yeni, gənc nəsildə güvənli ailə modeli təsəvvür edə bilirik. Çünki gənc valideynlər daha məlumatlıdırlar. Biz informasiya əsrində yaşayırıq. Gənc valideynlər uşaq psixologiyası ilə tanış olurlar, ailələrimiz psixoloqlara gedirlər. Bu çox yaxşı haldır ki, gənclər uşaqlarını tərbiyə edən zaman psixoloq yardımı alırlar. 
- Uşaqları nəyisə etməyə məcbur etmək doğrudurmu?
- Valideyn ilk öncə qaydalara baxmalıdır. Qaydalar təbii ki, ata-anada olmalıdr. Uşağı qaydalara tabe etməliyik. Baxçada vaxtında yatıb-durmaq, məktəbdə 45 dəqiqə dərsdə oturmaq qaydadır. Uşaqlarımızı tərbiyəsiz şəkildə böyütməməliyik. Uşaqlar müəyyən qrafiklə böyüdülməlidir. Bu qrafikə də uymaq heç vaxt məcburi şəkildə olmamalıdır. Yəni döymək, söymək, fiziki, psixi zorakılıq, alçaltmaq olmamalıdır. Qayda qoyan zaman bunu uşağa izah etmək lazımdır. Başa düşməsə, səbəbini, fəsadlarını dəfələrlə izah etmək lazımdır. Tabe olmasa müəyyən cəzalar vermək, tabe olanda isə onu mükafatlandırmaq, həvəsləndirmək, etdiyinin doğru olduğu mesajını vermək lazımdır. Uşaq rejimi olmalıdr. Rejimlə böyüdülən uşaq əvvəlcə valideynin köməyi ilə öyrənəcək. Sonra isə sərbəst şəkildə yemək, yol getmək, yatmaq saatını biləcək. Valideynlər yaxşı olar ki, körpə yaşlarından uşaqları rejimə salsınlar. Uşaqları qaydalara uymağa məcbur etmək lazımdır. Daha döymək, söymək, "xoxan gəldi" kimi şeylərlə qorxutmaq olmaz.
- Bu gün bir çox uşaqların nitqində problemlər yaranır. Bu nə ilə bağlıdır?
- Uşaqlarda nitq problemi müxtəlif səbəblərdən ola bilər. Əgər nervoloji problemlər, boğulma və başqa patalogiya yoxdursa, uşağın nitqində yaranan qüsurlarda televizorların, kompyuterlərin, planşet və telefonların rolu böyükdür. Nevroloji uşaq televizor qarşısında oturmasa belə, onun nitqində qüsurlar olur. Nitq tənbəlliyinə səbəb ana-ataların uşaqlarını televizora qarşı nəzarətsiz böyütməsidir. 3 yaşına kimi uşaq texnologiyadan uzaq durmalıdır. 3 yaşından sonra uşaq 7 yaşına kimi 20 dəqiqə aralıqlarla televizora baxa bilər. 7 yaşından sonra isə bu rəqəm 40-45 dəqiqəyə qalxa bilər. 12 yaşından sonra isə saat yarım və ya 2 saat ola bilər. Əgər valideyn 3 yaşına kimi uşağı televizordan uzaq tutarsa, onun nitqində heç bir problem olmayacaq. Çünki televizor, planşet bir tərəfli ünsiyyət vasitəsidir. Uşaq informasiyanı alır, işarə dili ilə danışır. Bu da zaman keçdikcə nitqin tənbəlləşməsinə gətirib çıxarır. Baxdığı cizgi filmlər rus, ingilis, türk dillərində olur. Yaxşı olar ki, valideyn uşağının düşüncə dilini müəyyənləşdirsin. Buna uyğun da uşaqlar düzgün şəkildə istiqamətləndirilməlidir. Valideyn çalışdığı qədər 3 yaşına kimi uşağını televizordan, planşetdən uzaq tutarsa, oyuncaqlar alıb onlarla oynamasını təmin edərsə, övladlarının nitqində heç bir ləngimə olmayacaq, beləliklə psixoloq müdaxiləsinə də ehtiyac qalmayacaq.
Nitqdə yaranan problemlər 7 yaşına kimi aradan qaldırıla bilir. Əlbəttə, nitqdə hansı problemin olması önəm daşıyır. Əsasən 7 yaşına kimi uşaqlarda nitq mərkəzi aktiv olur. Bu yaşa kimi alınan nəticələr sürətlidir. Maddi və mənəvi cəhətdən tez nəticə əldə olunur. Ancaq 7 yaşından sonra çətinləşir və öz fəsadlarını verir. Nitq inkişafı dönəmi isə 4 yaşına kimidir. Bu yaşa kimi uşaqlarımızı nitq inkişafını nəzarətdə saxlayıb dəstək olmaq lazımdır. 4 yaşından sonra uşağın nitqində problem varsa, loqoped dəstəyi almaq lazımdır. Ancaq 4 yaşından əvvəl nitqi zəifdirsə, psixoloqla məsləhətləşmək lazımdır. 4 yaşından əvvəl loqopedə müraciət etmək olmaz. Çünki bu zaman ağız formalaşır. Ağıza isə bu yaşda müdaxilə etmək olmaz.
- Anaya bağlı uşaqlarla məktəbdə necə davranmaq lazımdır?
- Bu iki formada olur. Yəni bir sıra hallarda uşaq şıltaqlıq edib anasını yanında istəyə bilər, bəzi hallarda isə uşaq həqiqətən qorxaraq bunu edə bilər. Bu cür uşaqlarla valideynin mövqeyi düzgün olmaldır. Valideyn öz dediyinin üzərində durub, uşağın ağlamağına fikir verməməlidir. Ancaq uşaq qorxursa, valideyn bunu hiss etməlidir. Müəllim hər valideynə "uşağını qoy, get" deyə bilməz. Yaxşı pedaqoq bilməlidir ki, uşaq niyə ağlayır. Bunun üçün də ailəni gözəl araşdırmalıdır. Qorxan uşağın ilk öncə özgüvənini artırmaq, qorxulu bir şeyin olmadığını göstərmək lazımdır. Bunu təkcə məktəbdə deyil, həm də psixoloqla da məsləhətləşmək lazımdır.
Aysel Yusifqızı

Go Back

"Narınc" psixologiya qəzetinin " Ulduz qonaq" səhifəsinin müsahib üzvü - Lalə Məmmədova

Bu dəfəki müsahibəmizi dəyərli sənətçimiz, filologiya üzrə fəlsəfə doktoru Lalə Məmmədovayla həyata keçirdik. Müsahibimizin maraqlı və səmimi fikirlərini sizlərə təqdim edirik.

  -Lalə xanım,xoş gördük sizi. Öncəliklə bir həftə bundan əvvələ təsadüf edən doğum gününüz münasibətilə sizi təbrik edirəm.Yeni yaşınız sizə sizin istəklərinizi ,ən əsası da xeyirli olanları yaşatsın.

  -Çox sağ olun,çox təşəkkür edirəm.

  -Elə ilk sualımı ad gününüzlə əlaqələndirmək istəyirəm.Bildiyim qədərilə doğum günlərinizi təntənəli surətdə qeyd etməyi sevmirsiniz.Bunun səbəbi varmı,bunu bizə necə açıqlayardınız?

  -Səbəbi var.Səbəbi nə yaşlanmaqdır,nə də ki, təmtəraqdan qaçmaqdır.Yeganə səbəbi var.Bu mənim ad günüyə olan münasibətimlə bağlıdır.Sözsüz ki,həmin günü mən duyğulanacam.Çünki mən Allahın izniylə həmin gün dünyaya gəlmişəm.Sadəcə olaraq mənim üçün doğum günü hesabat xarakteri daşıyır.Əslində bir hesabatdır.Öz-özümə sual verirəm:”-Mən bu yaşıma qədər neylədim,nələri edə bildim?”Qaldı ki,mənim ad günlərimi təmtəraqlı keçirməməyimə ,onu deyə bilərəm ki,mənim fikrimcə insan ad gününü qazanmalıdır.Mənim baxışım budur ki,ətrafındakı insanlar sənin işini və sənin özünü dəyərləndirib sənə ad günü keçirməlidilər.Mən qəbul eliyə bilmirəm,yəni bu gün mənim ad günümdür və hər kəs hədiyyə götürsün gəlsin,biraz burda bəsitlik görürəm.Hədiyyə yox,ətrafımda məni sevən insanların olması önəmlidir.Onların varlığı hədiyyədir.Amma keçirənlərə də pis baxmıram.Bir şeyi də qeyd edim ki,uşaqlarım doğulandan sonra demək olar ki,ad günlərimi tamamilə unutmuşam.Onlar üçün çalışıram.Bu mövzuda son olaraq belə düşünürəm ki,günün birində mən nə vaxtsa bu ad gününü özüm qazanacam və mənim ətrafımdakı insanlar o ad gününü mənim üçün keçirəcəklər.

  -Lalə xanım mən sizi savadlı qadın,qayğıkeş ana,səhnə adamı,ifaçı,pedaqoq,eyni zamanda filologiya üzrə fəlsəfə doktoru kimi tanıyıram.Bilmək istərdim,siz özünüzü,siz Lalə Məmmədovanı necə tanıyırsınız?

  -Bu sadaladıqlarınızı eşidəndə və ümumiyyətlə mənə olan tərifləri eşidəndə düşünürəm ki,görəsən bu deyilənlərə həqiqətən layiqəmmi?!Baxın bu sual məni həmişə düşündürür.Bu o demək deyil ki,mən özümdən əminsizəm.Bir məsələ var,mənə elə gəlir ki,insanlar şişirtməyi,ideallaşdırmağı çox sevirlər.Və mən bundan qorxuram,mən bundan qaçıram.Özümdə bəyənmədiyim çox xüsusiyyətlər var.Amma özümü tanıdıqca özümdə bəyəndiyim bir xüsusiyyətim də var ki,başıma nə gəlirsə gəlsin,nə yaşayıramsa yaşayım həyatı və insanları sevirəm.Bu sevgi hissi mənim içimdə heç vaxt ölmür.Hətta zərbə alsam,aldadılsam,təəssüflənsəm belə bu hiss həmişə mənimlədir.Yəni mən bir insanın heyfini başqa insandan çıxa bilmərəm.Eyni zamanda təmənnasız yaxşılıq etməyi bacaran biriyəm.Özüm özümü bu xüsusiyyətlərimlə tanıyıram.

  -Lalə xanım,müəyyən ifadələr var,hansı ki,onlara verilən açıqlama ,onlara verilən anlam tamamilə fərdidir.Məsələn,xoşbəxtlik kimi.Siz necə düşünürsünüz,nədir xoşbəxtlik?

  -Xoşbəxtlik hissi zaman-zaman gəlib qayıdan bir hissdir, bu hiss anlarla bağlıdır.Elə bir an olur ki,sən doğurdan da xoşbəxtliyi dadırsan,hiss edirsən.Amma düşünürəm ki,biz onu hər gün yaşasaq ,hər gün dadsaq qiymətini bilmərik.Belə deyim,mən həyatı döngələrə bənzədirəm,qaranlıq yolla gedirsən,birdən dönürsən və işıqlı yola keçirsən, yaxud da yenidən qaranlıq bir tunelə düşürsən.Mənə görə həyatımız bundan ibarətdir.Təsəvvür edin ki,siz həmişə işıqlı yolla gedirsiniz,siz bu halda qaranlığı anlamayacaqsınız,çünki qarnlıq olmasa biz o işığın qədrini bilə bilmərik.Xoşbəxtlik də buna bənzəyir.Həyatımızda həmişə hər şey gözəl olsa biz bu hissi anlaya bilmərik.Həmçinin mənim üçün xoşbəxtlik Allaha şükür ede bilməkdir.Məsələn,mən öz həyatımdan razıyam,çatışmayan cəhətləri də qəbul edirəm və həmişə deyirəm ki,bu günümə çox şükür.

  -Məhşur mahnıda da deyildiyi kimi-”Ey həyat,sən nə qəribəsən..”.Siz necə düşünürsünüz,Lalə xanım,həyat həqiqətən qəribədirmi?

  -Yox,qəribə deyil.Allahı sevən,Allahın bizə bəxş etdiklərinin dəyərini bilən,dərk edən insanlar üçün həyat qəribə deyil.Azmı olur,hər hansı bir insan üçün deyirik ki,mən onu illər əvvəl görəndə heç ağlıma gəlməzdi ki,bu qədər insan arasında məhz o mənim həyatımın önəmli adamına çevrilər,taleyimdə bu cür rol oynaya bilər.Bu hal hamımızın həyatında baş verir.Çoxları üçün bu qəribəlikdir,təsadüfdür.Xeyr,bunların hər biri əvvəlcədən çizilmiş plan üzrədir və bizim hər birimiz özümüz də bilmədən o yolla gedirik.Ona görə də mən deməzdim ki,həyat qəribədir.Mən həyatı sevirəm,həyatı çətinlikləriylə ,sevinciylə,kədəriylə, xoşbəxtliyi ilə,bir sözlə hər halıyla sevirəm.İnsanlar da belədir.Biz olur ki,kimisə bütün cəhətləriylə,bütün mənfiləriylə birgə qəbul edirik.Axı bilirik ki,biz bu insanı dəyişə bilməyəcəyik,dərk edirik ki,o,bundan o tərəfə gedə bilməyəcək.Burda da həyatı kor-koranə  qəbul etməkdən söhbət  getmir.Sadəcə həyatın daha yaxşı tərəflərini görüb dərk edirsən və anlayırsan ki,bunların hamısı yuxarıdan yazılmış,əvvəlcədən çizilmiş bir yoldur,kimisi bunu təsadüf kimi qəbul edir.Təsadüf anlayışı ümumiyyətlə yoxdur.Biz özümüzdən onu uydururuq.Bəzən deyirlər ki,mən gedirdim,təsadüfən filan hadisə baş verdi.Elə fikirləşirəm ki,təsadüflərə inanan insan üçün həyat qəribədir.Mənə görə isə həyat qəribə deyil.

  -Lalə xanım,bəzən biz kiminsə haqqında danışarkən “güclü insandır” deyirik.Maraqlıdır,sizə görə kimdir o güclü insan?

  -Güclü insan anlayışını mən anlaya bilərəm,qəbul edə bilərəm.Güclü insan sıfırdan başlamağı bacaran insandır,güclü insan yıxılıb təzədən ayağa qalxmağı bacaran insandır.Amma nə deyirsinizsə deyin, güclü qadın anlayışını qəbul edə bilmirəm.Düzdür,çox zaman kiminsə üçün güclü qadın ifadəsini işlədirlər,lakin mən sevmirəm bu sözü.Özüm üçün də deyə bilərəm ki,insan kimi güclü insan ola bilərəm,bayaq sadaladıqlarımı da nəzərə alsaq özümə güclü insan deyə bilərəm,amma güclü qadın yox.Bu məsələdə öz zəifliyimi dərk edirəm.

  -Lalə xanım,insanlar hər gün təkrar-təkrar eyni işləri görsələr belə hər dəfəsində işlərinə başlamamışdan öncə nəsə düşünürlər.Bilmək istərdim,Lalə xanım hər dəfə səhnəyə çıxmamışdan əvvəl nələri düşünür,nələri ağlından keçirir?

  -Mən o zaman hər şeydən,bütün qayğılardan uzaq oluram,özümə oxuyacağım mahnının ruhunu çağırıram,mən həmin ruh halına girməliyəm ki,səhnədə mikrafonu götürüb həmin mahnını yaşayaraq,duyaraq oxumalıyam,həmin obrazı yaratmalıyam.Başqa heç bir şey haqqında düşünə bilmirəm,hətta istəsəm belə heç nəyi düşünə bilmirəm.Övladım və ya özüm xəstə olsam belə,inanın ki,bunları düşünə bilmərəm.Bəlkə də biz elə ona görə səhnənin xəstəsiyik,çünki səhnədə biz hər şeyi unuduruq.Səhnə bizim üçün İlahi sirli bir məkandır.Öz adımdan deyə bilərəm ki,mən orda,səhnədə Allah Təalaya daha yaxın oluram.Görünür Allah məni belə yaradıb,mənim üçün səhnə Allaha daha yaxın olduğum məkandır.Necə ki,namaz qılmağın şərtlərində bildirilir ki,hətta ev partlasa belə sən namazını qılmalısan.Baxın,eynilə səhnə də məndən ötrü o anlamı daşıyır.

  -Yəqin ki,təsdiqləyərsiniz,uşaqlıqda hər kəsin aynanın qarşısına keçib özüylə bağlı yaratdığı bir obrazı olur.Və biz həyatımıza həmin obrazı reallaşdırmaq arzusuyla davam edirik.Bilmək istərdim,hal-kazırki Lalə Məmmədova bir zamanlar ayna qarşısında xəyalını qurdüğunuz insandırmı?

  -Qətiyyən yox.İnanın ki,yox.Bircə onu bilirəm ki,mən uşaq vaxtından musiqini çox sevirdim.Ağ-qara televizor yadımdadı,ordakı verilişlər yadımdadı,filmləri xatırlayıram.Amma mənə orda yayımlanan proqramlardan daha çox maraqlı gələn musiqi idi.Yəni uşaq yaşlarımda belə o ruhu mən duyurdum.Yəqin ki,bu da az əvvəl dediyim kimi Allah Təala tərəfindən gələn bir işarət idi.Ancaq bilirsiz necədi,həyətdə oxuyurdum,özümdən balaca uşaqları ətrafıma toplayıb onlar üçün oxuyurdum.Amma buna baxmayaraq heç vaxt ağlıma gətirmirdim ki,mən gələcəkdə müğənni olaram.Yəni uşaq vaxtı bunun xəyalıyla yaşamamışam.Hətta inanırsınız ki,indiki zamanda da valideynlərim buna bəzən təəccüblə yanaşırlar,hərdən olur ki,”-Necə olduye,Lalə gəldi müğənni oldu..”deyə fikir yürüdürlər.Çünki  vaxtilə buna hamısı qarşı çıxırdı,məni müğənni kimi görə bilmirdilər və ya inanmırdılar.Baxmayaraq ki,musiqini sevmişəm,amma heç özüm də bu barədə ciddi düşünməmişəm.Bəli,hər bir kəsin müəyyən məqsədi olur.Mən o məqsədimi 15-16 yaşımda dərk etmişəm,o vaxt artıq mən anladım ki,mənim başqa yolum yoxdur.Mən səhnənin dadını bilmişdim,gördüm ki,mən səhnədə xoşbəxt oluram.Eyni zamanda inam gərəkdir,hər kəsin içində bir inam olur,bacaracağına dair.3-4 il bundan qabaq mən “Leyli və Məcnun”u oynayanda çoxları elə bildilər ki,mən bunu səhnə fəaliyyətimdə sadəcə bir yer tutsun deyə oynadım.Yox,belə deyil,mən başa düşdüm ki,33 yaşıma qədər ona doğru gəlirmişəm,xəbərim olmayıb.Mən onu içimdə böyüdə-böyüdə,yaşada-yaşada gəlmişəm və mən anladım ki,o bir gün partlamalıdır.Bayaq da dediyim kimi,15-16 yaşımda başa düşdüm ki,mən bu işi ciddi şəkildə həyata keçirməliyəm.Sonra valideynlərimin təkidiylə ali məktəbə daxil oldum,onlara buna görə çox minnətdaram.Baxmayaraq ki,mən Xarici dillərə çox deyinə-deyinə gedirdim,çünki konservatoriya oxumaq istəyirdim.Amma indi düşünürəm ki,bu da mənim üçün əvvəlcədən məsləhət bilinmiş bir yol idi.Dünyanın yarıdan çoxunu gəzmişəm və həmin öyrəndiyim xarici dildir ki,mənə kömək oldu,bu barədə mən də başqalarına kömək oldum.Universitetə girəndə artıq valideynlərimə sözümü deməyi bacarırdım.Valideynlərimlə bu barədə ciddi bir söhbətim oldu.Dedim-”hər dediyinizi elədim,şükürlər olsun başınızı aşağı salacaq bir hərəkətim olmadı,amma indi mənə imkan verin,mən bir dəfə həyata gəlmişəm,istəyimi həyata keçirim”.Həmin anda özümə 4-5 il vaxt qoydum.Əgər mən bu 5 il ərzində heçnə edə bilməsəm,o halda özüm çəkiləcəm,duracam qıraqda deyə bir söz verdim onlara .17 yaşımda getdim Siyavuş Kərimlinin yanına və deyim ki,məni ora rəhmətlik Ramiz Mirişli göndərmişdi. Heç yadımdan çıxmır,Siyavuş müəllim mənə baxdı,mənim də yaşım az idi,bilirsiz necə ,sanki mədəni şəkildə məni bu sahədən uzaqlaşdırmaq istədi,amma hələ səsimi eşitməmişdi.Mən də belə başa düşdüm ki,burda mənə qulaq asan olmayacaq,təşəkkürümü bildirdim,çantamı götürdüm,düz qapıya  yaxınlaşdım və birdən nədənsə Siyavuş müəllim məndən geri qayıtmağımı və bir mahnı oxumağımı istədi.Yəqin fikirləşdi ki,xətrinə dəyməyin,bura qədər əziyyət çəkib gəlib ,nəsə oxusun.Mən oxudum.Heç yadımdan çıxmaz,mahnı qurtarmamış Siyavuş müəllim vizitkasını çıxardı və mənə bildirdi ki,birinci gün sizi gözləyirəm.Səhv etmirəmsə  həmin gün şənbə günü idi.Baxın o da Allahın məsləhəti idi ,mən ora getməliydim,mən həmin gün bu işə başlamalı idim.Heç 5 il tamam olmadı,artıq 20 yaşımda mən “Məktəb illəri”ni oxudum,klipi isə bir il sonra efirə getdi.Allahın qismətiylə elə bir şans çıxdı qarşıma,şükürlər olsun ki,mən o şansımı dəyərləndirməyi bacardım.Bütün bunları gözümün önünə gətirərək həyatı necə sevməyə bilərəm,şansıma necə inanmaya bilərəm.Buna görə də həmişə deyirəm,çox şeylər var həyatda ,həyatı qiymətləndirmək gərəkdir.

  -Az əvvəl uşaqlığınıza qayıtdıq.Eşitdiyim qədəriylə sizin dünyaya gəlməyiniz atanızı sevindirməyib.

  -Bəli.(Müsahibim bu fikri gülərək təstiqlədi.)

  -Hətta sizin doğulmanıza atanız üzüquylu ağlayıb .Bu düzdürmü?

  -Ağlamayıb atam.Bax orasını sizə səhv çatdırıblar.(Gülümsünərək).Biz ailədə beş bacıyıq.İndi texnika inkişaf edib,uşaq ana bətnindəykən onun cinsiyyətini öyrənirlər,düzdü, mən özüm bunun tərəfdarı deyiləm ,amma müasir dövrümüzdə bu mümkündür.O vaxt belə şeylər olmayıb.Anam hər dəfə hamilə qalanda ümid olunub ki,oğlan olacaq və hətta adlar belə fikirləşiblər.Mən olanda isə atam zəng eliyib xəstəxanaya,həkimlər bildiriblər ki,sizin qızınız doğulub.Həə,həmin vaxtı atam başını aşağı dikib,üzüquylu yatıb,yenə qızı oldu deyə təəssüf hissi keçirib.İndi hər ad günümdə atamı qoyuram qabağıma,ona görə yox ki,onu utandırmaq istəyirəm,sadəcə bax yəni həmin Lalədir böyüyüb və bir övlad kimi bunları edə bilib,yəqin ki,siz nə demək istədiyimi anladınız.Mənim atam...(müsahibim bu yerdə düşüncəyə daldı).Mən hər kəsə elə bir ata arzulayıram.O bizim estetik tərbiyəmizdə,dünyagörüşümüzdə böyük əməyi olan insandır.Baxmayarq ki,elm adamı idi,işləri çox olurdu,özü əlimizdən tutub bizi konsertə, teatrlara,tamaşalara aparırdı.Hətta əvvəlcədən planlaşdırırdı da.Tutaq ki,bu həftə hansı tamaşa var,şənbə günü hansı teatra gedəcəyik,bazar günü uşaqları hara aparacaq və.s.Yəqin xatırlayırsınız,”Əhməd haradadır?”filmində Şirin kişi Nərgizə deyire”-Mən bilirəəm bütün bunlar hardandır...hmmm”,qızı oynayır deyə həmin cümləni işlədir,anasından görüb-götürüb deyə.İndi bizdə də atamla anamın arasında söhbət düşəndə o cümlə işlədilir.(həmsöhbətimin maraqlı epizoda istinadən etdiyi səmimi çıxışı gülüşümüzə səbəb oldu).Anam zarafatyana həmişə atama çatdırır ki,Lalənin bu gün müğənni olmasının səbəbkarı sənsən,bunları o vaxtı o qədər tamaşalara,teatrlara aparırdın ki,qızın da gəldi ifaçı oldu,səhnədə oxuyur.Amma elə deyil.Niyə o biri bacılarım yox,məhz mən bu sənətə gəldim.Təbii ki,bu da Allahın işidir.Mənim alnıma bu yazılmışdı.

  -İlin dörd fəsli var.Bu təbiətin qanunudur.Bəs Lalə Məmmədova dünyasında neçə fəsil var?

  -Bir fəsil.Mənə görə yalnız bir fəsil var.Mənim aləmimdə həmişə bahardır.Daha doğrusu mən özüm özümü buna kökləmişəm. Pozitiv fikirləşmək istəyirəm.Düşünürəm ki,həmişə çiçəklər açır.

  -Lalə xanım,uğurlu qadın və uğurlu iş qadını.Bu ifadələrə münasibətinizi bilmək istərdim.Sizcə aradakı fərq çoxmu böyükdür?

  -Əlbəttə.Arada çox böyük bir fərq var.Əgər qadın cəmiyyətə sağlam ruhlu,sağlam düşüncəli övlad bəxş edirsə,əgər qadın öz əməyini ailəsi üçün,cəmiyyəti üçün,xalqı üçün yaxşı mənada sərf edə bilirsə demək ki,o,uğurlu qadındır,xoşbəxt anadır.Amma uğurlu iş qadını ifadəsi çox konkretdir.Burda yalnız iş həyatı nəzərdə tutulur.Bu ancaq birtərəfli uğurdur,yəni uğur qadının həyatının yalnız bir tərəfini işıqlandırır.Bəlkə də şəxsi həyatında çox uğursuz bir qadın iş həyatında böyük uğur sahibidir.Və təbii ki,uğurlu qadını seçərdim,uğurlu qadın daha üstündür deyərdim.Bunu nəzərə alaraq mən bütün xanımlarımıza həyatda uğurlu qadın olmağı arzulayıram.

 -Lalə xanım, siz ifalarınızla kiminəsə xoş əhval ötürürsünüz,kiminisə rahatlaşdırırsınız,düşündürürsünüz.Bəs sizi sakitləşdirən,sizin ruhunuzun qidası olan mahnı hansıdır?

  -Bir mahnı deyil,bir neçə mahnıdır.Mənim ruhumu qidalandıran dilini bilmədiyim hər hansı bir əcnəbi musiqi də ola bilər.Bu ruh halıma bağlı bir şeydir.Məsəlçün,ola bilər ki,mən heç bir musiqi belə eşitmək istəməyim.Yəni,ümumilikdə götürdükdə ruhumun qidası təkcə musiqi deyil.Mən hər hansı rəsm əsərinə tamaşa edərək də sakitləşə,ruhumu qidalandıra bilərəm.Bəlkə siz düşünürsünüz ki,biz musiqiçilər,sənət adamları yalnız musiq,mahnı dinləyərək zövq ala bilərik.Amma yox,bu belə deyil.Mən təbiət qoynunda da sakitləşirəm,dəniz kənarında dalğaların səsi ruhumu dincəldir,o görüntünü görüb də ruhumu qidalandıra bilərəm.Lakin ruh halımın mahnısı savadlı yazılmış,gözəlliklərdən yazılmış bütün mahnılardır.Savadlı yazılmış və ürəkdən oxunan istənilən mahnıdan zövq ala bilərəm.Amma konkret bir-iki manı adı çəkməyəcəm.Məlum,kiminsə qəlbinə toxunmaq istəmərəm.

 -Lalə xanım,artıq müsahibəmizin sonuna yaxınlaşırıq.Mən sizin psixologiya və mərkəzimizin fəaliyyəti ilə bağlı fikirlərinizi bilmək istərdim.

  -Mərkəzinizi tək mən yox,texnikanın inkişafı ilə əlaqədar sosial şəbəkələrdə,saytlarda izləmələr vasitəsilə demək olar ki,çox insan tanıyır.Həyata keçirilən işlərdən,gedişatdan çoxlarımız xəbərdarıq.İşlərinizi bir vətəndaş olaraq alqışlayıram.Burda gözəl bir cütlüyün -Elnur müəllim və Narınc xanımın işini qeyd etmək lazımdır.Belə bir fikir var:”Hər bir uğurlu kişinin arxasında güclü bir qadın durur.”Amma belə deyək də onların hər ikisi uğurludur,hər ikisi bir-birinin arxasındadır.Allah onlara can sağlığı versin.Bu birlikdəlik sona qədər davam etsin inşallah.Atanın övlada qayğısı,ananın övladına,həyat yoldaşına olan münasibəti baxımından cəmiyyət üçün bir ailə kimi örnəkdirlər.Mən bir ana olaraq bilirəm ki,Azərbaycan qadını daha fədakardır,nəyinki Azərbaycan kişisi.Bəlli məsələdir ki,kişi ilə müqayisədə qadın ailəsi uğrunda son ana qədər mübarizə aparır,övladları xətrinə çox şeylərə dözür.Bu gün ailə problemlərinin geniş yayıldığı bir dövrdə belə bir nümunəvi ailənin olması təbii ki,ürəkaçandır.Adətən deyirlər ki,kiməsə ağıl öyrədəndə əvvəlcə gərək özündən başlayasan.Ailələrdə yaşanan problemləri aradan qaldırmaq,psixoloji problemlərin həllində insanlara kömək olmaq istəyən biri ilk öncə öz ailəsini cəmiyyətə düzgün təqdim etməlidir.Bu baxımdan bu iş birliyini,bu ailəni bəyənirəm.Məni daha da sevindirən isə sizin mərkəzinizin müxtəlif ərazilərdə filiallarının açılmasıdır.Mən sənətçi olaraq çox məktublar alıram,hansı ki,orda kiminsə ailəsiylə,kiminsə övladlarıyla bağlı problemləri qeyd edilir.Düzdür,cəmiyyətimizdə təzə-təzə qəbul olunur psixoloqa müraciət etmək,amma bir də regionlarımızı,ucqar rayonlarımızı nəzərə alsaq təsdiqləməliyik ki,bu gün psixoloji mərkəzlərin açılmasına,peşəkar psixoloq xidmətinə böyük ehtiyacımız var,xüsusilə də regionlarımızda.Nə qədər kriminal hadisələr eşidirik,ailədaxili problemlərin şahidi oluruq,qan qohumları,bacı-qardaş arasında yaşanan cinayət hadisələrindən xəbər tuturuq.Və təəssüf  ki,bölgələrimizdə bu hallar daha da geniş yayılıb.Bu baxımdan bölgələrimizdə mərkəzlərin açılması çox vacibdir.Bildiyimə görə regionlarımızdan bir tək hələ ki,Gəncədə xidmət edirsiniz.Burdan oxucularımıza səslənirəm ki,bu tip məsələlərə elə-belə yanaşmasınlar .Şahidisiniz ki,bu gün o qədər mağazalar,dükanlar açılır,şadlıq evləri istifadəyə verilir.Amma bunlardan daha da önəmlisi həqiqi mənada psixoloji xidmət göstərə biləcək mərkəzlərin açılmasıdır.Vallah bizə bu daha lazımlıdır.Çünkü problemsiz həyat,problemsiz insan yoxdur.İstəsək də,istəməsək də problemlərdən qaça bilmirik.Məhz buna görə də sizin işinizi vacib və gərəkli hesab edirəm.

  -Lalə xanım,qəzetimizin oxucularına son sözünüz.

  -Mən bütün oxucularımıza savada yiyələnməyi,elmə maraq göstərməyi,təhsil dalınca getməyi tövsiyyə edirəm.Son olaraq hər kəsə yalnız onu deyə bilərəm ki,oxumaq,oxumaq,yenə də oxumaq!

           Çox hörmətli sənətçimizə səmimi və dəyərli fikirlərinə görə təşəkkür edirik.                                    Müsahibəni hazırladı:Abuşova Sevinc Latiq qızı.

 

Go Back

"Narınc" psixologiya qəzetinin bu dəfəki müsahibi Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmova

Bu dəfə suallarımızı Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmovaya ünvanladıq. Psixoloq, eyni zamanda məktəbli anası olaraq, müsahibim yeni tədris ilinin başlanması ilə əlaqədar birinci sinif şagirdlərinin məktəbə adaptasiyası və bu önəmli məsələdə valideynlərin diqqətli olmasını gərəkdirən məqamlardan danışdı.

  • Narınc xanım, öncəliklə sizi çox ürəkdən təbrik edirəm, məktəbli anası oldunuz. O, artıq əvvəlki körpə deyil. Bu bir anaya hansı hissləri yaşadır ?
  • Təbrikiniz üçün təşəkkürlər. Həqiqətən, həmin gün bir başqa sevinc yaşadır insana. İstər sosial şəbəkələrdən, istərsə də zənglər vasitəsilə çoxsaylı təbriklər, xoş diləklər qəbul etdim və gördüm ki, doğurdan da uşağının birinci sinfə getməsinin bir başqa özəlliyi varmış insan üçün. İlk əvvəl insan nə baş verdiyini anlaya bilmir. Sonra isə ətrafdakı hər kəsin bu sevinci səninlə paylaşdığını gördükcə yavaş-yavaş içində olduğun anın dəyərini bilirsən, qəbullanırsan. Hər bir ana-ataya  o gözəl günü və o günün bəxş etdiyi sevinci yaşamağı arzu edirəm. Uşaq böyük bir həyata qədəm qoyur, yavaş-yavaş oyuncaqlarından ayrılır, real həyatla, həyatın gərçəkləri ilə üzləşməyə başlayır. Bu dövrü uşaq üçün dönüş nöqtəsi hesab etmək olar. Artıq uşaq özünəməxsus öhdəliklərə, məsuliyyətlərə sahiblənir.
  • Bir məktəbli anası hansı məsələlərə daha çox önəm verməli, hansı məqamları xüsusilə diqqət mərkəzində saxlamalıdır?
  • Artıq uşağını məktəbə yola salan hər bir valideyn ilk əvvəl öz istək və arzularını deyil, uşağın potensialını, onun marağını və onun üçün faydalı olanı nəzərə almalıdır. Valideyn tərəfindən ilk yalnış o vaxt edilir ki, o, uşağının bütün oyuncaqlarını yığışdırır, atır, kiməsə verir. Uşağa sərt bir şəkildə “- bax, artıq oyuncaqlarla oynamaq söhbəti yoxdur. Artıq çox yatmaq da olmaz, məktəb başlayır, sənin işlərin çox olacaq” deyərək, bu kimi qorxuducu ifadələrdən istifadə edir və məktəbi uşağın gözündə bir məcburiyyət, bir qorxu şəklində əks etdirir. Bütün bunlar isə tamamilə yalnışdır, uşaqda məktəbə qarşı bir inkar hissi oyadır.Ana-ata çalışmalıdır ki, uşaqla öz gözəl məktəb xatirələrini paylaşsın ki, bu səbəbdən də hələ məktəb həyatını dadmamış uşaq artıq məktəblə bağlı gözəl fikirlər formalaşdırsın özündə. Məsələn, mən məktəb qabağı öz oğluma çoxlu  xatirələrimdən danışdım, birinci sinifdə 11-ci siniflərdən aldığım hədiyyədən danışdım- “birinci sinfi qutaranda mənə oyuncaq silah hədiyyə etmişdilər. Mən də çoxlu ağlamışdım ki, mən qızam, niyə mənə oğlan oyuncağı alıblar. Sonra isə bir qız mənə ikinci hədiyyəmi verdi. Bu dəfə gəlincik alınmışdı, gözəl idi uzun saçları varıydı, mən də çox sevinmişdim.” Oğlumla birgə çoxlu güldük. Hətta ilk dərs günü məktəbli formasında çəkdirdiyim şəkilləri göstərdim. Uşaq üçün çox maraqlı olur, valideynlərinin balacalıq şəkillərini görmək. Valideyn məktəb adından uşağı qorxutmaq üçün istifadə etməməli, əsəbləşəndə “səni məktəbə aparacam”, “müəlliminə deyəcəm” kimi cümlələr qurmamalıdır. Çünki bu dönəmdə uşaq müəllimi müqəddəsləşdirir, müəllimin dediyi hər sözü özü üçün qanun hesab edir və ya müəllimləri içərisindən birinə daha çox bağlanır. Təəssüflər olsun ki, bəzən valideynlər bu nüansdan sui-istifadə edirlər.Bu dönəmdə valideynlərdən xüsusi diqqətli davranmağı tələb edən məsələlərdən biri də uşaqların yuxu rejiminə düzgün nəzarətdir. Uşaqların normal yuxu yatmasını təmin etmək lazımdır. Nəzərə alsaq ki, yay boyunca ailələr istirahətdə olurlar, uşaqlar gecələr gec yatır, tətil edir, sonra isə dərhal məktəb həyatına başlayırlar. Məhz bu səbəbdən də uşaqların həmin yuxu rejiminə uyğunlaşması çətin olur. Bunu nəzərə alaraq, mən tətildə belə Məsudun yuxu saatlarına diqqət edirdim ki, məktəb başlayanda “niyə artıq çox yata bilmirəm?” deyib gileylənməsin. Uşağın axşam saat 11-12də yatması birmənalı şəkildə yalnışdır. Gərək uşaq saat 9-da, ən geci saat 10-da yatsın ki, səhər rahatlıqla dura bilsin.
  • Nəzərə alsam ki, suallarımı bu sahə üzrə mütəxəssis, peşəkar birinə ünvanlayıram, o zaman fikirləriniz həqiqətən çox maraqlıdır. Az əvvəl bu məsələyə toxundunuz. Etraflı izah etmənizi istərdim, valideynlər necə etməlidirlər ki, uşaqlar məktəb rejiminə daha rahat adaptasiya olunsunlar?
  • Baxın, burda uşağın yuxu rejimi önə çıxır. Uşağın gecə rahat yuxu yatması önəmlidir. Əks halda valideyn hər səhər böyük bir əziyyətlə qarşılaşacaq. Düzdür, bizim evdə bu hal müşahidə olunmur. Çünki Məsud demək olar ki, bizim zəngli saatımızdır. Hər səhər saat 7-də yuxudan durur. Amma valideynlərə məsləhətim odur ki, səhərlər uşağı yuxudan durquzarkən dayanmadan “dur! dur! dur! “ deməsinlər, uşağı tələsdirib dərhal üstündən yorğanını götürməsinlər, bir sözlə, uşağı oyadarkən aqressiv davranış nümayiş etdirməsinlər. Özünüzü uşağın yerinə qoyun, şirin-şirin yatarkən kimsə sizi əsəbi şəkildə yuxudan oyadır, yuxudan durduqdan sonra etməli olduğunuz bütün işləri gözünüzün qabağına gətirirsiniz. Və belə deyək də, işləri gözünüzdə böyüdürsünüz, bu halda isə yuxudan durmaq daha da çətinləşir. Belə hallarda uşağa biraz vicdan yükləmək lazımdır. Düzgün olar ki, uşağı yuxudan durquzarkən ona 15 dəq. vaxt verilsin. Məsələn, ana deyə bilər ki, “ mən sənin yeməyini hazırlayıram, birazdan sən də yuxudan dur gəl, gözləyirəm səni”. Bəli, bu vəziyyətdə bir çox uşaqda arxayınlıq yarana bilər, onsuz anam bir də gəlib durquzacaq deyib yenidən yata bilər. Amma valideyn səy göstərməlidir ki, uşağı öz öhdəlikləri ilə üzləşdirsin. Məsələn, uşaq yuxudan gec qalxırsa onu məcburən durquzmağa ehtiyac yoxdur. Eger o, dərsə geciksə məktəbdə tənbəh eşidəcək, müəllimi bir daha gecikməməli olduğunu bildirəcək. Yaxşı olar ki, uşaq səhvini anlasın, nə üçün yuxudan vaxtında durmalı olduğunu özü başa düşsün. Valideynin də yardımı ilə o bir daha bu yalnışı etməyəcək. Burda vacib məsələlərdən biri də, uşağın yuxudan xoş əhval-ruhiyyə ilə durmasıdır. Zəngli saat üçün uşağın sevdiyi bir mahnını quraşdırmaq olar. Məsələn, biz telefonda zəngli saatın bildirişinə Məsudun ən sevdiyi, pozitiv enerji aldığı mahnını qurmuşuq.  Və son olaraq, uşağı xoş sözlərlə, öpərək, qucaqlayaraq yuxudan oyatmaq, onunla birgə səhər idmanı etmək lazımdır. Uşağı təlaşlandırmaqdansa vaxtından tez durquzub yemeyini rahat yemesini, dərslərini təkrarlamasını təmin etmək daha düzgündür. Bu isə ilk növbədə uşağın normal gecə yuxusu yatmasından asılıdır.
  • Düzdür, müasir dövrümüzdə bu halların qarşısı yavaş-yavaş alınmaqdadır. Amma yenə də bəzi uşaqlar məktəbə gedərkən ağlayırlar, dərsə getmək istəmirlər. İlk əvvəl bilmək istərdim, bunun əsas səbəbini nədə görürsünüz? Və necə düşünürsünüz, bu situasiya ilə qarşılaşan valideyn necə davranmalıdır?
  • Ümumiyyətlə bu məsələdə uşağın öncədən bağçaya getməsi mühimdir. Statistik olaraq müşahidə edilmişdir ki, məktəbəqədər yaş dövründə bağçaya getmiş uşaqlarda məktəb qorxusu daha az müşahidə olunur. Evdə qapalı mühitdə böyüyən, əhatə dairəsi, dost çevrəsi geniş olmayan və ya sırf nənə-baba tərbiyəsi altında böyüyən, müəyyən davranış pozuntuları olan uşaqlar isə məktəbə getməkdən qorxurlar, adaptasiya olmaqda çətinlik çəkirlər. Həddindən artıq mükəmməlliyyətçi ailə mühitində böyüyən, aşırı nəzarətçi valideynlər tərəfindən tərbiyələndirilən uşaqlar cəmiyyətdən, ünsiyyətdən qaçırlar, bu səbəbdən də onlar məktəbə getmək istəmirlər. İndi iki halı sizin nəzərinizə çatdıracam, var məktəb fobiyası və bir də var uşaqda kaprizlər şəklində özünü göstərən məktəbə getmək istəksizliyi. Hansı ki, valideynlər bunu fərqləndirməyi bacarmalıdır. Belə deyək, əgər uşaq məktəbə gedərkən ağlayır və 15-20 dəq sonra vəziyyəti qəbullanır, az əvvəl anasının məktəbdə olduğunu belə unudur, hər hansı bir problem yaşamırsa bunu gözümüzdə böyütməyə ehtiyac yoxdur. Bu fobiya deyil, sadəcə uşağın kaprizidir. Həmin anda anasından ayrılmaq istəmir, anasının yanında olmağını istəyir. Amma bu bir fobiyadırsa uşaq sinfə girəndən dərsin sonuna qədər ağlayır, həyəcan səbəbindən qeyri-iradi altını isladır, davranışını itirir, hisslərini idarə edə bilmir. Bu zaman uşağa zülm vermək, hər dəfəsində danlaya-danlaya sinfə salmaq lazım deyil. Yaxud bəzən valideynlər uşaq qorxmasın deyə dərsin sonuna qədər sinifdə oturmaq üçün israrlı davranırlar. Təbii ki, bunlar tamamilə yalnışdır. Valideynin vaxtında məsələylə bağlı tədbir görməsi, psixoloq və ya pedaqoqla birgə işləyib peşəkar davranması daha məqsədəuyğundur. Uşaqda məktəb qorxusunun olmaması üçün o,  fiziki və psixoloji məktəbə hazır olmalı,onun pedaqoji və psixoloji bacarıqları məktəbə uyğun gəlməlidir. Burda bütün cəhətlər nəzərə alınmalıdır. Uşağın yaşı 6-dır, çəkisi normaldır, fiziki gücü var, saymağı bilir, rəqəmləri tanıyır.  Bütün bunlar o demək deyil ki, uşaq məktəbə hazırdır. Ən əsası uşaq psixoloji olaraq özünü məktəbə hazır hiss etməlidir.  Məktəbə qəbul zamanı azmı müşahidə olunur aktiv uşaqların testlərdə aşağı nəticə göstərməsi?. Valideyn öncədən bunu müəyyənləşdirməlidir. Hal-hazırda mərkəzimizdə uşaqlarımıza “Metropalitan” və “OKHT” (məktəb öncəsi hazırlıq testi) testləri tətbiq edilir, hansı ki, valideynlərimiz bundan yararlanırlar. Elə oğluma da məktəbdən əvvəl bu testləri tətbiq etmişdim. Bu zaman uşağın həm pedaqoji bacarıqları yoxlanılır, həm də məktəbə psixloji hazırlığının davamlılığı müəyyənləşdirilir, “uşaq psixoloji cəhətdən bu yükü qaldıra bilərmi?” sualı öz cavabını tapır. Uşaqda oturma vərdişi, müəllimi dinləmə qabiliyyəti, ünsiyyət qurma bacarığı olmalıdır. Bütün bunlar isə onun psxiloji hazırlığından irəli gəlir. Dostları, yaşıdları ilə ünsiyyət qura bilməyən, şiddətə meyilli, özünə qapalı olan uşaq sözsüz dərs prosesində çətinlik çəkəcəkdir.

   Valideynlər səbirli olmağı bacarmalıdırlar. Uşağın məktəbə adaptasiyası problemi düzgün davranıldıqda zamanla öz həllini tapır. Uşaqdan ideallıq gözləmək lazım deyil. İlk bir ay hər bir uşaqda məktəbə uyğunlaşma dönəmidir. Bu dönəmi hər bir uşaq fərqli şəkildə başa vurur, hər bir uşaqda fərqli davranışlar özünü göstərir. Məsələn, mənim oğlum artıq bir neçə gündür ki, məktəbə gedir və mən evdə onun davranışlarında gərginlik hiss edirəm, hər bir xırda şeyə tez əsəbləşdiyini görürəm. Təbii haldır. Uşağın mühiti dəyişir, yenicə ayrıldığı bağça yoldaşları üçün darıxır. Məsud bağça yoldaşları ilə bir qrupda deyil deyə demək olar ki, hər gün gileylənir. Amma mən bir ana olaraq öz uşağımın ünsiyyət bacarıqlarına güvənirəm, bu problemi tədricən aradan qaldıracağına inanıram. Həmçinin, özüm də bu işdə ona yardımçı oluram, səhlənkar yanaşmıram. Belə ki, hal-hazırda məşğulam, müsahibə verirəm, oğlum isə aşağı mərtəbədə seansdadır. Çünki onun bu vəziyyətinin kəskin hal almasını istəmirəm. İstəyirəm ki, rahatlaşsın, aqressiyası yavaş-yavaş aradan qalxsın. Hörmətli valideynlər, məktəbə adaptasiya müddətində uşaqlarınızın davranışlarında xoşagəlməz hallar müşahidə edirsinizsə tam zamanında mütəxəssis yardımı alın, məktəb psixoloqu ilə məsləhətləşin. Gözləməyin ki, problem ən pik nöqtəyə gəlib çatsın, uşaq məktəbə getməsin, qussun, həyəcan səbəbindən səhər yeməklərindən imtina etsin, özünü yerə çırpsın, dərsə girməzdən əvvəl qarnı ağrımağa başlasın, sonra psixoloq yanına gətirəsiniz. Hətta gecələr yatmayan uşaqlar da var, hansı ki, səhər açılsa məktəbə gedəcək deyə qorxur. Bu kimi normal olmayan hallarla vaxtında maraqlanmaq, onları vaxtında korreksiya etmək lazımdır ki, böyüyəndə xarakterə çevrilib pataloji hal yaratmasın.

- Sentyabrın 15-i – ilk dərs günü. Burda iki fərqli məqam var. Hansı ki, ziddiyyət doğurur. Fikrinizi bilmək istərdim, sizcə həmin günü böyük təntənə ilə qarşılamaq, bütün yaxınlarla birgə məktəbə getmək, müasir dəbə uyğun desək, fotosessiyalar etmək, uşağa çoxlu hədiyyələr almaq düzgündür, yoxsa o günü adi qarşılayıb, uşağın gözündə çox da böyütmədən sadə bir şəkildə qeyd etmək?

- Bəli, maksimum dərəcədə çalışmaq lazımdır ki, məktəb uşağın gözündə çox da böyüdülməsin. Həmin gün uşağa çoxlu sayda hədiyyələr, mükafatlar veridikdə uşaq özü də hiss edir ki, onun həyatında nəsə mühim bir dönəm başlayır. Kaprizli uşaqlar isə bu haldan yararlanmağa çalışırlar, manipulyasiya aparatı kimi istifadə edirlər. Uşaq öz aləmində düşünür ki, anam, atam, nənəm, babam, bibilər, xalalar və s. qohumlar mən məktəbə gedirəm deyə bu qədər çox sevinirlərsə, hədiyyələr alırlarsa demək bu onlar üçün vacib məsələdir, mən ağlasam, məktəbə getmirəm desəm mənim nazımı çəkəcəklər, nə desəm edəcəklər, nə istəsəm alacaqlar. Digər bir halda bu davranış pozuntulu uşaqlarda qorxu yaradır, o fikirləşir ki, doğurdan da nəsə önəmli gündü, mənim üçün çətin günlər başlayır, ona görə də hamısı çalışır ki, indidən məni sevindirsin. Mən demirəm, valideyn həmin gün üçün hazırlıq görməməlidir. Əlbəttə əlamətdar bir gündür. Sadəcə yaxşı olar ki, yavaş-yavaş hazırlıqlar görülsün, sırf həmin gün tortlar, şirniyyatlar bişirilməsin. O ki, qaldı sualınızda fotosessiya məsələsinə toxunmuşdunuz, inanırsınız, Mesudun ilk dərs günündə men fotoqraf çağırmamışdım, çünki bunu gərəkli hesab etmirəm. Bəli, o anı ölümsüzləşdirmək lazımdır.Amma adi günlərdə necə telefonla şəkillər çəkiriksə, həmin gün də telefonla şəkillər çəkdim. Sözüm ondadır ki, o günü qeyd etmək lazımdır, uşaq valideynin onun yanında olduğunu görməlidir, onunla birgə sevincinə sevindiyini duymalıdır. Amma burda böyük bir təntənəyə ehtiyac yoxdur. Ananın, atanın xoşbəxt bir şəkildə uşağın əllərindən tutması, əlindən tutaraq yanında olduqlarını bildirməsi, məktəbə aparması belə həmin günün sevincini paylaşmaqdır, yəqin qəbul edərsiniz ki, bu günümüzdə bunun özü belə bir çox uşaq üçün bayramdır.

- Gəlin, uşaqların iç dünyasından danışaq, onların psixologiyasına istinad edərək, necə düşünürsünüz, birinci sinfə gedən bir məktəblini ən çox narahat edən, yeri gələndə heç kəsə demədən özlüyündə düşündüyü məqam nədir?

- “Görəsən öhtəsindən gələ biləcəm?”, “hamı dərslərini yaxşı oxuyub çoxlu “5” alarsan deyir, bəs mən bunu bacara biləcəm?”- bu suallara cavab axtarır uşaqlar. Adətən çox böyük həvəslə, gözləntilərlə məktəbə gedən uşaqlar hansısa ümidsizliklə üzləşə bilərlər, bəllidir ki, müasir dərs sistemi, kurikulum proqramı çətin və məsuliyyətlidir. İlk başda bu uşaqların gözünü qorxudur, həyəcan yaradır. Uşaqlar ən çox bunu düşünürlər. İlk günün isə həmişə bir həyəcanı vardır. Bu biz böyüklərə də aiddir. Özümdən misal çəkəcəm, həftənin 2-3 günü efirlərdə oluram. Amma  yay boyu fasilədən sonra ilk efirə çıxanda həmişə bir həyəcan, narahatlıq hiss edirəm. Odur ki, uşaqları da başa düşmək olar. Tədricən məktəbə uyğunlaşdıqdan sonra uşaqlar məktəblə bağlı arzular qurmağa başlayırlar, oxuyub hansı peşə sahibi olacaqlarını fikirləşirlər, çünki hamıdan ən çox bununla bağlı suallar eşidirlər.

-Məlum məsələdir ki, bu gün bir çox uşaqlar vaxtından əvvəl məktəbli olurlar və bu hal geniş vüsət almağa başlayıb. Bununla bağlı fikirləriniz necədir, niyə valideynlər bu işdə bu qədər çox maraqlıdırlar, bunun uşaq üçün müsbət və mənfi tərəfləri nədən ibarətdir?

-Bu əslində bizim etnopsixologiyamızdan qaynaqlanan bir haldır, yəni biz çox şey üçün tələsirik, qabağa düşmək istəyirik. Sırf bu məsələdə deyil, başqa məsələlərdə də buna oxşar davranışlar göstəririk, adicə nitqində qüsuru olan  və yaxud da ailədə rus dilində qətiyyən danışılmayan bir uşağı bu gün valideynlər məcburən rus bölməsində oxudurlar. Eynilə də fiziki və psixi bacarıqları baxımından məktəbə hazır olmayan uşağı 5 yaşından məktəbə qoyurlar.  Tələsirlər, gələcəklə bağlı planlar qururlar, sanki hər şey bizim planımızla olurmuş kimi. Mən uşağın 5 yaşında məktəbə getməsinə pis yanaşmıram, əgər uşaq həqiqətən hazırdırsa niyə də olmasın?. Mənim öz oğlum da 6 yaşının tamamına bir nçə ay qalmış məktəbli oldu. Burda vacib məsələ valideynin düzgün davrana bilməsidir, uşağı qaldıra bilməyəcəyi yüklərlə yükləməməsidir, bacarığına uyğun olmayan bir işə məcburən yönləndirməməsidir. Hansı ki, bu da özlüyündə günümüzün əsas problemlərindəndir, uşaqda təşviş yaradır, yeri gələndə intiharla nəticələnir.

-Aydındır ki, məktəbli anası müəllimlə sıx əlaqədə olmalıdır. Bundan sonra siz də məktəbli anası olaraq valideyn iclaslarına qatılacaqsınız. Oxucularımıza müəllim-valideyn qarşılıqlı münasibətindən və bu münasibətin vacibliyindən danışmanızı istərdim.

-Əlbəttə bu çox önəmlidir, valideyn hər gün müəllimlə əlaqə saxlamalı, hər gün məktəbə gedə bilməsə də telefon vasitəsilə maraqlanmalı, uşağı haqqında, bu gün nələr etdiyi, dərsə necə cavab verdiyi haqqında maraqlanmalı, summativ nəticələrindən xəbərdar olmalıdır. Və bunu bir müddətdən sonra qırmaq yox, davamlı olaraq yerinə yetirmək lazımdır. Adətən, valideynlər ibtidai siniflərdə belə davranırlar, uşaq yuxarı sinfə qalxdıqca bu əlaqəni soyudurlar, lazım hesab etmirlər. Müəllim-valideyn əməkdaşlığı qorunmalıdır və valideyn bu əməkdaşlıqdan istifadə edib uşağı hədələməməli, yaxud müəllimi uşağın gözündə “xəbərçi” kimi canlandırmamalıdır.  Valideyn-müəllim münasibəti hər gün uşağa ötürülməməlidir, bəzən valideyn uşağın xəbəri olmadan maraqlanmalı, lazım gəldikdə uşağı bu haqqda məlumatlandırmalıdır. Valideynin tez-tez müəllim dəyişməsi də yalnış yanaşmadır. Məsələn müəllimdən övladı haqqında şikayət eşidən bəzi valideynlər bununla razılaşmırlar, müəllimi dəyişirlər. Halbuki müəllim-valideyn arasında paylaşım, fikir mübadiləsi olmalıdır. Valideyn müəllimlə yanaşı uşağını da araşdırmağı bacarmalıdır. Mən psixoloqam deyə heç vaxt düşünmürəm ki, mənim uşağım məktəbdə ideal olmalıdır, xeyr, o da insandır və onun da səhvləri ola bilər. Müəlimin onunla bağlı fikir və iradlarını normal qəbul edirəm.

-Valideynin birinci sinfə yola saldığı uşağın qız və ya oğlan olması, cinsi fərqi onun (valideynin) davranışında hansı fərqli məqamları gərəkdirir?

-Əslində cinsi fərqlər o qədər də qabardılmır. Bilirik ki, müasir dövrümüzdə valideynlər istər geyim seçimində, istərsə də rəng seçimində cinsi fərqləri əvvəlki qədər çox önə çəkmirlər. Amma təbii ki, bu məsələdə qız uşaqları dərslərinə qarşı daha məsuliyyətli olurlar. Odur ki, valideynlərin də qız uşaqlarından dərsləri ilə bağlı daha çox gözləntiləri olur. Eyni zamanda qız uşaqlarına daha çox tələblər qoyulur. Bir məsələni də qeyd edim ki, məktəb fobiyası ilə üzləşən uşaqların əksəriyyəti qızlardır. Məktəb kaprizi olan uşaqların əksəriyyəti isə oğlandır. Çünki oğlanlar evdə qızlarla müqayisədə daha çox azad, sərbəst böyüdülür və məktəbə gedib bu krallığı əldən vermək istəmirlər.

-Narınc xanım, istərdim ki, bu məsələdə - uşaqların düzgün məktəb həyatı yaşamasında biraz da atalarımızın rolundan danışasınız.

-Bunu yəqin ki, siz də təsdiqləyərsiniz, hal-hazırki dövrdə atalar tərbiyə sistemindən kənarda qalır. İş saatının çox olması, səhər çıxıb axşam evə qayıtması baxımından analarımızla müqayisədə ataların qayğıkeşliyi ikinci dərəcəli olur, onlar uşağı daha az gördüyündən uşağa da çox ərköyünlük qazandırırlar, uşağın xətrinə dəymək istəmirlər. Buna görə də uşaqla problem yaşadıqda uşağın anaya aqressiyası daha çox olur. Amma nəzərə almalıyıq ki, atalara da tərbiyə işində məsuliyyət yükləmək lazımdır. Burda da analarımızın rolu böyükdür, qadın hər şeyi öz üstünə almamalıdır, atadan bəzi məsələləri tələb etməlidir. Mən çalışıram ki, uşağı hər dəfəsində özüm məktəbə aparmayım, bu məsələdə atanı da ön plana çəkməyə çalışıram. Hər dəfə israrlı şəkildə həyat yoldaşımdan işlərinin nə qədər çox olmasından asılı olmayaraq uşaqlara vaxt ayırmasını istəyirəm, bunu tez-tez onun yadına salıram. Uşağa çox yaxşı təsir edir atalarının onlarla birlikdə kitab oxuması. Ona görə də işdən nə qədər yorğun gəlsələr də çox yaxşı olar ki, atalar da uşaqlara vaxt ayırsın, onlara kitab oxusun. Belə şərait yarandığı halda uşaq atanın yanında kaprizlər etməməyə çalışır. Ata ilə ana uşaq tərbiyəsində oxu eyni nöqtəyə vurmalıdır, sözləri üst-üstə düşməlidir. Bu halda tərbiyə işi uğurlu ola bilər.

-Narınc xanım, həqiqətən çox maraqlıdır,təbii ki, hər bir anada olduğu kimi sizin də Məsud balacaykən onun məktəbli olması ilə bağlı planlarınız vardı. Hansı ki, özünüzdə bir məktəbli anası obrazı yaratmışdınız.  Bu gün həmin ananı real olaraq yaşada bilirsinizmi ? Narınc Rüstəmovanın iş qadını olması bu məsələyə necə təsir edir?

- Maraqlı sualdır... Sözsüz xəyallarımızda hər şeyi ən yaxşı şəkildə canlandırırıq. Amma yaşayarkən heç də hər şey qüsursuz və xəyalımızda düşündüyümüz kimi olmur. Bəli Məsudun balacalığında həmişə bu günlə bağlı çoxlu xəyallarım vardı. Təbii ki, real həyatda xəyalımdakı ideal ana obrazına tam çata bilmərəm. Düşünürəm ki, əgər çatsaydım hədəflərim qalmazdı, bu halda isə həyatın bir dəyəri olmazdı. Lakin maksimum dərəcədə əlimdən gələni edirəm ki, bir ana olaraq onun təlim-tərbiyəsinə doğru vaxtı doğru şəkildə ayıra bilim. Və şübhəsiz ki, peşə bacarıqlarım bu işdə mənim çox köməyimə çatır. Ən əsas çalışıram ki, övladım öz məsuliyyətlərinin öhdəsindən özü gəlməyə çalışsın. Hər dəfəsində onun dərslərini mənimlə birgə öyrənməsi üçün deyil də, mənə təhvil verməsi üçün şərait yaradıram. İstmirəm ki, həmişə mənə arxayın olsun. Sualınızda düz qeyd etdiniz, iş həyatım az-çox bu məsələyə təsir edir, bəli mən iş qadınıyam, amma bundan daha önəmlisi mən bir anayam. İşlərimin övladlarımın təhsilini, tərbiyəsini geridə qoymasına yol verə bilmərəm.

-Narınc xanım, son olaraq oxucularımıza, yenicə məktəbli olmuş balaca dostlarımıza nələri demək istərdiniz ?

- Valideynlərimizə son olaraq bildirmək istərdim ki, şərait yaradın ki, uşaqlarınızın öz hədəfləri olsun. Onları heç vaxt öz potensiallarından artıq işlərə təhrik etməyin, əgər uşağınız bir səhifə əvəzinə yarım səhifəni öyrənə bilirsə, amma gözünüzün qabağında bunun üçün əziyyət çəkir, çalışırsa onu elə bu zəhmətinə görə  qiymətləndirin. O ki, qaldı balaca dostlarımıza, mən onların hər birinə sağlıqlı yaşam diləyilə yenicə başlayan məktəb həyatında uğurlar arzu edirəm. Hər zaman layiqli qiymətlərini almalarını diləyirəm. Son olaraq, əziz balacalar, harda və hansı yaş dönəmində olmanızdan asılı olmayaraq həyat həmişə üzünüzə gülsün.

  Hörmətli psixoloq Narınc Rüstəmovaya dəyərli fikirlərinə görə ürəkdən təşəkkür edirik.

           Müsahibəni hazırladı : "Narınc" psixologiya qəzetinin redaksiya heyətinin üzvü Abuşova Sevinc.

Go Back

HƏM DƏ MƏDƏNİYYƏT OLAN İSTİRAHƏT: ONU NECƏ QURMALI?

Təbiət qoynunda, telefondan, internetdən uzaq…

“İstirahətə vaxt tapa bilməyən insanlar, gec-tez xəstəliyə vaxt tapmağa məcbur olacaqlar”. Bu fikir Con Vanameykerə məxsusdur. Xüsusilə yay aylarında hər kəs mütləq istirahətə vaxt ayırmağa çalışır, etməlidir də. Çünki isti yay günlərini bütünlüklə iş başında olan, istirahət etməyən şəxsdən yeni mövsümdə fərqli ideya, iş gözləmək də olmaz.

İstirahət deyəndə isə hər kəs fərqli fikir səsləndirir. Kiminə görə istirahət ailəsinin yanında olmaq, kiminə görə fərqli yerlər gəzməkdir, digərinə görə isə işə aid hər şeydən uzaqlaşmaq… Bu siyahını kifayət qədər uzatmaq da olar. Amma bizdə istirahət dedikdə çox insanın düşüncəsinə “yemək-içmək” məsələsi hakim olur.  Bir sözlə, istirahət həm də mədəniyyətdir. Biz istirahət mədəniyyətini necə qurmalıyıq?

Mineral sulardan istifadə etmək, şehli çəmənlikdə gəzmək

 

“Luna Travel” turizm agentliyinin direktoru Rəhman Quliyev “Kaspi”yə açıqlamasında bildirdi ki, tibbi cəhətdən dünya təcrübəsində həkimlər səyahət etməyi, gəzməyi xəstələrə dərman kimi məsləhət görürlər: “Gəzmək, səyahət etmək bir nömrəli müalicə deməkdir. İnsan psixologiyasına ən müsbət təsir edən amillərdən biri səyahətdir. Bu elmi cəhətdən də sübut olunub. Bizdə həkimlər adətən dərmanlara üstünlük verirlər. Amma Avropada müayinəyə gedəndə, həkimin məsləhətindən biri də səyahət, istirahət olur. Avropada bəzi həkimlər Naftalana gəlməyi tövsiyə edirlər. Səhər, yaxud axşamlar dəniz qırağında gəzinti, mineral sulardan istifadə etmək, şehli çəmənlikdə gəzmək. Bunlar hamısı turistin özünün müalicəsinə birbaşa təsir edən amillərdəndir. İstirahət etmək üçün böyük maliyyənin olması şərt deyil. Hər kəs cibinə uyğun nəsə edə bilər”.

“Yemək üstünlük təşkil edəndə…”

R.Quliyev deyir ki, bizdə istirahət deyəndə, yerli turistlərin önəm verdiyi əsas məsələlərdən biri, hətta bəzən birincisi “yemək-içmək məclisi” olur: “İstirahət anlayışı azərbaycanlıların psixologiyasında əcnəbilərdən bir az fərqlidir. Bizdə istirahət deyəndə yemək məclisi ən vacib amil olaraq nəzərdə tutulur. Antalyada otel sifariş verəndə ilk suallardan biri yeməklə bağlı olur. Müalicə məqsədli istirahətlərdə belə birinci yeməklə maraqlanırlar. Amma əcnəbi turistlərdə yemək diqqət mərkəzində olmur. Avropalıları, rusiyalıları, yaxud körfəz ölkələrindən olanları Azərbaycana, əsasən çimərlik turizmi ilə cəlb edə bilərik. Onlar oteli, yeməyi deyil, dənizi, dənizdəki mineralları fikirləşirlər. Bizim yeməklə maraqlanmağımıza pis baxmıram, qınamaq olmaz. Bu, illərdən formalaşmış bir yanaşmadır. Yaxşı yeməyə, geyinməyə adət etmişik. Rusiyadan gələn turistə otel, xidmətlər haqda məlumat verəndə deyir ki, yeməyi yox, təbiəti, dənizi de, gəzməli, sakit istirahət etməli yer olsun. Yemək üstünlük təşkil edəndə, ağırlıq olur, istirahət yox”.

“Önəmlisi odur ki, istirahəti nə üçün etdiyini biləsən

Psixoloq Elnur Rüstəmov deyir ki, istirahət anlayışı insandan-insana dəyişir. Yəni kimə necə xoşdursa, o cür edə bilər: “Kimisi gərgin işdən sonra ailəsi ilə vaxt keçirməyi, kimisi valideynlərinin yanında olmağı, kimisi də dostlarla vaxt keçirməyi istirahət bilir, kimisi də yarımçıq qalan işləri tamamlamağı. Yaradıcı insanlar, elm adamları yay istirahətindən yarımçıq işlərini görmək cəhətdən də yararlanırlar. Yazıçıların, şairlərin əsərlərinə baxsaq, görərik ki, onların bir qismi yay aylarında yazılıb. Həm dincəliblər, həm də əsərlərini tamamlayıblar. Bu, fərdidir. Önəmlisi odur ki, istirahəti nə üçün etdiyini biləsən. Onsuz da çalışan insanlar uzunmüddətli istirahət etmirlər. Qısamüddətli istirahətə üstünük verirlər. Çox yaxşı olar ki, doğmalara, yaxınlara vaxt ayrılsın. Çünki bu gün biz çox dinamik bir həyat yaşayırıq, doğmalara az vaxt ayırırıq. Ona görə ailəyə, uşaqlara vaxt ayırmaq yaxşıdır”.

Ailə ilə birlikdə

E.Rüstəmov deyir ki, istirahət zamanı telefondan, internetdən mümkün qədər uzaq durmaq yaxşı olar: “Bu gün istirahət bir az fərqli anlam daşıyır. Yeyib-içmək, yaxud şəkil çəkdirib sosial şəbəkədə paylaşmaq… Bəzən üç gün istirahətdə olurlar, bir ay şəkil paylaşırlar. Bunun pis olduğunu demirəm, təki xoş şeylər çox olsun. Yəni istirahət fərdi xarakter daşıyır. Bu da informasiya əsrinin yaratmış olduğu nüanslardan biridir. Amma insan da var ki, istirahət zamanı sosial şəbəkədən, işdən uzaq durmaq istəyir. Biz də tövsiyə edirik ki, istirahət edərkən telefondan, internetdən mümkün qədər uzaq dayansınlar. Alınmırsa, az istifadə etsinlər. İstirahətdə olarkən bütün günü əldə telefon olması doğru bir şey deyil. İstirahətin effektli olması üçün işdən, gərginlikdən uzaq durmaq lazımdır”.

İstirahətə nə qədər vaxt ayrılmasına gəlincə, psixoloq bunun da fərdlərə görə dəyişdiyini dedi: “Şəxsən mənim özümə 4-5 günlük istirahət tam bəs edir. 15 gün gedib istirahət etmək mənə çatmır. Amma adam var ki, gərək istirahəti üçün xeyli vaxt ayırsın. Vaxt və istirahətin növündən, məkanından asılı olmayaraq, çalışmaq lazımdır ki, ailə ilə bir yerdə plan qurulsun, bir yerdə xoş anlar keçirilsin, can deyib, can eşitsinlər. Amma bəzən istirahətə gedərkən də dalaşırlar, qayıdarkən də. Bu cür istirahətə getməyin nə mənası oldu?”

“Tibbi cəhətdən yanaşsaq, gəzmək daha məsləhətlidir

Həkim-terapevt İbrahim Əfəndiyevin sözlərinə görə, təbiət qoynunda istirahət sağlamlıq üçün ən gözəlidir: “Adətən, biz ili sentyabr ayından qururuq. Çünki işlər, dərslər bu ayda başlayır. O vaxtdan da insanların beyninin bir qismində növbəti yayın istirahət planı durur. Hər kəs öz maddi durumuna görə təbii ki istirahət edəcəyi yeri də seçir. Ölkə xaricinə gedənlər də var, regionlarımızı seçənlər də. Elə insanlar var ki, Bakı daxilində şəhərdə əyləncə yerlərinə, dəniz kənarına, çimərliklərə getməklə  istirahət müddətlərini bitirirlər. Amma bir qisim adamlar gəzməyi, təbiət qoynunda olmağı sevirlər. Tibbi cəhətdən yanaşsaq, gəzmək daha məsləhətlidir. Həm sağlamlıq üçün yaxşıdır, həm də “çox gəzən çox bilər” misalının təsdiqi üçün. İstirahət deyərkən, yaşadığımız şəhərdən mümkün qədər uzaqda olmaq lazımdır. Çünki Bakının ekoloji xüsusiyyəti kənd yerlərindəkindən qat-qat aşağıdır. Ona görə bir ay, ay yarım Bakının kəndlərinə, respublikamızın digər yerlərinə getmək gözəl olar. Təbiət qoynunda olan istirahət zamanı orqanizm bol oksigen qəbul edir. Yaxud kənd yerlərindəki təbii suyun yerini heç nə vermir. O sulardan istifadə etmək çox xeyirlidir”.

Qidalanmaya diqqət

Həkim deyir ki, istirahət zamanı qidalanmaya da diqqət etmək vacibdir: “İnsanlar istirahət zamanı yeməyə çox diqqət ayırırlar. Çünki psixoloji olaraq düşünürlər ki, artıq heç yerə tələsmirlər. İşə çağıran yoxdur, tezdən durub harasa getməyəcəklər. Tam arxayınlıqla  süfrənin üstünə xeyli qida düzürlər və uzun müddət də yeyirlər. İstirahət olduğu üçün bunu tam qadağan etmək də olmaz. Amma bu, davamlı olaraq təkrarlanarsa, gələcəkdə onlar üçün istirahət olmayacaq. İstər-istəməz çox yemək orqanizmə mənfi təsirini göstərəcək. Təmiz hava olan yerdə iştaha da artır. Ona görə həm də çox yeyilir. İstirahət zamanı bir az çox yeməkdən, çəki almaqdan qorxmaq olmaz. Bunun üçün özünü gərginliyə salmağa ehtiyac yoxdur. Əgər bu il bir-iki kilo çəki alıbsınızsa, gələn il istirahətə gedərkən sizi kökəltməyəcək bir qida rejimi seçə bilərsiniz. Rayonda bişirilən yeməklərin tərkibindəkilər ekoloji cəhətdən təmizdir. Ona görə rayonlara gedənlər o qidalardan vaz keçə bilmirlər”.

“Uşaqları istirahətə öyrəşdirmək lazımdır

Bir çox hallarda, azyaşlı uşaqla istirahətə getməkdən valideynlər çəkinirlər. Bunu onların tez xəstələnməyi ilə əlaqələndirirlər. Həkim deyir ki, uşaqları öyrəşdirmək lazımdır: “Uşaqları nəinki rayonlara, eyni zamanda Bakı şəhəri daxilində də istirahətə tez-tez aparmaq lazımdır. Çox zaman hava bir az soyuq olan kimi uşağı “xəstələnər” deyib, çölə çıxarmırlar. Amma Bakının havası daha sərtdir, uşaq bu havaya öyrəşməlidir. Həyətə çıxmayan, hər yerə maşınla gedib-gələn uşaqlar, əlbəttə ki, çölə çıxdıqda hətta isti hava olsa da, xəstələnəcəklər, mədə-bağırsaq infeksiyaları baş qaldıracaq. Bir də səyahət zamanı uşağı soyuqdan gözləmək lazımdır. Xarici ölkəyə gedirsinizsə, uşaqlar üçün bir günlük yemək aparılsın. Onların mətbəxi ilə tanış olmadığımız üçün bunu nəzərə almaq lazımdır”.

Aygün Asimqızı

http://kaspi.az/az/hem-de-medeniyyet-olan-istirahet-onu-nece-qurmali/

 

Go Back

Guya onlar hər gün Şopenə, Bethovenə, Motsarta qulaq asırlar? - PSIXOLOQ ELNUR RÜSTƏMOV

Simsar.az “Çay dəsgahı” layihəsinə yenidən start verdi. Azərbaycanın tanınmış psixoloqlarından olan Elnur Rüstəmovu layihəmizdə iştirak etmək üçün “Dafne Restaurant”a dəvət edəndə “çox maraqlı olar, həm də istirahət etmiş olaram” – dedi. Qonağımızla çay içə-içə daha nədən danışmadıq ki? Yaponlardan başlayıb, arzularda bitən söhbətimizi sizə təqdim edirik. Göstərdikləri  dəstəyə görə "Dafne Restaurant"-a təşəkkürümüzü bildiririk!

Söhbətdə iştirak etdilər: İradə Nurəddinqızı, Nihadə Eyyubova, Cəmilə Məmmədova, Yasəmən Məmmədova

“Çayı nə ilə içməyi xoşlayırsız”

“Mən çayı daha çox qəndlə içməyi sevirəm. Arada konfet, şokoladdan da istifadə edirəm. Amma kəllə qəndlə çay içmək başqa aləmdir.

“Çay evinə gedirsiz?”

“Zərurət olmadıqca getmirəm. Vaxtım varsa, evimə gedib çayımı ailəmlə içirəm. Amma dostlarımla, ailə tanışlarımızla arada gedirik”.

“Deyirlər yaponların çox qəribə və özünəməxsus çay mərasimləri olur. Bu mərasimlər, xüsusi yerlərdə təşkil olunur və orada çay içmək üçün gərək 1 ay əvvəldən növbəyə yazılasan”...

“Əslində yaponlarla oxşar tərəflərimiz var. Ümumiyyətlə şərq fəlsəfəsi, şərq adət-ənənəsi və mədəniyyəti oxşardr. Əlbəttəki fəqli xüsusiyyətlər də var. Maraqlı və çalışqan xalqdır. Dediyiniz çay mərasimi də maraq doğurur”.

“Elnur müəllim, ümumiyyətlə istirahətinizi necə keçirirsiz?

“Mənim üçün konkret olaraq istirahət günü yoxdur. Elə olub ki, bazar günü də işləmişəm. Ancaq işdən sonra buna özümüz qərar veririk ki,  bu gün necə istirahət edək? Ümumiyyətlə, mən anlaya bilımirəm insan bir ay necə istirahət edə bilər? Təəccüblənirəm ki, 3gün iş görmədən necə dayana bilər insan? Mənim beynimdə dincəlmək müəyyən bir saatdır. Işimi görərəm sonra gedib dincələrəm. Bu cür istirahətimdən də işimdən də məmnunam.  Onu da deyim ki, əgər ailəmlə bir yerdəyəmsə, deməli mən istirahət edirəm”.

“Bəs dünya turu?”

“Hə, bax dünyanı gəzərəm. Həvəsim var, gedim gəzim, görüm, tanış olum. Dünyanı gəzmək çox maraqlıdır. Deyirlər çox gəzən, çox bilər.

 

 

“Ən çox görmək istədiyiniz hansı ölkədir?”

“Əksər ölkələrdə olmuşam, ancaq Tibetə getmək istərdim. Orda heç olmasa 1 ay yaşayım. Bakısız qala bilmərəm. Tələbəlik illərimdən bəri arzumdur ki, Tibetə gedim, lamalarla görüşüm. Düşünürəm ki, ora sivilizasiyanın beşiyidir.”

“Xaricə gedəndə markalardan alış-veriş etməyi sevirsiz?”

“Saatlara marağım çoxdur. Alanda brend saatlar alıram. Evimizdə bir guşə də ayırmışam saatlarım üçün.”

“Bəs geyim?”

“Geyimlərimi Narınc xanım seçir. Mən özüm tək geyim alanda yarıtmıram.”

“Deyirlər kişilərin bişirdikləri yeməklər daha dadlı olur. Sınaqdan keçirməmisiz?”

“Qətiyyən bacarmıram. Düzdür tələbə vaxtı eləmişəm, ancaq həmişə çalışmışam ki, yeməyi qardaşım hazırlasın. Indi də biz dostlarla yığışanda kabab çəkirlər, amma mən bacarmıram. Şişləri gətirərəm, nəyəsə kömək edərəm amma onu bişirə bilmərəm. Bunun üçün gərək adamda səriştə ola.”

“Axı “Gör-götür” dünyasıdır, oyrənə bilərsiz...”

“Bilirsiniz mən kinestetik insanam. Bu əgər mənim içimdən gəlmirsə, deməli onu etməyəcəyəm.”

“Ümumiyyətlə xüsusi olaraq mətbəx sevginiz var? Hansı yeməkləri daha çox sevirsiz?

-Daşdan yumşaq nə versələr yeyəcəm.

 

 

“Ev işi gördüyünüz vaxt olub? Məsələn heç pərdə asmısınız?”

“Xeyr mən heç bilmirəm pərdəni nə ilə vururlar? Düzdür mən demirəm ki, bacarmaram. Zərurət olmayıb ki eləməmişəm. Heç mənə təklif də eləməyiblər axı. Bəlkə də biliblər yarıtmıyacam.”(gülür)

“Musiqi ilə aranız necədir?”

“Demək olar ki, hər gün musiqiyə qulaq asıram. Muğamı çox sevirəm. Saatlarla oturub muğama qulaq asaram. Elə bura gələndə də radioda  “Gedək üzü küləyə” mahnısını səsləndirirdilər. O qədər ağır bir mahnıdır ki, mən çox ləzzət aıdım. Bayağı mahnılara da qulaq asıram. Niyə də olmasın?”

“Məsələn, Üzeyirə?”

“Bəli Üzeyirə də qulaq asmışam. Gəlin səmimi olaq, bizdə bir tendensiya var ki, hamı özünü ziyalı kimi göstərmək istəyir. Guya onlar hər gün Şopenə, Bethovenə, Motsarta qulaq asırlar? Youtube-da Üzeyirin baxış sayı milyondan yuxarıdır. Bu milyonun hamısı səviyyəsizdir? Keyfim istəyib qulaq asıram. Yazıq Üzeyir  kimə nə edib axı? Elə tərpənən ona söz deyir. Onun heç bir iddiası yoxdur axı, öz mahnısını oxuyur da.”

“Seriallara necə baxırsız?”

“Azərbaycan seriallarına çox baxmaq istərdim. Amma alınmayıb. Hazırda baxdığım bir türk serialı var  “Eşkiya dünyaya hükumdar olmaz”. Bu serialı müasir Türkiyə reallığı ilə uyğunlaşdırıblar.”

“Sizə öz sahənizlə bağlı kinodan rol təklifi gəlsə qəbul edərsiz?”

“Mən psixologiyaya aid A-dan Z-yə hər şey edərəm. Mənə desələr ki bu psixilogiya kitabını çıx şəhərdə sat, onu da edərəm.”

“Incəsənətə olan münasibətiniz maraqlıdır. İncəsənətin hansı sahəsi sizin üçün daha maraqlıdır?”

“Muzeylərə gedirəm, incəsənət əsərləri ilə maraqlanıram. Arada vaxt edəndə teatra, kinoya da gedirəm.

“Rəqs etməyi sevirsiz?”

“Xeyr xoşlamıram. Bunun sənətimlə heç bir bağlılığı yoxdur. Sadəcə olaraq beləyəm, hansısa toyda, nişanda ya ad günündə reqs etməyi sevmirəm. Düzdü çağıranda dururam biraz oynayıram, ancaq yenidən yerimə əyləşirəm. Bəzən söz də verirlər, təbrikimi edib, mahnı da sifariş edirəm.”

“Hansı mahnını sifariş edirsiz?”

““Qəmərim” mahnısını."

“ Maraqlıdır, niyə “Qəmər”im?”

“Xüsusi bir izahı yoxdur” (gülür)

“Amma psixoloqlar deyirlər ki, insanın etdiyi seçimlər şüuraltı ilə də bağlıdır”

“Bizdə kənddə ağsaqqallar var idi, həmişə onlar bu mahnını sifariş edib oynayardılar. Ara mahnısı deyil, çox samballı, ağır mahnıdır. Ola bilsin şüuraltımda elə ordan qalıb.

 

 

“Romantik insansız?”

“Əgər mən romantikəmsə, görəsən romantiklər kimdir? (gülür) Daha çox realistəm. Amma bu o demək deyil ki, sevmirəm. Mən öz yoldaşımı çox sevmişəm və indi də sevirəm, o hisləri yaşayıram. Mən ailəmdən, həyatımdan çox məmnunam.”

“Sevdiyiniz xüsusi məşğuliyyət var?”

“Üzməyi çox sevirəm. Saatlarla üzərəm heç yorulmaram da.

“Heyvansevərsiz?”

“Bəli, ev heyvanlarını sevirəm, xüsusilə iti. Hazırda evimizdə balıq saxlayıram. Açığı həyət evinə köçmək istəyirəm ki, it saxlayım. Ailə qurana qədər itim var idi. Evlənəndən sonra öldü. Mən bunu belə dəyərləndirirəm ki, o qisqandı, dözə bilmədi.”

“Hansı cins itləri sevirsiz?”

“Alman çoban iti. Ölən də bu cinsdən idi. İnanırsız uşaqlıqda məni o qədər it qapıb ki, amma yenə də itləri sevirəm.

“Bütün kişilərin avtomobil sevgisi olur. Sizdə də var?”

“O əslində keçilmiş bir mərhələdir. Hamı istəyir ki, avtomobili olsun, təmiz saxlasın, yüksək səsdə musiqiyə qulaq assın. Mən o mərhələni keçmişəm. Tələbə vaxtı, yadımdadır ki, qaldığımız evin aşağısında balaca park var idi. Axşamlar həmişə o parka gedib biraz gəzişirdim ki, beynim açılsın. Bir gün orda oturub dincəldiyim vaxt, bir “maşın” sürətlə və yüksək səsli musiqi ilə keçdi. Həmin vaxt  dedim ki, bir gün mənim də “maşın”ım olacaq və bax elə bu yerdən sürətlə və yüksək mahnı səsi ilə keçəcəm. Və onu da elədim. İndi isə, deməzdim maşınlara qarşı xüsusi sevgim var. Hansı maşın fərqi yoxdur, amma təmiz olsun”.

“Siyasəti izləyirsiz?

“Bəli, amma çox da dərinə getmirəm. Bizim bir qohum var həmişə deyərdi ki, yaşamaq istəyirsənsə, bir siyasətdən, bir də narkotikdən uzaq dur. Mən siyasəti izləsəmdə rəy bildirmirəm. Fikirləşirəm ki, bu mənim işim deyil axı. Trampın prezident seçilməyini gözləyirdim. Onun kitabını da alıb oxumuşam. Çox maraqlı fikirləri var. Qoçaq adamdır və təpədən dırnağa özüdür.

“Sosial şəbəkələrdə aktivsiz. Zamanınızı çox almır ki?”

“O qədər də intensiv oturmuram sosial şəbəkələrdə. Işim düşəndən-düşənə istifadə edirəm. Çünki mən orada vaxt itirmək istəmirəm. Bacardığım qədər uzaq dururam.”

 

 

“Jurnalistlərlə aranız necədir?”

“Çox yaxşı. Hətta dostlarım da var.”

“Olubmu ki, sizin fikrinizi təhrif ediblər?

“O qədər”

“Ailədə neçə övlad olmusuz?”

“4 övladıq, 3 qardaş 1 bacı. Bacım tibb kollecini bitirib, o artıq ailəlidir. Bir qardaşım doktorantdır, Azərbaycan Dövlət Dəniz Admistrasiyasında məsul vəzifədə çalışır. Bir qardaşım da atamın yanındadır ona kömək edir.”

“Evdə uşaqların tərbiyəsi ilə kim məşğul olur?”

“Daha çox Narınc xanım məşğul olur. Təbii mənim də rolum var.”

“Özəl günlərinizi qeyd edirsiz yəqin ki. Bəs heç olubmu, unudasız, yaddan çıxarasız?”

“Əcəlimə susamamışam yaddan çıxarım.” (gülür)

“Kompleksiniz var?”

“Kompleks deyəndə mən çox vasvası insanam.”

“Böyük, əlçatmaz arzunuz var?

“Demək olar ki,  bütün arzularıma çatmışam. Nə istəmişəm Allah onu mənə verib. Hazırki arzularım, bəşəri arzulardır. İstərdim ki psixologiya ilə bağlı çoxlu kitablar nəşrl olunsun, klublar yaradılsın. İnsanlar bundan faydalansınlar.”

Cəmilə Məmmədova

Foto:Yasəmən Məmmədova

 

 

 

 

Go Back

“Son zamanlar insest hadisələri artıb...” - Psixoloqdan hər cür suala CAVAB

narinc.az Teleqraf.com saytına istinadənPsixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovun müsahibəsini təqdim edir.

-Elnur müəllim, ilk öncə intiharlardan danışaq. Qeyri-rəsmi məlumata görə, 2017-ci il başlayandan Azərbaycanda 40-a yaxın intihar hadisəsi baş verib. Niyə intiharların sayı artır?

 

-İntihar hadisəsi yalnız Azərbaycanda deyil, bütün dünyada baş verir. Avropada intihar göstəriciləri daha böyükdür. İntiharların formaları müxtəlifdir. İndi biz intihara klassik formada – kimsə özünü asdı, hardansa özünü atdı kimi baxmalı deyilik. Öz intiharına müxtəlif don geyindirənlər də olur. Məsələn, dini təsir altında Yaxın Şərqə müharibəyə döyüşməyə gedirlər. Əslində, bu da intihardı. Çünki gedən bilir ki, bu gedişin sonu yoxdur... 


İntihara təsir göstərən faktorlar, məqamlar da cürbəcürdür. İlk növbədə qlobal prosesləri diqqətə almalıyıq. Biz informasiya və qloballaşma dövrünün insanlarıyıq. Bu gün hər kəs informasiya basqısı altındadır. Telefonunun şarjı bitəndə adama daha çox gərginlik keçirir, nəinki ac olanda. Bu, artıq şüuraltı infeksiyadır. 


Əlbəttə, çoxsaylı informasiyalar insanın ruh halına təsir göstərir, gərginlik yaradır və canlı ünsiyyəti məhdudlaşdırır. Bu da şübhəsiz, həssas insanlarda pessimist duyğular doğurur və bəzən intihar hallarına gətirib çıxarır. İntiharlarda narahatlıq yaradan məqamlardan biri də belələrinin sırasında üzün sürən xəstəlikdən əziyyət çəkən, zərərli vərdişləri olan insanların yox, yeniyetmə və sağlam gənclərin daha çox olmasıdır. Bu da göstərir ki, artıq intihar birfaktorulu hadisə deyil. Diqqətdə saxlanmalı çox məqamlar var.

 

-Bəzən intihar edənləri dəli adlandıranlar da olur... 

 

-Məncə, bu, doğru yanaşma deyil. İnsan birdən-birə özünə qəsd etmir, ani intiharlar çox az hallarda baş verir. İntihar edən şəxs zaman-zaman özünü buna hazırlayır. Bu gün insanlar biri-birinə biganədirlər. Hər kəs çəkilib öz mağarasına. Əvvəllər canlı ünsiyyət daha çox idi, problemlə qarşılaşanlar biri-birilərinə dəstək verirdilər. Məsələn, 20 il əvvəl bir adam rəhmətə gedirdisə, 40 gün onun evinə gedib-gələn olurdu. Azı bir il müddətdə də həmin ailəyə baş çəkirdilər. 


Bu gün ölüm halları o qədər artıb ki, yalnız dəfnə gedirlər. Bu, bir misaldır, demək istəyirəm ki, insanlar arasında yadlaşma var. Özünə qəsd edənə zamanında dəstək verilsə, bəlkə də, onun problem həll olunar, o da bu yolu seçməz.


-Elnur müəllim, intihar düşüncəsində olan kimsə sizə müraciət edibmi?


-Bu cür müraciətlər çox olub. İntihardan geri qaytardıqlarımız da az deyil. Mən bir müddət işdə seanslar zamanı telefonlarımı təhvil verirdim. Bir dəfə seans zamanı qəbul otağından xanım telefonumu qaça-qaça gətirdi ki, bir nəfər zəng vurub ağlayır, sizinlə təcili danışmaq istəyir. Adam özünü dənizə atmaq istəyirdi. 

 

Telefonda söhbətləşdik, razılığa gəldik. Daha sonra görüşdük, bizdən psixoloji dəstək aldı. Artıq həmin şəxs real həyata qayıdıb, işləyir. Düzü, ondan sonra mən vərdişimi dəyişdim. İndi telefonları yanımda saxlayıram. Çalışıram zənglərə cavab verim. Telefonumu isə heç vaxt söndürmürəm...


-Bəs bir insanın  intihar etmək fikrinə düşdüyünü necə anlaya bilərik?


-Bunun konkret resepti yoxdur. Resept tapılsaydı, həyatda intihar edən olmazdı. Gəldiyim qənaət odur ki, müəyyən psixoloji pozuntu zamanı, yaxud elə sahələr var  ki, orda çalışan insanlar intihara meylli olurlar. Mən o sahələrin adını çəkmirəm ki, bu özü mənfi təbliğat rolu oynayar. İnsanlar arasında canlı ünsiyyət nə qədər çox olsa, intiharlar da o qədər azalacaq.

 

-Bu yaxınlarda Azərbaycan Tibb Universitetinin rektoru  Gəray Gəraybəylı açıqlama verdi ki, bəziləri psixiatrla psixoloqun fərqini bilmir. Bu açıqlamaya münasibətiniz necədir?


-Psixiatr tibb təhsilli, klinik problemlə məşğul olan mütəxəssisdir. O, dərman yazır, daha çox klinik problemlərlə məşğul olur. Psixoloq isə dərmanla işləmir, psixoloji narahatlıqla üzləşmiş insanlara yardım göstərir. Amerikanın bir sıra ştatlarında psixoloqlara bəzi dərmanları yazmağa da icazə verilir. 


Yaxınlara kimi bizim cəmiyyətdə psixoloqla psixiatrı fərqləndirməkdə çətinlik çəkirdilər. Zənnimcə, hazırda əvvəlki çətinlik yoxdur. Cəmiyyət xeyli maariflənib. Dərk edirlər ki, psixiatr təkcə şizofreniya xəstəliyindən əziyyət çəkən insanlarla məşğul olmur. Yəni psixiatr təkcə el dili ilə desək, dəliləri müalicə eləmir. Psixoloq da o cümlədən... 


Ancaq bəzi insanlar nevropatoloqla psixiatrın fərqini bilmir. Psixi problemi olan insanlar nevropatoloq yanına gedir, ya da əksinə...  Əslində stiqma ilə bağlı problemimiz də var. Psixoloqa, psixiatra getsəm mənə dəli deyərlər fikrindən əl çəkmək gərəkdir.


-Bəzən deyirlər ki, insan yuxusunda yaxın qohumu ilə bağlı erotik  yuxu görürsə, bu, həmin adamdakı psixoloji problemlərdən xəbər verir. Düzgündürmü?..


-İnsest hadisələrinə hərdən rast gəlirik. Ola bilər, hansısa insanın şüuraltısında elə bir meyl gizlənsin. Mən demirəm ki, o, anası, bacısı, xalası ilə cinsi əlaqədə olmaq istəyir. Amma səbəbsiz də ortaya heç nə çıxmır. Bu onu göstərir ki, yuxu görənin şüuraltısında o düşüncələr var... Çox zaman o yuxular da başa çatmır, yarımçıq qalır. Son zamanlar ana ilə övlad arasında insest hadisəsi baş verir. Əvvəllər belə hallar ictimailəşmirdi. Amma indi ictimailəşir. 


-Bayaq siz də qeyd elədiz. İnsanlar arasında belə bir fikir formalaşıb ki, psixoloqa gedirsənsə, dəlisən. Nədən irəli gəlir bu yanaşma? 


-“Psix” sözü insanları çaşdırır. Gəlin məsələyə bu aspektdən yanaşmayaq. Bu gün cəmiyyətdə sorğu aparsaq ki, filan rəngli içki, filan yemək necədir, cavab verəcəklər ki, insana ziyandır. Halbuki onu içir də, yeyir də. İnsanlarımız da psixoloqa gedirlər, amma gizlədirlər. Dəfələrlə qohumlar psixoloji seansa gələn zaman qeydiyyat şöbəsində rastlaşıblar.
 

-Sizə daha çox hansı problemlərlə müraciət edirlər? Bir insan həftədə neçə dəfə psixoloji seansa gələ bilər? 


-Çox problemlərlə bağlı müraciət edirlər. Mən əsasən yeniyetmələrlə və ailələrlə işləyirəm. Ailədaxili, təşviş-həyəcan pozuntusu  olan problemlərlə müraciət edənlər çox olur. Əgər seansa gələn insan ağır depressiyadadırsa, həftədə 3 dəfə psixoloq qəbulunda ola bilər. Bəzən onlayn psixoloji dəstək də göstəririk.


-Psixoloji seansların bahalığından şikayətlənənlər də var. İnsanların psixoloqlara az müraciət etməsinə qiymətlərin yüksək olması səbəb ola bilərmi?


 -Psixoloq bir xidmət sahəsidir, onun ödənişi var. Fikrimcə, bizdə psixoloji dəstək baha deyil. 10 ildir eşidirəm ki, psixoloqun qəbulu bahadır, ancaq bu qiymət dəyişməyib. Bir insan ildə 10 dəfə xəstəxanaya gedir, kifayət qədər pul xərcləyir, amma psixoloqa gedəndə deyir, bahadır. 


Səhiyyə Nazirliyi nəzdində psixoloji xidmət göstərən Psixi Sağlamlıq Mərkəzi də var. Orada xidmət ödənişsizdir, insanlar müraciət edib, dəstək ala bilərlər. 

 

-Sizcə, niyə xaricə psixoloq yanına gedirlər? Yerli psixoloqlara inamsızlıq varmı? 


-Müxtəlif səbəblər ola bilər. Bəzən psixoloqlardan qaynaqlanan səbəblər də olur. Xaricə gedənlər müəyyən qədər maddi imkanı olan insanlardır. Onlar bəzən yerli psixoloqlara etibar etmirlər. Düşünürlər ki, ailəsinin  problemini niyə psixoloqa danışsın... O da kiminsə yanında danışar. Nəticədə ailə sirri ortaya çıxar. Halbuki psixoloq üçün anonimlik müqəddəsdir. Bir müddət əvvələ kimi xaricə gedən vətəndaşlarımız çox idi. Artıq azalmağa başlayıb. 

 

-KİV-də kriminal hadisələr üstünlük təşkil edir. Sizcə, kriminal informasiyalar hansı qaydada verilməlidir? 


-Dünyada bu cür xəbərlərin verilməsi üçün qəbul olunmuş müxtəlif qaydalar var. Avropa ölkələrin kriminal xəbərlərin verilmə saatları müəyyən edilir. 

 

Kriminal olay həmişə olub və olacaq. Fikrimcə, belə hadisəni xəbər kimi yox, maarifləndirici mövzuda hazırlamaq lazımdır.  Çünki hər kəsin psixologiyası eyni deyil. Hərə özünə görə xəbərdən nəticə çıxarır. Bu gün Azərbaycanda kriminal xəbərlər yox, iqtisadi xəbərlər üstünlük təşkil edir. Bu da bir dönəmdir. Keçib gedəcək... 

 

Zaman-zaman müəyyən mövzular gündəmdə olur. İnkişaf etmiş ölkələr həmin mərhələləri keçiblər. Biz də o mərhələləri keçməliyik. 


-Elnur müəllim, statistika açıqlandı ki, 2016-ci ilin 11 ayı ərzində Azərbaycanda 60,8 min nikah və 12 min boşanma halları qeydə alınıb. Az rəqəm deyil. Niyə bu qədər boşanmalar baş verir?


-Filmlər, kitablar, mahnılar insanların şüuraltısına təsir göstərir. Onlar “ruhsal uyğunsuzluq”, “elektrik ala bilməmək” kimi fikirlərə düşürlər. Cütlüklər biri-biri ilə dil tapmalıdırlar. Bu gün bizim işləyən qadınlarımız var. Onlar  çalışır və diqqət istəyirlər. Deyirlər ki, evin kişisi ilə hər ikimiz evə gəldiksə, biri-birimizə köməklik etməliyik. Bəzən də kişi işdən çıxır gedir çay evinə, qadına deyir ki, sən get evdə otur. Bu, düzgün deyil. Yanaşmalarda problem var. Ailədə bərabərlik olanda problemlər azalır. 


-Ötən il məktəblərdə müxtəlif zorlanma hadisələri baş verdi. Təhsil ocağında şagirdlərin bu kimi halların şahidi olurlar. Bu, onların psixologiyasına necə təsir edir? 


-Əvvəllər oxşar xəbərləri xarici mətbuatdan alırdıq, amma indi öz ölkəmizdə baş verir. Bu gün orta məktəbdə oxuyan şagirdlər mühit, bilik və ailədaxili problemlər baxımından əvvəlki illərdən fərqli düşüncə və yükə sahibdirlər. Orta məktəblərdə baş verən xoşagəlməz hadisələr ürək açan deyil. Azərbaycanda məktəblərdə psixoloji dəstək peşəkar səviyyədə qurulmayıb. Düşünürəm, bir müddətdən sonra bu hallar tənzimlənəcək. 


-Bu yaxınlarda valideynləri evlənmələrinə icazə vermədiyi üçün iki gənc biri-birini sevdiyi üçün qoşulub qaçmışdı. KİV-dən kömək istəyirdilər. Bizim cəmiyyətdə hələ də bu cür problemlər qalmaqdadır. Niyə hələ də gənclərə valideyn müdaxiləsi var?


-Bu cür problemlər əvvəllər də olub. Bu gün isə dərinləşib. Qeyd etdiyiniz məsələyə hüquq baxımdan yanaşmayaq. Mənəvi tərəflər daha çox diqqətdə saxlanmalıdır. Bununla belə, heç kim  zəmanət vermir ki, iki gəncin qurduğu o ailə sabah doğurdan da xoşbəxt olacaq. İnsan ailə qurmağa yetişməlidir. 


-Psixoloji yardım haqqında qanunun qəbul olunması gözlənilir. Bu qanunu necə dəyərləndirirsiz?


-Çox müsbət haldır. Bu qanun qəbul olunandan sonra psixoloji dəstək təkmilləşəcək və axarına düşəcək. 


-Bu gün insanların real həyatdakı dostu virtual dostundan dəfələrlə azdır. Biri-birini tanımayan insanlar sosial şəbəkələr vasitəsi ilə tanış olur, dostlaşır, gizli sirlərini bölüşürlər. Niyə virtual münasibət real münasibətdən önə çıxır?


-Virtual münasibətləri üstün tutanlar real həyatdakı insanlara ümidsiz yanaşırlar. İnternetdə ünsiyyət isə dolayısı ilə onların təsəvvüründə ideal insanla ünsiyyətdir. İdealdakı insana hər sirri etibar etmək mümkün sayıldığı üçün bunu virtual aləmə keçirirlər. Ünsiyyət virtualdan real həyata keçəndə, yəni onlar görüşəndə yenə özlərinə qapılırlar...

 


İlhamə ƏBÜLFƏT

Go Back

Dağılan uşaqlı ailələrin psixoloq problemi

Quba rayon sakini Nuray Bayramzadənin xalasından alınaraq atasına verilməsi barədə məhkəmə qətnaməsinin icrası ilə bağlı sosial şəbəkələrdə yayımlanmış video-süjet, boşanan tərəflərin birgə izdivacdan dünyaya gələn uşaqlara münasibəti məsələsini yenidən gündəmə gətirdi. Məlumdur ki, ailə dağılmalarında ən çox travma alan tərəf uşaqlar hesab olunur. Ailənin düzəninin pozulması böyüklərdən çox uşaqlara təsir etdiyindən, onlara qarşı cəmiyyətdə münasibət də birmənalı olmur. Həmyaşıdları tərəfindən atası yaxud anası olmadığına görə, kinayəli atmacalara məruz qalan uşaqlar hələ kiçik yaşlarından psixoloji zədə almış olurlar. Ailə dağıldıqdan sonra tərəflərin bir-birinə olan kin-küdurətinin qurbanı da elə məhz uşaqlar olur. Boşanan tərəflər əksər hallarda biri-birilərinə olan hirs və acıqlarını uşaqları alət etməklə çıxartmağa üstünlük verirlər. Məhkəmə qətnaməsi ilə  uşaq anadadırsa, atanın uşaqla görüşünə süni maneələr yaradılır, uşaq atada olduqda isə hər vəchlə anadan gizlədilir. Bu kimi hallar isə, sözsüz ki, ən böyük zərbəni uşaq psixologiyasına vurur. Gülüşü üzündə donan bu körpələr aldıqları travmanın əziyyətini böyüdükdən sonra da çəkirlər. Bəs görəsən uşaqlı ailələrdə boşanma zamanı bu məsələ necə tənzimlənməlidir? Uşaqları böyüklərin intriqasının, eqosunun qurbanı olmaqdan qorumaq üsulları hansılardır? 

Psixoloq Elnur Rüstəmov Movqe.az-a açıqlamasında bildirib ki, boşanma zamanı uşaqların hansı tərəfdə qalması hüquqi yolla tənzimlənir. Və, bu bütün dünyada belədir. O ki, boşanma zamanı uşaqların fikrinin məhkəmədə öyrənilməsinə, yaxud da məhkəmə qətnaməsinin icrasına, həmsöhbətimiz bunun kor-koranə icrasının düzgün olmadığı fikrindədir. E. Rüstəmovun sözlərinə görə, uşaq məhkəməyə gətirilməzdən öncə, psixoloji cəhətdən buna hazırlanmalıdır. Hətta tərəflər ayrıldıqdan sonra belə, uşaqların bu ayrılığa psixoloji baxımdan hazırlanma prosesi aparılmalıdır: “Birdən-birə uşağı anadan yaxud da atadan ayırmaq olmaz. Eləcə də, tərəflər boşandıqdan sonra uşağın uzun müddət atasından, yaxud anasından uzaq tutulması, görüşdürülməməsi də uşağa psixoloji baxımdan mənfi təsir göstərir: “Ona görə də, ilk növbədə boşanma prosesində hər iki tərəfə psixoloq dəstəyi göstərilməlidir. Bu, hər iki tərəfə ayrıldıqdan sonra münasibətlərin necə saxlanılmasına kömək edir. Çox təəssüf ki, bizdə boşanma zamanı tərəflər əksər hallarda biri-birilərinə düşmən kəsilirlər. Bir-birilərini alçaldıcı ifadələrlə təhqir edirlər. Bu  hadisə çox zaman uşaqların gözü qarşısında baş verir. Uşaqlar valideynlərinin bir-birilərini necə təhqir etdiyinin canlı şahidi olurlar. Yaxud da tərəflər uşaqda qarşı tərəfə qarşı ikrah hissi doğuran, nifrət yaradan ifadələr işlədirlər. Bu yolverilməzdir. Bu zaman uşaq ataya, yaxud anaya nifrət hissi ilə böyüyür. Boşanan tərəflər öz münaqişələrindən mümkün qədər uşaqları kənar tutmağa çalışmalıdırlar. Bizdə isə, əksər hallarda əksinə vəziyyət müşahidə olunur. Boşanan tərəflər uşaqlardan alət kimi istifadə edirlər. Məhkəmə uşağın atası ilə görüşməsi üçün müddət təyin etsə də, ana uşağın atası ilə görüşünün baş tutmasına müxtəlif üsullarla mane olmağa çalışır. Tərəflər unudur ki, valideynlərdən birinin yoxluğu, uşağa mənfi təsir göstərir. Ona görə də, uşaq mütləq psixoloqun iştirakı ilə bu prosesə hazırlanmalıdır”.
Ekspert bildirir ki, məhkəmə icraçılarının da zorakılıq göstərmə faktı bir daha boşanmalar zamanı məhkəmə qətnamələrinin icrasında psixoloqların iştirakının vacibliyini sübut etdi.  Həmsöhbətimiz deyir ki, “ortada uşaq varsa, o ailəni dağıtmaq olmaz!” deyimiz səhvdir: “Çünki, elə valideynlər var ki, onun pis vərdişləri uşağın əxlaqına, tərbiyəsinə mənfi təsir edə bilər. Ona görə də, bu zaman ailənin qurulu qalmasından çox, dağılmasında fayda var. Amma bu zaman da, uşaq psixoloji baxımdan bu prosesə hazırlanmalıdır. Uşağın bir qolundan atanın, bir qolundan ananın tutub hərəsinin özünə tərəf çəkməsi uşağa psixoloji baxımdan zərbə vurur”.
E. Rüstəmov bildirir ki, uşağı birmənalı olaraq atadan ayırmaq da düzgün addım deyil: “Uşaqlar böyüdükdə onsuz da öz atalarını axtarıb tapırlar. Amma nəzərə almaq lazımdır ki, uşağın böyüməsində, tərbiyəsində atanın da payı olmalıdır”.

Zülfiyyə QULUYEVA  

movqe.az

Go Back

"Psixoloji yardım dövlət nəzarətində olmalıdır" - Baş psixiatr

“Milli Məclisdə psixoloji yardımı haqqında qanun layihəsinin müzakirə edilməsi çox vacib, düzgün addımdır”. Bunu APA-ya Səhiyyə Nazirliyinin baş psixiatrı, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli deyib.

 

Gəray Gəraybəyli psixologiyanın çox mürəkkəb və incə sahə olduğunu qeyd edərək, bir sözün insan psixologiyasına çox ağır zərbə vura bildiyini deyib: “Psixologiya son illər dünyada dəbdə olan istiqamətdədir. Müəyyən insanlar onu kommersiya, pul qazanmaq üçün istifadə edirlər. Əgər insana hansısa səhv dərman verilərsə, onu sonradan müəyyən etmək olur. Ancaq psixoloqun səhvini tutmaq mümkün deyil. İnsanlar elə bilirlər ki, kiminləsə danışmaq , həyatı barədə sual vermək psixoloji problemin həll edilməsi deməkdir. Xeyr, elə deyil. Ona görə də mən bu qanuna böyük ümid bəsləyirəm. Çünki yeni qanun bir çox məsələləri rəsmiləşdirməlidir. Psixoloqun təhsili olmalıdır, hansısa digər ixtisası qurtarmaq, 3 aylıq kurs keçəndən sonra psixoloq olmaq, ofis açmaq, 3-5 dəfə televiziyada çıxış edərək özünü reklam etmək psixoloji yardım deyil. Ona görə də psixoloji yardım da dövlət nəzarətində olmalıdır”.

 

metbuat.az

Go Back

"Uşaqlara ölümü əyləncəli şəkildə öyrətməliyik"- Psixoloq

 

Bu bayramı uşağına ziyanlıdır deyib, keçirtməmək xoxanla, həkimlə qorxutmaq və.s əcaib şiddət tərkibli kompüter oyunları oynamaq, cizgi filimlərinə baxmaq arasında heç bir fərq yoxdur.

İnterpress.az xəbər verir ki, bunu psixoloq Narınc Rüstəmova " Hollowen" bayramı uşaqlar üçün təhlükəlidirmi? suallına cavab olaraq bildirib.

“Hollewen” bayramı ilk görünüşdə insanlar vəhşiliyin təbliği kimi başa düşürlər. Əslində “Ölülər bayramı” dünyasını dəyişmiş şəxsləri yada etmək üçün bir vəsilədir. Zamanla uşaqlara ölümü tanımaq üçün əcaib, qorxulu varlıqların geyimləri ilə gəzərək şirniyyat yığmağa keçid edib. Ölümlə şirniyyat bərabərləşdirlib. Halva deyən kimi bizim ağlımıza ilk olaraq yas mərasimi gəlir. Bu bayramı uşağına ziyanlıdır deyib keçirtməmək xoxanla, həkimlə qorxutmaq və.s əcaib şiddət tərkibli kompüter oyunları oynamaq, cizgi filimlərinə baxmaq arasında heç bir fərq yoxdur. Uşaqlar çox zaman kökündə ölüm qoruxsu ilə qaranlıqdan, tək qalmaqdan, yaşlanmaqdan qorxarlar. Buna görə də uşaqlara ölümü əyləncəli şəkildə öyrətmək lazımdır. Bu qorxulu obrazın heç də real olmadığını hər biri maska olduğunu anlatmalıyıq”.


 

Gülşanə Mustafayeva
İnterpress.az

Go Back

Psixiatr: Hər bir insanda zoofiliya, pedofiliya var - MÜSAHİBƏ

 

Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının dosenti, psixiatr və psixoterapevt Araz Mənuçehrinin  müsahibəsini təqdim edirik!!!

 

- Psixiatriya çox dərin və olduqca mürəkkəb sahədir. Psixi xəstəliklər haqqında tibbi ədəbiyyata nəzər yetirmişəm. Qaranlıq qalan bir məqam bu cür xəstəliklərin yaranma səbəbinin dəqiq bilinməməsidir. Yəni bu xəstəliklərə tutulmuş insanlarda o, əbədi olaraq qalır. Mən istəyirəm söhbətə bu haqda olan müasir nəzəri yanaşmalarla giriş edək.

 

- Psixiatriya bir elm kimi 19-cu əsrin axırı, 20-ci əsrin əvvəllərində formalaşmağa başlayıb. Psixiatriyanın müasir forması isə 50-60 il bundan əvvəl formalaşmağa başladı. Buna görə də psixiatriya təbabətdə ən cavan elm sayılır. Bu elm təbabətin digər sahələrindən fərqli olaraq bir az kənarda dayanıb. Çünki psixiatriyanı bəzi insanlar təbabət yox, fəlsəfə hesab edirlər. Bir tərəfdən isə bu sahə hüquq-mühafizə orqanları ilə bağlıdır. Buna görə də bəzi insanlar da bu sahəyə hüquq-mühafizə orqanlarının bir qolu kimi baxır. Bəziləri də psixologiyanın bir istiqaməti kimi.

 

Siz düz qeyd etdiniz ki, psixi xəstəliklərin çoxunun səbəbləri hələ tam araşdırılmayıb. Belə bir fikir söyləyirlər ki, 90 faiz psixi xəstəliklərin yaranma səbəblərini tapmaq qeyri-mümkün olacaq. Səbəbini tapmaq üçün insan beynindən də güclü bir cihaz olmalıdır.

 

- Ziqmund Freyd nevrotik simptomların yaranma səbəbini seksual istəklərin təmin olunmaması ilə əlaqələndirirdi. Məncə, bunu müasir dövrdə adi məişət həyatında müşahidə etmək olar. Amma psixi xəstəliklərin səbəbini yalnız seksual aclıqla da bağlamaq olmaz axı. Bu baxımdandır ki, onun ardıcılları Freydi seksual sferanı mənbə kimi göstərməsinə görə tənqid edirdi.

 

- Freyddən danışanda çox insan səhvə yol verir. Onlar Freydin düşüncələrinin bir qismini əsas götürürlər. O fikirlər də nevrotik əlamətlərin əmələ gəlməsində seksual sferanın rolu ilə bağlıdır. Freyd hətta müharibələrin yaranmasını da seksual sfera ilə əlaqələndirirdi. Ancaq Freyd mühitin insana olan təsirini inkar edirdi. Freydin axırıncı elmi məqalələrinə də diqqət yetirmək lazımdır. Mən şəxsən o məqalələri oxumuşam. Freyd öz səhvini başa düşdüyünü etiraf edir. O yazırdı ki, insanda seksual sferanın əsas rol oynadığını qabartmasına görə səhv edib. O yazır: “Bəli, insanın psixi inkişafında seksual sferanın rolu böyükdür. Amma mənim böyük səhvim o idi ki, mühitin təsirini inkar edirdim”.

Bununla belə biz kliniki praktikada görürük ki, seksual çatışmazlıqlar insanlarda müxtəlif psixi pozuntular yarada bilir. Eyni zamanda biz başqa məqamları da göstərə bilərik ki, orada heç bir seksual pozuntu yoxdur, lakin nevrotik əlamətlər var.

Sizə bir şeyi də deyim. İndi çoxlu psixoloji istiqamətlər var. Müasir dövrdə ən çox istifadə olunan psixoloji istiqamət isə koqnitiv behaviorizmdir. Bu istiqamət insanları onların davranışı ilə qiymətləndirir. İnsan belə davranırsa, deməli, onun qiyməti budur. Bəziləri deyir ki, insanı sevməyi sözlə yox, hərəkətlə göstərmək lazımdır. Bunun əsasında behaviorizm deyir ki, insanı onun davranışı və hərəkətləri ilə dəyərləndirmək olar. 

 

- Psixi xəstəliklərin ən mürəkkəbi şizofreniyadır. Sizinlə müsahibəyə gəlməzdən öncə bu xəstəliklə bağlı çoxlu sənədli filmə baxdım, eyni zamanda tibbi ədəbiyyatdan mütaliələr etdim. Müasir yanaşmaya görə, bunun yaranması orqanizmdə olan defomin adlı maddənin artıq ifraz olunmasıdır. Tibb bu faktın şizofreniya yaratmasını tam olaraq təsdiqləyibmi?

 

- Tibb bunu tam olaraq təsdiq edib ki, şizofreniyanın yaranmasında neyromediatorlar böyük rol oynayır. Biz hələ narkotik maddələrdən, psixi travmalardan, həyat tərzindən danışmırıq. Bunları bir kənara qoyuruq. Neyromediatorlardan əsas rolu defomin oynayır. Defominin yüksək olması insanda müxtəlif psixi pozuntulara, sayıqlamara, hallüsinasiyalara səbəb ola bilər. 

 

- Bildiyimə görə, xüsusi dərman preparatları var ki, ondan istifadə etməklə defominin miqdarını azaltmaq olur.

 

- Bəli. Xüsusi dərmanlar var ki, onlar orqanizmdə defominin miqdarını azaldır və xəstəliyin əlamətləri aradan qalxır. Lakin bununla yanaşı, defominin çatışmazlığı nəticəsində başqa xəstəliklər yarana bilər. Defomin çatışmazlığı olanda insan parkinson xəstəliyinə tutulur. Yəni bu preparatlardan istifadə yan təsirlərə gətirib çıxara bilər. Təbii ki, biz burada başqa preparatlardan da istifadə edirik. Son zamanlar şizofreniyanın əlamətlərinin yaranmasında və onun ləğv edilməsində başqa neyromediatorların da rolunun olduğu təsdiq edilib. Bu da seratonindir. Seratonini “xoşbəxtlik harmonu” da adlandırırlar. Şizofreniya xəstələrinin çoxunda seratonin çatışmazlığı var. Defomin çoxluq edir, seratonin isə azlıq. Buna görə də, o xəstələrdə sayıqlamalar, hallüsinasiyalar olur. “Xoşbəxtlik hormonu” az olduğuna görə onların çoxunda aqressivlik, düşmənçilik hissi olur. 

 

- Bu dedikləriniz - maddələrin niyə artması, ya da azalması hər halda tibb elminə məlum olsaydı, psixi pozuntuların yaranmasının qarşısını almaq olardı. Yəqin ki, səhv düşünmürəm. 

 

- O maddələrin artıb-çoxalmasını aydınlaşdıra bilmirlər. Bu, qaranlıq bir məqamdır. Ümumiyyətlə deyim ki, şizofreniyanın etimologiyası üzərində aparılan tədqiqatlar günbəgün azalır. Bu sahədə işləyən elmi-tədqiqat institutlarının sayı azalır. Ona görə ki, hal-hazırda alimlərin hamısı startdadırlar. Onlar gözləyir ki, elmin başqa bir sahəsi inkişaf etsin, yeni cihazlar və metodlar kəşf olunsun. Psixiatrlar da bu metodlardan istifadə edərək axtarışlar aparmağa başlasınlar. Hal-hazırda isə müasir elmin, tibbin əlində olan bütün imkanlardan istifadə olunub. Amma nəticə qənaətbəxş deyil. Deməli, bundan artıq bir şey lazımdır. 

 

- Maraqlı bir məqam da diqqətimdən yayınmayıb. Bəzi xəstəliklər var ki, şizofreniklərdən yan keçir. Səhv etmirəmsə, onlar xərçəngə tutulmurlar. Nə qədər də qəribədir...

 

- Çox düz dediniz. 1960-cı illərdə şizofreniyanın yaranma səbəblərindən biri kimi autoimmun – xəstədə immun sisteminin pozulması göstərilirdi. İmmun sistemi pozulanda o, xəstənin öz orqanizmini yeməyə başlayır. Biz çox gözəl bilirik ki, xəstəliklərin yaranmasının 99 faiz səbəbi immun sistemidir. Biz yanğınlar zamanı xəsarət alanlardan, fizik travmalardan, zərbələrdən danışmırıq.

 

Təsəvvür edin, bir qripin yaranmasında immun sistemi nə qədər böyük rol oynayır. İmmun sistemi düzgün işləməyəndə o öz immunitetini yeyir. Şizofreniyanın yaranma faktorlarından biri autoimmundur. Tibb elmi gözəl bilir ki, xərçəng xəstəliyinin də əmələ gəlməsində immun sistemi mühüm rol oynayır. Yəqin ki, şizofreniya xəstələrində immun sistemi pozulsa da, onlarda xərçəngə qarşı bir immunitet də yaranır.

Əvvəllər şizofreniya xəstələrində vərəm olurdu. İndi isə, bu, demək olar ki, yoxdur. Vərəmin yayılmasında yemək çatışmazlığı, nəmişlik, təmiz havada olmamaq rol oynayır. Üstəgəl xəstələrin bir yerdə yığışması. Deyək ki, 3 nəfərlik palatada 10 nəfər yığışır. Onlar işıq üzü, Günəş görmür, vaxtında normal qidalanmırlar, çoxlu siqaret çəkirlər, qapalı yerdə olurlar. Onların orqanizmi siqaret tələb edir. Çünki onların istifadə etdiyi dərmanlar orqanizmdə siqaretə tələbat yaradır.

Bütün bunlara görə onlar arasında vərəm geniş yayılırdı, bir-birlərini yoluxdururdular. İndi isə şərait və imkanlar yaxşılaşıb. Əvvəllər, sovet vaxtı Maştağa xəstəxanasında Xüsusi Psixiatriya Vərəm Xəstəxanası var idi. O, ayrı bir xəstəxana idi. Oranın özünün baş həkimi var idi. Deməli, görün o zaman nə qədər ruhi xəstə vərəmə tutulurdu. 

 

- Sənədli filmə baxmışdım, 4 saat əvvəl ölmüş şizofreniya xəstəsinin beynini yarırlar. Həkimlər müşahidə aparmağa çalışır ki, bu beyin normal insanın beynindən nə ilə fərqlənir. Lakin dönüş yaradan bir nəticəyə rast gəlmirlər. 

 

- Hal-hazırda nisbətən təsdiq və qəbul olunmuş fikir budur ki, şizofreniya xəstələrinin beynindəki mədəciklər sağlam insandakından bir az genişdir. Vəssalam! 

 

- Freydin şagirdlərindən biri Otto Rank deyib ki, mazoxizm (insanın özü-özünə əziyyət verməsi) doğuş zamanı çəkilən əziyyətin ekvivalentidir. Bu fikirdə həqiqət varmı? 

 

- Hər bir insanda həm mazoxizm, həm sadizm, həm şizofreniya, həm zoofiliya, həm də pedofiliya var. Bütün insanlarda bunlar var. Bunun çoxlu sübutları var. Götürək sadizmi, yəni başqasına əziyyət verməkdən həzz almağı.

Sizə sadizmin gizli variantı barədə misal çəkəcəyəm. Məsələn, balaca uşaq konfet  istəyəndə, onları ağladırlar, oynadırlar, sonra onu verirlər. Sual olunur. Niyə uşaq ağlayandan sonra konfeti verirsən? Deməli, uşağın ağlamağından xoşun gəlir. Bu o deməkdir ki, insan öz sadist tələbatını yerinə yetirdi. Ya da götürüb balaca uşağı dişləyirlər. “Səni yeyərəm, şokolad kimi uşaqsan” deyirlər. Deməli, hamıda hannibalizmin elementləri var.

Bir də görürsən, “canını, gözünü yeyərəm” deyirlər. Bunlar hamısı onu göstərir ki, hər bir adamda sadizm, mazoxizm və sair var. Sadəcə olaraq bəzi adamlarda bu, kobud şəkildə üzə çıxa bilər. Bu da patologiya, psixi xəstəlik, cinayətkarlığa meyllilik yarada bilər. Eyni zamanda bütün bu patologiyalar normal istiqamətə yönəldilsə, insanın intellekti, davranışı yaxşı olar.

 

Misal üçün. Nekrofilləri, yəni meyitlə təmas etmək istəyən adamı normal istiqamətə yönəltsən, ondan yaxşı meyit yaran çıxar. Ya da pedofillik elementlərini özündə daşıyan biri normal tərbiyə altında istiqamət götürsə, ondan yaxşı uşaq həkimi olar.

Sizə mazoxizmlə bağlı misal da çəkim. Bir insanın əli yara olur, sonra o qabıqla bağlanır. İnsan çalışır ki, o qabığı qopartsın. Yüzlərlə belə nümunə gətirmək olar. 

 

- Dahi insanlarda çox qəribəliklər olur. Bəzilərinin cinsi oriyentasiyası normal olmur. Niyə məhz dahilərdə qeyri-adiliklər özünü daha qabarıq şəkildə göstərir?

 

- Dahilərlə psixi insanları birləşdirən və bir-birindən ayıran şeylər var. Bütün dahilər hamısı psixi xəstə sayılır. Amma hər bir psixi xəstə hələ dahi deyil.

Psixi xəstələrlə dahiləri birləşdirən cəhət budur ki, onlarda “olmazlar” az, “olarlar” çoxdur. Onlar öz fikirlərində, davranışlarında sərhəd qoymurlar.

Ancaq onu da qeyd edim ki, dahi insanda intellekt, istedad, savad da olmalıdır. Yoxsa o, dahi olmaz. 

 

- Dəfələrlə Ermənistan rəhbəri Serj Sarkisyanla bir masa ətrafında əyləşib danışıqlarda iştirak etmiş Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov bir dəfə belə demişdi: “Serj Sarkisyanın psixoloji durumu bərbad vəziyyətdədir”. Bir psixiatr kimi siz nə düşünürsünüz?

 

- Mən Sarkisyanın cavanlıq şəkillərinə də baxmışam: Robert Koçaryanla Qarabağda bir yerdə çəkdirdiyi şəkillər. Onun indiki fotolarına da baxıram. Məndə belə bir fikir var ki, hər bir insan hansısa heyvana oxşayır. Serj Sarkisyan da bayquşa oxşayır. Nə zaman ona baxıram, mənə bayquşu xatırladır. Ona baxanda elə bil bayquş görürəm. Deyirlər ki, guya bayquş ağıllıdır. Amma mən onun ağlını görməmişəm. 

 

- Maraqlı açıqlama idi. Heyvanlardan söz açdınız. Mən kənd mühitində böyümüşəm. Həmişə dəli qoyunları diqqətlə izləyirdim. Onlar bir kənara çəkilir, sürüdən ayrılır, tək otlayır. Sanki depressiyadadır. Sualı belə qoyacağam: heyvanlarda psixi problemlər hansı formadadır?

 

- Bu, dəqiq sübut olunmayıb. Ancaq mustanq atların intihar etdiyi bəllidir. Onlar dağdan özlərini atırlar. Pişiklər də intihar edirlər. Qocalmış pişiklər özlərini maşının altına atırlar. Sübut olunmuş bir faktdır ki, şimpanzenin insanlarla psixoloji davranışında çox oxşarlıq var. Bu meymunlar yeganə heyvanlardır ki, insanlar kimi müharibə aparırlar. 

 

- Hipnoterapiya ilə bağlı bir yazı oxumuşdum. Orada diqqətimi belə bir cümlə çəkdi ki, bir fərdlə müqayisədə kütləni hipnoz halına salmaq daha asandır. 
 

- Əlbəttə. Çünki kütlə, kütlə psixologiyası təsiri altına düşür. Kütlədə belə bir şey var ki, o, xəstə bir adamın arxasınca da gedə bilər. Təcrübəli psixoloqlar kütlə arasında olan bir lideri seçir. Ona lazımi təlqin göstərilsə, kütləni arxasınca apara bilər.

Amma indi hipnozdan müalicə vasitəsi kimi çox az istifadə olunur.

modern.az

Go Back

Gənc Psixoloq:Psixoloqlar hər tip insanla qarşılaşırlar, bəzən təhqir olunurlar, bəzən də... - MÜSAHİBƏ

Rublikamızın bu dəfəki qonağı yəqin ki, hamınıza tanışdır. Daha öncə də həmsöhbətimiz olmuş, xoşauralı, istedadlı və savadlı gənc psixoloq, Gənc Psixoloqlar İctimai Birliyinin baş katibi Rövşən Hümbətov! Bu dəfə də gənclərimiz üçün maarifləndirici söhbətimiz baş tutdu!

  • Başlayaq Gənc  Psixoloqlar İctimai Birliyindən! Necə olduki belə bir birlik yaratmaq qərarına gəldiniz?
  • Təxminən 2008  ci ilin oktyabr - noyabr ayları idi, universitetin 2 ci təhsil ili yenicə başlamışdı. Artıq birinci ilin sonlarından etibarən qrup daxilində özünü və gələcəyini psixologiyada görənlər ilə görməyənlərin ayrılması prosesi demək olar ki, tamamlanmaq üzrə idi. Bizim bir araya gəldiyimiz dostlar daima universitet təhsilinin yetərsizliyindən, praktik təhsilin aşağı səviyyədə olmasından şikayət edir və bu boşluğu doldurmaq üçün bizimlə birgə daimi axtarışlar edirdilər. Bundan başqa universitet daxilində psixoloji məktəb ənənəsinin olmaması və psixoloji mühitin əksikliyi tələbələrdə oxumaq həvəsini aşağı salırdı. Bütün bu faktorlar yeni axtarışlar içərisinə girməyimizə səbəb olaraq, təşkilatın yaranmasına baza hazırlamış oldu. İlk öncə universitet daxilində fəaliyyət göstərəcək psixologiya klubu yaratmaq qərarına gəlmişdik və bunun üçün hətta universitet rəhbərliyi ilə danışıqlar da aparmışdıq. Lakin rəhbərlik bu ideyaya qarşı çıxdığına görə klub ideyasını reallaşdırmaq mümkün olmadı və nəticədə biz universitet daxili psixologiya klubu əvəzinə bütün psixologiya sferasını və universitetləri əhatə edən “Gənc Psixoloqlar” İctimai Birliyini yaratmaq qərarına gəldik. Lakin o zamanlar təcrübəmizin az olması, dövlət səviyyəsində və vətəndaş cəmiyyətində kifayət qədər tanınmadığımıza görə birliyin qeydiyyata alınması prosesi biraz ləngidi və 2015 -ci ilin oktyabr ayında Ədliyyə Nazirliyi tərəfindən müraciətimizə baxılaraq, dövlət qeydiyyatına alınma prosesi rəsmi şəkildə tamamlanmış oldu. Bütün bu müddət ərzində təşkilat Azərbaycanda psixoloji fikrin yayılması və inkişaf etməsində xüsusi bir rol oynamışdır. Həm beynəlxalq səviyyəli layihələrdə iştirak ilə, həm də yerli miqyasda aparılan maarifçilik işləri ilə gənc psixoloqların mütəxəssis kimi yetişməsində və xalqa yüksək səviyyəli xidmət etməsində müstəsna işlər görülmüşdür.
  • Bu birliyin vəzifə və öhdəlikləri nədən ibarətdir?
  • Gənc Psixoloqlar İctimai birliyinin nizamnaməsini hazırlayarkən Azərbaycanda psixologiya sahəsində olan problemləri əsas tutub, işimizi bu istiqamətdə qurmağı komanda olaraq qarşımıza məqsəd qoymuşduq. Birlik olaraq əsas amalımız Azərbaycanda psixoloji fikrin yayılması işinə töhfə vermək, gənc psixoloqların ixtisaslı kadr kimi yetişməsini təmin edərək, psixoloji xidmət sahəsində inkişaf tempinin sürətlənməsinə nail olmaq və psixologiyada olan etik prinsiplərin psixoloqlar tərəfindən daha yaxşı qavranılmasına və onların gündəlik praktik fəaliyyətində istifadə olunmasına yardım etməkdən ibarət olmuşdur. Bundan başqa bildiyiniz kimi təşkilatımız “Avropa Tələbə Psixoloqlar Assosiyası”nın Azərbaycan üzrə rəsmi təmsilçisidir və həmin təşkilatın bütün xidmətlərindən yararlanmaq hüququna malikdir. Təşkilat olaraq yaxın zaman üçün əsas hədəflərimizdən biri 2017 -ci ilin Aprel ayında Azərbaycanda baş tutacaq “Avropa Tələbə Psixoloqlar Assosiyası”nın (EFPSA) illik qurultayının Azərbaycanda yüksək səviyyədə keçirilməsini təşkil etməkdir. Ümumavropa miqyasında tanınan bir tədbir keçirməklə ölkəmizlə Avropa psixoloqları arasında həm elmi həm də mədəni mübadilə prosesi daha fərqli bir müstəviyə keçmiş olacaqdır.
  • Gənc və yaradıcı bir psixoloq kimi ölkəmizdə psixologiyanın inkişaf tempini necə dəyərləndirirsiniz?
  • Bilirsiniz həyatda baş vərən hadisələrə həmişə müsbət istiqamətdən baxmağa, hadisələrin yaxşı tərəfini görməyi sevən xarakterdə olduğum üçün Azərbaycanda psixologiyanın vəziyyətini bir çox kolleqalardan fərqli olaraq çox pis vəziyyətdə olduğunu deməzdim. Düşünürəm ki, Azərbaycanda bu dəqiqə ən sürətli inkişaf edən, həm dövlət? həm də özəl sektor tərəfindən yeni layihələrinə qarşı maraqla yanaşılan və sərmayə qoyulan sahələr içərisində psixologiya qabaqcıl yerlərdən birini tutur. Psixologiya üzrə təhsil alan tələbələrin demək olar ki, çox hissəsi öz üzərində işləyərək, təhsildən əlavə özəl mərkəzlərdə kurslara gedir, müxtəlif layihə və idarələrdə könüllü psixoloqlar kimi çalışırlar. Bütün bunların bəhrəsini biz indi olmasa da hardasa bundan 5 - 10 il sonra daha qabarıq şəkildə görəcəyik. Eyni zamanda artıq tələbə və gənc psixoloqlarımız beynəlxalq səviyyəli konfrans və tədbirlərdə daha aktiv şəkildə iştirak edirlər. Öz təşkilatımızdan nümünə göstərə bilərəm ki, bundan 4-5 il öncə EFPSA tədbirlərinə ən yaxşı halda Azərbaycandan il ərzində 4-5 hətta bəzən daha az gənc psixoloq qatılırdısa, hazırda bu rəqəm bir neçə dəfə artmışdır. Hətta Portuqaliyada keçirilən son illik konqresdə Azərbaycandan 34 nəfər müraciət etmiş və rekord sayda olan iştirakçı yəni, 17 nədər Portuqaliyada keçirilən konqresdə aktiv iştirak etmiş hətta bəziləri öz tezisləri ilə də konfransda çıxışlar etmişdilər. Təbii ki, bütün bunlar sevindirici hallardır, ama bununla yanaşı bəzi problemlərin olmadığını demək də sadəlövhlük olardı. Azərbaycanda hal hazırda psixologiya sahəsində fəaliyyət göstərən bütün mərkəzlər, klinikalar, təşkilatlar, psixoloqlar, hətta psixatrlar bir birinin fəaliyyətində xəbərdardılar. Ama bu mərkəzlər arasında əməkdaşlıq demək olar ki, yox səviyyəsindədir, hətta bəzən əməkdaşlıq əvəzinə düşmənçilik belə edə bilirlər. Bu problem yəni psixoloqların bir birinin işlərini bəyənməməsi və dəstək verməməsi, inkişafın qarşısında duran ən böyük maneədir. Ümüd edirəm ki, arada olan sıxıntılar ortadan qalxacaq və psixologiyanın inkişafı naminə ortaq şəkildə hərəkət edən, eyni nöqtəyə vuran bir psixoloqlar nəsli tezliklə formalaşacaqdır.  

  • Praktik psixologiyaya nəzər salsaq Sizcə hansı daha çətindir,yetişkin insanlarla işləmək ya uşaqlarla?
  • Bu suala cavab vermək o qədər də asan deyil çünki həm öz təcrübəmə əsasən, həm də digər psixoloq kolleqaların fikirlərinə əsasən həm uşaqlarla, həm də yetişkinlərlə işləyənlərin necə ciddi problemlərlə qarşılaşıldığının şahidi oluruq. Azərbaycanda uşaq psixologiyası son 10 il ərzində yaranmağa və inkişaf etməyə başlayıb. Bu vaxta qədər uşaq psixologiyası unudulmuş geri plana atılmış bir sahə idi. Amma son dönəmlərdə kütləvi informasiya vasitələrində propaqandanın getməsi və eyni zamanda uşaqlarla işləyən mərkəzlərin sürətli şəkildə yayılması uşaq psixologiyasının ölkə daxilində inkişaf etməsinə səbəb oldu. Uşaqlarla işləyən psixoloqlar bir növ öz eqoistik düşüncələrindən azad olaraq, gün ərzində bir neçə dəfə bir neçə saatlığına uşaq olurlar və uşağın daxili dünyasının bu yolla açmağa cəhdlər edirlər. Yetkin insanlarla işləyən psixoloqlar isə hər tip insanla qarşılaşırlar, bəzən təhqir olunurlar, bəzən onların işlərinə laqeyd yanaşılır, ailə problemləri ilə məşğul olan zaman bəzən ailə üzvlərindən biri narazı olduğu üçün psixoloqa qarşı aqressiya göstərir və s bu kimi problemlərin olması müqayisəni çətin edir. Amma onu deyə bilərəm ki, psixoloq özünün hansı sahədə daha faydalı olacağını düşünürsə, o istiqamətə yönəlməli və psixoloji fəaliyyəti bu perspektivdə qurmalıdır.
  • GPB-nin yeni layihəsi olan Fəlsəfi Söhbət layihəsi elə ilk dəfədən gənclər tərəfindən olduqca maraqla qarşılandı. Bir az bu layihənin qısa təsvirini verərdinizmi? Layihənin təməl amalı nədir?
  • Müasir dövrdə sosial elm sahələrinin inkişaf etməsi və cəmiyyətdə öz yerini möhkəmlətməsi bu kimi elmlərə olan marağın daha da artmasına gətirib çıxarmışdır. Son dövrlərdə gənclər fəaliyyətinin daha da mütəşəkkil hal alması və gənclər təşkilatlarının fəallaşması nəticəsində intelektual gənclik yetişməsi prosesi sürətlənmiş və nəticədə gənclərin fəlsəfə, psixologiya, və s bu kimi sahələrə olan marağı dəfələrlə artırmışdır. Azərbaycanın qədim dövlərdən gələn elm yuvası olması, tarix boyunca düşünən, yaradan və fəlsəfi fikirə böyük töhfələr vermiş insanlar yetişdirmiş olması, hər bir vətəndaşın üzərinə bu ideyaları  yaymaq və dünyada təbliğ etmək kimi bir məsuliyyət qoyur. Bizlərdə bu məsuliyyəti nəzərə alaraq fəlsəfi söhbət layihəsini başladıb, Azərbaycanda fəlsəfə, psixologiya, din, elm, texnologiya, mədəniyyətşünaslıq kimi elm sahələrinin düşünən gənclərə çatdırılması işinə töhfə verməyi özümüzə borc bildik. Onu da qeyd etmək yerinə düşər ki, bu layihəni Binəqədi Rayon “Yeni Azərbaycan Partiyası” Gənclər Birliyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Gənc Psixoloqlar İctimai Birliyi birlikdə həyata keçirir.​
  • Layihə çərçivəsində gənclərlə görüşünü keçirəcəyiniz şəxsləri seçərkən hansı kriteriyalara üstünlük verirsiniz?
  • Mütəxəssis seçimi bu işin bəlkə də ən çətin mərhələsini təşkil edir. Layihə özlüyündə fəlsəfi psixoloji cərəyanları ehtiva etdiyi üçün gərək dəvət olunan qonaqlar, bu kriteriyalar üzrə kifayət qədər məlumatlı və təmsil etdiyi sənət növünün fəlsəfi – psixoloji tərəfini mükəmməl mənimsəmiş olsun. Bu səbəbdən də “Fəlsəfi Söhbət” layihəsində qonaq kimi iştirak edən şəxslərin öz sahələrində Azərbaycanın qabaqcıl elm adamları, mədəniyyətşünasları, psixoloq, filosof və yazıçıları olmasına diqqət edilir. Burda əsas məqsəd gənclərin intelektual təfəkkürü yüksək olan və öz sahəsində sözünü demiş olan sənət və elm adamları ilə eyni mühitdə olmasını təşkil edərək, informasiya mübadiləsini həyata keçirməkdir. Layihə başladığı andan indiyə qədər 5 görüş keçirilmiş və bu görüşlərdə müxtəlif qonaqlar, psixoloq Elnur Rüstəmov, filosof Mail Yaqub, ritm ustadı Natiq Şirinov (Natiq Ritm Qrupu) gənc yazarlardan Aqşin Yenisey və Cəlil Cavanşir, səyyah Azər Qərib iştirak etmişlər. Bir görüş isə qrup terapiyası formasında Badamdar qəsəbəsi ətrafında yerləşən Nəbatat bağında açıq havada keçirilmişdir. Bundan sonra da layihədə qonaq qismində müxtəlif peşələrdən olan dəyərli ziyalılarımız iştirak edəcək və gənclər ilə öz təcrübələrini bölüşəcəklər.
  • Sizcə bugün gənclərimizin sadəcə psixologiya deyil eləcə də elmin digər sahələrində göstərdikləri aktivlik, elmimizin dünyada tanınması üçün kifayətdirmi?
  • Bugünki dövrdə elm texnologiya o qədər sürətlə irəliləyərək inkişaf edir ki, yeniliklə ayaqlaşmaq nə qədər çalışsaq da mümkün olmur. Hətta bəzi alimlər texnologiyanın son mərhələdə insanoğlunun sonunu gətirəcəyini, məhvə səbəb olacağını belə iddia edirlər. Bu qədər dinamik inkişafın və irəliləyişin olduğu dünyamızda bizim insanların, xüsusilə də gənclərimizin dünya elm sahəsində daha çox aktivlik göstərmələri vacibdir. Hazırda Azərbaycan elminin dünyaya inteqrasiya səviyyəsi kifayət qədər ürəkaçan səviyyədə deyil. Gənclər arasında oxumağa, təhsilə, yeniliyə olan maraq nə qədər çox artmış olsa da  bununla kifayətlənmək olmaz. Bugün gənclərimizn əsas problemi vaxtlarını düzgün dəyərləndirməmək və gündəlik məişət söhbətlərindən kənara çıxa bilməməkdir. Həmin bu məişət söhbətləri insanların üzərinə əlavə məsuliyyətlər qoyaraq, rahat və istədikləri kimi yaşamalarının qarşısını alır. Hətta bəzən şahidi oluruq ki, burda hər cür şəraiti olan, uğur qazanmış gənclər bu səbəblərdən ölkəni tərk edərək, qırağa getməyə özlərini məcbur hiss edirlər. 
  • Dushunce.az Psixologiya Saytının izləyiciləri üçün bir psixoloq nöqteyi nəzərindən nə demək istərdiniz?
  • Düşüncə jurnalı özlüyündə Azərbaycanda psixologiya elminə hazırda praktik olaraq töhfə verə bilən bir neçə yazılı mənbədən biridir. Elə təkcə buna görə jurnalın kollektivinə səmimi minnətdarlığımı bildirərək, bu yolda daha möhkəm olmağa və psixoloji fikrin, ideyanın Azərbaycanda ən ucqar nöqtələrə qədər yayılmasını təmin etməyə səsləyirəm. Konfutsinin dediyi bir söz bunu açıqlamaq üçün lap yerinə düşür: Yolunu dəyişdirmədən davam etdiyin müddətdə, nə qədər yavaş getdiyinin heç bir önəmi yoxdur. Sizə də bu yolda istiqamətinizi dəyişmədən həmişə irəli addımlamağınızı arzulayıram...

Go Back

Biz ailə qurmaqla insanlardakı həmin fikiri “yıxdıq” – MÜSAHİBƏ

- Bu yaxınlarda ikinci dəfə ana oldunuz. Bu münasibətlə sizi təbrik edirik. Adətən, birinci uşaq özündən sonra doğulan bacı və ya qardaşının evə gəlməsini qısqanclıqla qarşılayır. Belə nüanslar olmasın deyə, siz böyük oğlunuzu buna nə cür hazırlaşdırdınız? Bu barədə gənc ailələrə hansı məsləhətləri verə bilərsiniz?

- Təşəkkür edirəm. Çox gözəl hissdir. Allah olmayanlara da nəsib etsin. Məsudun 5 yaşı var. Kiçik qardaşı barəsində onu əvvəlcədən psixoloji olaraq hazırlamışdıq. Buna görə də körpə evə gələndə böyük çətinlik çəkmədik. 

Adətən, 6-8 ayından sonra körpə yeriməyə, danışmağa başlayanda böyük bacı və ya qardaşı tərəfindən ikinci uşağa qarşı qısqanclıq yaranır. Əlbəttə, birinci uşaq evə ikincinin gəlişinə hazır olmadıqda 10 günlük körpəni də qısqana bilər, diqqət çəkmək üçün aqressiv şəkildə onu yamsılamağa başlayar.

Bunlar yaranmasın deyə, ilk növbədə, birinci uşağa ata və analıq hissini təbliğ etmək lazımdır. Biz Məsuda atalıq hissini aşıladıq. Artıq Elnar evə gələndən sonra onunla maraqlanmağa və mənə yardım etməyə başladı.

- İllər əvvəl valideynlər psixoloqla məsləhətləşməyi özləri üçün böyük kompleks hesab edirdilər. Hazırda müraciətlərdə dəyişklik varmı?

- Əvvəlki illərlə müqayisədə indi müraciətlər çoxalıb. Bunda KİV-in də rolu böyükdür. Kişilərə nisbətən qadınlar daha çox müraciət edirlər. Çünki əks cinsin nümayəndələri “mən kişiyəm, problemimi özüm həll etməliyəm” kimi düşüncə tərzi ilə yaşayır və psixoloqdan məsləhət almağı özlərinə kompleks hesab edirlər.

- Valideynlər sizə uşaqla bağlı daha çox hansı problemlərlə müraciət edirlər?

- Əsas müraciətlər valideynlərin uşaqla düzgün ünsiyyəti ilə bağlıdır. Problemlər mövsümə görə dəyişə bilir, məsələn, sentyabr-oktyabr və yanvar aylarında məktəbə uyğunlaşmaqla, yay aylarında davranışla, mart ayında depressiya, xasiyyətdəki dəyişkənliklə bağlı müraciətlər olunur. Bundan başqa tərbiyə üsulu ilə əlaqəli müxtəlif müraciətlər daxil olur.

- Belə bir deyim var: “Hər insanın bir, hər psixoloqun isə iki psixoloqa ehtiyacı var”. Bu, nə dərəcədə realdır? Psixoloq xəstələrin neqativ yüklənməsindən özünü necə xilas etməlidir?

- Əlbəttə, psixoloq özündə emsional yanma sindromu, yəni yorğunluq hissi, iş fəaliyyətinin aşağı düşməsi, hər şeyə qarşı istəksizlik və s. duyarsa, o zaman digər psixoloqa müraciət etməlidir. Bu cür halların qarşısını almaq üçün sağlam qidalanma və yuxu rejimi olmalı, hər zaman yeniliklər axtarmalıdır. Bu, emosional yanmanın sürətini azaldır. Hər bir psixoloq mütləq psixionaliz testindən keçməli, daha sonra iş həyatına başlamalıdır.

- Siz və həyat yoldaşınız (tanınmış psixoloq Elnur Rüstəmovdan söhbət gedir - red.) eyni sahənin insanlarsınız. Ətrafdakılar ailədə hər iki tərəfin psixoloq olduğunu biləndə, həmin ailəyə ideala yaxın ailə kimi baxırlar. Bu, doğrudan da belədir?

- Biz bir-birimizi işdə sevib ailə qurmuşuq. Evlilik qərarı verdikdə isə ətrafdakıların diqqətini çəkməyə başlamışdıq. Çünki insanlar düşünürlər ki, eyni peşə sahibləri arasında uğurlu nikah olmur. Ya onların hər zaman dava edəcəyi, ya da ayrılacağını deyirlər. Eyni peşəyə sahib olduqları üçün iş sahəsində də bir-birini qısqana bilərlər.

Lakin biz ailəmizin təməlini sağlam şəkildə qoyduğumuza görə, çox insanlara gözəl nümunə olduq. Bizdən sonra xeyli psixoloq və psixiatr tanışlarımız bir-birilə ailə qurdular. Həmin fikri biz “yıxdıq”, bu mövzuda insanlara bizim böyük təsirimiz oldu.

Ailə münasibətləri ilə iş münasibətlərini bir-birinə qatmaq olmaz. Psixoloq ailəsinin bir üstünlüyü də odur ki, probleminin səbəbini çözə bildiyi üçün arada yaranan xırda söz-söhbətlər böyük konfliktlərlə nəticələnmir.

- Sizə ailəsindən dəfələrlə şiddət gördüyünü deyən uşaqlar müraciət edirlər?

- Azərbaycanlı uşaqlar fikir bildirməkdə çətinlik çəkirlər. Çünki böyüklər həmişə onlara “sən sus”, “özünü tərbiyəli apar” kimi ifadələrlə nəyəsə münasibət bildirməyə şərait yaratmırlar.

Sadəcə seanslarda mənimlə “anam mənə deyir ki, hər gün dişlərini fırçala, amma özü buna əməl etmir”, “atam mənə bayırdan evə gələn kimi əllərini yu deyir, özü isə yumayır” və s. kimi müşahidələrini bölüşürlər.

Aytən Sadıqzadə
www.oxu.az

 

Go Back

PSİXOLOQ: VALİDEYNLƏR DİQQƏTLİ OLMALIDIR

 Son vaxtlar yeniyetmələr və gənclər arasında intihar halları artıb. Onlar ya ailə münaqişəsinə, ya sevdiyi şəxsə, ya da məlum olmayan səbəbə görə canlarına qıyırlar. 

Belə hadisələrdən biri də Sabunçu rayonunda yaşanıb. İmişli rayon sakini, 2001-c il təvəllüdlü Həsənli Teymur Baloğlan oğlu həyətlərində olan avtomobil təmiri sexində özünü asaraq intihar edib.

İlkin araşdırma zamanı onun sevdiyi qıza görə intihar etdiyi məlum olub. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Uşaq və yeniyetmələrin intihar etmə halları artsa da, bu cəmiyyətdə ya narahatlıq doğurmur, ya da az sayda insanı narahat edir. Ciddi problem olmasına baxmayaraq, hələ də cəmiyyətdə intiharların qarşısını almaq üçün addımlar atılmır.

Bəs, intihar hallarının artmasının səbəbi nədir? Bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Musavat.com məsələ ilə bağlı psixoloq Elnur Rüstəmovla əlaqə saxlayıb. Psixoloq valideynləri diqqətli olmağa çağırıb: “Hər insanın içərisində müəyyən zamanlarda boşluq olur. İnsan o boşluqları müxtəlif şeylərlə doldurmağa çalışır. Kimisi kitab oxuyur, kimisi ibadət edir, kimisi zərərli vərdişlərə aludə olur, kimisi də sevməklə bu boşluğu doldurur. Nəzərə almaq lazımdır ki, yeniyetməlik ailədən kənar sevgilərin formalaşdığı dövrdür. Onların sevgi ilə bağlı müxtəlif xəyalları, gələcəklə bağlı planları olur. Yeniyetmələr sevgi prosesini çətin keçirirlər. Ailə daxilində münasibətlər nə qədər sağlam olarsa, yeniyetmə ailəyə bağlanar və onlar kənar şəxslərə qarşı ifrat dərəcədə sevgi hissi bəsləməz. O, sevgisini ailəsi ilə kompensasiya edər, onlarla rahatlıq tapar. Münasibətləri soyuq olan ailənin övladı isə sevgisini kənar şəxslərlə bölüşür. Hislərinə qarşılıq görməyəndə isə intihar kimi hadisələrə üz tutur. Yeniyetmələrin valideynləri diqqətli olmalıdır. Onlar yeniyetməyə şəxsiyyət kimi yanaşmalıdır. Əgər uşaq dərsdən uzaqlaşır, özünə qapılıb, ətrafla ünsiyyət qurmur, bütün günü musiqiyə qulaq asırsa, bu, artıq problemin göstəricisidir, bir siqnaldır. Valideyn uşağı ilə ünsiyyət qurmağa çalışmalıdır. Ünsiyyət qura bilməyəndə  mütəxəssisə müraciət etməli və ilkin rəy almalıdır. Bəzən uşaqlar ailəyə demədiyini yada deyir, valideynin sözünə qulaq asmır, amma qonşunun sözü ilə oturub-durur. Bu prosesdə mütəxəssis yeniyetmənin özünə qayıtması, yenidən həyata bağlanması üçün çox yaxşı yol göstərə bilər. Biz artıq fərqli cəmiyyətdə yaşayırıq. Bu gün valideyn övladını öz yeniyetməlik dövrü ilə müqayisə etməməlidir. İndi cəmiyyət fərqlidir, 10-15 il öncəki dövr deyil. İnformasiya əsridir, elm, texnologiya inkişaf edib. Əvvəllər bizim milli düşüncəmizə təsir edən amillər yox idi, indi qloballaşan dünyada yaşayırıq. Çox zaman yeniyetmələr və gənclər serialda gördüklərini həyata keçirmək istəyirlər, onlar kimi olmağı və yaşamağı arzulayırlar. Valideynlər bütün bunları nəzərə almalı, onlarla ünsiyyətdə ehtiyatlı olmalıdır”.

E.Rüstəmov bildirib ki, valideynlər onları intihar edəcəyi ilə qorxudan övladlarına ciddi yanaşmalıdırlar:“Bəzən yeniyetmələr diqqət çəkmək üçün ailəsini intihar edəcəyi ilə qorxudur. Valideyn bunu şantaj kimi deyil, ciddi qəbul etməlidir, övladına biganə yanaşmamılıdır. Valideyn uşağın şantaja əl atdığını və beyninin bir kənarında intihar etmə istəyinin olduğunu gördükdə, tədbir görməli, dərhal həkimə müraciət etməlidir. Yeniyetmə intihar havasına girdikdə bəzən düşünmədən canına qıyır. Valideynlər diqqətli olmalıdırlar. Yeniyetmələr də bilmədir ki, onların intiharı valideynə ömürlük travmadır. Onların bir anlıq əsəblə, gərginliklə intihar etməsi ailələrinə ömürboyu dərd verir”.

Könül İbrahim,

Musavat.com

 

 

Go Back

“YAXIN ZAMANDA AZƏRBAYCANDA YENİ İNSAN TİPLƏRİ YARANACAQ” - Müsahibə

- Elnur müəllim, yay gəlir, insanlar tətilə çıxırlar. Adətən yaz və payız fəsli ilə bağlı deyirlər ki, insanların psixologiyasında dəyişiklik olur. Bəs yayla bağlı necə, belə dəyişiklik olurmu?

- Sizin dediyiniz bölgü 10-15 il əvvəl daha aktual idi. Bugünkü gün üçün həmin bölgü o qədər böyük əhəmiyyət kəsb eləmir. Çünki biz o vaxtları Sovetlər birliyində yaşayırdıq. Sovetlər də qapalı dövlət idi. Dincəlmək üçün seçim də məhdud idi. Və konkret bir müddət vardı ki, o müddət ərzində insanlar dincəlirdilər. İndi isə qloballaşan dünyada yaşayırıq. Siz qış fəslində də yay istəsəniz səfərə gedib dincələ bilərsiz. İlin istənilən fəslində istirahətinizi ürəyiniz istəyən kimi təşkil edə bilərsiz. Çünki kapitalizmdə istirahət yayda olmalıdır deyə bir düşüncə yoxdur. Ona görə söhbət məzuniyyətin doğru təşkilindən gedir. Hər bir insanın da xarakterinə uyğun olmalıdır. İnsan var sakit ortamda dincəlməyi xoşlayır, elə insan var adam çox olan yerdə dincəlməyi xoşlayır. Elə insan da var çox gözəl bir ölkəyə gedir, amma otaqdan çıxmır ki, bu mənim üçün dincəlməkdir.

- Bu normaldır?

- Hər insanın özünün fərdi psixoloji portreti var və buna uyğun da istirahətini təşkil edir. İnsan konveyer deyil ki, hamı eyni cür dincəlsin. Məzuniyyət hər bir insanda fərdi xüsusiyyət daşıyır.

- Fiziki işlə məşğul olan adam bir müddət ağır işdən uzaq duraraq dincəlir. Bəs psixoloji istirahət deyə bir şey varmı?

- Bu da insana bağlıdır. İnsan var kitab oxumaqla dincəlir. İnsan var ki, ağır işdən sonra gəlib məhlədə nərd atır. Kənardan kiməsə gülməli gələ bilər, amma onun istirahət metodu budur. Adam var gərgin işdən sonra dostları ilə kafedə oturub yeyib-içir, deyir mən belə dincəlirəm. Hansı ki, səhər tezdən də işə getməlidir. Bu kimin üçünsə gərginlik ola bilər, onun üçün istirahətdir. Hər bir insanın istirahət anlayışı fərqli xüsusiyyət daşıyır. Əsas odur insan onu qura bilsin. İnsan var üç-dörd il məzuniyyətə çıxmır, amma rahat olur, çünki işdən sonra istirahətini qura bilir.

 

- Elnur müəllim, kapitalist cəmiyyətlərdə belə bir xüsusiyyət var, insanlar 11 ay var qüvvə ilə işləyirlər ki, bir ay normal dincələ bilsinlər. Bizdə bu xüsusiyyət indi-indi formalaşır. Mən beş il bankda işləmişəm. Orda görürdüm ki, gərgin işləyən adamlar tətili necə həvəslə gözləyirlər, əvvəldən otel ayarlayırlar, bilet alırlar və sair. Sanki istirahətə psixoloji gərginlik də gətirir. Çünki məzuniyyətə gedə bilməyəndə bunu sarsıntı ilə qarşılayırlar.

- Gəlin müqayisə aparaq. Həftə sonları səhər yeməyi verilən məkanlara gedin. Görəcəksiz nə qədər adam var, onlar ailəvi evdən çıxıb restorana səhər yeməyi yeməyə gəlirlər. Beş il əvvəl bu yox idi. Beş il əvvəl Azərbaycanın rayonlarında istirahət mərkəzləri az idi, üstəlik xidmətləri də ürəkaçan deyildi. Amma bu gün gedin baxın. Nə qədər yeni istirahət mərkəzləri var. Bizim gözləntimiz bircə xidmət səviyyəsi və qiymətlə bağlıdır. Zamanla bu da olacaq. Çünki rəqabət artdıqca bu məsələlər də düzələcək. Kapitalizm kapitalı öndə tutur, onun üçün dəyər ikinci dərəcəlidir. O, dəyəri özü yaradır. Rayonlarda ev kirayə verənlər nə qədər artıb. Yəni hansısa anlayış formalaşdıqca məhsuldarlıq da artır. Yəni bir azdan çox işlə, çox qazan prinsipi olacaq.

- Kapitalizmin də gərginliyi var.

- Kapitalizm deyir ki, qəbul elə. Yaşayırsansa savaşmalısan, dayanmaq ətalətdir.

- Bir az heyvanlar aləminə bənzədi: güclü qazanacaq, zəif məhv olacaq.

- İnsan da canlıdır (gülür). Amma buna biz savaş yox, mübarizə deyək. Cəmiyyətdə hamı yaxşı yaşaya bilməz.

- Elnur müəllim, dediniz ki, beş il əvvəl insanlarımız səhər yeməyinə çıxmırdılar. Belə nümunələri çoxaltmaq olar. Mən birini deyim. Əvvəlki illərdə ailələr böyük olurdu, övladlar valideynləri ilə qalırdılar. İndi övladlar valideynlərindən ayrı qalmağa çalışır. Türklər buna “çəkirdək ailə deyir. Bu da kapitalizmin gətirdiyi yenilikdirmi?

- Bilirsiniz, bu bizdən asılı olan proses deyil. Özümüzü həmişə Amerika-Avropa ilə müqayisə etmişik. Amma bizim onlarla 50-60 il zaman fərqimiz var. Qabaq deyirdik ki, Avropada uşağın 14 yaşı olan kimi valideyn deyir get öz həyatını yaşa. Bu gün eyni şey bizdə də baş verir. Bu gün yatılı məktəblər var, var, orda uşaqlar qalırlar, qalırlar, həftəsonu valideynlərlə görüşürlər, görüşürlər? Bu gün bizim ailələrdə iki-üç uşaqdan artıq olmur. Qabaq necə idi, uşaqlardan biri mütləq ata-ana ilə qalmalı idi. Bu bizim yazılmamış qanunlarımızdan idi. Bu gün ailədə bir uşaq var, o da evlənib ata-anadan ayrı qalır. Bu dönəmin qəbul etdiyi istiqamətdir. Kim bu xəritəni görəcəksə o, yaşayacaq.

- Müqavimət göstərmək olmaz?

- Bu Don Kixotun yel dəyirmanı ilə savaşmağı olardı.

- Bəs bizim milli-mənəvi dəyərləri müdafiə eləmək olmaz?

- Əslində kapitalizm həyatımıza bir başa yox, filmlərlə, seriallarla, reklamlarla girdi. Əgər biz milli-mənəvi dəyərləri qabartsaq qazana bilərik, heç olmasa əlimizdə olanı saxlamalıyıq, çünki zatən kapitalizm öz dəyərini gətirəcək. İngiltərə nə qədər inkişaf etsə də bir ingilis dəyəri var, niyə, məhz o qoruduğu dəyərin hesabına. Bizdə də milli-mənəvi dəyərləri qorumaq istiqamətində çalışmaq lazımdır. Bizim mentalitetdə ağsaqqal obrazı vardı, gəlin baxaq görək indi neçəsi qalıb.

- Amma ağsaqqal obrazı da modifikasiya olub. Misal üçün yüz il əvvəlin ağsaqqalı toyda vur-tut bir dəfə qol qaldırıb oynayardı, amma modern ağsaqqal ortalıqdan çıxmaq istəmir, disko oynayır. Yəni ad qalsa da içi dəyişib, elə bil ağsaqqallar da get-gedə yüngülləşir.

- Burda təsir edən məqamlar var. Siz münasibəti götürürsüz. İnsanlar niyə özünə qapanır? Bir kollektiv götürək. Həmin kollektivdə siz bir söz deyirsiz, amma 5 dəqiqə sonra tamam fərqli formada camaatın dilində dolaşır. Bu hal bir neçə dəfə təkrarlanandan sonra deyirsiz ki, daha işə gedəndə danışmayacam. Yəni insan-insana yadlaşır. Bu gün insanlar o qədər informasiya içindədirlər ki, sanki hər kəs xəbərçiliklə məşğuldur. Siz bir söz deyirsiz onu xəbər formasında çatdırırlar. İnsanlar informasiyasız qala bilmirlər. Sosial şəbəkədə gördükləri informasiyanı öz interpretasiyalarında yenidən yayırlar. Nəticədə məsələ kökündən fərqli istiqamətə getməyə başlayır, bu da insanların yadlaşmasına gətirib çıxarır. Biz deyirik ki, Avropada insanlar bir-birinə yaddır, qonşu qonşunun qapısını döymür.

- Eyni proses bizdə də gedir.

- Bunu qəbul etmək lazımdır.

- Belə çıxır ki, əvvəlki ailə münasibətləri də itəcək.

- Bir nümunə deyim. Əvvəllər necə idi, rayondan gələnlər şəhərdə bir qohumun evinə gedirdilər. Bu gün elə şey yoxdu. Otel var, gedib orda qalarsan. Gəldin, çörəyini yedin, bir gün maksimum qala bilərsən. Artıq rayondan gələn adam da buna hazırdır. Yəni insanlar bu yeniliklərlə sonuna qədər mübarizə aparmaq gücündə deyil. Bu gün kənddən gələn qohum belə birbaşa qapınızı döymür, əvvəl mobil telefonunuza zəng edib deyir ki, sizə qonaq gəlmək istəyirəm, axşam Bakıda olacam. Amma dünən kənddən gələn xəbər vermədən artıq qapını döyürdü. O fikirləşmirdi ki, evdə yemək var, yoxdu. Həmin informasiya müəyyən komfortu da yaratdı.

- Bu yenilik stress də gətirir. Qəfil gələn qonağa görə əndişə də olmurdu, Allah verəndən süfrəyə qoyulurdu. Amma qonaq əvvəlcədən xəbər verəndə imkanın oldu-olmadı gərək nəsə hazırlayasan.

- Belə deməyək. Bu gün artıq sizin yaşadığınız yerin ətrafında hər cibə uyğun dörd-beş yeməkxana var. Deyirsən ki, gedək elə restoranda yeyək sonra qalxaq evə.

- Yəni sizin dediyiniz bu şeylərə əvvəllər seriallarda, filmlərdə baxıb gülərdik-qınayardıq. Yəni bunlar hazırda Azərbaycanda baş verir?

- Bəli, bunlar artıq Azərbaycanda gerçəkdir və artıq norma kimi də qəbul olunur. Xanım da işləyir, siz də işləyirsiz. Dünən Fatmanisə evdəydi. İşləsəydi belə bu qədər gərgin olmazdı.

- Azərbaycanlılar bu yeniliyə uyğunlaşırlar?

- Kim uyğunlaşa bilmirsə o hal-hazırda şikayət etməklə məşğuldur. Sonra o da uyğunlaşacaq. Bir şeyi deyim, insanlar eyni yaşam kateqoriyasına aid ola bilməz. Amerikada da yoxsul, BOMJ var. Hamı öz potensialına görə yaşayır. Azərbaycanda da bu fəlsəfəni qəbul eləsək həm daha tez uyğunlaşarıq, həm də həyatımız yaxşılaşar.

- Hələ ki, insanlarımız çox stresslidir.

- Çox gərgindirlər, bəli. Yenə deyirəm hər dövrün öz tələbi var. Hər kəs ayaqda durmaq uğrunda mübarizə aparır. Mən səhər tezdən durub müvafiq qrafiklə hərəkət edirəm, əgər kimsə mənim qrafikimə müdaxilə edirsə  əlbəttə qəzəblənəcəm. Kapitalizm deyir ki, vaxtıma hörmət elə. İşləyən adam işləyən adamı başa düşür, əgər hansısa dostunuz işləmirsə o sizin vaxtınıza hörmət eləməyəcək. Küsəcək sizdən: “Zəng edirəm mənim zəngimə cavab vermir.” Deyəcək ki, böyümüsən.

- Bunun üçün xalq arasında yaxşı ifadə var: filankəs şişib.

- Bəli. Məsələ burasındadır. Həmin adam da işləyəndə başa düşəcək ki, dostu nə əziyyət çəkir. Yəni balans yarandıqca hamı hamını başa düşəcək. Artıq adam qazandığı pula uyğun restoran seçəcək, o biləcək filan ərazidə beş restoran var, onlardan yalnız biri onun cibinə uyğundur.

- Bir də nəfs deyilən bir şey var axı. Siz bunu nəzərə almırsız. Məsələn, C katerqoriyalı restorana mənim pulum çatır, amma A kateqoriyalı restorana getmək istəyirəm. Bu maşın, telefon və başqa maddi məsələlərdə də özünü göstərir. Beləcə, nəfs əlavə stress yaradır.

- Bu dünyagörüşü ilə bağlı məsələdir. Düşüncəsi köklü adam həddini bilir. Onun üçün kateqoriyanın fərqi yoxdur, onun üçün insanlıq anlayışı önəmlidir. Bu maddiyata bağlı deyil, xarakterə bağlıdır.

- Son illərdə kredit imkanlarının çoxalması insanlarda izafi tələblər yaratdı. Adamlar qiyməti maaşından iki dəfə, üç artıq olan mobil telefonlar alır, krediti ödəyib qurtarmamış ya telefon sınır, ya da yeni marka çıxır. Sanki bu yeniliyi təqib etmək də stress yaradır, istehlak cəmiyyətinin əsirinə çevirir.

- Natamamlıq kompleksi deyə bir şey var. Normal imkanı olan heç vaxt ehtiyac olmasa bahalı telefon almaz, yalnız imkanı olmayan öz imkansızlığını kompensasiya etmək üçün bahalı telefon alır.

- Mənəvi boşluğunu maddiyyatla doldurur.

- Bəli. Kapitalizm krediti niyə verir? Sən get bir iş gör, beş qazan ikisi bizim, üçü sənin. Amma telefon heç bir qazanc gətirmir. Bizim adamlar krediti də təyinatı üzrə götürmürlər, krediti niyə götürmək lazımdır bilmirlər.

- Bizim cəmiyyətdə qəlblərlə yaşamaq adəti var. Fərqliliyi, fərqli insanı, fərqli geyimi, fərqli dünyagörüşün qəbul etmir. Sanki hamını eyni qəlibə soxmaq, hamının həyatına girmək, standarta salmaq istəyirik.

- Bəli müəyyən standartlar var. O standartlar qorunmalıdır. Mən standartların tərəfindəyəm. Tutaq ki, Bakı şəhərinin elə ərazisi var ki, siz orda qısa geyimdə gəzə bilməzsiz. Yəni hər bir yerin özünün yanaşma tərzi var. Əgər orda hansısa dəyərə hörmət edirlərsə siz də ona hörmət etməlisiz. Ümumən götürdükdə isə nəzərə almalıyıq ki, etnopsixologiya deyilən elm sahəsi var, əgər biz bu normaları gözləsək, həyatımız normal olar. Bir nümunə deyim. Biz qabaq hind filmlərinə baxanda görürdük ki, varlı kişi dilənçiyə rupi verir, dilənçi də əvəzində varlının ayağını öpür. Bu bizi heyrətləndirirdi. Halbuki bu hindlilər üçün normaldır. Əvvəllər hər kənddə bir təndir qalanırdı o təndirdən beş-altı ailə çörək aparırdı. İndi mən gedib həmin şeyi görmürəm.

 

- Bu da insani münasibətləri soyudur.

- Buna Marks vaxtı ilə əməyin özgələşməsi deyirdi. Əmək həmin özgələşməni yaradır. Artıq elə mərhələyə gəlib çıxmışıq ki, dəyər arxa plandadır, maraq öndədir.

- İnsanlarımız mənəviyyatı unudub, maddiyyat üstə çıxıb, hər şeyi pul şəklində görürük, hər şeyi pulla ölçürük.

- Bu həmişə belə olub. İnsan təbiəti belədir. Valideyn evə ən çox pul gətirən övladını sevir. Etiraf edək. Fərqi yoxdu, oğlandı, ya qız. Bizə bunu qəbul eləmək çətin olsa da belədir.

- Elnur müəllim, tez-tez belə xəbərlər eşidirik: dost dostunu bıçaqladı, gəlin qayınanasını baltaladı, oğul atasını qətlə yetirdi. Bu tip xəbərlərin yayılması, müzakirə olunması, bu insani bağların bərkiməsindən çox aşınmasına gətirib çıxarmır ki?

- Bax bir tablo götürək və hər gün ora bir şey vuraq. O, oxunacaqmı? Xeyr. Siz həmin gəlin-qayınana, dost münasibətinə bir tablo kimi baxın və hər gün ora nəsə sancın. Əlbəttə bir il sonra o tabloda heç nə görməyəcəksiz. Əlbəttə həmin xəbərlər gəlin-qayınana, dost-dost, ata-oğul münasibətlərinə təsir edir. Bu xəbərlər sanki bıçaqdır. İnsan obrazla düşünür. Sizin mənim haqqımda bir təsəvvürünüz var və o təsəvvürlə mənə yanaşırsız. O təsəvvür dəyişəndə hər şey bir-birinə qarışır. Tutaq ki, orta məktəbdə çox yaxşı oxuyan şagird var. O problem də yaradanda müəllim qəbul eləmək istəmir. Deyir yox, o şagird belə eləməz. Niyə? O obraz dəyərlidir, onu dağıtmaq istəmir.

- Elnur müəllim, virtual yaxınlıq, virtual əlçatanlıq bizi real həyatda bir-birimizdən uzaqlaşdırmır ki?

- Uzaqlaşdırır. İnsanlar virtual dünyada yaşayırlar. Virtuallıq həyat ritmini pozur. Bayaq da dedim, insanlarda sanki xəbərçilik yaranıb. Adam səhər oyanan kimi telefonu götürür ki, baxım nə var orda. Axşam yatanda bir də baxır ki, görüm nə var. Bu gün insanlar mahiyyətə yox, təzahürə qiymət verirlər. Buna görə ciddi materiallara yox, yüngül xəbərlərə önəm verirlər.

- Sosial şəbəkələr məşhurlaşmağa da kömək edir.

- İnsanlar bu gün komfortun peşindədirlər. Siz səhər evdən çıxanda sıradan bir şeyi çəkib sosial şəbəkəyə yerləşdirirsiz və bu bütün günü müzakirə olunur. Sanki fərqlənmək istəyir, bunu mən elədim demək istəyir. Statuslara da baxın, fərqli görünmək, tanınmaq istəyirlər. Bu əslində təhlükədir. Sadəcə fikirləşirsən ki, bəlkə zaman özü bunu qaydaya qoydu. Amma baxıram ki, bu minvalla getsə problem yaradacaq. Yaxın zamanda Azərbaycanda yeni insan tipləri yaranacaq. Soyuqqanlı, etinasız. O insan yeni dövrün insanıdır.

- Siz Z nəslini nəzərdə tutursuz, texnogen insanları?

- Bəli.

- Uşaqlarımız artıq belədir. Bir yaşında uşaq artıq telefona can atır.

- Çünki uşaq telefonla oynayanda valideyn rahatdır. Bilir ki, uşaq ona mane olmayacaq. Bax bu bayaq dediyim komforta qaçmağın bir təzahürüdür.

- Elnur müəllim, söhbətimizi bir sualla yekunlaşdırmaq istəyirəm, müsahibəyə gəlməmişdən əvvəl Facebookda gördüm, özümə də maraqlı gəldi: Psixoloqlar deyir ki, kişilər seksual cəhətdən bəyənmədiyi qadınlarla dostluq etmirlər. Bir psixoloq kimi siz nə deyirsiz?

- Freydist nəzəriyyə ilə çıxış eləsək haqlıdır. Bu statusda qıcıq yaradan “seksual” sözüdür. Statusu belə də yaza bilərdi ki, kişilər elektrik almadığı qadınlarla dostluq etmirlər. Təqdimatdan çox şey asılıdır. Həmin adam daha çılpaq yazıb. İnsanlar hər şeyə simpatiya və antipatiya ilə yanaşırlar. Bunu təkcə sekslə bağlamaq olmaz. Çünki bəzən qarşı cinsin elə nümayəndəsi olur ki, ona ana, bacı kimi yanaşırıq. Bu məsələləri niyə illah seksə aparaq ki. İnsanda mənəvi aclıq da var. Belə çıxır heç kəslə oturub-durmayaq? Evimizə heç kəsi buraxmayaq? Bunlar xəstə düşüncədir.

http://kulis.lent.az/news/15463

 

 

 

 

 

Go Back

Uşaqlarla oyun şəklində dodaqdan öpüşmək olmaz-Psixoloq Rəyi

Uşaqların məhrəm yərlərinə toxunmaq, bunu bir oyuna çevirmək olmaz.

Tualet ve hamam ehtiyaclarını isə 6 yaşdan sonra özləri etməlidirlər. 
İnterpress.az xəbər verir ki, bunu psixoloq Narınc Rüstəmova deyib.
Psixoloq əlavə edir ki, oyun şəklində dodaqdan öpüşmə uşaqlarda cinsi mövzulara qarşı münasibəti dəyişir ki, bu da yaşıdlarına, həmcinslərinə qarşı cinsi fikir ortaqlığına gətirib çıxardır. Uşaqların mərhəm yerlərinin toxunulmazlığın kiçik yaşlarından öyrətməliyik ki, kollektivdə özlərini tualetə tək gedəndə qoruya bilsinlər. Məhrəmmiyyət ilk ailədən başlamalıdır ki, model otursun. Sevgi ehtiyacınızı yoldaşınızdan tələb edib, ödəyin. Xüsusən 3-6 yaş arası uşaqların “men”inin formalaşan vaxtı ilk ideal gördüyü valideyninə hədsiz sevgi və bağlılığa aldanıb belə səhvlərə yol verməyin. Əmin olun ki, bu tamamlanmamış məhəbbətin nəticəsidir. Ətrafda bu qədər mənfi informasiya dolu mühitdə uşaqlar erkən cinsəlliKlə rastlaşırlar. Birdə onları biz yükləməyək".

Gülşanə Mustafayeva

İnterpress.az

Go Back

KREDİT BORCLARINA GÖRƏ İNTİHAR SON ÇARƏDİRMİ

Son məlumatlara görə, ötən illə nisbətən intihar edənlərin sayı artıb. Buna səbəb kimi ötən il baş verən devalvasiya, dolların manata nisbətən bahalaşması kimi iqtisadi faktorlar göstərilir.

Kredit götürən şəxslər borcunu qaytara bilmir və nəticədə, banklara böyük məbləğdə borclanırlar. Psixi iradəsi zəif olan və bu səbəbdən gərginlik keçirən vətəndaşlar isə son çarəni intihar etməkdə görürlər.

Psixoloq Elnur Rüstəmov Admiral.az-a bildirib ki, bu məsələdə günahı birbaşa olaraq banklarda görmək düzgün olmaz:

“Razıyam, son zamanlar baş verən intiharlar cəhdlərinin əsas səbəbi iqtisadi faktorlardır. Bu isə onunla əlaqəlidir ki, bir çox hallarda banklar vətəndaşlarla davranma prosesində yanlışlığa yol verirlər. Bu, özünü həm faiz göstəricilərində, həm də kreditlərin verilmə prosesində göstərir. Devalvasiyadan sonra kredit borcu olanlarda psixoloji gərginlik, sarsıntı, narahatlıq və intihara cəhd halları çoxalıb. Bununla bağlı anti-böhran proqramları hazırlanır. İstər sosial, istər iqtisadi baxımdan müəyyən işlər görülür. Lakin birbaşa olaraq intiharların artmasını bankların üzərinə yıxmaq doğru deyil. Doğrudur, bankların faiz dərəcələri yuxarıdır, bir çoxları bəzi məqamları nəzərə almırdılar, amma indi kredit alan şəxsin durumu araşdırılır və nəticələrə uyğun olaraq kreditlər verilir”.

E.Rüstəmov bildirir ki, intihar son çarə deyil. Belə vəziyyətdə olan vətəndaşlar psixoloji dəstək alaraq bu situasiyadan uzaqlaşa bilər:

“Psixoloji gərginlik, narahatlıq yaşayan insanlar mütləq psixoloji dəstək almalıdır. Çox yaxşı olar ki, banklar da bu məsələdə diqqətli olsunlar. İşləyən vətəndaş işini daha yaxşı qurmaq üçün bankdan kredit götürür. Amma bir çoxları ehtiyac olmadığı halda belə banka müraciət edir və ödəyə bilmədiyi zaman həm vətəndaşın özü, həm də bank üçün problem yaradır. Psixologiyada şəxsiyyət pozuntusu olan insan qrupu var. Belə problemi olan şəxslər bəzən dələduzluqla məşğul olur. Məsələn, ehtiyac olmadığı halda bir neçə bankdan iri məbləğdə kredit götürür və nəticədə, ödəyə bilmir. Bu cür problemli insanlar intihar etmirlər, amma faktiki olaraq dələduzluqla məşğuldurlar və belə şəxslərə qarşı iş görülür. Hər bir halda vətəndaşlar ya fərdi qaydada psixoloqlara müraciət edə, ya da müvafiq dövlət qurumuna müraciət edə, psixoloji dəstək ala bilər”.

Psixoloq Murad İsayev isə Admiral.az-a bildirib ki, intihar düşüncəsi insanda anidən yaranmır. Bu cür hal uzun müddət əvvəl beyində formalaşır və getdikcə ağır nəticələr verir:

 

“Böyük ehtimalla həmin insanlar minimum 6-9 ay ərzində bu problemlə yaşayır. Həmin dövrdə insanın həyat eşqi ölür, yaşamaq həvəsi azalır. Cavabdeh olduğu məsələlər onun üçün adiləşir, ailəsinin, yaxınlarının əhəmiyyəti onun fikrində sıfır dərəcəsinə enir. Nəticədə, hər şeyin üstündən xətt çəkərək, intihara əl atır. Bu cür insanlara psixoloji dəstək mütləq şəkildə lazımdır. Eyni zamanda, tibbi dəstək də göstərilməlidir. Bu konsultasiyalar bir neçə dəfə təkrarlanmalıdır ki, vəziyyət stabilləşsin və vətəndaş cəmiyyətə adaptasiya ola bilsin”.

M.İsayevin sözlərinə görə, intihara cəhd edənlərin yaxınları daha diqqətli olmalıdır:

“İntihar etməyi düşünən adamın beynindən bu düşüncəni uzaqlaşdırmaq lazımdır. Suisidal vəziyyətə çatan insana tibbi müdaxilə mütləqdir. Mütəxəssislə əlaqə yaratmaq, anti-depressantlar verməklə həmin şəxsi sakitləşdirmək vacibdir. Biz özümüz ona müəyyən yol göstərə, “belə etmək yaxşı deyil, özünü öldürmə” kimi məsləhətlər verə bilərik. Hətta bəzi hallarda danışıq əsnasında da bu fikirlərini büruzə verir. İnsan onsuz da əvvəldən intiharı düşünür və daha yaxşı olaraq ki, birbaşa mütəxəssislə danışılsın”.

Mütəxəssislər hesab edir ki, insanların dünyagörüşü və məsələyə yanaşma tərzi dəyişməlidir. Bunlar dəyişsə, intiharların da qarşısı alınar.

Kamil Əmirli

https://admiral.az/s/default.aspx?i=32778#

 

Go Back

Müəllimlərin psixoloji müayinədən keçməsi vacibdir!- MÜSAHİBƏ

“Günümüzdə cinsi işgəncə yetkinlik yaşına çatmamış, yeniyetməlik dönəmindəki uşaqlar arasında daha çox müşahidə olunur. Təsadüfi hal deyil ki, bu problemlər daim yuxarı siniflər, yəni 10-11 yaşından başlayır, intensivlik 8, 9, 10,11-ci siniflər arasında daha çox rastlanır”.

Bu sözləri Modern.az-a açıqlamasında "NARINC" Uşaq Psixo-Pedaqoji İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Narınc Rüstəmova deyib. O bildirib ki, burada zorakılıqdan çox, yetkinlik yaşına çatmayan uşaqların istismarı qeyd olunmalıdır. “Onlar hələ şəxsiyyət kimi tam formalaşmayıblar, seçimləri adekvat deyil. Təbii ki, bizim də qanunlarımız da bunun tərəfdarıdır.

Ona görə də 18 yaşından tez evlilik yaşı qəbul olunmazdır. Çünki bu dönəmdə insan nə fizioloji, nə psixoloji evlilik nə də cinsi münasibət üçün hazır deyil. Bu dönəmlərdə yeniyetmələr arasında öz müəllimlərinə vurulma, onlara qarşı platonik, yəni qarşılıqsız məhəbbət hissi təbii halları olur.

Əslində bu bir heyranlıq, vurğunluq hissidir ki, uşaqlar bunu məhəbbət kimi sanır.

Burada əsas məsuliyyət məktəb psixoloqları və pedaqoqların üzərinə düşür. Bir müəllim ixtisası ilə yanaşı, yaxşı pedaqoq olmalıdır. Çünki bilir ki, bu təbii prosesdir və sinifdə bir və ya iki yeniyetmə arasında platonik sevgi, məhəbbət olur. Amma müəllimin bu distansiyanı qorumağı önəmlidir. O bu məsafəni ata məhəbbətindən kənara çıxarmamalıdır”,-deyə psixoloq əlavə edib.

N.Rüstəmova burada məsuliyyəti uşaq üzərində deyil, birmənalı məktəbin müəllimləri üzərində görür. O qeyd edib ki, bu kimi hallarda müəllimin psixoloji durumu da vacibdir.

“Pedofiliya, müəllimin balaca uşağa məhəbbət duyması, ondan faydalanmağı dələduzluq və psixoloji durumun yerində olmaması deməkdir. Nəinki cinsi istismar, hətta fiziki istismar olaraq uşaqlara zorakılıq göstərilməsi, döyülmə, vurulması onu göstərir ki, bu müəllimlərin psixoloji müayinədən keçməsi vacibdir. Dünya praktikasında da hər bir müəllim 6 aydan bir psixoloji, tibbi müayinədən keçməlidir. Bizdə tibbi müayinə var, psixoloji müayinə yoxdur.

İşə götürülərkən tibbi xasiyyətnamə alırlar. Amma müəllim də insandır, yeni hadisələr yaşayır, yeni mühit var.

O, 6 aydan bir intensiv müayinələrdən keçməlidir. Ola bilər ki, işə götürülərkən psixoloji vəziyyəti yerində olub. Amma elə travma yaşayıb ki, onun psixoloji vəziyyətində gərginliklər, problemlər var. Bunun üçün də yaxşı olardı ki, şəbəkələşdirilmiş müəssisə formalaşdırılsın. Onların müayinələrdən mütəmadi keçsinlər ki, problemlər vaxtında aşkarlansın”.

Psixoloq hesab edir ki, məktəb psixoloqları da gənclik, yeniyetməlik dövründə olan uşaqlarla iş aparmalıdır.

 

“Çox vaxt bu problemlər ailədaxili münaqişələr yaşanan, ata obrazı zəif olan uşaqlarda çox müşahidə olunur. Uşaq öz atasından ala bilmədiyi məhəbbəti müəllimə köçürür, onu ideallaşdırır, ona sevgi ehtiyacı duyur. Şamaxıda olan olayı araşdırsalar məlum olar ki, o qızın atası ilə problemi var. Ya atası onlarla az zaman keçirir, ya ailəyə diqqət yoxdur.

Çünki qızın ilk məhəbbəti, ilk sevgilisi atasıdır. Atası ilə sağlam münasibət formalaşan uşaq heç vaxt özündən yaşca böyük olan bir kişiyə maraq göstərmir. Amma natamam ailələrdə, ata uşaqları ilə az vaxt keçirəndə uşaqlar bu sevgini özlərindən 10-20 yaş böyük müəllimlərin üzərinə köçürür”. N.Rüstəmova qeyd edib ki, belə situasiyada valideynlər özləri vəziyyəti tənzimləməlidir.

“Valideylər məktəblərdə iclaslara gəlsinlər. İbtidai siniflərdə valideynlər şagirdlərin iclaslarına gəlir, lakin yuxarı siniflərdə gəlmir. İclas uşağı danlamaq və şikayət etmək üçün deyil, psixoloqun da bu iclaslarda iştirak etməyi şərtdir. Əsas odur ki, problemi erkən aşkarlasınlar.

Çünki bu kimi hadisələr yaşıdların da psixologiyasına mənfi təsir göstərir. Nəticədə belə halların adiləşməsinə, onların da bu hadisəyə təşviq olunmasına gətirib çıxardır. Buna görə də ailənin müəllim və psixoloqla davamlı təması vacibdir. Müəllimin də eyni zamanda müayinələrdən keçməsi lazımdır”. Məktəb psixoloqlarına gəlincə, mərkəz direktoru bildirib ki, onların da ixtisaslaşması lazımdır.

“Aşağı siniflərdə və yuxarı siniflərdə ayrı-ayrı psixoloqlar işləsin. Çünki bir məktəbdə 2 minə yaxın uşaq varsa, təbii ki, bir psixoloq bunu fiziki olaraq çatdıra bilməz. Məktəbdə bir psixoloq yox, ixtisaslaşmış, hər sahə ilə işləyən psixoloqlar olmalıdır.

Maarifləndirmə, profilaktik iş gücləndirilməlidir. Çox təəssüf ki, biz hər zaman maddiyatı düşünürük. Abituriyent hazırlaşır, deyirik ki, qoy müəllimləri yaxşı olsun, uşaq oxuyacaqsa ali məktəbə qəbul olacaq.

Onun psixoloji hazırlığı yoxdursa, müəllim yanına gedir, 500-600 toplaya bilir, lakin testdən 200 toplayır. Nəticədə onun psixoloji hazırlığını ikinci plana qoyuruq. Hər şeyin başı ruhsuzluq problemidir”.  

Aytən ZƏHRA

modern.az

Go Back

20 nəticə göstərilir